EY NURUM, EY ÇIRAĞIM, EY DİRİDAĞIM…


Əhməd FƏRHAD

ÇƏKƏRƏK HƏSRƏT YAŞADIM

Ən əziz and yerim, qibləgahımsan,
Səni Kəbləm biləm, Kərbəlam biləm.
Ömür vəfa etsə, geriyə dönsəm,
Ağam, məzarına sürünüb gəlləm.

Onun bütün şeirlərinin, ümumən yaradıcılığının varlığında, mayasında yurd sevdası var. 28 illik vətən ayrılığı xüsusilə. Yalnız poeziyasında, nəsr əsərlərində deyil, publisistik qeydlərində də yurd yanğısı, yurd sevgisi var şair Əhməd Fərhadın…
Tərcümə halına ötəri nəzər salıram Əhməd Fərhadın:
Fərhadov Əhməd Məhəmməd oğlu 1954-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olub. M.Qorki (indiki akademik M. Mehdizadə) adına Cəbrayıl şəhər orta məktəbini bitirdikdən sonra, təhsilini Gəncə şəhərindəki Politexnik İnstitutunda davam etdirib və mühəndis ixtisasına yiyələnib. O dövrdə Cəbrayıl rayonunda yeni inşa edilmiş Şərabçılıq Zavodunda baş mühəndis vəzifəsində çalışıb. Əsldən-nəsldən gələn az-çox yaradıcılıq qabiliyyəti Əhməddə daha artıq təzahür edib.

Rəhmətliklər – nənəsi Pəri Məmməd qızından və anası Gözəl Behbud qızından eşitdikləri, öyrəndikləri el deyimləri, folklor nümunələri qətrə-qətrə ürəyinə və beyninə süzülüb, ilham odu sinəsinə eşq havası kimi hopub. Ona görədir ki, gəncliyinin ilk çağlarıından şeirə-sənətə könül verib. 80-ci illərdə Cəbrayıl şəhərində görkəmli şair İsmayıl İmanzadənin rəhbərliyi altında keçirilən “Ümid” Ədəbi Birliyinin üzvi kimi fəaliyyət göstərib, necə deyərlər, şeirin və şeir yazmağın çalarlarını mükəmməl mənimsəyib. Vaxtaşırı rayon qəzetində şeirləri dərc olunub. Rayonun işğalından sonra Bakıda məskunlaşan Əhməd Fərhad burda da dinc dayanmayıb. “Vahid” Ədəbi Birliyinin aparıcı şairlərindən olub. Təsadüfi deyildir ki, onun poetik üslubu və məhsuldarlığı, müxtəlif janrlarda mükəmməl yaza bilmək bacarığı “Vahid” ƏB-in sədri, füzulişünas, qocaman şair Həkim Qəninin diqqətini cəlb edib. Bundan sonra onun imzası bir sıra dövri nəşrlərdə tez-tez görünməyə başlayıb. 2004-cü ildən Dirili Qurbani Məclisinin üzvü olan şair Əhmd Fərhad bu məclisin ilk qurucularından və fəallarından olub. Hazırda DQM-nin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Məclisin bütün nəşrlərində dərc olunub. Birinci kitabı (“Ağır adam”, 1993) Cəbrayılın işğalından bir neçə ay qabaq çapdan çıxıb. Qalan kitabları – “Yurd sevgisi” (1997), “Dünyaya yol azmışam” (2002), “Oyadar xalqı əfğanım” (2008), “Bir damcı göz yaşı” (2011), “Qəribəm vətəndə də” (2013), “Könlümün qəm çiçəkləri” (2016), “Kövrək duyğular” (2017), “Qurun dar ağacı başımın üstə” (2019) adlı kitabları doğulduğu torpaqdan uzada, paytaxt Bakı şəhərində yaşadığı bu çağadək nəşr olunub. Poemaların, şeirlərin, rübailərin, bayatıların, təmsillərin, xatirələrin, hekayələrin və publisistik yazıların toplandığı 10-cu kitabı “Dirili Diri dağım” (“Bakı mətbəəsi” ASC, 2021, səh.240) cari ildə işıq üzü görüb. Kitabın redaktoru tanınmış yazıçı-publisit, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Nəriman Mahmuddur.
Diqqəti çəkən məqam ondan ibarətdir ki, Ə.Fərhadın bu əsəri Qarabağın əksər hissəsinin rəşadətli Azərbaycan Ordusunun sayəsində erməni işğalından qurtulduğu bir məqamda oxucularla görüşə gəlib. Kitab burda getmiş eyniadlı poemadan öz adını göürüb. Bu da göstərir ki, müəllif 30 illik fasilədən sonra yurd yerlərinə dönüşün təntənəsini görmək amacındadır. İnanırıq ki, bu, baş verəcəkdir və biz onunla birlikdə bu halı yaşamaq imkanı qazanacağıq.
Əhməd Fərahad bir insan olaraq tanıyanlarının nəzərində sözün və əməlin vəhdətini gəzən, daim onu arayan, cəmyyətdəki eybəcərliklərə qarşı sərt reaksiya verən, ondaklı naqislikləri heç cür qəbul etməyən, hətta Don Kixotsayağı mübarizə aparan fərqli bir şairdir, yaradıcı şəxsdir. Yəni o, saflıq, duruluq aşiqidir. Tapmadıqca öz eşqinin ardınca usanmadan getməkdə yüzə-yüz qərarlıdır:

Qorxmadım qarından, sərt şaxtasından
Elə hey arzumun dalınca getdim.
Baxmadım fələyin şıltaqlığına,
Bütün ixtiyarı alınca getdim.

Onun keçdiyi yol həmişə bu səbəbdən kələ-kötür olub. Çoxumuza xoş gəlməsə də. Bir sözlə, şair Əhməd Fərhad bu cəmiyyətin adamı deyil, konkret desək, cəmiyyətə qarşıdır. Onu axtardıqları cəmiyyətdənkənardır. Bütün filosoflar bu yolun yolçuları olublar. Əhməd bəyin də öz yolçuluğu var: həqiqət yolçuluğu – sınmayan, əyilməyən. Bu yolda ona uğurlar arzulayırıq!
“DQM”-də ilk dəfə çap olunan müəllifin sonuncu kitabından əsərin adaşı olan “Dirili Diridağım” poemasını bütünlüklə təqdim edir, şair Ə.Fərhada tükənməyən uğurlar, sağlam can və ruh, yaradıcılığının növbəti mərhələsini arzuladığı azad bölgələrimizdə, doğulduğumuz ocaqda, sevgi ilə, məhəbbətlə adını əziz tutub böyük ədəbiyata gətirdiyi Diri dağlarının çevrəsində davam etdirməsini diləyirik!

Sayğılarımla: Yusif DİRİLİ

DİRİLİ DİRİDAĞIM

(Poema)

 Susadım vəslini görməkliyə, ey canı-cahanım,
 Söylə, kim Yusif üçün Yaqubu-Kənan susadı.
                                      Nəsimi
            

I HİSSƏ

Ey tacidarım,
Ey vəfalı yarım,
Neçə yol üstümdən
Bəd rüzgar əsdi.
Ömrüm də tələsdi
Qorxdum hicrindən
öləm,
Vüsala yetməyə
billəm
Ey Məkkəm,
Ey Mədinəm,
Ey qibləgahım,
Ey pənahım.
Sənsiz göylərə qalxdı
dilimdə ahım.
Yalvardım ki, ey Allahım,
Bir az da
möhlət mənə ver,
Ögeydi bu yer.
Aparmağa tələsmə,
Ümidimi kəsmə.
Ey taci-darım,
Külli-ixtiyarım.
Sənə bağlı,
Yaşadım ürəyi dağlı.
Ey qönçəm,
qızıl gülüm,
Ey laləm,
Lalən kimi
Qəlbimdə qara.
Hicrindən ürəyim yara.
Ey bənövşəm,
ey nərgizim,
Bənövşəntək boynum da bükükdü.
Nəgizin tək
Rəngim də çəkikdi.
Sənsən təkcə həyanım,
Sənə qurbandı
bu canım.
Gəlirəm hüzuruna
Qurbanı qəbul eylə,
Sənsiz dönübdür selə
Göz yaşım,
O da ki, qan içində.
Cismim ruhumla
üsyan içində.
Gecə-gündüz
Mən səni andım,
Ayrılığın oduna yandım.
Elə bil başıma
odlar ələndi,
Cismim də qəmə bələndi.
Neçə yol mən
Sərsəri tək
Aləmi gəzdim,
Canımdan bezdim
Neçə yol əlimi üzdüm
Bu həyatdan,
Qaçdım hər toydan,
hər büsatdan.
Sənsiz xoş günüm
olmaz,
Toyum, düyünüm
olmaz.
Dilimdə ahu-zar
Hər güllü-gülüzar
Mənə cəhənnəm oldu.
Rəngim gül kimi
soldu.
Adını vird eyləməkdən,
Dilim-dilim oldu
Ağzımda dilim.
Qalxmadı əlim,
Bircə gül üzüm,
Gəlmədi üzüm
Səninlə öyünə bilim
Tər qönçəm,
Ey tər gülüm.
Necə öyünüm ki,
Səni yadlara verdim.
Ayaqlar altına saldım
O gül camallı,
Olmadım vəfalı
Mən səndən ötrü.
Analıq haqqını atdım,
Bircə qaşıq qanım
tutdum.
Mən səni
odlara çatdım.
Ey sərvərim,
Ey sərdarım,
Ey güllü diyarım,
Bu can şəhrinin
Sultanısan həm,
Canımın canısan
həm.
Ey başımın tacı,
Sənsiz talehim
acı.
Qürbətin üzü soyuqdur,
Könlümü isidə bilməz.
Qəlbimin qəmini silməz.
Tükəndi səbri
qərarım,
Qalmadı azca
aramım.
Neçə yol canımdan
ötdüm,
Neçə yol vəsiyyət
etdim,
Bu birəhm fələk
sanki bir qarı
Vədəsiz gər alsa,
ixtiyarı
Yönümü vətənə sarı,
Qoyarsız qəbrə əmanət.
Vətəndir mənə cənnət.
El əgər geriyə dönsə,
Bükərsiz kəfəndən-
kəfənə məni,
Alarsız Vətənə məni.
Gözlərim dikilməz yola
Ruhum bəlkə şad ola.

II HİSSƏ

Ey Dirili dağım,
Ey bağçalı-bağım,
Səndə doğuldum
Məkanımsan
Cismimdə canımsan,
Canımdan artıq
səni sevdim.
Başı bulud çalmalı
Hər zirvəni sevdim.
Hər meyvəsi can dərmanı
bağlarını sevdim.
Baharda çal-çağırlı
çağlarını sevdim.
Mazan Nənə, Qurbani məzarı
Ən əziz pirim oldu,
And yerim oldu.
Aranım, həm yaylağım
oldun,
Yurd-yuvam, oylağım
oldun,
Malıma otlağın
oldun.
Bircə günlük ayrılığa
dözmədim inan.
Öz əziz canımı
qurban
Demişəm hər zaman.
Bu qanlı fələyin
Birdən-birə
Bizdən üzü döndü,
Sədə həyat növrağı,
Söndü.
O isti qucağından
Aralı düşdük.
Ayrılıq zəhrisən
içdik.
İllərlə ayrı yaşadım
Vüsalından
necə dözdüm?
Öz əziz canımdan da
Əlimi üzdüm.
Dağıldı cah-cəlalım,
Artdı məlalım,
günü-gündən.
Aralı gəzdim
hər toy-düyündən.
Nə zaman yatdımsa
yuxuma girdin.
Saralıb təşnə deyən
bağımı gördüm.
Ayıldım ətəyim
qan ilə doldu.
Yanağım bağım kimi
soldu.
Gözümün yaşı tükəndi,
Nə qədər ağlamaq olar,
Dilimdə ağı nə qədər
yaş saxlamaq olar.
Göz yaşı içində
ixtiyar çağıma yetdim.
Hicrində xəstə bülbül
kimi ötdüm
Ey dərd ortağım,
Ey Dirili dağım,
Dilimdə ağım
Sənə bağlı.
Yaşadım ürəyi dağlı
səndən aralı.
Ayrılıq oduna yandım.
Mən ancaq səni andım
Dərdimə dərman,
Nə qədər dərd çəkər insan.
Məcnun kimi səhralara qaçdım,
Əlimi göylərə açdım.
Vüsala yetmək üçün,
Mənə dözüm ver, Allahım.
Günahı yumaq üçün
Yetməzmi bu qədər
ahım.
Son anda alnıma
xoş tale yazılsın.
Məzarım yurdda qazılsın.

III HİSSƏ

Həsrətəm, ey gül,
İllər ilə
Mən sənə həsrət.
O gül camala
vəslinə həsrət.
Kim yazdı b uqara
bəxti ki,
Bəxtimizin çırağı
söndü.
Əsdimi bəd rüzgar fələyin,
üzü də döndü.
İllər ilə qalmışam
ol gül üzə həsrət.
Çəmən, çiçəyə,
dağ-düzə həsrət.
Baharda hər tərəf
tər güllər içində.
Hər yanda bayram görünərdi
ellər içində.
İndi də hər dağına,
hər daşına həsrət.
Damımda yuva quran
quşuna həsrət.
Hər ağacına, hər koluna həsrət
Məni sənə yetirən
Cığırına, yoluna həsrət.
Göz yaşı tək dumduru
bulağına həsrət.
O qədər zəifəm hətta,
sorağına həsrət.
Qalmışam hər yaşıla,
hər alına həsrət.
Zirvədə ov dalında
qartalına həsrət.
Hər yanı cənnət görünən
torpağına həsrət.
Hər meyvəsi can dərmanı
bağına həsrət.
Dağ döşündə sürünən dumanın,
ruhuma ləzzət.
Çəmənə yenən çənin də
bir ayrıca cənnət.
Səhər-səhər şehli mehin
Saçımı yalayardı
Ömrümə ömür calayardı.
Təşnə, deyərək susadım
Vəslinə hər an,
Dövranın üzü dönsün
olmadı həyyan.
Didələrimdən ətəyə
qan yaş ələndi,
Ayrılığından cismim
qəmə bələndi.
Nə vaxtsa ömür tükənib
Çıraq kimi sönsə,
Qismət olarsa bir məzar,
torpağa ensəm,
Gər ömrüm yazılarsa
Yazılmasın həsrətli illər,
Baş daşıma mənim.
O illər ömrümdən silinibdir,
Qarışıb göz yaşıma mənim.

IV HİSSƏ

Ey həbibim,
Ey təbibim,
Ey başımın tacı,
Ey ruhumun ehtiyacı
Həyatım olubdur acı,
Nə qədər səndən
aralı yaşadım.
Qəlbi yaralı yaşadım.
Yaşadım çöhrəsi qəmli,
Yaşadım gözləri nəmli.
Tapmadım özümə həmdəm.
Dolanıb dünyanı gəzdim
Amma ki, hər cəfaya dözdüm.
Dözdüm ki, mən sənə dönüm,
Dözdüm ki, qayıdıb önündə enim,
üzümü torpağına sürtüm.
Tutiyatək torpağını öpüm.
Xızır dirilik suyunu səndən alıbdır,
Şəddat İrəm bağını səndə salıbdır.
Hər çiçəyin ətri ruha şəfadır,
Həm suyun, həm havan dərdə dəvadır.
İqtidarım idin,
İxtiyarım idin,
Ən vəfalı yarım idin.
İllər ilə məm səndən ayrı
Çəkərək həsrət yaşadım,
Zülm ilə zillət yaşadım.
Ağladım göz yaşım bir selə döndü,
Nəm çəkdi od-közüm bir külə döndü.
Ey qibləgahım,
Ey padişahım.
Arzu, muradım
sənə bağlı,
Hər toy-büsatım
sənə bağlı.
Nə zaman sənsiz üzüm
güldüsə qəflət
Özümə ar elədim,
Oluban xəcil, cahanı başına
dar elədim.
Sənsiz hər baharım qışa dönübdür,
Sevincim yanağımda yaşa dönübdür.
Dözdüm hər möhnətə,
Hər zülümə,
Hər zillətə ki,
Sürünüb dizin-dizin
Görüşünə gəlməliyəm mən.
Günahı yumaq üçün
Önündə ölməliyəm mən.
Eu nurum,
Ey çırağım,
Ey Dirili dağım.

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s