QARĞALARIN SÖHBƏTİ


(Hekayə)

 “COVİD – 19” silsiləsindən

Əzizağa ELSEVƏR

         Pəncərənin ağzına qonub “qarr!.. qarr-r!..” – salıb qışqırışan iki qarğanın xoşagəlməz, qulaqbatırıcı səsindən Bəhruz kişi yatağında  qurcalandı. Başını basdırıb, gözlərini bərk-bərk yumsa da, daha  yata bilmədi ki, bilmədi. O, uşaqlıqdan dağda-daşda böyüdüyündən hər otun-ələfin sirrini, quşların da dilini öyrənmişdi. Kənddə olanda bu vaxtlar həmişə yuxudan durar, gecədən otların mirvari kimi gərdəninə düzülən şeh damcıları ilə qabarlı əllərini yuyub üz-gözünə çəkər, dan yerindən boylanan günəşə sarı üzünü tutub, dodaqlarının altında pıçıldaya-pıçıldaya verdiyi bu gözəlliklərə görə tanrısına min kərə şükür edərdi. Mal-qaranı örüşə ötürüb ağacların diblərini belləyərdi. Vəri açar, suyu kartof, soğan ləklərinə axıdardı. Toyuq-cücəyə dən verən Ağcaya kömək edər, samovarın gözünə köz salar, yaxşı bir süfrə açıb eyvanda oturardılar. Halal süfrələrində nə yox idi? Uca Tanrının onlara verdiyindən hər şey var idi: təmiz nehrə yağı, üztu tmuş motal pendiri, şoru,  öz həyətlərindəki pətəkdən kəsdikləri beçə balı. Qaymaqlı, kəkotulu çayın, südün ətri adamı iştaha gətirərdi. Uzaqda uzanıb gedən başı qarlı Burovar dağlarına  baxa-baxa yeyib-içər, deyə-gülə səhəri axşam edərdilər. Ağcanın çörəyinə çörək çatmazdı. Zalımın qızı necə bişirərdisə, qonum-qonşu tərifləməkdən doymazdı. Təndiri qalayanda, divara yapdığı kündə qızardıqca yumurtalı, zəfəranlı ayranın xoş ətri bağı-baxçanı vurar, tox olsan da, o ətirdən məst olub, bir tikə o çörəkdən dadmamaq günah olardı. O nə ətri idi, Allahım, bəlkə də cənnət qoxusu idi.

Ağca Bəhruz kişi üçün hər  şeyidi. Varı- dövləti, bər-bəzəyi, evinin zinəti, yaraşığı idi Ağca. Üç uşaq böyütmüşdülər yuvalarında. Ev-eşik sahibi etmişdilər. Diplom alandan sonara şəhər dəlisi olub, qutu-qutu daş evlərə sığınmışdılar. Onlar  kəndin yolunu unutmuş, getdikləri o yollarda daşlar, qayalar da mamırlamışdı. Ancaq nə danaq, övladları siz deyən qədər də nankor, pis deyildilər. Gecə-gündüz telefonda başların adolanar, nəvələrinin telefonda üzündən öpər, gülümsər çöhrəsinə, baba-nənə deyən şirin-şəkər səsinə azqala qurban gedərdilər. Babayla  nənə kənd sovqatından, onlar isə şəhər geyim-keçimindən göndərərdilər. Hələ xərclik də yollayardılar. Belə olanda inciyərdilər də onlardan. Xərclik nələrinə lazım idi. Elə aldıqları təqaüd özlərinə çatardı. Hara xərcləyəsi idilər ki, üçdə alacaqları, beşdə verəcəkləri də yox idi. İndi Ağcanın yoxluğu hər şeyin dadını-duzunu qaçırtmışdı. Elə bil Bəhruz kişinin həyatının mənasını, xoş günlərini dəözüylə aparmışdı. Qəbrinin üstündə çiçək  də, ot da bitdi. Hər gün o qəbirin başına dolanmaqdan bezmədi. Boynubükük bənövşəni çox sevərdi Ağca. Nərgizgülü, bənövşə boy verəndə qom-qom, büküm-büküm yığıb qəbrinin üstünə aparardı Bəhruz. Çöməltməz oturub xəyalən Ağcayla danışar, ötən günləri xatırlayıb geri dönərdi. Soyuq, kimsəsiz ev başına fırlanar, həyət-bacada ölüsü kut onu sanki məngənəyə salıb sıxardı. Uşaqları, insafən həmin vaxtlarda şəhəri kəndə yaxın etdilər. Hər iki gündən bir gəldilər-getdilər. Bağlama-bağlama ərzaq, geyim gətirdilər, gedəndə hələ onun bütöv bir ilinə bəs edəcək pul xərcliyi də qoydular. Hər gün, heç olmasa, beş kərə telefonda “Dədə, necəsən?!”- deyib sordular. Kənddə çox qala bilməzdilər, iş-güc adamı, vəzifə sahibi idilər. Adları-sanları vardı. Biri həkim, biri alim, biri dövlət adamı idi. Rayonun başbilənləri onların bircə zənginə əl-ayağa düşər, gündə üç-dörd kərə Bəhruz kişinin halını soruşar, kənd xəstəxanasının baş həkimi tez-tez səhhətiylə, əhvali-ruhiyyəsiylə maraqlanardı. Qohumlar, qonşular, sağ olsunlar, biş-düş edib gətirərdilər. Ancaq evin istiliyi, doğmalığı sanki çatmırdı, Ağca aparmışdı onu da. Övladları, dilli-dilavər gəlinləri, şeytan nəvələri narahat idi, yanlarına aparmaq üçün dil tökürdülər, lap yalvarırdılar. “İstəyirsən, bir dəfəlik köç, şəhərə, yanımıza gəl! Hansımızın evi ürəyinə, canına yatırsa, orda qal, dədə!..” deyirdilər. Dil boğaza qoymur, boynunu qucaqlayıb üzündən öpə-öpə pərvanə kimi başına dolanırdılar. Axırda dilə tutub birtəhər razılaşdılar ki, qışı şəhərdə, onlarda keçirib, yazı-yayı kəndə qayıtsın.

         Hə raxşam Bəhruz kişi necə yatır, səhəri necə açırdı, bunu bir Allah bilirdi, bir də özü. Gecə elə bil o qaranlıq içinə çökür, içəridən xısın-xısın onu yeyirdi. Yuxudan tez-tez diksinib oyanır, əllərini qoynuna qoyub, baxışlarını bir nöqtəyə zilləməklə fikrində dünyanı əriş-arğa cedirdi. Pəncərədən həyətə boylanır, boş qalmış həyət-bacalarda bir insan axtarırdı. İnsan ümididi, işıq idi sanki onun üçün. Ancaq, deyəsən, o ümid də qırılmışdı, bir ins-cins də gözə görünmürdü, yiyəsiz itdən-pişikdənsa vayı. “ Evdəqal!” çağırışı bir xof salmışdı şəhərin canına. Ekranlar da bir tərəfdən od püskürürdü. Filan yerdə filan qədər… Dünya dağılırdı, göz görə-görə dağılırdı. İnsan övladına dünya darlıq edirdi. Ümidlər qırılır, qırılırdı. Bədbinlik, küsgünlük duman kimi şəhərin üstünə çökür, yağışa dönüb həyət-bacaya çilənirdi.

         Bəhruz kişi pəncərəyə yaxın gəlib qarğalara qulaq kəsildi. Nə danışırlar, nədən danışırlar bilmək istədi. Biri ala, biri qara qarğa idi, yan-yana oturmuşdular. Bəhruz kişiyə elə göründü ki, elə bil onlar da kədərli, fikirli idilər. Qarr-r!..Qar-rr!.. –eləyib qara qarğa dilləndi: – Bu nədir, nə sirdir, ala qarğa? Olmaya, dünya dağılır ?! Parklar, bağlar boşalıb, insanlar evlərə çəkilib, daha bizə daş atan, bizi yamsılayıb dodaq büzən də yoxdur. Zibil qabları da dolmur, çörək qırıqları da gözə dəymir. Əvvəllər bütöv çörəkləri, torba-torba yeməkləri də zibil qablarının dörd dövrəsin ətökərdilər. Utanmadan, çəkinmədən. Olmaya daha insanlar  barmaqlarını sorur, yemək-içməyi də unudur?

– Qarr-r!.. Qar-rr!.. Deyirlər, bəla gəlib!- deyə ala qarğa qanadlarını sinəsinə yüngülcə çırpa-çırpa cavab verdi: – Ağır bəla, can alan, gözə görünməz bəla. Kimin düşüncəsindən qopub, kimin başının altından çıxıb bilinmir. İndi cəzalandırmaq üçün hamı günah keçisi axtarır. Əl işdən soyuyub, bəd fikirlər hər gün qapıları döyür. “ Evdə qal!”- bu görəsən, nə qədər gedəcək? Bu , çox gedə bilməz! Çox getsə, evdəkiləri evdə, çöldəkiləri də çöldə qıracaqlar!..

– Bəs sonra, sonra nə olacaq? –deyə, qara qarğa səbrini boğa bilməyib soruşdu. Sonra eyni çılğınlıqla da ayaqlarını pəncərənin ağzındakı taxtaya çırpa-çırpa:- Hər şey bizə qalacaqmı?!..-dedi.

– Bəs nə bilmişdin, qara qarğa! Eşitməmisən ki, ev, yurd sahibsiz qalanda qurd-quş çoxalar, qarğa- quzğunlar da dil açıb danışar?!..

– Ona görə də deyirlər: “ Üç yüz il boz qarğaya, yüz il Loğmana düşdü? “

– Boş söhbətdir, qara qarğa! İnsanlar təsəlli tapmaq üçün uydurublar. Üç yüz il yaşasaydıq nə dərdimiz vardı ki?!

– Gedək, ala qarğa, gedək! Düzü dünya bizimdir. Uç nə qədər istəyirsən, rahat uç! Daş atanın, kiş deyənin, ürəyinə toxunanın  daha yoxdur. Bəni Adəm övladı indi bir-birini silahsız qırır, evdə oturdub ayaq üstə çürüdür, ehtiyac nə olduğunu düşünməyə vadar edir. Bəs bu təbiət gözəlliyi ilə onlara verilməmişdimi?! Dağlar ucalığı, dərələr dərinliyi, çaylar sularının şırıltısı, bulaqlar pıçıltısı ilə onlara bəs etmirdimi?! Uca yaradan düzlərə, göz işlədikcə uzanıb gedən çöllərə güllərdən xalı sərməmişdimi? Quşlar dan yerini söküb üfüqdən günəş boylananda onların səhərini xoş sürudları, şərqiləri ilə salamlamırdımı? Gecə şehləri otların, çiçəklərin yaxasına mirvari kimi səpilib qızılı günəş şəfəqləri ilə onlara min sehr yaratmırdımı?! Daş atdıqları, kiş dedikləri quşlar onların yaratdıqlarını məhv etmək istəyən cücülərdən, böcəklərdən qorumurdumu? Yenəmi deyim, gör hələ sadalamalı, sadalamadıqlarım nə qədər var?! Niyə, niyə insan övladı bunların qədrini bilmədi? Nankorluq etdimi, yox!.. yox!.. ağlını itirdi, şeytana uydu. Düz yolunu qoyub, əyriyə sarı getdi. Gedək, gedək , ala qarğa!..

– Gedək, hara gedək, qara qarğa, insansız viranəliklərəmi gedək?! Axı çöllər də, düzü-dünya da onlarsız darıxır, biz darıxan kimi…

Bəhruz kişi asta-asta pəncərənin qabağından arxaya çəkilib çarpayısında oturdu. Elə bil çiyinlərindən ağır yük asılmışdı. Güclə nəfəs alırdı. Dünya sanki dərdləriylə ürəyinə sığmışdı. Bir şımşək çaxmasına bənd olan səma kimi, bulud kimi damla-damla, dolu-dolu tökülməyə hazır idi. Xatirələr oyalanmışdı, durna qatarı kimi köçüb gəlirdi. Əlləri ilə üzünü qapayıb sakit-sakit, həzin-həzin ağladı. Ürəyi boşalıncaya qədər ağladı. Uşaqları ağladığını bilməsinlər deyə, əl-üzünü yuyub, şkafdan asdığı paltarını geydi.

  • A bala, ay gəlin, ay qızım!- deyib gəlinini çağırdı.

Həyat yoldaşını işə təzəcə yola salmış Afaq xanım Bəhruz kişinin yatdığı otağa yaxınlaşa-yaxınlaşa: -Gəldim, dədə, gəldim! –dedi. Qapını döyməyə macal tapmamış qapı onun üzünə açıldı. Bəhruz kişini kostyumda görüb təəccübləndi.

  • A bala, ay qızım, o çantamı mənə gətirsənə!
  • Səhərin gözü açılmamış xeyir ola, ay dədə, çanta nəyinə lazımdır?

– Gedirəm, ay qızım, öz evimə gedirəm.-dedi Bəhruz kişi. Daha qarğaların dediklərini xatırlatmadı. Xatırlatsaydı, gəlini, onsuz da, ona inanmayacaq, ürəyində “ Kişi, deyəsən, xərifləyib axı?!”- deyə düşünəcəkdi.

– Bu ev sənin deyilmi, ay dədə? Olmaya sənin xətrinə dəymişik, qurbanın olum?! Axı həmişə səni böyüyüm bilmişəm. Atamı itirəndən , uşaqlıqdan ata qayğısının nə olduğunu bilməmişəm, o qayğının nə olduğunu səndən öyrənmişəm!..- qəhər onu boğduğundan daha danışa bilmədi gəlin. Susdu, göz yaşları yanaqlarını islatdı.

Afaq uşaq yaşlarında ata-anasını itirib, baba-nənə himayəsində böyümüşdü. Atası diplomat idi, təyyarə qəzasında dünyalarını dəyişmişdilər. Həmin gün beş yaşlı Afaq da onlarla gedəcəkdi. Ancaq xəstələndiyindən, “ Qoy sağalsın, sonra gəlib apararsınız!”- deyən babasının təkidiylə evdə qalmışdı. Kim bilir, bəlkə tale belə yazmışdı. Ömür dənəsi hələ bitməmişdi.Göyərməli, günəşə sarı boy atmalı idi. Fəxriylə də oxuduqları universitetin hüquq fakültəsində tanış olmuşdular. Fəxrigilin ailəsinə ilk gündən ürəyi qızmış, o ailəyə gəlin yox, lap doğma bir övlad olmuşdu. Ağca anası, Bəhruz da atası olmuşdu. Ata-ana sevgisinin nə olduğunu onlardan görmüşdü.

– Qadağa saatları qoyulub, yaşlı adamlar küçəyə çıxa bilməz, dədə! İndi nəqliyyat da yoxdur, necə gedəcəksən? Bir də, ayıbdır, ay dədə! Bərk ayaqda deməzlər ki, haa qocaya da sahib çıxa bilmədiniz?!

– Gedəcəm, qızım, üz vurma, nəqliyyat olmasa da gedəcəm! Lazım gəlsə, lap dizin- dizin sürünüb gedəcəm. Sən məndən narahat olma, qızım, hələ canım suludur, ayağım yer tutur.

– Onda, ay dədə, oğlunuza mən nə deyəcəm? Məndən inciməyəcəkmi? Dövlət adamıdır, sabah küçədə saxlasalar onun haqqında nə düşünərlər? Deməzlər ki, haa… bir qoca dədəsinə sahib çıxmayan, dövlətəmi sahib çıxacaq? Qurban olum, dədə, qoy heç olmasa özü gəlsin, sonra nə düşünəcəksinizsə elə də olsun!..

– Yox, narahat olma qızım! Evdə qalmaqdırsa, onda gərək hamı öz evində qalsın, kimsə kimə yük olmasın. Gərək o evin işığı sönməsin, ocağı qaralmasın. Bir ocaq sönürsə, o yurdun xeyir-bərəkəti də çəkilir, gələni- gedəni əskilir, həyət-bacasında səliqə-sahman da pozulur. Yad baxış, yad nəfəs sahibsiz evlərin qəddini əyir, qüruruna kölgə salır. O, evdə mənim Ağcamin xəyalı, övladlarımın şirin gülüşü yaşayır. Yəqin Ağca da məndən nigarandı. Bu vədələr həmişə qəbrinin üstünə qom-qom nərgizgülü, bənövşə aparardım. İndi haçandı getmirəm, küsüb məndən deyən, daha yuxuma da gəlmir. Rəhmətlik tez-tez deyərdi: “ Kişi sənsiz bu evin bir günü də olmasın!” Gör, mənsiz keçən bir günümün ağrısına dözməyən o ev, indi neçə aydır yolumu gözləyir. Yurddan kənarda ömür olsa da, qızım, o ömürün şirinliyi olmaz. Yurd işığına bürünməyən ömür, möhnətdə çürüyən ömürdür. Yurd insanın soyuqda yorğanı, qaranlıqda işığı, ağrılı günlərində ümidə sarılmış məlhəmi, çörəyidir. Tanrı heç düşməni də yurdsuz, arxasız etməsin!..

Bəhruz kişi ayaqlarına sarınan nəvələrini qucaqlayıb dönə-dönə öpdü, gəlini ilə sağollaşıb həyətə düşdü. Şəhərin kənarına qədər onu aparacaq sifarişli 189 saylı taksi maşını həyətdə dayanmışdı. O, maşının arxa qapısını aça-aça qaldığı otağın pəncərəsi ağzına baxdı. Qarğalar çoxdan uçub getmişdilər. O qarğalar ki…

                                        Bakı şəhəri, 12-15 aprel 2020-ci il.

QAN QOXUSU


 

 

 

Əsmər HÜSEYN XAN

(HEKAYƏ)

 

 

 

Səhərə kimi aramsız yatdığına baxmayaraq, oyananda yuxudan indiyə qədər bu cür bitkin ayılmadığını hiss etdi. Yorğunluqdan şişmiş gözlərini var gücü ilə ovxaladı. Günortaya az qalmışdı. Otaq dağınıq, alaqaranlıq idi. Ayağa qalxıb pəncərəyə tərəf getmək istədi, bir qədər səndələdi. Divardan tuta-tuta gedib pərdəni araladı.
Yayın ən qızmar ayı idi. Bayırda həyat çoxdan başlamışdı. Üç-beş uşağın arabir topalaşıb söhbətləşdiyini, gülüşdüyünü gördü. Başını yuxarı qaldıranda gün işığı güllə kimi dəydi gözlərinə. Tez də bağladı nimdaş pərdələri. Otaq yenə də qaranlığa büründü. Bir müddət işığın təsirindən aça bilmədi gözlərini. Əlini atıb zəif elektrik lampasını yandırdı. Yavaş-yavaş gözləri alışdı işığa.

Okumaya devam et

MAYIL YÜZBAŞI


Azərbaycan tarixində, həm də bədiyyatında qaçaqçılığın məxsusi yeri var. Məsələn, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq Süleyman… Qaçaq Mayıl və başqaları. Haqsızlığa dözməyən igid, qeyrətli oğlanlar tarixmizin şərəfli məqamlarına el arasındakı sevgilərinə rəğmən hörmət gətiriblər, başucalığı gətiriblər. Təssüf ki, onların əksəriyyəti haqqında dürüst məlumata malik deyilik.
Qaçaq Mayıl el-oba əlindən tutan, onu qoruyan kişilərdən olub, xalq malını talayan “qaçaqlar”dan yox. Barəsində 1990-cı illərin əvvllərində nəşr olunan ilk tibb qəzeti – “Şəfqət”də oxumuşdum. Səhv etmirəmsə, elə məqaləni də bu qəzetin qurucusu və birinci baş redaktoru, görkəmli şairimiz, dəyərli ziyalımız, gözəl həkim Tofiq Nurəli yazmışdı. Elə o illərdə yazıçı dostum Rövşən Yerfidən bu barədə bir neçə dəfə eşitmişdim.
İndi isə Qaçaq Mayıl Azərbaycan ədəbiyyat tarixinə tanınmış pedqoq-publisist və nasir Tahir Hsənlinin yeni romanı ilə təqdim olunma ərəfəsindədir. Aşağıda ixtiyarınıza verdiyimiz yazı romandan bir parçadır. Düşünürük ki, hər kəs üçün maraqlı olacaq.
Uğurlar müəllifə də, oxucularına da. İndilikdə isə buyurun, oxuyun! Sa
yğılarımla: Yusif DİRİLİ

 

“İGİD QOVĞASIZ OLMAZ”  (Atalar sözü)

 

 

 

 

 

 

Tahir HƏSƏNLİ

 

 

 

1905-ci ildə Çar Rusiyasında baş vermiş burjua-demokratik inqilabı əyalətlərdə də təsirini göstərmişdi. Azərbaycanda baş verən hadisələrdə Çar hökuməti bəylərə arxalanırdı. Lakin aydın oldu ki, bəylər də inqilabın tərəfində çıxış edir, onda hökumət dairələri bu vaxtadək bəylərə olan münasibəti dəyişməli oldu. Bəs hökumət yerlərdə kimə arxalanmalı idi? Bunun üçün münasib olan varlı kəndlilər, yəni qolçomaq və mülkədarlar idi. Tarixi proseslərin inkişafında hər dövrün öz liderləri meydana gəlməli, mərhələləri adlamalı idilər.
Mayıl da belə bir tarixi dəyişiklər prosesində həmin dövr üçün münasib olan fiqur kimi yetişmişdi. O özü də hiss edirdi ki, zəmanə ilə uyğunlaşır, ona meydan açılır. Yaranmış şəraitdən isə istifadə etmək lazım idi, əfəllik edib nəyisə oturub gözləmək avamlıqdır. Odur ki, bir neçə il içərisində təsərrüfatını genişləndirə bilmiş, sərt intizam tərəfdarı olmaqla camaatın müəyyən hissəsində rəğbət qazana bilmişdi. Əldə etdikləri ilə kifayətlənmək istəməyən Mayıl oxumuş və vəzifə sahibi olmuş bəylərə münasibətini saxlaya bilmişdi. O, insanları puluna və vəzifəsinə görə deyil, ləyaqətinə görə qiymətləndirməyi bacarırdı.
Kəndin savadlı, vəzifə sahibi olmuş bəylərindən biri Məmməd bəy idi. Məmməd bəy Çar Dumasının üzvü olmuş, pristav işləmişdir. Rus dilini mükəmməl bildiyindən qubernatorla münasibəti də yaxşı idi. Bu kəndlərdə baş verən hər bir hadisə Məmməd bəyin vaşitəsilə həll olunurdu. Mayılın yoxsullar arasında hörmətini görən Məmməd bəy ona himayədar olub, ondan istifadə etmək qərarına gəlir. Onu yanına çağırıb təsərrüfatına rəhbərlik etməyi təklif edir. Mayıl razılaşır. Çünki Məmməd bəy kimi bir arxa onun daha qüvvətli ola bilməsinə kömək olacaqdı. Məmməd bəylə Mayılın yaxınlığı hər ikisi üçün münasib idi. Mayıl Məmməd bəyin təkcə təsərrüfatını deyil, özünü də qoruya biləcək qüvvətli bir əl idi.
Məmməd bəy yüzbaşıdan narazı idi. Camaat iərisində də narazılar çoxalırdı. Qubernatora yazılan şikayətlər artırdı. Qəza mərkəzindən xəbər gəlmişdi ki, yaxın günlərdə qubernator kəndə gələcək, həmin vaxtda yüzbaşı seçkisini keçirmək lazımdır. Camaat arasında bir neçə adamın yüzbaşı seçilməsi üçün namizədliyi göstərilirdi. Bunların arasında Mayılın da adı çəkilirdi. Amma Məmməd bəy bu təklifin özü tərəfindən verilməsini istəmirdi. Mayıl isə özünə münasib adamların vaistəsilə tərafdarlarının artmasına çalışırdı.
Bir gün axşama yaxın Məmməd bəy Mayılı yanına çağırıb dedi:
– Sabaha qubernator Afurca kəndinə gələcək. Biz də orada olmalıyıq.
– Baş üstə, – deyib Mayıl daxili bir narahatlıqla nökərlərə atlara qulluq etməyi tapşırdı, özü də yuyunub, səliqəli geyinmək üçün hazırlaşmağa getdi.
Məmməd bəy səhər tez oyanmışdı. Günəş görünmürdüsə də şüaları göyün üzündə süzən buludları narıncı rəngə boyayırdı. Vəlvələ çayından gələn sərin meh ciyərlərinə dolduqca bəy xoşhallanır, təbiətin yaratdığı lövhəyə göz gəzdirərək özündən arxayın obrazına girirdi. Axşam çox yediyindən aclıq hiss etmirdi. Bir stəkan çay içib həyətə düşdü. Mayıl yola hazır idi.
Atları minib Qonaqkəndin şərqi ilə Afurcaya yönləndilər. Getdikləri yol quzeydən olduğu üçün hələ də yaşıllığını itirməmişdi. Dərə və təpələri ötdükcə bir neçə kənd geridə qaldı. Yamacda yaşıllıqlar içərisində evləri görünməyən Afurca kəndinə yetişdilər. Kəndin yuxarısında sıx meşəlik, onun altında daş qayadan süzülüb tökülən şəlalə bu təbiətə başqa bir gozəllik verirdi.
– Biz gərək qonaqlardan əvvəl ora yetişib hazırlığımızı görək, – deyə Məmməd bəy dönüb Mayıla baxdı.
– Narahat olmayın, Afurca camaatı qonaq qarşısında bizi pərt eləməz. Nə lazımdırsa, hazır olacaq.
Bir azdan şəlaləyə yaxın bir yerdə hər şey hazır idi. Çəmənliyin üzərinə xalçalar, palazlar atılmış, yastıqlar, döşəkçələr qoyulmuş, qazan asmaq üçün yerlər hazırlanmışdı. Kəsiləcək erkəklər də ağaca bağlanmışdı. Günortaya yaxın qubernator başının təsi ilə Təngə dərəsindən yuxarı qalxanda kənd evlərinin pəncərələrindən gizli – gizli onlara baxırdılar.
Qubernator şəlaləyə yaxınlaşanda Məmməd bəy və arxasınca digərləri qonaqları qarşılamaq üçün yola çıxdılar. Gələnlərin arasında bir qadın da var idi. Bu, quber-natorun arvadı idi.
Qubernatorun gəlişi ilə erkəklər kəsildi. Kəndlilərin biri su gətirir, biri ocaq qalayır, hərə bir iş görürdü. Süfrəyə çay veriləndən sonra qubernator gəlişinin məqsədi ilə bağlı olaraq dedi:
– Məmməd bəy, camaatın narazılığını başa düşdük. Bəylərlə işimiz yox.Yüzbaşı ola biləcək adam varmı? Camaat necə, o adamı qəbul edəcəkmi?
– Yüzbaşı olmaq istəyənlər var. Amma kim daha münasibdir, onu bilmirik. Sabah səsvermə keçirərik. Görək kimə razı olarlar, – deyə Məmməd bəy qubernatora açıq cavab verməkdən çəkindi.
Bir anlıq sükut çökdü. Yaxınlıqdakı meşədən kəkliklərin səsi eşidilirdi. Onların mahnısını dinləyən qubernatorun arvadı:
– Nə gözəl oxuyurlar? Bunlar necə quşdur? Yəqin oxumaqları kimi özləri də gözəldir.
Məmməd bəy qubernator və onun xanımı ilə söhbətlərini məclisdəkilərə tərcümə etməyi də unutmurdu. Mayıl qadının bu sözlərini eşitcək ayağa qalxdı və sürətlə ağacların arasında görünməz oldu. Bir az keçmiş Mayıl əlində bir xınalı kəkliklə geri qayıtdı və gülər sifətlə xanıma uzatdı:
– Bayaq oxuyan quşlardandı.
Xanım kəkliyi alıb diqqətlə onun bəzəkli tüklərinə, başına, ayaqlarına baxıb:
– Nə gözəl quşdur, – dedi, – sən bunu necə tutdun?
Gələn qonaqların hamısı Mayılın diribaşlığına heyran qalmışdı. Məmməd bəy Mayılı qubernatora təriflədi:
– Mayıl mənim mühafizəçimdir. Çox igid, qorxmaz adamdır. Yaxşı atıcıdır. Onun gözündən heç nə yayınmır.
– Əla, sənin ki, belə köməkçin var, heç nədən qorxun olmaz.
Süfrəyə yemək gətirildi. Təmiz hava, təmiz su, xoş ətirli yeməklər qubernatorun könlünü açmışdı. Doyduğunu hiss etsə də belə dadlı yeməklərdən əlini çəkə bilmirdi. Bu vaxt Mayıl gümüşü məcməyidə bir neçə kasada qızardılmış kəklik ətlərini qubernatorla arvadının qabağına qoydu. Qubernator nəfsini boğa bilmədi. Kəklik ətinin dadına baxıb Məmməd bəydən soruşdu:
– Bu hansı quşun ətidir?
Məmməd bəy arxayın və sevinclə:
– Bayaq dirisini gördüyünüz quşun ətindəndi.
Qubernator və arvadı kəklik ətini yedikcə Mayılı da tərifləməyi unutmadılar.
– Doğrudan da sən qoçaq adamsan, həm də işini bilənsən, ağıllısan.
– Bəli, – deyə Məmməd bəy təsdiq etdi, – Mayıl tək özü üçün çalışmır, yaşadığı kəndin və qonşu kəndlərin də qayğısını çəkəndir. Kimin çətinliyi olsa ona müraciət edir. Qayda-qanunun pozulmasının qarşısını alır…
Qubernator Məmməd bəyin sözünü kəsərək:
– A Məmməd bəy, yüzbaşı olmaq üçün adam axtarırsan. Mayıl elə ən yaxsı nami-zəddir, olmaz ki, sabah onu seçdirəsən? – dedi.
Məmməd bəy bir az ehtiyat edərək:
– Mən etiraz etmirəm, amma camaat var, görək nə olur? – deyə daxilən istəyinin nöqtəsini qoydu.
Afurca qubernatorun çox xoşuna gəlmişdi. Gecəni burda qalacağını bildirdi. Məmməd bəylə Mayıl axşamayaxın Qonaqkəndə qayıtmalı oldular.Məmməd bəy məclisdə marağını gizlədə bilmişdi. Amma yolda Mayılın bugünkü fərasətinə təəc-cübünü gizlədə bilməyib soruşdu:
– Mayıl, bu kəklik məsələsi necə işdir? Sən o xörəyi hazırlamaq üçün kəklikləri haçan tutdun, diri kəkliyi necə gətirdin? Söhbət elə görək.
– Bəy, axşamüstü sizdən ayrılandan sonra Afurcanın kəndxudasına xəbər yolladım ki, səhərə doula ilə kəklik tutanları hazır eləsin. Mən bilirəm ki, bu meşələrdə kəklik çoxdur. Erkəklər kəsiləndə artıq kəkliklər də hazır idi. Doula ilə on-on beş dəqiqəyə bir neçə kəkliyi asanlıqla tutmaq olur.
Məmməd bəy ovçu olmadığından soruşdu:
– Mayıl, doula nədir?
– Bəy, doula ağ parçadan hazırlanır. Üzərinə rəngbərəng parçalar tikilir. Arxasına çubuqlar vurulur. Ov edən adam doulanın arxasında durub görünmür. Kəklik rəng-bərəng parçaları görəndə uçub gəlir. Ov edən doulanı kəkliyin üstünə atır və onu tutur.
Məmməd bəy təbəssümünü gizlətmədən:
– Ağıllı adamsan, hər çətinlikdən çıxış yolu tapa biləcəksən. Amma heyif ki, təhsilin yoxdur.

                                       ***
Bu gün yüzbaşı seçkisinin olacağını bilən kəndin kişiləri yavaş-yavaş məscidin qarşısına yığışırdılar. Yüzbaşı Mayılla Yusifdən birinin seçiləcəyini bilən adamlar iki dəstəyə bölünmüşdülər. Canfəşanlıq edən Qubad, Əli, Osmanəli, Bəyim kişi və başqaları adamları inandırmağa çalışırdılar ki, Mayıl seçilərsə, kənddə bəzi adamların qudurğanlığının qarşısı alınacaq, hərə öz yerini biləcək. Yoxsa ki, kimin pulu çoxdur, o birini tapdalamaq istəyir. Kasıb-kusubun haqqını yemək üçün hərə gecədə bir fənd fikirləşir. Taladıqları bəs deyilmiş, başqalarını adam yerinə də qoymurlar. Oğruluqla, əyriliklə əldə etdiklərini də özlərinə halal bilirlər.
Yusifin tərəfdarları isə Yusifi tərifləyir, Mayıl seçilərsə, camaatın gününün qara olacağını, heç nəyə ixtiyarı çatmayacağını, hamının Mayılın nökərlərinə çevriləcəyini deyib adamları qorxudurdular. Adamlar arasında bitərəf qalanlar da var idi. Bilmirdilər ki, hansı tərəfə inansınlar.
Qubernator başının adamları ilə yaxınlaşanda camaatın arasına bir sükut çökdü. Məmməd bəy və kəndin digər bəyləri də onların ardınca gəldilər.Qubernator sa-kitləşmiş kütlənin qarşısında durub hamıya göz gəzdirdi. Sonra aramla çıxışına baş-ladı. Qubernator danışdıqca Məmməd bəy də tərcümə edirdi.
– Camaat, əlahəzrət imperatorumuzun qayğısı sayəsində ucqar yerlərdə belə şərait gündən-günə yaxşılaşır. Baxın, məscidiniz var, bir neçə ildir ki, övladlarınızın dünyəvi təhsil ala bilməsi üçün məktəb açılmışdır. Bu işdə fəallıq göstərmiş Səlim bəyə də təşəkkür edirik. Qoy balalarınız rus dili öyrənsin. Rus xalqı böyük xalqdır, övladlarınız rus mədəniyyətinə yiyələnsin, rus klassiklərini öyrənsin. Camaatınız da işgüzar, çalışqandırlar. Ümidvarıq ki, çarın mərhəməti sayəsində sizin gələcəyiniz daha yaxşı olacaq.
Qubernatorun çıxışından sonra kəndin bəylərindən bir neçəsi də söz alıb çara, qubernatora minnətdar olduqlarını bildirdilər.
Məmməd bəyin buyruğu ilə seçki üçün bir tabaq qoz və iki sərnic gətirdilər. Sər-niclərin biri Yusifin, biri də Mayılın adlandırıldı. Bu zaman kəndin mollası da Quranı gətirib sərniclərin arasına qoydu. Səsvermə başlandı. Adamlar bir-bir gəlir, hər kəs tabaqdan bir qoz götürüb istədiyi sərnicə atırdı. Səsvermə qurtaranda sərnicləri məscidə aparıb hər iki tərəfin nümayəndəsinin iştirakı ilə saymağa başladılar. Bir azdan kimin qalib gəldiyini Məmməd bəy elan elədi.
– Camaat, sayımın nəticəsi bəlli oldu. Bu gündən kəndimizin yüzbaşısı Mayıl Zahir oğludur.
Yusifə tərəfdar olanlar nəticəyə inanmaq istəməyərək çığırışırdılar:
– Biz inanmırıq. Kimlərsə iki dəfə səs verib. Mayıl seçilməməli idi.
Adamların etiraz etdiklərini görüb başa düşməyən qubernator Məmməd bəydən xəbər aldı:
– Nə deyir, bu adamlar?
– Bunlar Mayılın tərəfdarlarıdır, onu yüzbaşı olmasına görə alqışlayırlar, – deyə Məmməd bəy izahat verdi.
Məmməd bəy ilk gündən yaranan narazılığın böyüməsini istəməzdi. Mayılı və Yusifi irəli çağırdı və hər ikisinə dedi:
– Qurana əl qoyub and için ki, bu gündən aranızda düşmənçilik münasibəti olma-yacaq.
Hər ikisi and içdi.
Yusif tərəf ani sakitləşdi. Amma Yusifin kiçik qardaşı Mayılın qələbəsini qəbul edə bilmirdi.
Mayıl yüzbaşı seçiləndən sonra Qonaqkənddə və ətraf kəndlərdə sakitlik yaran-mışdı. Bəylər də özlərini sakit aparırdı. Amma kimlərsə örtülü qazan kimi qaynayırdı. Osmanəlinin gətirdiyi xəbər Mayılı ehtiyatlı olmağa sövq edirdi. Yusifin qardaşı Səfər ağzından qaçırmışdı ki, bizə arxa duran Qiyas bəydir. Mayılın yüzbaşı olması bir ildən çox çəkməyəcək.
Qiyas bəy özünü sakit aparırdı. Məmməd bəylə də münasibəti yaxşı idi. Yaxın günlərdə Məmməd bəy Rusiyaya getmişdi. Onu Qiyas bəy əvəz edirdi. Mayıl Qiyas bəyin əl altdan işləməsini öyrənmək üçün səbrlə tərpənməyi münasib bildi. Bir müddət sonra camaat arasında gizli söz-söhbət yayılmağa başladı. Qonşu-qonşuya, arvadlar ərlərinə söhbət elədilər ki, bəs deməzsən Mayılın oğlanları qonşu kəndlərdə camaata zülm edir, hətta qız-gəlinə söz atır, sataşırlar. Arvadı Mayıla bu xəbari çatdıranda Mayıl dözmədi, əlaltıları vasitəsilə bu xəbərlərin doğru olub-olmadığını yoxladı. Məlum oldu ki, bütün bu söz-söhbətlər el arasında Mayılı hör-mətdən salmaq üçün düzülüb qoşulmuşdur.
Adətən günorta namazından sonra bəylər və işi olmayan adamlar kəndin mərkə-zinə, məscidin yaxınlığına toplaşırdılar. Mayıl da namazını qılıb Allahdan özünə səbr dilədi və yeməyini yeyib küçəyə çıxdı. Dəstə-dəstə dayanmış adamlara salam verdi. Qiyas bəy də bir dəstə adamla durmuşdu. Yaxınlaşıb dilucu salam verdi. Qiyas bəy istehza ilə soruşdu:
– Mayıl, bu gün yeməyin zəif olub deyəsən?
– Nə demək istəyirsən?
Mayıl üzünü camaata tutub dedi:
– Ay camaat, hamı bilsə yaxşıdır, məni Yusifli külfətilə üz-üzə qoyan, uşaqlarım haqqında söz-söhbəti yaydıran bu adamdır. Siz deyin, mən bu adama nə deməli-yəm?
Bəy qızardı:
– Mayıl, sənin nəslini tanıyırıq…
Söz bəyin ağzında yarımçıq qaldı. Mayılın silləsi bəyi necə tutdusa, səsə hamı döyükdü. Bəyin camaat arasında vurulması hamını heyrətləndirdi.
Bəy tutuldu, gözləmədiyi hərəkətdən karıxdı, bir anlıq nə edəcəyini qərarlaşdıra bilmədi. Belə bir hərəkətin cavabı daha ağır olmalı idi.
Mayıl dönüb getmişdi. Adamların üzərinə elə bil su çilənmişdi. Mayılın hərəkəti camaatı qorxutmuşdusa da əks tərəfin qəzəbini içərisində daha çox artırmışdı.

                              ***
Səhər tezdən Neycə yaylağına qalxıb mal-qarasından xəbər bilən Mayıl günortaya yaxın Qonaqkəndə qayıtdı. Kəndin yuxarı məhəlləsində toy var idi. Mayıl da ayna-lısını götürüb ata mindi. Yüyəni çəkib Zal bəyin evi səmtə sürdü. Üzü yuxarı getdiyi yolun sağı-solu cərgə ilə ev idi. Bu evlər yamacda olduğundan həyətlər də maili idi. Yolun altında olan evlər yoldan bir az kənar olsa da pəncərələri yolla bir hündür-lükdə görünürdü. Mayıl yamacın başına çıxmağa az qalmışdı ki, güllənin açılması ilə ayağının istiləndiyini gördü. Arxadan atılan güllə ayağını yaralayıb getmişdi.
Mayıl cəld aşırılıb atdan endi. Güllə atılan evin qonşuluğundakı həyətə girdi. Oğul-uşaq Mayılı silahlı gələn görüb qorxudan bir evə doluşdular. Mayıl cəld qonşu ilə üzbəüz otağa girdi. Papağını götürüb birinci pəncərənin qabağına qoydu. Aynalını əlinə alıb ikinci pəncərədə pusquda durdu. Qonşu evdən atılan güllə papağa dəyməklə güllə atanın başı göründü. Aynalıdan atılan güllə boşa getmədi.
Abbasın ölüm xəbəri kəndə yayıldı. Yusif dəfn zamanı bu hadisənin belə bir son-luqla qutarmasında Qiyas bəyin rolunun olduğunu gizlətmədi.
Yaz gələndə bu dağ kəndlərində iş də çoxalır. Mal-qara, qoyun-quzu növbələri başlayır. Bağ-bostan işləri görülürdü. Təsərrüfatı böyük olan kəndlilər yaylağa köç edir, qulluqçular, naxırçılarla birgə bir oba salırdılar. Daha varlı olanların sürüləri dənizkənarı qışlaqlardan bu dağlara üz tutur, yayı ailəsi və təsərrüfatı ilə birgə burada keçirirdilər. Yaz gələndə təbiətin oyanışı da insanlara təsir edirdi. Yetişmiş oğlu olan kəslər münasib bildikləri qapıya üz tutur, elçi gedir, nişan taxır, təsərrüfatına daha yaxşı qulluq edir ki, yaxşı məhsul götürüb payızda övladına toy eləsin, evinə çıraq gətirsin.
Yusif kişini baş verən hadisələr çox narahat edirdi. O, sakit, intizamı sevən adam idi. Çalışardı ki, hamı ilə xoş rəftar eləsin. Qardaşı Abbasın hərəkəti onun ürəyincə deyildi. Amma neyləsin? Qardaşına çox demişdi ki, qarşıdurma yaratma, bu zid-diyyətin axırı olmaz. Abbas qulaq asmadı. Abbasın evlənməli oğlu var idi. Baş verən hadisədən sonra yaddan çıxdı. Bu məsələ indi Yusifin boynuna idi. Yusif əvvəl qardaşının oğlu və ailəsi ilə danışdı, onları, nəhayət razı sala bildi. Yusifin fikri bu idi ki, bir neçə ağsaqqalla birlikdə Mayılın qapısına getsin. Bu düşmənçiliyin ara-dan götürülməsi üçün Mayılla qohum olsun. Belə də elədi. Yaz axşamlarından birində üç nəfər ağsaqqal götürərək Mayılgilə üz tutdu.
Mayıl yenicə şam namazını qılıb oturmuşdu. Hazırlaşırdı ki, axşam yeməyini yesin. Bu zaman həyətdən gələn səsləri eşitdi. Cəld pilləkənə çıxdı. Ala-toranda üç-dörd kişi görünürdü. Belə başa düşdü ki, qonaqları var.
– Qonaq istəməzsən, ay Mayıl, – deyə gələnlərdən biri səsləndi.
– Daha gəlmisiniz də, gəlin içəri.
Qonaqlar içəri girəndə onların arasında Yusifi görüb Mayıl bir qədər tutuldu, amma dinmədi ki, görək bu gəliş nə münasibətlədir?
Qonaqlar üçün nalçalar atıldı. Ağsaqqallardan biri söhbətə körpü salmaq məqsə-dilə dedi:
– Mayıl, kəndlərdə vəziyyət necədir? Camaat necə dolanır?
– Pis deyil, – deyə Mayıl könülsüz cavab verdi.
– Əkin yerləri şumlanıb qurtarıbmı?
– Az qalıb, – Mayıl yenə könülsüz cavab verdi.
Yusif Mayılın könülsüz danışdığını görüb gəlişlərinin məqsədini bildirmək istədi. Güman elədi ki, bəlkə bundan sonra Mayılın qırışığı açıldı.
– Mayıl, baş verən hadisələr bizi az qala düşmənə çevirib. Mənim xasiyyətimi də bilirsən. Mənim imkanım olsa, bir qarışqanı da incitmərəm. Qardaşım Abbasın səhvi bizə baha başa gəldi. Ailə başsız qaldı. Onun evlənməli oğlu var. Mən istəyirəm ki, onu evləndirim, evinə-eşiyinə sahib olsun. Bu işdə sənin də köməyinə ehtiyacım var.
– Yusif, əmisi sənsən, sən bilərsən. Mən kəndin böyüyü də olsam, bu işə qarış-maram. Arxayın ol. Get tədarükünü gör, uşağını evləndir.
– Ay Mayıl, – deyə Yusif gülümsündü, – bizim gəlişimizin məqsədi ayrıdır. Mən gəl-mişəm ki, səninlə qohum olaq, bu kin-kudurət aradan göyürülsün. Bu ailəyə elə sən də böyüklük eləyəsən.
Mayıl ağlına gətirə bilməyəcəyi sözləri eşidib bir qədər acıqla dilləndi:
– Siz nə fikirləşib bura gəlmisiniz?
– Qanı qanla yumazlar, – Mayıl, – qanı su ilə yuyarlar. Mən gəlmişəm ki, gələcəkdə də uşaqlarımız bir-birinə pis nəzərlə baxmasın.
– Yusif, nə danışırsan? Mənim qızım o ailədə həmişə başı tənəli olmazmı? Ata ölümünü o oğul necə qəbul edəcək? Mənim qızıma düşmən qızı deməyəcəklərmi?
– Nə olub, bizə olub. Biz sənə sarı addım atmışıq, sən də bir addım at.
– Yusif, axı sənlə mən “Quran”a and içdik ki, bir-birimizə düşmən olmarıq. Niyə andı pozdunuz?
– Mən pozmadım, Mayıl, qardaşım məni eşitmədi.
– Yusif, əgər səni öz qardaşın eşitmirdisə, sən yüzbaşı olsaydın, bu camaat səni eşidəcəkdimi? Ailəsinə rəhbərliyi bacarmayan adama camaatın taleyini tapşırmaq olarmı?
Yusif bu sözlərdən sonra pərt olub üzünü gətirdiyi ağsaqqallara tutub dedi:
– Durun gedək, nahaq yerə sizi incitdim. Bu, baş tutan iş deyil.
Mayıl gedənlərin arxasınca:
– Mən “Qurana” and içib, andı pozan adamla qohum ola bilmərəm. Qardaşım, oğ-lum da belə iş tutsa, bağışlamaram,- dedi.
Həyətdə Məmməd bəyin Rusiyadan Mayıl üçün pay gətirdiyi samovar pıqqapıqla qaynayırdı. Mayıl evdəkilərə səsləndi:
– Ə, çıxın həyətə, samovar yandı, elçilərimiz də çaysız getdi, – dedi və acı-acı gülümsündü.

 

YAZIÇI RÖVŞƏN YERFİNİN YENİ YAZILARI


Dəyərli oxucu! Görkəmli yazıçımız Rövşn Yerfini təqdim etməyə lüzum görməsək də, bir daha xatırladırıq ki, nasir 1980-cı ilin sonlarında ədəbiyyata gəlib. Müxtəlif nəşrlərdə yüzlərlə bədii-publisistik yazıları dərc olunub. Mətbu orqanlarda məsul  vzəfələrdə çalışıb. Daha sonra ədliyyə sistemində fəaliyyət göstərib. Ədliyyə mayorudur. Həbsxana həyatından qələmə aldığı povest və romanları geniş oxucu auditoiriyasında rəğbətlə qarşılanıb. Demək olar ki, çağdaş nəsrin bütün janrlarında qələmni sınayıb, uğurlu da alınıb. Nüfuzlu ədəbi portallarda çoxsaylı müsahibələri, povest və hekayələri dərc edilib. İndiyədək bir neçə müsabiqənin qalibi olub və mükafatlandırılıb, ödüllərə yiyələnib. 10-dan çox kitabın müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdr. Dirili Qurbani Məclisinin qurucularındandır. Aşağıda R.Yerfinin iki yeni yazısını ixtiyarınıza veririk.

 

1396956692_rovsan-yerfi Rövşən YERFİ

 

RUH PIÇILTILARI
(esse)

Bəşər aləmində hər maddənin və insandan başlamış hər canlının Tanrı tərəfindən öz təyinatı, yeri var. Yetər ki, onu dərk edib, sənə ayrılan vəzifəni məsuliyyətlə yerinə yetirəsən… Dərk etmək üçün ilk növbədə qəlbindəki İlahini sevməlisən. Sevmək isə ruhla bağlıdır. Yalnız ruhunun varlığını duyanlar sevə bilər. Hər şeyi maddiyyatla ölçənlər bunu dərk etməzlər, yaxşı halda təqlid edərlər.
İntiharların ən başlıca səbəbi sevgisizlikdir. Sevgi olan yerdə intihar ola bilməz.
Ona görə də ən böyük problemimiz sevgi çatışmamazlığıdır. Mənəvi böhrandan yaranan acgözlük, simasızlıq və saxtakarlıq olan-qalan sevgimizi də məhv etməkdədir.
İnsanın Allah verdiklərindən narazı olmadığı yeganə şey – məmnun qaldığı ağlıdlr
Doğrudur, həyatda, yaradıcılıqda uğur qazanmaq üçün dərin savad və gərgin əmək gərəkdir. Ən vacibi isə başqalarına təsir edə bilən RUHunun olmasıdı, yoxsa çapalamaqla kəmiyyət artırarsan, keyfiyyət alınan deyil.. Ruhsa Tanrıya bağlıdır. Ruhun qüvvəsini, O, idarə edir..
Ruh maddiyyat deyil alınıb-satılsın, ya da müsadirə edilsin.
Kitab oxumayan, cahil adamlar üçün RUH ancaq ölüm zamanı varid olur, qalan vaxtlar isə onlara görə yeganə zəruri varlıq PUL-dur..
Hər kəs özünün istədiyini yox, reallığı qəbul etmək məcburiyyətindədir
Hər şəxs öz içində və Allahı qarşısında kim olduğunu hamıdan yaxşı bilir. Bilməyənlərə də həyat anladır.
Heç nə heç nədən baş vermir. Hər baş verən hal bir asan dərk etmədiyimiz İLAHİ məntiqin, eyhamın ifadəsi, səbəbin mənası, nəticəsidir.
Yaxşılıq mənəvi borc sayılır. Onu pislik görənlər qiymətləndirə bilir, qalanları dərk etmirlər.
DÜZ yüksəkdə deyil, düzdə qalsa da, əyridə olmayan şərəf və ləyaqəti var.
Dünyanın ən uzunömürlüsü sözdü. Söz həyat qədər əbədidir. İnsan ömrü isə hər an bitməsi labüd olan NAĞILdır… Hər birimizi ömrümüzü bitirəcək bir BƏHANƏ gözləyir. O bəhanənin zamanını nə yaxşı ki, yalnız TANRI bilir.. Elə yaşa, çalış ölümünə sevinməsinlər.
Kim özünü necə anırsa, dünyaya hansı gözlə yanaşırsa, başqalarına da həmin nəzərlə baxır. Ağıla, istedada, fərasətə həsəd aparmaq olar, amma paxıllıq etmək axmaqlıqdır.
Maddiyyat deyil, pulla verilmir, deyəsən ki, niyə filankəs qazandı, mən yox. Müsadirə də oluna bilmir, yalnız İlahilikdir..
Hər insanın həyatda, seçdiyi sənətində öz yeri, qisməti, təyinatı var. Kimsə kiminsə yerini tuta bilməz. XUDPƏSƏNDLƏR və DƏCCALLAR bunu anlamazlar.
Vicdan mənə görə Tanrı ilə rabitənin adıdır. Kimə vicdanını itirib deyiriksə, demək, rabitə kəsilib, o, Allahın nəzarətindən çıxıb, Şeytanın ixtiyarındadır..
HƏYA, ABIR, AR – vicdanın üst və üz qatıdır. Bu qat korlananda vicdan paklığını, bakirəliyini itirir, tamam yox olanda isə sırtılır və fahişələşir.
Allah özü böyüklükdə səbrli olduğuna görə insanların imdadına yetməsinə bəzən uzun İLLƏR gərək olur, amma, O, mövcudluğunu sübut edəndir..
Pulun gücünü, hökmranlığını bitirən yeganə qüvvə Allaha bağlı RUHdu. Ruhunuzu qoruyun, Adəm övladları, onu cisminizə qurban verib Şeytana təslim eləməyin!
İlahi.., kömək ol, sənə sığınırıq, sözü yalan, qayğısı mədə, şərəfi mal, qibləsi qadın, dini pul olanlardan qoru bizi!..

03.2020

 

Məhz BİZ…

Xalqın böyüklüyü qolunun gücündən, sərvətinin çoxluğundan yox, onun kitaba, ELMə olan münasibətindən başlayır.
Bizim toplum isə oxuduğu, eşitdiyi sözdən çox gözü ilə, baxmaqla ANLAYIR, əgər gördüyünü də “montaj” hesab etməsə…
Biz daim müsəlman Şərqində hər sahədə – ən qürurverici və həm də ən layiqsiz işlərdə birinci olmağa can atırıq…
Hər işə şəbədə etmək milli qabiliyyətimizdir. Səbəbi də daha çox paxıllıqdandır.
Uzun əsrlər boyu mənəm-mənəmliyi ərəbdən, hiyləni farsdan, rüşvətə aludəçiliyi rusdan əxz etmişik. Əvəzində sənədə ehtiyacı olmayan KİŞİ SÖZÜnün dəyərini itirmişik.
Çoxluğumuzun böyük əksəriyyətinin heysiyyəti əsasən beli ətrafında, qarnı və cibindədir. Odur ki, belə cəmiyyətdə ən böyük QABİLİYYƏT adamlardan pul qoparmaq sayılır.. .
Bir əsr keçsə belə Novruzəlilərin xasiyyəti dəyişmir. Xudayarlarımız “PRİSTAV”a qulluq etməkdə davam edir. “Malades sobak”, Qurbanəli bəylərin ən fərəhli tərifi olaraq qalır…
Şeyx Nəsrullahlarımız bu gün də ölü diriltməklə məşğuldurlar.. Bəs kefli İskəndərlərimiz? Heç olmasa, onlar öz kefliliklərindən əl çəkiblərmi?!. Arayıb axtarsan o “keflilərin” də “ölüdirildirənlərlə” ya qohumluğu üzə çıxacaq, ya da həmyerliliyi..
Haqqı Haqq ilə eynən deyən, mənim qazanc haqqı sevən xalqım!..
Heç nə özbaşına baş vermir. Uğurlarımız kimi uğursuzluqlarımıza da layiq olduğumuzu qəbul etməliyik.
Həqiqətən həyatda hər kəs – dünyada hər xalq özünə, fəaliyyətinə layiq yeri, mövqeni özü qazanır. Müvəqqəti istisnalar olsa da, son belədir
Biz… o zaman özümüzə qayıdacayıq ki, ANAlarımız “mama” çağırılmalarını istəməyəcəklər…
Biz… maddiyyat və səlahiyyət qarşısında qürurlu xalq deyilik, ehtiyac olmadan xəstəlik dərəcəsində təkəbbürlüyük..
Biz… yalnız qorxu hesabına intizamlıyıq, fürsət düşəndə isə intizamsızlığımızdan lovğalanan, fərəh alanıq… Bizi başqa xalqlardan geri edən və bütün keyfiyyətsiz işlərimizin başlanğıc səbəbi İNTİZAMSIZLIĞIMIZDIR…
Bir gözümüz cənuba, bir gözümüz şimaladır. Unutmayın, nə qədər ki, aramızda imperiya qab yalayanları var, milli faciələrimizin təkrarlanmaq qorxusu da yaşamaqdadır.
Qara Yanvarda ADAMI YANDIRAN rusun, erməninin bizi qırması yox, özümüzkülərdən bir nəfər də olsa vəzifəsindən istefa etməməsi oldu…
Hələ qədimdən zamanımızadək bu xalqın başına gələn bütün bəlalar, İTİRDİKLƏRİMİZ bölücülük və tamah (hakimiyyət, vəzifə acgözlüyü) səbəbindən baş verir. Başbilənlərimiz üçün əksərən vəzifə TORPAQdan vacib, şirin olub…
Otən faciələri dərindən düşünəndə belə qənaətə gəlirsən ki, gözəl xalqımın (istisnaları saymasaq) öz şəxsiyyətinə hörmət qoymayacaq dərəcədə KİŞİLƏRİNİN vəzifə üçün ürəyi gedir, QADINLARININ da pullu ər üçün… Böyük Üzeyirin “Arşın mal alan”ında qulluqçu qızı da ən əsas maraqlandıran nökərin pulunun olub-olmamasıdır: “pulun var, gələrəm…”
Bəlkə də, vara, pula olan hədsiz sevgidəndir ki, ən yaxşı kütləvi bacardığımız iş BAZARda alver etməkdir.
İçimizdəki hərisliyə görə də ALLAHDAN bizə nə cəza göndərilir, yəqin ki, haqqına olur…
Bəli, PUL gücdür, ona görə də, hər kəs ağıldan, bilikdən, sevgidən çox pul istəyir, pul üçün çalışır. Lakin intellektsizlik, mənəviyyatsızlıq olan yerdə pul da qərar tutmur, büdrədin, tərk edir başqasına.
Nə vaxtadək təhsildə rüşvət tüğyan edəcək, heç düzələnə də oxşamayacayıq.
Nə edək, “içalatımız” hələ ki, xoş olsa da, olmasa da, belədir…
Bu bizik, özündən başqa hər kəsə yarınmağa hazır olan, məhz BİZ..

04.2020

DARIXDIĞIM YUXULAR


(Esse)

Elnarə ŞƏRİFLİ

Ömrürümün baharı nə tez soldu, hələ qönçələri açılmamışkən. Gözlərimi uyğuyla ovudanda da gəlib durur yanımda. Balaca, totuq əllərimi ovcunun içinə qoyub yellədirəm. Baxıb gülümsəyir; getmək-onunla getmək istədiyimi anlayır. Ancaq məni aparmaq istəmir. Gecənin bir aləmində anamın səsi məni sanki zəlzələ olubmuş kimi yuxudan silkələyib oyadır. Okumaya devam et

MƏNIM HEKAYƏTIM


NURANƏ
Salam!
Mənim adım Bahardır, əgər mənim hekayətimi bilmək istəyirsənsə, onda diqqətlə oxu!
Biz kiçik bir daxmada yaşayırdıq, evdə üç qardaş və bir bacı idik. Anam ağır xəstə yatırdı, atamsa evə hər gün içkili gəlirdi. Anam onun bu halı ilə barışmayıb, hər gün narazılığını bildirirdi:
– Bəlkə, az içəsən? Okumaya devam et