Avqustun 2-də «Xudafərin» şadlıq sarayında «Dirili Qurbani» məclisinin yaradılmasının 10 illik yubileyi keçirildi. Tədbir tədqiqatçı-jurnalist Tariyel Abbasılının aparıcılığı ilə keçdi. O, 10 il bundan əvvəl 25 apreldə özülü qoyulmuş «Dirili Qurbani» məclisinin bu müddət ərzində keçmiş olduğu yola nəzər salmaq üçün sözü məclisin rəhbəri Yusif Diriliyə verdi.
Yusif Dirili məruzəsinə başlamazdan öncə tədbir iştirakçılarının nəzərinə bir daha çatdırdı ki, ötən gündən cəbhə bölgəsində atəşkəs rejiminin pozulması nəticəsində itkilərimiz olub. Həmin şəhidlərimizin müqəddəs ruhlarını yad etmək üçün bir dəqiqəlik hüznlü sükut elan olundu.
Daha sonra məclis rəhbəri ötən illərə nəzəri yönəltdi, qeyd etdi ki, əvvəllər «Kredo» qəzeti redaksiyasında, habelə Xətai rayonu ərazisində, daha sonra «Assa-İradə» Agentliyinin binasında «Azərnyus» qəzetinin baş redaktoru Fazil Güneyin köməkliyi ilə «Dirili Qurbani» məclisi fəaliyyətini davam etdirirdi. Lakin sonradan böyük xeyriyyəçisi kimi tanıdığımız elmizin-obamızın qeyrətli oğlu, «Xudafərin» şadlıq sarayının müdiri Səyavuş Əsgərov bizə öz şadlıq sarayında daimi sığınacaq verdi və həmin vaxtdan da etibarən məclisimiz öz inkişaf axarını tapdı. İndi biz vaxtaşırı olaraq bu məkanda – «Xudafərin» şadlıq sarayında «Dirili Qurbani» məclisini rahatlıqla keçiririk və təmənnasız olaraq bizə yaratdığı bu cür yaxşı şəraitə görə Səyavuş müəllimə öz minnətdarlığmızı bildiririk.
Yusif Dirili bu müddətdə «Dirili Qurbani» məclisinin geniş fəaliyyətindən danışaraq birdirdi ki, 2004-2005-ci illərdə «Xudafərin» qəzetinin əlavəsi kimi «Dirili Qurbani» qəzeti çıxıb. Bundan başqa, jurnalımız da hazırda işıq üzü görür. 2012-ci ildən isə məclisimizin internet saytı yaradılıb. Mingəçevir şəhərində, Biləsuvar və Yardımlı rayonlarında «Dirili Qurbani» məclisinin şöbələrinin fəaliyyət göstərdiyindən də danışan Yusif müəllim məclisin kitablar çap etdirdiyini də, Anna Barkutaşvili tərəfindən Aşıq Qurbani əsərlərinin tərcümə olunmasını da və s. məsələləri də diqqətə çatdırdı. Və bundan sonra da məclisin fəaliyyətini daha da genişləndirəcəyinə əminliyini ifadə etdi.
Məclisin aparıcısı olan Tariyel Abbaslı bu arada xoş xəbər kimi müjdələdi ki, «Dirili Qurbani» məclisinin gənc üzvü Aşıq Dərya Mərdanzadə imtahandan və qabiliyyət üzrə müsabiqədən uğurla keçərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. Bu, həm də məclisimizin yetirməsi və uğuru hesab olunmalıdır. Bu münasibətlə Dəryanı təbrik edib, onu səhnəyə çağırdı. «Orta Sarıtel» havası üstündə Dərya Mərdanzadə sazını dilləndirib, məclisə xoş ovqat qatdı.
«Xudafərin» şadlıq sarayının direktoru Səyavuş müəllimə söz verildi. O, «Dirili Qurbani» məclisinin üzvlərini 10 illik yubiley münasibətilə təbrik edib uğurlar arzuladı.
Məclisin təşkilat rəhbəri şair Malik Əhmədoğlu fikirlərini bölüşdükdən sonra torpaqlarımızın ərazi bütövlüyü yolunda qurban gedənlərimizin xatirəsinə yazdığı «Şəhid olan oğullar» şeirini oxudu:
Vətənə qurban getdi
Şəhid olan oğullar.
Sinəsin sipər etdi
Şəhid olan oğullar.
Girib yurd savaşına
Döndü Vətən daşına.
Köçdü el yaddaşına,
Şəhid olan oğullar.
Yas deməyin yasına,
Qapılın dünyasına.
Döndü el qalasına
Şəhid olan oğullar.
Keçdi canından, keçdi,
Hər bir anından keçdi.
Şəhidlik yolun seçdi
Şəhid olan oğullar.
Can atdı qələbəyə,
O xoş günü görməyə.
Hazır oldu ölməyə,
Şəhid olan oğullar.
Vətən, sağ olsun başın,
Yaşasın dağın, daşın.
Seçdilər haqq savaşın
Şəhid olan oğullar.
Malik, baş əy bu ada,
Əhsən belə inada.
Əbədidir dünyada
Şəhid olan oğullar.
Məclisin fəallarından olan Firudin Şahbuzlu çıxışında məclisin yaradıldığı ilk çağlardakı qarşılaşdıqları çətinlikləri yada saldı və bu günkü yaxşı şəraitə görə Səyavuş müəllimin ünvanına xoş sözlər söylədi.
«Dirili Qurbani» jurnalının redaktoru şair Sabir Şirvan qeyd etdi ki, bu gün təkcə Aşıq Qurbaninin doğulduğu bölgənin yox, hər bir zonanın təmsil olunduğu respublikamiqyaslı məclisin 10 illik yubileyidir. Bu gün əqidə birliyimizin bayramıdır. Axırda S.Şirvan təzə yazmış olduğu şeirini oxudu.
Müasir dövrümüzün klassik qəzəl ustası Yasin Xəlil çıxışında «Dirili Qurbani» məclisi üzvlərini 10 illik yubiley münasibətilə təbrik edib, məclisin gənc aşıqlarından olan Dərya Mərdanzadəyə həsr etdiyi şeirini təzəcə çapdan çıxmış seçilmiş əsərlərindən ibarət olan «Şehin nağılı» adlı kitabının səhifəsindən oxudu:
Sən bu gün mərtəbeyi-hüsndə təksən, Dərya,
Bu gözəllikdə bəşər yoxdu, mələksən, Dərya.
Ləblərin qönçə, üzün güldü, gözün nərgizdir,
Bilmirəm ta nə deyim, incə çiçəksən, Dərya.
Sinən üstündə sazın ayrıca bir söhbəti var.
Tarixə sən bu gedişlə düşəcəksən, Dərya.
Deməsəm ölləm Ərəbzəngiyə bənzərliyini,
Gah Günəş, gah yağış, gah küləksən, Dərya.
Çox olub məclisi-Qurbanidə şux dilbərlər,
Sən bizim məclisə bir ayrı bəzəksən, Dərya.
Bir bəlasən bizim üçün yerə enmiş Göydən,
Əzrayılsan can alan, zülmi-fələksən, Dərya.
Baği-eşq içrə məhəbbətlə könüllər dolanan
Sanki əlvan və zərif bir kəpənəksən, Dərya.
Müxtəsər, ayrı bir aləmsən, əzizim, ayrı,
Şipşirin, bal kimi bir arzu-diləksən, Dərya.
Gələcək gün, gəzəcək ismi-şərifin dil-dil,
Mən deyən düz çıxacaq, düz, görəcəksən, Dərya.
Hə, sənə bir şeyi Yasin utanıb söyləmədi,
Ki onu əvvəl-axır öldürəcəksən, Dərya.
Məclisin aparıcısı T.Abbaslı bu arada məclisin üzvü olan Zəminə Xınalının bu günlərdə Quba rayonunun Xınalıq kəndində olmasını və onun Xınalığın fəxri vətəndaşı olmasından xəbər verdi. Daha sonra gənc aşıq Orxan Kamilov sazı ilə səhnəyə dəvət olundu və Ruhani havası ilə könülləri ovsunladı. Hüsniyyə İsmayıllı, Əzizə Ağahüseynqızı sazın müşayiəti ilə oxudular.
Alim Tahir Şirvanlıya söz verildi. O, 2 ildən çoxdur ki, bu məclisə gəldiyini qeyd edib, öz təəssüratlarını bölüşdü.
Məclisdə həmişə öz xeyirxahlığı ilə iştirak edən Hacı Qəşəm Əhmədov (Sarıcallı) bu dəfə də öz ənənəsinə sadiq qaldı. Aşıq Fatma Cəbrayıllı sazını cövlana gətirdi, məclisə yeni bir əhval-ruhiyyə gətirdi.
Söz adamlarından Rafiq Mirzə, Bəhram Zeynalov, Nazir Çərkəzoğlu, Qorxmaz Abdulla, Mehman Dağlaroğlu, Tahirə Məğrur, Məmməd Məcidoğlu, Həcər Qəbələ, Damət Kərimli, Əzizə Ağahüseynqızı, Xalidə Daşcalı, Şərqiyyə Süleymanlı, Mətanət Ulu Şirvanlı, Fərzalı Abbasəlioğlu, Sənəm Səbayel və başqaları çıxışlar edib, 10 illik yubiley münasibətilə xoş sözlər söylədilər, Aşıq Qurbani yurdu Cəbrayıl torpağında da «Dirili Qurbani» məclisi üzvlərinin yığışıb məclis keçirmələrini arzuladılar.
Bəli, «Dirili Qurbani» məclisi Bakıda «Xudafərin» şadlıq sarayında 10 illik yubileyini keçirtdi. Bir daha arzu edirik ki, Aşıq Qurbaninin doğulduğu Cəbrayıl torpağında, Diri kəndində və Xudafərin körpüsü üstündə Dirili Qurbaninin adının işığına toplaşaq, sözlü-sazlı bayram təntənəsi keçirək!
Şakir ƏLİFOĞLU
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy