Dirili Qurbani Məclisinin Təşkilat Bölümünün rəhbəri, 7 kitabın (5 şeir, 1 nəsr və 1 publisistik kitabın) müəllifi, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Malik Əhmədoğlunun II Qarabağ Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə nəticələnən və 30 ildə yaxın müddətdə ermənilərin işğalı altında qalan torpaqlarımızın azad edilməsinə həsr etdiyi yeni şeirlərindən bir hissəsini DQM-nin oxucularına təqdim edirik.
Malik ƏHMƏDOĞLU
GEDİRİK QARABAĞA
Ordumuz hucumdadır,
Sevinir buna millət.
Qarabağım alınır,
Sona çatır bu zillət.
Əhsən yaşanan çağa,
Gedirik Qarabağa.
Gülür üzü torpağın,
Bu gün vətən sevinir.
Dar gündə, dar zamanda,
Haya yetən, sevinir.
Səs düşüb, hər bir dağa,
Gedirik Qarabağa.
Şuşaya dönür ordum,
Kəlbəcər gəl-gəl, deyir.
Cəbrayılım bu günlər,
Qoynumda dincəl, deyir.
Tələsirik almağa,
Gedirik Qarabağa.
Qubadlım, Zəngilanım,
Ağdam, Fizuli canım.
Laçındır son ünvanım,
Can atırıq olmağa,
Gedirik Qarabağa.
Xocavəndim, Xankəndim,
Xocalım, yaralı bəndim
Geri dönür hər kəndim,
Yol açılır torpağa,
Gedirik Qarabağa.
Gözləyir məni yurdum,
Bir vaxt yaratdım, qurdum.
Hazırdır şanlı ordum,
Qələbəsin çalmağa,
Gedirik Qarabağa.
YOLLARINA BAXIRAM
Laçınlı dostlarımın həsrətinə şərik olaraq bu şeirimi onlara ərmağan edirəm.
Yollarına baxıram,
Yollarına, ay Laçın.
Sarılmaq istəyirəm,
Qollarına, ay Laçın.
Yaman gecikir vüsal
Qovuşmağa, gəlirik.
O dağına, daşına,
Yovuşmağa, gəlirik.
Qollarını aç çağır,
Balam, hardasan denən?
Əmim, bibim, ay dayım,
Xalam, hardasan denən?
Səslə bizi durmadan,
Duraq, qaçaraq gələk.
İllərlə bağlı qalan,
Yolu açaraq, gələk.
Al qoynuna bizləri,
Qıyma nisgildən dolaq.
Qoyma bizi Laçınım,
Bir daha sənsiz, olaq.,
ŞƏHİDLƏR
2783 –
Bu adi rəqəm deyil. Saysız arzuların dəfn olunduğu rəqəmdir. Vətən üçün canından keçməyə hazır olan canfədailərin sırasını bizə çatdıran rəqəmdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Vətən üçün döndülər,
Sərt qalaya şəhidlər.
Düşmən üçün döndülər,
Bir bəlaya, şəhidlər.
Geriyə dönməyərək,
Şimşək kimi, axdılar.
Alınmaz qalaları,
Alıb ordan baxdılar.
Vətənin adı gələn,
Yeri qorudu onlar.
Sönməyən tonqalların,
Sönməz qorudu, onlar.
Dönmədilər geriyə,
Çətin olan döyüşdən.
Tarixin yaddaşında,
Hopub, qalan, döyüşdən.
Şəhidlər bu vətənin,
Alınmaz qalasıdır.
Vətən onlara Ana,
Onlarsa balasıdır.
Heç vaxt dönməyib geri,
Sonadək dayandılar.
Vətənin göylərində,
Əbədilik yandılar.
VƏTƏN ÇAĞIRIR
Dünyanın sayı yox, dərdi, kədəri,
Yol salıb illərlə içimdən mənim.
Çoxları baxıram, gözümə dəymir,
Əbədi qopubdur, köçümdən, mənim.
Məzara çevrilib, çoxu bu yerdə,
Bir daha vətəni, görməyəcəkdir.
Əllərin uzadıb, vətən bağından,
Sevdiyi meyvəni dərməyəcəkdir.
Susub boylanıram dörd tərəfimə,
Üzülür həsrətdən yaralı ürək.
Bütövlük görmədin sən bu həyatda,
Yaşadın bu ömrü paralı, ürək.
İlahi, nə deyim, nə yazım axı?
Dayanıb həyatım, yaşamaq olmur.
İllərlə yaşanan dövran qurtarır,
Yenisin hələ də başlamaq olmur.
İllərlə yaşanan, qaçqın ömrümü,
Daha buralara atıb gedirəm.
Vətənim çağırır, vətənim məni,
Ən gözəl arzuma çatıb, gedirəm.
DAĞTUMAS
23 oktyabr Dağtumas kəndinin azad olunduğu gündür. Sevincimi necə çatdırım bilmirəm. İki-üç bəndlə bu şad günü sizinlə bölüşürəm. Mənim sevincimə şərik olan hər bir kəsi təbrik edirəm. Allah millətimizi, dövlətimizi, əsgərlərimizi qorusun. Ali Baş Komandanımıza yar olsun.
Şükür azad oldu vətən torpağı,
Mən dura bilmirəm burda, Dağtumas.
Vətənin sevgisi, vətənin eşqi,
Məni tələsdirir yurda, Dağtumas..
Daha əllərimiz əlinə çatır,
Daha düşmənlərin günəşi batır.
Mən yaxşı bilirəm, vulkanlar yatır,
Qoynunda gizlənən qorda, Dağtumas.
Malik, şükr eylə gələn sabaha,
Üzünə nuruyla gülən, sabaha.
Ölsəm də ölümdən qorxmuram daha,
Rahat yatacağam, gorda, Dağtumas.
AZƏRBAYCAN, TÜRKİYƏ
Bir millət, iki dövlət,
Azərbaycan, Türkiyə.
Bəxtiyar Vahabzadə
Oxucum, bu şeirə nəzirə yazmaq keçdi ürəyimdən. Çünki, bu çətin günlərdə daha çox Türkiyə yanımızda oldu. Bəxtiyar müəllimin ruhu bağışlayar yəqin. Allah rəhmət eləsin Ustada!
Günün tarixin yazır,
Azərbaycan, Türkiyə.
Hərbə hazırdır, hazır,
Azərbaycan, Türkiyə.
Sözün deyir cahanda,
Sınan deyil meydanda.
Sadiqdirlər bir anda,
Azərbaycan, Türkiyə.
Hər anı bir hünərdi,
Eynidir, eyni dərdi.
Hökmü dünya qədərdi,
Azərbaycan, Türkiyə.
Eyni kök, eyni qandır,
Birgədir nə zamandır.
Eyni ruh, eyni candır,
Azərbaycan Türkiyə.
Əzəmətli bir dağdı,
Bəxtinə dərdlər yağdı.
Alınan Qarabağdı,
Azərbaycan, Türkiyə.
Geri dönməz ordudur,
Səcdəsi bozqurdudur.
Bir millətin yurdudur,
Azərbaycan, Türkiyə.
Qəfil oddan yanmasın,
Dərdi sıralanmasın.
Bir də aralanmasın,
Azərbaycan, Türkiyə.
AZƏRBAYCAN DÖVLƏTİ
Gəldi biz deyən günlər,
Parçalandı düyünlər,
Bilməyənlər bilsinlər,
Yığıb bütün heyyəti,
Azərbaycan dövləti.
İrəli deyir ancaq,
Bizimlədir bu gün haqq.
Qarabağ alınacaq,
Tutubdur bu niyyəti,
Azərbaycan dövləti.
Cavab gəldi qanlara,
O dəhşətli anlara.
Sübut edir yanlara,
Sarsılmayan qüdrəti,
Azərbaycan dövləti.
Gücüylə çıxıb önə,
Qoymayır bu od sönə.
Göstərir dönə-dönə,
Döyüşlərdə heyrəti,
Azərbaycan dövləti.
ŞƏHİDİN GƏLİR, ANA
Çıx evindən yola bax,
Şəhidin gəlir, Ana.
Qəlbində od qala, bax,
Şəhidin gəlir, Ana.
Qarabağda qan düşüb,
Can üstünə can düşüb.
Bəxtinə bu an düşüb,
Şəhidin gəlir, Ana.
Yolu uzaqdır, gözlə,
Yaran ağırdır közlə.
Ovudum hansı sözlə,
Şəhidin gəlir, Ana.
Müqəddəs yolu seçən,
Şanlı yaddaşa köçən.
Əziz canından keçən,
Şəhidin gəlir, Ana.
ÖLDÜ DEMƏYIN MƏNƏ
Bir şəhidin dilindən
Yenə də əsgərəm mən,
Öldü deməyin mənə.
Sarsılmaz hünərəm, mən,
Öldü deməyin mənə.
Hər gün öndə olacam,
Qələbələr çalacam.
Sona qədər qalacam,
Öldü deməyin mənə.
Qaytaracam Şuşanı,
Yaşayacam xoş anı.
Hər işin var zamanı,
Öldü deməyin mənə.
Vətən üçün yarandım,
Vətəndir yenə andım.
Tək bu anda inandım,
Öldü deməyin mənə.
Bilərək torpaq nədi,
Ruhum onda oynadı.
Əbədiyyəm, əbədi,
Öldü deməyin mənə.
GÖZLƏRİN AYDIN, ŞUŞA
Xilas oldun yağıdan,
Gözlərin aydın, Şuşa.
Nalələrdən, ağıdan,
Gözlərin aydın, Şuşa.
Sahibi olan gəldi,
Qeydinə qalan gəldi.
Köməyə balan gəldi,
Gözlərin aydın, Şuşa.
Üzü güldü torpağın,
Hər qayanın, hər dağın.
Qayıdır gözəl çağın,
Gözlərin aydın, Şuşa.
Haqq yerin aldı daha,
Şükür belə sabaha.
Şükür olsun Allaha,
Gözlərin aydın, Şuşa.
Sevincdən yanır ürək,
Saysızdır arzu, dilək.
Azadlığın mübarək,
Gözlərin aydın, Şuşa.
Maliki boğur qəhər,
Gəldi nə gözəl səhər.
Deyir hər kənd, hər şəhər,
Gözlərin aydın, Şuşa.
VƏTƏN
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bütöv Azərbaycan, gözün aydın olsun. Bütün Türk dünyası gözünüz aydın olsun!
Qayıtsam geriyə, diz üstə düşüb,
Sənin öpəcəyəm daşından, vətən.
Sənin hər əzabın, sənin hər ağrın,
Keçəcək gözümün yaşından, vətən.
Qocaldıq, a dostlar, qocaldıq yaman,
Gördü öz işini, dərd dolu zaman.
Olmadım qürbətin yazından uman,
Pay umdum mən sənin qışından, vətən.
Malik dərd gördü, illərdən bəri,
Qəlbindən keçirdi, hər bir xəbəri.
Dünyanın sayı yox dərdi, kədəri,
Asıldı hər zaman qaşından, vətən.
KƏLBƏCƏR GÜNÜDÜR
Yolları açıldı yurdun,
Bu gün Kəlbəcər günüdür.
Sözün dedi yenə ordum,
Bu gün Kəlbəcər günüdür.
Qarlı dağlar gəl-gəl deyir,
Bunu sirli bir əl deyir.
Neçə ildir yol gözləyir,
Bu gün Kəlbəcər günüdür.
Sücaətdən miras sözlər,
Yaraları bir-bir közlər.
Gülsün daha qəmli gözlər,
Bu gün Kəlbəcər günüdür.
Saysız ruhlar narahatdır,
Xoş xəbəri bir-bir çatdır.
Xoş zamandır, xoş saatdlr,
Bu gün Kəlbəcər günüdür.
Malik, elin gülür gözü,
Öz yerini tapır özü.
Hamı eşitsin bu sözü,
Bu gün Kəlbəcər günüdür.
ÜRƏKLƏR YANIR
Qurtarmaq bilməyir bu qanlı savaş,
Yenə də rusların əli uzanır.
Atəşkəs eyləyən “sülhməramlının,”
Gözləri önündə Kəlbəcər yanır.
Yandırır yağılar, yandırır yurdu,
O yerdə arzular, diləklər yanır.
Baxıb bu alova, baxıb bu oda,
Sinələr altında ürəklər yanır.
Nifrətin gizlədə bilməyən yağı,
Gözünə görünən nə var məhv edir.
Meşəni yandırır, evi yandırır,
Görünən nə varsa yıxaraq gedir.
Gəlişi rusların nə verdi bizə?
Baxıb düşünürəm, dərd verdi ancaq.
Deyəsən qızışan saysız yanğınlar,
Bu ruslar getməsə dayanmayacaq.
Allahım, sən özün kömək ol bizə,
Bu qanlı döyüşlər geri gəlməsin.
Yazıqdır bu millət, tankların altda,
Qalıb meydanlarda bir də ölməsin.
Vətən müqəddəsdir, onun bir kolu,
Yağının əliylə bir də yanmasın.
Övladın itirən ata, ananın,
Ürəyi bir daha parçalanmasın.
ŞƏHİDLƏR
Vətənin adını, uca edərək,
Sonadək səngərdə durdu, şəhidlər.
Vətənin üstünə yeriyənlərin,
Gözünü əbədi qırdı, şəhidlər.
Şuşanı qaytarıb geri aldılar,
Yaddaşda basılmaz ər tək qaldılar.
Düşmən üzərində zəfər çaldılar,
Basılmaz səngərlər qurdu, şəhidlər.
Oldular əbədi yurdun övladı,
Qoydular ortaya sınmaz inadı.
Qoruyub şərəflə ucalan adı,
Dönməzlik möhürün vurdu, şəhidlər.
Hünər göstərdilər belə bir gündə,
Qorxunu tutdular hər zaman gendə.
Qalaya döndülər düşmən önündə,
Oldular basılmaz ordu, şəhidlər.
OLDU TÜRKİYƏ
Heç zaman köməyin kəsmədi bizdən,
Hər zaman bizimlə oldu Türkiyə.
Heç zaman inciyib küsmədi bizdən,
Hər zaman bizimlə oldu Türkiyə.
Ən ağır zamanda haraya gəldi,,
O bizə hər zaman vur deyən əldi.
Gəldi, gəlişiylə dünyam düzəldi,
Hər zaman bizimlə oldu Türkiyə.
Dayandı bizimlə hər vaxt yan-yana,
Əzmini göstərdi bütün cahana.
Dur dedi haqsıızın tökdüyü qana,
Hər zaman bizimlə oldu Türkiyə.
Zəfər bayrağımız, ucaldı yenə,
Qardaşlıq varlığın çıxardı önə.
Əhsən bu hünərin böyüklüyünə,
Hər zaman bizimlə oldu Türkiyə.
Malikəm, can qurban olsun bu ada,
Türkün güvənc yeri, türkdür dünyada.
Düşsə də bu yolda hər oddan-oda,
Hər zaman bizimlə oldu Türkiyə.
SALAM OLSUN
Dar günümdə, haya gələn,
Türk elinə salam olsun.
Dərdimizi dərdi bilən,
Türk elinə salam olsun.
Göz yummadı haqsızlığa,
Güc önündə susdu dığa.
Layiqdir hər ucalığa,
Türk elinə salam olsun.
Şərəflidir seçdiyi yol,
Əsrlərlə keçdiyi yol.
Uğurunda köçdüyü yol,
Türk elinə salam olsun.
Millətimin qardaşıdır,
Sirr yeridir, sirdaşıdır.
Savaşımız savaşıdır,
Türk elinə salam olsun.
Malik deyir, sözün deyən,
Bu dərdləri çözün, deyən.
Sona qədər dözün, deyən,
Türk elinə salam olsun.
SÖZ QARABAĞDAN
Nə qədər yazsam da qurtarmaq bilmir,
Elə bil qaynayır söz, Qarabağdan.
Dünyanın varından doymağa nə var,
Görək doyacaqmı göz, Qarabağdan.
Xilasa yol açdı şanlı ordumuz,
Azaddır düşməndən daha yurdumuz.
Bir də sönməyəcək ümid, odumuz,
Çünki götürübdür köz, Qarabağdan.
Malik, şükr olsun uca Allaha,
Yolumuz açıldı, nurlu sabaha.
İllərlə dərd gördük, qəm gördük daha,
Sevinc görəcəyik biz, Qarabağdan.
KƏLBƏCƏRIN ALINIB, DUR
Bu gün qismət məni Kəlbəcərin alınan günü Məmməd Aslanın məzarıyla üz-üzə qoydu. Yaxın bir qohumun məzarının yerini axtarırdıq. Tuş gəldiyim bir məzarın üzərində Məmməd Aslanın şəklini gördüm və ona baxa-baxa dedim: Gözün aydın, Məmməd Aslan, Kəlbəcərin alınıb, dur ayağa. Sonra həmin məqamı şeirə çevirdim. Bütöv Türk dünyasının gözləri aydın olsun. Allah ustada rəhmət eləsin !
Gözün aydın Məmməd Aslan,
Kəlbəcərin alınıb, dur.
Arzuları dur bir-bir an,
Kəlbəcərin alınıb, dur.
Gəl-gəl deyir Murov dağı,
Qayıt, yaşat gözəl çağı.
Dur, vəsf eylə, o torpağı,
Kəlbəcərin alınıb, dur.
O dağları dolan bir də,
Sücaəti an o yerdə.
Əlac oldu saysız dərdə,
Kəlbəcərin alınıb, dur.
Məzarını gördüm, yandım,
Varlığımı bir an dandım.
Geri dönüb vətən andın,
Kəlbəcərin alınıb dur.
Malik deyər, vətən dərdi,
Çox ömürü vaxtsız dərdi.
Arzuların bil, göyərdi,
Kəlbəcərin alınıb, dur.
QAYITMALIYIQ
Cəbrayıl rayonunun Dağtumas kəndi erməni işğalından azad olunan gündən bu xəbəri gözləyirmişlər kimi çoxlu sayda yaxınlarımız sevinclərindən dünyasını dəyişdi. Allah hər birinə rəhmət eləsin. Bundan dolayı ellilərimə bir çağırış keçdi ürəyimdən…
Ay ellər, tələsmən, gözləyin bir az,
Vətənə qayıdaq, orda ölərik.
O ana torpağın qoynunda olan
Əbədi məkanda, gorda, ölərik.
Tələsmən açılır yollar get-gedə,
Gedək o yerlərin daşından öpək.
Həsrətli oğulun, həsrətli qızın,
O yerdə gözünün yaşından öpək.
Gedib o yerləri dolanaq bir az,
Ümid ocağımız yansın, sönməsin.
İllərlə vətənə getmək istəyən,
Niyə, o yerlərə axı, dönməsin?
Qəlbimiz yüklənib, bilirəm qəmdən,
Dözərək sevinci oyatmalıyıq.
Kəsin bu ölümün yolunu, dostlar,
Bizlər Qarabağa qayıtmalıyıq.
YAŞA, ƏSGƏRIM, YAŞA
Yürüşünə min əhsən,
Tarix yazan əsgərim.
Qarşısında baş əyir,
Hər insan bu hünərin.
Hər addımın bir zəfər,
Bizə həyat dərsidir.
Sənin o addım səsin,
Azadlıq nəğməsidir.
Qüruruna can qurban,
Yaşa əsgərim, yaşa.
Sən şərəf dastanını,
Yazdın yenə yaddaşa.
Qarabağdan yol gələn,
Məğrur izinə qurban.
Sevinc yaşları axan,
Odlu gözünə qurban.
Sənin zəfər yürüşün,
Ruhu gətirir cana.
Dayaqsan əbədilik,
Anam Azərbaycana.
UNUTMAYIN BİZLƏRİ
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nə gərəkdir etdik biz,
Unutmayın bizləri.
Şəhidliyə yetdik, biz,
Unutmayın bizləri.
İrəli getdik ancaq,
Olduq sönməyən ocaq.
Yer bizə açdı qucaq,
Unutmayın bizləri.
Uca tutduq bayrağı,
Xilas etdik torpağı.
Gəldi şəhidlik çağı,
Unutmayın bizləri.
Vətən yaşasın deyə,
Biz baxmadıq heç nəyə.
Yol açdıq son zirvəyə,
Unutmayın bizləri.
ÇƏTİN OLDU
Çətin oldu, o yerlərin,
Yağılardan alınmağı.
Yad bayrağın Şuşamızın
Zirvəsindən salınmağı.
Biz bacardıq qırxdörd günə,
Yağıları susdurmağı.
Otuz ilə yığdığını,
Qırxdörd günə qusdurmağı.
Biz bacardıq Qarabağın,
Varlığına bələnməyi.
Biz bacardıq daşa dönüb,
Başlarına ələnməyi.
Üzərinə yeriyərək,
Birdəfəlik dayan, dedik.
Türklüyünü bu millətin,
Dərdlərinə həyan, dedik.
Yağılardan alınan yer,
Gələcəkdir yenə cana.
Bu millətin böyüklüyün,
Sübut etdik biz cahana.
GƏLMƏSİN
Bizim sevinc dolu, bu qələbələr,
Deyirəm, a dostlar, gözə gəlməsin.
Tökülsün dərdimiz, yağının üstə,
Bir də bu acılar, bizə gəlməsin.
Yaradan yar olsun bizə əbədi,
İllərlə qəlbimiz qəmdən göynədi.
Yenə ürəyimdə bir dərd öynədi,
Dərd, bəla biz keçən izə gəlməsin.
Malik, ürək ver yenə haqq sözə,
Yaşadıq dərdlərə biz dözə-dözə.
Deyirəm düşmənlər biznən üz-üzə,
Bir də üz bağlayıb, üzə gəlməsin.
ÖLMƏRƏM MƏN
Vətən, sənin bu gününü
Gördüm, daha ölmərəm mən.
Düşməninin öldüyünü,
Gördüm, daha ölmərəm mən.
Azad olur hər bir dağın,
Geri dönür gözəl çağın.
Alındığın bu torpağın,
Gördüm, daha ölmərəm mən.
Hamı qalıb ayaq üstə,
Hayat gedir, dəstə-dəstə.
Bu milləti bu həvəsdə,
Gördüm, daha ölmərəm mən.
Yağıların sındı beli,
Xatırladır ordum seli.
Deyən, gülən bizim eli,
Gördüm, daha ölmərəm mən.
Malik, səslə bu milləti,
Başa çatır de, həsrəti.
Millətimdə bu qeyrəti,
Gördüm, daha ölmərəm mən.
XUDAFƏRİN
Üzün güldü, sonda sənin,
Xudafərin.
Beli qırıldı düşmənin,
Xudafərin.
Qarabağım gəlir cana,
Düşmən baxır yana-yana.
Sevinc payla hər ünvana,
Xudafərin.
Təbriz, Bakı alqışlayır,
Bu ayrılıq günün sayır.
Gözlər sevincdən ağlayır,
Xudafərin.
Diridağım, Tumasatam,
İstərəm ki, sizə çatam.
Sənsən daha mənim butam,
Xudafərin.
Mərd oğullar dedi sözün,
Yağıların tökdü gözün.
Qibləgahsan bizə özün,
Xudafərin.
Cana gəlir torpaq, cana,
Çox boylandıq yana-yana.
Son qoyulur bu hicrana,
Xudafərin.
Malik, deyir bitir həsrət,
Yadın üstən çək daha xətt.
Görüşərik bir gün əlbət,
Xudafərin.
ELLƏR SEVİNİR
Vətənin hər daşı alınır geri,
Düşməndən qurtulan çöllər sevinir.
Vətənin küləyi dəydikcə üzə,
Yanağa toxunan tellər sevinir.
Çağırır bizləri qoynuna dağlar,
Yox deyir yağının oyununa, dağlar.
Daş tökür düşmənin boynuna, dağlar,
Yağını qovlayan sellər sevinir.
Gəlirəm, yol açın, ay dağ, ay dərə,
Gələcəm gülündən mən dərə-dərə.
Can atır, can atır yeni sözlərə,
Vətəndən danışan dillər, sevinir.
Ürək çox istəyir yurdun havasın,
Gəlir addım səsi, xoş bir təmasın.
İllərlə gözləyib gözəl sonasın,
Açıb qucağını göllər, sevinir.
Şükürlər deyirəm, uca Allaha,
Gedirik sevinclə dolu sabaha.
Malik, Qarabağın alınır daha,
Bilib bu xəbəri ellər, sevinir.
QARABAĞA GEDİRİK
Gözü aydın xalqımın, tilsimlər paralandı,
Bizi topa tutanlar yerində yaralandı.
Aldı bu gün öz yerin, aldı dönməzlik andı,
Yağıdan o yerləri biz almağa gedirik,
Qarabağa gedirik.
Gözün aydın Cəbrayıl, gözün aydın Fizuli,
Daha uzanmayacaq Ağdama yadın dili.
Yorulduq keçirməkdən burda işğallar ili,
Dönərək yurd yerində biz olmağa gedirik,
Qarabağa gedirik.
Gözün aydın Qubadlı, gözün aydın Zəngilan,
Gözün aydın Laçınım, qayıdırıq biz inan.
Kəlbəcərin dərdinə gedək biz olaq həyan.
Murova qalxıb dostlar, ucalmağa gedirik,
Qarabağa gedirik.
Xankəndini qurtaraq əsirlikdən əbədi,
Yerinə yetirək biz Şuşaya olan vədi.
Xocalı yada düşdü, yenə ürək göynədi,
O dərdin yarasını, bağlamağa, gedirik,
Qarabağa gedirik.
Qarabağım alınır, şükür olsun bu günə,
Dəyişir dövran, dostlar, vətənimin xeyrinə.
Qayıdacaq yurdsuzlar yenə də yurd yerinə,
O yerlərdə əbədi biz qalmağa gedirik,
Qarabağa gedirik.
QƏLƏBƏYLƏ DÖN GERI
Döyüşə gedən əsgər,
Qələbəylə dön geri.
Hər daşda, hər qayada,
Qalsın hökmünün yeri.
Yağıya vermə aman,
Qoyma bir də dil açsın.
Yesir eylə sən onu,
Yalvararaq əl açsın.
Söndür düşmənin odun,
Qoy bir daha yanmasın.
Özündə hünər tapıb,
Qarşında dayanmasın.
Qarabağı qaytarıb,
Millətini sevindir.
Bu gündən sonra bilsin
Bu torpaqlar sənindir.
Gözləyir bütün millət,
Sevinc dolu o anı.
Qələbəylə dön geri,
Güldür Azərbaycanı.
VƏTƏNƏ GÖRƏ
Vətən nə şirinmiş, vətənə görə,
Sayı yox oğullar canından keçir.
Şəhid məzarları müqəddəs olur,
Borcunu qananlar yanından keçir.
Torpağa tökülür şəhidin qanı,
Vətənə çevrilir qan udan torpaq.
Yadların əlində əsirə dönür,
Şəhidin haqqını unudan torpaq.
Vətənin qoruyan seçir bu yolu,
Gərəksə bu yolda, ölməyə gedir.
Düşmənin izini öz torpağından,
Döyüşdən-döyüşə silməyə gedir.
Canların torpağa əmanət edib,
Torpağın ruhuna, qarışır onlar.
Vətənin uğrunda gələn ölümlə,
Torpağa baş qoyub barışır onlar.
Vətən müqəddəsdir, onun varlığın,
Uşaq da, böyük də durmadan anır.
Dünyada sayı yox nemətlər vardır,
Birinci sırada Vətən dayanır.
YURDUNA QAYIDACAQDIR
Keçib çox sınaqdan, keçib millətim,
Bu dərdi sonunda, öldürəcəkdir.
Qələbə yolunu seçib, millətim,
Bir gün arzuları, güldürəcəkdir.
Şuşaya sancılan üçrəngli bayraq,
Əbədi o yerdən yellənəcəkdir.
Bu doğma yurdumun hər tərəfindən,
Azadlıq bayrağı görünəcəkdir.
Sonuna çıxacaq düşmənin ordum,
Bütövlük bir daha sınmayacaqdır.
Hünərlə qorunan müqəddəs yurdum,
Yağılar əlində yanmayacaqdır.
Dərbəndin, Təbrizin üzü güləcək,
Borçalı şəninə sözlər qoşacaq.
Durub məzarından Dədə Qurbani,
Sazıyla məclisə yaxınlaşacaq.
Qələbə çalacaq, qələbə millət,
Yatmış türklüyünü oyadacaqdır.
Əlindən alınan yurd yerlərinə,
Bir gün əbədilik qayıdacaqdır.
GƏLİRİK BİZ
Vətən, burda son qoyaraq,
Göz yaşına, gəlirik biz.
Hünər yazıb nəsillərin,
Yaddaşına, gəlirik biz.
Sonda yurdu geri aldıq,
Qələbəni daha çaldıq.
İllər boyu həsrət qaldıq,
Hər daşına, gəlirik biz.
Hünərini gör oğlunun,
Ruhu coşub nər oğlunun.
Xeyir-dua ver, oğlunun,
Savaşına, gəlirik biz.
Malik, dözə, dözə dərdə,
Ümid gəzdi o, hər yerdə.
Dönmək üçün o yerlərdə,
Başdaşına, gəlirik biz.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy