ŞEİRLƏRİ AĞLADAN BİR ADAMI SEVƏSƏN


Dəyərli oxucu! Bu dəfə oxunuza daha bir gənc şairəni təqdim edirik. Necə deyərlər, şairlər yurdu Qazaxdan pərvəriş tapan, ana şeirin qanadlarında özünün duyğusal eşqini, istəyini dünyaya çatdırmaq həvəsində olan bu gənc şairə Nuranə Təbrizdir. Nuranə hələ poeziya aləmində bişib-bərkiməsə də Sazın-Sözün meydanı olan türkün sayılıb-seçilən həşəmətli məclislərindən birində – Dirili Qurbani Məclisinin söz meydanında SÖZ deyib, sözünəqarışıq diqqət və qayğı görüb. İzləyiciləri onun Sözə bələd olduğunu hiss etməmiş deyillər, şeirlərindəki poetik yük, obrazlılıq, lirik hallar, bəzi məqamlarda fəlsəfi cizgilər belə aşkar hiss olunur. Təcrübəli yazarların, ədəbi ictimaiyyətin çevrəsində olduğundan dolayı şeirləri “Usta ələyi”ndən keçmiş kimi görünür. Zənnimizcə, bu yaxşı haldır. Dövri nəşrlərdə, sosial şəbəkələrdə poeziya nümunələrinə vaxtaşırı rast gəlinən gənc şairənin bu günlərdə yenicə çap olunan ilk kitabı N.Təbrizə sevincli anlar yaşatmaqdadır. Uğurlu və düşərli olsun! Aşağıda müəllifin bizə ünvanladığı şeirləri təqdim edir və daha çox ədəbi uğurlar diləyirik. Sayğılarımla: Yusif DİRİLİ

 

 

 

Nuranə TƏBRİZ

 

 

 

 

 

RUHUM ƏLLƏRİNİ ÜZÜBDÜ MƏNDƏN

Ruhum əllərini üzübdü məndən,
Özümü birtəhər sürüyürəm mən.
Ürəyim üşüyür qəmin içində,
Onu ovcum ilə bürüyürəm mən.

Başıma gəlsə də min cürə bəla,
Üzümdən gülüşü silməmişəm ki.
Ağrının üzünə güldüyüm kimi,
Bir dəfə ürəkdən gülməmişəm ki.

Susmadı taleyim deyingən oldu,
Həmişə qaraltdı qanımı mənim.
İndi də ürəyim baxmır sözümə,
Nəfəs də ağrıdır canımı mənim.

Ağrıma, acıma yaxın duran yox,
Bəxtim də yolunu azıbdır artıq.
Beləcə danışa-gülə gedirəm,
Tanrım yazdığını yazıbdır artıq.

Guya xoşum gəlir giley-güzardan?
Bilirəm, nə isə baş verəcəkdir.
Dünyaya gəlişim bir şey olmadı,
Gedişim gözlərə yaş verəcəkdir.

ÇOX SAĞ OL

Dedim ki, sevirəm yaşıl bağları,
Bağıma qəm-kədər əkdin, çox sağ ol.
Arzumdu dağlara gedək birlikdə,
Dağları sinəmə çəkdin, çox sağ ol.

Bu bəxtin taleyi, qara daş günü,
Ömrün bol olubdur gözü yaş günü,
Dedim üşüyürəm axı qış günü,
Üstümə od-alov tökdün, çox sağ ol.

Sanki bir tilsimdir, düşmüşəm tora,
Sevincim gizlənib bilmirəm hara?
Sayəndə gəzirəm mən qanıqara,
Canıma dərd kimi çökdün, çox sağ ol.

GÖTÜR ÜMİDLƏRİN ÇİLİKLƏRİNİ

Görürəm zülmətə salıb yoxluğum,
Qaranlıq bəxtinə mayaq gəzirsən.
Etdiyin qarşına çıxmasın deyə,
Gecə də yatmırsan oyaq gəzirsən.

Gileyin sədası buracan gəlir,
Döndərib doğmalar üzünü səndən.
İşlərin tərsinə gedir deyirlər,
Uğurlar çəkibdir gözünü səndən.

Allah bağışlasın günahlarını,
Əlini göylərdən asdır bu gecə.
Götür ümidlərin çiliklərini,
Qaranlıq bir yerdə basdır bu gecə.

KİTABSIZ ŞAİR

Kəsməyin yolunu ağırdır yükü,
Şairin yükünü çəkən tapılmaz.
Ruhun qisasını almaqdan ötrü,
Qələmin qanını tökən tapılmaz.

Kəlməsi zalımın qəlbini sökər,
Məzlumun qeydinə qalandı şair.
Sevməz tərifləri, yaltaqlıqları,
Sözləri bəzəksiz olandı şair.

Ürəyi sınıqdır, ömrü çürükdür,
Arzusu topaldır, əsası yoxdur.
Dünyanın qəmini özü nuş edər,
Dərdini düzməyə masası yoxdur.

Cahanın rəngi də başqadır ona,
Fərqli bir dünyası olar şairin.
Özünü evinə dustaq da etsə,
İlhamı dörd soyuq divar şairin.

Dünyaya ananın bətnindən deyil,
Zülmətdən bəladan çıxıb yaşayır.
Şair öz gözüylə özünə deyil,
Çoxunun qəlbinə baxıb yaşayır.

Yaranıb dərdləri tərif etməyə,
Sevinci ömründə solar şairin.
Hər gecə bir həsrət verər dünyaya,
Şeiri kitabsız qalar şairin.

QADIN

“Ağlayanı tapılsın” deyə arzu edildin,
Doğumun qara gündə üz ağartmaq üçündür.
Yazıqdan da yazıqsan, arzusu kəm olan qız,
Söylə, susub çəkdiyin məgər sənin yükündür?

De nələrdən vaz keçdin, çoxmu gördün qadağa?
Qanlı yaralarını bir sarıyan oldumu?
Taleyinin sərt üzü gözlərindən gələndə,
O pərişan hissləri heç darayan oldumu?

Yoxsa bir isti baxış arzunamı çevrildi?
Yoxsa ümüd bağında eşqin şaxtamı tutdu?
Dəli kimi sevərək, nazını çox çəkdiyin,
Ömrünü pay verdiyin, adam səni unutdu?

Yetər ki, sən unutma, qadındır sənin adın!
Bilirəm e, həyatın dəhşəti sıxır səni.
İnsanlardan insanlıq görə bilməyən
Qadın “mentalitet” adıyla zamanə yıxır səni.

DƏRDDƏN YÜNGÜL NƏ VARSA

Götürəsən dərddən yüngül nə varsa,
Gedib dönməyəsən, bəxtin üzünə.
Üzəsən əlini doğmalarından,
Bir dünya qurasan özün-özünə.

Üstünə ümüdlə gələ sabahın,
Sən də ürəyini bir daş edəsən.
Sıxasan əlini səssiz günlərin,
Sükutu ömrünə yoldaş edəsən.

Ya da ki, bir gecə dəyişə hər şey,
Zaman da tərsinə dönə, həmin gün.
Sən qəddar olasan bəxtinə inad,
Nakam ümüdlərin sönə həmin gün.

Hisslərin dəyişə buz kimi ola,
Nə sevgi biləsən, nə də nəvaziş.
Qaçasan ömrünün sonuna tərəf,
Yandıra çoxunu bu qəfil gediş.

Çıxarıb gözündən el qınağını,
Bəzəyib ülgücü qana bir gecə.
Arxanca göz yaşı səpə doğmalar,
Qıyasan ölümü cana bir gecə.

…BİR ADAMİ SEVƏSƏN

Şeirləri ağladan bir adami sevəsən,
Axtarasan özünü hər sətrində hərf tək.
O qədər bağlanasan, uzaq məsafələrdən,
Adını həsrət qoyub, mey tutasan tərif tək.

Unutmaq arzusuyla, sarılasan qədəhə,
Sərxoş olub gözündə dolaşan xəyalından.
Doğmalar da düşünə üzün niyə gülməyir ?
Gözlər üzündə qala, qorxalar bu halından.

Huşsuz başının belə xeyrini görməyəsən,
Hər şeyi unudasan, bir o qala yadında.
Ruh da candan ayrıla, dönməyi düşünməyə,
Arzuların toz kimi uçuşa qanadında.

Sıxıb kipriklərini yuxuya yox deyəsən,
Xəyalın cırmaq ata yaddaşına gizlicə.
Dəhşətli ağrılara sipər ola varlığın,
Ağlın lənət oxuya ürəyinə hər gecə.

Sən də həsrətli kimi sarılasan zülmətə.
Unudasan günəşin səhərlər gəlişini.
Gecələrə qan verib damarından dərdinin
Buxarlı ümüdlərə cızasan gülüşünü.

ÇEVRİLƏR
(ustadnamə)

Ha vursan özünü dağa, daşa sən,
Bəxt yatsa, qızılın misə çevrilər.
Allaha diləyin, duan varsa da,
Milçək qanadında səsə çevrilər.

Kimə könül versən, qırar, sındırar,
Desən ki, sevirəm yaxar, yandırar,
İşə bax, qanmaz da səni “qandırar”,
Doğru kəlmələri tərsə çevrilər.

Haqsızlıq içində dözürsə ürək,
Məcburdur, hər dərdə tablaşsın gərək.
Mənimki səninlə düz gəlməz fələk,
Nuranə zavallı kəsə çevrilər.

QALACAQSA

Kiçik adamlara vermə qəlbini,
Yerində bir soyuq daş qalacaqsa…
Uzun gecələrdən səhərə baxma-
Yuxusuz gözündə yaş qalacaqsa…

Getdisə dönüşə ayaq saxlama,
Batan bir gəmiyə mayak saxlama,
Bəlkədən ümüdə dayaq saxlama,
Bir ömrə sığmayan “kaş” qalacaqsa…

Varsa bir cavabın, sualını sil,
Saxlama yadında, hər halını sil,
Beynində gəzişən xəyalını sil,
gözlərin qarası boş qalacaqsa…

Sorğu-sualların içinə atıl,
Bəhrəsiz zəmidə biçinə atıl,
bu dərd karvanının köçünə atıl,
Nuranə, dözməyə baş qalacaqsa..

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s