I QARABAĞ VƏTƏN SAVAŞININ ŞƏHİDLƏRİ:
SÖHRAB ƏHMƏD OĞLU MƏMMƏDOV
Kəndin yuxarı başındakı evin həyətində qələbəlik idi. Adam əlindən tərpənmək olmurdu. Hiss olunurdu ki, camaat xoş gün üçün yığışmayıb. Onsuz da həmişə belə olurdu. Yaxşı günün də, çətin günün də kənddə bir yığnağı olur. Axı bu elatda kimsə yad deyil. Bir-birinin işlərinə yarıyan, köməyini əsirgəməyən simsarlardı, el-oba adamlarıdı. Azından kökləri eynidi, bir soydular. İndi də belə… Qəfil bir fəryad qopdu:
Şəhidim – balam, lay-lay
Səngərim – qalam, lay-lay.
Sənə qıyan əlləri,
Qoy tutsun nalam, lay-lay.
Bu bayatı əllərini havada yelləyə-yelləyə nalə çəkən bir ananın dilindən qopdu. Ardınca bir-birinə qoşulan üç bacının – Sevda, Kamalə və Nuriyyənin biqafil cikkiltiləri hadisə yerinə toplaşan adamları köklü palıd kimi içindən silkələdi.
Bacılar yanar ağlar
Saçların yolar, ağlar.
Dönər ağ göyərçinə,
Yollara qonar ağlar.
Hamının yaxşı tanıdığı mexanizator Əhməd kişinin həyətindən gəlirdi bu qarmaqarışıq səslər. Deyirdilər oğlunu gətiriblər. Ermənilərlə atışmada şəhid olub.
Ananı kiritmək, atanı ovutmaq olmurdu. Biri götürür, biri qoyurdu.
Anası Məleykə:
Dağtumasda izin var,
Gecən var, gündüzün var.
Söhrabım, tez qayıt gəl,
Hələ sənə sözüm var.
Atası Əhməd:
Bağımın barı oğul,
Dağımın qarı oğul.
Səsimə səs verginən,
Gözümün nuru oğul.
Şəhid olan Söhrab bəy, Əhməd kişinin 3-cü oğlu idi. Ucaboylu, enlikürək bir gənc olan Söhrab Məmmədov asanlıqla düşmənə aman, ölümə can verən deyildi. Taleyinin qisməti həmin anlarda onu şəhid edəcəkmiş. Şəhid edəcəkmiş ki, təkcə nəsl tarixində deyil, Vətən taixində də adı əbədiləşsin. Bu hamıya nəsib olurmu?
Bir az əvvlə qayıdaq…
Məmmədov Söhrab Əhmədoğlu, 1973-cü ilin mart ayının 1-də Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuşdu. Orta təhsilini (1980-1990) doğulduğu kənddə almış, oranı bitirdikdən sonra sənədlərini Bakı şəhərindəki 5 saylı Texniki Peşə Məktəbinə vermişdi. 1991-ci ildə TPM-ni müvəffəq nəticələrlə başa vuran S.Məmmədov suvaqçı-rəngsaz ixtisasına yiyələnmiş, az sonra ordu sıralarına yollanmışdı. Orta Asiyada Krasnovodsk şəhərindəki Hərbi Dairədə hava hücümundan müdafiə qoşunlarının N saylı hərbi hissəsində xidmət keçən Söhrab, 1991-ci ilin dekabr ayında SSRİ-nin dağılması ilə əlaqədar digər əsgər yoldaşları kimi ordudan vaxtından əvvəl tərxis olundu. Lakin hərbi xidmətə səfərbər edildiyi Bakı şəhərində qalmadı və doğulduğu torpağa üz tutdu. Bu elə bir vaxt idi ki, nankor erməni qonşularımız məlum murdar niyyətlərini həyata keçirməkdən ötrü hər cür alçaqlığa can atırdılar; tz-tez qonşu Azərabaycan kəndlərinə silahlı hücümlar təşkil edirdilər. O zaman yeni yaranan Cəbrayıl rayon Ərazi Müdafiə Taboruna müraciət edən Söhrab Məmmədov burda döyüşçü kimi fəaliyyətə başlayır. Özünün qorxmazlığı və cəsarəti ilə taborda fərqlənən igid döyüşçüyə qısa zaman içində çavuş rütbəsi verilir. Bu o çağlar idi ki, ölkə müstəqilliyini yenicə bərpa etmiş, ordu isə hələ tam qurulmamışdı. Könüllü batalyonlarla birlikdə Azərbaycan polisləri də ermənilərə müqavimət göstərmək və torpaqlarımızı müdafiə etmək üçün döyüşlərə qatılmışdı. Ermənilər Şişqaya, Şayax və Sur yüksəkliklərini əldən vermək istəmir, bizimkilərin başına od yağdırırdılar. Belə bir vaxtda Söhrab döyüş dostları ilə əməliyyatlarda uğurla iştirak edirdi. Döyüş yoldaşı, əmisi oğlu Rövşən bəy xatirələrində deyir:
Çox igidlklər göstərib əmim oğlu. Məsələn, 1992-ci il 28 iyun tarixində Sur kəndinin alınması istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Böyük igidliklər göstərib. Həmin vaxt ermənilərdən çoxlu meyitlər qalmışdı, bizim də şəhidlərimiz vardı. Gecə onların çıxarılmasında bir yerdə faəliyyət göstərdik; 5-6 meyid çıxardıq. Öz meyitlərimizi qohumlarına təhvil verdik. Sabahı günü atəşkəs oldu. Cəbrayıl rayon Xalq Cəbhəsinin sədri Vaqif Əlisoyla birlikdə ermənilərlə ratsiya ilə danışdılar. Ermənilərə dedi ki, bizim meyidləri qaytarın, biz də sizin meyitləri qaytaraq. Kənddən orda qalan əsgərlərimizin meyitlərini çıxarmaqda da Söhrab böyük fəallıq göstərdi. Gətirib təhvil verdik. O, həmçinin, Füzuli rayonunun Köşbək kəndində meyitlərin dəyişilməsində də bizimlə birgə aktiv iştirak etdi…
Amansız əcəl döyüşlərin qızğın vədəsində onu da tutdu. Bu hələ sonra olacaqdı. 1992-ci il avqustun 15-də Şişqaya uğrunda gedən döyüşlərdə yaralanan Söhrab xəstəxanada bir gün qaldıqdan sonra həkimlərin təkidinə baxmayaraq, əsgər yoldaşlarının yanına dönür. O, ermənilərin işğalının geniş vüsət aldığı müddətdə xəstəxanda qalmağı özünə sığışdırmır. Çavuş S.Məmmədovun istəyi düşmən üzərində qələbə çalıb sonra geri dönmək idi. Fəqət, sən saydığını say, deyiblər… 1993-cü ilin martın 29-da ermənilərin Sur postuna doğru başlayan hücumu onun ömrünə nöqtə qoyur. Sonuncu döyüşü burda bitir. Üzbəüzdə düşmən tankının açdığı atəş onun sol qıçının omba sümüyünü parçalayır və… xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmur. 1993-cü il aprelin 1-də əbədi olaraq gözlərini yumur…
Rövşənin xatirələrindən:
1993-cü il mart ayının axırında 896 saylı hərbi hissənin 1-ci rotasının 1-ci vzvodunda növbətçi idim. Bizim rabitəçi otağında Kürdəmirdən olan Barat adlı dostum vardı, o həmin gün növbətçiymiş. Bir də gördüm qaça-qaça gəldi ki, bəs Şayax postundan sizin Sur kəndi yaxınlığındakı “Ferma” postu müntəzəm atəşə tutulur. Rayon mərkəzində yerləşən hərbi hissədən kömək istəyirlər. Qeyd etmək lazımdır ki, “Ferma” postu kifayət qədər strateji əhəmiyyət daşıyırdı. Ona görə də ermənilər oranı nəzarətə götürmüşdülər. Saat 15-16 radələrində erməni tankları postumuzu güclü atəşə tutdulr. Məqsədləri bizim mövqe tutduğumuz bu postu sıradan çıxarmaq idi. Rota təlimə getdiyinə görə, növbədə məndən başqa, heç kəs yox idi. Dərhal yuxarı rəhbərliyə – komandanlığa telefonla məlumat verdim, onlar da bir maşın ayırdılar. Komandirin müavini baş leytenant Yaşar müəllim, mən və rotanın starşinası Fərhadov Kamal, iki nəfər də dlivanlı götürüb, həmin istiqamətdə yola düşdük. Cəbrayılın Süleymanlı kəndinə girəndə orda xəbər verdilər ki, ağır yaralı var. Yaralı döyüşçünü götürməyə ikinci batalyonun komandiri Səxavət Mirzəyev gedib. Biz Qışlağa çatahaçatda UAZ markalı maşın qabağımızdan yüksək sürətlə keçidi. Yaralını maşının arxa tərəfində döşəməyə uzatmışdılar. Hiss elədim ki, o, mənim əmim oğlu Söhrab Məmmədovdur. Getdik Qışlağa. Orda yüngül yaralılar da vardı. Yaralarını sarıyıb posta yola saldıq. Mən isə qayıtdım rayona. Rayonda öyrəndim ki, Söhrabı təcili Füzuli rayonunun Qaraxanbəyli kəndindəki hospitala aparıblar.
Söhrabla bağlı xatirələrində əmisi oğlu onu da əlavə edir ki, həmin gün postun starşinası Aşağı Məzrə kəndindən Şahmuradov İntiqam idi. Mən ondan soruşdum ki, hadisə nə təhər baş verdi? Dedi “düşmənlər atanda əks istiqamətdə mövqe tutduq ki, mərmilər bizi tutmasın; ya gəlib üstdən keçsin, ya qabağa düşsün.
Rəhmətliklə orda yeraltı bunker qazmışdıq, gecə içində yatırdıq, hər bir şəraitimiz vardı. Bunkerə daxil olmaq üçün 70:70 sm ölçüdə giriş qoymuşduq. Ağıla gəlməzdi ki, mərmi gedib içəridə adama dəyə bilər. Torpağin altıdı da. Allahn qisməti də var e. İçəridə bir az sağ tərəfə çəkilsəymiş heç nə olmazmış. O, giriş yerinin ağzında durub ki, birdən torpaq uçar, altında qalar. Mərmi dəyib yalın başına, qəpələri dolub içəri və birbaş ona doğru yönəlib. Biz də bilmirdik, deyir, səs gəldi keçdik içəri gördüm qabaqdan girib, arxadan çıxıb, üç deşik açmışdı bədənində. Ordan çıxardıq, qorxma, qorxma. Ta nə olacaq, mərmi işini görmüşdü. Soruşdum, dedi ağrı hiss eləmirəm. Səxavət müəllim gəldi, UAZ-la götürüb getdi.
İntiqam həmin vaxt orda olmuşdu, şahidi olduğu hadisəni mənə o danışdı. Bayaq da söylədim, axı biz bir az gec gedib çıxmışdıq. Hə, İntiqam onu da deyirdi ki, mərmi atan tankı Əfəndilərdəki postdan vurmaq olardı, nəsə onlar da həmin gün susdular, atmadılar. Biz gedəndə qaranlıq düşmüşdü, hadisə olub keçmişdi. İntiqamın dediklərindən belə başa düşdüm ki, ordakı toplardan düşmənin tankını vurmaq olardı, vurmadılar nədənsə.
Hadisəni eynilə qardaşı Malik də danışdı: Erməni tankı çıxıb onların postunu tutub atəşə, mərmi atılıb, o da özünü atıb səngərə ki, xilas olsun, snaryadın qəlpələri dolub böyrəyinə və o saat dağıdıb: qabaqdan girib, arxadan çıxmışdı. Yəni qardaşım faciəli bir şəkildə şəhid oldu, deyir Malik. İki gün qaldı, Qaraxanbəyli qospitalında, mən onda şəhərdə idim. Kursda idim. Gəldim kəndə heç yarım saat deyildi kəndə çatmışdım, hay düşdü, gəturdilər kəndə heç mənə də xəbər eləməyiblər. Dünya üçdu başıma, dəhşətli bir gün idi. Hələ onun təsəirindən indi də çıxmaq olmur. Elə bil hər gün həmin günü yaşayıram. 3 gün qalıb hospitalda, çoxlu qan veriblər, vertalyot da çağırıblar ki, Bakıya götürələr. Şoka düşüb, daha tərpətməyiblər. Düz üç gün həkilmlər onu həyata qaytarmaq üçün gecə-gündüz çarpışıblar. Ondan sonra da iki gün qaldı və… rəhmətə getdi. Sən demə, qismətində Tanrının Şəhidlik məqamına ucalmaq varmış. Martın 29-u vurulmuşdu, 31-də axşamüstü gətirdilər kəndə, aprelin 1-də rəhmətə getdi, aparıb dəfn elədik… Torpaq uğrunda çarpışan bir gənc vətənpərvər insanın həyatı beləcə sona çatdı. Təəssüf ki, ölümündən 4 ay sonra Dağtumas torpaqları erməni işğalçılar tərəfindən işğal edildi.
Öyrənirəm ki, Söhrab nümunəvi, igid əsgər olub. Cəbrayıl rayon Hərbi Hssəsində onun xətrini çox istəyirdilər, motoatıcı batalyonun say-seçmə əsgərlərindən idi. Bacarığını nəzərə alıb, Söhrab Məmmədovu vzvod komandirinin müavini təyin eləmişdilər. Artmaqda olan döyüş təcrübəsi, hərbi səruştəsi ona silahdaşları arasında rəğbət qazandırmışdı. Təsadüfi deyildir ki, hələ ölümündən xeyli əvvəl baş serjant rütbəsi (çavuş) vermişdilər. Söhrab çox qürurlu, şəxsiyyətini qorumağı bacaran, özgədən minnət götürməy rəzillik sayan əsl kişi tinətli gənc idi. Ucaboylu bu gənc oğlan döyüşə gedəndə üz-gözündən işıq saçırdı, düşmənə sonsuz nifrət vardı. Döyüş yoldaşlarına inamla deyirdi ki, bu torpağı qorumaq şərəfi bizim qismətimizi yazılıb. Borcumu-zu verməli, bacarığımızı qətityyətlə yerun yetirməliyik. Əgər bunu edə bilməsək, bu torpağın özü də, havası, suyu da bizi bağışlamaz.
Böyük qardaşı Vahid bəy deyir ki, 3 gün ərzində Qaraxanbəyli qospitalında oldum. Bu müddət ərzində bir dəfə də olsun, ağrılarını biruzə vermədi. O, çətin anlarını gizlətməyi bacarırdı. İstəmirdi ki, kimsə bundan narahat olsun. Bir şeyi də deyim, Söhrab diqqətcil, ağıllı, böyük-kiçik yeri bilən idi. Böyük qardaş kimi mənim də, Malikin də, bacılarının da həmişə hörmətini saxlayıb. Bir dəfə də olsun valideynlərimizin sözndən çıxmayıb. Qohumlara da, qonşulara da belə olub.
Təkrarçılıq olmasın, şəhidimizin qardaşı, tanınmış şair Malik Əhmədoğlu Söhrabın yaradıcı sənətə uşaqkən içdən gələn vurğunluğundan danışır:
– Onun gözəl rəsm çəkmək qabiliyyəti vardı, uşaq vaxtı evdə olan şəkilləri götürüb öz aləmində böyüdürdü, ondan nəsə yaratmağa çalışırdı. Sonra onun başqa bir qabiliyyəti də üzə çıxdı. Gitara çalmağı öyrənmişdi. İlk dəfə çaldığı “gitara” indi də durur. Onu özü əlində düzəltmişdi. Bir tərəfi mebel taxtasından, arxa üzü isə tut ağacından olan bir qəşəng və səliqəli gitara yonub düzəltmişdi. Həvəsini və səriştəsini görüb Söhraba o vaxt bir elektrogitara da aldım. Onunla evdə məşğul olurdu və qəşəng də öyrənmişdi, yəni çalmağı bacarırdı. Nə yaşadı, nə də görə: 20 il!. 20 il müddətində insan neyləyə bilər ki. Həyatı nizama düşən bir momentdə müharibə başladı, müharibədən sonra da… müharibnin sonrasını da görmədi. 20 ildə bacardığın elədi – həm Vətən üçün döyüşdü, həm kəndin işinə yaradı. Ancaq gözünü açmağa taleyi imkan vermədi…
İndi Söhrabıın uyuduğu qədim-qayım kənd qəbirstanlığında Vətən Şəhidi Məmmədov Söhrab Əhməd oğlunun özgə vaxtlar çevrəsindəkilərə bəlkə də adidən adi görünən gitarasının həzin nəğmələri onun müqəddəs ruhuna dolanaraq qəbirstanlığın o üzündəki Tuma Ata Ocağını, Dağtumas kavlarını, yalçın qayalıq-larını, hamar düzənlikllərini, dəvəbelli təpəliklərini, zümrüdü yaşıllıqlarını dolaşmaqdadır. İndi artıq o torpaqlar azaddır, murdar düşmən Qarabağın böyük bir hissəsindən qovulub. I Qarabağ Vətən Müharibəsinin yenilməz igid döyüşçülərinin, qazilərimizin, şəhidlərimizin qorxubilməz, döyüşkən ardıcılları – I Qarabağ Vətən Müharibəsinin müzəffər əsgərləri, rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş bacarığı, yalnız qələbə əzmi həm də yeni yaranan Milli Ordumuzun cəsur çavuşu Vətən Şəhidimiz Məmmədov Söhrab Əhməd oğlunun doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun Dağtumas kəndini erməni köpəklərindən təmizləyib. Doğrudur, qəsbkar, vandal düşmənlər işğal etdikləri bütün ərazilərimizdə daşı daş üstə qoymayıblar, milli-mənəvi dəyərlərimizə, təbii sərvətlərimizə, hətta qəbirsanlıq-larımıza belə qəsd etməkdən, dağıtmaqdan belə çəkinməyiblər. Fəqət, böyük quruculuq tədbirləri o yerlərdə abadlaşdırma, bərpaetmə işləri nəticəsində əzəl-kindən də yaxşı, müasir görkəm alacaqdır. Yeni nəsil o yerlərə yenidən həyat bəxş edəcəkdir. O zaman şəhidlərimizin müqəddəs ruhları gerçəkdən şad olacaqdır. Necə ki, şaddır. Axı I Savaşın varisləri ata-baba torpaqlarını geri almağı bacardılar. İndi o yer-yurd bizi gözləyir. Orda qoyub gəldiyimiz Vətən qoruqçularının, ulula-rımızın ruhları bizi səsləyir. Var olsun, ölkəmiz, dövlətçiliyimiz, insanlarımız, ordumuz! Yaşasın ölməz, əbədiyaşar şəhid ruhları! Allah cümləsinə qəni-qəni rəhmət etsin!
Sayğılarımla: Yusif DİRİLİ
MÜƏLLİFDƏN: Vətənimizin azadlğı, müstəqilliyi və bütövlüyü naminə canından keçən hər bir əsgərin, hər bir zabitin, hətta müxtəlif fəaliyyətilə döyüşlər zamanı hərb işinə kömək edən, dayaq verən hər bir vətəndaşımızın bu yöndəki əməli layiqli qiymətini almalıdır. Təqdirəlayiq haldir ki, II Qarabağ Savaşında Ali Baş Komandan döyüşçüləri müvafiq orden və medallarla, fəxri adlarla müküfatlandırdı. Yaxşı olardı ki, I Qarabağ Savaşında iştirak etmiş, yaralanmış, şəhid olmuş insanlarımıza da bu şamil ediləydi. Yeri gəlmiş, haqqında bəhs etdiyimiz Məmmədov Söhrabın döyüş yolu və şəhidlik məqamı barəsində indiyədək bir neçə məqalə yazılmış, yaxud toplularda haqqında bəhs edilmişdir. Məsələn, Ə.Əroğulun “Tumas Ata və tumaslılar”, M.Əhmədoğlunun “Dağtumas şəhidləri”, İ.İmanzadə və T.Abbaslının “Cəbrayıl şəhidləri”, “Qəm leysanı”, və “Torpağın qanlı köynəyi” kitablarında, Şakir Əlifoğlunun “Kolxozçu” (indiki “Xudafərin”) qəzetində yazı dərc edilib.
UZUN ÇƏKDİ
Həsrətin uzun çəkdi,
İllərlə ayrı qaldım.
Vətəndən uzaq yerdə,
Yaşa dolub qocaldım.
Hərdən məzarın üstə,
Durub gələ bilmədim.
Məzarınla üz-üzə,
Dərdi bölə bilmədim.
Vaxtsız köçdün dünyadan,
Şəhidlik adı aldın.
Ölümünlə şəhidlik,
Zirvəsinə ucaldın.
Tələsirəm gəlməyə,
Məzarına baş, qoyam.
Qurumuş torpağına,
Gözlərimdən yaş qoyam.
Acı hicrana görə,
Gözümdən axır yaşım.
Bağışla ki, tək qoydum,
Səni orda, qardaşım.
Ayrılığın odları
Daha qardaş, sönəcək.
Yurda həsrət qalanlar,
Daha yurda dönəcək.
Malik ƏHMƏDOĞLU
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy