DALĞALARDIR DƏNIZLƏRIN SAÇLARI


Gənc şairə Gülnar Ümid – Hüseynova Gülnar Səfər qızı Cəbrayıl rayonunda anadan olub. Orta məktəbi 2003-cü ildə müvəqqəti məskunlaşdıqları Sumqayıt şəhərində bitirib. Müstəqil Azərbaycan Universitetində ali təhsil alıb. İxtisasca filoloqdur. Hazırda Sumqayıt şəhər Mərkəzi Kitabxanasında çalışır. Poeziyaya marağı onu bədii yaradcılıqla məşğul olmağa sövq edib. İik şeiri 2005-ci ildə “Xudafərin harayı” almanaxında çap olunub. Bundan başqa şeirləri “Diri dağdan asən külək”, “Unutmadıq, Şəhidim” və “Günəşin Nuru 4” antalogiyalarında, dövri nəşrlərdə, ədəbi portallatda dərc edilib. Yaradıcılığında daha çox məhəbbət mövzusuna yer ayıran şairənin aşağıda bir neçə şeirini DQM-in oxucularına təqdim edirik.

Sayğılarımla: Yusif DİRİLİ

 

 

 

 

 

Gülnar ÜMİD

 

 

 

 

 

 

İLHAM PƏRİSİ

Küsmüsən deyəsən İlham pərisi,
Ürəyimin zəngin çalıb gedirsən.
Əlimi atıram qapi cəftəsi,
Açılmır kor peşman, baxıb gedirsən.

Deyirsən gəlmişdim, yatmışdın yaman,
Haramı yuxuma sən qatma aman,
Sonra qonaqim ol,hələ var zaman,
Deyib kəm yuxuna, axıb gedirsən .

Bəlkə səhv salmısan gəldiyin yolu?
Sağdan deyil yolum, keçəsən solu.
Niyə yollarıma tokursən dolu?
Titrədib şimşək tək, caxıb gedirsən.

Bir içim su dedim, gözyaşı verdin,
Əlimi uzatdım,geri çevirdin,
Gəl barısaq dedim, küsmüşəm dedin,
Sinəmə həsrəti taxıb gedirsən.

Qələm, kağızlar da küsür, dinməyir,
Onlar da üzümə baxmır kinləyir,
Yazı masasinda gizli inləyir,
Kozundə yandırıb, yaxib gedirsən

 

TALEYİMDƏN HARA QAÇIM?

Taleyimdən hara qaçım,
Addım-addım aramasın
Mən düşərkən xoşbəxtliyin cığırına
Güdüb məni şikarı tək ovlamasın.
Taleyimdən hara qaçım?

Qaranlıqda bir ağacın
Altında gizlədim onu,
Yox… onda da ay işığı,
Işığıyla tapar onu
Taleyimdən hara qaçım?

Mən qaçdıqca bütün ruhum dilə gəlib
Günahkarsan deyə-deyə,
Vicdanımın yaxasından
Yapışaraq gülə gülə,
Gecikmisən deyir mənə.
Taleyimdən hara qaçım?

Bir yarpağın altında
Gizlənməyi bacaran həşərat tək
Olmağı da bacarmadım.
O gizlətdi taleyini ölənədək
Mən diriykən bacarmadım.

Taleyimdən hara qaçım?
Bəlkə yumub ovucumda
Bir oyunun daşı kimi
Gizlədim onu,
Yox, onda da bir imdada çatmaq üçün,
Ovucumu açıb itirəcəm yenə onu.
Taleyimdən hara qaçım?

Bəlkə bir az zəhər qatım
Bu taleyin şərbətinə
Göz yumaraq düşünmədən
O dünyanın əzabını,
Qonaq edim bu dünyanın şəhvətinə.
Taleyimdən hara qaçım?

Doğruları gəzə-gəzə,
Düşdüm yalanın toruna
Vicdanımı əzə-əzə,
Oyuncaq oldum oyuna.
Taleyimdən hara qaçım?

Bəlkə burdan qaçacaqsan
Gizlənməyə, oğrun-oğrun yaşamağa
Gizli yer də tapacaqsan.
Amma taleyinin günahıyla
O dünyada əbədiyyən
Bir sən, bir o
Cavabinla qalacaqsan.

 

DƏNİZ

Dalğalardır dənizlərin saçları,
Küləklərdir dalğaların darağı.
Sahildəki qumlar ilə yazılır,
Dənizlərın taleyinin varağı.

Buludlar ağ-qara örpəkdir ona,
Sübh tezdən bürünər qırmızı dona,
Qağayı istəsə çiyninə qona,
Zənn edər uca bir zirvəli dağı.

Ləpələr üzərkən səma altında,
Sevgisi boğulur torpaq qatında,
İstəməz ki, gunun hər saatında,
Nəmli göz yaşında çimsin torpağı.

Tək günəş qurudur göz yaşlarını,
Baxıb tərs -tərs,çatır o qaşlarını
İstəyir çiynində yük daşlarını,
Şuasiyla coşub, yarsın yarağı.

Birdən də gün batır qaranlıq düşür,
Yenə yastiğı yox, yorğansız üşür,
Sahili qucaqlar, səssiz buzuşür,
Gozlər ki, sabah da, yansın farağı.

YAXINA GƏLMƏ

Uzaq dur karvandan, yaxına gəlmə,
Sənə dərdim boyda yükəm indi mən?
Sən susuz məşuqun xətrinə dəymə,
Qəlbində saralmış güləm indi mən.

Elə qaçmısan ki, mənsizliyimdən,
Xəyalda da məndən uzaq gəzərsən.
Bəlkə qayıdıb sənsizliyimdən,
Xəyalı gerçəklə əvəz edəsən?

Bir gün qığılcımlar saçan gözlərin,
Yoluna baxmaqdan kökü saralıb.
Mənə yaşam üçün ümid sözlərin,
Misralarda gəzib səni axtarıb.

Məni atıb gedən, vəfasız oldun,
Sevgi ağacına balta vurdun sən.
Hər kəsin yolunda bələdçi oldun,
Mən gələn yolları bağlamısan sən.

Sevgidə yalansan sən də qəbul et,
Sənsən etibarsız, sənsən vəfasız.
Əzrayıl gəlsəydi deyərdim əfv et,
Yox elə bir insan olsun xətasız.