Həyatda elə adamlar var ki, onun ixtisas baxımından ədəbiyyata bağlılığı azdır, lakin içi söz körüyüdür, sinəsi sözün meydanıdır. Yazıb-yaratmağı, sözün qulu olmağı, onunla yeri-göyü dolanıb gəlməyi, dünyanı gəzib görməyi peşəyə çevirir. Söz onun həyatının mənası olur. İstedadlı şair dostum Səxavət Ənvəroğlu da belədir.
Azərbaycan təbiətinin ən gözəl güşələrinin birində Quba rayonunun Qımlı kəndində doğulub boya-başa çatan Səxavət Ənvər oğlu Seyidməmmədov 1981-ci ildə orta məktəbi, 1964-cü ildə isə indiki Azərbaycan Dənizçilik Akademiyasını (keçmiş Qafur Məmmədov adına Bakı Dəniz yolları məktəbini) bitirib. İxtisasca gəmi güc qurğularının istismarı üzrə mexanikdir. O, peşəsini çox sevir və hazırda da öz ixtisası üzrə çalışır.
Gənc yaşlarından bədii yaradıcılıqla məşqul olan S.Ənvəroğlu, peşəsi ilə əlaqədar ömrünün 40 ilə yaxın bir dövrünü qürbətdə, dünya sularında üzməklə keçirib. Buna baxmayaraq Vətən, yurd sevgisi onun poeziyasına hopub. Yaradıcılığı ilə tanışlıq göstərir ki, Səxavət Ənvəroğlu şeirlərinin çoxunu gəmi ilə xarici səfərlərində yazıb. Şair-dənizçi qələm dostumuz, həmkarımız hara üz tutubsa qəlbində Azərbaycanı aparıb və dalğalar sahilə can atan kimi o da həmişə geriyə – Vətənə can atıb, ürəyi Vətən eşqi ilə alışıb – yanıb. Bu hisslər onun bütün vətənpərvərlik şeirlərindən açıq-aydın görünür.
S.Ənvəroğlunun şeirləri istiqamətinə görə çoxcəhətlidir, başqa sözlə, yaradıcılığı al-əlvandır. Burda vətən sevgisi ilə yanaşı, dosta sədaqət, ata-anaya məhəbbət, böyüyə ehtiram, sevdiyinə vəfalı olmaq kimi hisslər əsas prinsipdir. Müəllif təlatümlü, qasırğalı dəniz və dənizçilik həyatı ilə bağlı şeirlərində amansız fırtınalarda yaşadığı duyğuları canlandırır.
Poeziya rəngləri sevir. Səxavətin yaradıcılığında da biz bu al-əlvan məqamları hiss edirik, görürük. Onun indiyədək nəşr olunmuş beş kitabının hər birində göy qurşağı kimi bütün yaradıcılığına səpələnmiş bu rəngləri görə bilərik. Ancaq onu duyğulandıran, hallandıran, ovqatını gözəlləşdirən təzəliklər, olacaqlar qabaqdadır. Sağlıq olsun, biz hələ onun neçə-neçə bədii yaradıcılıq imkanlarının siqlətinə şahidlik edəcəyik. Qələm dostuma, gözəl-istedadlı şairimiz Səxavət Ənvəroğluna sağlıqlı ömür diləyir, daha mükəmməl və bol yradıcılıq uğurları arzulamaqla bərabər, DMR-in oxucularına onun bir neçə şeirini təqdim edirəm!
Sayğılarımla: Anar MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin dosenti, şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin,
Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü
Səxavət ƏNVƏROĞLU
VƏTƏNƏ OĞUL OLMAĞA
Dağlarında qar olaram,
Bağlarında bar olaram.
Səmasında sar olaram,
Vətənə oğul olmağa.
Bir əsgərəm keşiyində,
Torpaq adlı beşiyində.
Hər birimiz öz işində…
Vətənə oğul olmağa.
Cığırlarda iz olaram,
Ocağında köz olaram.
Məclislərdə söz olaram,
Vətənə oğul olmağa.
“Bir qonağam bu dünyada”,
İlləri vermədim bada.
Atılaram min bir oda,
Vətənə oğul olmağa.
Şeirlərin sətirində,
Çiçəklərin ətirində.
Bu dünyanın hət yerində
Gecə-gündüz çalışaram
Vətənə oğul olmağa,
Vətənə oğul olmağa.
Qara dəniz, 2011
AZƏRBAYCANIM
Sevgi diyarıdır yurdum, ocağım,
Qürur mənbəyidir üçrəng bayrağım.
Sevgiylə ucalıb vətən torpağım,
Arzudur, meyardır Azərbaycanım.
Vətən – qibləgahım, andım, imanım,
Alovlar məskəni ulu məkanım.
Eşqiylə qaynayır damarda qanım,
Şərqdə bir bahardır Azərbaycanım.
İgid övladları ölümə gedən,
Torpağı uğrunda can fəda edən.
Tarixi qayada, daşlarda bitən,
Ecazkar diyardır Azərbaycanım.
İstər qoca olsun, istər cavanı,
Hazırdır yolunda verməyə canı.
Sevgindir yaşadan hər bir insanı,
Vəfalı bir yardır Azərbaycanım.
Borcluyuq qoruyaq hər daşı, dağı,
Çıraqban eyləyək yurd adlı bağı.
Yağıda qoymayaq biz Qarabağı,
Ürəkdə damardır Azərbaycanım.
Bu yerdə adətdir böyüyə hörmət,
Xeyirxah əməllər, sevgi, mərhəmət.
Vətəndir hər kəsə ən gözəl nemət,
Sonsuz iftixardır Azərbaycanım.
Camnaqar (Hindistan), 2010
EY VƏTƏN
Göylərində qanad çalıb süzərəm,
Göy çəmənə lalə, nərgiz düzərəm.
Hər əzaba, əziyyətə dözərəm,
Yaşayaram sənin üçün, ey Vətən!
Maneələr min olsa da yolumda,
Tufan at oynatsa sağım, solumda.
Hələ varkən güc, taqətim qolumda,
Vuruşaram sənin üçün, ey Vətən!
Səxavətəm, qorxum yoxdur fələkdən,
Hər sözümü keçirdərəm ələkdən.
Torpağına fəda olub ürəkdən,
Qovuşaram sənin üçün, ey Vətən!
ALANDI DÜNYA
Sevinci-düşmənə, qəmi-qonağa,
Yağmuru-gözlərə, rəngi-yanağa.
Taleyi-əzaba, bəxti-sınağa,
Göyləri buluda bükəndi, dünya.
Sevinci əkirsən kədər, qəm verir,
Divarın üzü yox, içi nəm verir.
Kimini ucaldır, kimin endirir,
Papağı boş başa tikəndi, dünya.
Sonu necə olub sultanın, çarın?
Boğulub içində dövlətin, varın.
İstər Süleymanın, istər Qacarın,
Üstünə torpağı tökəndi, dünya.
Halalı harama qatıb, bar edən,
Həyatda çoxunun yerin dar edən.
Ülvi arzuları tari-mar edən,
Arxadan ayağı çəkəndi, dünya.
Sınaq meydanıdı açılan səhər,
Hərə öz ömrünü sürür bir təhər.
Kiminə can verər, kiminə qəhər,
Qəmlə ruhumuza çökəndi, dünya.
Yazan belə yazıb qanun-qaydanı,
Biri ziyan görür, biri faydanı.
Gəl, fani dünyanı yaxından tanı,
Tikdiyini özü sökəndi, dünya.
Amsterdam (Hollandiya), 2013
YALAN DÜNYA
Haqq önündə çoxu susur,
Əl uzatsan, əlin kəsir.
Sənə tələ qurub, pusur,
Yalan dünya, yaman dünya.
Yığdığından gözü doymur,
Yaxşılıq etməyə qoymur…
Əl çəkməyə nəfsi qıymır,
Dediyini danan dünya.
Tamaşadır qışı, yayı,
Dənizləri, gölü, çayı.
Yoxdur bərabəri, tayı,
Səmaları duman dünya.
Hər kim baxıb, küsüb gedir,
Ümidləri üzüb gedir.
Haqsızlıqdan bezib gedir,
Buz dağları sınan dünya.
Camnaqar (Hindistan), 2010
AĞLAYACAQSAN
Yaşanan illərin “qırx”-ı ötəndə,
Açılan sabaha güman itəndə.
Ömür möhlətinin vaxtı bitəndə,
Ümidi zamana bağlayacaqsan.
Qatara gecikib, gözün dolanda,
Əlində biletin rəngi solanda.
Kimsəsiz perronda tənha qalanda,
Dönüb, keçmişinlə çağlayacaqsan.
Gecələr kədərə həmdəm olanda,
Pərişan xəyallar səni qovanda.
Səhərlər gözünü həsrət ovanda,
Güzgünün önündə ağlayacaqsan.
İSTƏMƏ
Güllü bağı dağ eyləsən,
Ağacından bar istəmə.
Özgəsinə lağ eyləsən,
Əvəzində ar istəmə…
Öz yerini, həddini bil,
Dərdli gördün, dərdini bil.
Hər bir anın qədrini bil,
Söyüd əkib, nar istəmə.
Zirvələri fəth edəndə,
Məsafələr qət edəndə.
Sədaqətdən yan ötəndə,
Əhdə sadiq yar istəmə.
Yaşanıbsa ömrün çoxu,
Öz nəğməni özün oxu…
Həyat tuşlayıbsa oxu,
Ondan etibar istəmə…
YARIDAN KƏSİB
Vəfasız dünyanın kor olsun gözü,
Əyrini görəndə, unudur düzü.
Saxta sevgilərin qaralsın üzü,
Ömrün yarısını ömürdən kəsib.
Namərdlər nə qədər quyular qazdı,
Biçarə ürəyim yolunu azdı.
Hər yanda çiçəkdi, hər tərəf yazdı,
Mənimsə taleyim bahardan küsüb.
Kainat hərlənir, dönür oxunda,
Bağlayıb gözünü acın, toxun da.
Vicdan, abır-həya itir çoxunda,
İnsanlar həyatdan ümidin üzüb.
Qanadı qırılmış bir quş kimiyəm,
Ağrıdan, acıdan bihuş kimiyəm.
Zülmət gecələrdə sərxoş kimiyəm,
Bilmirəm bu yellər haradan əsib?
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy