“KREDO” kimi bir nüfuzlu qəzetin baş redaktoru Əli Rza Xələfli ölkəmizdə kifayət qədər yaxşı tanınan söz admıdır, mükəmməl qələm yiyəsidir. Onun sözə könül vermiş, ancaq bu gün gerçək həyatda olmayan, fəqət heç zaman izi silinməycək dəyərli insanları ürəklə, mərhəmanə bir şəkildə xatırlaması adamda xoş duyğular yaradır. Düşünürsən ki, Əlirza müəllim təki qədirbilən, gərəkli, təpərli yazarlar yaxşıları unudulmağa qoymursa, arxayın yaşamağa dəyər. Onun yurd ağrılarından dolayı qəm yükünü içində şəkə-çəkə haqq dünyasına köç edən azman şairimiz Şahmar Əkbərzadə ilə bağlı xatirləri, yazıları torpaq həsrətindən göynəyən yaralarımıza sanki duz basır. Onun xatirələrində şirinlik və həzinliklə yanaşı bir şiddət var, haray var. Bunu Ə.R.Xələfli özünün Fb səhifəsində paylaşdığı daha bir xatirə-yazısında göstərmiş oldu. Bəri başdan qeyd edim ki, Əlirza müəllimin görkəmli, istedadlı mərhum şairimiz Ağa Laçınlıya həsr etdiyi şeirlər məndə bir oxucu kimi qəribə duyğular oyatdı. Ona görə yox ki, yaxşı tanıdığım bir insandan ötrü nastolji hisslər keçirdim. Əslində rəhmətlik Ağa müəllimin şeirlərini oxusam da, özünü heç vaxt görməmişdim. Amma ömür yoldaşıma Bakı Dövlət Universitetində dərs demişdi və o, bir müəllim kimi Ağa Laçınlının yüksək insani xüsusiyyətlərindən, yaxşı pedaqoq olmasından dəfələrlə danışmışdı. Ən çox yadında qalan da rəhmətliklər – türkoloq, akademik Tofiq Hacıyev və şair-pedaqoq Ağa Laçınlı idi…
Ağa müəllimin oğlu Fəxri Uğurlunu yaxşı tanıyıram: İlk dəfə 90-cı ilin əvvəllərində “YOL” qəzetində görmüşəm, həmkarı və dostu Qurban Yaquboğlu ilə birlikdə. Sonralar “Müxalifət”, “525-ci qəzet” və “Rezonans” qəzetlərində hər ikisi ilə daha da yaxından tanış olduq. Sonuncuda Fəxri Uğurlu bir müddət baş redaktor, Qurban isə müavin işlədi. “Rezonans” qəzetindən sonra Fəxri bəy “Avropa” adlı qəzet təsis elədi. Hər iki qəzetdə ciddi əməkdaşlığımız oldu. Fəxri bəy həm də yadımda hələ tələbəykən müəllimi, türkoloq, professor Kamil Vəliyevlə birgə hazırlayıb nəşr etdirdikləri “Oğuznamələr” kitabı ilə qalmışdı. Düzü, çox sonralar öyrəndim ki, o, Ağa Laçınlının oğludur və “Yeni Müsavatın” peşəkar yazarlarından sayılan Azər Qaraçənli də onun qardaşıdır.
Fəxri Uğurlu yaxşı jurnalist olmaqla bərabər, istedadlı bir yazıçıdır. Cəmi bir kitabını və dövri nəşrlərdə dərc olunan, necə deyərlər, əlimə düşən bədii yazılarını oxumuşam və burdan çıxış edərək onu bu cür qiymətləndirirəm. Burasını da deyim. “Rezonans” qəzetinin baş redaktoru işlədiyi son vaxtlarda (1990-cı illərin axırlarında) nə səbəbdəndirsə təsisçi əməkdaşların qonararını saxlamışdı. Fəxri bəy öz əməkhaqqından imtina edərək, işçilərin qonararlarının verilməsini tələb etdi və buna nail oldu. Çətinliklə də olsa o, bunu bacardı. İndi fikirləşirəm ki, bu cür yaradıcı və əməkdaşına dəyər verən insanların xarakteri ancaq valideyndən, ulu nəsldən gələ bilər. Yadıma yenə Əli Rza Xələflinin şair-pedqoq Ağa Laçınlı haqqında yazdığı xatirə-şeirlər düşdü. Aşağıda həmin şeirləri diqqətinizə təqdim edirik, istəkli dostlarımız, sevimli oxucularımız.
İnsani münasibətlərin, insani keyfiyyətlərin nə demək olduğunu elə bu şeirlədən də, o şeirlərin müəllifinin böyük ürəyindən də görmək olar.
Sayğılarımla: Yusif DİRİLİ
Görkəmli şair Ağa Laçınlı ilə uzun müddət sıx əlaqəmiz, yaxınlığımız, dostluğumuz olub.
Laçınlı Ağa gəldi deyəndə o saat Laçınsız de, Laçınsız de, qaragün ağa de. Yeri yurdu olmayanın günü qara olar.
“Qaragün” adlı əsəri də vardı səhv etmirəmsə. Kimsənin səhvini bağışlamırdı. Özündən müştəbehlərə “vedrə” bağlamağına söz yox idi.
Nə isə… Ağa Laçınlının, Şahmarın… bu ölümlər mənim üçün böyük itki idi.
Əli Rza Xələfli
QARAGÜN AĞANIN ÖLÜMÜNƏ
Dostum Ağa Laçınlının xatirəsinə
Alıcı quş kimi qıyqacı baxan,
Sözün ovçusuydu Ağa Laçınlı.
Gözündə od vardı, qəlbində vulkan
Döndü sinəmizdə dağa Laçınlı.
Söz ilə oynamaq şəkəri vardı,
Ovsunçu ilanla oynayan kimi.
Dilində duz vardı, şəkəri vardı,
Şirini, acısı qaynayan kimi.
Bircə kəlmə sözü sapand daşıydı,
Nadanın başına duz bağlayardı.
Az deyər, düz deyər – üzük qaşıydı
Sözündə dağ gülər, çay ağlayardı.
Şimşək gülüşüylə bulud parçalar,
Alçaqlar gizlənib daldalanardı.
Sözü pul-pul yanan qızıl axçalar,
Xəbislər göz yumar, xırdalanardı.
Sözü od bilirdi, fikiri tonqal,
Bu odda, alovda yanan canıydı.
Kabab eləyirdi bu dövran-manqal
Köz üstə süzülən, axan qanıydı.
Qaragün ömürdə dərdinin tacı
Ağrı-acıları əzizləyərdi.
Mərhəmət əvəzi gələn əlacı,
Dəvə nəzərləri basıb əzərdi.
Közə tutulmuşdu ürəyi, bağrı,
Zamanın iştahı daşı çeynəyər.
Ömür yavanlığı min dərd, min ağrı
Bir bəxti yatmışa tale neyləyər.
Qarabağ bəxtinə qara gül dərər,
Laçın yanğısıyla sözüm qaralar.
Dil-ağız təpisə dodaq çat verər,
Ürək yansa, əllər üzüm qoralar.
Bəxtinə düşənə bəsimdi, – deyib
“Laçınlı” adını Vətən bilirdi.
Bir quru kəlməyə, sözə baş əyib,
Səcdəyə imana, dinə gəlirdi.
Sözünə güvənən qaragün Ağa,
Sözün hüzurunda hazır, müntəzir.
Laçını qıy vuran əlçatmaz dağa
Nigaran göylərdə ruhu yol gəzir.
Alıcı quş kimi qıyqacı baxan,
Sözün ovçusuydu Ağa Laçınlı.
Gözündə od vardı, qəlbində vulkan
Döndü sinəmizdə dağa Laçınlı.
AĞA LAÇINLI KÖRPÜSÜ
Ömürdən doymayan yanan baxışlar,
Son anda dünyaya sevgi bağışlar,
Sözümdə yeddi qat rəngə boyanar
Ağa Laçınlıdan gələn naxışlar.
“Alın yazısı”nın həzin kədəri,
Bir şair ömrünün qəza-qədəri…
Ağa Laçınlının “Gecə yuxusu”
Danışır “Uşaqlıq” xatirələri.
İldırım ötürən zirvələr başı,
Dözər tufanlara qayası, daşı.
Şair ürəyi də ağrı ötürən,
Kədər daşıyandı ömürü, yaşı.
Üz tutasan sözünə,
Danışasan düzünə.
Söz çığnaya divara,
Qələm gülə üzünə.
Bir durna qatarı yolu seçdimi,
Yolunu azdısa sonu heçdimi?..
Bir sual-şimşək də cavabsız qaldı,
Ömrün qovğalarda ötüb keçdimi?
“Meşə nəğməsi”ndə “Ana duyğusu”
“Sakitlik” içində “ümid” qoxusu.
“Torpağın gücü”nə öz məzarında
Danışar dərdini şair yuxusu.
Açılsa dağlara köçün düz yolu,
Köçün əyri yolu, köçün düz yolu.
Qəbrimin üstündə güllər bitərdi,
Keçsəydi sinəmdən köçün düz yolu.
Bu yerdə yaddaşın çağı söyləsin,
Zirvəsi dumanda, dağı söyləsin.
Açıb yaxasını dərdin, ağrının,
Bir Ağa Laçınlı ağı söyləsin.
Yağı yağmaladı ahunu sənin,
Abdallar dilində “Ya hu”nu sənin;
Yerisin qabağa Xələfli gəlsin,
Çəksin sinəsinə ahını sənin!
Yeri, dərdlərim, yeri,
Dönməz mərdlərim, yeri.
Dözdün dözülməz günə,
Üzü sərtlərim yeri.
Ömrüm, günüm Laçınsız,
Toy, düyünüm Laçınsız.
Gülmək mənə yaraşmır,
Ha öyünüm Laçınsız.
Canım, gözüm yanaydı,
Yazım, sözüm yanaydı.
Sinəmdə ocaq çatıb
Dərdə dözüm yanaydı.
Laçın yolu dolama,
Yeddi qatdı Dolama,
Canımda od qalanıb,
Sən gətirmə dolama.
Sahibsiz tacın ağlar,
Qardaşın, bacın ağlar,
Yurd yandı, yuva yandı,
Sar güllər, laçın ağlar.
Cansız, canlı çoxdu, gəl,
Tənə canda oxdu, gəl.
Dilimdən dara çəksən,
Bircə xoş söz yoxdu, gəl.
Dözüm çəkdi sınağa,
Ümid tutdu qınağa.
İllər baxmadı getdi
Kim nə deyər qonağa?
Bəxtim bağladı yolu,
Həsrət dağladı yolu.
Gözlərim baxa-baxa
Qəmim ağladı yolu.
Qədər haxdan bağlıdı,
Vardan, yoxdan bağlıdı;
Bu dağdan bir ov keçməz,
Bərə çoxdan bağlıdı.
Sözə öz qanını süzən ürəyim,
Min dərdə, ağrıya dözən ürəyim,
Dərdini deməyə kimsə tapmadı,
Dərdli ürəkləri gəzən ürəyim.
“İldırım ilk dəfə burda şaxıyır,
… İlk dəfə kəkliklər burda oxuyur”.
Ağa Laçınlıdan Kürdoğluya pay,
“ İşıqlı”da işıq xalı toxuyur.
“Aşırımlar qarşısında” dayandım,
Çovğun tutdu, külək vurdu oyandım.
“Sevgimizlə sevindirək” sevəni,
Deyən ustadların oduna yandım.
Səyyahlıq kimsəyə gəlməsin asan,
Ovçuluq ov deyil duysan, anlasan.
“Səyyaham, ovçuyam” mənim özüm də
Gəzdiyim ölkələr sənsən, ey insan!
Əzəldən əyridi düz ilə dünya,
Bişirər yaranı duz ilə dünya.
Sözdü qorxu yeri, çəkəcək yeri,
Çətin ki, düzələ söz ilə dünya.
Əziz dostum , səndən qalan göynəyim,
Mənim yaddaş yerim, yaddaş köynəyim;
Səni də apardı həsrət küləyi
Dağların dərdini bəs kimə deyim?!
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy