DƏRƏKƏNDLİ HACI NAZARIN SU QUYUSU…


BU QUYUNUN BİR ƏSRDƏN ÇOX YAŞI VAR.
BƏS ONA MÜNASİBƏT NECƏDİR?

Dərəkənd, Qobustan rayonunda çox da böyük olmayan, lakin maraqlı tarixi keçmişi olan kənddir. Bu kənd Sovet hakimiyyəti illərində Şamaxı rayonu-nun ən iri təsərrüfatlarınadan biri idi. Buna baxmayaraq su qıtlığı zaman-zaman burda əsas problemlərdən biri olub. Nikolay dövründə daha dözül-məz olub. Susuzlüq camaatı əldən salıb. Belə bir vaxtda kəndin imkanlı adamları, xeyirxah insanları irəli durdular. Köməklərini əsirgəmədilər, əhali-yə qayğı göstərdilər. İndi kənddə belə adamların adları hörmətlə yad edilir.

Elədiyin yaxşılıq, el-oba üçün gördüyün xoş əməllər itmir, unudulmur, zaman-zaman səni üzə çıxarır, bir daha yaxından tanıdır, nəsil-nəsil tarixləşdirir. Belələrindən biri də Hacı Niftalı oğlu Hacı Nazar olub. Bəri başdan qeyd edək ki, Hacı Niftalının 7 oğul və bir qız övladı olub: Şahsuvar, Məlik, Xan, Qəndalı, Nazar, Söhbət, Novruz. Oğlanlarından Nazar, Məlik, və Qəndalı, qızı Zərif həcc ziyarətinə getmişdilər – Hacı idilər. Hacı Zərif Mərəzə bölgəsində yeganə qadın idi ki, hacı titulunu qazanmışdı. Hacı Nazar da, qardaşı Hacı Məlik də böyük sürülərə sahib idi, Xanın kənddə dükanı vardı. Hacı Qəndalı və Novruz isə ticarətlə məşğul olurdu: Türkmənistandan dəvə alıb gətirir, satıb gəlir əldə edirdilər.
Molla Şahsuvar ağsaqqal, sözü bütöv kişilərdən sayılıb, comərd və saf adam olub. Tiflisdə ruhani məktəbi oxuyub, dini təhsil almışdı.
Söhbət də öz dövrünün comərd, qorxmaz adamlarından biri idi. Hazırda kənddə fəaliyyət göstərən klub onun mülkü olub.
1918-ci ildə ermənilər Mərəzədə vəhşicəsinə soyqırım törədəndə, qırğının qarşısını almaq üçün Molla Şahsuvarla əmisi oğlu Hətəm ermənilərlə danışığa gedirlər. Ancaq ermənilər xaincəsinə onları öldürürlər.
Hacı Nazara gəlicə, səxavətli, əliaçıq bir kişi idi. Görkəmcə hündürboy, enlikürək, sarışın sima olan Hacı Nazarın da geniş imkanları vardı.
Ötən əsrin əvvəllərində Hacı Nazar el üçün bir quyu qazdırmaq qərarına gəlir. Təxminən 5 metr dərinliyində olan bu quyunun içinə spiral şəklində pilləkən də düzəltdirir. Bu cür nərdivanla quyunun dibinə enib-çıxmaq, həm də onun hərtərəfli təmizlənib yuyulması asan başa gəlirdi. Quyunun sututu-mu bir saat ərzində 2,0-2,5 tona bərabər idi. Quyudan təkcə Dərəkənd və qonşu Nərimankəndin əhalisi deyil, eyni zamanda Mərəzə, Ərəbqədim, Göydərə, Şıxzərli, Cəmcəmli, Qurbançı kəndlərinin əhalisi də heyvanlarına bu quyunun suyundan daşıyıb aparırdılar. Hacı Nazarın qazdırdığı quyunun suyu içmək üçün yaradığına görə məişətdə də istifadə olunurdu. Bu, hacıya el-oba sayğısını daha da artırırdı. Hacı Nazar həm də yüzbaşı idi deyin, el qayğısına qalmağı özünə borc bilirdi. Məlumdur ki, hər kəs öz üzərinə belə bir öhdəçilik götürməz, yalnız tək-tək nəcib adamlar xeyirxahlığı, humanistliyi yüksək məqamlardan sayarlar. Odur ki, var-dövlətləri başlarından aşar, sayılıb-seçilən olarlar. Hacı Nazar da belə idi.
Onu da deyək ki, Dərəkənddən Mərəzəyə gedən “dərəyolu” adlanan el yolunun üstündə, Nərimankəndin altında (bura əvvəllər Gəmüstü, qonşu Dərəkəndə isə “Gəmaltı”, yaxud “Gəmayağı” deyiblər. “Gəm” – su, quyu anlamındadır) ard-arda sıralanan 10-a yaxın bu cür quyu var. Ancaq nəticəsi Yaşar Şahnəsib oğlunun deməsinə görə, onlardan ən yaxşısı – bol və keyfiyyətli suyu olan məhz Hacı Nazarın qazdığı quyudur. Odur ki, zaman-zaman bu quyudan daha geniş istifadə olunub.
Rəhmətlik Hacı Nazarın qazdırdığı su quyusunun ərazidəki bir çox bulaqlar, nohurlar, xırda göllər də daxil Dərəkəndin su ehtiyatının tənzimlənməsində xüsusi rolu vardır. Biz bunu yaxınlıqdakı digər su mənbələrinə, o cümlədən haqqında ötəri bəhs etdiyimiz o biri quyulara da şamil edirik.
Yaşar Şahnəsiboğlu ürək ağrısı ilə qeyd edir ki, Hacının qazdırdığı quyunun taleyi bu gün qaranlıqdır. O, quyu ilə bağlı yaranmış narahatçılığa aydınlıq gətirir: Bir gün heyvanat üçün quyudan su götürməyə getmişdim. Üstünü torpaqla doldurmuşdular deyin, yeri də yaxşı bilinmirdi. Hacı Nazarın nəvəsi, hazırda Nərimankənd kəndində yaşayan bibisi oğlu Tofiq Əjdər oğlu Abdullayevlə görüşdüm, gördüklərimi ona danışdım. Tofiq bu məsələni öz üzərinə götürdü. Qobustan rayon İHB-sı cənab Adil Məmmədova və İHB-nın müavini Məharət Əkbərova müraciət etdi. Nəticədə quyunun üstü təmizləndi və burada bərpa işləri aparıldı.
Bizim qeyd: Kanalizasiyanın burdan keçməsi səbəbindən quyunun üstünün bağlanması praktik olaraq onun tamamilə yox olmasına gətirib çıxara bilərdi. İcra hakimiyyətinin mövcud problemin həlli istiqamətində atdığı addım təqdirəlayiqdir. Əlbəttə, sözügedən quyunun tarixi abidə kimi qorunub saxlanması yaxşı olardı. Bu cür tarixi su hövzələri dövlət qeydiyyatına alınmalı və ciddi mühafizə edilməlidir. Ərazidə tarixi nə varsa heç biri diq-qətdən kənarda qalmamalıdır. Axı onlar bizim sərvətlərimizdir. Milli sərvətlərimizi göz bəbəyi kimi qorumaq isə hər birimizin müqəddəs borcudur!

Yusif DİRİLİ

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s