BƏXTİMİ BAĞLAR GEDƏR…


Son dərəcə istiqanlı, inamlı və istedadlı olan Orxan məclisimizə 2005-ci ildə gəlmiş, bütün ruhsal vücudu ilə ona bağlanmışdı. Məclisimizdə gənclərə, o cümlədən Orxan bəyə məxsusi sayğı vardı. İlk iki kitabının təqdimatı məhz bizim məclisin qərarı ilə (təşəbbüs və təşkilatçılığı ilə) keçirilmiş, yaradıcılıq fəaliyyəti məclisin mükafatına layiq görülmüş, dəfələrlə DQM-nin nəşrlərində dərc olunmuşdu. İlk vaxtlar məclisimizin kütləviləşməsinə öz töhfəsini vermişdi… Orxan eyni zamanda gənc olmasına baxmayaraq, yaradıcılıq fəaliyyətinə görə bir çox ədəbi nəşrlərin və qurumların ödülünü almışdı – AYB və AJB-nin üzvülüyünə qəbul edilmişdi. Prezident təqaüdçüsü idi… Onun yazıb-yaradacağı illər hələ qabaqda idi, Kəlbəcər vüsalına, Aşıq Şəmşir yurduna qovuşmaq həsrətilə ürəyi aramasız çırpınan gənc şair Orxan Adiloğlu, az ömründə kifayət qədər ədəbi mühitin içində oldu, ədəbi ömür yaşaya bildi. 10-dan çox kitabın müəllifi oldu. Bu onun taleyi idi. Getdiyi Yol yarıda qırılmasaydı…
Orxan Adil oğlu Cəmilov 1985-ci ildə Bakıda tanınmış şair və alim Adil Cəmilin ailəsində dünyaya gəlmiş, 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirmişdi. Şeirləri “Ulduz”, “Vəfa”, “Göyərçin” jurnallarında, “Yüz şairin bir antologiyası”nda, “Dirili Qurbani Məclisinin” almanaxlarında, “Kredo”, “Ədalət”, “Səs” “Sənət” “Ədalət” “Kaspi” “Yenlik” və s. kimi qəzetlərdə dərc olunmuş, Azərbaycan radiosu və Televizyasının ədəbi verilişlərində səsləndirilmişdi.
Qeyd etdiyimiz kimi, ömrü yarıda qırılmasaydı nailiyyətləri, saysız arzularına nisbətdə görəcəyi işlər o qədər idi ki.
Kəlbəcər dərdi bu gənc şairin varlığını elə sarmışdı ki, məclisdə hər oxuduğu iki-üç şeirdən biri mütləq yer-yurd ağrılarına, doğma Kəlbəcərə, ata-baba yurduna qovuşmaq diləklərinə bağlanırdı. Aşıq Şəmşir böyüklüyünün tərənnümü, türkçülüyə vurğunluğu intəhasız idi… Nə yazıq ki, gənc şair istəklərinin çiçəklənməsinə çox az qalmış tərki-dünya oldu, haqqa qovuşdu. Fəqət, onun arzuları yerini aldı. Azərbaycan əsgəri bizi xəcalətdən qurtardı, 30 ilə yaxın müddətdə işğalçıların tapdağı altında inləyən torpaqlarımız rəşadətli ordumuzun, Ali Baş Komandamızın mübariz əzmi sayəsində azad edildi. Qəti əminəm ki, indi Orxanın ruhu digər yurd həsrətliləri kimi şaddır, sevinclidir.
Dəyərli oxucular, sizlərə xeyli gənc yaşlarında itirdiyimiz bir istedadlı və iddialı şairin yaradıcılığından nümunələr təqdim edirik. Bu, bizim mərhum gənc qələm dostumuza bir vəfa borcudur, onu sayğıyla anmaq və xatırlamaqdır. Düşünürəm ki, bu şeirlər sizə də doğma gələcək, şair Orxan Adiloğlunu məmnunluqla yad edəcək və bir az da həyatdan nakam getməsinə, itirilən torpalarımızın yenidən öz gücümüzə qaytarılmasını görmədiyinə heyfslənəcəksiniz. Ruhu şad olsun, Orxan balamızın, Orxan qardaşımızın, Orxan dostumuzun – qələm dostumuzun, gənc şairimizin!

Ruhuna sayğılarımla: Yusif DİRİLİ
Dirili Qurbani Məclisinin sədri

 

 

 

 

 

 

 

Orxan ADİLOĞLU

 

 

 

 

 

TÜRK OĞLU TÜRKDÜR

 

Dünya yaranandan cəngavər olub,
Boz qurdu ulayan türk oğlu türkdür.
Zəfərçün günü – günə calayan
Döyüşündə qanlı meydan sulayan
Ölümdən qorxmayan türk oğlu türkdür.

Türkün Atatürktək bir atası var,
Ot kökü üstə bitər, qalxar, ucalar.
Birləşən türk bir-birindən gün güc alar
Qəti qələbəni məqamda çalar –
Zalımdan qorxmayan türk oğlu türkdür.

 

AYRILIQ

 

Yurdsuzluq mənim də qismətim olub,
Ürəyim kədərlə, qüssəylə dolub.
Körpəlik sevincim könlümdə qalıb –
El itirmək necə çətin iş imiş.

O yerlərin havasından udmuşam,
Bəhrəsində nübarından dadmışam.
Öz elimdə mən necə də şadmışam,
Nə şirindir, nə acıdır bu keçmiş.

O dağlarda Orxan gəzmək istəyir
Hər çəməndə bir güll üzmək istəyir.
Qəfil gələn dərdə dözmək istəyir,
Mənə nə etmişsə, ayrılıq etmiş.

2008

 

KƏLBƏCƏR ALINDI, AĞLAR QALMIŞAM

 

Xəyala dalmışam yurd həsrətilə,
Kəlbəcər alındı, ağlar qalmışam.
Ağlaram dərdimi gətirib dilə, –
Kəlbəcər alındı, ağlar qalmışam.

Vətən, indi sənin bahar çağındır,
Gülşənə dönmüsən, xoş növrağındır.
Yaddaşımdan çıxmaz sinə dağımdır,
Kəlbəcər alındı, ağlar qalmışam.

Ey dünuam, darıxıb bu Orxan sənsiz,
Bir anı ötüşmür kədərsiz, qəmsiz.
Bu vətəndə mən olmuşam vətənsiz –
Kəlbəcər alındı, ağlar qalmışam.

2001

 

GÖYÇƏLİLƏR, DAĞILMAYIN GÖYÇƏDƏN

 

Bir anlığa düşündüm ki, Göyçə və göyçəlilər yerindədir. Xalq şairi Hüseyn Arifin eyni adlı məşhur şeirinə bu nəzirəni yazdım… Müəllif

Doğma yurda qoymayın yad toxuna,
Bu ayrılıq dərd veribdir çoxuna,
And verirəm Ələsgərin ruhuna,
Göyçəlilər, dağılmayın Göyçədən.

Çəkəmmirəm fələk elə yük qoyub
Dərd şumlayıb ürəyimdə lək qoyub.
Ata-baba məzarını tək qoyub,
Göyçəlilər, dağılmayın Göyçədən.

Zümzüməəli o bulaq ki bizimdir,
Gül-çiçəkli o yaylaq ki bizimdir.
Bu Vətən ki bu torpaq ki bizimdir,
Göyçəlilər, dağılmayın Göyçədən.

Dəyişibdir – indi başqa zamandır,
Ağlayan söz, dünən dərdli kamandır.
Orxan sizə yalvarır ki, amandır,
Göyçəlilər, dağılmayın Göyçədən.

 

ANA YURDA NİYƏ HƏSRƏT QALMIŞIQ?

 

Babamdır Cavanşir, Babək, Koroğlu
Dağları görüncə itirdim ağlı…
Sənə sual verim, ay vətən oğlu,
Ana yrda niyə həsrət qalmışıq?

Məni mürgü tutub, hələ yatıram,
Nə qılınc tuturam, güllə atıram.
Xəcalət içində itib-batıram –
Ana yurda niyə həsrət qalmışıq?

Haqq-divan ad ala, məhşər qurula,
Əməllər saflaşa, insan durula,
Oğul demə Orxan kimi oğula –
Ana yrda niyə həsrət qalmışıq?

2004

 

******

 

Məni düşüncələr çəkir sınağa
Gecələr yatmıram, gecə yazıram.
Dərdli insanların dərdini çəkib,
Bilsəniz bu dərdi necə yazıram.

Dərdsiz yuxudadır, mənsə oyağam
Köçü dağa, gah arana çəkirəm.
Bəzən ayrılmayıb fikirlərimdən,
Varaqlar üstünə dərd, qəm əkirəm.

 

SON ZƏNG

 

Gəlir qulağıma son zəngin səsi,
Məktəb illərindən uzaqlaşıram.
Gələcək ünvanlı güman içində
Şagird dostlarımla qucaqlaşıram.

Doğma məktəb ilə vidalaşan gün
Nə qədər dərd-ələm, qəm-kədər yedim.
O əziz, müqəddəs, gözəl günlərə
Son zəng sədasıyla əlvida dedim.

2005

 

BAYATILAR

 

Əzizim ana dağlar,
Dərdimi qana dağlar.
Dərdlinin həsrətində
Od tuta yana, dağlar.

Əzizim, çəmən yaxşı,
Gül yaxşı, çəmən yaxşı.
İkimiz də dərdliyik,
Nə sən, nə də mən yaxşı.

Əzizim ağlar gedər,
Sinəmi dağlar edər.
Gözü bağlı gözəlim
Bəxtimi bağlar gedər.

2003

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s