RUHUN VAR OLSUN, YERİN RAHAT VƏ İŞIQLI – YAŞAR BƏY!
Milli Bayraqdarımız, əfsanəvi hərəkatçı
Yaşar Türk-Azərin əziz xatirəsinə

Vəfatı xəbərini 22 iyulda axşamüstü Fb səhifəsində oxudum. Həmin axşam evlərinə zəng etməyi düşünürdüm. Əslində bir neçə gün öncə danışmışdıq. Hiss olunurdu ki, halı o deyil. Bununla belə Yaşar bəy xəstəliyinin ağırlaşmasını qəti yaxın qoymur, çox nikbin danışmağa çalışırdı. Ümumiyyətlə, tanıyanlar yaxşı bilirlər ki, o, ideal səviyyədə hər zaman optimist olub. Onda nə vardsa, tam təbii idi. Onun ruhu və vücudu belə qurulmuşdu. Bu, onun üçün bir standart idi. Pozulmayan, stabil standart!
Azərbaycanda xalq hərəkatı dalğası başlayan ilk dövrlərdən tanışlığımız olmasa da belə, bu hərəkatın sıra nəfəri kimi haqqında az eşitməmişdim. Ara-sıra məlumatlı əqidədaşlarımız küçədə özünəməxsus geyimdə, özünəxas yerişi ilə addımlayan Yaşar bəyi aralıdan göstərib: bax, o Yaşar Türk-Azərdir, AXC-nin üçrəngli bayrağını birinci qaldıran adam! Sonralar onu qəzet redaksiyalarında, meydanlarda, küçələrdə o zaman üçün qeyri-formal hesab olunan tam yeni və milli nəşrlərin yayıcısı kimi görmüşəm.
Yaşarla sıx və daha yaxın tanışlığımızın kökündə onun qəzetlərə verdiyi müsahibələr durur. O zaman mən təvazökarlıqdan uzaq olsa da, Bakıda çap olunan dövri nəşrlərdə çox yer alan müəlliflərdən biri idim. Xüsusilə, ətraf mühit, Asif Ata fəlsəfəsi, sambo güləşi, sosial-mədəniyyət yazıları… Belə bir vaxtda Yaşar Türk-Azərin orjinal fikirləri diqqətimi özünə cəlb eləmişdi. Bir gün qərara aldım ki, görüşüb söhbət edim. İş yerinə getdim, istəyimi bildirdim. Məmnuniyyətlə razılaşdı, məni maraqlandıran bir neçə suala əlüstü, hazırlıqsız-filansız təmkinlə, elmi-məntiqi şəkildə, həm də qətiyyətlə, elə inamla cavab verirdi ki, təəccüblənməmək mümkün deyildi. Deyirdi, orta təhsilim belə olmayıb, 8-ci sinfi bitirdikdən sonra texniki peşə məktəbində oxumuşam. “EVM” zavodunda fəhlə işləmişəm. Onun təhsili barəsində bu cür düşünmək mümkün deyildi. Sonralar biləcəkdim ki, o, bu bilgiləri fenomenal mütaliəsi, unikal yaddaşı, güclü hafizəsi, paralellər aparmaqla yüksək təhlil qabiliyyəti, əldə etdiyi təkzibolunmaz qənaətləri hesabına əldə edib. Onunla kitab üzərində çalışmalarımız, vaxtaşırı telefon söhbələrimizdə apardığımız müzakirələr zamanı bir daha bu faktın doğruluğunu özümüçün qəti müəyyənləşdirdim. Yaşar mənim üçün əhatəli biliyə malik bir öyrətmən qədər dəyərli idi. Onun bütün məsələlərə öz yanaşması, özünün prinsipial mövqeyi vardı. Bilmədiyi, məlumatı olmadığı halda heç zaman mübahisə etməyi xoşlamazdı. Gəldiyi qənaətlərə cavab istəyirdi: “Hə, necədir?” Xoşu gəlməyən nəsnədən danışdıqda, yaxud söhbət saldıqda üz-gözünü turşudur, “Yaxşı, bəsdir, səni mənim canım”, deyib söhbətin məcrasını dəyişirdi. Azərbaycan türkcəsində işlənən, lakin bizə başqa dillərdən keçən bir çox sözlərin etimologiyasını araşdırmaq kimi maraqlı bir istiqamətlə məşğul olurdu və deyim ki, buna bir inthəasız sevgi ilə, elmi nöqteyi-nəzərdən yanaşırdı. Ona görə də vaxtaşırı AMEA-ya gedir, dilçi-tarixçi alimlərlə, filoloqlarla görüşür, yeni fikirlərinin, düşüncələrinin, problem kimi ortaya gətirdiyi məsələlərin elmi müzakirəsini istəyirdi. Tanınmış dilçi alimlərlə, tarixçi və ədəbiyyatşünaslarla, fəlsəfəçilərlə, həm canlı ünsiyyətdə, həm də telefon vasitəsilə fikirlərinin elmi cəhətdən təsdiqinə münasibət istəyirdi.
Yaşar Türk-Azər gerçəkdən orjinal fikirlərə malik bir düşüncə insanı idi. Onun böyük Azərbaycan filosofu, “Mütləqə İnam” təliminin yaradıcısı Asif Ata fəlsəfəsinə bağlanması da burdan qaynaqlanırdı. Təsadüfi deyildir ki, özünə ideal saydığı görkəmli dramaturq Cəfər Cabbarlı haqqında deyirdi: “Mütləq Həqiqətim, Ulu Müqəddəsim, Ulu Cəfər Cabbarlı! Mənim Adımın və Ruhumun yaradıcısı!” Burada Yaşar bəyin Asif Ata övladlarının Ataya ricəti formasından faydalandığı açıq-aydın görünür və özü bunu etiraf edirdi. Yaxud başqa bir misal. “Mən bütün işlərimi Mütləq Həqiqətimin (Tanrımın) adı ilə başlayıram: Mütləq Həqiqətim, Ulu Müqəddəsim, Ulu Cəfərin adına Sevi və Sayğı! Hər gün üç diləyimi bildirirəm. Səhər: Ulu Cəfər Ağlıma işıq ver, ürəyimə qüvvət ver, Yalana uymayım, çirkaba bulaşmayım, Qəbahətə əyilməyim, Rəzalətlə barışmayım, Özümə yad olmayım…” O, Asif Ataya da, Cəfər Cabbarlıya da ruhən tam bağlı idi. A.Atanın sağlığında da, sonralar da “İnam Ocağı”na gəlməsi, burada keçirilən mərasimlərdə vaxtaşırı iştirak etməsi də göstərir ki, Yaşar bu Ocaqdan özü üçün çox şey götürürdü, Ata ruhuna, onun ideyalarına özəl sayğısı vardı. Cəfər Cabbarlıya isə tam başqa cür yanaşırdı: “XX əsrin bir nömrəli mübariz şəxsiyyəti, böyük filosof olan Mahatma Qandi. Ondan yüksəkdə isə Ulu Cəfər Cabbarlı durur, çünki “Od gəlini” pyesində Ulu Cəfər aparmağa hazırlaşdığı minillik savaşın tüzüyünün tezislərini vermişdi.” C.Cabbarlıya Mütləq Həqiqəti – Tanrısı kimi baxması da bu səbəbdən idi. Yəqin çoxları görüb, günün vədəsindən asılı olaraq, o, Cəfər Cabbarlının abidəsi önündən keçərkən, bir neçə dəqiqəliyə dayanır, özünəməxsus ritual keçirir (şamançılıqdan gəlmə “sağ”, “sol”, “yuxarı”, “aşağı” mənalarını ifadə edən əl hərəkətinin ardınca vaxtına görə səhər, yaxud günorta və ya axşam ricələrini söyləyir, öz təbirincə desək bununla Mütləq Həqiqətinə hesabat verirdi), sonra yoluna davam edirdi. Bu zaman qəribə baxışlarla onu kənardan süzənlərin fərqində olmur, heç kimə zərrə qədər də əhəmiyyət vermirdi. Onun öz dünyası vardı…
Yaşarın C.Cabbarlı sevgisinin nəticəsi olaraq onun “Od gəlini” – Azərbaycan” mövzusunda fikirlərini aldım. Bu, onun öz istəyi ilə oldu. Ona qədər isə “Abstrakt diktator” və “Təbiətin nankor balası” adlı müsahibələr keçirmişdik. Sonra hər iki müsahibə müəyyən ixtisarlarla qəzetlərdə dərc olundu. Yaşar bəyə təklif etdim ki, müsahibələr onsuz da uzundur. Onun indiyədək çap olunmuş və icimaiyyətdə maraq doğuran digər yazılarını da əlavə etməklə bir kitab hazırlayaq. “Yox, yox, nə kitab, mən hara, kitab hara?” – Ona qəribə gəlirdi kitab müəllifi olmaq. Dedim, narahat olma, onun yükünü mən çəkərəm. Razılaşdıq. Plan tutdum, təxminən kitabda nələr gedəcək. O da əlavələrini elədi. Əsas diqqəti yönəltdik orjinal fikirlərinə, o fikirlərə ki cəmiyyət onları qəbul etməyə hazır deyil, yaxud ümumiyyətlə, qəbul etməz. Yaşarın cəmiyyətdən üstünlüyü də bunda idi. Bir çox məsələlərdə prinsipial və qətiyyətli mövqeyi, inadkarlığı burda da özünü göstərdi. Təkidi ilə nəinki müsahbələrdə gedən fikirlərini, həmçinin özünəməxsus çap olunan və olunmayan “deyimlər”ini və “yozumlar”ını da kitaba daxil etdik. Kitabda cəmiyyətin sərt təpki göstərəcəyi çox ciddi və təhlükəli (dini aşağılamaq, paltardan imtina kimi sosial məsələlər və s.) məqamların da olmasına baxmayaraq, Yaşar Türk-Azər bu kitabın istədiyi şəkildə çapına böyük maraq göstərirdi. Sonralar tez-tez deyəcəkdi ki, “İranda bu kitabdakı müəyyən fikirlərə görə mənim ölümümə fətva veriblər. Baxmayaraq ki, ata yurduma gedib görməyi çox istəyirəm, ancaq ora getmək mənə yasaqdır.” Yeri gəlmişkən, Yaşar bəyin ata babası əslən güneyli idi – Sərab şəhərinin Kəlyan kəndindən və təsadüfi deyildir ki, qazandığı milli-mənəvi dəyərlərə görə Kəklik nənəsini tez-tez sevgi ilə xatırlayırdı. Kitabda qeyd etmək üçün Yaşar bəy ömür yolunu da qərubə bir şəkildə diqtə etdi və mən də eləcə yazdım (əlbəttə, öz razılığı əsasında redaktə ilə), yəni standart tərcümə halından fərqli bir üslubda. Kitaba məxsusi seçimi ilə təqdim etdiyi foto-şəkillər də orjinaldır, şəkilaltı ifadələri öz diqtəsilə yazdıq. Necə mətnə, fotolara da o cür həssaslıqla yanaşırdı. Ona görə də bu şəkillər canlı bir tarixi eksponatı xatırladır; siyasi-ictimai və məişət-mədəniyyət tariximizin bir hissəsi kimi. Burda bir nüansı xatırlatmaq istərdim. 1965-ci ildə çəkilmiş foto diqqətimi cəlb edir. Sinif rəhbəri ilə çəkdirdikləri kollektiv şəkil. Müəllimin adını və xarakterini soruşdum. Bilirsiniz nə dedi: “Adın elə bir əhəmiyyəti yoxdur, əsas odur ki, o 3 il ərzində zalımlığın nə olduğunu bizə anlatdı.” Sonra qərarlaşdıq ki, etika xətrinə ad və soyadını yazaq. Şəklə diqqətlə nəzər yetirmək kifayətdir ki, Yaşar bəyin öz müəllimi haqqında dediklərinin gerçək olduğunu yəqin edəsən. Yaşar hər şeyə təzə biçimdə, obrazlı yanaşmağı, şərh verməyi xoşlayırdı. Qəribədir, “Foto-yaddaş” adlandırığımız bölməyə “Mənim sevdiklərim və məni sevənlər” adını təklif etdi. Bu cür də qaldı. Tanıyanlar bilir ki, o, hər zaman yanaşmalarında analizə üstünlük verirdi…
Kitablaşmanın 1-ci mərhələsi bitəndən sonar redaktə üçün tanınmış jurnalistlər İbrahim Quliyevə və rəhmətlik Nazim Məmmədoğluna təqdim etdik. Yaşar Türk-Azərin fikirlərini hər adam həzm etmək gücündə deyildi, nəinki ona söz yazmaq cəsarətində olsun. Yaşar da bunu yaxşı bilirdi. İnsafən, hər ikisi Yaşarı çox istəyirdi və cəmiyyətdə birmənalı qəbul olunmuş orjinalxətli yazarlar idilər, həm də ciddi qəzet redaktorları kimi tanınırdılar. İ.Quliyev “Azadlığın mahiyyəti”, M.Nazimoğlu isə “Köhnə və təzə Yaşar…” başlıqları ilə redaktor sözü yazdılar.
Kitabın materialnı Yaşar bəyin dilindən sadəcə, imla yazırmış kimi diqtə variantında qələmə alırdım, ya da diktofana yazıb ordan da əlyazmaya çevrirdim. Redaktə edib təmiz xətlə üzünü köçürdükdən sonra komptürdə yığılmağa verirdim. Bu işin ardınca kitabın tərtiblənməsi və dizaynı gəlirdi. Bunlar da kifayət qədər yorucu və vaxt aparan işlərdir. O da ola ödənişsiz. Yaşarın bəxtəvərçiliyi onda idi ki, hamı onu çox istəyirdi. Hərəkatdakı fanatik milliyətçılyi, dövlətçilik məsələsinə prinsipal münasibəti, insanlığa qarşılıqsız sevgisi – bunlar çoxumuzda olmayandı. Yaşar isə fitrətən bunu bacarırdı, bu prinsiplər onda standart və geridönməz xarakter idi. Kitabın texniki redaktoru İsmayıl Əyyub, komputer yığıcısı Dürdanə və Firuzə elə ona görə də təmənnasız olaraq, usanmadan iş yoldaşı kimi yox, Yaşar bəyə doğru olaraq verdikləri dəyərə görə bu işi uğurla başa çatdırdılar. Kitabın çap məsələsi ortaya gələndə, Yaşar bəy bildirdi ki, mətbəələrdən birinin direktoru dostumdur və anam Cahan müəllimə ona dərs deyib, düşünürəm ki, o, kömək edəcək. Nadir müəllim bizi gülərüzlə qarşıladı.Yaşar gəlişinin səbəbini dedi və bildirdi ki, hazırda ödəməyə pulu yoxdur, ancaq satıb qısa vaxtda pulunu verəcək. Bunun üçün möhlət istədi. Bir ay müddətinə danışsalar da Yaşar bəy, kitabı çap olunan kimi götürüb yaydı. 10 gün sonra zəng eləmişdi. “Hə, necədir, dünən aparıb pulunu verdim.” Nə tez, dedim. Yadındadır, demişdim, uzağı on günə gətirəcəyəm. 9 günə həll elədim. Yaşarın kitabını kim almazdı ki. Əqidə yoldaşları, həyat dostları. Yaşarın fikir, düşüncə adamı olması da burda şərt idi. Az vaxtda kitab geniş yayıldı. Müəllif uşaq kimi sevinirdi. Qəribədir, içərisində narahatçılıq doğuran məsələlərdən ehtiyat etmək əvəzinə, daha da bundan şadlanırdı. Bəli, o, əsl əqidə yiyəsi idi. Qorxunu, ehtiyatlanmağı ağlına belə gətirmirdi…
Kitabın satışından qazandığı gəlir hesabına üst-başına əl-gəzdirdi. Təqdimatını keçirməyi planlaşdırdıq. Təzə qiyafədə daha sanballı görünən müəllifin qanadı olsaydı, uçardı. Özü demiş, kitab müəllifi olmaq ona bir az ayrı cür gəlirdi. Yeri gəlmişkən, “müəllifliyi öz üzərimə götürəcəyəm” desəm də, düşünüdüm ki, Yaşar bəy özü olsa yaxşıdır. Mənim çəkdiyim zəhmətdən ziyadə sevə-sevə bu işin arxasındadır, reallıqda baxsaq kitabın gerçək müəllifi Yaşar bəyin özü olmalı idi. Bu, həm də ondan ötrü yaxşı hədiyyə, fəaliyyətinə müqabil gözlənilməz mükafat olardı. Buna baxmayaraq, dostlarına müəllf kimi məni nişan verirdi. Sanki kitab müəllifi olmaq ona çeçin gəlirdi…
Kitabın təqdimatına xüsusi həvəs və zövqlə hazırlaşırdı. Təkidlə məni dəvət elədiyi titullu adamlarla bir sırada – öz yanında əyləşdirdi. Bu, zəhmətimə verdiyi məxsusi qiymət idi. Hər yerdə olduğu və tez-tez təkrarladığı kimi çıxışında da elə beləcə dedi: canım, mən nə bilirdim kitab yazmağı, kitab müəllifi olmaq heç ağlıma da gəlmirdi. Mənim öz işim var. Bu, elədi onu. Tədbirdə tanınmış sımalardan müğənni Flora Kərimova, professor Əlisa Şükürlü və adlarını unutduqlarım insanlar da vardı, aparıcı səhv etmirəmsə, aktrisa Məleykə İbrahimova idi. Kitabdakıları tam qəbul edib-etmələrindən asılı olmayaraq, əqidə və fikir adamı kimi çıxışında hər kəs Yaşarı çox istədiyini söyləyirdi. Bu, vacib məsələlərdən biri idi. Elə ona görəydi ki, Yaşarın kitabı çox tez yayıla bilmişdi. İnsanın xarakteri bir çox hallarda aparıcı əhəmiyyət daşıyır. Vədində hər zaman möhkəm olan Yaşar bəy isə dəyişməz, prinsipial mövqeyə malik əqidə və fikir adamı kimi dəyərini hələ hərəkatın başlanğıcında almışdı: “Milli Bayraqdar” titulu və “Türk-Azər” adı ilə.
Milli mədəniyyətimizlə bağlı elə məqamlar var ki, Yaşar bəylə bu barədə mübahisə edə bilməzdin. Məsələn, teatrın, kinonun, klassik ədəbiyyatın vurğunu idi. Deyərdim ki, çoxundan daha mükəmməl bələdçiliyi vardı, nəzəriyyəsini də, praktik tərəflərini də gözəl mənimsəmişdi. Özünün yazdığı kimi, hələ uşaqlıqdan arzusu haqq-ədalət uğrunda vuruşmaq və aktyor olmaq idi. Bu barədə çoxlu söhbətlərimiz olub. Görkəmli aktyorların çoxunu yaxından tanıyırdı. Dəfələrlə məni də özüylə teatra aparıb. Həmişə iki dəvətnamə alır və təkidlə bir yerdə getməyimizi istəyirdi. O, yalnız milli teatrı yox, həm də əcnəbi əsərlərin tamaşaya qoyulduğu özü demiş, digər teatroları da çox sevirdi. Opera və balet teatrında simfonik əsərlərə qulaq asmaq, tamaşa etmək, sonra qızğın müzakirələrə qoşulmaq və az qala bir mütəxəssis kimi qətiyyətli fikir söyləmək, təbii ki, hər adamın işi deyil. Yaşar baleti də çox sevirdi, milli tamaşaları da. Hər birində oynayan peşəkar aktyorları da yaxşı tanıyırdı. Fasilədə və tamaşa bitdikdən sonra aktyor truppası və digər heyətlə mütləq görüşürdü. Suallar verir, münasibətini bildirirdi. Tamaşa bitdikdə, yaxud maraqlı yerlərində uşaq kimi ayaq üstə qalxıb hay-küylə “Bravo” deyərək, alqışlamağı da çox olub. Yaşar bu sənəti də, onun mahir ifaçılarını da çox sevirdi. Əbəs yerə görkəmli aktyor Məmmədrza Şeyxzamanov onun haqında yazmırdı ki: “Sən ona görə sevimlisən ki, sənətə və sənətkara hörmət etməyi bacarırsan.”
Yaşar qızğın hərəkatçı olub, türkçü olub, millətçi olub. Ona görə də Vətənə, Dövlətə hədsiz sevgisi olub. İllərlə apardığı mübarizədəki çalışmaları onu bütöv, sınmaz və əyilməz bir əqidə yiyəsi kimi tanıtdırıb. Haqqa qovuşana qədər də belə qaldı. Bəlkə buna görə idi ki, hələ Lefortovo zindanında olarkən Xəlil Rza Ulutürk eyniadlı poemasında onun adını iftixar hissilə çəkirdi:
Səttarxan zavodunun
Mənəm qeyzi, qəzəbi.
Yaşar Türk-Azər kibi
Müdrik, məğrur, əsəbi.
Milli Azadlı Hərəkatının ilk bayraqdarı kimi yadda qaldı Yaşar bəy. Baxmayaraq ki, üçrəngli bayrağımız hamımızın qürur mənbəyidir, fəqət Yaşa Türk-Azər üçün o millət və dövlət adına hər şeydir deyə, onun adına bu bayraq daha artıq yaraşır. Özü demişkən, Türk Dünyasının Başbuğu, Yol Bayımız Əbülfəz Elçıbəy: “Yadıma tez-tez Yaşar Türk-Azər düşürdü. Nəyə görə? Çünki heç bir təmənnası yoxdu. Hər hansı hərəkat olan kimi bayrağı götürüb irəli gedəcək və bununçün heç kimdən heç nə ummayacaq. Yaşar Türk-Azər bu bayrağa məndən çox vurğundur. Mən bayrağı şüurla, ağılla sevirəm. O da şüurlu, ağıllı oğlandır, ancaq onun içində bayrağa vurğunluq vəcdi var və o bayrağı vəcdlə götürür. Fikirləşirsən ki, kaş belə vəcdlə yaşayan insanlarımız çox olaydı…”
Şübhəsiz, Yaşar Türk-Azəri əfsanəvi hərəkatçı adlandıranlar səhv etmirlər. Onu milli azadlığa, müstəqilliyə, insan haqlarına bağlayan istəkdən çəkindirmək, bu ideyalardan daşındırmaq üçün hər cür işgəncə vasitələri ilə belə sındırmaq qeyri-mümkün idi.
Yaşar bəyi tanıyanlar sağ gözündəki ciddi xəsarət nəticəsində aldığı zədəni, habelə sınıq nəticəsində əyri bitmiş əl barmaqlarıni görməmiş deyildilər. Sovet dönəminin son illərində, yanılmıramsa, meydan hərəkatının süqutundan sonra daşıdığı üçrəngli bayrağı qoparmaq üçün rus əsgərlərinin çəkmələri altında əzilmiş-sınmış barmaqları, milis-polis zabitinin zərbnən vurduğu yumruğun təsirindən gözündə yaranmış anormal dəyişiklik həmin ağır zədələrin nəticəsi idi. Yaşar bəy ömrünün sonunacan həmin işgəncələrin pozulmaz izlərini özündə saxladı, bədənində gəzdirdi. Sonrakı illərdə də dəfələrlə o, bu cür münasibətlərlə qarşılaşıb, fəqət ruhunda, mənəviyyatında daşıdığı ideyalarından, arzularından əl çəkməyib. Onun heç kimdə olmayan dönməz-sınmaz xarakterini şərtləndirən amillər tipik əfsanəvi hərakatçı olduğunu deməyə əsas verir.
Bütövləşmə Yolunun yolçusu – Eşq və Azadlıq təşnəsi olan Yaşar Türk-Azərin özü üçün qəbul etdiyi pozulmaz bir şüarı vardı: “Bütöv Millət, Güclü Dövlət, Bütöv Bəşəriyyət Uğrunda innən belə yüz illər boyu! Mütləq Həqiqətim var olsun!”
Yaşar cəmiyyəti sevmirdi və düşüncəsində onu bir diktator rolunda görürdü. Deyirdi: “Cəmiyyət dəhşətli bir diktaturadir: tələb edir ki, ondan nə irəli gedəsən, nə də geri qalasan. Başqa sözlə, cəmiyyət özündən irəli gedənləri və geri qalanları sevmir.”
Təbiətə yanaşması da fərqiydi. Hesab edirdi ki, insan təbətin nankor balasıdır və heyvanların əhliləşdirilməsi, zooparklarda təlimlərə cəlb olunması, sirklərdə heyvanların nümayiş etdirilməsi təbiəti kor qoymaqdır. Heyvanların ram edilərək cəmiyyət içində ələ salınmasını qəbul etmir, vəhşı təbiətdən onların gətirilərək əhli şəraitdə saxlanmsını konslagerlə müqayisə edirdi. Qoyunların kütləvi kəsilməsini “süd qardaşlarımız”ın soyqırımı kimi qiymətləndirirdi. Yaşar bəyə görə azadlıq təbiətdədir. Cəmiyyətdə, cəmiyyət içində yox. O, azadlığa gedən yolu müstəsna hal kimi qəbul edir və Ə.Elibəydən gətirdiyi bir iqtibası yeri gəldikcə təkrar edirdi:
Orda bir yol var, uzada
O yol bizim yolumuzdur.
Varmasaq da, görməsək də
O yol bizim yolumuzdur.
Bu şeir parçasını Yaşar Türk-Azərin müəllifi olduğu “Eşq və Azadlıq” adlandırdığ ikinci kitabının titul səhifəsində yazdıq. “Eşq və Azadlıq” birincidən 3 il sonra nəşr edildi. Həm səhifə sayına, həm də mövzu əhatəliyinə görə daha zəngin olan bu kitabın materiallarını hazırlayıb tərtiblədik. Yığılmaq üçün ortaq fikrimiz bu oldu ki, o zaman “Ulus” qəzetinin baş redaktoru vəzifəsində çalışan Məmməd Nazimoğluna müraciət edək. Rəhmətlik Məmməd bəy təkcə qələminə görə yox, həm də insanpərvərliyinə görə seçilənlərdən biriydi. Tərəddüdsüz və təmənnasız qəbul etdi, səhv etmirəmsə, həm də səhifələyib verdi. Bu kitab da əvvəlki qayda üzrə çap olundu. Əlbəttə, indi kitabın hazırlanması və çapı həm böyük vaxt istəyir, həm də vəsait tələb edir. Kimlərsə bunu təmənnasız edir, deməli, səni nəyə görəsə dəyərləndirirlər. Bu baxımdan Yaşar bəy tanıdığım tək-tük simalardan biri idi və o, bunu təmənnasız fəaliyyətilə əldə etmişdi. Dövlətinə, millətinə, insanlığa, dostluğa, təbiətə mahiyyətcə bu qədər bağlı çox az adam tapmaq olar ki, onlardan biri də Yaşar bəy idi.
Maraqlıdır ki, Yaşar Türk-Azər bayram və hadisələrə birmənalı yanaşmırdı. Onun qəbul etdikləri və etmədikləri vardı: Məsələn, Məmməd Əmin Rəsulzadənin doğum günü, 28 May Respublika günü, Milli Mətbuat günü, 26 iyun Silahlı qüvvələr günü, Novruz bayramını yüksək səviyyədə qəbul edirdi. 1 yanvarı yeni təqvim ili kimi qəbul edirdi, Yeni il bayramı kimi yox. 8 mart Beynəlxalq Qadınlar gününü qadınların hüquq və azadlığı günü kimi qəbul edirdi və s.
Yaşar bəyin özü üçün bir qayda olaraq şərtsiz qəbul etdiyi prinsiplər vardı. Belə ki, hər il 20 Yanvar şəhidlərini, Məmməd Əmin Rəsulzadəni, Əbülfəz Elçibəyi ziyarət edir, zəbt edilmiş bölgələrimizin anım günləri ilə, milli və dövlətçilik məsələləri ilə bağlı digər tədbirlərdə mütləq və sözsüz iştirak edirdi. Qəti əminəm ki, xəstəliyi bunca şiddətli olmasaydı, ölümündən on gün əvvəl baş verən ordumuza dəstək yürüşünə qatılacaqdı… Məhz ona görə də o, Yaşar Türk-Azər idi və elə-belə də yadda qaldı.
Yaşar Türk-Azər məndən ötrü daha çox ona görə qiymətli idi ki, dünygörüşünü milli yöndə formalaşdıra bilirdi. Oxuduğu və öyrəndiyi hər şeydə türkçülüyün cizgilərini axtarsa da, həmçinin bəşəri fikirlərə dəyər verməyi bacarırdı. Daha artıq oxumaq, daha artıq öyrənmək! Bu, onun bir saylı pinsipi idi. Boynundan asdığı iri çantasında hər zaman əlüstü mütaliə üçün kitab, qəzet, jurnal, digər oxu materialları olurdu; metro, avtobus, yaxud 3-5 dəqiqəlik əyləşdiyi oturacaqda belə vaxtını itirmirdi. Muzeylərə getməyi, eksponatlara baxmağı xoşlayırdı və tez-tez deyirdi ki, qoy bizimkilər gəlsin, gedib muzeydə işləyəcəyəm. İlk baxışda bizə xırda görünən muzey işçısi olmaq, mənəvi zənginlik baxımından Yaşar üçün çox şey idi əslində. Ona görə ömrünün sonunacan orda çalışmağı hədəfləmişdi.
Elə istəyirdim ki, onunla birgə Atəşgahda, Yanardağda olmaq. Bilirsiniz niyə, Yaşar bəyə bələdçi lazım deyildi. Maraqlandığı çox az məsələlər haqqqında sual verirdi. Bu barədə özü düşünməyi xoşlayırdı, yaxud müzakirə məqsədilə bunu edirdi.
Onun bütün dinlərə münasibəti mənfi olmuşdur. Azadlığı məhdudlaşdıran istənilən sosial birliyə qarşı idi. Buna baxmayaraq, ruhuna uyğun inanclara, dini qurumlara məxsusi münasibəti vardı. Məncə, bu, onların təlimində az-çox qəbul etdiyi keyfiyyətlərdən irəli gəlirdi. Təklifi ilə bir dəfə Krişna Şüuru Cəmiyyətində və bir dəfə də Bəhai İcmasında olmuşduq. Belə yerlərə hərdən, tam xoşlamasa da belə, tanışlıq və bilgi toplamaq məqsədilə ədəbiyyat əldə etməyə gedirdi. “Hare Krişna”, “Babilər hərəkatı və Zərrintac Qürrətüleyn” kimi məqalələrinin yazılmasına sözsüz ki, digər mənbələrlə yanaşı bu cür tanışlıqlar da az kömək etməmişdi. Topladığı bilgilər ona düşünmək və analiz fürsəti verir, yazılarında, müsahibələrində özünü göstərirdi.
“Eşq və azadlıq” kitabına daxil etdiyi
miz bu əsərlərlə bərabər, onun XIX əsrin sonu XX əsrin ortalarında fəaliyyət göstərmiş görkəmli maarifçi Mirzə Həsən Rüşdiyyə haqqında yazdığı “Azərbaycan maarifinin fədaisi”, azadlıq carçısı Xosrov Ruzbeh haqqında yazdığı “Azadlıq mücahidi”, Azərbaycan Milli Azdlıq Hərəkatının tanınmış nümayəndələrindən oan, şair İsfəndiyar Coşğun haqqında yazdığı “Coşqun ürəkli insan”, Araz Əlizadəyə cavab olaraq yazdığı “Tarixin təhrifinə imkan verilməməlidir”, “Ulu Həqiqətim” dediyi böyük dramaturq Cəfər Cabbarlıdan bəhs edən “Mənim inancım eşq və azadlıqdır”, habelə dünya milli azadlıq hərəkanın daşıyıcıları olmuş qəhrəman, mübariz xanımlarıdan bəhs edən “Aslanın erkəyi, dişisi olmaz” kimi məqalələri elmi-tarixi cəhətdən hər zaman aktual olaraq qalacaqdır. Mənə elə gəlir ki, bu əsərlərə zaman-zaman tədqiqatçılar müraciət edəcək, bir mənbə kimi faydalanacaqlar. Yaşar Türk-Azər tarxiliyi saxlmaqla bu məqalələrə daha çox öz düşüncələrini daxil edib.
Yaşar bəyin “Eşq və azadlıq” kitabında həmçinin, dilimizlə bağlı (“Dilimizi qoruyaq”, “Səməni odun rəmzidi”, “Bildiklərimiz haqında bilmədiklərimiz”, “Korğlu, qoroğlu, odoğlu…”, “Od gəlini” – Azərbaycan”) düşünməyə təhrik edən yazılar var. Xüsusən, sözlərin mənşəyi. Doğrudur, bu yeni məsələ deyil, lakin Yaşar Türk-Azərin baxışında tamam başqa tapıntılar, yeni yanaşmalar üzə çıxır. Mənə elə gəlir ki, o, hər zaman dilimizdəki sözlərin mənşəyini axtarmaqla məşğul olub. Zənnimcə, kitablarının çapı Yaşar bəyi bu sahədə daha ciddi axtarışlar aparmağa sövq edirdi. Demək olar ki, son 7-8 ildə vaxtaşırı zəng edir, yeni araşdırmalarını oxuyur, münasibətimi öyrənmək istəyirdi. Yad ifadəli, heç bizdə işlənməyən sözlərin, tutaq ki, qeyri millətlərdə mövcud olan müəyyən sözlərin açımını oxuyur və təhlilini verirdi. Zarafatla deyirdim, Yaşar bəy, bu nədir, başqa xalqların sözlərini də türkləşdirdin ki. Dərhal, ancaq, qəti və hökmlü bir şəkildə: “Yox, yox, canım, bunu mən demirəm ki, bax bu özü gedib ora çıxır.” Həmişə deyirdim ki, Yaşar, çox uzatma, ömrə vəfa yoxdur. Yığ bir yerə, vaxt eləyək, onları bir kitab halına salaq. Deyirdi, hələ araşdırılası çox sözlər var, qoy qurtarım sonra. “Qalanını növbəti kitablarında verərsən” – deyirdim. Hiss olunurdu ki, xəstədir. Boynuna almasa da, sözarası ayaqlarından və təzyiqdən, axır vaxtlar ürəyindən, tənginəfəsliyindən şikayət edirdi. Boş şeydir, deyirdi. Xəstəlik mənə yaxın gələ bilməz. Mən sağlamlığımı idarə etməyi bacarıram… Amma bacarmadı, bir-birini təqib edən xəstəliklər onu əlimizdən aldı. Kitablaşma, araşdırma işləri tamamlanmadı. Təkcə bumu? Sonbeşiyi Turqanayla bağlı o qədər arzuları vardı ki… Yaşar bəy Qarabağ vurğunu idi. Yurdumuzun bu bölgəsinə uzanan əlləri kəsmək üçün savaşa qalxanların sırasında döyüşmüş, mübarizəyə, birliyə çağıran nəşrləri əsasən burda yaymışdı. Ağdam və ətraf bölgələr haqqında sevgi ilə, hərarətlə danışırdı. Təsadüfi deyil ki, evlilikdə qismətinə düşən pay da qarabağlı idi – Şuşalı bir qız. Yaşar bu nigahdan olduqca məmnun idi. Elə bil arzuladığını tapmışdı. Əsl əqidə və inam dostu kimi bağlanmışdı ona. Bir il sonra bir qız övladları oldu. Yaşar bəyin sevinci hədsiz idi. Adını Turqanay qoymuşdu – qədim türk adı. Onu Xan deyə çağırırdı – Turqanay xan. Qız balasını tipik zərif bir cinsin nümayəndəsi yox, mübariz, cəsarətli bir türk xanımı kimi görmək istəyirdi. Onu iş yerinə, Asif Ata ocağına, milli mücadilənin başlandığı yerlərə aparır, uşaq hələ çox şeyi dərk etməsə də, görmək istədiklərini onun körpə vücuduna deyirdi. Turqanayın bir yaşı olanda qucağına göürüb sanki körpə qızcığazla deyil, böyük türk xaqanı ilə danışırmış kimi amacını, diləklərini söylədi. Bu, Yaşarın övladına bir ata uğurlaması idi. İlahi, uşaq necə də sakitcə və heyrətli baxışlarla atasını diqqətlə süzürdü. Sanki “əsl sən istəyən təki olacaq, ata, məndən nigaran qalma”, demək istəyirdi. Yaşar bəy bizdə, mən də onlarda bir neçə dəfə olmuşdum. Rəhmətlik anası Cahan müəllimənin hüzründə də, Turqanayın ad günündə də, Novruz bayramlaşmasında da. Yaşar Türk-Azəri tam milli, dindən kənar bir şəxs kimi gördüm. Ondan ötrü türkçülük inamı və amalı yad inanclardan qat-qat yuxarıda idi.
Yaşarın dostluğa sədaqəti çox güclü idi. Bağlandığına xilaf çıxanlardan deyildi. 1-ci kitabında rəssam dostunun şəkilaltı sözünü belə yazmışdı: “Həm yaşda, həm də başda məndən böyük olan qardaşdan yaxın arkadaşım, gözəı rəssam Tofiq Aslanoğlu.” Tofiq bəylə çox yaxın idilər. Təəssüf ki, tanışlığımızdan bir neçə il sonra o, haqqa qovuşdu. Yaşarın dəvətilə yas mərasimində birgə iştirak etdik. O zaman hüzr sahiblərinin Yaşara xoş münasibətinin şahidi oldum, görünür, dostluqda vəfası onlara yaxşı təsir bağışlamışdı.
Yaşarın qardaşı yox idi, dostu Tofiq bəyi özünə qardaş bilirdi. Mənə deyirdi ki, Tofiq də yoxdur. İndi Turqanayın əmisi sənsən. İstəyirəm bizə gəlib-gedəsən, xan əmisini tanısın. Bayram günlərinin birində Turqanayı təkrar görməyə getdim. Böyümüşdü, çağırdım, gəldi atası ilə mənim şəkilmi çəkdi, sonra da – üçlükdə şəkillər çəkdirdik. Heyfslənirəm ki, şəkillər necə oldusa, alınmadı. Fəqət, Yaşar bəylə birgə şəklimiz qala bilərdi…
Yaşarın birinci evlilikdən iki oğlu vardı: Elçin və İlqar. İkincisi evil idi. Nəvəsi olmuşdu, çox sevinirdi. Danışırdı ki, İlqar nəvəmi gətirdi gördüm.
Yaşar iki bacının tək qardaşıydı. Həqiqət də, Sədaqət də qardaşlarını çox istəyir, hətta bir bacı kimi Yaşarın milli yöndəki çabalarından dolayı qürur duyurdular. Onun qayğısına uşaq kimi qalır, problemlərini öz üzərlərinə götürüdülər. Yaşarıın yeznələri də, bacısı uşaqları da bu maraqlı və zəngin insanı bir qayın kimi, bir dayı kimi çox istəyirdilər.
Yaşar bəylə telefon söhbətllərimizdə ədəbiyyat və mədəniyyət məsələlərinin müzakirəsi əsas yer tuturdu: Maraqlı bir şəkildə folklora, xalq mahnılarına, türk mənşəli sözlərin izahına keçid mənə əlahiddə zövq verirdi. O, bəzən milli musiqilərimizdən bir parça özünəməxsus tonda zümzümə edir, bəzən də xoşladığı bir parça şeiri əzbərdən söyləyirdi.
Yaşarın bütün musiqi janrlarına sayğısı vardı; aşıq musiqisini də, muğamı da, xalq mahnılarını da, opera musiqisini də, kamera musiqisini də, simfonik əsərləri də canlı dinləməyi və ya tamaşa etməyi sevirdi. “Alim Qasımov ən böyük şamandır” – dünyaca tanınmış muğam ifaçısını belə dəyərləndirirdi. Amaliya Pənahova, Hacı İsmayılov, Fidan Hacıyeva və Şahlar Quliyevlə çalışdıqları teatrlarda tamaşa zamanı bir-birilərinə sayğılı-səmimi görüşlərini, qısa sənət söhbətlərini xatırlayıram. Bu, Yaşarın sənətə verdiyi dəyər idi, sənət adamları bu isti münasibətinə görə Yaşarı qiymətləndirirdilər. Təkcə onlarmı? – Əlbəttə, yox! Hər bir peşəkar incəsənət adamına Yaşar belə yanaşır, fikrini, münasibətini atüstü də olsa onlarla bölüşürdü, həm də öyrənirdi. Bunu sadəcə, onun sevimli hobbsi də adlandırmaq olardı.
Hər dəfə zəng edəndə başlanğıc sözü “günaydın” kəlməsi idi. Evdə uşaqlar bu ifadəyə öyrəşmişdilər. Ata, Yaşar əmidir – sənin dostun. Bəzən də ilıq bir təbəssümlə “Günaydın əmidir!” – deyirdilər, səni istəyir.
Teatr Yaşarın sevgisi idi: “Teatro mənim Savalanımdır!” – deyirdi. Diktəsi ilə yazdığım bu məqalə teatr tariximiz üçün bitkin bir məlumatdır. Təəssüf ki, məqalənin teatrımızın çağdaş dönəmi ilə bağlı olan hissəsi çap zamanı itib. Teatra bağlılığı Yaşarı gənclik illlərində Lütvi Məmmədbəyovun xalaq teatrına da aparıb. O, xatirələrində bu barədə mənə çox danışıb. Eyni həvəsi kinoya da vardı: Xocalı faciəsindən bəhs edən “Haray” filminə elə-belə çəkilməmişdi. Oynadığı erməni obrazı ilə türkün tarixi düşməninə kəskin nifrət yarada bilmişdi.
Yaşar bəy, muğam və xalq musiqisi kimi, operalarımızın da vurğunu idi. Və ordakı personajları imitasiya etməkdən zövq alırdı. Üzeyir Hacıbəyliyə bu üzdən olan sayğısını təsəvvür etmək mümkün deyil. Hüseyn Ərəblinskinin, Mərziyyə Davıdovanın, Əhməd Ağdamskinin, Hüseyn Sarabskinin – həm əski, həm də çağdaş kino və teatrda iz qoymuş böyük sənətkarların adlarını fəxrlə çəkirdi. O, həm də dünya ədəbi-bədii sənətinə də maraq göstərir, oxuyur, öyrənir, onlara da sənət və sənətkarlıq baxımından sevgi bəsləyirdi. Lakin qadın qiyafəsində oynayan müasir aktyorları birmənalı olaraq bəyənmirdi.
Yaşar haqında çox danışmaq olar. Əgər onun barəsində Azərbaycan Xalq Hərəkatı Ensiklopediyasında geniş məlumat dərc edilibsə, Ə.Elçibəy, X.R.Ulutürk, M.Şeyxzamanov kimi şəxsiyyətlər danışıbsa deməli, elə-belə deyil.
Yaşarı az-çox tanıyan hamı sevirdi – müxtəlif sahələrdə və vəzifələrdə çalışan iqtidar nümayəndələri də, müxaliflər də. Çünki Yaşar fəaliyyətinə müqabil əvəz umacaq kimsə deyildi. Düşüncəsi milli, əqidəsi milli, dövlətçiliyə sadiq, sadə və mükəmməl bir vətəndaş idi.
Yaşadığı qəsəbədə bələdiyyə üzvlüynə namizədliyini vermişdi. “Sənin nəyinə lazımdır, Yaşar, deyirdim?” – “Yox, yox, canım sən nə danışırsan, qəsəbənin o qədər problemləri var ki. Baxmırlar, seçilsəm bunları belə qoymayacağam. Hamısının bir-bir həllinə çalışacağam.” Yaşar sadəlövhcəsinə inanırdı ki, seçiləcəyi təqdirdə, hər şeyi həll edə biləcək. Yadımda qalmayıb, ya qeydə almadılar, ya da… hər halda seçilmiş olsaydı, nəticəsindən asılı olmayaraq, həmişəki tək fədakarcasına çalışardı. Bu, onun təbiətindəydi – ruhundaydı, canındaydı.
Yaşar bəy tanıdıqlarım arasında yeganə şəxs idi ki, qəbul etdiyi ifadəni nəyə görəsə təhrif etmirdi. Bu, ona yad idi. Kimsə deyə bilməz ki, mən Yaşarın dilindən on min manat əvəzinə “Şirvan”, 500 manat əvəzinə “Nizami” və s. eşitmişəm. Yaşar bəy həmçinin partiya sözünə “parti” və ya “firqə”, heyvan sözünə “hayvan”, mübarək sözünə “kutlu”, mərasim sözünə “törən” deyir və hər zaman, yanılmadan elə bu cür də ifadə edirdi. Ona bununla bağlı irad tutmaq da mümkün deyildi. Yeri gəlmişkən, ona verilmiş (səhv etmirəmsə, Xəlil Rza tərəfindən) Türk-Azər təxəllüsünün Türkazər şəkilində yazılışına qarşı idi. Onunla bağlı yazılı söbətlərimizdə buna xüsusi ciddiyətlə fikir verirdi.
Hər hansı səbəbdən söhbətlərimizdə, müzakirələrimizdə bəzən fasilələr yaranırdı. Bilirdim ki, zəng edəcək və ilk cümləsi bu olacaq: “Ay canım, niyə zəng eləmirsən, niyə itirib-axtarmırsan, bəlkə ölüb-qalmışam.” Yox, nə danışırsan, deyirdim, səni istəmiyənlər ölsün, bilirsən ki, iş yerim Bakıdan çox aralıdır. Həmişə burda olmuram. Başqa səbəb yoxdur, narahat olma. “Eybi yox” – deyirdi və dərhal da bir neçə sözün mənşəyi ilə bağlı apardığı yeni araşdırmalarından və gəldiyi nəticələrdən danışırdı. “Hə, necədi?” “Yaxşıdır e, amma, Yaşar, çox uzatma, yekunlaşdır, kitaba çevir, qalanlarını sonra öyrənərsən, başqa bir kitaba yığarsan. Əlbəttə, mən onun tədqiqatlarının nə qədər ciddi və nə qədər elmi olduğunun fərqindəydim, bu səbəbdən kitablaşmaq üçün onu tələsdiriddim. Həm də səhhətində yaranmış ağırlaşmalar buna əsas verirdi. Bu gün o, yoxdur, fəqət həmin kitabın yükün çəkmək, ruhunu sevindirmək kimi bir faydalı işin ardınca getməyə hazıram.
Yaşar Türk-Azər müsahbi ilə uzun danışmağı, onun fikrini almağı, müzakirəyə qoşmağı sevirdi. Belə adamlar ilk baxışda kənar şəxslər tərəfindən o qədər də yaxşı qəbul olunmur. Yaşar bəyin mənəviyyatca zəngin, ifrat dərəcədə milli, gözü, qəlbi və ağlı tox olduğunu anlayanlar, tanıyanlar, zənnimcə, belə düşünə bilməzdilər. Onun gerçək həyatda olmadığı indiki anlarda yeri necə də görünür.
Hərdən mənə elə gəlir ki, Yaşar doğum günlərinə məxsusi bir hal kimi, hadisə kimi, tarix kimi baxırdı. Bu cür nəsnələri adətən boş, əhəmiyyətsiz hesab edən Yaşar bəy, həmin günü səbirsizlilə gözləyir, zənglərində doğulduğu 17 aprel tarixini az qala xatırladırdı da. Mən belə şeylərə çox da fikir verən deyiləm. Y.Türk-Azər deyirdi ki, bu insanın həyata gəldiyi tarixdir. O başqa məsələ ki, onu kim necə yaşayır, necə iz qoyur. Yaxşı yadımdadır, 4-5 il əvvəl 60 illik yubileyini necə də səbirsizliklə gözləyirdi. İş yerində, əqidə dostlarının yubileyi şərəfinə təşkil etdikləri törəndən ağızdolusu, şadyanlıqla danışırdı. Nə yazıq ki, iş yerinin uzaqlığı səbəbindən çox zaman belə tədbirlərə qatıla bilmirəm. Heç nə olmaz, deyirdi, 65 yaşda necə olursa olsun mütləq iştrak eləməlisən. Mənimlə münasibətlərində bu onun diləklərindən biriydi. Yaşasaydı, nə qalmışdı ki…
Pandemyanın vüsət aldığı, xüsusi karantin rejiminin hökm sürdüyü çətin şəraitdə sadiq dostumuz, fikir insanı, əqdə adamı Yaşar bəyin ağır xəstə halında yanında ola bilməmək bir yana, vəfatından sonra sonevinə yola salınma mərasimində məlum məhdudyyətlərlə əlaqədar iştirak edə bilməməyimiz də unudulmaz bir ağrı kimi (baxmayaraq ki, səhhəti ilə bağlı vaxtaşırı telefonla xəbər tutsam da, vəfatı günü ailəsinin dərdinə şərik olub, baş sağlığı versəm də belə) hər zaman daxilən bizlərə əzab verəcək. Neynəyəsən ki, belə vəziyyətdə adamlar hətta, ən yaxınlarının hüzründə və dəfnində iştirakdan mərhum ediliblər. Beləcə, səssiz ölümlər çevrəmizdə baş alıb gedir. O heç nəyə və heç kimə baxmır. Səssiz ölümlərin cənginə aldığı qurbalardan biri də azadlıq mücahidi, milli bayraqdar Yaşar Türk-Azər oldu. Az zaman içində peyda olan ürək çatmamazlığı ömrünə nöqtə qoydu Yaşar bəyin. Yeri rahat və işıqlı olsun.
Onun ölümünün bir səcciyəvi cəhəti də oldu: 22 iyul Milli Mətbuat günü vəfat etdi. 23 iyul – uğrunda savaşa qalxdığı Ağdamın işğal günü dəfn edildi. Bundan sonra o, zəng edib nə mətbuat günü ilə əlaqədar jurnalst dostlarını, redaksiyaları təbrik edəcək, nə də Ağdamın işğalı ilə əlaqədar cəbhə və əqidə dostlarına zəng edib fikilərini bölüşəcək – “Heç zad olmaz, biz qalib gələcəyik, torpaqlarımızı o murdarlardan təmizləyəcəyik”, – deyə bilməyəcəkdir.
Yaşar Türk-Azər, özümə ustad bildiyim rəhmətlik bilim adamı – ensilopedik biliyə malik alim, ruhuna sonsuz sayğılar bəslədiyim müəllimim və sadiq dostum Sahib Əhmədovdan sonra itirdiyim elə şəxslərdəndir ki, heç vaxt doymadığım, hər kəlməsindən nəsə öyrəndiyim uzun-uzadı telefon söhbətlərindən ötrü çox darıxacağam.
Yerin rahat və işıqlı olsun, millət fədaisi, vətən sevdalısı. İnanırıq ki, təkcə sənin yox, diləkləri sağlığında hasil olmayan bütöv və vahid Azərbaycan aşiqlərinin arzuları həyata keçəcək. Bu mütləq baş verəcək!
Rahat uyu, millətimizin Yaşar Türk-Azəri!
Vətən sağ olsun! Gəlişinə qucaq açdığın və gələcəyinə əminliklə inandığın Turqanayın var olsun!
Ruhuna sayğılarımla:
Yusif DİRİLİ
Bakı şəhəri, 23 iyul – 8 avqust 2020-ci il
Bunu beğen:
Beğen Yükleniyor...
Ağustos 24, 2020
Kategoriler: ANIM . . Yazar: Yusif Dirili . Comments: Yorum bırakın
Yorum yazabilmek için oturum açmalısınız.