Sözün-Sazın VAR olduğu çağlardan ədəbi-bədii birliklər zaman-zaman yaranmış, qısa və ya uzunmüddətli fəaliyyət göstərmiş, tədricən tarixin arxivinə köçmüş, yaxud yenidən bərpa olunaraq sonrakı nəsllərin malına çevrilmişdir. Təsadüfi deyildir ki, aşıq və şair məclislərinin fəaliyyət tarixi və əhəmiyyəti tədqiqatçılar tərəfindən daim araşdırma və öyrənmə obyekti olmuşdur.
Desək ki, bu proses bu gün də var və sabah da olacaqdır, səhv etmərik. Bunca diqqətin ayrılması səbəbsiz ola bilməz. Başlıcası, hər iki sənət sahəsinin insana bəxş etdiyi mənəvi qida, onu içindən böyütmək, millətə-xalqa yaşam stimulu verməkdirsə, o üzdən SAZın və SÖZün müqəddəsliyini GÖY TANRI səviyyəsində çağdaş və gələcək nəsillərə anlatmaqdır. Şübhəsiz, bu niyyətin həyata keçirilməsinə dətək məqsədilə Dirili Qurbani Məclisinin yaranışı da Tanrının izni ilə mümkün olub. Bu mənada məclisin 10 illik tarixinə çox qısa ötəri bir nəzər salmağa çalışacağıq.
Dirili Qurbani Məclisinin yaradılması haqqında ilk təşəbbüs (Yusif Dirili, Sabir Şirvan və Ayaz İmranoğlu) 25.X.2000-ci il tarixdə BƏYƏNNAMƏ şəklində edilsə də, həmin gün baş verən möhtəşəm zəlzələnin təsiri amalımızı ləngidə bildi. Yalnız 4 il sonra şairlər Sabir Şirvan və Əhməd Fərhadla bu illər ərzində apardığımız müzakirələrin nəticəsi olaraq, 25.IV.2004-cü il tarixdə bir qrup ziyalıların iştirakı ilə “Vahid” Poeziya Evində təsis yığıncağını keçirə bildik. Azacıq zaman içində bu xoş xəbər ölkə mətbuatında əks-səda verdi. Məqsədimiz açıqlandı. Əlbəttə, məclisin tarixi barədə ilkin məlumatlar o dövrdə “Xudafərin” qəzetinin əlavəsi kimi nəşr olunan “Dirili Qurbani” qəzetində (2004/2005-ci illərdə) getdiyi üçün təfsilatı ilə yazmağı lazım bilmədik. Ancaq məclisin tarixini kitab şəklində araya gətirə biləcək halda olsaq, o zaman daha ətraflı bilgi verməyi planlaşdırırıq. Yeri gəlmişkən, bunu edə biləcəyiksə, məclisin həm öz tarixinə, həm də Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün nələrisə qoyub qalmaq iqtidarında bulunmağımızı sərgiləyəcəyik.
Yaranışında “Aşıq Qurbani” Məclisi adıyla meydana çıxan yeni ədəbi qurum, az sonra məclisin idarə heyətinin qərarı ilə Dirili Qurbani Məclisi adlandırıldı. Buna qədər də haqq aşığı, el şairi Dirili Qurbaninin adını daşımaqda olan sazlı-sözlü bir məclisə – məhz onun ruhuna və irsinə ehtiram olaraq, sadəcə yalnız bir aşıq sənəti civarında qalmamaq məqsədilə elmi, ədəbi-bədii yöndə inkişaf edəcək məclisə “Aşıq Qurbani” əvəzinə “Dirili Qurbani” deyilməsinin daha dürüst olmasını düşünmədəydik. Çox keçmədi, 2004-cü ilin oktyabrında Aşıq Şərqiyyə Zəngilanlının ifasında məclis ilk saz havasına qucaq açdı. Ardınca axın-axın yeniyetmə və gənclərin gəldiyi bu məclisin sorağına usta sənətkarlar-həm aşıq, həm muğam, həm də musiqi alətləri üzrə tanınmış ifaçılar təşrif buyurdular. İctimai Televizya proqrama eyni adla daxil olmuş “Dirili Qurbani Məclisi” adlı bir saatlıq verilişlə efir imkanı yaratdı. Bu, eynən “Xudafərin” Şadlıq Sarayında onun rəhbərliyinin mədəniyyətimizə verdiyi dəyərə rəğmən burada keçirilən təntənəli sazlı-sözlü məclisin surəti idi. Ona qədər isə Azərbaycan radiosunun Cənubu Azərbaycan redaksiyasının böyük redaktoru, filologiya üzrə fəlsəgə doktoru Tariyel Abbaslının təşəbbüsü, müəllifliyi və aparıcılığı ilə ayda bir dəfə radio dalğalarında yayılan “Qurbani Məclisi”, eyni zamanda bu radio ən müxtəlif proqramlarda məclis üzvlərinin iştirakı ilə, yaxud bilavasitə məclisə həsr olunuş yadda qalan verilişlər səsləndirmişdi. Burada haşiyə kimi, məclisimizin üzvü Hüsniyyə xanımın qurduğu əlaqələrə istinadən onun adını xüsusi olaraq çəkmək istəyirəm. Qeyd etmək yerinə düşər ki, məclisimizin yay gəzintilərindən biri məhz onun təşəbbüs və təşkilatçılığı ilə mənsub olduğu səfalı bir kənddə keçmişdi. Məclisimizin yaradıcı insanlarına öz səhifələrində məmnuniyyətlə yer ayıran qəzet və jurnallardan tutmuş radio və televizya çıxışlarına qədər hər kəsə minnətdarlığmızı bildiririk. Bu ayaqdan məclisin körpə vaxtlarında ona dayaq olmuş Sahib Abdullayevə, Tariyel Abbaslıya, Bəhram Zeynalova, “Şuşa” kino-teatrında ictimaiyyətlə məclisin möhtəşəm bir göüşünü təşkil etmiş gənc yazar Vüqar Aydınoğluna, “Nəbz” qəzetində bizə ardıcıl şərait yaradan Nəriman Mahmuda, məclisin internetə çıxış imkanlarına yaxından dəstək olan Teymur Kəsəmənliyə, aşıq kimi hər çağrışımızda sazı və sözü ilə Qurbaninin ruhunu sevindirən Məhərrəm Hüseynliyə təşəkkürlərrimiz yetrincədir. Məclisi müxtəlif vasitələrlə içindən dağıtmaq istəyənlərə qarşı dura bimək, bizim çətin də olsa şərəfli dövrlərimizdən biridir. Belə məqamlarda Malik Əhmədoğlunu, Sofu Bilalı, Damət Kərimlini, Rafiq Mirzəni, Kifayət Salmanqızını, Eluca Atalını, Zahid Qaracallını, Telman Dəjəllini, Həcər Qəbələni, Şərqiyyə Süleymanlını, Bənövşə Daşdılını və əlbəttə, zəngin təfəkkürü, dünyagörüşü, sədaqəti ilə etdmad qazanmış, mərhum İttifaq Muğanlını xatırlamamaq olmur. Sözsüz ki, məclisin 10 illik fəaliyyətində ona çiyin vermiş, nüvəsində dayanmış bir çox insanlar var ki, hamısının adını çəkməyi lüzum görmədim. Allah hər birinin köməyi olsun! Bu, bizim müştərək doğma məclisimizdir. Elə bu andaca vaxtilə məclisdə fəaliyyəti danılmaz olan, lakin sonradan ən müxtəlif səbəblərdən aktiv fəaliyyətdən qalan və ya tamamilə uzaqlaşmış qələm və sənət dostlarımızı da yad etməyə bilmirik. Tanrı işlərini avand eləsin! Bu məqamda bizi haqq dünyasına qovuşmaqla tərk edən mərhum məclis üzvlərinə də Allahdan rəhmət diləyirik!
Qeyd etmək gərəkdir ki, bu məclis tarixinə şərəfli fəaliyyət yazdırmış bir ÜRFAN MƏCLİSİdir. İstər çoxsaylı və çeşidli elmi, ədəbi-bədi topluları və digər nəşrlərilə, istərsə də keçirdiyi bayram şənlikləri də daxil olmaqla al-əlvan tədbirləri ilə, o cümlədən yaradıcılıq görüşləri, təqdimat mərasimləri, yubileylər, gəzintilər unudulan işlər deyil.
Bu gün yaradıcı aşıq qruplarının və ya ansanblların tərkibində televizya ekranlarında tez-tez görünən gənc aşıqların çoxu, özləri etiraf etməsələr də belə, bizim məclisin – Dirili Qurbani Məclisinin köynəyindən çıxıblar, ən azı keçiblər. Fəxrlə deyərdim ki, onların əksəriyyəri bu məclisdə böyüyblər. Yalnız yeniyetmə və gənclər deyil, hətta orta və yaşlı nəslin nümayəndələri belə, həqiqətən bu məclisdə məktəb görüblər. Çox gənclərimiz var ki, tədbirlərdə iştirakına və iri audotoriyalara çıxış imkanlarını təmin etmişik.
Dirili Qurbani Məclisi, qürurla demək olar ki, türk dünyasının ən böyük saz-söz məclislərindən biridir. “Televizya var, biz varıq, görüntü yoxsa, biz də yoxuq” düşüncəsi bizə yaddır. Heç nəyə və heç kimə məhəl qoymadan dövlətimizin və xalqımızın ədəbiyyat və mədəniyyət istəklərinə uyğun fəaliyyət göstəririk. Ulu Yaradana tapınaraq Dirili Qurbaninin müqəddəs ruhunu başımız üstündə görüb də işimizi davam etdirmədəyik.
Bu məclisə illər uzunu quzeyli-güneyli Azərbaycanımızın hər yanından qədəm qoyublar, bəyəniblər və sevinclərini bizimlə paylaşıblar. Türkiyədən, başqa ölkələrdən belə Aşıq Qurbani ruhuna, yaradıcılığına sayğısı olan kəslər bu məclislə qatılıblar. Azərbaycanın bir neçə şəhər və rayonlarında sazlı-sözlü və ya ədəbi birlik şəklində özəklərimiz yaranıb. Dirili Qurbani Məclisini tanınmış elm və sənət adamlarının qiymətini almış bir məclisə çevirə bildiksə, deməli bu məclisi davam etməyə dəyər, düşünürəm. Bununla belə, bizi qıayanlar da az olmayıb. Bəzi dostlarımız, çətin dolanışıq şəraitində qazanc dalınca qaçmaqdansa, “gərəksiz bir işlə məşğulluğa” təəccüblənərək: “Bu ki, fanatizmdir, adamın heç inanmağı gəlmir indiki zamanda belə şey ola bilər”- deyib də uzaqlaşıblar.
Dirili Qurbani Məclisi o kəslərin məclisidir ki, yaradıcı olsun, yaradıcılıq keyfiyyətlərini dəyərləndirməyi bacarsın. Necə deyərlər, bu yöndən saz çala, söz qoşa bilənə, sazı-sözü sevənə ürək qızdırmağı, onu məclsdə saymağı özümüzə borc hesab edirik. Yeniyetməsindən ixtiyar yaşına kimi hamıya münasibətimiz belədir.
Bu məclisin siması onun fəaliyyət istiqamətində təcəssüm edir. Klassiklərimiz, ələlxüsus, həyatda olmayan el şairləri və ustad aşıqlar, vaxtında qiymətini ala bilməyən, bu səbəbdən az tanınan, lakin müəyyən toplumda nüfuz qazanmış sənət adamları Dirili Qurbani Məclisinin baş mövzularıdır.
Məclis üzvlərinin yaradıcılıq əsərləri – elmi və bədii yazıları “Elm” və “Ədəbiyyat” bolməsində (Nizami rayon Mərkəzi Kitabxanasının 4 saylı filalnda) müzakirə olunur və böyük məclisdə, sazlı-sözlü məclisdə oxunması, profilinə uyğun qəzet və dərgilərdə çapı tövsiyə edilir.
Cari ilin əvvəlində məclisimizin üzvü, tərcümçi-şairə Anna Bartkulaşvilinin Dirli Qurbaninin şeirlrlərini ruscaya çevirərək kitab şəklində çap etdirməsi gerçəkdən Məclisin 10 illiyinə layiqli bir töhfədir.
Beləliklə, bu dəfə də məclisin yubiley dönəminə əliboş gəlmədik: Onlarla məclis üzvlərinin saybasay kitabları basılıb. Qələm dostlarımızın bir parası məhz bu məclisdə püxtələşib və kitablaşma kimi sevinc ovqatını yaşamaq haqqı qazanıb.
Radio və televizya verilişlərinə ayaq açıblar. Məclis qurublar. Səsimiz, soraqlarımız yalnız ölkəboyu deyil, dünyaca yayılıb.
Biz bu on ildə öyrəndiklərimizi öyrədə bildik. Məktəb yaratdıq. On ildə onlarca saza-sözə mərhəm yaradıcı insan yetişdirdik. Bundan da xoş bəxt olarmı?
Sayğı və xoşluqlarla:
Yusif Dirili,Dirili Qurbani Məclisinin sədri
“Dirili Qurbani” jurnalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy