Yusif DİRİLİ
YAZ GƏLƏNDƏ
Hələ qar əriməmiş,
İlk yaz sevincək gəlir.
Danaqıran qovzanıb,
Torpağın bağrın dəlir.
Bahar özün yetirib,
Çöl-çəmənlər oyanmış.
Qızılgül qönçələnib,
Yasəmənlər oyanmış.
Alabaxta kirimir,
Qumru ötür budaqda.
Zağca, qaranquş, leylək
Durna gəlib havaxdan.
Torpaq ilıq nəfəsin
Dənə, toxuma verir.
Quzuqulağı, yemilik,
Yerbəyerdən göyərir.
Sular qışqırıq salıb,
Dərələrdən axır hey.
Göylərin gözü dolub,
Hərdən şimşək çaxır hey.
Kəsmir selləmə yağış,
Düz-dünyanı yuyunca.
Nə xoşdur seyr eləmək
Təbiəti doyunca.
10 Mart 2010-ci il
NOVRUZUN TƏRİFİ
Novruz gəlir yurduma
Yer-Göy necə şad olur.
Küskün düşən ürəklər –
Könüllər abad olur.
Yaşıllaşıb yenə də,
Təbiət cuşa gəlib.
Nə xoşdur Vətənimə
Bayramlar qoşa gəlib.
İlaxır Çərşənbənin
Bir başqadır növrağı.
Əski dünyadan gəlir,
Onun səsi-sorağı.
Bu bayrama çatan yox,
Girsin bəhsə, yarışa.
Heyran qalmamaq olmur
Bu nəcib yaranışa.
Allahın möcüzəsi,
Görkəzməsi bəlkə də.
Hələ belə bayram yox,
Nə diyarda, ölkədə.
BAYRAMLARIN SULTANI
Novruz gəlir yurduma
Hər tərəf gül-çiçəkdir.
Az sonra keçəl, kosa
Meydana gələcəkdir.
Hər tərəf işıq saçdı,
Novruz gəldi, sevindik.
Kədər bizdən gen qaçdı,
Şadyanlığa büründük.
Şəkərbura, paxlava,
Şorqoğalı yeməli.
Bayramların sultanı,
Ancaq sənə deməli.
Qoz-fındığın, qovurğan
Ağzı dada gətirir.
Üzərriyin, yovşanın
Qada-bala götürür.
Tonqal çatıb uşaqlar,
Atlanırlar üstündən.
Qorxu yoxdu alovdan,
Göz çıxardan tüstüdən.
“Bənövşə bəndə düşə”
-Bir oyundu məzəli.
Uşaqların sevdiyi,
“Yenə gəldi ənzəli”
Çərşənbələr ard-arda
Mənalıdır hər biri.
Bərəkət simvolusan,
Neçə min ildən bəri.
14 Mart 2011-ci il
NOVRUZ, GƏL
Süfrədə düzüm-düzüm:
Ləb-ləbi, xurma, üzüm.
Plovda qalıb gözüm,
Novruz, gəl ha, Novruz , gəl.
Sənsən parlayan ulduz
Keçəl, kosa, bahar qız.
Qoyma gəl bizi yalqız,
Novruz, gəl ha, Novruz, gəl.
Könül evi viran var
Bəxtindən nigaran var
Aralıqda hicran var,
Novruz, gəl ha, Novruz, gəl.
Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət açıb-daşsın
Novruz, gəl ha, Novruz, gəl.
Göyərtmişəm səməni
Gözləyirəm il səni.
Tez gəl, sevindir məni,
Novruz, gəl ha, Novruz, gəl.
Burda dağlar baş-başa
Bağ-bağçalar tamaşa
Əlvida dedik qışa,
Novruz, gəl ha, Novruz, gəl.
11 Mart 2010-ci il
BİR AĞIZ BAYATI
Novruz gəlir naz ilə,
Allı-güllü yaz ilə.
Quşlar verib səs-səsə,
Oxur xoş avaz ilə.
14 mart 2012-ci il
NOVRUZ SƏNDƏN ULUDUR
Abu, ataş, xaki, bad – təbiət ülvi, təmiz
İlaxır Çərşənbəylə Novruz yaranıb əkiz.
Qoşa bayram, baş bayram, milli, müqəddəs bayram,
Təbiətin doğduğu bakirə nəfəs bayram.
Təbiətə inamın insanda gücünə bax,
Onunçün də uludur Novruz hamıdan qabaq.
Təbiətləşir insanlar, insanlaşır təbiət,
Başa varır hər arzu, başa varır hər niyyət.
Hər fəslin öz anı, hər dövrün öz zamanı,
Gəlir Novruz bayramı, tutub düzü-dünyanı.
Nimçələrə düzməli, şəkərbura, paxlava
Al boyanmış yumurta, bir də səməni halva.
Plov üstə düzməli çay xanısı, ağ balıq-
Nəyin varsa gətir düz, olmaz varlığa darlıq.
Yemişi də yanında xurması, kişmişi var
Götür nəyi istəsən, xonçada var hər nübar.
Yanır rəngbərəng şamlar, niyyətlər hasil olsun,
Qulaq faılına çıxsan qəlbin xoş sözlə dolsun.
Od üstündən atlanmaq qoy çıxmasın yadından
Kimsə saxlayammasın səni bu inadından.
Bax, ev-eşik tər-təmiz , səliqə-sahmandı yer
Çoxlu pöhrə əkilmiş ürək istəyən qədər.
“Kosa-kosa” oyunu; qodu gəzsin, “dilənsin”
Cəmi-cümlə yığılsıın; desin, gülsün. əylənsin.
“İynəsalma” oyunu – bəxtin gülsün üzünə,
Oğlan nişan aparsın filankəsin qizına.
Papaq, torba atılsın qapılardan içəri, –
“Doldurmuşuq heybəni, çıx qəflətdən, gəl bəri.”
Qara zurna, ney səsi, yallı getsin cavanlar,
Çiçək qızlar önündə qurşaq tutsun oğlanlar.
Novruz gəlir, xoş gəlir, qəlbim gəlir riqqətə
Bir dənədir, təkcədir, layiqdir hər hörmətə!
Aldanma sən dinçinin sözünə, əməlinə
O, yalana təşnədir, salar səni felinə.
Gəl, sən də ey şarlatan, saxla fitvanı-zadı
Novruzu bizdən edən həşiri, qərardadı.
Yoxsa, güman edirsən kasıblıq əyir bizi,
Vermərik əlimizdən “qətl günü” Novruzu.
Zənn eləmə, yoxsuluq, varımız-mənimizdir,
Novruz səndən uludur, Novruz dünənimizdir!
BAKI-Dərəkənd, 2001-2012
MÜƏLLİFDƏN: Şeirlər ilk dəfə müvafiq məktəb tədbirlərində oxunmuş, Dirli Qurbani Məclisinin almanaxlarında və dövri nəşrlərdə dərc edilmişdir.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy