PAYIZINA BÜKÜLƏN YAŞIL



    

Onu çoxdan tanıyıram. Dirili Qurbani Məclisindən. Yarandığı ilk vaxtlarda ölkəmizin ədəbi mühitinə yeni çalarlala, lakin səssiz-küysüz daxil olan Azərbaycanın ilk qeyri-ənənəvi saz-söz məclisinə o da gəlmişdi. Təbiətcə sakit və səmimi xarakterli bir şəxs təsiri bağışlayan gənc şairə Gülnarə İsrafilqızı məclisimizə sankı Gədəbəy dağlarının sərin havasını çəkib gətirmişdi: Təlatümsüz-filansız. Məslizin birinci elmi, ədəbi-bədi toplusu olan “Bir ağacı budaqları”na təqdim etdiyi şeirləri də özü qədər səmimi idi. O zaman mən Xətai rayonundakı Nizami parkında (“Luna-Park”) yerləşən TN-nin Respublika Tərbiyə və Təcrübəçilik Mərkəzində İnformasiya və Mətbuat şöbəsinin müdiri vəzifəsində çalışırdım. Gülnarə xanımın gətirdiyi şeiləri almanaxımızın çapa hazırlandığı bu şöbədə qəbul edtim və onlar ilk topluda çap olundu.

O, sonralar da dəfələrlə məclisimizə gəlib, şeilərini oxuyub, müzakirələrə qatılıb. Bizə bir ədəbiyyat simsarı kimi ürək qızdırıb. Sonra birdən-birə hara getdi, bilmədik. Bütün məclislərdə belə olur. Yaradıcı adamlar hər zaman dayanıqlı ola bilmir. Sonralar onunla yolüstü və yaxud bədi-ədəbi tədbirlərdə atüstü görüşlərimiz olurdu, zəngləşirdik. Sözümüzün başında ədəbiyyat-poeziya dururdu. Hiss olunurdu ki, Gülnarə xanım əvvəlki illərdə olduğundan çox dəyişilib və ədəbi mühitin içəri qatlarına enməyə çalışıb.
Məni sevindirən o idi ki, hər təmasda məclisimiz barəsində xoş danışıb, darıxdığını deyib, nə vaxtsa yenidən gələcəyini bildirib. Son 2-3 ildə onun sosial şəbəkələrdə, ədəbi portallarda vaxtaşırı çıxışları göstərir ki, G.İsrafilqızı özünü inkişaf etdirmək və daim irəliləmək niyyətindədir. İnsafən desək, bu, onda yaxşı alınır, çünki zəhmət çəkir, öyrənməkdən qısılmır, gələcəyinə inanır. Və buna biz də qəlbən inanırıq. İnanmağa haqqımız da var. Az sonra aşağaıda şairənin sizə təqdim edəcəyimiz poetik nümunələri bunu deməyə əsas verir. İndi isə gəlin, şairə Gülnarə İsrafilqızının həyat yolu və yaradıcılığına kəsə nəzər salaq.
25.05.1981-ci ilin gözəl bir yaz günündə füsunkar təbiətə malik Gədəbəy rayonunun Qarıkənd kəndində doğulub. Gədəbəy şəhərində dərzilik sənəti üzrə Peşə Liseyini, Gəncə şəhər Pedoqoji-Kollecini (2000-2004), İlahiyyat üzrə “Hövzə”mədrəsəsini (2006-2011), BSU – Yaradıcılıq Fakültəsini bitirib (2014-2016). “Mədinəm ilahi nəğmələr” qrupunun aparıcısı, “Carci.az” saytının müxbiri vəzifəsində çalışıb. Bir sıra mətnlərin redaktorudur. Dünya Gənc Türk Yazarlar Birliyinin, Gənc Ədiblər Məktəbinin, Vahid Ədəbi və Məcməüş-Şüəra Məclisinin üzvüdür.
2002-ci ildən başlayaraq poeziya və nəsr nümunələri üzvü olduğu Dirili Qurbani Məclisinin “Bir ağacın budaqları” almanaxında, “ Arazlı duyğular”, “Ziya”, “Atəş”, “Zərrələr”, ”Bitməz könlümüzün vətən sevgisi” antologiyalarında, Mərkəzləşmiş və elektron kitabxanalarda dərc edilib. Bundan başqa şairənin şeirləri
“Kaspi”, “Ədəbiyyat”, “Azad qələm”, “Arqument”, “Oxu məni”, Yeni Axtarış” və.s. qəzetlərdə, habelə “Azərbaycan”, “Ulduz”, “Yurd yeri” və “Xəzan” jurnallarında,
Türkiyədə nəşr olunan “Kümbet”, “Usare” və ”Nərgiz” dərgilərində, həmçinin “Metropol”qəzetində, Sivas Yazarlar Birliyinin yayınlarında, Təbrizin “Sancaq” və “Ədəbi körpü” dərgilərində çap olunub. Şairə Gülnarə İsrafilqızı esselər, hekayələr, publisistik yazılar və şeirlərdən ibarət “Zərrələr” və “Düşünürəmsə varam” layihəsinin, “Torpaq adamlar” və “İki” şeirlər kitablarının müəllifidir.
Sayğılı şairə dostumuza yaradıcılıq fəaliyyətində uğurlar diləyir, DQM-nin oxucularına onun şeirlər silsiləsindən 14 poetik nümunə təqdim edirik. Düşünürük ki, diqqətli oxucu mütaliədən süst qalmyacaq, rəylərini, fikirlərini bildirəcək. Bunun ədəbiyyatla maraqlanan hər kəs üçün faydası ola bilər. Varınızı əsirgəməyin, istəkli oxucular, təqdimi bizdən, münasibəti sizdən!

Sayğılarımla: Yusif DİRİ
Dirili Qurbani Məclisinin sədri, şair-publisist

Gülnarə İSRAFİL

SAZAQ ANIMDIR

Gözüməmi düşüb gözünün izi?
Elə bil, üzümdən yad ötüb külək.
Ağrılar süzülüb dodaqlarından,
Gözümün yaşını sərt öpüb külək.

Nə vaxtsa, ayrılıq ümidi gəlib,
Nə vaxtsa, fırtına itirib məni.
Nə vaxtsa, ömrümə bahar ələnib,
Çəməndə, bağçada bitirib məni.

İndi isti anım, sazaq anımdır,
Sakitcə meh əsir, üşüdür hərdən.
Demə, könül evim yasaqlanıbdır,
Göylərə qaldırır, düşürür hərdən.

ƏFƏNDİM

Məni soruşsan yaralı canam,
İrəvanam.
Paramparça Azərbaycanam!
Bir tərəfim Təbriz,
bir tərəfim Borçalı,
hərəsindən bir tikəyəm,
yekəyəm, əfəndim.
Dərbənddi anamın bayatıları.
Urmiyada iki canıq deyir,
Kərbəlada əlimi öpən, yaşlı qadın.
Ərdəbil ətri gəlir
məzarından babamın.
Şanlı-şanlı uyuyuram…
Xallı gözümdə işıldayan
parıltımdı
İğdırım, Qarsım.
Dərbədər halımın kəpənək qanadında
Hal-halam.
Evimizin üstündə əridilmiş Xalxalam,
Xalxalam,
Xal-xalam, əfəndim.
Kibrit boyda alışqanam…
Qarabağın ağrıyan vücuduyam,
Şəhidəm, şahidəm, əfəndim.
Vətən yağır gözlərim…
Bir ovuc boyda qalmışam,
bir ovuc torpağam, əfəndim.

DÜNYA DOĞULMUR

Dağ başın ağappaq
buluda büküb.
Bulud qara rəngdən,
tutub çətrini.
Yerin rəngi qalxıb,
səmaya çöküb.
Yarıb zülmət gecə
göyün səthini.
Gecələr ay tutqun,
ulduz parlamır.
Örtükmü çəkilib,
yerin üzünə?
Dünya yuxudamı
coşub çağlamır?
Günəş kölgə salır
üfüq xəttinə.
Dünya başdan-başa
qara geyimdə.
Ağ geyim dünyanın
əyninə olmur.
Qaralıb günəşin,
ayın rəngi də.
Qara rənglər üçün
dünya doğulmur.

SABAH ADAM

Sabahın qoynuna qısılan –
Sabah adam.
Əhkamlanan öz içində
Mübah adam.
Qırğı adam, qırıq adam,
Qoruq adamam.
Məhşərə çəkilmişəm,
Şər-şəkər əkilmişəm,
Şərə boy atmışam
Şərdən üzüb ruhumu,
Şəkərdə bitirmişəm.
Qarğı adam, çalğı budanan,
Qəhər, şəkər,
Bir təhər adamam,
Bir təhər diriliyəm,
Bir təhər ölümlüyəm.

SƏS ÇIXARMA, YAT, BALA

Anasını, atasını
itirən uşaq!
Üzünü soyuq daşa qoyub…
İsti qucaq əvəzinə,
iki məzar arasında
yatan uşaq,
əllərini başı altda qoşa qoyub.
Anasının, atasının nəfəsini,
duymaq üçün,
gecə-gündüz yatır orda.
Göz yaşını, ahına qatır orda.
Bu uşağın taleyini düşünəcək,
bir kimsə yox.
Mərmi yağır göy üzündən,
yağış kimi.
Səs çıxarır zülmlərə
əl çalınan alqış kimi.
Şak, şak,şak…
Bu cənnətmi, cəhənnəmmi,
qiyamətmi..?
Yoxsa bütün insanların
göz yumduğu cinayətmi…
Sadə bir ad qoyublar,
vətəndaş müharibəsi.
Yaxşı addır,
yatımlıdır qulağa.
Yat iki məzar arasında,
səs çıxarma, yat, bala.

QARANLIĞIN ŞEHLİYİ

Gün düşməyəcək
qaranlığın şehliyinə,
mehvərindən qopacaq qaranlıq.
Kütləşmiş alətlərin
toz ulaşmasıdır gənclik.
Sübhə kəbinli taleyi
yaşanmışların ögey yazısı.
Alın dəftərinin sətirləri
durna köçüdür.
Ümidlərin solan yarpaqları
dünya qovşağına
qovuşmayan ifadələrin
əl sığalı.
Lək-lək boy atan ağrıların
sünbül saçaqlarıdır,
yaşam.
Qocalığın dən düşmüş gün işığı
dilin kəmiyini qarğışlayır.

YA HU

İllərin ipi düyünlü,
özüm boyda.
İp
gün-gün bağlanıb,
saat-saat qısalır.
Hər şeyin qılıncı varmış
saniyələri xətlərə doğradığı kimi.
Nəfəs daralıb,
köks qabarıq təpənin üzünə.
Ya hu
Burda ölümsüzlük hardadı?
Çox olan Səndə,
Yox olan məndə…
Barmaqlarım sümükləyib
gözlərim ağarır.
Bətnimdə uşaq ağlayır
bir ildən bir.

ADSIZ

Çətinliklər gəlib keçər
deyə-deyə, həyat bitdi.
Yad ünvanda
iz qoyurdum, adım itdi.
Adqoydunu
özum qoysam, nə vardı ki,
üzərimə düşən işi anam etdi,
atam etdi –
adsız qaldım.
Evimizin açarları kilidlədi
hisslərimi.

DÖRDBUCAQLIDA APARACAQLAR

Dördbucaqlıya sığmır
düşüncəmin parametrləri.
Heç uşaq vaxtı da dördü sevməmişəm,
amma aldığım qiymət dörd olub, nədənsə…
Yoxsa həbs olmuşam dördbucaqlıya,
niyə çox şey dördbucaqlıdı?
Ölkəm, şəhərim, kəndim, evim,
bunların sayı da dörddü
aldığım qiymətlər kimi…
Dördün başı da bucaqdı.
Mənsə, düzxətt üzərində addımlayıram
sonuma tərəf.
Bucağa sığan deyiləm!
Xəttin sonu yoxdur,
mənimsə, bir sonum var, bir əvvəlim,
Bir əvvəlim var, bir sonum.
Sonumun namazını qılıram hər gün.
Sonumdan əvvəlimə keçmək üçün,
dördbucaqlıda aparacaqlar məni…

İKİ

İki addım,
iki nəfəs,
iki əl,
iki ciyər,
iki böyrək,
iki ləl,
iki burun, iki qulaq, iki göz.
İki-iki düzülübdür iki üz.
Əzalarım ikidir,
cəzalarım ikidir,
cismin ruhum ikidir.
İkilərdə sehrlər,
iki-ikidir sirlər.
İki damla ikidir…
İki,
iki,
ikidir.
Qərb-şərq ikidir,
yer-göy ikidir,
gecə-gündüz ikidir.
İki “hə-yox”,
iki nə çox…
İki sonsuz, iki son.
iki öndür, iki son.

EH… QOCA ŞƏHƏR

Heç kəs xoşbəxt olmadı bu şəhərdə;
hamı bir səadət axtarışında
saçlarını ağartdı.
Və tapmadıqda küçələri günahlandırdı,
cığırları qınadı,
yolun sonunda tikilən evləri…
insanların gözünə
qəsəbələr də zinakar sifətində göründü,
insanlar da.
Yolun başında itirmişdilər günəşin şüalarını,
zülmət şəhəri idi insanların daxili,
pozulmuşdu əxlaqları..!
Daralmış yollar ölüləri daşıyırdı üstündə
o tərəf-bu tərəfə…
Eh, qoca şəhər, ölsəydin
insanlar da xoşbəxt olardılar!

PAYIZINA BÜKÜLƏN YAŞIL

Təkliyini təkliyimlə nikahlayıb,
öpəcəyəm saçlarını.
Payızına bükəcəyəm
yaşılını…
Deyəcəklər, bahar gəlib.
Cənnət ətrim!
Dərd sərnici baxışlarım
güyüm-güyüm,
yamyaşıldır yerin, göyün.
Bahara da dönüşü var payızların
qışı adla!
Cəhənnəmin soyuq qışı
dondurmamış dilimizi.
Cəhənnəmdə təkcə od yox…
Alışarıq bircə odluq.
Dərdimiz nə?
Dirimiz bu, ölümüz nə?
Dirilməyə ümidimiz yaman çoxdur,
dirimizdən əsər yoxdur.
Təkliyini təkliyimlə nikahlayıb
öpəcəyəm saçlarını.
Payızına bükəcəyəm
yaşılını.
Deyəcəklər, bahar gəlib
Cənnət ətrim!

HUN ATAM


Daş adam,
əlində diriliş suyu,
kimliyində bəy dədəm,
kötüyündə yox hərəm.
Boy vermiş
köç- köç
Ön Asiyadan Sibirədək.
Van gölü
Xəzərə dəng
Urmiya, Kərkükə
dönək.
Anadolu,
Lidya-Troya,
Kurqan qazan tarix yazan
Prototürk,
Etrüsk,
Aratta,
Subar,
Qut,
Turuk.
Gələnəklər,
göy qurşağı.
Qut tengiri,
Göy tengiri;
Şaman ayin
köç yeri.
Daşları Tamğalı,
Qobustan qayaları.
Huydum-
hun dam,
yay düzəldən,
Ox atan,
Günəş tanrı,
Günəş adam,
Hun atam!

TOVUZ ŞAHİNİM


Ümid bir boy qədər torpaqda bitirmiş
Vətən suvaran bir adda
Övladda
Beşikdə
Laylada
Ağıda
Boyuna qurban olduğum
Rütbən
Vətən, yarıbayarı
Ona bir boy qədər sevgi verdin!
Sevginə qurban olduğum.
Qürurun
Qeyrətin
Səbətin
Şərbətin mübarək!
Öldürmədin Vətəni
Dirildib dirçəltdin
Böyüdün torpaqda ağrı-ağrı, sevgi-sevgi.
Axıtdığım yaş yağışındı
Göyərəsən, çiçəklənəsən
Tovuz Şahinim!

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s