Yusif DİRİLİ / Ətraf mühit üzrə tədqiqatçı
“NOVRUZUM-OĞUZUM”: MİLLİ ADƏT VƏ ƏNƏNƏ İŞIĞINDA
Biz Novruzun astanasındayıq. Hərfi mənada “yeni gün” anlamına gələn Novruz özündə çox şeyləri birləşdirir. Müxtəlif elm sahələri hərəsi bu bayramı özünə, istiqamətinə uyğun xarakterizə edir. Bu bayram atributları ilə o qədər geniş məna kəsb edir k, nə qədər xırdalansa da azalmır ki, azalmır. İlin axır Çərşənbəsi ilə əkiztay kimidir və onun əhəmiyyəti qoşalaşanda daha da artır. Bu bayramın özəlliyinə müxtəlif baxışların olması təbiidir. Ondakı gizlinlərə işıq salmaq, daha maraqlı nüansları üzə çıxarmağa cəhddə bulunmaq bilik və fədakarlıq tələb edir. Hər yeni axtarışın uğurlu nəticəsi Novruzun mahiyyətcə böyüklüyündən, tarixiliyindən, bəşəriliyindən xəbər verir.
“Novruz gəlir” sözünün yanında “yaz gəlir” ifadəsi də var. Ən qədim çağlardan günümüzəcən Novruz və elementləri, onunla bağlı ənənələr Oğuz türklərinin həyatında bənzərsiz bir hadisə kimi yaşamaqdadır. Tanınmış şair-publisist, yorulmaz tədqiqatçı Hacı Loğman Qorqud Babacanın ötən ilin elə bu vədələrində çap olunub ictimaiyyətin ixtiyarına verilən “Novruzm-Oğuzum” monoqrafik kitabı elmi-tarixi baxımdan müəyyən əhəmiyyət kəsb edir. Bəri başdan deyək ki, belə bir kitaba “Mifləri açan kamal” adlı ön sözüylə giriş verən filologiya elmləri doktoru, professor Məhərrəm Hüseynli, həm də folklorşünas alim kimi bu monoqrafik ədəbiyyata redaktorluğu öz üzərinə götürüb, əsəri geniş təhlil edib, müəllif və onun tədqiqatçılıq bacarığını yüksək qiymətləndirib, bunun əsldən-kökdən gəldiyini qeyd edib. Həqiqət isə bundan ibarətdir ki, Hacı Loğman minilliklərin bayramına başqa bir bucaqdan baxıb və Novruzla bağlı bir sıra məsələlərə güzgü tutub, gizli məqamları saf-çürük edib. O, burada işıqlandırılmağa ehtiyacı olan bir çox qaranlıqlıqlara toxunub, bəzi mətləblərə yol açıb. Tezis şəklində həmin məqamlara toxunmaqla bərabər, qeyd etməyi vacib bilirik ki, burada qoyulan bəzi məsələlər yeni yanaşma olduğu üçün, həm də mübahisə və müzakirə predmeti baxımından faydalıdır.
İndi isə əziz oxucular, kitabdan müəyyən məsələləri az da olsa diqqətinizə çatdırmaq istərdik.
Müəllif Hacı Loğman yazır ki, “dünyanın yaranışının su ilə bağlılığında təsadüf yoxdur.” O, suya canlı bir sistem kimi baxır və qeyd edir ki, bizə quru görünən hava təbəqəsi su ilə zənginləşdirilmiş və yaşamaq üçün uyğunlaşdırılmışdır. Havada müəyyən olunmuş dərəcədə nəmişlik olmasa canlı təbiət və bütün canlılar bir andaca külə dönər. Deməli, “biz də suyun içində yaşayırıq, ancaq seyrəkləşdirilmiş suyun, yəni buxarın içində.” Müəllif bunu suyun tərkibində 2 atom hidrogen və bir atom oksigenin olması ilə izah edir. Ona görə oksugen yandırıcı atəş, hidrogen isə soyuq, nəmli, yapışqanlı-cazibəli mənasını ehtiva edir. “Məhz iki atom hidrogenin bir atom oksigenə birləşməsi nəticəsində Oksigenlə-Hidrogen birliyi qorunur. Odur ki, su ən çox istilik tutumuna, eyni dərəcədə soyuqluq tutumuna malikdir. Bu birləşmə müxtəlif cazibə və temperaturlarda müxtəlif sıxlıqlara malik olmaqla öz keyfiyətlərini və xüsusiyyətlərini qoruyub saxlaya bilirlər.” Hacı Loğman hər iki elemenetin sonluğundakı “gen” sözünün təsadüfi olmadığını, bu elmentlərin məhz yaddaşa-genetikaya məxsusluğunu qeyd edir. “Oksigen – od, hidrogen – cazibə yaddaşı. Demək, həyatın öz yaranışında genetik yaddaşla yaranması həqiqəti ortaya çıxır. Insanın beyin hüceyrələrinin əsas tərkib sudur və bütün o biliklər suya hopur, yazılır.” Ümumiyyətlə, müəllif suya informasiya daşıyıcısı kimi baxır. Təbiət hadisələrini bununla əlaqələndirir, insanın sosial varlıq olması və ictimai davranışlarının bu məsələdəki roluna xüsusi diqqət yetirir.
Novruzun əsas atributlarından olan Səməni əkilməsi və ortasının qırmızı lentlə bağlanması ilə əlaqədar müəllifin şərhi maraq doğurur. Ona görə, əkinçi babalarımız səməni cücərtməklə əkinə yararlı toxumları seçə bilir və onun hansı mərhələdə cücərdiyini, hansı keyfiyyətdə məhsul verəcəyini müyyənləşdirməyi bacarırdılar. Səməninin ortasında qırmızı lentin bağlanması da tarixi bir ənənə kimi mahiyyət kəsb edir. H.Loğman qəribə paralellər aparır və maraqlı nəticəyə gəlir: Gəlin ata evindən bəy evinə yola salınanda qaynı belinə qırnızı lent bağlayır. Bu o deməkdir ki, gəlin köçdüyü evə bakirə, təmiz, namuslu bir xanım olaraq gedir. Səməniyə qırmızı lentin bağlanması da bir simvoldur və insanın arzularının göstəricisidir. Yəni bu səməninin cücərdiyi toxum sağlamdır, yaxşı sortdur, əkmək üçün yararlıdır.
Novruzda qulaq falına çıxmaq məsələsinə gəlincə, bu, dilimizin saflaşmaq istəyi, ədəbli danışıq tərzi, dil-danışıq mədəniyyətinə bağlanır.
Müəllif həmçinin, uşaqların yumurta döyüşdürmək oyunu və yumurtaların boyanması adətinə də münasibət bildirir və göstərir ki, bunun gizli bir səbəbi vardır. Hər şeydə bir seçim edən əcdadlarımız burada da seçməyə üstünlük veriblər. Belə ki, saxlayacaqları ev quşlarının yumurtalıq və ətlik cinsləri istiqamətində sleksiyasını yumurtaların iriliyinə və qabığının sərtliyinə görə aparıblar. Qabığın qalın, sərt olması rüşeymi – gələcək nəsli qorumaq üçün çox vacibdir. İri yumurtalardan isə iri toyuqlar əmələ gələcəyi şübhəsizdir.
Hacı Loğman Qorqudun yanaşmasında gerçəklikdən doğan elementlər vardır. Bayram günlərində cıdır yarışmaları da kef, əyləncə üçün deyil, seçim tədbiri kimi xüsusi əhəmiyyət daşıyırdı. Yarışlarda hansı çaparın atı sınaqdan yaxşı çıxırdısa, onu sürən gəncin qoçaqlığı ilə bərabər atın da yüksək keyfiyyəti üzə çıxırdı. At döyüşlərdə istifadəyə yararlıq baxımından, sahibi isə cəsur, qorxmaz, bacarıqlı olduğuna görə el qızlarının diqqətini cəlb edirdi. Bu zaman sağlam ailə qurmaq fürsəti yaranırdı. Belə seçim tədbirləri, qoç, it və xoruz döyüşlərində də eyni mahiyyət daşıyırdı. Daha yararlılar cins heyvan kimi tanınır, qəbul edilir və yayılırdı.
Novruza bağlı bütün adət-ənənələrin mayasında sağlamlıq, güc və qüvvət, ruzi-bərəkət, təzələnmə və təmizlik, elmi biliklər, xalq seleksiyası kimi mahiyyət dayanır. Bunlar bizə mifoloji qaynaqlarla, folklor janrları ilə, həyati gerçəkliklərlə gəlib çatır və günümüzdə yaşayır, sabahımıza ötürülür. Onların cərgəsində İlin axır çərşənbəsinə və Novruza qədərki çərçənbə sıralamaları məxsusi əhəmiyət kəsb edir. Doğrudur, buna müxtəlif dövrlərdə araşdırmaçılar öz baxış bucağından baxmaqla toxunub, fikir söyləyib. Hacı Loğman Qorqudun gəldiyi qənaətlərdə fərqli bir yön var deyə bəzi nüansları qeyd etməyə bilmərik. Məsələn, nədən ilk çərşənbəyə – Su Çərşənbəsinə Yalançı Çərşənbə də deyilmişdir? Müəllif yazır: “Yerin nüvəsi ilə Günəşin arasındakı cazibəyə rəğmən dəyişən elektromaqnit cazibəsi əsasında torpağın qızma, oyanma prosesi başlayır. Bu proses bizim yaşadığımız ərazilər üçün fevral ayının sonucu həftəsindən başlayır. Məhz həmin həftənin sonuncu çərşənbə günü Yerlə Günəşin istilik cazibəsinin ilk artımı müşahidə olunmağa başlayır. Zəif, o qədər də hiss olunmadığı üçün buna Su -Yalançı Çərşənbə deyilir.” Müəllifə görə torpağın əsas canı sudur. Su qızmasa və istilik balansı təmin edilməsə torpaqda heç bir təbiət hadisəsi – təbiətin canlanma prosesi baş verə bilməz. “İkinci çərşənbə Od – Enerji Çərşənbəsidir. Bu çərşənbədə yerin nüvəsindən – daxilindən gələn istilik üst qata çataraq torpaqda isinmə prosesi başlayır, təbiət qış yuxusundan oyanır. Yerin təkindəki sazaq, soyuq üzə çıxmağa başlayır. Bu hadsə Günəş sistemindəki planetlərarası cazibə və qarşılıqlı elektromaqnit cazibəsinin nəticəsidir.
Üçüncü çərşənbəmiz – Torpaq Çərşənbəsidir. Bu çərşənbədə adından göründüyü kimi, torpağın tam oyanması baş verir. Torpaq qatındakı istilik atmosferlə təmasda olduqca, hava yerdəyişməsi prosesi başlayır, yəni isti yaz küləyi əmələ gəlir. Bu sonuncu çərşənbə olub, Yel Çərşənbəsi adlanır.”
Diqqəti cəlb edən daha maraqlı bir nüansa baxaq. Məlumdur ki, hər yarışın sonunda münsiflərin qərarı əsasında qaliblər rəğbətləndirilir və onlara tutuqları yerin dərəcəsinə uyğun medallar təqdim olunur. Adətən 3 yer (I, II, III) müəyyən edilir. Yarışlarda qaliblərin tutduqları 1, 2 və 3 yerlər də təbiətin göstəriciləridir. I yer – Günəşin rəmzidir. Günəş enerji mənbəyidir, onsuz heç nə mövcud ola bilməz. II yer atmosferin, III yer isə torpağın rəmzidir. I yer qızılla, II yer gümüşlə, III yer isə bürünclə dəyərləndirilir. Yəni qızıl – Günəşin, gümüş Atmosferin, bürünc – Torpağın rənglərinin rəmzidir.
Bütün bunları öz təhlil süzgəcindən, düşüncəsindən keçirən müəllif belə bir qənaətə gəlir ki, “bütün canlılara qida, ağıl və şüur verən torpaq cansız və şüursuz ola bilməz. Min illərdir canlı təbiətə, varlığa, insana ana olan torpağa cansız əşya kimi baxan insan, artıq bu həqiqəti bilməlidir”, – deyə o qeyd edir.
“Torpaq canlıdır, biz düşündüyümüzdən də qat-qat şüurludur, həssasdır, duyğusaldır. Ona görə də ana təbiət özündəki hər şeyi bir ana qayğısıyla, nəvazişlə, ehtiyyatla, pillə-pillə oyadır, ana balasını diksindirmədən oyadan kimi…” Bizim fikrimizcə, torpağı mütləq mənada canlı saymaq doğru olmazdı. Ekoloji mühit baxımdan torpaq biokos maddə olub, üç mühüm (abiotik, cansız –su, hava, torpaq) ekoloji amillərdən biridir. Lakin müəllifin bu fikri ilə razıyıq ki, atmosferdə gedən fəsildən fəsilə keçmə prosesi təbiətin əsas tərkib hissəsinin birincisi olan torpaqda da öz əksini tapır.
Aydın məsələdir ki, xalqımızn həyat tərzi su ayinləri ilə bilavasitə bağlıdır və biz bunun bariz nümunələrini Novruz bayramı və İlaxır Çərşənbə ərəfələrində müşahidə edirik. Məsələn, suya dua oxumaq, axar su üstündən tullanmaq, qorxan adama su içirmək, sübh çağı bulaqdan su gətirib həyət-bacaya səpmək və s. Bütün bunları diqqətlə analiz edən müəllif belə qərara gəlir ki, su ayinlərinə elə-belə təsadüfi baxmaq olmaz. O hansısa bir enerjiyə malikdir, yaxud enerji daşıyıcısıdır. “Çərşənbə günü səhər çağı bulaqdan içilən su özü ilə insana misli görünməmiş dərəcədə məlumat və enerji verir. Su paklıq, güc, elm, qida, ən qüdrətli enerji daşıyıcısıdır. Ilaxır çərşənbə günü bulaqdan gələn su daha təzə, daha cavan, daha sağlam enerji ilə təchiz olunur ki, bu da sağlamllıq üçün olduqca vacibdir. Qış yuxusundan təzəcə oyanmaş torpaqdan süzülən su da elə təbiət kimi təzə, cavan, təravətli olur.” Və bu da müəllifin qənaəti: Su da canlıdır, o da yorulur, qocalır və təkrar istirahətə, dincəlməyə, təzələnməyə ehtiyacı var. Yer üzərində hər nə varsa, məhz suyun vasitəsilə bir-birinə ruhən bağlıdır və təmasdadır… Öncə su yaranmış, sonra kainatın zatı olan Odla Su tablaşmış, Torpaq halına keçmiş, torpağın Atmosferlə təmasında torpaqda canlanma getmişdir, yəni Yel-Ruh torpağı canlandırmışdır.
“Novruzum-Oğuzum” kitabında bildiklərimizlə bərabər bilmədiklərimiz də var, deyə əminliklə söyləmək olar. Hacı Loğmanın bir qənaəti də mənim üçün maraqlı oldu. İslam dini və Zərdüştçülükdə Odun eyni məna ifadə etməsi. Yazır: “Müqəddəs Qurani-Kərimdə Allah – nurdur, kainatın cövhəridir kimi ifadə edilir. Nurun mahiyyəti isə istilik, enerji, canlı OD deməkdir… Zərdüşt də eyni lə Odu canlı, yaradan, quran, dəyişən müqəddəs kimi xarakterizə edir.
Göründüyü kimi Atəşpərəstlik və İslam eyni məna və mahiyyət daşıyır. Sadəcə baxışlar fərqlidir. Sözsüz ki, bu da başımıza gələn bəlaların, işğala məruz qalmağımızn nəticəsidir ki, öz dinimizi ərəbin dini ilə əvəzləmişik.” Bütün hallarda tərəddüd etmədən birmənalı şəkildə “düzgün yanaşmadır, doğru münasibətdir, haqlı düşüncədir” – fikrini bildirmək olar.
P.S. Hacı Loğman Qorqud Babacandan Novruzla bağlı iki şeir nümunəsi təqdim edirik və bu yazı ilə həm də bayramlarınızı qutlayır, sizə xoş ovqat, azalmayan uğurlar arzulayırıq!
BAYRAMINIZ MÜBARƏK OLSUN!
Bir arzum var millətimə, dünyaya,
İllər gəlsin ilimizdən xoş, Novruz.
Uğur gəlsin uğurların dalınca,
Biz də qalmayaq əlləri boş, Novruz.
Sən gələndə dağ da, daş da gül açır,
Lalələrə öz qoynunu çöl açır,
Buz bulaqlar şırıl-şırıl dil açır,
Vidalaşır bahar ilə qış, Novruz.
Atəşində, alovunda sehir var,
Nəfəsində nəvaziş var, meih var,
Şəkərbura, paxlavanda ətir var,
Süfrəmizə bəzək vurur aş, Novruz.
Bakirəlik lenti vurur səməni,
Bəzəyirsən, dağı, düzü, çəməni,
Əziz tutur vətən, millət, el səni,
Bayramların hamısından baş, Novruz.
Loğman, qalıb arzuların düyçədə,
Nərgiz kimi açılsın bir gecədə,
Qarabağda, Kəlbəcərdə, Göyçədə,
Xonça tutaq gələn ildə kaş, Novruz
NOVRUZUN
Açıb babaların xoş duasıyla,
Min illərdir solmur gülü Novruzun.
Göylərə nur səpir, yerlərə xalı,
Bəzəyir dünyanı əli Novruzun.
Günəş tellərini açır, darayır,
Bürünür çöl-çəmən gül, zərxaradır,
Səməni, paxlava, şəkərburadır,
Gövhəri, incisi, ləli Novruzun.
Zurnanın, qavalın, sazın sorağı,
Qımışır oğlanın, qızın dodağı,
Ülfətə səsləyir ana torpağı,
Şirindən şirindir dili Novruzun.
Ellərə bərəkət, ruzi gətirir,
Süfrəyə nemət, duzu gətirir,
Qoyunlar yanında quzu gətirir,
Xoş gəlsin hər ildən ili Novruzun.
Loğman, təbiətin sərtdir, qanunu,
Təhvil-təslim eidr qış da sonunu,
Əridir dağların qardan donunu,
Qovur çən-dumanı yeli Novruzun.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy