ƏSGƏRİM, İRƏLİ!


Bünyad Kazımov əslən şeirin-sənətin beşiklərindən olan, insana al-əlvan duyğular bəxş edən İsmayıllı rayonunun səfalı Tircan kəndindəndir. AMEA-nın Neft və Qaz İnstitutunda şöbə müdiri, fəlsəfə doktorudur. Onlarla elmi əsərlərin və monoqrafiyaların, bir lüğət toplusunun müəllifidir. Buna baxmayaraq, ədəbi yaradıcılığa da maraq göstərən alim, Dirili Qurbani Məclisinin fəaliyyətə başladığı ilk dövrlərdən sıralarımıza qatılıb. Bir neçə şeiri məclisimizin almanaxlarında və DQM-nin saytında dərc olunub. İlk şeirlər kitabı çapa hazırdır.
Aşağıda şairin bir şeirini təqdim edirik. Ordumuzun qələbəsi ilə bitən məhşur 2016-cı ilin aprel döyüşlərində qələmə aldığı bu şeir əsgərlərimizi ruhlandırmaq məqsədi daşıyıb, ancaq elmi işlərinə daha çox vaxt ayırdığından dərc etdirə bilməyib. İndiyədək alim-şairin arxivində “gizlənən” həmin şeiri müəllif üzə çıxarıb. Aktuallığını nəzərə alıb, həmin şeiri saytımızda çap etmək qərarına gəldik. Maraqlıdır ki, şeir II Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi ilə başa çatdığı bu zəfər günlərində yayılmağa başlayır. Burdan görünür ki, həm də bu qələbə sevinci vətənpərvər şairin 4 il öncəki arzuları ilə tam üst-üstə düşür. Biz də onu olduğu kimi sizlərə təqdim edir, oxucularımıza şeiri oxumağı məsləhət görməklə bərabər, alim-şair qardaşımıza bu Vətən şeirindən dolayı təşəkkür edir, can sağlığı arzulayırıq.
Maraqlıdır ki, şeirin dərc edildiyi bu gün həm də Tovuz istiqamətində aparılan döyüşlər zamanı qəhrəmanlıqla şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür. Ruhu şad olsun, uğrunda şəhid olduğu işğal altındakı Vətən torpaqları rəşadətli Ordumuzun, onun Ali Baş Komandanı və müzəffər Əsgərlərimizin sücaəti nəticəsində azad edildi!
Sayğılarımla: Yusif DİRİLİ

 

 

 

 

 

 

 

Bünyad TİRCANLI (Kazımov)

 

 

 

ƏSGƏRİM, İRƏLİ!

Torpaqlar gözləyir bayrağımızı
Artıq yaxındadır zəfər xəbəri.
Sən poza bilməzsən hərbi andını,
Əsgərim, irəli, yalnız irəli!

Çal öz silahınla şanlı zəfəri,
Vətənin güvənci sənədir, ancaq.
Düşmən pərən düşüb səni görəli,
Əsgərim, irəli, yalnız irəli!

Bu ellər səninçin yadırğayıbdı
Gəl öz hünərinlə bu tarixi yaz.
Qurtar əsarətdən o yurdu, yeri
Əsgərim, irəli, yalnız irəli!

Ulu türk babamın qanı qanında
Hünəri qolunda, canı canında.
Silahın enməsin yadın yanında
Əsgərim, irəli, yalnız irəli!

Şadlansın o ellər bu gəlişinə
Sevin, Qarabağım, baharın gəlib.
Səni gözləyirdik illərdən bəri,
Əsgərim, irəli, yalnız irəli!

Gülünc vəziyyətdən açılmır başı,
Yenə də xaricdən imdad diləyir.
Düşmən narahatdır, qaçhaqaç düşüb
Əsgərim, irəli, yalnız irəli!

Kəs vətənə uzanan xain əlləri,
Sənin mübarizən haqqın zəfəri,
Bir gün alacağıq o xoş xəbəri,
Əsgərim, irəli, yalnız irəli!

Bu zəfər, qələbə sənin olacaq –
Xain, rəzil, sürtük düşmənə qarşı!
Bu sənin rəşadət dərsin olacaq,
Əsgərim, irəli, yalnız irəli!

Bu Vətən torpağı laləsiz qalıb
Gəl ki, açılsın çəmən gülləri.
Qələbə gül demək, çiçək deməkdir
Əsgərim, irəli, yalnız irəli!

Ürəyim, nəfəsim, canım sənlədir
Özün verəcəksən o xoş xəbəri.
Bu can Vətənlədir, ruh Vətənlədir.
Əsgərim, irəli, yalnız irəli!

4 aprel 2016-cı il

ŞƏHİDİN GƏLİR, ANA


Dirili Qurbani Məclisinin Təşkilat Bölümünün rəhbəri, 7 kitabın (5 şeir, 1 nəsr və 1 publisistik kitabın) müəllifi, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Malik Əhmədoğlunun II Qarabağ Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə nəticələnən və 30 ildə yaxın müddətdə ermənilərin işğalı altında qalan torpaqlarımızın azad edilməsinə həsr etdiyi yeni şeirlərindən bir hissəsini DQM-nin oxucularına təqdim edirik.

 

 

 

 

 

Malik ƏHMƏDOĞLU

 

 

 

 

GEDİRİK QARABAĞA

Ordumuz hucumdadır,
Sevinir buna millət.
Qarabağım alınır,
Sona çatır bu zillət.
Əhsən yaşanan çağa,
Gedirik Qarabağa.

Gülür üzü torpağın,
Bu gün vətən sevinir.
Dar gündə, dar zamanda,
Haya yetən, sevinir.
Səs düşüb, hər bir dağa,
Gedirik Qarabağa.

Şuşaya dönür ordum,
Kəlbəcər gəl-gəl, deyir.
Cəbrayılım bu günlər,
Qoynumda dincəl, deyir.
Tələsirik almağa,
Gedirik Qarabağa.

Qubadlım, Zəngilanım,
Ağdam, Fizuli canım.
Laçındır son ünvanım,
Can atırıq olmağa,
Gedirik Qarabağa.

Xocavəndim, Xankəndim,
Xocalım, yaralı bəndim
Geri dönür hər kəndim,
Yol açılır torpağa,
Gedirik Qarabağa.

Gözləyir məni yurdum,
Bir vaxt yaratdım, qurdum.
Hazırdır şanlı ordum,
Qələbəsin çalmağa,
Gedirik Qarabağa.

 

YOLLARINA BAXIRAM

Laçınlı dostlarımın həsrətinə şərik olaraq bu şeirimi onlara ərmağan edirəm.

 

Yollarına baxıram,
Yollarına, ay Laçın.
Sarılmaq istəyirəm,
Qollarına, ay Laçın.

Yaman gecikir vüsal
Qovuşmağa, gəlirik.
O dağına, daşına,
Yovuşmağa, gəlirik.

Qollarını aç çağır,
Balam, hardasan denən?
Əmim, bibim, ay dayım,
Xalam, hardasan denən?

Səslə bizi durmadan,
Duraq, qaçaraq gələk.
İllərlə bağlı qalan,
Yolu açaraq, gələk.

Al qoynuna bizləri,
Qıyma nisgildən dolaq.
Qoyma bizi Laçınım,
Bir daha sənsiz, olaq.,

 

ŞƏHİDLƏR

2783 –

Bu adi rəqəm deyil. Saysız arzuların dəfn olunduğu rəqəmdir. Vətən üçün canından keçməyə hazır olan canfədailərin sırasını bizə çatdıran rəqəmdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Vətən üçün döndülər,
Sərt qalaya şəhidlər.
Düşmən üçün döndülər,
Bir bəlaya, şəhidlər.

Geriyə dönməyərək,
Şimşək kimi, axdılar.
Alınmaz qalaları,
Alıb ordan baxdılar.

Vətənin adı gələn,
Yeri qorudu onlar.
Sönməyən tonqalların,
Sönməz qorudu, onlar.

Dönmədilər geriyə,
Çətin olan döyüşdən.
Tarixin yaddaşında,
Hopub, qalan, döyüşdən.

Şəhidlər bu vətənin,
Alınmaz qalasıdır.
Vətən onlara Ana,
Onlarsa balasıdır.

Heç vaxt dönməyib geri,
Sonadək dayandılar.
Vətənin göylərində,
Əbədilik yandılar.

 

VƏTƏN ÇAĞIRIR

Dünyanın sayı yox, dərdi, kədəri,
Yol salıb illərlə içimdən mənim.
Çoxları baxıram, gözümə dəymir,
Əbədi qopubdur, köçümdən, mənim.

Məzara çevrilib, çoxu bu yerdə,
Bir daha vətəni, görməyəcəkdir.
Əllərin uzadıb, vətən bağından,
Sevdiyi meyvəni dərməyəcəkdir.

Susub boylanıram dörd tərəfimə,
Üzülür həsrətdən yaralı ürək.
Bütövlük görmədin sən bu həyatda,
Yaşadın bu ömrü paralı, ürək.

İlahi, nə deyim, nə yazım axı?
Dayanıb həyatım, yaşamaq olmur.
İllərlə yaşanan dövran qurtarır,
Yenisin hələ də başlamaq olmur.

İllərlə yaşanan, qaçqın ömrümü,
Daha buralara atıb gedirəm.
Vətənim çağırır, vətənim məni,
Ən gözəl arzuma çatıb, gedirəm.

 

DAĞTUMAS

23 oktyabr Dağtumas kəndinin azad olunduğu gündür. Sevincimi necə çatdırım bilmirəm. İki-üç bəndlə bu şad günü sizinlə bölüşürəm. Mənim sevincimə şərik olan hər bir kəsi təbrik edirəm. Allah millətimizi, dövlətimizi, əsgərlərimizi qorusun. Ali Baş Komandanımıza yar olsun.

 

Şükür azad oldu vətən torpağı,
Mən dura bilmirəm burda, Dağtumas.
Vətənin sevgisi, vətənin eşqi,
Məni tələsdirir yurda, Dağtumas..

Daha əllərimiz əlinə çatır,
Daha düşmənlərin günəşi batır.
Mən yaxşı bilirəm, vulkanlar yatır,
Qoynunda gizlənən qorda, Dağtumas.

Malik, şükr eylə gələn sabaha,
Üzünə nuruyla gülən, sabaha.
Ölsəm də ölümdən qorxmuram daha,
Rahat yatacağam, gorda, Dağtumas.

 

AZƏRBAYCAN, TÜRKİYƏ

Bir millət, iki dövlət,
Azərbaycan, Türkiyə.
Bəxtiyar Vahabzadə

Oxucum, bu şeirə nəzirə yazmaq keçdi ürəyimdən. Çünki, bu çətin günlərdə daha çox Türkiyə yanımızda oldu. Bəxtiyar müəllimin ruhu bağışlayar yəqin. Allah rəhmət eləsin Ustada!

 

Günün tarixin yazır,
Azərbaycan, Türkiyə.
Hərbə hazırdır, hazır,
Azərbaycan, Türkiyə.

Sözün deyir cahanda,
Sınan deyil meydanda.
Sadiqdirlər bir anda,
Azərbaycan, Türkiyə.

Hər anı bir hünərdi,
Eynidir, eyni dərdi.
Hökmü dünya qədərdi,
Azərbaycan, Türkiyə.

Eyni kök, eyni qandır,
Birgədir nə zamandır.
Eyni ruh, eyni candır,
Azərbaycan Türkiyə.

Əzəmətli bir dağdı,
Bəxtinə dərdlər yağdı.
Alınan Qarabağdı,
Azərbaycan, Türkiyə.

Geri dönməz ordudur,
Səcdəsi bozqurdudur.
Bir millətin yurdudur,
Azərbaycan, Türkiyə.

Qəfil oddan yanmasın,
Dərdi sıralanmasın.
Bir də aralanmasın,
Azərbaycan, Türkiyə.

 

AZƏRBAYCAN DÖVLƏTİ

Gəldi biz deyən günlər,
Parçalandı düyünlər,
Bilməyənlər bilsinlər,
Yığıb bütün heyyəti,
Azərbaycan dövləti.

İrəli deyir ancaq,
Bizimlədir bu gün haqq.
Qarabağ alınacaq,
Tutubdur bu niyyəti,
Azərbaycan dövləti.

Cavab gəldi qanlara,
O dəhşətli anlara.
Sübut edir yanlara,
Sarsılmayan qüdrəti,
Azərbaycan dövləti.

Gücüylə çıxıb önə,
Qoymayır bu od sönə.
Göstərir dönə-dönə,
Döyüşlərdə heyrəti,
Azərbaycan dövləti.

 

ŞƏHİDİN GƏLİR, ANA

Çıx evindən yola bax,
Şəhidin gəlir, Ana.
Qəlbində od qala, bax,
Şəhidin gəlir, Ana.

Qarabağda qan düşüb,
Can üstünə can düşüb.
Bəxtinə bu an düşüb,
Şəhidin gəlir, Ana.

Yolu uzaqdır, gözlə,
Yaran ağırdır közlə.
Ovudum hansı sözlə,
Şəhidin gəlir, Ana.

Müqəddəs yolu seçən,
Şanlı yaddaşa köçən.
Əziz canından keçən,
Şəhidin gəlir, Ana.

 

ÖLDÜ DEMƏYIN MƏNƏ

Bir şəhidin dilindən

Yenə də əsgərəm mən,
Öldü deməyin mənə.
Sarsılmaz hünərəm, mən,
Öldü deməyin mənə.

Hər gün öndə olacam,
Qələbələr çalacam.
Sona qədər qalacam,
Öldü deməyin mənə.

Qaytaracam Şuşanı,
Yaşayacam xoş anı.
Hər işin var zamanı,
Öldü deməyin mənə.

Vətən üçün yarandım,
Vətəndir yenə andım.
Tək bu anda inandım,
Öldü deməyin mənə.

Bilərək torpaq nədi,
Ruhum onda oynadı.
Əbədiyyəm, əbədi,
Öldü deməyin mənə.

 

GÖZLƏRİN AYDIN, ŞUŞA

Xilas oldun yağıdan,
Gözlərin aydın, Şuşa.
Nalələrdən, ağıdan,
Gözlərin aydın, Şuşa.

Sahibi olan gəldi,
Qeydinə qalan gəldi.
Köməyə balan gəldi,
Gözlərin aydın, Şuşa.

Üzü güldü torpağın,
Hər qayanın, hər dağın.
Qayıdır gözəl çağın,
Gözlərin aydın, Şuşa.

Haqq yerin aldı daha,
Şükür belə sabaha.
Şükür olsun Allaha,
Gözlərin aydın, Şuşa.

Sevincdən yanır ürək,
Saysızdır arzu, dilək.
Azadlığın mübarək,
Gözlərin aydın, Şuşa.

Maliki boğur qəhər,
Gəldi nə gözəl səhər.
Deyir hər kənd, hər şəhər,
Gözlərin aydın, Şuşa.

 

VƏTƏN

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bütöv Azərbaycan, gözün aydın olsun. Bütün Türk dünyası gözünüz aydın olsun!

 

Qayıtsam geriyə, diz üstə düşüb,
Sənin öpəcəyəm daşından, vətən.
Sənin hər əzabın, sənin hər ağrın,
Keçəcək gözümün yaşından, vətən.

Qocaldıq, a dostlar, qocaldıq yaman,
Gördü öz işini, dərd dolu zaman.
Olmadım qürbətin yazından uman,
Pay umdum mən sənin qışından, vətən.

Malik dərd gördü, illərdən bəri,
Qəlbindən keçirdi, hər bir xəbəri.
Dünyanın sayı yox dərdi, kədəri,
Asıldı hər zaman qaşından, vətən.

 

KƏLBƏCƏR GÜNÜDÜR

Yolları açıldı yurdun,
Bu gün Kəlbəcər günüdür.
Sözün dedi yenə ordum,
Bu gün Kəlbəcər günüdür.

Qarlı dağlar gəl-gəl deyir,
Bunu sirli bir əl deyir.
Neçə ildir yol gözləyir,
Bu gün Kəlbəcər günüdür.

Sücaətdən miras sözlər,
Yaraları bir-bir közlər.
Gülsün daha qəmli gözlər,
Bu gün Kəlbəcər günüdür.

Saysız ruhlar narahatdır,
Xoş xəbəri bir-bir çatdır.
Xoş zamandır, xoş saatdlr,
Bu gün Kəlbəcər günüdür.

Malik, elin gülür gözü,
Öz yerini tapır özü.
Hamı eşitsin bu sözü,
Bu gün Kəlbəcər günüdür.

 

ÜRƏKLƏR YANIR

Qurtarmaq bilməyir bu qanlı savaş,
Yenə də rusların əli uzanır.
Atəşkəs eyləyən “sülhməramlının,”
Gözləri önündə Kəlbəcər yanır.

Yandırır yağılar, yandırır yurdu,
O yerdə arzular, diləklər yanır.
Baxıb bu alova, baxıb bu oda,
Sinələr altında ürəklər yanır.

Nifrətin gizlədə bilməyən yağı,
Gözünə görünən nə var məhv edir.
Meşəni yandırır, evi yandırır,
Görünən nə varsa yıxaraq gedir.

Gəlişi rusların nə verdi bizə?
Baxıb düşünürəm, dərd verdi ancaq.
Deyəsən qızışan saysız yanğınlar,
Bu ruslar getməsə dayanmayacaq.

Allahım, sən özün kömək ol bizə,
Bu qanlı döyüşlər geri gəlməsin.
Yazıqdır bu millət, tankların altda,
Qalıb meydanlarda bir də ölməsin.

Vətən müqəddəsdir, onun bir kolu,
Yağının əliylə bir də yanmasın.
Övladın itirən ata, ananın,
Ürəyi bir daha parçalanmasın.

 

ŞƏHİDLƏR

Vətənin adını, uca edərək,
Sonadək səngərdə durdu, şəhidlər.
Vətənin üstünə yeriyənlərin,
Gözünü əbədi qırdı, şəhidlər.

Şuşanı qaytarıb geri aldılar,
Yaddaşda basılmaz ər tək qaldılar.
Düşmən üzərində zəfər çaldılar,
Basılmaz səngərlər qurdu, şəhidlər.

Oldular əbədi yurdun övladı,
Qoydular ortaya sınmaz inadı.
Qoruyub şərəflə ucalan adı,
Dönməzlik möhürün vurdu, şəhidlər.

Hünər göstərdilər belə bir gündə,
Qorxunu tutdular hər zaman gendə.
Qalaya döndülər düşmən önündə,
Oldular basılmaz ordu, şəhidlər.

 

OLDU TÜRKİYƏ

Heç zaman köməyin kəsmədi bizdən,
Hər zaman bizimlə oldu Türkiyə.
Heç zaman inciyib küsmədi bizdən,
Hər zaman bizimlə oldu Türkiyə.

Ən ağır zamanda haraya gəldi,,
O bizə hər zaman vur deyən əldi.
Gəldi, gəlişiylə dünyam düzəldi,
Hər zaman bizimlə oldu Türkiyə.

Dayandı bizimlə hər vaxt yan-yana,
Əzmini göstərdi bütün cahana.
Dur dedi haqsıızın tökdüyü qana,
Hər zaman bizimlə oldu Türkiyə.

Zəfər bayrağımız, ucaldı yenə,
Qardaşlıq varlığın çıxardı önə.
Əhsən bu hünərin böyüklüyünə,
Hər zaman bizimlə oldu Türkiyə.

Malikəm, can qurban olsun bu ada,
Türkün güvənc yeri, türkdür dünyada.
Düşsə də bu yolda hər oddan-oda,
Hər zaman bizimlə oldu Türkiyə.

 

SALAM OLSUN

Dar günümdə, haya gələn,
Türk elinə salam olsun.
Dərdimizi dərdi bilən,
Türk elinə salam olsun.

Göz yummadı haqsızlığa,
Güc önündə susdu dığa.
Layiqdir hər ucalığa,
Türk elinə salam olsun.

Şərəflidir seçdiyi yol,
Əsrlərlə keçdiyi yol.
Uğurunda köçdüyü yol,
Türk elinə salam olsun.

Millətimin qardaşıdır,
Sirr yeridir, sirdaşıdır.
Savaşımız savaşıdır,
Türk elinə salam olsun.

Malik deyir, sözün deyən,
Bu dərdləri çözün, deyən.
Sona qədər dözün, deyən,
Türk elinə salam olsun.

 

SÖZ QARABAĞDAN

Nə qədər yazsam da qurtarmaq bilmir,
Elə bil qaynayır söz, Qarabağdan.
Dünyanın varından doymağa nə var,
Görək doyacaqmı göz, Qarabağdan.

Xilasa yol açdı şanlı ordumuz,
Azaddır düşməndən daha yurdumuz.
Bir də sönməyəcək ümid, odumuz,
Çünki götürübdür köz, Qarabağdan.

Malik, şükr olsun uca Allaha,
Yolumuz açıldı, nurlu sabaha.
İllərlə dərd gördük, qəm gördük daha,
Sevinc görəcəyik biz, Qarabağdan.

 

KƏLBƏCƏRIN ALINIB, DUR

Bu gün qismət məni Kəlbəcərin alınan günü Məmməd Aslanın məzarıyla üz-üzə qoydu. Yaxın bir qohumun məzarının yerini axtarırdıq. Tuş gəldiyim bir məzarın üzərində Məmməd Aslanın şəklini gördüm və ona baxa-baxa dedim: Gözün aydın, Məmməd Aslan, Kəlbəcərin alınıb, dur ayağa. Sonra həmin məqamı şeirə çevirdim. Bütöv Türk dünyasının gözləri aydın olsun. Allah ustada rəhmət eləsin !

 

Gözün aydın Məmməd Aslan,
Kəlbəcərin alınıb, dur.
Arzuları dur bir-bir an,
Kəlbəcərin alınıb, dur.

Gəl-gəl deyir Murov dağı,
Qayıt, yaşat gözəl çağı.
Dur, vəsf eylə, o torpağı,
Kəlbəcərin alınıb, dur.

O dağları dolan bir də,
Sücaəti an o yerdə.
Əlac oldu saysız dərdə,
Kəlbəcərin alınıb, dur.

Məzarını gördüm, yandım,
Varlığımı bir an dandım.
Geri dönüb vətən andın,
Kəlbəcərin alınıb dur.

Malik deyər, vətən dərdi,
Çox ömürü vaxtsız dərdi.
Arzuların bil, göyərdi,
Kəlbəcərin alınıb, dur.

 

QAYITMALIYIQ

Cəbrayıl rayonunun Dağtumas kəndi erməni işğalından azad olunan gündən bu xəbəri gözləyirmişlər kimi çoxlu sayda yaxınlarımız sevinclərindən dünyasını dəyişdi. Allah hər birinə rəhmət eləsin. Bundan dolayı ellilərimə bir çağırış keçdi ürəyimdən… 

 

Ay ellər, tələsmən, gözləyin bir az,
Vətənə qayıdaq, orda ölərik.
O ana torpağın qoynunda olan
Əbədi məkanda, gorda, ölərik.

Tələsmən açılır yollar get-gedə,
Gedək o yerlərin daşından öpək.
Həsrətli oğulun, həsrətli qızın,
O yerdə gözünün yaşından öpək.

Gedib o yerləri dolanaq bir az,
Ümid ocağımız yansın, sönməsin.
İllərlə vətənə getmək istəyən,
Niyə, o yerlərə axı, dönməsin?

Qəlbimiz yüklənib, bilirəm qəmdən,
Dözərək sevinci oyatmalıyıq.
Kəsin bu ölümün yolunu, dostlar,
Bizlər Qarabağa qayıtmalıyıq.

 

YAŞA, ƏSGƏRIM, YAŞA

Yürüşünə min əhsən,
Tarix yazan əsgərim.
Qarşısında baş əyir,
Hər insan bu hünərin.

Hər addımın bir zəfər,
Bizə həyat dərsidir.
Sənin o addım səsin,
Azadlıq nəğməsidir.

Qüruruna can qurban,
Yaşa əsgərim, yaşa.
Sən şərəf dastanını,
Yazdın yenə yaddaşa.

Qarabağdan yol gələn,
Məğrur izinə qurban.
Sevinc yaşları axan,
Odlu gözünə qurban.

Sənin zəfər yürüşün,
Ruhu gətirir cana.
Dayaqsan əbədilik,
Anam Azərbaycana.

 

UNUTMAYIN BİZLƏRİ

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nə gərəkdir etdik biz,
Unutmayın bizləri.
Şəhidliyə yetdik, biz,
Unutmayın bizləri.

İrəli getdik ancaq,
Olduq sönməyən ocaq.
Yer bizə açdı qucaq,
Unutmayın bizləri.

Uca tutduq bayrağı,
Xilas etdik torpağı.
Gəldi şəhidlik çağı,
Unutmayın bizləri.

Vətən yaşasın deyə,
Biz baxmadıq heç nəyə.
Yol açdıq son zirvəyə,
Unutmayın bizləri.

 

ÇƏTİN OLDU

Çətin oldu, o yerlərin,
Yağılardan alınmağı.
Yad bayrağın Şuşamızın
Zirvəsindən salınmağı.

Biz bacardıq qırxdörd günə,
Yağıları susdurmağı.
Otuz ilə yığdığını,
Qırxdörd günə qusdurmağı.

Biz bacardıq Qarabağın,
Varlığına bələnməyi.
Biz bacardıq daşa dönüb,
Başlarına ələnməyi.

Üzərinə yeriyərək,
Birdəfəlik dayan, dedik.
Türklüyünü bu millətin,
Dərdlərinə həyan, dedik.

Yağılardan alınan yer,
Gələcəkdir yenə cana.
Bu millətin böyüklüyün,
Sübut etdik biz cahana.

 

GƏLMƏSİN

Bizim sevinc dolu, bu qələbələr,
Deyirəm, a dostlar, gözə gəlməsin.
Tökülsün dərdimiz, yağının üstə,
Bir də bu acılar, bizə gəlməsin.

Yaradan yar olsun bizə əbədi,
İllərlə qəlbimiz qəmdən göynədi.
Yenə ürəyimdə bir dərd öynədi,
Dərd, bəla biz keçən izə gəlməsin.

Malik, ürək ver yenə haqq sözə,
Yaşadıq dərdlərə biz dözə-dözə.
Deyirəm düşmənlər biznən üz-üzə,
Bir də üz bağlayıb, üzə gəlməsin.

 

ÖLMƏRƏM MƏN

Vətən, sənin bu gününü
Gördüm, daha ölmərəm mən.
Düşməninin öldüyünü,
Gördüm, daha ölmərəm mən.

Azad olur hər bir dağın,
Geri dönür gözəl çağın.
Alındığın bu torpağın,
Gördüm, daha ölmərəm mən.

Hamı qalıb ayaq üstə,
Hayat gedir, dəstə-dəstə.
Bu milləti bu həvəsdə,
Gördüm, daha ölmərəm mən.

Yağıların sındı beli,
Xatırladır ordum seli.
Deyən, gülən bizim eli,
Gördüm, daha ölmərəm mən.

Malik, səslə bu milləti,
Başa çatır de, həsrəti.
Millətimdə bu qeyrəti,
Gördüm, daha ölmərəm mən.

 

XUDAFƏRİN

Üzün güldü, sonda sənin,
Xudafərin.
Beli qırıldı düşmənin,
Xudafərin.

Qarabağım gəlir cana,
Düşmən baxır yana-yana.
Sevinc payla hər ünvana,
Xudafərin.

Təbriz, Bakı alqışlayır,
Bu ayrılıq günün sayır.
Gözlər sevincdən ağlayır,
Xudafərin.

Diridağım, Tumasatam,
İstərəm ki, sizə çatam.
Sənsən daha mənim butam,
Xudafərin.

Mərd oğullar dedi sözün,
Yağıların tökdü gözün.
Qibləgahsan bizə özün,
Xudafərin.

Cana gəlir torpaq, cana,
Çox boylandıq yana-yana.
Son qoyulur bu hicrana,
Xudafərin.

Malik, deyir bitir həsrət,
Yadın üstən çək daha xətt.
Görüşərik bir gün əlbət,
Xudafərin.

 

ELLƏR SEVİNİR

Vətənin hər daşı alınır geri,
Düşməndən qurtulan çöllər sevinir.
Vətənin küləyi dəydikcə üzə,
Yanağa toxunan tellər sevinir.

Çağırır bizləri qoynuna dağlar,
Yox deyir yağının oyununa, dağlar.
Daş tökür düşmənin boynuna, dağlar,
Yağını qovlayan sellər sevinir.

Gəlirəm, yol açın, ay dağ, ay dərə,
Gələcəm gülündən mən dərə-dərə.
Can atır, can atır yeni sözlərə,
Vətəndən danışan dillər, sevinir.

Ürək çox istəyir yurdun havasın,
Gəlir addım səsi, xoş bir təmasın.
İllərlə gözləyib gözəl sonasın,
Açıb qucağını göllər, sevinir.

Şükürlər deyirəm, uca Allaha,
Gedirik sevinclə dolu sabaha.
Malik, Qarabağın alınır daha,
Bilib bu xəbəri ellər, sevinir.

 

QARABAĞA GEDİRİK

Gözü aydın xalqımın, tilsimlər paralandı,
Bizi topa tutanlar yerində yaralandı.
Aldı bu gün öz yerin, aldı dönməzlik andı,
Yağıdan o yerləri biz almağa gedirik,
Qarabağa gedirik.

Gözün aydın Cəbrayıl, gözün aydın Fizuli,
Daha uzanmayacaq Ağdama yadın dili.
Yorulduq keçirməkdən burda işğallar ili,
Dönərək yurd yerində biz olmağa gedirik,
Qarabağa gedirik.

Gözün aydın Qubadlı, gözün aydın Zəngilan,
Gözün aydın Laçınım, qayıdırıq biz inan.
Kəlbəcərin dərdinə gedək biz olaq həyan.
Murova qalxıb dostlar, ucalmağa gedirik,
Qarabağa gedirik.

Xankəndini qurtaraq əsirlikdən əbədi,
Yerinə yetirək biz Şuşaya olan vədi.
Xocalı yada düşdü, yenə ürək göynədi,
O dərdin yarasını, bağlamağa, gedirik,
Qarabağa gedirik.

Qarabağım alınır, şükür olsun bu günə,
Dəyişir dövran, dostlar, vətənimin xeyrinə.
Qayıdacaq yurdsuzlar yenə də yurd yerinə,
O yerlərdə əbədi biz qalmağa gedirik,
Qarabağa gedirik.

 

QƏLƏBƏYLƏ DÖN GERI

Döyüşə gedən əsgər,
Qələbəylə dön geri.
Hər daşda, hər qayada,
Qalsın hökmünün yeri.

Yağıya vermə aman,
Qoyma bir də dil açsın.
Yesir eylə sən onu,
Yalvararaq əl açsın.

Söndür düşmənin odun,
Qoy bir daha yanmasın.
Özündə hünər tapıb,
Qarşında dayanmasın.

Qarabağı qaytarıb,
Millətini sevindir.
Bu gündən sonra bilsin
Bu torpaqlar sənindir.

Gözləyir bütün millət,
Sevinc dolu o anı.
Qələbəylə dön geri,
Güldür Azərbaycanı.

 

VƏTƏNƏ GÖRƏ

Vətən nə şirinmiş, vətənə görə,
Sayı yox oğullar canından keçir.
Şəhid məzarları müqəddəs olur,
Borcunu qananlar yanından keçir.

Torpağa tökülür şəhidin qanı,
Vətənə çevrilir qan udan torpaq.
Yadların əlində əsirə dönür,
Şəhidin haqqını unudan torpaq.

Vətənin qoruyan seçir bu yolu,
Gərəksə bu yolda, ölməyə gedir.
Düşmənin izini öz torpağından,
Döyüşdən-döyüşə silməyə gedir.

Canların torpağa əmanət edib,
Torpağın ruhuna, qarışır onlar.
Vətənin uğrunda gələn ölümlə,
Torpağa baş qoyub barışır onlar.

Vətən müqəddəsdir, onun varlığın,
Uşaq da, böyük də durmadan anır.
Dünyada sayı yox nemətlər vardır,
Birinci sırada Vətən dayanır.

 

YURDUNA QAYIDACAQDIR

Keçib çox sınaqdan, keçib millətim,
Bu dərdi sonunda, öldürəcəkdir.
Qələbə yolunu seçib, millətim,
Bir gün arzuları, güldürəcəkdir.

Şuşaya sancılan üçrəngli bayraq,
Əbədi o yerdən yellənəcəkdir.
Bu doğma yurdumun hər tərəfindən,
Azadlıq bayrağı görünəcəkdir.

Sonuna çıxacaq düşmənin ordum,
Bütövlük bir daha sınmayacaqdır.
Hünərlə qorunan müqəddəs yurdum,
Yağılar əlində yanmayacaqdır.

Dərbəndin, Təbrizin üzü güləcək,
Borçalı şəninə sözlər qoşacaq.
Durub məzarından Dədə Qurbani,
Sazıyla məclisə yaxınlaşacaq.

Qələbə çalacaq, qələbə millət,
Yatmış türklüyünü oyadacaqdır.
Əlindən alınan yurd yerlərinə,
Bir gün əbədilik qayıdacaqdır.

 

GƏLİRİK BİZ

Vətən, burda son qoyaraq,
Göz yaşına, gəlirik biz.
Hünər yazıb nəsillərin,
Yaddaşına, gəlirik biz.

Sonda yurdu geri aldıq,
Qələbəni daha çaldıq.
İllər boyu həsrət qaldıq,
Hər daşına, gəlirik biz.

Hünərini gör oğlunun,
Ruhu coşub nər oğlunun.
Xeyir-dua ver, oğlunun,
Savaşına, gəlirik biz.

Malik, dözə, dözə dərdə,
Ümid gəzdi o, hər yerdə.
Dönmək üçün o yerlərdə,
Başdaşına, gəlirik biz.

VƏTƏNƏ SARI…


II Qarabağ Vətən Müharibəsində Azərbaycan Ordusunun misilsz qələbəsi nəticəsində 30 ilə yaxın ermənilərin işğalı altında inləyən torpaqlarımızın azad edilməsi yazarlarımızın ruhuna yeni bir çalar gətirdi. Bu baxımdan şair Vahid Zəngəzurlunun öncəki şeirlərindən fərqli olaraq, təqdim etdiyimiz bu yeni yaradıcılıq nümunələrində onun yalnız mübariz ovqatlı, qələbə ruhlu, azadlıq eşqi ilə çırpınan şadlıq notlarını görürük. Siz də oxuyun!

 

 

 

Vahid ZƏNGƏZURLU

 

 

 

 

 

LAÇINDA

Xəbər eylə Soltan bəyə, el oğlu,
İlham gəlir ziyarətə Laçında.
Qırdılar belini, dığalar qaçır
Son qoyuldu xəyanətə, Laçında.

Bir qaladı hər dağı, hər dərəsı
Ağır oldu ordumuzun həmləsi
Pozuldu düzəni, itdi qibləsi
Haylar düşdü müsibətə, Laçında.

Zəngəzurun, qartalıdı bu torpaq
Buz bulaqlı, havalıdı, bu torpaq
Türk oğlunun halıdır bu torpaq
Rəhmət oxut Məhəbbətə, Laçında.

Vahid Zəngəzurlu yurd həvəsində
Dağlar dilə gələr, onun səsində
Bir gün alaq, Zəngəzur mujdəsində
Birgə çataq səadətə Laçında.

 

QOVŞUD KƏNDIM

Çox illərdi görüşünə,
Gələmmirəm, doğma kəndim.
Qucaq-qucaq həsrətimi,
Böləmmirəm, doğma kəndim.

Qönçə güllər saralıbdır,
Övladların qocalıbdır,
Ömür yolum qısalıbdır,
Dözəmmirəm, doğma kəndim.

Hərdən qəhər boğur məni,
Çoxaldıqca saçın dəni,
Qismət ola, görəm səni.
Biləmmirəm, doğma kəndim.

Səndə birgə yaşadığım,
Kəndçilərim düşüb dağın.
Hərdən alıb mən sorağın,
Görəmmirəm, doğma kəndim.

Bizi əydi acı qürbət,
İçin-ıçin yandıq xəlvət.
Çoxu köçdü sənə həsrət!
Güləmmirəm, doğma kəndim.

Xatirələr qucağısan,
Atam-babam ocağısan,
Vahidin sən şən çağısan.
Dönəmmirəm, doğma kəndim.

 

VƏTƏNƏ SARI

Yolun sonu gəldi, doğma ellilər,
Deyəsən gedirik,vətənə sarı.
Şükür, geri dönüb zamanın çarxı,
Yığır şələsini, həsrət qatarı.

Bu karvan illərdi yola rəvandır,
Zəngəzur bitdikdə yön İrəvandır.
Allahın elçisi, pir Ərdoğandır,
Türkün əlindədir haqqın açarı.

Rusa güvənirik deyən naxələf,
Nə qeyrət anlamaz, nə duymaz şərəf.
Təbrizim gurlasa, alınar hədəf,
Gül-çiçək qoxuyar, Araz suları.

İllərdi həsrətə dözən min canam,
Qardaşam, bacıyam, ayrı yananam,
Azərbaycan mənim öz doğma anam,
Gün gələ, açıla Təbriz yollarım.

Şirin müjdə gəldi ömrün payızı,
Bir an görüşsəm də, qalaram razı
Vahid Zəngəzurun gələ avazı ,
Gığı ellərində görsə toyları.

 

AĞDAMIN

Deyin, qoy esitsin həsrət çəkənlər,
Dönüb bahar olub zimistanı, Ağdamın.
Haqqın dərgahına şükür edən dillər,
Qaytarıldı şöhrət-şanı, Ağdamın.

Allahverdi şəhid düşən qəhrəman,
Rahat uyu qan alındı dığadan.
Türk qardaşın salam söylər Şuşadan,
Azad oldu, dörd bir yanı Ağdamın.

Şahmalının, Səxavətin sədası,
Qaraxanın, Əbilfətin laylası,
Cabbarın, Zülfünün muğam dunyası,
Tükənməyən adı, sanı Ağdamın.

Bu böyük zəfərə sevinir hamı!
Qarabağ xanıdı, sevək İlhamı.
Allahın elçisi, pir Ərdoğnı,
Vuran qolu, coşan qanı, Ağdamın.

Vahid Zəngəzurlu ucalsın səsin,
Tezliklə biz alaq Turan mujdəsin!
Türkün bu birliyi coşub, kükrəsin
Pozulmasın xoş dövranı, Ağdamın.

 

VAQIF ƏLISOY QAZI!

Birinci Qarabağ Savaşında əvəzsiz xidmət_
ləri olan, Xalq Hərəkatının fəallarından biri, gözəl
pedaqoq, qazi Vaqif Əlisoya Qələbə günü münasibətilə ithaf edirəm.

Qalxdı xalqım ayağa Azadlıq meydanında,
Əbülfəz Elçibəyin birləşdi dörd yanında,
Vətən eşqi kükrədi damarında, qanında,
Haq yolundan dönmədi, qazı Vaqif Əlisoy.

Məmmədəmin yoluna baş qoydu o, dözümlə,
İnandı qələbəyə, çalışdı hər çözümlə,
Xalqına xidmət etdi, sayıq durdu əzimlə,
Gecə-gündüz bilmədi, qazı Vaqif Əlisoy.

Ruslar böyük oyunda, hayı verdi qabağa,
Hayları vadar etdi, hücumda Qarabağa,
Vətənin savaşında mərdlər durdu ayağa,
Savaşda dözümlüdü, qazı Vaqif Əlisoy.

Ruslar əsir eylədi, aldı kəndi, şəhəri,
Bu savaşda çox oldu vətənin şəhidləri,
Düşmənlə tədbir alıb, dəyişdi əsirləri,
Bilmədi ölüm nədi ,qazı Vaqif Əlisoy.

Şəhid olmadı fəqət, şahid oldu savaşda,
Döyüşə hazırdır o, lazım gəlsə bu ýaşda!
Ağsaqqaldı elinə sayılır qazi, başda!
Zəfərdə bizimlədi, qazı Vaqif Əlisoy.

10.12.2020-ci il, Bakı şəhəri.

 

ÖZ MİLLƏTİM

Azəri Türklərinə, bütöv Türk dünyasına ehtiram və sayqılarım böyükdür

Canı candan, ayıranlar sevinməsin!
Azım səhid, çoxum qalıb yer üzündə.
Səhid düşən, qazı olan oğullarım,
Dağ vüqarım, qürurumdu, el gözündə.

Saxur, talış, ləzgi, lahıc, tat milləti,
Türk oğluyla olmayıbdır ədavəti.
Qardaş kimi qoruyublar məmləkəti,
Ağır günə sinə gərib hər dözümdə.

Qarabağın qara baxtı çözülmədi,
Yaxamızdan Rusun əli üzülmədi,
Bu millətin səbri geniş, dözümlədi
Pozulmadı etibarı hər sözündə.

Vahidəm, Zəngəzura candan bağlıyam,
Oğuz babam soy kökümdü, türk oğluyam.
Cəvanşirəm, ər Babəkəm, Koroğluyam,
Yenilməzdi türk millətim, yer üzündə.

 

KƏLBƏCƏR

Kəlbəcərin böyük şair oğlu, Vətən həsrətli Bəhmən Vətən oğlu na ,Kəlbəcərin alınması
münasibətilə ruhu şad olsun.

Vətən oğlu, rahat uyu məzarda,
Həsrətini daşa vurdu Kəlbəcər.
Düzəlib novrağı, sən görən deyil,
Dəlidağla, qoşa durdu Kəlbəcər.

Talansa da dağ vüqarı yerində,
Birin şəhid, salamatdır minin də.
Bitdi həsrət, tezcə dönər elin də,
Çox qədimdi Oğuz yurdu, Kəlbəcər.
.
Murov dağın bulaqları çağlayır,
İsti suyun Bəhməni soraqlayır!
Dığaların sinəsini dağlayır,
Ciyərinə, dolan qordu Kəlbəcər

Dədə Şəmşir diyarına tay, hanı?
Dəmirçi Abbası, Məmməd Aslanı.
Şair Sücayətin dözmədi canı,
Hey səni aradı, sordu, Kəlbəcər.

Vahid Zəngəzurlu ola qismətin,
Seyr edib duyasan xoş təbiətin.
Bəlkə sənginiyə vətən həsrətin!
Gözəlliyə düşən nurdu, Kəlbəcər.

 

 

 

 

 

 

BƏXTİMİ BAĞLAR GEDƏR…


Son dərəcə istiqanlı, inamlı və istedadlı olan Orxan məclisimizə 2005-ci ildə gəlmiş, bütün ruhsal vücudu ilə ona bağlanmışdı. Məclisimizdə gənclərə, o cümlədən Orxan bəyə məxsusi sayğı vardı. İlk iki kitabının təqdimatı məhz bizim məclisin qərarı ilə (təşəbbüs və təşkilatçılığı ilə) keçirilmiş, yaradıcılıq fəaliyyəti məclisin mükafatına layiq görülmüş, dəfələrlə DQM-nin nəşrlərində dərc olunmuşdu. İlk vaxtlar məclisimizin kütləviləşməsinə öz töhfəsini vermişdi… Orxan eyni zamanda gənc olmasına baxmayaraq, yaradıcılıq fəaliyyətinə görə bir çox ədəbi nəşrlərin və qurumların ödülünü almışdı – AYB və AJB-nin üzvülüyünə qəbul edilmişdi. Prezident təqaüdçüsü idi… Onun yazıb-yaradacağı illər hələ qabaqda idi, Kəlbəcər vüsalına, Aşıq Şəmşir yurduna qovuşmaq həsrətilə ürəyi aramasız çırpınan gənc şair Orxan Adiloğlu, az ömründə kifayət qədər ədəbi mühitin içində oldu, ədəbi ömür yaşaya bildi. 10-dan çox kitabın müəllifi oldu. Bu onun taleyi idi. Getdiyi Yol yarıda qırılmasaydı…
Orxan Adil oğlu Cəmilov 1985-ci ildə Bakıda tanınmış şair və alim Adil Cəmilin ailəsində dünyaya gəlmiş, 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirmişdi. Şeirləri “Ulduz”, “Vəfa”, “Göyərçin” jurnallarında, “Yüz şairin bir antologiyası”nda, “Dirili Qurbani Məclisinin” almanaxlarında, “Kredo”, “Ədalət”, “Səs” “Sənət” “Ədalət” “Kaspi” “Yenlik” və s. kimi qəzetlərdə dərc olunmuş, Azərbaycan radiosu və Televizyasının ədəbi verilişlərində səsləndirilmişdi.
Qeyd etdiyimiz kimi, ömrü yarıda qırılmasaydı nailiyyətləri, saysız arzularına nisbətdə görəcəyi işlər o qədər idi ki.
Kəlbəcər dərdi bu gənc şairin varlığını elə sarmışdı ki, məclisdə hər oxuduğu iki-üç şeirdən biri mütləq yer-yurd ağrılarına, doğma Kəlbəcərə, ata-baba yurduna qovuşmaq diləklərinə bağlanırdı. Aşıq Şəmşir böyüklüyünün tərənnümü, türkçülüyə vurğunluğu intəhasız idi… Nə yazıq ki, gənc şair istəklərinin çiçəklənməsinə çox az qalmış tərki-dünya oldu, haqqa qovuşdu. Fəqət, onun arzuları yerini aldı. Azərbaycan əsgəri bizi xəcalətdən qurtardı, 30 ilə yaxın müddətdə işğalçıların tapdağı altında inləyən torpaqlarımız rəşadətli ordumuzun, Ali Baş Komandamızın mübariz əzmi sayəsində azad edildi. Qəti əminəm ki, indi Orxanın ruhu digər yurd həsrətliləri kimi şaddır, sevinclidir.
Dəyərli oxucular, sizlərə xeyli gənc yaşlarında itirdiyimiz bir istedadlı və iddialı şairin yaradıcılığından nümunələr təqdim edirik. Bu, bizim mərhum gənc qələm dostumuza bir vəfa borcudur, onu sayğıyla anmaq və xatırlamaqdır. Düşünürəm ki, bu şeirlər sizə də doğma gələcək, şair Orxan Adiloğlunu məmnunluqla yad edəcək və bir az da həyatdan nakam getməsinə, itirilən torpalarımızın yenidən öz gücümüzə qaytarılmasını görmədiyinə heyfslənəcəksiniz. Ruhu şad olsun, Orxan balamızın, Orxan qardaşımızın, Orxan dostumuzun – qələm dostumuzun, gənc şairimizin!

Ruhuna sayğılarımla: Yusif DİRİLİ
Dirili Qurbani Məclisinin sədri

 

 

 

 

 

 

 

Orxan ADİLOĞLU

 

 

 

 

 

TÜRK OĞLU TÜRKDÜR

 

Dünya yaranandan cəngavər olub,
Boz qurdu ulayan türk oğlu türkdür.
Zəfərçün günü – günə calayan
Döyüşündə qanlı meydan sulayan
Ölümdən qorxmayan türk oğlu türkdür.

Türkün Atatürktək bir atası var,
Ot kökü üstə bitər, qalxar, ucalar.
Birləşən türk bir-birindən gün güc alar
Qəti qələbəni məqamda çalar –
Zalımdan qorxmayan türk oğlu türkdür.

 

AYRILIQ

 

Yurdsuzluq mənim də qismətim olub,
Ürəyim kədərlə, qüssəylə dolub.
Körpəlik sevincim könlümdə qalıb –
El itirmək necə çətin iş imiş.

O yerlərin havasından udmuşam,
Bəhrəsində nübarından dadmışam.
Öz elimdə mən necə də şadmışam,
Nə şirindir, nə acıdır bu keçmiş.

O dağlarda Orxan gəzmək istəyir
Hər çəməndə bir güll üzmək istəyir.
Qəfil gələn dərdə dözmək istəyir,
Mənə nə etmişsə, ayrılıq etmiş.

2008

 

KƏLBƏCƏR ALINDI, AĞLAR QALMIŞAM

 

Xəyala dalmışam yurd həsrətilə,
Kəlbəcər alındı, ağlar qalmışam.
Ağlaram dərdimi gətirib dilə, –
Kəlbəcər alındı, ağlar qalmışam.

Vətən, indi sənin bahar çağındır,
Gülşənə dönmüsən, xoş növrağındır.
Yaddaşımdan çıxmaz sinə dağımdır,
Kəlbəcər alındı, ağlar qalmışam.

Ey dünuam, darıxıb bu Orxan sənsiz,
Bir anı ötüşmür kədərsiz, qəmsiz.
Bu vətəndə mən olmuşam vətənsiz –
Kəlbəcər alındı, ağlar qalmışam.

2001

 

GÖYÇƏLİLƏR, DAĞILMAYIN GÖYÇƏDƏN

 

Bir anlığa düşündüm ki, Göyçə və göyçəlilər yerindədir. Xalq şairi Hüseyn Arifin eyni adlı məşhur şeirinə bu nəzirəni yazdım… Müəllif

Doğma yurda qoymayın yad toxuna,
Bu ayrılıq dərd veribdir çoxuna,
And verirəm Ələsgərin ruhuna,
Göyçəlilər, dağılmayın Göyçədən.

Çəkəmmirəm fələk elə yük qoyub
Dərd şumlayıb ürəyimdə lək qoyub.
Ata-baba məzarını tək qoyub,
Göyçəlilər, dağılmayın Göyçədən.

Zümzüməəli o bulaq ki bizimdir,
Gül-çiçəkli o yaylaq ki bizimdir.
Bu Vətən ki bu torpaq ki bizimdir,
Göyçəlilər, dağılmayın Göyçədən.

Dəyişibdir – indi başqa zamandır,
Ağlayan söz, dünən dərdli kamandır.
Orxan sizə yalvarır ki, amandır,
Göyçəlilər, dağılmayın Göyçədən.

 

ANA YURDA NİYƏ HƏSRƏT QALMIŞIQ?

 

Babamdır Cavanşir, Babək, Koroğlu
Dağları görüncə itirdim ağlı…
Sənə sual verim, ay vətən oğlu,
Ana yrda niyə həsrət qalmışıq?

Məni mürgü tutub, hələ yatıram,
Nə qılınc tuturam, güllə atıram.
Xəcalət içində itib-batıram –
Ana yurda niyə həsrət qalmışıq?

Haqq-divan ad ala, məhşər qurula,
Əməllər saflaşa, insan durula,
Oğul demə Orxan kimi oğula –
Ana yrda niyə həsrət qalmışıq?

2004

 

******

 

Məni düşüncələr çəkir sınağa
Gecələr yatmıram, gecə yazıram.
Dərdli insanların dərdini çəkib,
Bilsəniz bu dərdi necə yazıram.

Dərdsiz yuxudadır, mənsə oyağam
Köçü dağa, gah arana çəkirəm.
Bəzən ayrılmayıb fikirlərimdən,
Varaqlar üstünə dərd, qəm əkirəm.

 

SON ZƏNG

 

Gəlir qulağıma son zəngin səsi,
Məktəb illərindən uzaqlaşıram.
Gələcək ünvanlı güman içində
Şagird dostlarımla qucaqlaşıram.

Doğma məktəb ilə vidalaşan gün
Nə qədər dərd-ələm, qəm-kədər yedim.
O əziz, müqəddəs, gözəl günlərə
Son zəng sədasıyla əlvida dedim.

2005

 

BAYATILAR

 

Əzizim ana dağlar,
Dərdimi qana dağlar.
Dərdlinin həsrətində
Od tuta yana, dağlar.

Əzizim, çəmən yaxşı,
Gül yaxşı, çəmən yaxşı.
İkimiz də dərdliyik,
Nə sən, nə də mən yaxşı.

Əzizim ağlar gedər,
Sinəmi dağlar edər.
Gözü bağlı gözəlim
Bəxtimi bağlar gedər.

2003

ÖNÜNDƏ BAŞ ƏYİRİK, ÖLMƏZ ŞƏHİD ANASI


Vahid Zəngəzurlunun vətənpərvərlik mövzusunda yeni şeirlərini təqdim edirik. Bundan əvvəl də müəllifin oxşar mövzuda yaradıcılığından nümunələri və özü haqqında məlumat dərc etmişdik. II Qarabağ Vətən Müharibəsinin getdiyi bu dönəmdə şairin toxunduğu məsələlər həm aktualdır, həm də realdır. Uğurlar diləyirik!

 

 

 

 

 

Vahid ZƏNGƏZURLU

 

 

 

 

CƏBRAYILDA AZAN OXUNDU

Ümid kəsilmədi, Yaradan, səndən
Asi düşmənimə, qəzan toxundu.
Yusifi quyudan çıxaran Allah
Şükür, Cəbrayılda azan oxundu!

Hacı Qaramandı elin and yeri
Qurbanlar kəsilər, el döncək geri.
Tumas Ata, Gordubabanın piri –
Şükür, Cəbrayılda azan oxundu!

Xudafərin tariximin yaddası
Tərpənməzdi, himindədi yurd daşı.
Şəhidimin qanın aldı qardaşı,
Şükür, Cəbrayılda azan oxundu!

Vahid Zəngəzurlu, sevinsin ellər
Açılsln göylərə şükür edən, əllər.
Lailahəilləllah söyləsin dillər,
Şükür, Cəbrayılda azan oxundu!

 

ÖNÜNDƏ BAŞ ƏYİRİK, ÖLMƏZ ŞƏHID ANASI

Qalxdı mərd oğullarım Vətənin savaşına
Dağıdıb, viran qallb, düşmənimin yuvası.
Qan çilənib vətənin torpağlna, daşına
Önündə baş əyirik, şəhid əsgər anası!

Canından əziz sandı, o vətən torpağını
Düşündü millətini, parçaladı yağını
Axıtdl göz yaşını, kəsdirib sol, sağını
Düşmən qana bələndı, şəhid əsgər anası!

İgid əsgər, məzarın fəxarətdi bizlərə
Şəhid adln mübarək, qibtə etdim, sizlərə.
Əbədi yaşarsınız, örnəksiniz yüzlərə
Adınla öyünürük, şəhid əsgər anası

Basını dik tut anam, qürurlansn analar
Bu savaş haqq savaşı, oğulların can alar.
Şuşada, Xankəndində, bayrağmız ucalar,
Çallnar zəfər marşl, şəhid əsgər anası!

Vahid Zəngəzurlu da vətənin bir oğludu
Şəhid düşən oğullar, gözlərinin nurudu
Azadlq, Babəkimin, Məmmədəmin yoludu
Təki vətən sağ olsun, şəhid əsgər anası!

Bütün Şəhidlərimizə Allahdan rəhmət,
Analarımıza səbr diləyirəm!

 

İNANMAN, RUSA

“İRƏLİ!” Əmr ver, Ali Komandan,
Atəşkəs nə lazlm bizə, arada…
Yardlm adl ilə düşmən güclənir,
Qorxuram vətənim, qalana oda.

Rusun hiyləsidi, çəkirik indi
Rusdan kənar dayan, nə din, nə dindi
Biz islam əhliyik, rus ayrl dindi
Doğmasln tutacaq, baxarml yada?

Sən Türkün oğluna, Türkünə inan
Türkün dayağındı, qürula dayan!
Birlik zəfər çalar, gəlsə də cahan,
Ucalar bayrağın doğma Şuşada.

Zəngəzur, İrəvan Türkün yuvası
Kəs, qanda boğulsun, hayln dağası
Çalınar yurdumda, cəngi havası
Türkün alqıslayar eldə, obada.

Vahid, Zəngəzurla çapar ürəyin
İnşallah arzuya, çatar ürəyin.
Qussəni, həsrəti atar ürəyin
Şükür doğmaların, yetdi imdada.

Haqqımız olanı alar Əsgərim,
Siz dönməz ərsiniz, ulu Türklərin.

 

ƏRDOĞAN, PAŞAM

Ucaltdı bu cahanda, haqqın ölməz səsini
Qüdrətli Türk xalqlna, Turan oldu ərmağan.
Müsəlmanın yurdunu, təmizləyir terrordan
Böyük haqqın yolunda, vuran qoldu Ərdoğan.

Siyasət meydanında, oyun quran oyunbaz,
Görüb Türkün hünərin, duydu Türklə bacarmaz
Qarabağdan qovulur şeytanxislət, yaramaz
Bütöv Türk dünyasına gedən yoldu, Ərdoğan.

Dəstək olub İlhama nəhənglərə “sus” dedi.
Nə amerkan, franslz, nə ingilis, rus dedi
Qarabağda haylara yediyini qus, dedi.
Ər hünərvər dözümlə, qəlbə doldu Ərdoğan.

Mərd oğlu ər doğuldu, əhsən doğan anaya,
Türkün qardaşı Türkdü bəyan etdi dünyaya.
Onun sayəsində biz divan tuturuq haya
Azərbaycan oğluna, dayaq oldu Ərdoğan.
Zülmətimə nur saçan, mayaq oldu Ərdoğan.

Allah Türk dünyasının böyük oğlu, Ərdoğan
Paşamı qorusun. Turan elləri onunla qürur
duyur. Allah qorusun bu birliyi! Amin.

 

QAFANA, ALLAH

Əziz dostum, yay vədəsi gəzməyə,
Çiyələyi şehli-şehli dərməyə,
Gözəlliyin guşəsini görməyə,
Qismət elə, gedək Qafana, Allah

Çıxaq yaylağına, bahar gələndə
Çiçəklər açanda, ləçəyini sərəndə.
Bülbül gülə sevgisini verəndə,
Qismət elə, gedək Qafana, Allah.

Qazan gölun sularında axmağa,
Qapıcıxdan, dolaylara baxmağa.
Xustubunun zirvəsinə çıxmağa,
Qismət elə, gedək Qafana, Allah.

Armudlunun mesəsinin, havasın
Bulaqlarln, zümzüməli laylasın.
Seyr etməyə ulu Babək qalasın
Qismət elə, gedək Qafana, Allah.

Vahid Zəngəzurlu şükr et yazana,
Bizi həsrət qoyan gələr, cəzana.
Mən onun övladl, o doğma ana
Qismət elə, gedək Qafana, Allah.

Vətənsevərləri salamlaylram, təmkinli olun,
tezliklə Vətəndə görüşümüz olacaq, İnşallah!

 

“POEMALAR MÜƏLLİFİ” – ŞAİR ƏDALƏT BƏDİRXANLININ POEMALARI


Laçın sözü mənə hər zaman zirvəsində qartalların dövrə vurduğu qəlbi dağları xatırladır. Və bir də qarı düşmənimiz olan ermənilərin öyündükləri, qəhrəman hesab etdikləri Andraniki tayqulaq edən igid Sultan bəy yadıma salır. Təkcə bunlarmı? Laçın həm də qəhrəmanlıq tariximizlə bərabər, ədəbiyyatımıza, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, təbiətimizə söykək olan bir diyar kimi könlümüzdədir. Bu gün elləri pərən-pərən düşən Laçına elli-obalı günəşin doğacağına içimizdə bir inam hissi yaşayır. Biz həmin günlərin sabaha daşıyıcılarıyıq.
Şair dostumuz Ədalət Bədirxanlı hazırda hələlik 28 ildir ki, erməni-rus hərbi birləşmələrinin qəsb etdikləri Laçın bölgəsindəndir. Yəni doğulduğu, uşaqlığının, gəncliyinin yaddaqalan illərini keçirdiyi buz bulaqlı, turş bulaqlı, yamyaşıl meşəli, başı buludlara dəyən, yarandığı dövrdən 28 il önəcən düşmənə bac verməyən (Qarabağ və ətraf bölgələrin işğal məsələsi hələ də bizlərə qaranlıq qalan səbəblərin nəticəsi kimi yəqin çox sonralar açılacaq) möhtəşəm Laçın dağlarının ətəyində, tamamilə şairanə bir məkanın yaradıcısı kimi dünyaya gəlib.
Bu gün bir çoxlarının qeyd etdiyi təki o, poemalar müəllifi kimi tanınır. Poemalarının gücü isə zənnimcə, doğma yurda dönüş duyğularındam qaynaqlanır. Bu əsərlərin güc aldığı ünvanlar bunu deməyə əsas verir: “Azadlığa gedən yol”, “Şahnamə”, “Lalələr”, “Xəlil Rza Ulutürk”, “Söz xəzinəsindən”, “Tamah və səbr”… Hələ şeirləri. Şairin “Azadlığa gedən yol” poeması indiyədək bir sira nəşrlərdə dəfələrlə çap olunub və müəllifinə titullar, ödüllər qazandırıb.
Dəyərli oxucularımıza “poemalar müəllifi”nin yazdığı poemaları küll halında təqdim etməyi lazım bildik. Düşünürük ki, sizlər üçün də maraqlı olacaq, istəkli DQM oxucuları. Buyurun, oxuyun, dəyərləndirin.
Sayğılarımla: Yusif DİRİLİ

 

 

 

 

 

 

Ədalət BƏDİRXANLI

 

 

 

 

 

ŞAHNAMƏ       

(poema)

935-1020 -ci illər Sultan Mahmud Qəznəvinin zamanında yaşamış Firdovsi Əbülqasım Həsən ibn Əli Tusinin xatirəsinə

 

 

Proloq

Həqiqətə, haqqa inan
Ey azadlıq tumu əkən!
Tək Allaha gətir iman
İnancınla ona söykən!
İşlətdiyin muzdlunu da
Sənlə eyni yaradan var.
Bil ki, bu fani dünyada,
İnsan adın yarıdan var.
Belə yerdə düşür yada
Firdovsinin “Şahnamə”si.
Qızıl pulla yazılsa da,
Alınmayıb bir sikkəsi.


Bu əhvalat zor nağıldır,
Səbəbkarı bir çobandır.
Otuz ilə tamamlanmış,
Çox dəyərli kəlamlardır.

I hissə. ŞAHIN ARZUSU

Bir an yuxudan oyanan,
Məmləkətə Sultan olan,
Cahan şahı Qəznəvinin
Əsər keçir xəyalından.
Çağırtdırıb hüzuruna,
Firdovsini yığır cana.
Mənə əsər yazmalısan,
Şah təkidlə deyir ona.
Nadanlığı dərk edərək
Şair bu sözdən yayınır;
Şahın əksinə gedərək
Dərhal zindana salınır.

II hissə. ZİNDAN HƏYATI

Firdovsi zindana düşür,
Yoldaş olur bir çobana.
Fikrinə gəlməzdi belə,
Rast olacaq bir nadana.
Təbi gələndə ustadın
Ayaq üstdə gərdiş edir.
Gah saqqala əlin çəkir,
Gah astadan qəzəl deyir.
Belə bir səhnə yaranır,
Çoban üzünü bağlayır.
Gözlərini sıxcalayıb,
Xısın-xısın hey ağlayır.
Şair deyir:-Bu qəzəldən
Nə anladın, ağladın sən?
Niyə mənim söylədiyim
Hər kəlmədən üzülürsən?
Çoban deyir:-Əkdiklərim,
Başsız qaldı sevdiklərim.
Var-dövlətim talan oldu,
Üzür məni keçilərim.
Fərqi birdir, siz gəzərkən,
Çənən əsir söz deyərkən.
Keçilərim yada düşür,
Saqqalınız tərpənərkən.
Bu sözlərin təsirindən
Şair haldan-hala düşür,
Əl qaldırır Yaradana,
Deyir:”Allah sənə şükür!”
Şair üçün varlıq nədi?
-Söz düz olsa dəyərlidi.
Çoban üçün fərqi birdi,
Yadda qalan keçilərdi.
Çoban hərdən sayıqlayır,
Firdovsi özün qınayır.
Ayrı bir yol axtarmadan,
Gözətçini haraylayır.
Söyləyir ki, gedin şaha,
Xəbər verin tez birbaşa.
Nə istəsə yazaram mən,
Lazım gəlsə bir quruşa.
Tez aparın məni burdan,
Burda yerim dar olacaq.
Uzaq olum bu nadandan,
Belə bağrım çatlayacaq.

***

Şaha yetən bu xəbərdən
Məmnun olur eşidərkən.
Göğüş üçün hiylə qurur,
Firdovsini gətirdərkən.

III hissə. ŞAİRİN ŞAHLA GÖRÜŞÜ

Əmr verib gətizdirir,
Şairi tez sevinərək.
Hətta “sədaqət” bildirir,
Məqsədini gizlədərək.

***

Tam dəyişib libasını,
Firdovsini gətirirlər.
Hamı kənara çəkilir,
Hətta bütün gözətçilər.
Çox “hörmət”lə qarşılayır
Şairi şah sarayında.
Hiyləgərlik, tamahkarlıq
Nadanların var qanında.

***

Qızıl pulla danışırlar
Hər kəlmənin yazılmasın.
Otuz illə barışırlar,
Əsər gərək tamamlansın.

IV hissə. ŞAHNAMƏNİN YAZILMASI

Ötdü illər, yaxşı, yaman,
Başa saldı çoxun zaman.
Şair dövrü dərk edərək
Tək Allahı bildi güman.

***

Firdovsi əsəri yazdı,
Otuz ilə tamamladı.
Özü xəstə, yatağından
“Şahnamə”ni yola saldı.
Şaha çatdı xəbər həmən
Qapıdakı xidmətçidən.
Firdovsini soruşdu şah
“Şahnamə”ni gətirəndən.
Dedilər ki, sair xəstə
Yatağında ağır yatır.
İnsan axır dəstə-dəstə,
Gələnlərlə vidalaşır.

V hissə. HAQQIN TAPDALANMASI

Sözün müxtəsər kəsəri-
Şah bilmirəm nə anladı.
Firdovsiyə çatan haqqı
İlk addımda tapdaladı.

***
Şahın sadə baxışından
Başa düşdü xəzinədar.
Qızıl pulun sayı qədər
Gümüş sikkə ayırdılar.
Yükə karvan gətirildi,
Bəlli pullar yüklənildi.
Xəzinədar qərar aldı,
Karvanı tez yola saldı.
Bu karvanı gətirənlər
Firdovsiyə yetişdilər.
Şah şairə nə göndərib,
Nələr varsa, söylədilər.
Mirzə artıq qocalmışdı,
Xəstəlikdən saralmışdı.
Öz ömrünü sərf eyləyib
Bir salnamə yaratmışdı.
Son günlərin yaşayırdı,
Gözü yolda, yatmayırdı.
Karvanbaşı söylədiyi
Sözlər ona çatmayırdı.

***
Qəbul etmədi karvanı,
Söylədi: “Şah özü hanı?
Şaha o cür əsər yazdım,
Oxudumu, mən yazanı?
Qayıdarkən şaha deyin,
Qiyməti yox, bu əsərin.
Nadanlara söz çatmırsa,
Dəyəri yox cümlələrin.
Min il zaman yol ötəcək,
Yenə bu haqq çözüləçək.
Kim düz olsa hər ağızda
Ona rəhmət söylənəcək.
Əhli-haldır cümlə-cahan,
Mənə lazım deyil karvan.
Özüm xəstə, qocalmışam,
Köç edirəm bu dünyadan”…

***
Geri döndü yüklü kərvan,
Məyus oldu bütün cahan.
Əgər şah da haqq kəsirsə,
Dövran günahkardı inan!..
Çətin anlar yaşansa da,
Karvan başı qayıtdılar.
Yol boyu gördüklərini
Şaha nə var danışdılar.

VI hissə. SON MƏNZİL

Şah bir anlıq fikrə daldı,
Öz səhvini tam anladı.
Yada saldı ilk söhbəti,
Yeni karvan yolla saldı.
Qızıl pulla bu karvanı
Gətirdilər düz ünvana.
Firdovsiyə çatan haqqı
Yetmədilər sağ canına.
Külli aləm çıxdı düzə,
Çiyinlərdə bir cənazə.
Son mənzilə aparıldı,
Şaha namə yazan mirzə.


Dəyər verin yaxşı sözə
Tanrı dünya verib gözə.
Firdovsidən bir nəsihət,
“Şahnamə”si qalır bizə.

Epiloq

Min il keçdi, tarix ayan
Dəyişibdi guya zaman.
Dünya belə qurulubdu,
Dəyişməyib hələ insan.
Bu həyatın sonu məzar,
Məzarda da çətinlik var.
Ömrü elə başa vur ki,
Orda yerin olmasın dar.
Unutmayın, ey insanlar,
Ümid qalır ancaq sizə.
Yetişərsə, can karvanı,
Gecikərsən, inan bizə.

***
Zaman baxır üzünüzə:
Fürsət verib cəminizə,
Son sayılan köçünüzə
Bol yük yığın özünüzə…

Son.
20-23.01.2013

 

“SÖZ XƏZİNƏSI”NDƏN

YETİM
(mücərrəd mövzu: yaşam tərzim)

Canımda od, isinmədim,
Üzüldüm şeytan içimdə.
Bir zərrə işıq görmədim,
Günəş çıxdı dan içimdə.
Söz göyərdı oldu soğan,
Sarsılmışdı məni doğan.
Qəlbımdən içimə yağan,
Qaynadı ovdan* içimdə.
Uşaq vaxtı lal böyüdüm,
Soyuq oldu kal öyüdüm,
Polad kimi al döyüldüm
Küt, qara zindan içimdə.
Baxdılar ki, hələ sağam,
Hamı üçün nur çırağam.
Pilə kimi xam torpağam
Söz bitdi bostan içimdə.
Qansız oldu, zor elədim,
Axmaq oldu, kor elədim.
Kapron saplı tor çilədim,
Dar ilgək qaytan içimdə.
Ədalətdən, soruşma gəl,
Dəmir gönüb olubdur ləl.
Haqsızlığa oldum əngəl,
Yaşadım, vicdan içimdə.
Böyük, Yaradan içımdə,
Böyük, Yaradan içimdə!..
*ovdan-yeraltı hovuz, nohur

31.03.2015

 

ŞAİRLƏRİN KÖÇÜ
(ruhları şad olsun!)

Köç edən şairin dost – tanışları-
Köçür Vətənimin söz adamları.
İnsan ocaq deyil, nə ocaq daşı
Gedir söz tacının köz adamları.
Min ilmə axtarır cümlə selində,
Hər qalın kəlməni sayır dilində.
Gül-çiçək sərilmiş xalça içində
Köç edir, baharın yaz adamları.
Onbeş cüt həriflə sözü yarıdan,
Bilib vergül atan cümlə sarıdan,
Dünyada insana Vətən tanıdan,
Oğludur, torpağın saz adamları.
Çaşır çürük sözlü qoz adamları,
Sevinir düşmənin daz adamları.
Bəli, ocaq sönür külü də qalmır.
Şaxtada don yıxır buz adamları.
Sözü ötgün deyən elə qaynayır,
Həm üzə irişir, şahmat oynayır.
Ədalət şeytana məkrə daş ayır,
İnsanlıq yaşadır, düz adamları!..
19.08.2019

 

TAMAH VƏ SƏBR
(poema)

Görkəmli alim, böyük mütəfəkkir, həyatda idealım, dahi insan, Azərbaycan dövlətinin müstəqilliyi ideyasının daşıyıcısı “Ömür məhz yadda qalan günlərin sayı ilə ölçülür.” – Sözlərinin müəllifinə – XUDU MƏMMƏDOV səxsiyyətinə söylədiklərinə rəğmən ithaf edirəm.

Proloq

Gecə sakit Ay da var,
Rəbbimin diqqəti var.
Səma təmiz buludlar,
Hərdən kölgə salırlar.

Çox uzaqdır ulduzlar,
Göz boyda kainat var.
Haqqın öz isməti var,
Bəxtin nə qüdrəti var?
Vətən adlı xəstəyəm,
Qarabağa dəstəyəm.
Gül-bülbül sevdasına
Ən incə həvəsdəyəm.
Gülə könül verəndən
Qalmışam indi naçar.
Hər zərın qiyməti var,
Bəxtin nə qüdrəti var?
Səbr -dözüm ha deyil,
Bezmək -hələ iş deyil.
Çözmək -nəticə deyil,
Bacarıqdır qazançım,
Haqq yoludu inancım.
Keçəcəyim körpü dar,
Dünyanın cənnəti var,
Bəxtin nə qüdrəti var?
“Tamah” -balta olarsa,
“Səbr” -zəmanət deyil.
Doğru memar tapılsa,
İnan, iman -dost deyil,
Sorğu -sual, cavab da,
Dörd səmavi kitab da.
Rəbbimin hikməti var,
Bəxtin nə qüdrəti var?

I hissə. HÖKMDARIN YUXUSU

Rəvayətə görə bir şah var imiş,
Vəzir, vəkilləri çox eşidərmiş.
Ancaq qocalsa da, dolsa da yaşa,
Düşünüb iş görər, uymaz fərraşa.
Deyirlər şah bir gün göstəriş verir,
Sözünü hamıya bəyan eyləyir.
Əyanlar yığışır, vəzir də gəlir,
Şah taxta əyləşib, belə söyləyir:
“Bu gecə yuxuya getmişdim şirin,
Mənə sual oldu mənalı, dərin.
Sordu bir ağsaqqal, nurani kişi,
Ayırd edirsənmi yaxşını, pisi!?
Cavabın bilmədim, möhlət istədim,
Tam gözdən itincə onu izlədim.
Ayılıb oturdum, baxdım doyunca,
Göz qırpa bilmədim səhər olunca”.

***

II hissə. AC VƏZİRIN TAMAHI

Deyirlər, şahların çətin anında,
Ağıllı vəzirlər məsləhət verir.
İndi hökmdarın dar məqamında,
Görək qoca vəzir nələr söyləyir:
“Dünyada insana ən yaxşı istək,
Böyük bir ölkədə şahlıq eyləmək.
Bir deyil, istərəm min ola varın,
Dirəyi qızıldan olan sarayın.
Zalım sərkərdələr yığasan elə,
Ölkələr əlindən zinhara gələ.
Kef üçün xanımlar, bir də ziyafət,
Bir güllü baxçada xoş istirahət;
Çərhovuz mayesi ceyran südündən,
Kölgəlik ağappaq quş lələyindən;
Gündüzlər səninlə olsa da hamı,
Gecələr gözəllər yandıra şamı.
Bütün əyalətdə işi əzəldən,
Tapşır, cavabını soruş vəzirdən.
Düzü, çox çətindir pisi söyləmək,
Şahın qarşısında hər gün əyilmək”.

***

Şah bunu eşitcək durdu, az qala
İstədi vəziri zindana sala.
Əyanlar baş əyib, söz istədilər,
Saraya yığışan, vəzir, vəkillər:
“Səbr edin, ey böyük şahların şahı,
Ölüm son məqamdır, acıdır ahı.
Qırx gün möhlət verin, əgər tapmasa,
Vəzir öz qanıyla yusun günahı.”

III hissə. ŞAHIN MƏRHƏMƏTİ

Şah səbrini basdı, şərtini kəsdi,
Söylədi: “Bilməsən, zindan əbəsdi.
Onda dar ağacı qurduracağam,
Ya da ki, boynunu vurduracağam”.

***

Vəzir tərk eylədi sarayı həmən,
Saydı günlərini həmin o gündən.
Libasın dəyişdi, geydi çuxasın,
Bircə gün istədi artıq yaşasın.
Gəzdi əyaləti, bir neçə diyar,
Gördü, zəhmətini bölənlər də var.
Öyrəndi ki, hamı şahdan razıdır,
Ancaq, vəzirlərdən xalq narazıdır.
Otuz doqquz günü, aylı gecəni,
Vəzir dincəlmədi, gəzdi ölkəni.
Ayrıla bilmirdi o, qəm-qüssədən,
Get-gedə taqətdən düşürdü bədən.
Bütün əyalətin dərdi-sərinin,
Danışa bilmirdi bir kəlməsini.
Fəqət qəlbindəki o, öz dərdinin,
Bölüşə bilmirdi bir cümləsini.
Ürək çırpınırdı, göz qaralırdı,
Toran qarışırdı, axşam düşürdü.
Elə bil həyatla vidalaşırdı,
Hava soyuyurdu, o, üşüyürdü.
Bir isti komaya istədi getsin,
Kiməsə qəlbində olanı desin.
Ehtiyac duyurdu söhbət eyləsin,
Bütün olanları açıb söyləsin.
Vəzir düşünürdü harda qalmağı,
Axır qərar verdi yolda durmağı.
Səssiz titrəyirdi onun dodağı,
Bəlkə biri edər Allah qonağı?

***
Sanki, təbiətdə bütün qanunlar,
Biri o birinə uyğun olurlar.
Gör necə demişlər ulu babalar:
“Qaçan da, qovan da, Allahı anar”.

IV hissə. MÜDRİK QOCANIN QONAĞI

Bu anda bir cütcü gəlirdi çöldən,
Bütün gün işləyib düşmüşdü əldən.
Səxavətli olan bu müdrik qoca,
Çox yollar keçmişdi kamil olunca.
Cütcü qaraltıya çatıb dayandı,
Gördü bu dayanan yad bir adamdı.
Soruşdu: “Ay oğul, yoxsa çobansan,
Bəs sürü hardadır, nə axtarırsan?”
Vəzir cavab verdi: “Bəndəyəm ki, mən,
Kaş, çoban olaydım elə əzəldən.
Yuxarıda Allah, aşağıda sən.
Bəlkə bir gecəlik, qonaq edəsən?”
Vəzirin qolundan tutub astaca,
“Mən səni anladım”,- söylədi qoca.
“Sən ki, Allah adın çəkdin, ay oğul,
Qonaq Allahındır, hörməti uca”…
Qoca “gedək”,-deyib sözü bitirdi,
Söhbət edə – edə evə çatdılar.
Çırağı yandırdı, odun gətirdi,
Buxarı yerində ocaq çatdılar.
Qoca tezcə alıb dəsdamazını,
Qıldı bir kənarda şam namazını.
Ocağın üstünə çaydanı qoyub,
Bir çaylı- çörəkli süfrə açdılar.
Allahın verdiyi nazı- nemətdən,
Yedilər, içdilər, söhbət açdılar.
Qoca danışsa da olub-keçəndən,
Sözün arasında soruşdu birdən:
“Halın pərişandır, çox kədərlisən,
Danış ki, kədəri bölə biləsən.
Nə varsa aç, danış, gizlətmə məndən,
Sən Allah qonağı, bəs özün kimsən?”
Edam həyəcanın yaşayan vəzir,
Sorğu suallarla tamam barışdı.
Qəmli gözlərində sel dolu nəzir,
Olub keçənlərləri bir-bir danışdı:
“Mən şahlar şahının baş vəziriyəm,
Verilən fərmanı gərək mən çözəm.
Şahın yuxusunda gördüklərinin,
Cavabın tapmaqda tamam acizəm”.
Vəzir olanları danışdı başdan,
Qoca da dinlədi, lap axıracan.
Şahın baş vəzirə tapşırığından,
Bir hikmət yarandı bu əhvalatdan.

V hissə. YUXUNUN HİKMƏTİ

Qoca söylədi ki, narahat olma,
Dinlə, dediyimi yaddan çıxartma.
Hər an etimadı çalış qazan ki,
Divanda başda ol, ayaqda qalma.
Səbrin hikmətini hesab et uca,
Bir Allahın səbri çoxdur, bolluca.
Bu kəlmə Allahın adıdır, oğul!
Hər işi əvvəlcə düşün doyunca.
Tamah-pis əməldir, çəkilən ahdır,
Tamah-insanlara bil ki, günahdır.
Tamah-canlıların qanını soran,
Şeytan xislətinin amalındadır.

***

Vəzir barmağını dişlədi birdən,
Əyilib qocanın öpdü əlindən.
Çox məna anladı etdiyi səhvdən,
Yaşardı gözləri onun sevincdən.
Söhbəti qısaldıb, sonra yatdılar,
Səhər sübhə yaxın tez oyandılar.
Atlanıb gəldilər şah sarayına,
Şahın məclisinə mehman oldular.

VI hissə. SUAL-CAVAB MƏQAMI

Şəhərdə hər yerə elan vuruldu,
Toplandı əyanlar, divan quruldu.
Şah taxta əyləşdi, vəzir ayaqda,
Suallar yenidən bir- bir soruldu.

***

Vəzir təzim edib, söylədi: “Həmən,
Günahım böyükdür, ey hökmü verən.
Şeytan xislətidir, tamahdır ki, mən,
İstədim şah olum, siz sağ olarkən.

***

Allahın buyruğu hər an gözəldir,
Səbrin hikməti var, yol gələcəkdir.
Mənə verdiyiniz hökmü- qərarın,
Bəlkə də icrası dəyişəcəkdir”…

Epiloq

Düşünüb, daşındı, söylədi Padşah:
“Sənin günahından qoy keçsin Allah!
Qüdrət sahibidir böyük Yaradan,
Çalış nəfsə uyma bir də heç zaman!
Bəllidir, ölkədə bu gün mən şaham,
Mən də sənin kimi bir yaranmışam.
Can verib, can alan yalnız Allahdır,
Mən bircə qarışqa yaratmamışam!”…

Son.
22.12.1988

 

 

XƏLİL RZA ULUTÜRK
X.R.Ulutürkün şəxsiyyətinə ithaf edirəm
(poema)

 

 

 

Proloq

Ucaltmısan UluTürkün,
Azərbaycan bayrağını!
Azad etmək istəyirsən,
Azərbaycan torpağını!
Azadlığın qul meydanı,
Aşıb-daşır burda hamı.
Qələminlə yaratmısan,
Bu sarsılmaz izdihamı.
Əlin uzun kürsüdəsən,
İçimizdə, ya göydəsən.
Səs ucalır: Otuz yeddi!
Yuxarıdan səslənirsən.
Tufan qalxır sətirlərdə,
Qığılcımlar cüt əllərdə.
Meydan sizi alqışlayır,
Qan durulur ürəklərdə.

I hissə. VƏTƏN HARAYI

Hərdən çalır yazdığını
Əllərindən əsən külək,
Səpələyir göydən yerə
Ağ boyalı göyərçintək.
Səsin gəlır ey vərəqlər
Uçun, uçun ey diləklər
Azad olsun bağlı əllər,
Azad xallı göyərçinlər.
Azadlıq bəndi yazılan
Ağ vərəqə süzür qaçır.
Qolu çatan tez-tələsik
Tutmaq üçün əlin açır.
Kimsə onu taptalamır
Qaldıranlar silir, baxır,
Xəlil bəyə çatdırmağa
Qol qaldırır, yaxınlaşır.
Xəzri əsir süzən külək
Çal saçını hey darayır,
Yanğın dolu sətirlərdə
Coşan külək yol arayır…

***

Daşın üstə əyləşirsən,
Ağ vərəqi belləyırsən
Yaza – yaza bu milləti
Azadlığa səsləyirsən!
Söylədiyin həmin alət-
Bel torpağın koxasıdır.
“Nizə” fərqli azadlığın
Taxılmamış nidasıdır!
“Ömür”əla çap olundu,
Millət çapın sorağında
İnsanların tam arzusu
Üzür hər bir varağında.
Kitab çapı əla, yığcam,
İşıq saçır hər misra da…
Xəlil bəydən alacağam,
Almağa pul olmasa da.

***

Daim xalqı haraylayan
Uca səsin yorulmadan
Qeyrətin Kürdə oyandı;
Arazda su durulmadan…
Qəlbindəki sözlər-nizə,
Əlindəki qələm: -oxdur.
Cəmi dünya baxır bizə,
Səsimizi duyan yoxdur.
Hiyləgərdi tula vazgen,
Meylin salıb Qarabağa.
Qız – gəlini peşkəş edir
Arzusuna qovuşmağa.

***

Cahana sığmayır adın,
Sənin kimi bir Ustadın
Qarşınızda baş əyirəm,
Ruha məlhəmdi inadın.
Çox təəssüf eyləyirəm,
Gedə bilmədim yanına.
Qələmindən öpəsiyəm,
Güvənirik ad – sanına.
Ağ saçların göstərir ki,
Qula dönüb Ana Vətən.
Zəncirləri doğrayaq ki,
Azad olsun köləlikdən.

ll hissə. AZADLIQ MEYDANI

Bu meydanın əzəməti,
Qəlbinizin tam səsidir.
Doğma xalqa şeirlərin,
Bir azadlıq müjdəsidir.
Haray adlı yazdıqların
Mübarizlik ruhundadır,
Qədirbilən xalqımızın
Zor, igidlik qanındadır.
Qazamatda cızdığınız
Sərt qaranlıq divarları
Eşidəndə gənclərimiz
Başdan yazdı şüarları:

***
Azadlığı istəmirəm zərrə – zərrə, qram – qram!
Qolumdakı zəncirləri qıram gərək qıram, qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi!
İstəyirəm
SƏMA kimi,
GÜNƏŞ kimi,
CAHAN kimi!
Çəkil, çəkil, ey qəsbkar, mən bu əsrin gur səsiyəm!
Gərək deyil sızqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!..

III hissə. MÜQƏDDƏS VARLIQ

Deyiləsi tam nə varsa,
Millətinə sən demisən.
Öz mübarək qələmini
Qeyrət ilə kökləmisən.
Hər yazdığın vərəqəni
Qılınc təki yellədirsən.
Cümlələrdə hər nidanı
Bir ox kimi işlədirsən!
Yazdıqların həqiqətən
İnsanlığın haqq səsidi.
Harayınız Azad Vətən,
Azad inanc təşnəsidir!
Qələmini didən sözlər
Səbr yolun daraldıbdır.
Girov torpaqların səsi
Xalqı əzib, saraldıbdır.
İzin qalmaz hər tələdə,
Bəli, qurdun balasısan.
Saf qürurun var içində-
Sən Ulutürk övladısan!
Lefortovun qəm divarı
Çox çürüdüb insanları.
Bu zindanın daş divarı
Boğur haqqı yazanları.
Çarə qalır, Moskvadan
Tez Bakıya qayıdasan.
Sən milləti ancaq özün
Meydanlara çağırasan.
Zil qaranlıq dar otaqda
Bir günəşsən millətinə.
Son zəncirlər qırılacaq,
Tam bələdik qeyrətinə.
Babək, Nəsimi xislətdə-
Türk oğlu türk azərisən.
Ancaq Vətən bayrağını
Azad öpmək istəyirsən.
Müqəddəsdir əməllərin,
Vətən üçün bir oğulsan.
Haraylayır oğlunu xalq,
Özün oğul doğulmusan.
Getdiyin bu çətin yolda
Ulduzlara can atmısan,
Saf qanınla öz canında
Bir Ulutürk yaratmısan!

Epiloq

Türk Xəlili əzəl gündən
Əldə qələm öndə gedən
Düşmənlərin qarşısında
Kişi gördüm əyilmədən!
Hər kürsüdə sözün dedi,
Gözü güldü, kövrəlmədi.
Ömrü keçdi döyüşlərdə,
O, kimsədən çəkinmədi.
Nur parlaqlı ulduzum ol,
Ülkərim ol, ey sevdiyim!
Üzün Aydır, özün Günəş,
Saf inancın bəyəndiyim!
Tam əzəldən Pir bilirəm,
Sərkərdədir mehribanım.
Bizə doğru yol göstərən,
Bir mayakdır kapitanım!

***
Olmasaydım Xəlil sevər,
Ay yox olar, ulduz sönər.
Ədalətəm, kaş sevəydim
Bu Vətəni XƏLİL qədər!..

Son.
28.05.1994

LALƏLƏR

(poema)
Dahi sənətkarımız, xalq rəssamı Səttar Bəhlulzadəyə ithaf edirəm. 

 

 

 

 

Proloq

Bir Səməd çeşməsi daşır içimdə,
Bir həsrət Müşfiqi sanır sinəmdə.
Ey Tanrım çaşıram bu nə yuxudu,
Bir Səttar tablosu yanır gözümdə.
Axan göz yaşlarım havada süzür,
Yanan bir tablonun üstünə düşür.
Lalələr həzz alır göz yaşlarından,
Hər damla günəşlə sanki öpüşür.
Bir tablo çəkmisiz hər yan lalələr,
Saymaq da çətindir lalə nə qədər?
İllərlə doymadın lalə çəkməkdən,
Bu sevgi hardandır belə bu qədər?

I hissə. RƏSSAM DÜNYASI
(dostlarının baxışları ilə)

Hərdən baş vurursan dahi ustada,
Məcnunu Leylisiz çəkib səhrada,
Barmaqla yaydığın rəngli tabloda,
Füzuli dünyasın salırsan yada.
Kazbeki yandırıb tüstülədirsən,
Min eşqin sevdasın fikirləşirsən.
Xəzər sahilində hər axşam, səhər,
Elə Məcnun kimi tənha gəzirsən?
Dalğalar Xəzərə lay-lay çalanda,
Ləpələr quşları qucaqlayanda,
Bu quşlar fırçadan elə uçur ki,
Özünə yem tapır bu tablolarda.
Arı simfoniyasın duyan çiçəklər,
Arıya bal verir, çəkdiyi qədər.
Çəkdiyin tablolar sanki, bal dadır,
Sən Baxı sevirsən dünyalar qədər.
Arif Məlikovu danışdırdılar:
Söylədi “-Səttarın öz dünyası var.
Sevdiyi Füzuli, Baxdı, dünyada,
Bir də çəkəcəyi qalan tablolar”.

II hissə. MAHNİ VƏ TABLO
(iki dahi sənətkarın lalələri)

Rəşid Behbudovun incə səsiynən,
Tar çalan Ceyranın lalələriynən.
Bu mahnı, bu tablo gəzdi dünyanı,
Fəqət: -S. S. S. R -i müjdələriynən.

***

Deyirəm ey böyük dahi sənətkar,
Necə vəsf edirsiz bu cür tablolar?
Kölgələr olmasa bütün rəssamlar,
Necə çəkə bilər, düşür damcılar?
Yenə yaz gəlibdir, laləli bahar,
Baharın nə gözəl təravəti var.
Dünən lalə gördüm, yol kənarında,
Elə bil siz çəkən tablodur ki, var.
Fəsillər içində yazı sevirsən,
Fırçanla bu qədər lalə əkirsən.
Bitən hər laləni bir Leyli sanıb,
Eşqi Məcnun adlı sevda gəzirsən.
Bu cür tabloları çəkən barmaqlar,
İnsan ürəyidir, yoxsa fırçalar?
Rəssam gözlərinin dərinliyində,
Görəsən dünyanın neçə rəngi var?
Əgər hər könüldə bitsə lalələr,
Atılmaz silahdan heç bir güllələr.
Olmasa savaşlar bütün körpələr,
İlk dəfə alboma lalələr çəkər.

***
Qaranlıq məzara tez getdi Səttar,
Sızladı, buzlaşdı, dondu fırçalar.
Züleyxa gözündə Yusifə bənzər,
Hələ çəkilməmiş neçə tablo var?

Epiloq

Elə ki, yaz olur, tarla, çöl, çəmən,
Gəlinlik libasın geyinir Vətən.
Laləzar yurdumun fırça ustası,
Səttar yada düşür fikirləşmədən.
Tər lalə şehində gəzişirəm mən,
Məlum xəyal ilə ötüşürəm mən.
Hər bitən lalənin boyunu sevib,
Siz çəkən laləni axtarıram mən.

***
Ədalətəm, hüzuruna gəlmişəm,
Məzarına lalələr gətirmişəm.
Bunlar bir xəyaldır aqil sənətkar,
Lalələr əsərin heç görməmişəm.

Son.
18.04.2013.

 

AZADLIĞA GEDƏN YOL

(poema)

“Ən mükəmməl tarixi zaman özü yazır.” Müəllif

 

 

Proloq

Mən bir yol axtarıram-
Azadlığa gedən yol!
Bu yol haqqın yoludur,
Ya öl, ya da azad ol!
Mən bu yolla gedirəm,
Haray çəkib deyirəm:
-Dünyada insanlara
Azadlıq istəyirəm!
Aləmdə cəmiyyətə,
Hər yerdə həqiqətə,
Cahanda hürriyyətə
Azadlıq istəyirəm!
Bəşəri düşünürəm,
Dünyaya səslənirəm,
Bir vətəndaş olaraq
Danışmaq istəyirəm:
-Azadlıq istəyirəm!
Azadlıq istəyirəm!..

I hissə. AZADLIQ HARAYI

İlk dünyaya gələndə
Azadlıq istəmişəm.
Ağlayıb səslənəndə
Anamı istəmişəm.
Uşaqlıq həyatımı
Uşaqlarla oynamaq,
Doğru nədir anlamaq,
Öyrənmək istəmişəm.
Orta məktəbə getmək,
Yaxşı tərbiyə görmək,
Şagird kimi sevilmək,
Seçilmək istəmişəm.
Tam bilik mənimsəmək,
Ali məktəbə girmək,
Gənc tələbə adını
Qazanmaq istəmişəm.
Günü-gündən ucalmaq,
Ləyaqəti, isməti,
Dostluqda sədaqəti,
Yaşatmaq istəmişəm.
Anladıqca həyatı,
Alanda təyinatı,
Öz peşəmdə işləmək,
Çalışmaq istəmişəm.
Görəndə haqsızlığı,
Bütöv narazılığı,
Hər an qohumbazlığı
Pisləmək istəmişəm.
Bir sözlə, istəyimin
Saf niyyət olub dadı.
Sözdə, əməldə azad
Olsun insan övladı.

***
Hər bir doğulan insan
Azad yaşamalıdır!
Bu onun Allah verən
Toxunulmaz haqqıdır!

***
Böyüdükcə anladım,
Gördüm ki, həqiqətən
Əsarət altındadır,
Müstəmləkədir Vətən.
Ədalət carçısının
Öyrəndim yollarını.
Məlum oldu, kəsiblər
Zəncirli qollarını.
Demokratik bilgiyə
Haqqı olan dövlətin,
Tapdalayıb əzərək
Qul ediblər millətin.

***
Niyə haqqı pozulmur
Ən balaca yarpağın?
Payı olur hər zaman
Təbiətin, torpağın?
İnan, haqqı qorunur
Ən balaca yarpağın.
Çünki qanunları var
Qadir Ana torpağın.
Uzun zamandı susur
Azərbaycan milləti.
Hər nəyi var talanır,
Tam sorulur sərvəti.
Dünya xəritəsini
Zalımlar bölən zaman
Tək olub ümid yeri
Bircə Allaha güman.
Cahanda qalsın deyə
Neçə canlı can verib.
Torpaqları düşmənə
Sıxıblar ki, pay verib.
Bu dövlətin bəxtinə
Qara yaxanlar olub,
Azad olmaq cəhdinə
Nizə taxanlar olub.
Sözdə hamı tərəfdar,
Çuval dolu yalanlar.
Olanlar da tamahkar,
Belə olub qaydalar.
Nə yaxşı ki, bu qədər
Yenə torpaq qalıbdı.
Gəlin yaxşı düşünək!
Sərvət hara axıbdı?
Kimlər qırdı milləti
Kimlər çaldı dövləti?..
Onlar da “arı” kimi,
Somurdular sərvəti.
Dolaşdıqca dünyanı,
Dərk etdikcə cahanı
Gördüm zəmi biçilmir
Yetişmirsə zamanı.
Bizləri yetişdirən
Var ortaq bir anamız.
Bu torpaq- Ana Vətən!
Bəs övladlıq haqqımız?!

***
Xalq seçki istəyirsə,
Səs verməyə gedirsə,
Nəticə dəyişirsə,
Hanı azadlığımız?!

***
Mən belə düşünürəm:
-Xalqıma səslənirəm,
Hay qoparıb deyirəm:
-Azadlıq istəyirəm!

***
Yer üstdə millətimiz,
Yer altda sərvətimiz;
Doqquz iqlim qurşağı,
Cənnətdir Vətənimiz!

II hissə. ANA FƏRYADI

Külək əsirdi bərkdən,
Ağaclarda sırsıra…
Az qalırdı bu çovğun
Daşları da dondura.
Qışın belə çağında
Odsuz-ocaqsız evdə
Yaşayırdı bir qadın
Ərinin həsrətində.
Ərindən ayrılandan
O, hərdən ağlayırdı.
Cavan ikən ayrılıq
Onu əldən salırdı.
Hər şəkilə baxanda
Qəlbinə nur axardı.
Həsrət onu yaxanda
Körpəsinə baxardı.

***
Beşikdəki bu körpə
Ağlayırdı dünəndən.
Yazıq ana nə bilsin,
O, xəstədir ürəkdən.
Birdən uşaq başladı
Yenə də ağlamağa.
Ana özün çatdırdı
Ona layla çalmağa.
O, tez qoydu əlini
Körpəsinin alnına.
Arından ağlamadı
Uşağın bu halına.
Tez-tələsik körpəni
Şəlləyib kürəyinə,
İstəyirdi tez çatsın
Həkimin köməyinə.
Ana evdən çıxanda
Onu fikir basmışdı…
Körpə sağalmağına
Ümidi qalmamışdı.
Geniş addımlarla o
Hey irəli gedirdi;
Hərdən özü-özünə
Belə də söyləyirdi:
“Ay başı daşlı ana,
Axı, niyə ölmürsən,
Bu nə bəladır ki sən,
Belə dərdlər çəkirsən!?”
Təzə yağan quşbaşı
Düşürdü əllərinə.
Qar dolurdu ananın
Yaş axan gözlərinə.
Hərdən o dayanaraq,
Körpəsinə baxırdı.
Gözü sızqa bulaqtək
Damla-damla axırdı.
Yol qarlı olduğundan
O, çətinlik çəkirdi.
Hərdən düşür çökəyə,
Ayağı büdrəyirdi.
Tənhalığın qəhrindən
Onun üzündə qarı
Əridir gözlərindən
Süzülən damcıları.
Ana yaxınlaşırdı
Həkim yaşayan kəndə.
Taqəti qalmamışdı
Artıq biləklərində.
Özündən ixtiyarsız
Birdən ana sürüşdü.
Belindəki körpəsi
Sürüşüb yerə düşdü.
Sanki ildırım vurdu
Yazıq ananı, birdən
“Oğul” deyib sıçradı,
Onu götürdü yerdən.
Ağlamaqdan uşağın
Kəsilmişdi həniri.
Əsirdi dodaqları
Tam qaçırdı siniri.
Tez çatdırdı körpəni
Həkimin otağına.
Bu kəlmələri dedi,
O, udquna-udquna:
-Həkim, qurbanın olum!
Balam ağır xəstədir.
Nə incidir bilmirəm
Amma deyən, ürəkdir.
Amalına qurbanam,
Əməlin xoş əməldir.
İmkansız bir anayam,
Ana nə etməlidir?!
Təzəcə həyat qurdum,
Bəxtim də gətirmədi.
Yenicə ana oldum,
Bir kimsə sevinmədi.
Soldu gülüm-çiçəyim,
Tufan oldu, neyləyim?
Viran qoydu hər yanı,
Dərdi kimə söyləyim?
Bu dünyanın açarı
Bilmirəm ki, kimdədir?
Ya işıq, ya qaranlıq,
Gözlərim də qəmdədir.
Mən əsgər yola saldım,
Düşdü özgə oduna.
Soruşmaq istəyirəm,
Getdi kimin badına?!
Kim göndərdi ərimi
Xarici ölkələrə?
Əlinə silah verib,
Saldı onu çöllərə?
Apardılar cəbhəyə,
Əfqanlara köməyə.
Mən xəcalət çəkirəm
Bu sözləri deməyə.
Deyin, qara siyasət
Lazımdırmı bizlərə?!
Nə qədər fəryad olar,
Qan sızılır gözlərə?!
Bir ildir gözləyirəm,
Bircə kağız da gəlmir.
Bəlkə, ağır xəstədir,
Xəbər vermək istəmir?
Yanından gələn də yox,
Bircə sorum halını!
Ya ölüdür, ya sağdır,
Kaş biləm əhvalını!
İnanmıram mən belə
Yalançı siyasətə!
And olsun qəlbimdəki
Alovlu məhəbbətə!
Qanunlar imzalanmış,
Kimlər üçün, bilmirəm?!
Haqq, ədalət hardadır,
Dərdə dözə bilmirəm!
Allah dərdi verməyir
Zülm eyləyən tülküyə.
Çünki onun övladı
Getmir uzaq ölkəyə.
Dilim-ağzım qurusun,
Yox-yox, Allah, amandır!
Asi düşə bilmərəm,
Dediklərim yalandır!..

***
Əsgərliyə gedəndə
Ana baxdı doyunca,
Xeyir-dua verərək
Su da atdı dalınca.
Dedi: “Oğul, yaxşı yol,
Allahın amanında.
Bizdən nigaran olma,
Olmasaq da yanında.”
Ana əl qaldıraraq,
Üz çevirdi qibləyə.
Dedi: “Allah, sən özün
Su çilə bu diləyə!
Ürəyimə damıb ki,
Oğlum qayıtmayacaq.
Öz arzum, öz diləyim
Ürəyimdə qalacaq.

***
Mən anayam, analar
Mən görəni görməsin!
Allah belə dərdləri
Düşmənə də verməsin!”…

***
Nə əzabla oğlunu
Böyütmüşdü bilirsiz?
Hamı ona deyirdi:
-Bəhrəsini görəsiz!
Xülasə, bir mən qaldım,
Bir də yazıq qaynanam.
Hərdən elə sanırdım
Elə o imiş anam.
Xəstələnib yatırdı
Oğlunun otağında.
Şəklin asdırdı mənə
Gözünün qabağında.
Hər gün öpüb şəkildən
Təsəlli axtarırdı.
Gecələri gəzişir,
Çoxdandı yatmayırdı.
Oğul əsgər gedəndən
Ana düşdü zülmətə.
Dözməyib ayrılığa,
Axır getdi rəhmətə.
Yazıq ana-qaynanam
Nəvəsini görmədi.
Fələk insafsız oldu,
Bir ay möhlət vermədi.
Bir simsarım qalmamış
Bu uşaqdan savayı.
Bu da hədər gedərsə,
Zəhmət olar havayı.
Bir övladdır tək payım,
Bir də Vətən-torpağım!
Yanan atəşdir canım,
Mən necə danışmayım?
Müxalifəm dünyada
Silahların səsinə!
Sığınmaq istəmirəm
Kiminsə kölgəsinə!
Həkim, bağışla məni,
Tamam alovlanmışam!
Bir anatək indi mən
Sizi də çaşdırmışam!..

***
Hər zaman bu atəşi
İsti günəş sanmışam!
Hamıya bu günəşdən
Bir pay arzulamışam!..

III hissə. AZADLIĞIN CARÇISI

Mən dərdimi danışdım,
Hay salın, ay həkimlər!
Əl-ayağı şikəstlər
Əsgərə getməsinlər!
Mən dərdimi danışdım,
Qardaşlar, ay bacılar!
Təbiət zəhərlənir,
İnsanlardır günahkar!
Mən dərdimi danışdım,
Söyləyin, ey insanlar,
Azadlığı beşikdə
Nəyə görə boğurlar?!
Mən dərdimi danışdım,
Eşitsin bəşəriyyət:
Əldən gedir ədalət,
Hanı hüquqi dövlət?!
Mən dərdimi danışdım,
Ayağa qalx, ey millət!
Artıq qeyrət vaxtıdır,
Haqq işidir hürriyyət!
Mənim bu harayımı
Eşitsin bütün hamı!
Müstəmləkə qalaqmı,
Yoxsa, azad olaqmı?!
İndi Məhəmməd Əmin
Rəsulzadə kimilər
Lazımdır ki, bu xalqın
Haqqın tələb edələr…

***
Qarışıq bir zamanda
Yeni dövlət qurdular.
Zaman acı söz dedi,
Tərki-Vətən oldular.
İşğal olan dövlətin
Millətini bir daha
Zamana bağışlayıb
Tapşırdılar Allaha.
Qırmadan ümidlərin:
“Gün gələcək”-dedilər:
“Saxlayın bu bayrağı!”
Xalqa təhvil verdilər.
Çox götür-qoy etdilər,
Bəlli yolu seçdilər.
Səfər vaxtı millətə
Yön çevirib dedilər:
“Inanın ki, bu bayraq
Öz yerinə qalxacaq.
Parlament binasına
Əbədi sancılacaq!
Üçrəngli bayrağımız
Yenə dalğalanacaq!
Yenə bayraq bu xalqın
Başı üstə qalxacaq!”

***
Sözlərini deyənlər
Vətəni tərk etdilər.
Canlarını götürüb
Son ümidlə getdilər.
Nə qədər ziyalımız
Üzüldü birdən-birə,
Neçə canlar sıxıldı,
Göndərildi Sibirə.
Hüseyin Cavid kimi
“İblis”i anladanlar
Sizcə “vətən xaini”
Necə düşmən sayılar?

***
Mən dərdimi danışdım,
Razıyam söyün məni.
Ancaq yox olsun gərək
Cəmiyyətin düşməni!..

***
Danışdıqca ananın
Səsi göyə yüksəldi.
Bu ah-aman içində
Fəryadı dilə gəldi.
Xəyal köhlən at kimi
Çapdı onun könlünü.
Bircə an itirmədi
Həkim heç də özünü.
İlk köməklik eylədi,
Vəziyyəti düzəldi.
Hərarət düşən kimi
Uşaq özünə gəldi.

***
Artıq ötmüşdü illər,
Neçə aylar, fəsillər…
Ananın də içində
Yaşayırdı o günlər…

IV hissə. PARÇALANMIŞ VƏTƏN

Mən olanı danışdım,
Dinləyin, ey qardaşlar!
Birlikdədir gücümüz,
Birləşin, ey soydaşlar!
Xalqa layiq oğullar,
Bizdə çox ziyalı var!
Seçin xalqın içindən
Həqiqi deputatlar.
Haray salsın hər yana,
Azəri türk xalqı var!
Azərbaycan adında
Suveren dövlət də var!
Çağırıram mən sizi,
And verirəm, birləşin!
Biz Babək nəvəsiyik,
Yüz-yüz olun, minləşin!
El dərdindən danışın,
Dil dərdindən danışın!
Məftilləri sındırın,
Qardaşlara qarışın!
Haray çəkin hər yana,
Bütün Azərbaycana!
Xalqın azadlıq səsi
Yayılsın asimana!
Bakı, Təbriz, Ərdəbil
Hava yolu açılsın!
Xan Arazın üstündən
Min bir körpü salınsın!
Bu meydan indi dolub,
Hamı yenə mehriban,
Həmişə Təbriz olub
Azadlığa can atan!

***
Beş əsr bundan qabaq
Şahdan bizə bu torpaq,
Bir də ana dilimiz
Qalır, miras olaraq!
O zaman sərhədlərı
Bəyan idi cahana.
İsmayıl da şah idi
Bütöv Azərbaycana!
Haradan başlayırdı,
Harada qurtarıırdı,
Azərbaycan xalqını
Hamı da tanıyırdı!
Başı bəlalar çəkib
Bu müqəddəs torpağın.
Yağılar silkələyib
Tökdü bütün yarpağın.
Ruslar şimal tərəfdən
Qol-budağın qırdılar.
Farslar cənub tərəfdən
Ley kimi şığıdılar.
Sinəmizə çökdülər,
Şərik kimi böldülər.
“Gülüstan”da sazişi
Qanla möhürlədilər!
Bunlar az imiş kimi
Qane olmadı düşmən.
On beş il keçmədi ki,
Yenə bölündü Vətən!..
Yeni hücum, gedişlər,
Təzədən yeni şərtlər,
Yenidən Araz çayın
Qanlı sərhəd seçdilər.
“Türkmənçay”da sazişi
Yenidən bağladılar.
Təslimçilik aktına
Maddələr artırdılar.
Söz sahibi oldular
Rusun generalları.
Hətta İvan Baskeviç
Qorxudaraq farsları
Dedi: “Yaxşı düşünün!
Araz sayın aranı,
Şərtlərimlə söyünün,
Qaşımayın yaranı!
Əgər razı olmasaz,
Tərk etmərik buranı.
Beş gundə bəsimizdir,
Tytacağıq Tehranı.”

***
Beləcə imzalandı
“Sülh” adlı müqavilə.
Heç bir fərqi olmadı
Təslimçi bir Akt ilə.
Türkmənçayda sazişi
Yenidən bağladılar.
Təslimçilik aktına
Maddələr artırdılar.
Bir kağızla aldılar
Bu millətin canını.
Araza axıtdılar
Azərbaycan qanını!
İki yüz il ötüşüb
İndi həmin o gündən.
Ünvan həsrətə dönüb:
Bir millət, iki Vətən!
Başqadır indi dövran,
Qorxur çoxu qınaqdan.
Bəlkə, kömək eylədi
Bizə Ulu Yaradan?..
Avropada ölkələr
Bir araya gəldilər.
Varşavada bağlanan
Sazişə son verdilər.
Tam ayılıb millətlər,
Dəyişib düşüncələr.
Sərhədləri sökərək
Almanlar birləşdilər.
Siz də qalxın ayağa,
Vətəni qorumağa!
Ya qırılaq, ya da ki,
Sahib çıxaq torpağa!
Bu torpaq babalardan
Bizə qalan mirasdır!
Qorunub yağılardan,
Parçalanıb qalandır!
İttifaq parçalanır,
Zaman o zaman deyil!
Qılınc həmin qılıncdır,
Bilək o bilək deyil!
Bu son sözlər özü də,
Xətainin sözüdür!
Qılınc kimi sözü də
Döyüş üçün süngüdür!
Bu torpağın altı da,
Üstü də faydalıdır!
Bu, indiki məqamda
Qələbə olmalıdır!
Zaman bizi sınayır,
İndi qeyrət vaxtıdır!
Zəfər uzaqda deyil,
Bizə çox yaxındadır.
Rəbbim özü veribdir
Hər nə desək bizlərə.
Sahib çıxmaq gərəkdir
Bu gözəl nemətlərə!
Baxın, görün, yanacaq
Bütün Yer kürəsində
Möcüzələr yaradır
Səhralar sinəsində!
O susuz səhralarda
Ərəb əmirlikləri
Təkcə neftin gücünə
Yaratdılar nələri?!
Bağışlayarmı bizi,
Üz tuturam sizlərə,
Nəsə qoyub getməsək,
Gələcək nəsillərə?!
Xalqa tarix gərəkdir,
Öz xalqının tarixi!
Xalqa yazan gərəkdir,
Yazılmamış tarixi!
İlk əlifba dəyişdi,
Millətimiz kor oldu.
Son əlifba dəyişdi,
Tariximiz yox oldu.
Ancaq yenə qalırdı
Qobustanda qayalar.
Düşmənin gücü çatsa,
Onu aparardılar.
Bəsdir daha, yetmiş il
Əl çalırıq kimlərə?!
Xalqa rəhbər sayılan
Baş kəsən katiblərə!

***
Zəbt edildi, ayılın,
“Xarı bülbül” oylağı!
Azad edilsin gərək
Qarabağın torpağı!

***
“Qara göl”ü satdılar
Saxta qızıl pullara.
Canavara döndülər,
Cumdular insanlara.
Zəngəzurdan bir əsər,
Bir əlamət qalmadı!
Çox torpaqlar satıldı,
Heç kim yada salmadı!
Göyçə kimi mahaldan,
Doğulduğu torpaqdan
Qovdular insanları,
Bütün müsəlmanları!
Tülkü kimi hiyləgər,
Ağlayan ermənilər,
Parisdə görüşdülər,
Sonra da birləşdilər.
Mişa, şahnazarovlar,
Erməni balayanlar
Bir yerə yığışdılar,
Saziş də bağladılar.
Bir yalançı qondarma
Komitə yaratdılar.
Türmədəki daşnağa
Mandat da uzatdılar!
Haray-həşir saldılar,
Terrora başladılar.
Topxanadan başlayıb,
Hər yeri dağıtdılar!
“Qarabağ” üzük qaşı-
Partladıldı hər daşı!
Bizim Ali Sovet də
Qoydu ora “külbaş”ı!
Hərbiləşdi vəziyyət,
Təhqir olundu millət!
Bir soruşan olmadı
Kim törətdi cinayət?!
Qovuldu neçə yüz min
İnsan öz torpağından!
Düşmən bayram eylədi
Qəhrəmanlıq adından!
Muzeylər dağıdıldı,
Məktəblər yandırıldı.
Məscidlər, abidələr
Görün kimlərə qaldı!
Bu gün, ya da sabahdan
Zaman sözün deyəcək!
Rusun ordusu burdan
Birdəfəlik gedəcək!
Bir daha belə fürsət
Çox çətin yetişəcək!
İndiki an hərəkət
Bizə çox şey verəcək!
Almaq olar tankları,
Hətta generalları.
Onların da içində
Az deyil tamahkarı!
Bir balaca “hörmət”ə
İçir, düşür “cənnətə”!..
Satırlar silahları
Ən aşağı qiymətə.
İndi özünüz deyin,
Sizə nə deməliyəm?
Ərənlərim sizsiniz,
Yenə də söyləyirəm:
Daşı-daşın üstünə,
Necə qoya bilərəm?!
Zəhmətimin bəhrəsi
Əgər mənə çatmasa?
Öz Ana torpağımda
Necə yata bilərəm
Bircə tikə torpağa
İxtiyarım çatmasa?!
Xəstələr çarpayıda
Necə sağala bilər?!
Tankların tırıltısı
Küçələrdə susmasa!
Üçrəngli bayrağımı
Necə tuta bilərəm?!
Mənim öz ana dilim
Milli dilim olmasa?!
Onsuz da, az qalıbdı
Vaxtına İttifaqın!
Bu rejim getməlidir,
Arzusudur xalqların!
Bu kommunist rejimi
Özünü doğrultmadı!
Xalqların hüquqların
Bərabər paylamadı!
Bu kabus yetmiş ildir
Ayaqdadır, fırlanır!
İndi sonu yetişib,
Başı qalmaqaldadır!
İnşallah, dağılacaq
Sovetlər İttifaqı!
Ölkələr ayrılacaq,
Yenidən qurulacaq!
Bilin, asan olmayan
Bir çətin məsələ var:
-Ayılar qan tökəcək,
Bilin, hazırlaşırlar!
Çox çətindir, çox da dar,
Bir nicat yolumuz var.
Birgə götür-qoy edin,
Özünüz verin qərar.
Siyasi qiymət verin,
Xalqa atılan daşa
Xalq özü qərar versin
Bu gedişə birbaşa.
Xalqa atılan bu daş
Qarabağın daşıdır.
Daşı ruslar atırlar,
Xaçpərəst savaşıdır.
Bəlkə də əksinədir,
Siyasi məsələdir?
Erməninin adı var,
Ruslar bu niyyətdədir?”


Azadlıq meydanına
Toplaşan insanların
Qəribədir çoxuna
Fikri danışanların.

***
Bu möhtəşəm izdiham
Bir xalq hərəkatıdır!
Xalqın hakimiyyətə
Son nifrət məqamıdır!
İnsan axır meydana,
Hər dəqiqə çoxalır.
Təşkilati baxımdan
Komitə geri qalır.

***
Müstəqillik eşqini
Ürəyində daşıyan
Milləti meydanlara,
Özü səslədi zaman.
Xudu Bəy arzusunu
Ötürsə də gənclərə,
Müstəqillik aktına
Yetişmədi son kərə.
Təəssüf ki, bu günü,
Görə bilmədi Xudu!..
İnsanlarla silahlar
Yenə üz-üzə durdu.
Ziya Bunyadovçular,
Bütün müsavatçılar,
Sağçılar və solçular,
Hətta sadə xalqçılar
Güc alaraq millətdən
Bir araya gəldilər.
Haqq yolunu seçdilər:
“Azad olaq!” dedilər.
Dünyaya bəyan edib
Öz müstəqil dövlətin,
Qarşısını aldılar
Axıb gedən sərvətin.
Zaman çəkdi sınağa
Gecə-gündüz milləti.
Nəhayət ki, qan ilə
Yudular məşəqqəti.
Əsgər silah əlində,
Hər nəyi var belində.
Xalqa meydan oxuyur,
Meydan özü nə gündə?
Hər tərəfdən meydanı
Diqqətdə saxlayırlar.
Hər bir gələn insanı
Yerində yoxlayırlar.
Yaranmış vəziyyəti
Düşmən hər an izləyir.
Görəsən, bu milləti
Daha nələr gözləyir?
Hər gələn sözün deyir,
Kömək etmək istəyir.
Necə dövlət qurmalı?
-Hərə bir söz söyləyir.
Bu meydanda adı çox
Hallanan oğulların ,
Zəhməti çox, sözü çox
Bayraq qaldıranların.
Hamı üçün əzizdir,
Vicdanı da təmizdir.
Özü BAB-ın rəhbəri,
Milli liderimizdir!
Əbülfəz Elçibəyin
Üzü xalqın üzüdür.
Arzusu saf diləyin,
Azadlığın özüdür!
Özü ucadan baxan
Azadlığın rəmzidir.
Harayıyla lal axan
Sel-insan dənizidir.
Araz kimi dərdi var
Açılmayan səhərin:
-Gözləri yolda qalıb
Təbriz kimi şəhərin.
Millət dilin unudur,
Körpələrin dilində
Analar borclu qalır
Şəhriyarın önündə.
Elçibəyin sözüdür
Xalqa əsl ruh verən.
Bilin, onun gözüdür
Azadlığı düz görən.
Saf su kimi saflığı,
Bir ümmandır varlığı.
Onun can istəyidir
Bu xalqın Azadlığı!

***
Xəlilin şeirləri-
Tək”Otuz yeddi”ləri
Bir şüara dönübdür:
“Silahlan” dedikləri.

***
İttifaqdan ayrılmaq,
Dövlət qurub tanıtmaq,
Deyirəm, hamı bilsin,
Sizə asan gəlməsin.
Azadlıq savaşında
Düşmən ocaq başında.
Kim buraxar köləsin,
Atar yağlı tikəsin?!
Amandır, yalvarıram,
Sonda haraylayıram,
Biganə qalmaq olmaz,
Hamını çağırıram:
Meydana tez yetişin!
Şahmatdakı oyunun
Son gedişi qalıbdır.
Bir məni də eşidin!
Belə asan saymayın
Xalq saxlayan bayrağı,
Əli yalın saxlayıb
Bax bu qədər torpağı.
Min oyunla düşmənə
Damızdırıb dadını,
Qara rəngli sərvətin
Qoruyubdu adını.
Əsas şimal tərəflə
İşlədərək “dostluğu”,
Hər an ortaya çəkib
Əvəzsiz qonşuluğu.
Öz neftini bu millət
Gizli saxladı fəqət.
Neçə ildir dözmüşük,
Allah veribdi fürsət…

***
Mən oğul istəyirəm,
Vəziyyəti düzəltsin!
Heydər kimi oğullar,
İndi köməyə gəlsin!

***
Rəqabətsiz bilinən,
Rəqib kimi görünən,
Millət kimi öyünən
Azərbaycana gəlsin!
Sirli dünyanı görən,
Məntiqlə qala hörən,
Xalqına ümid verən,
Peşəkar olan gəlsin!
Güclü gedişlər bilən,
Acı baxışla gülən,
Rəqibləri tam silən
Bir Vətən oğlu gəlsin!
Çəksin söz qılıncını,
Sərkərdəlik eyləsin!
Yolundan azanları
Yaxşıca kötəkləsin!
Ön cəbhədə dayanıb,
Qərarlar xəlbirləsin!
Vətən tələb edərsə,
Lap döyüşə səsləsin!

***
Var daxili dərdimiz,
“Rüşvət” adlı müjdəmiz.
Bu paydan uzaqlaşın,
Baş tutsun niyyətimiz!
Halal təməl üstündə
Qurulsun dövlətimiz!
Təmin olsun həyatda
Azad gələcəyimiz!

***
Niyə çıxmayır səsin,
Haralarda qalmısan?!
Xalqın səni gözləyir,
Nə vaxtı qayıdırsan?!
İttifaq tam dağılır,
Vətənin dar anıdır!
Millət əlində çıraq,
Ümid yeri canıdır!
Nədir o Moskvada,
Oturmusan orada?
Bilirsənmi burada,
Başsız qalıb Bakı da?
Mişadan tez uzaqlaş,
Ondan bizə nə qardaş?!
Ruslar özü marş çalır,
Dağılır yavaş-yavaş.
Qul olmaq yetər artıq,
Çoxu zəncirlə qaçır!
Zənçirləri qırmağa
Hamı fürsət axtarır!
Gündə yeni xəbərlər,
Ölkədə çəkişmələr,
Ermənilər qalxıbdı,
Çətinləşib döngələr!
Rusun qəlbinə girən
Tülkü kimi baş qatır!
Namusun əldən verən
Qarabağa can atır!
Millət Sizi səsləyir,
Səsimizə səs verin!
Vətən Sizi gözləyir,
Azərbaycana gəlin!
Çürüyübdü qandallar,
Açılıbdı buxovlar!
Bu savaşda ölkənin
Azərbaycan xalqı var!

***
Azadlıq meydanında
Azadlıq aşiqləri
“Azadlıq” ver,”Azadlıq!”
Deyir bu kəlmələri…

***
Bir gün azad yaşamaq
Yüz illik ömrə dəyər!
Kölə kimi qul olsaq,
Min ömür hədər gedər!..

V hissə. MÜQƏDDƏS AND YERİMİZ

Yanvar ayıdır, həmən
Qar ələyir dünəndən.
Neçə illər keçibdi
O dəhşətli gecədən…
Yenidən doğan səhər
Şəfəq saçırdı hərdən.
Baba donub qalmışdı,
Baxırdı pəncərədən.
Xatırlayaraq ötən
Qanlı gecəni dünən,
Elə bil yatmamışdı
Axşamdan səhərəcən.
Bayırda qar yağırdı,
Yağdıqca çoxalırdı.
Uşaqlar da sevinclə
Qartopu oynayırdı.
Hər il olduğu kimi,
Yanvar faciəsini
Yada salaraq baba,
Səslədi nəvəsini.
Asta tutub əlindən,
Dedi:-Oğlum, gəl gedək,
Uyuyan şəhidlərin
Biz də keçək önündən.
Bu gün”Qanlı Yanvar”ın
Anım mərasimidir.
Hamı ziyarət üçün
Oradan keçməlidir.
Hər il neçə min nəfər
Əlində qərənfillər
Yad eyləyir onları,
Orda uyuyanları.
“Qanlı Yanvar”zamanı
Axan şəhidlər qanı
Hər damla bir qərənfil-
Bürümüşdü hər yanı.
Bilirsənmi, ay oğul,
Elə həmin o gündən
Ad gününə aparmır
Kimsə pay qərənfildən.
Hər insan qərənfili
Bir damla qan sanırdı.
Hər məzarda qərənfil,
Bir də şəhid yatırdı.

***
Qərənfillər həmin gün
Yağış kimi yağırdı.
Bir vətəndaş bunları
Bax belə ağlayırdı:
Sol əlində qərənfil,
Sanki layla çalırdı.
Sağ əlində bir qələm,
Dizi üstə yazırdı:

***
Yağdın damla-damla,
sən yana-yana
Canlı buludlardan
al qərənfilim!
Düzüldün xalıtək
sən xiyabana-
Hər biri bir damla,
xal, qərənfilim!
Bir amal yolunda
gedənlərimə,
Əbədi yaşayan
ölənlərimə,
Bircə sən pay oldun
Şəhidlərimə!..
Nə ağ, nə də sarı,
al qərənfilim.
Çatışmır imkanın
çöldə bitəsən…
Özün bir nazənin
nazlı çiçəksən.
İndi ayaq altda
səpələnmisən-
Ellərin göz yaşı,
lal qərənfilim.
Sən ana əlində
gedirsən hara,
Rəngi al qırmızı,
ey bəxti qara?!
Ana sarıldığı
soyuq məzara
Sən ana laylası
çal, qərənfilim!
Bizləri harayla
Qələbələrə,
Pay oldun burada
əyilməzlərə.
Bəzədiyin yerə-
müqəddəs yerə
Boylanıb bir nəzər
sal, qərənfilim…

***
Gedək biz də gül alaq,
Ancaq al qərənfillər.
Orda yatan şəhidlər
Yalnız onu sevirlər.

***
Bir dəstə gül aldılar,
Şəhərə yollandılar.
İzdiham çox möhtəşəm,
Axışırdı adamlar.
Cərgədə məktəblilər,
Bir yanda tələbələr,
Əllərində qərənfil
Bütün ali məktəblər…
Əsgərlər, generallar,
Əksər ali qurumlar;
Ahıl nənə, babalar,
Neçə saysız qonaqlar,
Dövlətin rəhbərləri,
Ölkə səfirlikləri,
Qolunda çəlikləri,
Qarabağ əlilləri.
İnsanlar axışırdı
Sel kimi Xiyabana:
Son anda qarışırdı
Yaranan izdihama.
Baba-nəvə gəldilər,
Çatdılar Xiyabana.
Sıralandı cərgələr,
Düzüldülər yan-yana.
Dəstə-dəstə keçdilər,
Dualar söylədilər.
Hər məzara qərənfil
Qoyaraq baş əydilər.
Neçə-neçə cavanlar,
Üzü nurlu qocalar,
Hətta şagird Larisa
Yan-yana yatırdılar.
Qara daşda simalar,
Üstündə adları var.
Bir Şəhidin yatdığı
Şəkilsiz məzar da var.
Azadlıq istəyənlər,
Canın fəda edənlər
Qərənfildən pay alıb,
Uyuyurdu Şəhidlər.
Tam ziyarət etdilər,
Son məzara yetdilər.
Elə bil danışırdı
Daşlardakı şəkillər…
Abidəyə çatdılar,
Bir anlıq dayandılar.
Elə bu an Xəzərdə
Gəmilər fit çaldılar.
Burada yanan məşəl
Fasiləsiz yanırdı.
Məşəlin yanmağında
Hər şey xatırlanırdı.
Bu abidə rəmzidir
Şəhidlik sevənlərə.
Təsəlli məkanıdır
Şəhid yad edənlərə.
Bakıda bu Xiyaban
Xatırlanır hər zaman.
Bütün Bakı görsənir
Şəhidlərin yanından…
Rəhmətlik Ulu Öndər
Qonaqları gətirər,
Həm ziyarət edərdi,
Həm də sözün deyərdi.
Göstərərdi xalqının
Günahsız qurbanların.
Anladardı bir daha
Azadlığın yolların.
Səfirlər bu arada
Sırayla düzülərdi.
Hamı bir-bir Babaya
Hüzürhaxlıq edərdi.
Bil ki, Heydər babanın
Tarixdə öz yeri var.
Onun haqq əməlləri
Qaldı bizə yadigar.

***
Qanı axıdılanlar,
Şəhid yatan bu dağın-
Özləri boyadılar
Azərbaycan bayrağın!
Bir tarix yaratdılar,
Yazdılar bu daşlara.
Azad bir yol açdılar
Yerində qalanlara.

***
Nəvə tutub babanın
Titrəyən əllərindən,
Bildirdi geniş danış
Qırğını tam əzəldən.
Bu sözləri eşidən
Baba sıxıldı həmən.
Danışmağa başladı
O dəhşətli gecədən.

***
Deyirlər ki, şəhidlik
Əl çatmayan zirvədir!
Torpaq -onun uğrunda
Ölən varsa, Vətəndir!

VI hissə. QANLI YANVAR

O gecə hamı gördü
Qanla dolu meydanı.
Orda olan insanlar
Unutmayır o anı.
O dəhşətli tankların,
Zirehli maşınların
Qarşısına çıxdılar,
Küçələrdə qalanlar.
Əli yalın insanlar,
Dalanlarda olanlar,
Əllərin qızdırmağa
Ocaq da yandırdılar.
Xalq etiraz edirdi,
Fikrini bildirirdi.
Xalqın azadlıq səsi
Rusa sərf eləmirdi.
Ruslar deyirdi, ancaq
Qırılsa da bütün xalq,
Bu torpaq yağlı tikə-
Azadlıq olmayacaq.
Neçə yüz min xüsusi
Qoşun da gətirdilər.
Hətta dəniz tərəfdən
Şəhərə yeritdilər.
Küçələri tutdular,
Yolları bağladılar.
Şəhəri hər tərəfdən
Tam dövrəyə aldılar.
Şəhər düşmən əliylə
Qərq oldu qaranlığa.
İnsanlar başladılar
Küçələrə axmağa.
Donduruldu mətbuat,
Səpələndi camaat.
Yaşandı küçələrdə
Təşviş dolu bir həyat.
Mətbəələr tutuldu,
Qəzet çapı dayandı.
Radio kanalları
Qara günə boyandı.
Studyanı tutdular,
Yayımı saxladılar.
Cəsuslar hiylə qurub
Bloku partlatdılar.
Azadlıq istəyənlər
Bir araya gəldilər.
“Azadlıq” radiosunu
Ümid yeri seçdilər.
Çoxu ocaq başında,
Radio yanlarında,
Xəbər başlayan kimi
Cəm olurdu bir anda.
Əllərini qaldırıb
Əl-ələ tuturdular.
Sakit qulaq asaraq
Məlumat alırdılar.
Bəstəkarın nəğməsi,
Uverturanın səsi,
“Koroğlu”nun nərəsi,
Haray səsiydi səsi!
Üzeyir bəy bu qədər
Bəsləyib gözəl əsər!
Mənim üçün o andan
“Koroğlu”dur şah əsər!

***
Sanki doğurdu günəş
Çalınanda bu əsər!
Bu səsdən yetişirdi
Vətən üçün Şəhidlər!

***
Mən canlı şahidiyəm
O müdhiş gecələrin.
Bu bir sınaq anıydı
Şəhidlik sevənlərin.
“Azadlıq” radiosu
Nə varsa şərh edirdi.
Mirzə Xəzər dünyaya
Tez-tez xəbər verirdi.
Heç kim inanmırdı ki,
Qoşun hücum edəcək.
Dövlət öz vətəndaşın
Avtomatla biçəcək.
Xalq geri çəkilmədi,
Getmədi heç bir yana.
“Vətən!”,”torpaq!”deyərək
Qıydılar şirin cana.
Təpədən dırnağacan
Silahlanmış dəstələr
Silahsız insanları
Bir anda öldürdülər.
Qoca, cavan əzdilər,
Çoxunu gizlətdilər.
Qan içənlər cəsədin
Hamısın vermədilər!


Məktəbli -partasında,
Alim -arabasında,
Atəşlə susduruldu
Çoxu -öz komasında.

***
Ağ bayraq ucalsa da,
Məhəl qoyan olmadı!
Haray-həşir qopsa da,
Ruslar buna baxmadı!
Hamı qalmışdı darda,
Yardım maşınları da
Yaralı daşınırdı
Güllələr yağışında.
Tanınmaz oldu şəhər-
Küçələrdə cəsədlər!
Hətta xəstəxanada
İşığı söndürdülər…
Planı əvvəlcədən
Hazırlamışdı düşmən.
Nəzarətə almışdı
Şəhəri hər tərəfdən.
Hərbiçi generallar
Məxvi plan cızdılar.
Şəhərin mərkəzində
Qərargah yaratdılar.
İstədikləri yerdə
Basqılar apardılar.
Şəhərin cəllad kimi
Ürəyini yardılar.
Allah, gör bu nə işdi,
Bu nə bəla, gəlişdi?!
Yetmiş il qardaş olan
Simasını dəyişdi!
Əmr verdi Qorbaçov,
Bakıya gəldi Yazov.
Hərbiləşdi vəziyyət,
Təhqir olundu millət.
Tapşırıqlar verildi,
Yeni plan seçildi,
Küçələrə zirehli
Texnika yeridildi.
Hər yanda qara xəbər,
Hər küçədə cəsədlər…
Millət donub qalmışdı,
Başsız qalmışdı şəhər.
Hamı kədər içində,
Al qərənfil əlində.
Meydana axışırdı
Bakının kəndləri də.
Ağır idi dərdimiz,
Yox idi rəhbərimiz.
Yükün altına girdi
Allahşükür -Şeyximiz.
İş nə yerdə olduğun
O, vaxtında anladı.
Fikrini bəyan edib,
Mövqeyini saxladı.
Şeyximiz Bakatini,
Yazovu da danladı.
O qədər danladı ki,
Deməyə söz qalmadı.
Dedi: “Yazığım gəlir,
Siz insan deyilsiniz!
O böyük siyasətin
Özünüz düşmənisiz!”
Böyük bir namə yazdı,
Göndərdi Qorbaçova:
“Bil ki, sən də İnşaallah,
Gedəcəksən torpağa.
Günahsız şəhid qanı
Bu millətin qanıdır!
Bu tarixi cinayət
Sənin ayağındadır!..
Bu namə, bir bəyanat,
Xalqımın cavabıdır!
Ey əli qanlı cəllad!
Bəs vicdanın hardadır?!
Məlumdur niyyətiniz,
Dünya bilir kimsiniz!
Tək bizə yox, çoxuna
Cəllad kəsilmisiniz!..”

***
Düşmən hey çalışırdı
Şeyxi də aldatmağa.
Ona imkan yaradıb
Çəkirdilər qabağa.
İslamçılıq sözünü
Ataraq ortalığa
İstədilər bu yolla
Həqiqəti danmağa…
Basqı, tutqu, həbslər-
At oynatdı düşmənlər.
Nə qədər işgəncələr-
Xalq dözdü sona qədər.
Çox çalışdı hiyləgər,
Nələr etmədi, nələr?
Yaralılar bir yana,
Bəs bu qədər Şəhidlər?!
-Şeyx rusun hiyləsini
Əvvəlcədən bilirdi.
Rədd edib təklifləri,
Çox sərt cavab verirdi.
Kəskin nifrət, qəzəblə
Şərt kəsdi düşmən ilə.
Dedilər: -Şərti söylə!
Dedi: -Budur məsələ:
Qan tökən sizinkidir!
Ölənlər bizimkidir!
Cinayət sizinkidir!
Şəhidlər bizimkidir!
Bilirsiz nə gündəyik?!
Biz matəm içindəyik!
Günahsız şəhidləri
Torpağa verməliyik!
Sizlə budur şərtimiz:
Ya çıxıb getməlisiz,
Ya da dediklərimə
Tam əməl etməlisiz!
Bir dənə də əsgərin
Bizə yaxın gəlməsin!
Qırx gün matəm olacaq,
Gözə də görünməsin!
-Elin din adamları,
Ziyalı insanları
Gəldi Şeyxin yanına,
Dayaq oldular ona.
Bu izdihamda nələr,
Göz yaşları nə qədər!
Milyonların əlində
Ancaq al qərənfillər.
Bu matəmin kədəri
Bürümüşdü şəhəri.
Yola salırdı hamı
Günahsız Şəhidləri.
Ağsaqqallar birlikdə
Dağüstü parka gəldi.
Hamı bir nəfər kimi
Bax, bu yeri bəyəndi.
Məzarlığa baxdılar,
Birgə qərarlaşdılar.
Hamı gəldi meydana,
Bir yerə yığışdılar.
Tabutlar gətirildi
Azadlıq meydanına.
Al qərənfil səpildi
Hər Şəhidin yoluna.
Düzüldü cənazələr
Bir-birinin yanına.
Dualar söylədilər
Şəhidlərin ruhuna.
Şeyx özü də ağladı,
Nitqi yarıda qaldı.
Göz yaşları içində
Fikrini tamamladı…

***
Qəlbi qana boyandı
Torpağın da, daşın da.
Şəhidlik bir zirvədir,
Fərqi yoxdur yaşın da!

***
Kimsə deyən olmadı,
Mənə dəymədi güllə.
Çünki hamı dayandı,
Üz-üzəydi ölümlə.
Tabutlar qaldırıldı,
Karvan yola salındı.
Birbaşa cənazələr
Bax, buraya daşındı.
Azadlıq meydanından
Dağüstü parka qədər.
Bir kimsə ayrılmadan
Gəldilər bura qədər…

***
Dəfn olundu Şəhidlər
Bu gördüyün zirvədə.
Şəhid yazan bu tarix
Unudulmaz heç vədə.

***
Şəhidlər basdırıldı,
Torpağa tapşırıldı.
Şəhidlər Xiyabanı
Burada yaradıldı.

***
Qanlı Yanvar zamanı
Axan şəhidlər qanı
Azadlığa çıxardı
O qan Azərbaycanı!..

Epiloq

Neçə nəğmə yarandı
Anaların dilində,
Heykəllər sıralandı
Heykəltəraş əlində!
Çox şairlər yazdılar,
Əsərlər yaratdılar,
Hətta əsərlərinə
Göz yaşı da qatdılar!
O vaxtdan qərənfilə
“Şəhid” adı verdilər.
Elə becərdilər ki,
Yanvar ayı dərdilər.
İlin yanvar ayında,
Fərqli naxış sayında
Gül xalçalar toxundu,
Hər Şəhidin yanında.
Qərənfildən ilmələr,
Hər ilmədə bax nələr…
Bu qədər al qərənfil
Hər yanı bəzədilər.
İlk dəfə şəkil çəkən
Ən balaca körpələr
Albomunu açarkən
Al qərənfil çəkdilər.

***
Ey Şəhidim, yenə sən
Bu gün ürəklərdəsən!
Ötsə zaman, min illər,
Hər vədə bizimləsən!
Gah ölkə oldu al-qan,
Bölünərkən üzüldün!
Bəzən adın oldu can,
Xiyabana düzüldün!
Torpağın oldu al-qan,
Artdı məzar daşların!
Sanki azad oldu can,
Axdı sevinc yaşların!
Ey canlı Azərbaycan!
Ey şanlı Azərbaycan!..

Son.