Yusif DİRİLİ
NUH PEYĞƏMBƏR, MAZAN NƏNƏ VƏ SOFU OCAĞI
(El şairi S.Bilalın şəcərəsi, həyatı və yaradıcılığı əsasında)
Redaktor və ön sözün müəllifi: Məmməd Əli Xudafərinli,
şair-filoloq
Rəyçilər: Vidadi Xəlilov,
pedaqogika üzrə elmlər doktoru,
professor, Pedaqoji və Sosial Elmlər
Akademiyasının həqiqi üzvü,
Azərbaycan Respublikasının əməkdar müəllimi
İsmayıl Kazımov
filologiya elmləri doktoru, professor
Əli Məmmədov,
tarix elmləri doktoru, professor
Sahib Əhmədov
AMEA Zoologiya İnstitutunun «Herpetologiya»
laboratoriyasının müdiri, biologiya elmləri üzrə
fəlsəfə doktoru, dosent
Hacı Həsən,
tədqiqatçı-islamşünas
Yusif Dirili (Mahmudov Yusif Məhəmməd oğlu). «Nuh peyğəmbər, Mazan Nənə və Sofu ocağı» (El şairi S.Bilalın şəcərəsi, həyatı və yaradıcılığı əsasında). Bakı, «Nərgiz». 2012, – 340 səh.
Müəllifin elmi-ədəbi publisistik yöndə yazdığı bu kitab Qarabağ ellərində tarixən mövcud və məhşur olan müqəddəs Sofu ocağının «son giləsi» – Sofu Bilalın ulu şəcərəsindən, şəxsi həyatından, onun bir şair kimi yaradıcılıq taleyindən bəhs edir. Əzəli haqq aşığı, el şairi Dirili Qurbaniyə bağlanan bu şəcərənin ləyaqətli davamçıları olan Sofu Fərəc və Sofu Usubun əfsunlu möcüzələri, onlar haqqında maraqlı xatirələr, tədqiqat xarakterli materiallar kitabda toplanmışdır. Əsərdə Sofu Usub oğlu Sofu Bilal daha çox şair kimi diqqəti cəlb edir. Şair S.Bilalın indiyədək nəşr edilmiş on bir kitabından toplanmış bütün ədəbi nümunələr müəllif Y.Dirili tərəfindən təhlilə cəlb olunmuş, onun əsərləri və mənsub olduğu ocaq barədə elm və sənət adamlarının rəyləri yazıya alınmışdır. İlan ocağının varisi, Dirili Qurbani Məclisinin üzvü şair Sofu Bilala həmkarlarının ithaf etdiyi şeirlər də kitabda yer almışdır.
SOFU BİLAL SORAĞINDA
Biz həyatı müftə qazansaq da, bu həyata ölmək üçün gəlirik. Olumla ölüm arasındakı zaman hüdudu əgər xeyrimizə işləyirsə, demək, mənalı ömür yaşamış oluruq. Mənalı ömür isə gözəl əməllərlə ölçülür. Və əgər öz əməllərinlə bu müftə qazandığın həyatdan yüksəkdə dura bilirsənsə, demək, ölümündən sonra yaşamaq haqqı qazanırsan.
Quranda deyildiyi kimi, «Allah ölümü və həyatı hansımızın daha gözəl əməlli olduğumuzu imtahan etmək üçün yaratmışdır». Bu imtahandan şərəflə çıxmağa can atan bir insan da var: Yusif Dirili. Bu insan çoxları üçün xeyirxah əməllər mücəssəməsi kimi tanınır. Ehtiyacı olanlara bacardığı köməyini əsirgəməyən bu insan haqqında kimi dindirsən, yəqin ki, ancaq xoş sözlər deyər, gözəl əməllərindən söz açar.
İlk şeirlərimi bir vaxtlar işlədiyi zavod qəzetində dərc etdirəndə də, «Sonralaşan ömrümüz» adlı ilk kitabımın hansısa çətinliklərdən keçərək işıq üzü gör-məsində xüsusi təşəbbüs göstərəndə də o, mənim gö-zümdə belə ucalıb. Dirili Qurbani Məclisinin açılma-sında xüsusi cəfakeşlik etdiyinə görə o, nədənsə xalqı üçün təmənnasız işlər görən əsl əməli maarifçilik örnəyi sayılan Həsən bəy Zərdabi təsiri bağışlayıb mə-nə.
Məclisin 5-ci ildönümünə həsr etdiyim şeirin 4-5 bəndini yerinə düşər deyə mövzuya əlavə etmək istəyində oldum:
Sağ ol, ay eloğlu, üzün ağ olsun,
Əqlinlə, qəlbinə nə hünər etdin!
Gör neçə şairi, neçə aşığı,
Saz-söz cəbhəsində səfərbər etdin!
Ellər dil-dil ötür bu məclis haqda,
Sorağı görgünən ha yandan gəlir!
Bəli, bu Məclisin bu qısa vaxtda,
Səsi Türkiyədən, İrandan… gəlir.
…Bəlkə də yerinə göz dikən oldu,
Fərqinə varmadın, ağartmadın heç.
Xainlər, iblislər bir qara koldu,
Əməllə tapdala, əməllə aş, keç!
Adın tez-tez gəlir dilə sənin də,
Üzüyü tanıdan öz qaşı olur.
Tək bu Məclisin yox, elə sənin də,
Əməli işinin beş yaşı olur.
Budur, bir əməli işi də qarşımdadır: «Nuh peyğəmbər, Mazan Nənə və Sofu Ocağı». Hələ əlyazma şəklində olan bu toplumun ərsəyə gəlməsində çox çətinliklərdən keçib Dirili Yusif, neçə qapı döyüb, neçə insandan xahiş edib, neçə insanla həmsöhbət olub. Kim bilir, bu işin xatirinə öz zərərinə işləyən zaman hüdudunun, bəlkə, heç fərqinə də varmayıb.
Bura qədər xeyirxah əməllərindən söz açdığım Yusif Dirili, eyni zamanda gözəl qələm sahibidir. Daha çox şair-publisist-tədqiqatçı kimi tanınan Yusif Dirili Azərbaycan Zooloqlar Cəmiyyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dirili Qurbani Məclisinin sədri, «Dirili Qurbani» qəzetinin baş redaktorudur. Müəllifin «Mənim sazlı-sözlü dünyam» (2002), «Heyvanların eşq-məhəbbət dünyası» (2006), «Üz tutdum Diridağa» (2006), «Malik Əhmədoğlunun yaradıcılıq dünyası» (2008), «Dərdli Cavad dastanı» (2009), «Diridir dərdim mənim» (bayatılar, 2011), «Məktəbli pyesləri» (2011) kitabları ona daha çox şöhrət gətirmişdir.
«Nuh peyğəmbər, Mazan Nənə, Sofu Ocağı» Yusif Dirilinin 8-ci kitabıdır. Bu kitabda Y.Dirili işıqlı, nurlu çöhrəsi ilə yadda qalan, iman və inam yeri sayılan Sofu Usubun möcüzə dolu həyatını, Sofu Bilalın səcərəsi və yaradıcılığı haqqında ətraflı məlumat verir.
Müəllif Sofu Usubu qədim türklərdə mövcud olan və hazırda tək-tək fəaliyyət göstərən şamanlarla müqaisə edir. Onun möcüzələrini şaman möcüzələri ilə eyniləşdirir. Nəzərə alsaq ki, Şamanların heyrətamiz əməlləri – sirr dolu möcüzələri indi də tədqiqatçılar tərəfindən tam inkar olunmur, onda müəllifin bu müqaisələrinə haqq qazandırır və onsuz da şübhə yeri qalmayan Sofu Usub möcüzələrinin də inkar olunmazlığı fikrində qalırıq. Müəllif eyni zamanda Mazan Nənə, Diri dağ toponimlərini kitabdakı müvafiq yazılara əsaslanaraq Nuh peyğəmbərlə əlaqələndirir.
Kitabda Sofu Bilal yaradıcılığı Y.Dirili qələmində hərtərəfli araşdırılır. Bu el şairinin şeir və nəsr dili, yaradıcılığında istifadə etdiyi bədii təsvir və ifadə vasitələri Yusif Dirili qələminin tədqiq obyektinə çevrilir. Bundan başqa, kitaba S.Bilal yaradıcılığının ümumi qayəsini açan və qiymətləndirən məqalələr, xatirələr, ithaf şeirləri, duyğular daxil edilmişdir. İndinin məşhur elm və sənət adamları bu yazıların müəllifləri kimi S.Bilal haqqında öz sözlərini deyiblər.
Professor Qəzənfər Kazımovun, akademik Teymur Bünyadovun, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbasovun, islamşünas Hacı Seyid Həsən Sobulunun, yazıçı-alim Baba Əhmədlinin, pedaqoji elmlər namizədi Hidayət Musabəylinin və bu ön sözün müəllifinin yazdığı yazılar özü də Sofu Bilalın səcərəsi və yaradıcılığı haqqında ətraflı və səmimi məlumat verir.
«Nuh peyğəmbər, Mazan Nənə, Sofu Ocağı» kitabı ümumilikdə bir el şairinin həqiqi obrazını canlandırır. Bu kitabın Sofu Bilal haqqında yeni-yeni məqalə, xatirə və monoqrafiyalar yazılacağında zəmin rolunu oynayacağına inanıram.
Məmməd Əli Xudafərinli,
şair
I Bölmə TANITMA
GİRİŞ
Tarixən bütün ictimai dövrlərdə yaradıcı sənət mövcud olmuşdur. Hələ qədim və orta əsrlərdə bir çox sənət adamları incəsənətin ayrı-ayrı növlərindən – rəssamlıq, heykəltəraşlıq, musiqi və ədəbiyyatdan vasitə kimi istifadə edərək insanları həyəcanlandırmaq yolu ilə onları mütəəssir etmək istəmişlər. Həm rəsm əsərinə baxdıqda, həm gözəl bir musiqi dinlədikdə, həm də təsirli bədii ədəbiyyat oxuduqda adam istər-istəməz müxtəlif hisslər keçirir; xoş ovqat, riqqətə gəlmək, qəzəblənmək, kədərlənmək, şadlanmaq, mərhəmətli olmaq kimi hallarla duyğulanır. Bu cəhətdən bədii əsərin – ədəbiyyatın təsir gücü daha böyükdür. Axı bədii ədəbiyyat həyatın, varlığın obrazlı inikasıdır. Təsadüfi deyildir ki, elm və bədii ədəbiyyat – hər ikisi yaradıcılıq ünsürləri olmaq etibarı ilə həyatı öyrənmək, insanların biliyini zənginləşdirmək məqsədi güdür. Həyatı öyrənmə yollarındakı fərqlərə baxmayaraq, bədii ədəbiyyatla elm arasında yaxınlıq, birgəlik və doğmalıq vardır. Hər iki yaradıcı sahəyə müqəddəs dinimizdə eyni dərəcədə ehtiram göstərilir: şairlik təbinin Allah vergisi olması, elmin beşikdən qəbr evinə qədər öyrənməyin təlqini İslam dininin elmlə bərabər ədəbiyyata verdiyi dəyərdir. Bədii ədəbiyyatın digər incəsənət növlərindən üstünlüyü ona bu haqqı qazandırmışdır. Görkəmli rus tənqidçisi və ədəbiyyatşünası V.Q.Belinskinin ifadəsi ilə desək, bədii ədəbiyyatın üstünlüyü ondadır ki, təsvir vasitələri başqa incəsənət sahələrinə nisbətən daha geniş imkana malikdir. Eyni zamanda o yaradıcı sənətin qeyri növləri üçün həm mənbə, həm də material rolunu oynaya bilir. Bədii ədəbiyyatın təsiri altında bir-birindən gözəl musiqi, rəsm, heykəltəraşlıq və s. kimi incəsənət nümunələri yaratmaq olar.
Son illər meydana gəlmiş çoxsaylı ədəbi nümunələr var ki, onlar hələ öz qiymətini almayıb və ya oxucu kasadlığı, bəlkə də, ədəbi tənqidin laqeydliyi üzündən diqqətdən kənarda qalıb. Təəssüf ki, belə əsərlərin hərtərəfli öyrənilməsi, müzakirəyə çıxarılması, tənqidin malına çevrilməsi və ictimaiyyətə təqdimi çox zəif aparılan prosesdir.
Əziz oxucu! İndi oxuyacağınız bu kitab elə həmin məqsədə xidmət edir: ədəbi növlərin demək olar ki, əksər janrlarında qələmini uğurla sınamış bir ixtiyar şairin, yaradıcı peşəsinə məsuliyyət və ehtiram hissilə yanaşan, özünə və sözünə hörmət bəsləyən, qələminə və qələmlə yazılanlara sədaqət və məhəbbət göstərən Sofu Bilal yaradıcılığının çeşnisidir bu kitab. Başqa sözlə, onun ədəbi tərcümanıdır.
Əvvəlcə özü və kitabları haqqında qısa xronika.
Sofu Bilal 2007-ci ildə «Nərgiz» nəşriyyatında işıq üzü görmüş, sayca üçüncü kitabında – «Mən»dəki «Mən» adlı irihəcmli şeirində nəsli və özünün yaranışını poetik biçimlə təsvir etməyə çalışıb. Nəşriyyatın qeyd etdiyi kimi, bu kiçik kitabçada o, özü ilə bağlı poetik duyğularını ifadə edir, başqa sözlə, sanki “mən”i ilə söhbətləşir.
S.Bilal ilk çap olunmuş doqquz kitabının heç birində geniş tərcümeyi-hal yazmayıb. Nədənsə çoxlarından fərqli olaraq o, bunu lazım bilməyib. «Söz yarası» (2005) və «İlan ocağı» (2006) adlı ilk iki kitabında isə bu məsələyə qısqanclıqla yanaşıb. Bu da özü haqqında qısa qeydi: «Sofu Bilal (Rzayev Sofu Bilal Yusif oğlu) 1940-cı ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub. Dirili Qurbani Məclisinin üzvüdür». Mədəni Maarif Texnikumunda oxuduğu illərdən ədəbiyyata böyük maraq göstərdiyini, çox-çox sonralar «Dirili Qurbani», «Xudafərin» qəzetlərində lirik və epik əsərləri ilə çıxış etdiyini bildirən qeydləri də nəzərə almasaq, doqquz kitabda bundan artıq konkret «şəxsi anketə» rast gəlməzsən. Bu da onun ömür yolu! Əslində Bilal müəllim uzun bir yaradıcılıq yolu keçib. Kitablaşma dövrü isə cəmi 5-6 ili əhatə edir. 65 illik yubileyinə ilk kitabını («Söz yarası» şeirlər, 2005) hədiyyə edən Sofu Bilal 70 yaşına 10 kitabla (bir il sonra 11-ci kitabı nəşr olundu) qədəm qoydu. Böyük uğurdur! Əlbəttə, yuxusuz gecələr, gərgin zəhmət hesabına qazanılan bu nəticələrin arxasında inadkarlıq, əzmkarlıq, qətiyyət, inam, hədsiz çalışma dayanır. Dostlarına və ailəsinə güvənən Sofu Bilal bu kitablarda ürəyinin sözünü deyə bilib. Məsuliyyətlə deyirəm: onun yaradıcılıq palitrası nə qədər genişdirsə, yaradıcılığında bədii janr xüsusiyyətləri nə qədər rəngarəngdirsə, o qədər də respublikamızın ədəbi tarixinə – bu gününə və sabahına «onbirlik» xəzinəsindən material daxil ola biləcək. Müəllifin dil üslubu, bədii sənətkarlığı, yaradıcılıq manerası, folklora dərin bələdçiliyi və ondan bəhrələnmək imkanı özü bu qənaəti yaradır. Klassik yaradıcılıq üslubu və müasir ədəbi yön onun dəst-xəttinə hakimdir. Bəlkə ona görədir ki, o, əsərlərini çox asanlıqla folklor yaradıcılığı üstündə qura bilir, dini mövzulara (xüsusilə din tarixinə) üz tutanda çətinlik çəkmir. Mədəniyyət işçisi olması, sayını unutduğu qədər kitab mütaliələri, onun bilik və düşüncə tərzində açıq-aydın özünü göstərir. Öz kitablarında yaradıcı, ibrətamiz nümunələr həmin təsirin nəticəsidir. Odur ki ədəbi məhsullarının böyük əksəriyyəti oxunaqlıdır. Şairin dostu, həmkarı Məmməd Əli Xudafərinli əbəs yerə yazmır: «Sofu Bilal şəxsiyyəti ilə yaradıcılığı arasında elə bir təzad görmürəm. O, hər şeyi öz donunda qələmə alır: ağı ağ, qaranı qara. Onda ortaq münasibət tərzi yoxdur. Çünki o, ürəyini şeirə köçürür». Lakin Sofu Bilal özü şairliyini ciddi qəbul etmir. Buna təvazökarlığı yol vermir: «…Deyərlər ki, Sofunun, guya şairmiş oğlu». Kitabları, ümumilikdə yaradıcılığı ilə tanış olduqda onun özü haqqında bu fikri absurd görünür. Əsl həqiqətdə Sofu Bilal zəngin, təbli və ciddi bir şairdir. Üst qatı açılmamış bir xəzinə kimi.
Bu kitabda biz onu bir şair kimi təqdim etməyə çalışmış, lakin bununla kifayətlənməmişik. Qarabağ ellərində tarixən mövcud və məhşur olan müqəddəs Sofu Ocağının «son giləsi» – Sofu Bilalın ulu şəcərəsindən, şəxsi həyatından, onun bir şair kimi yaradıcılıq taleyindən bəhs etmişik. Əzəli haqq aşığı, el şairi Dirili Qurbaniyə söykənən bu şəcərənin ləyaqətli davamçıları olan – Sofu Fərəc və Sofu Usubun əfsunlu möcüzələri, onlar haqqında maraqlı xatirələr, tədqiqat xarakterli materiallar da kitabda yer alıb. Əsərdə Sofu Usub oğlu Sofu Bilal daha çox şair kimi diqqəti cəlb edir. Şair S.Bilalın indiyədək nəşr edilən on bir kitabında toplanmış bütün ədəbi nümunələr təhlilə cəlb olunmuş, əsərləri və mənsub olduğu ocaq barədə elm və sənət adamlarının rəyləri verilmışdır. Dirili Qurbani Məclisinin üzvü, şair Sofu Bilala həmkarlarının ithaf etdiyi şeirlər də kitaba daxıl edilib. Nuh Peyğəmbər, Mazan Nənə, Diri dağı və Sofu Ocağı arasındakı əlaqələr sistemini araşdırmaqla bu ifadələrin etimologiyasını nəzər keçirmiş, onlar arasındakı bağlılığın olduğu qənaətinə gəlmişik. Mətbuatda vaxtilə dərc etdirdiyimiz, bilavasitə kitabın məzmunu ilə səsləşən bir neçə məqaləni də yenidən işləyərək son bölmədə vermişik. Ümumiyyətlə, kitab 7 bölmədən və bir neçə yarımbölmədən ibarətdir.
SOFU BİLAL VƏ ŞƏCƏRƏSİ
Sofu, Bilal müəllimin mənsub olduğu müqəddəs bir ocağın tarixi adıdır. Bizə görə, mənşə etibarı ilə sufilərə bağlanır.
Başqa sözlə, Sofu ifadəsi sufilərdən gəlir. Mahiyyətcə, Allaha yaxınlaşmaq, ona qovuşmaq deməkdir. Sufizmi cərəyanı İslam dininin tarixində bir qol kimi mövcud olmuş, sonradan atrofiyaya uğrayaraq, mənaca eyni, formaca müxtəlif şəkillərdə gəlib bizə çatmışdır. Sufii sözü indiyədək sofu, sofuluq, sofulular kimi yaşamaqdadır. Azərbaycanın etnogenezində iştirak etmiş kəngərlilərin bir qolu sofulular adlanırdı (ASE VIII cild, 1984, səh.595). Zəngəzur, Qazax zonasında yaşamışlar. Tovuz rayonunda Sofular Ağdam, Qazax, Cəbrayıl rayonlarında Sofulu adında kənd, Qobustan rayonunun Dərəkənd kəndində isə «sofulu» deyilən nəsl bu gün də mövcuddur. Bu nəslin nümayəndələri Mirbaba və Vahid Hüseynov qardaşları öz halal çörəyi ilə qidalanan, haram işlərdən, qeybətdən uzaq, əməlisaleh olmayanların tamını dadmayan, belələrinin kəsdiyi heyvanın ətini yeməyən, daim Allaha ibadət edən adamların «sofulular» kimi tanındıqlarını söyləyirlər. Mənsub olduqları «sofulular» nəslinin kökündə ulu babaları Qəşdədin oğlu Sofu Daşdəmirin durduğunu deyirlər. Sofu Daşdəmir Qəşdədin beş övladından biridir. Fikrimizcə, qardaşlarından fərqli olaraq, məhz Daşdəmirin «sofu» adlandırılması onun daha çox əməlisaleh, halalzadə kimi qəbul edilməsi ilə bağlı olub. O, bu haqqı qazanmışdı. Sofu Daşdəmirdən başlanan sofulular nəslinə «ocaqzadə» (ocaq övladı, ocağa mənsub) deyilməsi təbiidir. Bu nəsil arasında Şıx Eyyub Övliyanın müridləri, Həccə gedənlər, şil durğuzanlar (xəstəni, şikəsti sağaldan, ayağa qaldıran), Diri Babada dəfn olunanlar vardır. Qeyd edək ki, Diri Baba mağaraya çəkilən xəlvətilik cərəyanın əsasında duran övliyalardan olub.
Başqa bir misal. Zəngilan rayonunun Yeməzli sovetliyi ərazisində «Sofular» adlı pir və «Sofular» qəbiristanlığı vardır. Yuxarı Yeməzli kəndinin sakinləri Möhübbət və Ərşad Qurbanov əsillərinin sofulara söykəndiyini qeyd edirlər. Təsadüfi deyildir ki, onların ulu babaları Seyid Mustafa da «Sofu» adını daşıyıb. Bu da onu göstərir ki, ölkəmizin müxtəlif bölgələrində mövcud olan «sofular» və ya «sofulular» eyni mənşəyə malikdirlər.
«Əsli və Kərəm» dastanında da Kərəmin lələsinin (tərbiyəçisinin) adı Sofudur. «Mahmud gününü lələsi Sofu ilə keçirirdi» («Azərbaycan dastanları», II cild, «Lider», 2005, səh. 9) Qara keşiş Əslini Kərəmdən ayırıb aparanda:
Durma gedək Sofu lələ,
Yenə Əslim köç edibdi.
(yenə orada, səh. 43)
– deyir Kərəm. Dastanın sonunda oxuyuruq: «Əsli və Kərəmin külünü bir qəbirdə basdırdılar. Sofu da ölənəcən bu gümbəzdə mücəvir oldu» (yenə orada, səh.104). Burada həm sofu, həm də mücəvir sözləri mənaca dinə bağlanır. «Sofilik» – yunanca dindarlıq, zahidlik deməkdir (Azərbaycan dilinin izahlı lüğəti, Elm, 1987, səh.99). «Mücavir» ərəbcə bir ibadətgah və ya türbə yanında ibadətə çəkilmiş adam, digər anlamda pir, ya məscid xidmətçisi (Ərəb və fars sözləri lüğəti. «Yazıçı», 1985, səh.450) deməkdir.
Mifoloq-tədqiqatçı, şair Məmməd Elli «Sofu» anlayışının kökündə «Sofiya» sözünün (latınca) dayandığını ehtimal edir. Onun fikirincə, ocaq, pir, övliya anlamına uyğun gələn «Sofu» xalq tərəfindən sevilən şəxsiyyət deməkdir. Burada Tanrı sevgisi də var.
Bir sözlə, Sofu Usub nəslini gizli tellərlə sufizm təriqətinə bağlayan bir çox ilişkilər var. Kökündə, başlanğıcında «Sofu» dayanan bütün ocaqların mayasında sufiliyin dayanmasına şübhə yoxdur. Ölkənin müxtəlif bölgələrinə səpələnən sofular ayrı-ayrı budaqlar olsalar da, gövdə, kök birdir, eynidir. Diri Baba ilə Diri dağı, Diri kəndi arasında da bizə görə, mənşə qohumluğu vardır. Toponomik cəhətdən bir olduqları kimi.
Əzəli kökü əsrlərin o üzünə gedib çıxan Sofu Ocağı Sofu Fərəcdən bu yana öz əsilliyini qoruyub saxlamaqdadır. Mövcud olduqları ərazidə bu nəsil “İlan ocağı” kimi də tanınır. Bu barədə «Mən» kitabının annotasiyasında bildirilir: «Sofu Bilal Cəbrayılda məşhur olan Sofu Fərəc nəslinin layiqli davamçısı, elinin, obasının ağsaqqalı, eyni zamanda iman və inam yeri olan Sofu Usubun oğludur. O, Sofu Usubun ki, işıqlı çöhrəsi, nurani baxışları indi də çoxlarının gözü önündən getməyib. Doğmalarını itirə-itirə gələn Sofu Bilal bu nəslin yeganə yadigarıdır. Sofu irsinin yaddaşlara həkk olunması, kitablarda əbədiləşməsi onun başlıca arzusudur».
Sofu Bilal hər yeni çıxan kitabına həsrətində olduğu bir övladı və bu dünyadan qeyb olmuş qardaşlarının zühuru kimi baxır. Gerçəkdən o, Arazbarıda müqəddəs ocaqlardan sayılan babası Sofu Fərəc nəslinin, atası Sofu Usub irsinin əbədiləşməsi kimi çətin və məsul bir missiyanın öhdəsindən ləyaqətlə gələ bilib. Mənə elə gəlir ki, müəllifin hər kitabı ona sevinc qarışıq üzüntülü anlar yaşadıb. Onun gözlərinin içinə baxmaq, hövsələ basıb diqqətlə söhbətlərini dinləmək bəs edər ki, ulu nəslin yadigarı barədə ilkin təsəvvürlərə yiyələnə biləsən. İstedadlı şair Məmməd Əli Xudafərinlinin «İlan ocağı» kitabına yazdığı ön söz Bilal müəllimin yaradıcılığından savayı, özü və nəsli haqqında da müəyyən bilgilər verir: «Həyatda elə insanlar var ki, dərdlə bağrı badaş olurlar. Dərddən vəfa gördükləri üçün ona könül verirlər. Dərd onları dilləndirir. Tanrı «sifarişi» ilə bu dərdi şeirə gətirirlər. Başqa sözlə, bu dərddən yarayırlar: şairləşirlər. Füzuli kimi. Vidadi kimi. Sofu Bilal kimi» (M.Ə.Xudafərinli. Dərddən doğulan şair, İlan ocağı, «Nərgiz», 2006). Müdriklərdən birinin sözüdür: «Şairlər hərəsi bir cür bədbəxtdir, çünki hər birinin öz dərdi var».
Ata-anasından sonra qardaşları Sofu Rzanı və Sofu Fərəci itirən Sofu Bilal:
Niyə belə tutulmusan,
Qəm havası çalan canım?
Bütün nəsli itirərək,
Meydanda tək qalan canım.
– nidası ilə haray qoparır. Bu azmış kimi 1993-cü ildə yağmalanmış Qarabağın ağır elləri sırasında Sofu Bilalın dövri-qədimdən binələndiyi Diridağı da erməni təcavüzünə məruz qaldı:
Diridağda elin qaldı,
Bağın, bağçan, gülün qaldı.
Torpaq altda ölün qaldı,
Ağlamadı balan, canım!
«İlan ocağı» kitabı S.Bilalın yaradıcılığında xüsusi əhə-miyyət daşıyır. Birincisi, bu, müəllifin sofu nəsli haqqında yazdığı ən mükəmməl kitabdır. İkincisi, nəsr nümunələrinin də toplandığı bu kitabda atası Sofu Usub müqəddəsatı haqqında və onun dilindən söylənən gülməcələr toplanıb. «O Sofu Usubun ki, atası Fərəcin ocağının layiqli davamçısı kimi sofu (sufi – Y.D.) adını şərəflə davam etdirmiş, yaxın-uzaq ellərin inam yerinə çevrilmiş və nəhayət, özündən sonra onu üç ciyərparasına: Sofu Fərəcə, Sofu Rzaya, Sofu Bilala ötürmüşdür» (M.Ə.Xudafərinli). Sofu Usubun ölümü oğlu Sofu Bilalı kökündən qopan ağac kimi sarsıtmış, bu ocağa tapınan hər kəsi dərindən məyus etmişdir.
Kitabın səciyyəvi cəhətlərindən biri də el-oba adamlarının xarakterik cizgilərinin nəzmə çəkilərək əbədiləşdirilməsi, bununla da gənc nəslin yaddaşına köçürülərək artıq ruha dönmüş ata-babalarımızın, doğma yurd yerlərimizin yaşadılmasıdır. Doğulduğu kəndə – Qumlağa büsbütün sözdən heykəl tökən S.Bilal Tanrının heç nəyi əsirgəmədiyi bu əsrarəngiz oylağı «poemalaşdırıb».
Qumlaq Cəbrayılın kəndinin biri,
Burdadır xilqətin aşkarı, sirri .
– deyən müəllif qürurla möhtəşəm Xudafərin körpülərini, dünyanın hər üzünü görmüş azman Diri dağlarını, zirvəsində qərar tutmuş övliyalarını, Nuh babadan yadigar qalan Mazan Nənənin və böyük el şairi, haqq aşığı olmuş Qurbaninin məzarını, Diri dağın ətəyini yalayıb keçən Araz çayını, bərəkətli çöl-çəmənlərini, yol-irzlərini, dağ-dərələrini xatırladır. Buradakı hər bir elatı nəsilbənəsil anır, kəndin tarixinə nəzər salır: Eynəlxan nəslinin ilkin qızları, olmuşdur Qumlağın ilk ulduzları. (“Qumlaq” poeması. «Dərdsiz dünyam boşdur mənim”, Bakı, 2008) Eləcə də, təbiətinin zənginliyini yada salır, adət-ənənələri haqqında məlumat verir, sakinlərini birər-birər tanıdır. Heç nəyi, heç kimi unutmamağa çalışır. «Hər şeiri, hər sözü Qumlaq» sayan Sofu Balal, vaxtikən böyük sovetlik (indiki icra nümayəndəliyi ərazisi) olan bu kəndə daxil edilmiş Məstalıbəyli, Dərzili, Kavdar, Xudafərin, Xələfli stansiyasını da diqqətdən kənarda saxlamır. Digər bölmələrdə olduğu kimi, poemanın «Altı kəndin seçmələri (köhnə, yeni)» bölümündə də «ruha dönmüşlər»lə (ifadə S.Bilala aiddir – müəl.) bərabər isti ocağından perik düşüb, ölkənin müxtəlif bucaqlarına səpələnən soydaşlara üz tutur, mənən onlarla danışır, uşaqlıq və gənclik illərini, ömrün yetkinlik çağlarını «birgə xatırlayırlar». Onları şeirlərində xatırlayan şair ad və soyada uyğun misraları ustalıqla qafiyəyə salmaqla çalışıb ki, imkan çərçivəsində əksəriyyəti poemada yer ala bilsin. Fikrimizcə, bu uğurlu poetik tapıntıdır və təqdirəlayiqdir. Ümumiyyətlə, S.Bilal heç kimi yaddan çı-xarmamağa, hər birini kitablarına daxil etməyə cəhd göstərib:
Onların hamısı mənim yazımda,
Onlardan yazmışam «Mən» kitabımda.
HƏYATI VƏ KİMLİYİ
Müqəddəs Sofu ocağından pərvəriş tapan şairin uşaqlıq və gənclik həyatı, indiki ahıllıq çağı da daxil olmaqla büsbütün ömrü təzadlarla doludur. Bunu onun «Mən» adlı avtobioqrafiq mənzum əsərindən daha aydın görmək olar. Əsər xalqımızın ruhuna uyğun nağıl dili ilə başlayır. Bu, şair Bilalın folklorumuza hədsiz sevgisindən irəli gəlir. Ümumən, onun yaradıcılığını şifahi xalq ədəbiyyatından kənarda təsəvvür etmək çətindir. «Mən» – ömür nağılı bu cəhətdən xarakterikdir:
Biri vardı, biri yox,
Aşkar idi, sirri yox.
Diri dağ ətəyində,
Pirlərin pətəyində…
Göründüyü kimi, poema ənənəvi nağıl şəklində qurul-muşdur. Bu, əsərə şirinlik gətirməklə, onu daha da oxunaqlı və yadda qalan edir. Yuxarıdakı bir parça təsviri əsərin qısa xülasəsi də saymaq olar. Burada şairin doğulduğu yerin Diri dağın ətəyində, Araz çayının qırağında – Xudafərin körpüləri yaxınlığında olduğu aydın başa düşülür. Qumlaq adlanan bu kənd övliyalar, pirlər əhatəsində olduğundan həmişə Allahın nəzərindədir. Halallıq sadə kənd adamlarının əməllərinə hakimdir. Ağsaqqal sözü, ağbirçək öyüdü Diri dağın ətəyindəki cəmi Diri elatının, o cümlədən qumlaqlıların yolgöstərənidir. İşdə halallıq, söz eşitmək, öyüd dinləmək, böyüyə, ocağa, Tanrıya sevgi buradakı insanların uzunömürlüyünə, yaxşı yaşaya bilmələrinə səbəb olur.
Arazboyu ellərin çox-çox illərdən bəri pənah aparıb inam gətirdiyi ilan ocağı – Sofu ocağı da bu kənddə – Qumlaqdadır. Çağdaş dövrümüzə qədər bu inam yaşamaqdadır. İlan ocağının başında Sofu Bilalın babası Sofu Fərəc və atası Sofu Usub durur. Qeyd etmək lazımdır ki, Sofu Fərəcə qədər də, ondan sonra da nəsildən nəslə keçən ilan ocaqlığı mövcud olmuşdur. Bizim nəslin (müasirlərimizin) yaxşı tanıdığı Sofu Usub mükəmməl ocaq mürşidi idi. Buna görə də İlan ocağı, Sofu ocağı, Sofu – deyiləndə Sofu Usub nəzərdə tutulur, yaxud eləcə Sofu Usub göz önünə gəlir.
Uşaqlıq illərində kəndbəkənd gəzib ilan tutan, adam ovsunlayan çox insanlar görmüş və ya haqqında eşitmişdik. «Kəndə sofu gəlib, torbasında da ilanı var», – deyəndə biz onu ikincidən saymışıq, birincidən yox. Yəni ilantutan. Hər ilan tutub gəzdirən Sofu, «sufi» kimi hesaba alınmayıb. Arazbarıda “Sofu Ocağı”, “sofu” anlamında yeganə bir kişi olub: Sofu Usub! Ətraf aləm ona müqəddəs Ocaq təki yanaşır və sidq-ürəkdən inam bəsləyirdilər. Çünki çox möcüzələrinin, göstərmələrinin şahidi olmuşdular. İlanı ram etmək, ilanla «oynamaq» Sofu Usubun ocaq taleyi idi. “İlan ocağı” adı bu nəslə təsadüfi verilməmişdi. Təsvir olunan xülasədə S.Bilal «Burda Ocaq var idi, Qamçısı şahmar idi» misraları ilə atasına və onun müqəddəs əməlinə işarə edir. Daha sonra anası Nigarın adını çəkir, ailədə üç qardaş olduqlarını dilə gətirir. Valideyn-lərindən sonra qardaşlarını itirən şair bu fani dünyada tək qalır. Taleyi ilə barışan Sofu ocağının son yadigarı bədbinlik haləsində: «Axıra qaldı Bilal», – deyir.
Şair Sofu Bilalın daha yaxından tanınması üçün öz şeirindən misal gətirdiyimiz 12 misralıq parçanı icmal hesab etmək olar:
Di qayıdaq Bilala,
Doğulandan halala.
Bilal kimdir biliniz,
Şübhələri siliniz.
Bilal kimdir deyənlər,
Babalını yeyənlər,
Bilsinlər, mənəm Bilal,
Qanı və südü halal!
Cahi-cəlal mənəm, mən,
Doğru, halal mənəm, mən!
Dünyada Bilal çoxdur,
Sofu Bilal mənəm, mən!
Həyat dastanının ardını da o, eyni qayda ilə danışır. Usta bir sənətkarlıqla həyat və fəaliyyətini, insanlarla münasibətini nəzmə çəkən, mənzum ömür nağılı yaradan şairin həyatını biz onun şeirlə yazdığı ömür yolunu publisistik bir dillə, adi yazı şəklində təqdim etməyə çalışacağıq. İstərdim ki, oxucu «Mən»i özü oxuyub S.Bilalı və mənini – kimliyini yaxından tanısın. Bununla o, məmləkətimizdə daha bir istedadlı yazarın şeiriyyatı ilə tanışlıq imkanı qazana bilər.
Sofu Bilal (Rzayev) Sofu Usub (Yusif) oğlu 70 il qabaq, soyuq bir payız günündə – 28 noyabrda dünyaya gəlib. Öz qeydlərinə görə çətinliklə doğulub. Hətta güman ediblər ki, «bəlkə, uşaq ölüdür?» Mamaçası Xədicənin o zamankı bəsit müalicə üsulu – sillələməklə «ayıltma» bəhrəsini verib. İlk ağlamaq səsi qəmlənmiş sifətlərə sevinc işığı, şənlik, şadyanlıq gətirib, könüllər sevinib, gözlər gülüb. Nəmər yağış kimi sellənib. Bilalın körpəliyinin yüyrük – beşik məqamı ilan ocağında – ilanlar qucağında keçib. «Yüyrükdə tək yatmazdı: ilanlarla yatardı. İlanlarla durardı. Hərdən yerə atardı, hərdən boynun burardı».
S.Bilal, «Mən»indəki həyatının yeniyetməlik və gənclik çağlarına məxsusi önəm verir: Bizcə, bu, yalnız nastolgiya ilə bağlı deyil, eyni zamanda erkən yaranmış yoldaşlıq və dostluq münasibətlərinə məhəbbətdən, sədaqətdən irəli gəlir. «Biz xeyli yoldaş idik, dost idik, sirdaş idik», – deyir Bilal. «Bəbir biləkli, xoş diləkli» Bəbəşi, həmtayları Fehruzu, Qiyası, Surxayı, Hümbəti, Sahibi, Tehranı məmnuniyyətlə xatırlayır. Vəfasız dünya, zalım əcəl zaman-zaman dostların sırasını seyrəldir: Yaş otuzu keçəndə Bəbəşlə Tehran, ardınca dost-doğru qardaş bildiyi Lətif Kərimxanoğlu həyatı tərk edirlər. Sağ qalan dostlar sırasında söz-söhbətli, açıq ürəkli çoban Əlini də yad edir, «son-rakı» dostu Şahların adını çəkir.
Sofu Bilalın hər şeyə qadir, fədakar adlandırdığı Nadir, «başında alim ağlı» kimi dəyərləndirdiyi, qardaş qiyməti verdiyi Hüseyn Nərçəoğlu, şairlik təbinə, fitri istedadına, zənginliyinə görə «başımdır» deyə dəyərləndirdiyi Məmməd Əli dəfələrlə Dirili Qurbani Məclisinin yığnaqlarında olublar. Nadir bəy, sadəcə bir dinləyici və qurbanisevər kimi, Hüseyn Nərçəoğlu ilə Məmməd Əli isə şair kimi, sənət adamı kimi məclisin fəallarından olublar. Təəssüf ki, Sofu Bilal demiş, «əcəl qoymadı sona»: Hüseyn Nərçəoğlu vaxtsız-vədəsiz dünyasını dəyişdi. Gerçəkdən, bu istedadlı yazar məhsuldarlığı ilə fərqlənirdi. Əsas mövzusu işğal altındakı yurd yerlərimiz idi – Vətən idi! Nə yazıq ki, Sofu Bilalın təbirincə desək, masası «yetim qaldı». Qeyd edim ki, Hüseyn Nərçəoğlu 2004-cü ildən fəaliyyət göstərən Dirili Qurbani Məclisinin ilk itkisidir və sonrakı illərdə bu say bir qədər də çoxalıb. S.Bilalın sevdikləri və Sofu Bilalı sevənlərin nisbəti, zənnimcə, bərabərdir. Bu, ən çox onun özünün şəxsi keyfiyyətləri ilə əlaqədardır. Mədət Əlioğlu haqqında deyir: Mən varam, özgə tutmaz. Qəzənfərlə Siyavuşa sevgilərini ifadə edir, onları yol-iz bilən kimi tanıdır, Nizami Hümbət oğluna xoş münasibətini bildirir. «Məni çox istəyən var», – dedikdə, Mərdan Tövbəkarı, Həbibin uşaqlarını – Sərdarı, Əlyarı, Elmanı, İlqarı xüsusi qeyd edir. «Dostluqda mən də varam», deməklə möhkəm dostluq tellərinin qurulmasında öz payının olduğunu söyləyir. Qonşu kimi ürək dostu Hüseyni, həmkarı və sirdaşı kimi dərzililərdən Məhəmmədi xatirindən keçirir.
Göründüyü kimi, Sofu Bilalın həyatında erkən uşaqlıq illərindən son gənclik və yetkinlik dövrünə qədərki dostları məxsusi yer tutur. «Məni sevən daha çox, yaman gözə girsin ox…» – deyən Sofu, hər kəlməbaşı «hamısına ehtiram» bəslədiyini bildirir.
Gənclik illərinin ən yadda qalan anlarından biri tələbəlik dövrüdür, oxuduğun – təhsil aldığın illərdir. Sofu Bilalın doğulub böyüdüyü kənd dəmiryol xətti kənarında idi. Belə kəndlər adətən stansiya kimi tanınırdı. Qumlaq stansiyası, Xudafərin kəndi, Akara və Mincivan stansiyalarında, axır zamanlar isə Xələfli stansiyasında da böyüyən uşaqlar «maşinist» peşəsinə daha çox maraq göstərirdilər. Təsadüfi deyildir ki, «Bakı-Noraşen» (sonradan «Bakı-Şərur»), «Bakı-Yerevan», «Bakı-Mincivan», «Bakı-Qafan» istiqamətində hərəkət edən qatarların teplovoz maşinistləri arasında bu stansiyalardan olan gənclərə tez-tez rast gəlinirdi… Cəbrayıl rayon Qumlaq kənd orta məktəbini bitirən gənc Bilal Rzayev də sənədlərini teplovoz maşinisti sənəti üzrə 2 saylı Bakı Dəmiryol Peşə Məktəbinə verir. Hərçənd özünün də qeyd etdiyi kimi, bu peşənin çətinliyi onu «özgə iş axtarmağa» vadar edir. Sonra sənədlərini N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq ixtisasına təqdim edir. Oranı müvəffəqiyyətlə bitirir. Kitab – klub işinə ürəkdən bağlanır. Mədəniyyət sahəsində çalışması, daim kitablarla təmasda olması içindəki gizli yaradıcılıq meyillərini ortaya çıxarır. Dirili Qurbani Məclisinə sonsuz məhəbbəti, könüldən bu məclisə qoşulması bir tərəfdən Qurbaniyə ali ehtiramdan doğursa, digər tərəfdən ədəbi-bədii yaradıcılığa meyilliyindən, bu sahəyə daxili tələbatından irəli gəlirdi. Əlbəttə, məclisdə cəmlənən irili-xırdalı (yaşına və cinsinə görə) insanların səviyyəsi, dünyagö-rüşü, saf niyyətləri, yurdsevərliyi, həqiqətçiliyi də Sofu Bilalı Qurbani Məclisilə müntəzəm təmasda olmağa həvəsləndirir. Hər hansı səbəbdən onsuz keçən məclisdə Sofusuz nastolji hissin yaşanması, dərhal əlaqə imkanları dübarə göstərir ki, Sofu Bilal insan və yaradıcılıq münasibətlərinin fövqündə duran şəxsdir, şəxsiyyətdir. Əslində bizim fərqli baxdığımız «şəxsiyyət» anla-yışı mənim düşüncəmcə, ali məqsədlər üçün mənəvi-əxlaqi dəyərlərə xidmətdir. Şəxsi mənafedən çox, milli, xəlqi mənafeyə qulluqdur! Sofu Bilal məhz belə bir qulluğun qulluq-çusudur.
Bilalın tükənməz yaradıcılıq enerjisinin işığa çevrilməsində sözsüz ki, ailə mühiti də böyük rol oynayıb. Yazılarına, kitablarına hörmət etmək, nəvaziş göstərmək, bu işə rəvac kimi ruhlandırmaq, təbliğ etmək, sevmək və sevdirmək. Zənnimcə, şərait və mühit yaradıcı insanın başlıca tələbatıdır. S.Bilalın evində bu tələblər yüzə yüz ödənilir: həvəslə, mehrlə. Ona görə də Sofu yorulmadan, coşqu ilə, tükənməz enerji ilə işləyir. Şairə bu eşqi, bu enerjini onun ömür-gün yoldaşı, «qarım, mehribanım» dediyi Gülnaz xanım verir.
Gülnaz xanımla tanışlıq Bakıda «Teplovozluq məktəbi»ndə oxuyarkən başlanıb. Bilal peşə məktəbi illərində qardaşı Fərəcin Keşlədəki evində qalırdı. Həmin evin qonşuluğunda «həm gecə, həm gündüz» görüb bəyəndiyi Gülnaz adlı bir qıza aşiq olan Bilal onunla ailə qurmağı qət edir. Yanılmır. Mehriban, dinc yaşayırlar. Tanrı onlara yaxşı adına nə varsa hər bir şeyi qismət edib – övladdan savayı. Övladsızlıq bu ailənin qismətinə çevrilib, nəsibi olub.
Ruhu yad edər sağlar,
Balalar qara bağlar.
Sofunun balası yox,
Bəs öləndə kim ağlar?..
Bu ay məzə doğulub,
Bu at təzə boğulub.
Xırmançı dən payladı,
Mənə dedi: – Sovulub.
Ancaq el-oba, dost-yoldaş, qohum-qardaş onları darıxmağa qoymayıb.
Böyük qardaşı Sofu Rzanın ölümü (1994, 14 dekabr) Sofu Bilala bərk əsər edir. «Sofu Bilalın güvənci» adlandırdığı qardaşı Rzaya hədsiz məhəbbəti onun vəfat etdiyi Məmişlər meşəsini qınağa səbəb olur. Meşəni qarğıyır. Qeyd edək ki, biz bu cür hala «Orxon-Yenisey abidələri», «Bilqamıs» dastanı kimi qədim türk mənbələrində, eləcə də mifoloji ədəbiyyatlarda, xüsusilə Azərbaycan şifahi xalq yaradıcılığında, o cümlədən nağıllarımızda, dastanlarımızda, oxşamalarda və s. rast gəlirik. Xeyirxah niyyətlərdə və bununla bağlı sonuclarda təbiət, onun ünsürləri öygülərə, alqışlara tutulursa, bədbəxtliklə başa varan hadisələr zamanı, fəlakətli, faciəli məqamlarda təbiət və komponentləri (su, torpaq, dağ-daş, bitki, heyvan) qınağa, qarğışa, ölümlə hədəyə məruz qalır. Biz bunlara «Avesta» kimi monumental qanunlar toplusunda, «Kitabi-Dədə Qorqud» təki əvəzsiz maddi-mənəvi dəyərlər kitabında da geniş rast gəlirik:
Qarlı uca dağların yıxılsın,
Kölgəlik hündür ağacın kəsilsin,
Coşqun axan gözəl suyun qurusun.
«Kitabi-Dədə Qorqud» dastanı, 1988
S.Bilalın «Yansın belə meşəni» şeirindən gətirəcəyimiz nümunələri bu cəhətdən uğurlu bənzətmə hesab etmək olar:
Gövdələri qurusun,
Budaqları ərisin.
Bəlkə dilim kirisin,
Yansın belə meşəni.
Hayına hay yetməsin,
Səyyad ora getməsin.
Yerində ot bitməsin,
Yansın belə meşəni.
Günəş nurun səpməsin,
Bulud suyun tökməsin,
Ora quş da səkməsin,
Yansın belə meşəni.
«İlan ocağı», 2006, səh. 83
«Qarğaram sənə meşə, Ahımdan bir od düşə» – deyərək nalə yağdırdığı bu meşəni ona görə qarğıyır ki, «İrza meşədə öldü, yansın belə meşəni».
SOFU OCAĞI: ÇƏTİN YOLLAR
Cəbrayıl rayonunun ərazisində Araz çayının sahili boyunca uzanan möhtəşəm, sıldırım, sal qayalıqlı dağlar sırası ta qədim çağlardan Diri dağı kimi tanınıb. «Diri» – canlı, sağ, var olmaq, əbədi, sonsuz mənasındadır. Mifoloji əhəmiyyət kəsb edir. Adına bağlanan türbə, qala, yaşayış məskəni mövcuddur və mahiyyətcə hamısı da eyni mənşəlidir. Azərbaycan aşıq sənətinin banisi, haqq aşığı, el şairi Dirili Dədə Qurbani Diri dağlarında yerləşən əski Diri kəndindəndir. Sofu Bilalın ehtimalına görə, Qurbani Mazan Nənə soyundandır. Mazan Nənə, Diri dağın zirvəsinə doğru sinəsində bərqərar olan qədim-qayım İnam Ocağıdır, Övliyadır. Mənbələrdə, məxəzlədə Mazan Nənə anaxanlıq dövrünün nişanəsi kimi qeyd olunur («Diri» və «Mazan» sözlərinin kökü, etimologiyası ilə bağlı araşdırmalarımıza kitabın növbəti bölmələrində yenidən qayı-dacayıq – müəl). Ətraf ərazidə onun uzaq keçmişə malik yaşayış məskəni olmasını əks etdirən çoxlu arxeoloji qazıntı nümunələri vardır. Burada müxtəlif növ mədəni bitkilərdən ibarət böyük bağ, qədim yaşayış yerlərini təsəvvür etdirən xarabalıqlar və mütəmadi rast gəlinən qazıntı nümunələri, çoxlu çeşmələr, qonşu yaşayış məntəqələrinə, başqa ölkələrə gediş-gəliş üçün karvan yollarının izləri, 700-800 yaşlı çinar ağacları insanı heyrətə gətirir. Zəngin flora və faunaya malik olan Diridağı və Diri kəndində, Mazan Nənə ətrafında sürünən heyvanların tipik nümayəndələri, o cümlədən müxtəlif növ kərtənkələ, ilan və başqaları daha çox yayılıb. Ərazidə yaşayan ilanlar, əsasən, yarımzəhərli və zəhərli növlərdən ibarət olub, sakinlər arasında təşviş, qorxu, ölüm təhlükəsi kimi neqativ hallar yaradıb. Qeyd olunanlara görə, ilan sancmaları nəticəsin-də ölənlərin sayı o qədər çox olub ki, yerli əhali kütləvi şəkildə Güney Azərbaycanın Qaradağ mahalına, Naxçıvan bölgəsinə və b. yerlərə köçüblər. Diri kəndinin bir qrup sakini Arazın o tayına miqrasiya edərək top halda burada məskunlaşmış və Dirili adında yeni kəndin əsasını qoymuşlar. Onlara «Diridən köçənlər», «Dİridən gələnlər», “dirililər” adı vermişlər.
Sofu Bilalın ulu babaları da vaxtilə Diridən köçüb getmiş dirililər olmuşlar. Bunu o, öz əsərlərində dönə-dönə qeyd etmişdir:
Qaradağın ətəyində bir kənd var,
Adına Dirili demiş babalar.
İlk sakinlər Diri dağdan gəliblər,
Burda yaşamağı üstün biliblər.
Əsillərinin Mazan Nənə soyundan olduqlarını bəyan edən Sofu Bilal Qurbani ilə eyni soydan törədiklərini də qeyd edir. Onun fikrincə, Mazan Nənədə Qurbaniyə buta, babası Fərəcə sofuluq – ilan ocaqlığı verilibdir. «Qurbani» dastanının hər üç («Diri», «Gəncə», «Zəncan») versiyasında Qurbaniyə haqq aşıqlığının, şairliyin – butanın Diri dağında, Diriətrafı səmtlərdə, «Diri» versiyasında isə konkret Mazan Nənə ocağında yatarkən yuxusunda verildiyi söylənilir. Bilalın babası Sofu Fərəcə də sofu – ilan ocaqlığı eyni qayda üzrə qismət olmuşdur. Mazan Nənəni, həm də ilan ocağı kimi təqdim edən şair, Aşıq Qurbaninin eyni zamanda ilan sofusu olduğunu anladir. Onun fikrincə, Qurbanini ilan sancıb öldürməsi, təbiidir. İstər Mazan Nənə, istərsə də Qurbaninin qəbirlərinin yüzillər boyunca müqəddəs bir ziyarətgaha çevrilməsi də bu sə-bəblə bağlıdır. Gerçəkdən, Diri dağının ətəklərində sakin olan neçə para kənd işğala qədər (1993, 23 avqust) İlin Axır Çərşənbəsini bütünlüklə ziyarətə gəlirldiər. Qeyri vaxtlarda da Diri kəndinin əhalisi həftənin çərşənbə günləri nəzir-niyazları, arzu-diləkləri ilə ziyarətlərindən qalmırdılar.
Sofu Fərəc, deyildiyinə görə, mahir ilan ovsunçusu olub. Şəxsiyyətli və din adamı kimi də mərifət sahibi, ürfan əhli idi. Fitri qabiliyyətə malik olan bu üləmanın Tanrıdan bəxş edilən üstün keyfiyyətləri oğlu Sofu Usubda daha çox təzahür edirdi. Bizim nəsil (XX əsrdə yaşayanlar) daim onu yüksək qiymətləndirmiş, sidq-ürəkdən inam gətirmiş, necə deyərlər, Sofu Usubda gördüklərinə, aldıqları əməli faydalara əsasən ona bağlanmışdılar. Sofu Fərəcin digər törəmələri də, o cümlədən Sofu Bilal, qardaşları və əmiləri də Sofu nəslinin layiqli sırası kimi həmişə xüsusi çəki və rəğbətə malik olmuşlar.
İrəlicədən qeyd edim ki, Sofu ocağı ilə əlaqədar mükəmməl və dürüst məlumatları S.Bilalın özündən, əsərlərindən götürmüşük. Odur ki, əsas mənbə olaraq, S.Bilala və kitablarına istinad etməyə çalışmışıq (Şairin çap olunmuş kitablarının siyahısı axırda verilib-müəl).
Diridən gedib o tayda (Güney Azərbaycanın Qaradağ mahalı) Dirili adında bir kənd bərqərar edən nəsil heç vaxt bu tayla (Quzey Azərbaycanın Qarabağ mahalı) əlaqəsini üzməyib. Vaxtaşırı Mazan Nənə ziyarətgahına, Qurbani pirinə gələr, bu müqəddəs ocaqları ziyarət edərmişlər.
1880-ci ildə Fərəc də iki həmkəndlisi ilə Mazan Nənəyə gəlir. Lakin dostların niyyətləri müxtəlif olur. Kökdən əməli saleh kimi tanınan Yunus babanın nəvəsi, Rza kişinin oğlu Fərəc ulu Qurbanidən gələn saf və təmiz niyyətlə Mazan Nənə ocağını ziyarət edir. Allahdan dilək diləyir, bütün ziyarət şərtlərinə əməl etdikdən sonra ocağın (dövrələmə daş hasarın) içində yatır. Lakin digər ziyarətçilərin – dostların qəlbindəki napak xislət onları yollarından azdırır. Talançılıqla məşğul olmaq keçir könüllərindən. Bu niyyətləri ürəklərində qalır. İkisini də ilan çalıb öldürür.
Fərəc qəribə yuxu görür. Elə yuxu ki haqq aşıqları görmüşdü: Dirili Qurbani, Aşıq Qərib və b. Fərəc yuxusunda ona tərəf gələn, üzündən dörd yana işıq saçan pirani bir qoca – çalsaçlı ağsaqqal görür. Qoca Fərəcə yaxınlaşıb ilk sözünü Allahın adına dua ilə başlayır: «Əvvəl oxuduğum fərzi-bismillah, əbədi, əzəli bir olub Allah…» Və ardınca: «Əvvəl Allah, Adəm, sonra Nuh Nəbi, La ilahə illəllahdır tələbi», «Əqrəbi-çayən və qədəri sofən» dedikdən sonra Allahın izni, Süleyman peyğəmbərin hökmülə cəmi canlılar «Göydə uçağanlar, yerdə gedənlər», «Əcinədən tutmuş qarışqayadək» hamısının ixtiyarı tapşırılır Fərəcə və ona sofilik əta olunur. Beləliklə, alnına ocaqlıq aqibəti yazılan Sofu Fərəc yuxudan ayılarkən sinəsinin üstündə yatmış şahmar ilan görür. Elə həmin an dilindən çıxan üç kəlmə söz: «Bər hökm Süleyman!» nidası ilə ilanı düşürüb uzaqlaşdırır. Yeni, müqəddəs Aqibətə qovuşmuş Sofu Fərəc yanında Quran ayələrindən ibarət «daş»ın olduğunu da görür və özü ilə götürüb Araz çayını keçərək yaşadığı kəndə gəlir.
Sofu Bilalın təsvirinə əsasən, Ayətli daşdan əlavə, Sofu Fərəc həm də boynuna dolanmış ilan, bir üzük və əsa da gətirmişdi. Hər kəsdə təəccüb doğuran bu hadisə Sofu Fərəc ocağına etiqada səbəb oldu. Sofu Fərəcin iri, zəhərli ilanları ram eləməsi, dualı nəfəsi, əfsunları, ilanlarla müalicəsi güneyli-quzeyli Azərbaycanın Qarabağ-Qaradağ ellərində dillər əzbərinə çevrildi. Hamının qəlbində Sofu ocağına bir sevgi yarandı.
Sofu Fərəcdəki sofuluq irsən nəvəsi Bilala sirayət edib. Babası Sofu Fərəcdən sonra ilan ocaqlığı el arasında Sofu Usub adı ilə çağrılan Sofu Yusifdə daha qabarıq şəkildə özünü göstərib: dünyanın gedişatından hali olması, öncəgörməsi, iti fəhmi, təbiətcə mükəmməl paklığı, insan və yurdsevərliyi, adi adamlardan həyat tərzinə görə fərqli xüsusiyyətləri… folklorumuzu, o cümlədən şərq şifahi yaradıcılığını gözəl bilirdi. Klassiklərimizə yaxşı bələdçiliyi vardı. Dastan danışmağı, lətifə söyləməyi xoşlayırdı. Tarixçi alim, professor Əli Məmmədov bu barədə onu minnətdarlıqla xatırlayır. «Bizim Şahvəlli kəndinə tez-tez gələrdi», – deyir: «Biz onun möcüzələrini görmüş, dastanları və şirin söhbətləri ilə böyümüşük».
Onun fərqli və nümunəvi cəhətlərindən biri də bu idi ki, heç kimin bir-biri ilə küsülü qalmasını istəməzdi. Sofu Usub barışıq adamı idi. Odur ki, Sofu bir çox düyünləri açdığı kimi, küsülüləri də asanlıqla barışdırırdı.
Sofu ocağının səciyyəvi üstünlüklərindən biri hamıya eyni şəkildə yanaşmaq, bir gözlə baxmaq, fərq qoymamaq idi. Ona görə də bu nəsili sevməyən, bu ocağa inam bəsləməyən, iman gətirməyən tapılmazdı. Bütün övliyalar kimi Sofu nəslinin ruzisi də Allahın insanları tərəfindən təmin olunurdu. Bu nəslin artıqtamah olmaması, yeri gəldikdə başqalarına əl tutmaları onları el-oba gözündə ucaltmış, qəlbində yer eləmişdi. Sofu Usubun müasiri və qonşu Zəngilan rayonunun Genlik kəndində anadan olan və ömrünün axırana qədər Muğanlı kəndində yaşayan, dövrünün böyük İnam Ocağı kimi tanınmış Seyid Həsən Ağa (Allah ona rəhmət eləsin!) da ona verilən nəzirləri bir qayda olaraq kasıb adamlara paylayar, onlara əl tutardı.
Sofu Usub (Rza oğlu) ömrünün çox hissəsini bu tayda – Quzey Azərbaycanda yaşayıb. Güney Azərbaycanı istila edən İranda vaxtaşırı baş verən qarışıqlıq və hədsiz ata yurdu istəyi Sofu Usubu ordan əzəlki ulu ocağa köçməyə sövq edir. Ancaq bu yolda olmazın əzablar, çətinliklərilə üzləşir. Əmir Ərşadın zülmü, kənd-kəsəkləri yandırıb talan etməsi çoxlarını doğma el-obadan didərgin salır. Odur ki, S.Usub tərəddüdsüz qardaş və bacısını götürüb Araz çayını keçir. Sınıq dərəsi deyilən yerdə Balabəyim adında bir xalası yaşayırmış. Bir neçə ay xalasıgildə qalırlar, ancaq ovçuluqla ailəsini dolandıran, kasıb həyat sürən xalasının yoldaşı ovçu Qasıma, ailə üzvlərinə yük olmaq istəmir. Oradan üz tuturlar Şərifana – maması Yetərgilə. Şərifanda vəziyyət heç də əvvəlkindən yaxşı deyildi. Bu o vaxta təsadüf edir ki, müvəqqəti hökumət taxta oturan zaman imiş. Qaçaq-quldur at oynadır, kəndxudalar ağalıq edirdilər. Ona görə də Şərifanda çox qalmağı mənasız sayıb, Havalı kəndinə (Zəngilan rayonu), əmisi qızı Həmayılın yanına gəlirlər. Onun nə əri, nə də oğul-uşağı vardı. Burada da çox qalmırlar. Sofu Usubu Diridağın ətəyindəki qədim yurd yerləri özünə çəkir. Beləliklə, Qumlaq kəndində birdəfəlik binələnməyə qərar verir. O çağdan bəri, erməni işğalınadək Sofu Usubun nəsli Qumlaq kəndində sevilərək ömür ediblər.
S.Usubun iki dəfə evlilik həyatı olub. Hələ Güneydə ikən Afxara adlı bir mahalda böyük gəlirə sahib Xavər adlı bir gözəl dul qadınla ailə qurur. Onda xeyli cavan olan Usub mahal xanının yanında qulluqdaymış. Geri qayıtmaq məqamında mülkündən ayrıla bilmədiyi üçün gəlin talağı geri oxutdurur. Xavər xanımdan bir oğlu olur Usubun. Adını Səbzi qoyurlar, ancaq Xavər Usubun nişanəsi kimi onu Usub çağırır. Ümid edir ki, oğlu atası ilə haçansa görüşəcək. İş elə gətirir ki, Usub erkən vəfat edir. Xavər üçüncü dəfə ərə gedir. Yeni ərindən doğulan qızının oğlu Rəhimlə bizim qəhrəmanımız Sofu Bilal görüşmək istəsələr də, qismət olmayıb. Qohumlar ilə – Sofu Usubun da-yısı və onun oğlu Məhəmmədlə görüşü sərhədlər açılandan sonra S.Bilalın əzizlərini görmək inadı nəticəsində baş tutur. Sofu Usub ilk evliliyindən xeyli müddət sonra Nigar adlı sevib-seçdiyi bir qızla ailə qurur və ömrünün sonuna qədər birgə yaşayırlar. Mehriban, ağayana və kifayət qədər nümunəvi ailə həyatı sürən Sofu Usubun Nigar xanımdan səkkiz övladı doğulur. Ancaq tale onlardan cəmi üçünün üzünə gülür. Qalanları erkən rəhmətə qovuşurlar. Qaçqınçılıq el-obasını, ata-baba yurdunu itirmiş digər soydaşlarımız kimi, Sofu Usubun ailəsinə, bu nəslin törəmələrinə də ağır zərbə vurur. Hərəsi bir tərəfə dağılır, pərən-pərən düşürlər. Bu müqəddəs nəslin səfi pozulur. 1984-cü ildə isə 46 yaşlı Sofu Fərəcin ömrü yarıda qırılır. Çox keçməmiş yoldaşı Şura xanım da haqq dünyasına qovuşur. Sabirabad rayonunun Əsədli kəndində müvəqqəti məskunlaşmış Sofu Rza 66 yaşında vəfat edir. Az sonra ömür-gün yoldaşı Minarə dünyasını dəyişir. Sofu Bilalı dalbadal həyatdan köçən qardaşlarının ölümü tənha qoyur. Qəm içində qovrulan Sofu Bilal dərdini köhnə dünyanın bağrından qopub gələn bayatılar üstündə sızladır. Sızlamaları, ağıları, oxşamaları oxuyan, dinləyən hər kəsi göynədir. Sofu Bilalın ağıları, təbiəti, həyatı qınaqları şumernamələrdən, Kitabı-Dədə Qorquddan, folklordan bizə tanış olan nümunələrlə səsləşir:
Bu məzar içində yatanın dərdi,
Günəştək parlayıb, batanın dərdi,
Sofu Yusif kimi atanın dərdi,
Deyir ki, baş daşın yazan ağlasın,
Kəfən biçən, qəbir qazan ağlasın.
Sofu Bilal, «İlan ocağı», 2006, səh. 66
Şumerlərin «Bilqamıs» dastanında da Uruk şəhərinin hökmdarı Bilqamıs, dostu Enküdünün ölümünə eynən Sofu Bilal kimi öygülərlə müşayiət olunan mərsiyə deyir:
Arxamızca göz dikib, qol açanlar ağlayar,
Bir zamanlar birlikdə başına qalxdığımız
Meşənin zirvələri, ətəkləri ağlayar.
Hönkür-hönkür ağlasın otlaqlar ana kimi,
…O kəslər ağlayır ki, qədim adamlar kimi
səninlə öyünərdi.
«Bilqamıs» dastanı, 1999, səh. 51-52
Enküdünün qeyri-adi gücü və xarakteri dostu Bilqamısa hədsiz təsir edir. O da sanki Sofu Bilal kimi (“İlan ocağı”, 2006):
De niyə ölmədilər o əsl ölməlilər,
O gülünc ömürlülər, ölümü gülməlilər? –
sualı ilə daim Enküdünü haraylayır:
Dostum Enküdü üçün
Ağıçı arvadlartək hay salıb hönkürürəm.
Sofu Bilal vaxtsız itirdiyi qardaşları Sofu Fərəc və Sofu Rzaya axıtdığı göz yaşını, acı hönkürtüləri belə verib:
Kəsilmişəm yeməkdən,
Əl üzmüşəm köməkdən.
Dilim yara bağlayıb,
Qardaş, qardaş deməkdən.
Və yaxud atası Sofu Usuba bir ağısında deyir:
Dağlar başı sazaqdı,
Dağlar bizdən uzaqdı.
Səndən sonra ağladım,
Yaş yerinə duz axdı.
Sofunu arar ellər,
Dərdini qanar ellər.
Ölər elin Sofusu,
Halına yanar ellər.
Övladsızlıq dərdinə dözüb dayanan Sofu Bilal yurdsuzluğun gətirdiyi ələmə çətinliklə duruş gətirir. «Əsas odur qaçqınam, bir divarı uçqunam», – deyən şair ata-ananın səkkiz övladdan qalmış üç uşağından biridir. Qaçqınlığın Sofu Bilala bəxş elədiyi ən kədərli anlar qardaşları Fərəc və Rzanı itirməsidir. 66 yaşında dünyadan gedən Rza əhli-hal idi, el ağsaqqalı məqamındaydı. Gözəl bənna idi. Özündən sonra həyat yoldaşı Minarə xanımı da əcəl əydi:
Bu gəlin sadiq qaldı,
Öz vəfalı yarına.
Məzarı qonşu oldu,
Yarının məzarına.
Fərəc yaşca Rzadan kiçik idi. 46 yaşında haqq dünyasına qovuşub. Quran əhli, mömin bəndə kimi Allahın və bəndələrinin sevimlisi olan Fərəcin, halallıqla çörəyini daşdan çıxaran Rzanın ölümü Sofu Bilala bərk təsir edib. Qoşa qardaş dağı «bədənini zəiflətdi», özünə «ölüm dilədi», «darlıq», «korluq» imtahanından keçdi: «Ölmədi!» «Əcəl gəlmədi». Əvəzində Allahın nidası ilə köhnə dostlar, tanışlar gəldi. Zülmət yarıldı. Çarəsizlik niqabı götürüldü. Üz işıqlandı. Əmisi Yunusun oğlu Rəhim dadına çatdı. Çətinlik qaçdı. Eyni kökdən, soydan törəmələr – Müslüm, Etibar, Möhübbət, İlqar, Fərman, Tənzilə, Tural, Tutu, Məleykə – həsrətini çəkdikləri qapısını döydü; dərdini boğdular, kədərini qovdular, qəminə su çilədilər. Sofu Bilal yenidən dirçəldi, qol-qanad açdı. Beləliklə, «susuz arxa su doldu». Bədbinlikdən çiyin qaldıran Sofu həyatın gözlərinin içinə baxdı. Sinəsində yaşayıb-yaratmaq həvəsi baş qaldırdı. Bu həmin Bilal idi ki, Qurbani irsini öyrə-nənlərə praktiki bələdçi olmuşdu. İndi tənəzzüldən çıxmağın, tərəqqiyə doğru addımlamağın vaxtı çatmışdı. Belə bir məqamda mən onunla tanış oldum. Doğrudur, Cəbrayılda ikən haqqnıda çox eşitsəm də, görməmişdim. Ailəmiz isə qeyriləri kimi, Sofu Usubu və ocağını yaxından tanıyırdılar. Bilalı da, eləcə. Mən Bakıda yaşadığımdan rayona gediş-gəlişim intensiv deyildi. Tanışlığımızı əngəlləyən səbəblərdən biri də, bəlkə, bu idi. Dirili Qurbani ilə bağlı dərin məlumatları, bu sahədə elmi araşdırıcılara istiqamətləndirici köməyi, verdiyi tövsiyələr həmişə mənimçün maraqlı olmuşdur. Bilal müəllimlə görüşmək istəmişdim. Tale isə bizi qəriblikdə qərib şəkildə görüşdürdü.
Azərbaycan Dövlət Teleradio Şirkətinin aparıcı opera-torlarından olan (əsli Qumlaqdandır) Nadir Diridağlı Cəbra-yıldan, eyni zamanda Diridağı və Qurbanidən bəhs edən veriliş hazırlamışdı. Verilişdə Sofu Bilalın çıxışı da vardı. Bu verilişin, xüsusilə Sofu Bilalın söhbətinin sorağını almışdım. Həyat və qələm dostum Məmməd Əli Bilalın qaçqın kimi Maştağadakı bağ evlərinin birində binələndiyini dedi və bizi görüşdürəcəyini vədələdi. Bir müddət sonra Məmməd Əli anasının, rəhmətlik Şüşə xalanın yas mərasimində məni elə oradaca Sofu Bilalın yanına gətirib tanış elədi. Demə, o da bu görüşün arzusunda imiş. İmzamı daim mətbuatdan izlədiyini fəxarətlə bildirdi. Dərdlərimizi, fikirlərimizi bölüşdük. Qərarlaşdıq ki, görüş davamlı olsun. Növbəti görüşlərə ən etibarlı körpü Dirili Qurbani Məclisinin yaranması, Sofu Bilalın bu məclisdə aparıcı simalardan birinə çevrilməsi oldu. Onu məclisə məclisimizin üz-vü, filoloq-şair Məmməd Əli gətirdi. Bu gəlişdən xeyli məmnun qalan Sofu Bilal növbəti toplantılara dostları Nadir və Hüseyni də gətirmişdi. Hüseyn Nərçə oğlu rəhmətə gedənə qədər (2006) bir şair kimir ardıcıl şəkildə Qurbani Məclisinin fəal üzvlərindən oldu.
Sofu Bilalın yaradıcı insanların əhatəsinə düşməsi onun duyğularını tərpətdi. Şairləşdi. Köhnə yazılarına təzədən baxdı. Ədəbi müzakirələrə qatıldı. Yaxşı, bəyənilən yazıları məclisin nəşrlərində dərc edildi. Yadımdadır ki, ilk çap etdiyimiz şeiri məhz Qumlağa həsr olunmuşdu.
QUMLAĞIN
Qaçqın düşüb ayrılanda bilmişəm,
Daş-qayası qızıl imiş Qumlağın.
Qədrini bilməyən mənim kimisi,
Türbətinə «qumluq» demiş Qumlağın.
Oğlu bəyzadəymiş, qızı xanımmış,
Diri dağı dastanlarda tanınmış.
Xan Arazım mənim axan qanımmış,
Körpüsünün tağı gümüş Qumlağın.
Ovçu Qasım öz elində ovlaya,
Dağda təkə, düzdə ceyran qovlaya.
Qurbanıtək neçə-neçə övliya,
Suyun içib, nanın yemiş Qumlağın.
Çürüdüm qürbətdə «Qumlaq!» – deyərək,
Daha tablaşmayır ələmli ürək.
İndi məclislərdə deyilsin gərək,
Son Sofusu daha ölmüş Qumlağın.
Dirili Qurbani Məclisinin almanaxı,
Poeziya – I, 2005
Bu şeir «Dirili Qurbani» qəzetində də çap olundu. Sonrakı illərdə Bilal daha maraqlı və seçilən şeirləri ilə oxucularının rəğbətini qazandı. Bu məsələdə şair Məmməd Əlinin və məclisin ədəbiyyat bölməsinin rəhbəri, istedadlı şair Sabir Şirvanın zəhmətini qeyd etməmək olmaz.
Sofu Bilaldakı süstlüyün, bədbinliyin aradan qalxmasında öz etirafına görə, Dirili Qurbani Məclisi əhəmiyyətli dərəcədə rol oynayıb.
«Dost-qardaşlar azalır,
Xəstə canım sozalır.
Bir məclis davam edir
«Dirili Qurbani»dir.
Məclisdə mən də varam,
Oxunur cızma-qaram…
…Bir az başım qarışır,
Dərd-sərimlə barışır».
Və yaxud:
Məclis mənə çox ehtiram göstərdi,
Zəif yazıma da «yaxşıdır» «verdi».
Məclis özü, məclis sözü loğmanım,
Ora getməsəydim ömür bitərdi.
«Ömür 70 – vaxtım dardı» kitabı, 2010
«Boynunda haqqı olan» hər kəsə – şeirlərinin, yazılarının çapına köməklik göstərmiş, qəzetdə dərc eləmiş, yaxud haqqında məqalə yazmış qələm dostlarına (tanıyıb-tanımamağından asılı olmayaraq) diqqətsiz qalmır, lirik əsərlərində bunu özünəməxsus formada qeyd edir, necə deyərlər, yaxşılığı unutmur:
Əli Paşa yazımı
Çap edib qəzetində.
Pulunu da almayıb
Qəzetin də.
Dirili Qurbani Məclisinin qurucularından və fəallarından olmuş, istedadlı yazıçı-publisist Sahib Abdullayev vaxtilə baş redaktoru olduğu «Xudafərin» qəzetində Sofu Bilalın bir poemasını dərc etmişdi:
Bir də Sahib Abdulla
(Köməyi olsun Allah!)
Şeirimi çap eyləyib,
Sandım kitab eyləyib.
Kamal Aslanovun çap işində maddi yardımı, şeirləri haqqnıda xoş, mənalı söz söyləməsi, münasibət bildirməsi də diqqətdən kənarda qalmayıb. Ələddin Miriyevin, Tahir Mehrəliyevin, Şirin, Vəli, Allahverdi, Xansuvar, «Xudafərin» şadlıq sarayının direktoru Səyavuş Əsgərov («Yaxşıların sərvəri» – Sofu Bilal) və başqalarının dost sayğısı, isti qayğısı şair Sofu Bilalın özündə və sözündə unudulmur, vaxtaşırı çözülür, yada salınır. Bu, onun şeirə-sənətə qiymət verənlərə xüsusi münasibətindən irəli gəlir. Axı, Sofu Bilal özü sözsevən, kitabsevəndir:
Kitab qalmadı – oxudum,
Qəlbdə məhəbbət toxudum.
«Dövlətim kitab!» – bu da onun ifadəsidir, Sofu Bilalın. Xasiyyətcə həlim təbiətli, xoşqılıq bir insan olan Bilal hamıya qarşı səmimi və mehribandır. Bunu dost-tanış misalında aydın görmək olar:
Fərəməzim, Rzam var,
Xəzinəm var, «Baza»m var.
…Bağışın qızı Qumru,
(Şəfa ver, Allah, qoru!)…
Əvəz məni çox istər,
Azarımı yox istər!
…Şirin məni istəyir,
Əfsus gəlib getməyir.
…Vəli çıxmır yadımdan,
Rəhmət olsun adımdan…
Allahın heç bir bəndəsinə pislik etməyi ağlına gətirməyən, pislikdən, həqarətdən gen gəzən Sofu Bilalın narazı qaldığı adam çətin ki, tapılsın. Elə özü də bunu deyir:
Hamısından razıyam,
Bəs nədən narazıyam?
Vətənindən, el-oba binəsindən perik düşmüş didərgin şairin istəyi vətən ola bilər. Onun istəyi də elə budur – Vətəndir!
Vətənimi ver mənə,
Nəyim var verim sənə!
Əslində Vətən – onun tanıtmasıdır. Dövlət saydığı kitabını da, kimsə ilə bölüşməsi mümkün olmayan ömrü də, insana rahatlıq gətirən yuxunu da Vətənlə dəyişməyə hazırdır:
Al götür kitabımı,
Gözümdən al xabımı.
Ömrü də verim sənə.
Vətənimi ver mənə!
Vətən sevgisi əlahiddə istəkdir, həm də təbiidir. Eyni zamanda bu, şəxsin kimliyini müəyyənləşdirir. Yurda, Torpağa, Vətənə münasibət heç də kimliyi tanıdan hər şey deyildir. Bu cəhətdən Sofunu xarakterizə edən onun digər keyfiyyətləridir ki, bunu onun əsərlərindən də duymaq olur. Ona həsr edilmiş şoxsaylı şeirlər, özü haqqında bayatları, xüsusilə, dostu M.Əlinin “Sofu Bilal elə Sofu Bilaldır!” şeiri onun kimliyini gün kimi bizə tanıdır.
İki bayatısına baxaq:
Paxıllıq bilməmişəm,
Yoxsula gülməmişəm.
Axır ki bu dünyaya
Mənasız gəlməmişəm.
Təsbehim, zikrim var,
Dilimdə «şükür»üm var.
Daim haqla olmağa
Məramım, fikrim var.
«Sarvanımın adı Haqdır», «Mənim yolum haqq yoludur» – söyləyən Sofu Bilalın yalan danışmağını eşitsəniz, təəccüblənməyin: Bilalın yalan uydurmağı Xeyirədir. Onun yalanları əsir düşmüş əsgərin düşməni azdırmaq üçün hərbi hissəsi haqqında yalan məlumat verməsinə bənzəyir:
Yalan dediyim xəstə
Dirilirdi ahəstə.
Ciddi yalanım olmaz,
Nə toyda, nə də yasda.
Çünki o mənsub olduğu ocaqdan doğruçuluq-düzlük öyrənib:
Dədəm bizə deyərdi,
Yalan böyük günahdır!
Yalan danışanların
«Məhşər»də günü ahdır!
II Bölmə
SEİRƏ DÖNƏN ŞAİR
ÖMRƏ BƏZƏK ŞEİRLƏR
Ədəbi mühitə son 6-7 ildə daxil olmasına baxmayaraq, böyük bir inam və tükənməz enerji ilə çalışan Sofu Bilal təkcə sidq ürəkdən bağlandığı Dirili Qurbani Məclisindəki qələm dostları tərəfindən deyil, yaradıcılığına və şəxsiyyətinə ehtiram bəsləyən kifayət qədər əhatəli oxucu dairəsində özünə-sözünə yer eləmiş, sevilən sənətkarlarımızdandır. Nağıl dili ilə desək, ildən-ilə yox, aydan-aya püxtələşən, inkişaf mərhələlərini birər-birər keçən şairin fəal yaradıcılıq qabiliyyəti, məhsuldarlığı ilə bərabər, keyfiyyətli məhsulu, şəxsi xarakteri də onu hər zaman digərlərindən fərqləndirir. Sofu Bilal insan kimi də fərdi üstünlüklərə malikdir. Olduqca həssas təbiətli, kövrək qəlbli, pak nəfisli, sağlam vicdanlı bir şəxsdir. Dost-tanışın, qohum-əqrabanın ömürlərindəki yaddaqalan məqamları diqqətsiz bu-raxmır. Şair ürəyi həmin anlardan duyğulanır və dostları se-vindirəcək, ömrə bəzək olacaq bir şeir parçasına çevrilir. Beləliklə, Sofu Bilalın yaradıcılığında ithaf şeirləri xüsusi yer tutur. Fəqət onların hamısının bu kitabda ayrıca təhlilini vermək fikrində deyilik, çünki ithaf şeirləri küll halında özü bir qalın kitabdır. Bununla belə, biz yeri gəldikcə, ithaf olunmuş şeir nümunələrinə müraciət etmişik. Kitabda həmçinin, Sofu Bilala ricətlər, yaradıcılığına və insani imkanlarına həsr olunmuş şeirlər də vardır ki, bunlar qələm yoldaşlarının, həyat dostlarının ona yönəlmiş qarşılıqlı müraciətlərindən doğan səmimi duyğularıdır. Əlbəttə, belə yazıların bir çoxunda Sofu ocağına, xüsusilə Sofu Usub adına bağlanan fikirlərə rast gəlməyimiz təbiidir. Axı, Sofu Usub cəmi Arazbarın-Diri dağı ətəyi obalarının, ətraf bölgələrin ünlü övliyalarından biri idi. Onun vəfatı sadə insan ölümü deyildi:
Qara yel əsib getdi,
Ələmin asıb getdi.
Dirini ağlar qoydu,
Bir Sofu Usub getdi.
(Yusif Dirili. ”Üz tutdum Diridağa”, 2006)
Sofu Usubdan sonra pərən-pərən düşmüş, doğma yurdundan didərgin salınmış yüz minlərlə insan sırasında Sofu ocağının ardıcılları da var:
Hanı maralın, dağlar,
Necədi halın, dağlar?
Elindən ayrı düşüb,
Sofu Bilalın, dağlar.
(Yenə orada)
Ayrılıq hər dərddən betərdir, deyiblər. Bir tərəfdən də Sofu Usub ocağının iki dəyərli sofusu – Sofu Rza və Sofu Fərəcin biqəfil dünyalarını dəyişməsi, bu ocağın özü demiş, «son sofusu» şair S.Bilala yalnız itki, qəm-qüssə bəxş eləmədi. Şair dərddən doğulur. Dərd Sofu Bilalı sıxa-sıxa, əzə-əzə gözəl sənətkara çevirdi. Fəqət üzdən görünən bu əlamət onu nə qədər şair kimi tanıdıb sevdirsə də, qürbət azarının arxasınca qoşa qardaş itkiləri, elin yox, evin içində təklənməyi Bilalı için-için yeməyə başladı. Adi soyuqdəymə xəstəliyi belə onu haldan salıb uzun müddət yataq xəstəsi elədi. Sonra maşın qəzasında ciddi zədə ilə aylarla özünə gəlmədi. Yenicə dirçəlməyə başla-mışdı ki, tale ona daha ağır bir zərbə vurdu: iflic olub yorğan-döşəyə düşdü: Dostlarının, el-obanın, qohum-qardaşın nigarançılığı dübarə baş qaldırdı. Gözümüz Sofunu gəzdi, dodaqlarımız Allahdan sağlıq dilədi. Lənətə gəlmiş yurd itkisi, Diridağsız çağlar olmasaydı nə vardı:
Sofu Bilal hardadı?
Xəstə düşüb, dardadı.
Diridağsız darıxır,
Könül quşu ordadı!
(Yusif Dirili. ”Diridir dərdim mənim” (bayatılar),
2011, səh 279-282)
Görünür, Bilal Tanrının sevimli bəndələrindəndir ki, vaxtaşırı sınaqlara çəkilir. Amma dözümü, səbri, dost mehri-ülfəti Sofu Bilala bu çətin sınaqlardan dəyanətlə çıxmaqda kömək edir. Çünki heç vaxt paxıllıq bilməyən, yoxsula gülməyən şair Sofu Bilal dili dualı mömin bəndədir.
Dirili Qurbani Məclisinin ədəbiyyat bölməsinin rəhbəri şair Sabir Şirvan məclisin ağsaqqalı Sofu Bilalın 70 illiyi mü-nasibətilə «Mənə qalsa» şeirində onun bu keyfiyyətinə rəğmən, həm də yurd nisgili ilə bağlı arzularını bildirir:
Dilində dua var, qəlbində iman,
Yurdun göylərindən çəkilər duman.
Çıxammaz qarşına nadürüst, yaman,
Görəmməz gözlərin nəm, mənə qalsa.
S.Şirvanın «Köhnə kişilərin yadigarı» kimi dəyər verdiyi Sofu Bilal isə bayatılarının birində özü haqqında yazır:
Pənahım Allahadır,
And yerim Vallahadır.
Sofuyam, haqq deyəndə
Ağzım müşk-ənbər dadır.
Bu onun inamı, müqəddəs yoludur. Allahın nəzəri bu yolun və bu yolla gedənlərin üstündə olur.
Sofu Bilal üçün pis adam, düşmən anlamı yoxdur. Allah hamını yaxşı niyyətlər naminə yaradıb. Ona görə də çevrəsindəki bütün insanlara özünü dost bilir. Onlara dost kimi yanaşır. Sofu Bilalın müqəddəs Sufi Ocağına mənsubluğu ilə bahəm ilahi keyfiyyətləri onu ətrafındakılara bağlayır. Bu səbəbdən Sofu Bilalın şəxsiyyəti və yaradıcılığı ilə tanışlıq, Sofu Ocağına dərin ehtiram, ona çoxlu ithaf şeirlərinin, dost məktublarının yazılmasına səbəb olub.
Məmməd Əli Xudafərinli
1. SOFU BİLALDI
Onu tanımayanlara
Sorma Sofu Bilal nəçidir, kimdir?
Nə işlə məşğuldur, neyləyir indi?
O, mənim qəlbimdə bir sarı simdir,
Sofu Bilal elə Sofu Bilaldı!
Baxma ki, ürəyi dağlıdı, qağa,
Yurduna, elinə bağlıdı, qağa.
O, Sofu Usubun oğludu, qağa,
Sofu Bilal elə Sofu Bilaldı!
Yarı həqiqətdi, yarı xəyaldı,
Təpədən dırnağa pakdı, halaldı.
Əlində ürəyi, dərvişmisaldı,
Sofu Bilal elə Sofu Bilaldı!
O haqqa tapındı, haqqı tanıdı,
Damarından axan Sofu qanıdır.
Deməyin özünü sizə tanıdır,
Sofu Bilal elə Sofu Bilaldı!
Nə onu biriylə döyüşən gördüm,
Nə bir yersiz yerə deyişən gördüm.
Çoxunu dünyada dəyişən gördüm,
Sofu Bilal elə Sofu Bilaldı!
2. DE
Sofu Bilala
Sofu Bilal, pak oğlu pak,
Ömrün barın aldımı? De!
Allah verən imanına,
Kimsə kölgə saldımı? De!
Ey qəmi sevib yarıdan,
Yarıdınmı qəm sarıdan?
Dünya adlı bu qarıdan,
Bir istəyin qaldımı? De!
Sofu Usub – bir ruh bədən,
Rza – qürbət, Fərəc – vətən.
Nigar nənə susur nədən?
Sorulası haldımı? De!
Nə əkdin ömrün bağında,
Qəm gül açdı hər tağında.
Dərd dediyin bu çağında,
Şəkərdimi, baldımı? De!
Yazıb-yaratmaqsa peşən.
Yetmişdən nə qorx, nə üşən.
İllər – ömrə bir-bir düşən,
Vergüldü, sualdımı? De!
Hüseyn Məmmədzadə
1. TA GÜLDÜRDÜN BU BAXTI
Ay Bilalım, nə vaxtdı,
Altmış beşi güdürəm.
Ta güldürdün bu baxtı,
Kefdən sütül ütürəm!
Bu illərin əlinə,
Ömrünü bəy vermisən.
Təbin dönüb gəlinə,
Gözəlini dərmisən!
O ocaq ki barısan,
O tay-bu tay tamlıdı.
O iman ki yarısan,
Sinəndə Haqq şamlıdı!
Bax gözlərin gözünə,
Seçə bilsən, seç görüm.
Oxşar varsa özünə,
Keçə bilsən, keç görüm!
Çün gələnlər səninlə,
Ömürlənən, güləndi.
Nə işin var sönənlə?
Xoşəklər töküləndi!
Yaşa, qardaş, yaşa ki,
Hüseyn sözün çaşmasın.
Gülnazınla qoşa ki,
Təklik həddin aşmasın!
2. ƏRİT ZAMAN ŞAXTASIN
Qardaşım Bilalın yubileyinə
Ay başına min xeyir,
Gör ürəyim nə deyir:
Dön dünyanın baxtına,
Ver yaraşıq vaxtına.
Saxtalığı silinsin,
Nəyi nədi, bilinsin.
Çərx təkərin haqlayaq,
Bircə anın saxlayaq.
O da olsun Bilalın,
Altmış beşlə halalın!
Xudafərin evinə,
Lütf elədin sevinə.
Bu şərəfin şahidi,
Görsün ruhu şah idi –
Yubleyində bu gecə,
Ağ keçəndə gör necə!
Qoşa altmış beşə bax,
Fərq qırxını döşə tax.
Birincidə sevginə,
İkincidə pik günə –
Qovuşmusan, qardaşım,
Qəm simsarım, dərddaşım!
Can yoldaşın Gülnazı,
Qırx illə də ən azı,
Sevindirib ad eylə,
Yüz tamından dad eylə.
Ərit zaman şaxtasın,
Hüseyn görüb toxtasın!
Bakı, noyabr 2005.
Yusif Dirili
1. SƏNƏ YARAŞMIR
Arxanı vermə yerə,
Sənə yataq yaraşmır.
Dur gedək öz evinə,
Belə otaq yaraşmır.
Açılsın qırışığın,
Üzündə var işığın.
Məclisin yaraşığı,
Sənə fəraq yaraşmır.
Hicranın boynu sınsın,
Fələyin oynu sınsın,
Tilsimin qoynu sınsın,
Bizə bu dağ yaraşmır.
Dirili Qurbanlıdan,
Dövrəsi ilanlıdan,
Sofusu imanlıdan,
Düşmək uzaq, yaraşmır.
Bəxt açıla yeriyə,
Ellər dönə geriyə,
Bəlkə qəlbin kiriyə,
Bu künc-bucaq yaraşmır.
Dur, gəlmişik yanına,
Nur yayılmış canına,
Sofu adı-sanına
Xəstəsayaq yaraşmır!
09.12.2008
2. QURBAN OLUM
Avtomobil qəzasından
yatağa düşən Sofu Bilala
Ey Diri həsrətlim,
Dirinə qurban olum.
Qurbani həsrətlisi
Pirinə qurban olum.
Yenə düşdün yatağa,
Canım sənə sadağa.
Sofu yatan otağa,
Mehrinə qurban olum.
“Qumlağım” – deyə-deyə,
Dirdağın öyə-öyə,
Sığmırsan yerə-göyə,
Sehrinə qurban olum.
Kitabların dəsbədəs,
Dörd tərəfə salıb səs.
Sofuda bu nə həvəs?
Bəhrinə qurban olum.
Soraq aldıq izinnən,
Sofu Bilal sözünnən,
Gəldik bilək özünnən,
Təhrinə qurban olum.
Qəza hara, sən hara –
Olacağa nə çara?
Yaxanı vermə sara,
Girinə qurban olum.
Qarabağdan gələndik,
Çox yerdə tənələndik,
Bakıda binələndik,
Şəhrinə qurban olum.
Sən sufilər nəslisən,
Sən sofular əslisən,
Hər kim inam bəsləsə,
Xeyrinə qurban olum.
18.10.2009
3. GƏLSİN
Özü kimi sözü-sovu da bizim üçün əziz olan ağ-saqqalımız Sofu Bilalın 70 yaşına, hər zaman öy-düyü və öyündüyü Dirili Qurbani Məclisi adından böyük sevgilərlə
70-i haqladı bir insan ömrü,
Sofular nəslinin Bilalı gəlsin!
Halallıq nişanı, paklıq əmiri,
O göylər sultanı, hilalı gəlsin.
Yenə Haqq arasın, halalı seçsin,
Səksəni haqlasın, doxsanı keçsin.
Diri bulağından ab-kövsər içsin,
Ömrü yüzə çatsın, xoş halı gəlsin!
Demirəm dünyanı tutub yaşıya,
Demirəm dünyanın dərdin daşıya,
Nə ola, ömr edə peyğəmbərsayaq,
Dirili Yusifin xəyalı gəlsin!
4. YOXDU
“Nərgiz” nəşriyyatının əməkdaşı Sofu Bilalın növbəti kitabının materiallarını yazanda gözlərinin dolduğunu söylədi: “Sofu Baba şeirində gileylənir ki, axır vaxtlar gəlib-gedənləri səngiyibdir…”
Eşitdim nigaransan,
Daha gələnin yoxdu.
Bir hovur kəlmə kəsib,
Deyib-gülənin yoxdu.
Üzülmə, aman-aman
Dost vədi olmaz yalan.
Məclisə naxış salan,
Yada salanın yoxdu?
Gürzəsiz olmaz Sofu,
Şahmarsız qalmaz Sofu,
Qahmarsız qalmaz Sofu,
Əfi ilanın yoxdu?
Yaman qarışıb başım,
Dərddən çatıqdır qaşım.
A Dirisiz yurddaşım,
Dərdin elanı yoxdu.
Tanrıya əyan olar,
Ellərə bəyan olar,
Axır ki, duyan olar,
Qeydə qalanın yoxdu.
05.10.2011
Sabir Şirvan
MƏNƏ QALSA
Dirili Qurbani Məclisinin sevilən ağsaqqalı,
əzizimiz Sofu Bilalın 70 illiyinə ehtiramla
Köhnə kişilərin yadigarısan,
Düşəmməz qəlbinə qəm, mənə qalsa.
Sevincin qoy olsun dünyalar qədər,
Əndişən, qarğaşan kəm, mənə qalsa.
Nələr çəkməmişik qoca gərdişdə,
Odur ömrümüzü didən vərdiş də.
Ən çətin məqamda, ən çətin işdə,
Taparsan bir çarə, çəm, mənə qalsa.
Dilində dua var, qəlbində iman,
Yurdun göylərindən çəkilər duman.
Çıxammaz qarşına nadürüst, yaman,
Görəmməz gözlərin nəm, mənə qalsa.
Malik Əhmədoğlu
1. BİLƏRMİŞ
Sofu Bilalla görüş gününə
Nə gözəl olurmuş dost ziyarəti,
Xəstə yatağından dura bilərmiş.
Dostuna edilən dostun hörməti,
Talanmış bir qəlbi qura bilərmiş.
Kədəri çıxarıb insan canından,
Çıxarmış kədərin imtahanından,
Qorxmayıb bu dərdin sınaqlarından,
Hər dərdin gözünü qıra bilərmiş.
Danışıb, şadlanıb, gülüb, oynayıb,
Ən gözəl gününü bu günü sayıb.
Dəli çaylar kimi coşub-çağlayıb,
Kədəri bir anda yora bilərmiş.
Yenə söhbət salıb xatirələrdən,
Acılı, şirinli keçən günlərdən,
Yaşanıb ömürdən köçən günlərdən
Özünü, sözünü sora bilərmiş.
09.10.2008
2. BİLMİSƏN
Sofu Bilal xəstələnmişdi. Yanına
getdim, ayaq üstə gördüm
Gördüm ayaq üstə səni, sevindim,
Şükür ki, bu dərdi yıxa bilmisən!
Tutaraq Simurqun ayaqlarından
Sən dərin quyudan çıxa bilmisən.
Gülüşün qayıdıb dodaqlarına,
Hərəkət gəlibdir barmaqlarına.
Dözüb taleyinin sınaqlarına,
Sevincin əlini sıxa bilmisən.
Yaman sevindirdi xoş halın məni,
Danışıb, şadlanan görəndə səni,
Üzünə örtülən o pencərəni,
Açaraq yenidən baxa bilmisən.
Sağlığa tutubdur taleyin köçün,
Bu qədər sınağa çəkildin neyçün?!
Qara buludları dağıtmaq üçün
Güc tapıb özündə çaxa bilmisən.
Malik saldı səni yenə də yada,
Sevindi o səndə olan inada,
Dostları güldürüb dərdi dünyada,
Yandırıb odlara yaxa bilmisən.
25.03.2011
3. BİLAL DAYI
Sofu Bilalın 70 illiynə
Haqq yolun tutmusan, haqq sahibisən,
Nəslinə inanır el, Bilal dayı.
Kədərli görürəm son vaxtlar səni,
Qov dərdi başından, gül, Bilal dayı.
Tanınır ocağın kəramətiylə,
El sənə bağlanır öz hörmətiylə,
Qəlbinin duyğulu səxavətiylə,
Dərdlinin dərdini böl, Bilal dayı.
Həmdəmi olmusan kömək umanın,
Qiymətin bilmisən hər ötən anın.
Qeyrətli oğlusan Usub babanın,
Oddan od törəyib bil, Bilal dayı.
Sofuluq bəxş edib Yaradan sizə,
Yazılıb bu ömür taleyinizə,
Əfini ofsunla çıxarıb üzə,
Haqqın qoruduğu əl, Bilal dayı.
Həsrətinin nişanı var üzündə,
Ayrılığın yaşı vardır gözündə,
Dərddi, qəmdi, dilə gələn sözündə
Danışıb nə desin dil, Bilal dayı?!
Köçkünlük milləti çöllərə salıb,
Nə qədər yaxşını dərd bizdən alıb,
Eldən ayrılalı sonasız qalıb
Yurd yeri adlanan göl, Bilal dayı.
Malikin qəlbində əzizdir yerin,
Sahibi olmuşuq bizlər nələrin,
Qayıda Vətəndə keçən günlərin,
Darıxıb çəmənlik, çöl, Bilal dayı.
23.05.2010
Sahib Abdullayev
YURD ÜÇÜN XƏSTƏYƏM, AY SOFU BİLAL
Qələminə rəğbət bəslədiyim, şəxsiyyətinə
hörmət etdiyim, ocağına səcdəyə getdiyim
Sofu Bilal Sofu Usub oğlunun «İlan ocağı»
kitabının təqdimatına
Düşüb duyğuların xoş tələsinə,
Bir səfər üstdəyəm, ay Sofu Bilal.
Hələ oxunmamış, dilə gəlməmiş,
Bir kövrək bəstəyəm, ay Sofu Bilal.
İndi ümidlərdir şam kimi sönən,
Cüyür balasıtək inləyən, dinən.
Yurdda daş-qayaya toxunub dönən,
Bir lətif səsdəyəm, ay Sofu Bilal.
Olub yurd həsrəti ruhuma qənim,
Çəkilmir başımdan dumanım, çənim.
Ayrı yurd-yuvam yox dünyada mənim,
Dumanda, sisdəyəm, ay Sofu Bilal.
Ünvan axtarma sən dərdi bölməyə,
Sən nələr çəkirsən, nə var bilməyə.
Səninlə birlikdə yurda dönməyə,
Yaman həvəsdəyəm, ay Sofu Bilal.
Yurdda başdaşımın səbri daralır,
Orda bir ocaq var, külü qaralır.
Niyə yurd yerləri Sofusuz qalır?
Umu-küsüdəyəm, ay Sofu Bilal.
Duymuşam Tanrıya məhəbbətini,
Görmüşəm imana sədaqətini.
Ocaqsan, əta et kəramətini,
Yurd üçün xəstəyəm, ay Sofu Bilal.
15.07.2007
Əjdər Yunus Rza
QAÇQIN TÖHMƏTİNDƏN ÇIXMAQDAN ÖTRÜ
El şairi Sofu Bilala xitabən
Qoy qısıb ömrümdən bir az saxlayım,
Qayıdıb Diriyə qalxmaqdan ötrü.
Küskün bənövşədən dəstə bağlayım,
Məlhəmtək yarama sıxmaqdan ötrü.
Qürbətdə ötüşən ilim ağrıdır,
Çadırda çürüyən elim ağrıdır,
Danışa bilməyən dilim ağrıdır,
Gücüm yox hirsimi boğmaqdan ötrü.
Nə qədər yuxuda «səfər eyləyim»,
Ayılıb yuxumu suya söyləyim?
Qanlı köynəyimi bayraq eyləyim,
Mən onu dağlara taxmaqdan ötrü.
Hazıram bərəni, yolu keçməyə,
Düz söz zəhərsə də, onu içməyə…
Çalışdım qaranı ağdan seçməyə,
Elimin gözünə baxmaqdan ötrü.
Ömrümün karvanı üzü payıza,
Əlvida bahara, əlvida yaza!
Dolmuş bulud kimi yağam Araza
Elə Vətən boyu axmaqdan ötrü.
Ay Əjdər, ayrılıq bitəcəkdimi?
Uzanan gecələr ötəcəkdimi?
Görən, qalan ömrüm yetəcəkdimi,
Qaçqın töhmətindən çıxmaqdan ötrü?
29.11. 2005
Rafiq Mirzə
1. YUBİLEYİNƏ GƏLMİŞƏM
Sofu Bilal, sənə dostum demişəm,
Bu gün sənin yubileyinə gəlmişəm.
Biz Qurbani məclisində görüşdük,
Qucaqlaşıb qardaş kimi öpüşdük,
Həsrəti də bir dost kimi bölüşdük,
Həmin gündən sənə dostum demişəm,
Sofu Bilal, yubileyinə gəlmişəm.
Diri dağın o dumanlı zirvəsin,
Çullu bulaq, Qoşa Çinar kölgəsin,
Dirili Qurbani, Pəri töhfəsin,
İncimə, səninlə yarı bölmüşəm,
Sofu Bilal, yubileyinə gəlmişəm.
Körpəlikdən Araz suyu içmişəm,
Həsrət də yemişəm, qəm də yemişəm,
Gözü yaşlı o yerlərdən köçmüşəm,
Ancaq səndən mən təsəlli görmüşəm,
Sofu Bilal, yubileyinə gəlmişəm.
Arazıma mən Xan Araz demişəm,
O yerləri vətən deyib sevmişəm,
Həsrətindən üzülmüşəm, ölmüşəm,
Neynim qardaş, bənövşəsiz gəlmişəm,
Sofu Bilal, yubileyinə gəlmişəm.
Dost görən ürəyin söylə nə qəmi,
Çözələnir yığın-yığın söz dəmi,
Könlüm hələ itirməyib qələmi,
Rafiq Mirzəni də mən gətirmişəm
Sofu Bilal, yubileyinə gəlmişəm.
29.11.2005.
2. 100 İL YAŞA
Əziz dostum, qardaşım, Sofu Yusif ocağının yadigarı, hikmətli söz sahibi, gözəl şair Sofu Bilalın 70 illik yubileyinə həsr edirəm
Yaşa ömrü aram-aram,
70 gəldi, inanmıram.
Mən heç kimi qınamıram,
Arzumdu, Bilal qardaşa
70 nədir, 100 il yaşa!
Bu gün yubileyindir, əziz qardaşım,
Fikir eyləmə ki, çox talanmısan.
Ömrü qələmə ver, əkiz qardaşım,
Pərvanə tək çox odlara yanmısan.
Tanrı verən nə yazıdır bu yazı,
Vətəninin nə qışı var, nə yazı,
Hardadı, neylədin o Xan Arazı,
Bəs indi yolunu hara salmısan?
Getdiyin cığırda Diri dağında,
Çullu bulağında, o nar bağında,
Arazın solunda, yoxsa sağında,
Zaman hara atıb, harda qalmısan?!
Vətənin müqəddəs Mazan Nənədir,
O qoşa çinarın kölgəsindədir.
Qurbani məzarı göz önündədir,
Nədən yenə xəyallara dalmısan?..
Dağlar heç olarmı dumansız, çənsiz,
Şükür ilahiyə, deyiləm sənsiz!
Ağlatma Mirzəni, bəsdi vətənsiz,
Bir gün deyərsən ki, zəfər çalmısan.
02.09.2010
Mərdan Tövbəkar
AY SOFU
Sofu Bilalın 65 illiyinə
Biz əhlibeyt aşiqiyik,
Çün bizdə var Allah xofu.
Haqqa nahaqq söyləmərik,
Xuşu əhliyik, ay Sofu.
İlahinin hikmətini,
Açılmamış sirlərini.
Ağlasığmaz qüdrətini,
Dərk eyləyirik, ay Sofu.
İman nuru qəlbimizdə,
Həmdu-səna dilimizdə.
Kağız, qələm əlimizdə
Cihad edirik, ay Sofu.
Düzük hər bir işimizdə
Düzük ki, qalmışıq düzdə?
Öz doğma Vətənimizdə,
Qaçqın-köçkünük, ay Sofu.
Dərd bürüyüb canımızı,
Soran yoxdur halımızı.
Qaşımayaq yaramızı,
Dözək, səbr edək, ay Sofu.
Sinəmizdə söz yarası,
Allahdadır tək çarası
Bu da Allahın yazısı,
Nə edə billik, ay Sofu?!
Yığdın bizi görüşünə,
Şərik etdin sevincinə,
Biz də sənin hünərinə,
Əhsən deyirik, ay Sofu.
Sənə daim üz ağlığı,
Uzun ömür, can sağlığı,
Əbədi baş ucalığı,
Hey diləyirik, ay Sofu.
Ayrılsaq da elimizdən,
Ayrılmayaq dinimizdən.
Haqq kölgəni üstümüzdən,
Etməsin əskik, ay Sofu.
29.11.2006
Pənah Göyçə
SOFU BİLAL
Dirili adlanan ulu məskəni,
O gün olsun bir də gəz, Sofu Bilal!
Yolunu gözləyən tər çiçəkləri,
Qoxla, Sofu Bilal, üz, Sofu Bilal!
Heyran eyləmirmi bütün bəşəri,
Hər sözün nəqqaşı, sözün zərgəri?!
Sən də o yollusan əzəldən bəri,
Ucal səmasına, süz, Sofu Bilal!
Safdan saf saxladın heysiyyətini,
Qazandın ellərin məhəbbətini.
Sinənə yığdığın el hikmətini,
Təzə kitablara düz, Sofu Bilal!
Özgə nur görürəm sənin üzündə;
El sevən əzizdi Tanrı gözündə.
Elin söhbətində, elin sözündə
Səndən də qalacaq iz, Sofu Bilal!
Vətən, vətən deyə çəkdikcə ahı,
Yanında hiss elə həmdərd Pənahı.
Qoy köməyin olsun şahların Şahı,
Yaşa xoşbəxt, sağlam, yüz, Sofu Bilal!
25.05.08
Mədət Əlioğlu Xudafərinli
UNUTMAQ OLARMI ELLƏR SEVƏNİ
Hər bir kitabını oxudum, şair,
Nələr yazmamısan – hər şeyə dair.
Dərya yaratmısan – hikmət dəryası,
Sözünün düzlükdür, haqdır mayası.
Gecəli-gündüzlü dəryanda üzdüm,
Nə yorulmaq bildim, nə də ki bezdim.
«Ağıl dünyası»nın içinə vardım,
Ordan özüm üçün hikmət qopardım.
Aldım şəfqət payı, aldım nur payı,
Səni var olasan görüm, ay dayı!
Doğru yol göstərdin nəsihətinlə,
Çox uca tutuldun öz hörmətinlə.
Demə, bu dünyada heçsən, hədərsən,
Sən öz elin üçün dünya qədərsən.
Yamanca sıxıbdır zəmanə səni,
Odur, qınayıram mən zəmanəni.
Dağı dağ üstündən veribdir sənə,
Nə edə bilərsən fələk deyənə?
Barış taleyinə düşən payla sən,
Arzumdur hər şeyə qalib gələsən!
Çünki yaşamağa haqqın var sənin,
Basmadın ayağın heç bir kimsənin.
Dostluqda sədaqət, etibarın var,
Həyatda hər kəsə düz ilqarın var.
Daha arxayınam, yaşayacaqsan,
Çünki sevənlərin qəlbində varsan.
Oğuldan, qızdan da vəfalı izin
Bəzəyi olacaq masanın, mizin.
Sən ellər oğlusan, ellər gərəyi,
Kəsəndə düz kəsdin o duz-çörəyi.
Odur ki, unutmaz Mədətin səni,
Unutmaq olarmı ellər sevəni?!
Firudin Şahbuzlu
1. MÜDRÜK İNSAN
Hörmətli şair, el ağsaqqalı Sofu Bilala
Şerinlə, sənətinlə, sözünlə,
Sirləri fəth eləmiş süsənsən.
Müdrik insan əməlinlə, işinlə,
Öz-özünü sevdirmisən bizə sən.
Heç uymadın nə şöhrətə, nə ada,
Uzaq olsun səndən xata, qan, qada.
Şan şöhrətin gəzir eldə, obada,
Səni hər an seviləsən, sevəsən.
Məclisimiz yaranandan üzbəri,
Adın bizim dilimizin əzbiri,
Bura yığdın Səyavuş sevənləri,
Sofu Bilal, sənə əhsən, min əhsən.
25.05.08
2. AD GÜNÜ
Sofu Bilala
Əziz bilib, doğma bilib, dost bilib,
Ürəyinin işığına yığışdıq.
Bu gün sənin sevincini tən bölüb,
Xoş gününün sorağına axışdıq.
Qardaş el-el, bölgə-bölgə dolanmış,
Şeiriyyətdə şöhrətindən nə deyim?!
Babəkimdən, Koroğlumdan güc almış
Hünərindən, qeyrətindən nə deyim?!
Ay Firudin, biz bələdik qəlbinə,
Dostlarına sadiq qaldı ha Bilal.
Yüz yaşını yaşamağın eşqinə,
70 yaşı yola saldı ta Bilal.
Kərəm Kürqıraxlı
AY SOFU BİLAL
Ustad şairimizin 70 illik yubileyinə
Aqillər içində çəkilir adın,
Gəlir təbrikinə yaxının, yadın.
Yanında acizəm səntək ustadın,
Baxırsan qarşında dayanmışam lal,
Yetmişin mübarək, ay Sofu Bilal!
Yetmişi ədəblə sən başa vurdun,
Nə ürək sındırdın, nə könül qırdın.
Ali insanlarla oturdun, durdun,
Onunçün özün də oldun əhli-hal,
Yetmişin mübarək, ay Sofu Bilal!
Xain salam almaz, həlim də versən,
Mömin kafir olmaz, zülüm də versən,
Yüz alim gətirib elm də versən,
Əsli cılız olan, olacaqdı kal,
Yetmişin mübarək, ay Sofu Bilal!
İlhamı şerdən, sözdən alırsan,
Yaratmaq eşqiylə fikrə dalırsan,
Sən cənnət quşusan, burda qalırsan,
Bununçün ürəyin çəkməsin məlal,
Yetmişin mübarək, ay Sofu Bilal!
Məddahlıq etmədin soltan, xana da,
Nifrətlər yağdırdın şöhrət-şana da.
Bu dünya dediyin viranxanada
İlan zəhər yığır, arılarsa bal,
Yetmişin mübarək, ay Sofu Bilal!
İlhamı Allahdan aldın, nə gözəl,
Meyli imamlara saldın, nə gözəl,
Əhli-beyt aşiqi oldun, nə gözəl,
Başını əymədi nə sərvət, nə var,
Yetmişin mübarək, ay Sofu Bilal!
Sənət aləmində igidimiz sənsən,
Arazımız sənsən, Kürümüz sənsən,
Ocağımız sənsən, pirimiz sənsən,
Bizə ağsaqqalsan, ağsaqqal da qal,
Yetmişin mübarək, ay Sofu Bilal!
Cəmi arzu-kamın yetişsin başa,
Bacımla ömür sür, firavan yaşa,
Kərəməm, arzumdur düz yüz il yaşa,
Elə söz eşqiylə xəyallara dal,
Yetmişin mübarək, ay Sofu Bilal!
15.07.2010
Yasin Xəlil
SUFİ – 70
Xəlq etmiş ilahi nə xeyirxah səni, Sufi,
Bu məclisə çox görməsin Allah səni, Sufi.
«Qurbaninin» illərdi ki, ağsaqqalı sənsən,
Haqq etdi bizi el bəzmə nəzərgah səni, Sufi.
Çox xəstə şəfa tapdı deyirlər ocağından,
Etmiş bizə Rəbb bəxş ümidgah səni, Sufi.
Daim bu həyatdan kam alaydın, şad olaydın,
Heç çəkməyəsən nalə, fəqan, ah səni, Sufi.
Qüdrətli Xuda yollarına nur çiləyib gah,
Qəsd ilə sınaq eylədi O gah səni, Sufi.
Sidq ilə ki sən Rəbbə könül verdin, əminəm,
Hifz eyləyər əlbəttə o dərgah səni, Sufi.
Yasin səni bir dost kimi, şair kimi sevdi,
Ömründə unutmaz dəxi billah səni, Sufi.
06.06.2010
Dərdli Cavad
1. AY SOFU BİLAL
Görəydim kaş nur tökülən üzünü,
Əlini sıxaydım, ay Sofu Bilal.
Eşidəydim şirin, şəkər sözünü,
İlhama gələydim, ay Sofu Bilal.
Allah pay verib, övliyasan özün,
Haqqın dərgahında qəbuldur sözün.
Qaytarmısan yola əllisin, yüzün,
Biri mən olaydım, ay Sofu Bilal.
Haqq özü düz qəlbi veribdir sizə,
Xoş sifətlə daim gülürsüz üzə.
Duam budur yaşın çataydı yüzə,
Üzünü görəydim, ay Sofu Bilal.
Ürəkdən vurğunam Sofu Bilala,
Körpəlikdən öyrənibdir halala.
Çatasan hörmətə cəhı-cəlala,
Səndən dərs alaydım, ay Sofu Bilal.
Bu dünyada Sofu Bilal sağ olsun,
Gəzdiyin yer gül-çiçəkli bağ olsun.
Haqqın dərgahında üzün ağ olsun,
Yanında qalaydım, ay Sofu Bilal.
Dərdli Cavad duaçıdır ömrünə,
Mənim dualarım çatsın yerinə.
İnamlıyam Sofu Bilal pirinə,
O pirdən öpəydim, ay Sofu Bilal.
2. AY BİLAL
Eşitdim yetmişi vurursan başa,
Mübarəkdir yetmiş yaşın, ay Bilal!
Bir yetmiş yaşadın, birin də yaşa,
Mübarəkdir yetmiş yaşın, ay Bilal!
Mübarək Allahın yaxşı sözıdır,
Bismillah da bir Allahın özüdür.
Nur çilənən Sofu Balal üzüdür,
Mübarəkdir yetmiş yaşın, ay Bilal!
Yetmiş il Allaha etdin ibadət,
Dilindən əksilmir heç vaxt şahədət.
Qismət oldu sənə gözəl səadət,
Mübarəkdir yetmiş yaşın, ay Bilal!
Allah olsun daim sənin dayağın,
Cənnətin bağına dəysin ayağın,
O bağı-cənnətə vardır ləyağın,
Mübarəkdir yetmiş yaşın, ay Bilal!
Cavad arzulayır sənə yüz ili,
On iki imama yalvarır dili.
Duaçın olaydı o Həzrət Əli,
Mübarəkdir yetmiş yaşın, ay Bilal!
16 sentyabr, 2010
3. AĞLATDI MƏNİ
Sofu Bilalın «Salxımın son giləsiyəm»
kitabını oxuduqdan sonra
Kitabın oxudum, ay Sofu Bilal,
Yazdığın sözlərin ağlatdı məni.
Ürək qübar etdi, mən oldum bihal,
Yazdığın sözlərin ağlatdı məni.
Allah istədiyin edir imtahan,
Sofu dönməz heç vaxt dönsə də cahan.
Allah deyər daim ürək, dil, dahan,
Yazdığın sözlərin ağlatdı məni.
Unutma şükrünü heç zaman, qardaş,
Olmarsan həyatda inşallah çaş-baş.
Ağladım səninçün, tökdüm xeyli yaş,
Yazdığın sözlərin ağlatdı məni.
Qurban olum, mən Sofunun özünə,
Qurban olum söhbətinə, sözünə.
Qurban olum dost gözləyən gözünə,
Yazdığın sözlərin ağlatdı məni.
Arzum budur səni bir gün görəydim,
Soruşaydım ərzi-halın biləydim.
Səninlə oturub deyib-güləydim,
Yazdığın sözlərin ağlatdı məni.
Cavadam, Sofunu görrəm inşallah,
Yetişsin dadına o sübhan Allah!
Dilindən düşməsin heç vaxt illəllah,
Yazdığın sözlərin ağlatdı məni.
11.01.2012
4. GƏLMİŞƏM
Salam olsun Sizə, ay Sofu Bilal,
Ocağına ziyarətə gəlmişəm.
Ürəyim təmizdir, özümsə halal,
Mən sizdəki ləyaqətə gəlmişəm.
Heç vaxt unutmadız haqq-ədaləti,
Demisiz həmişə siz həqiqəti.
Heyran eyləmisiz bütün milləti,
Mən sizdəki həqiqətə gəlmişəm.
Sofu Usub Sofu Fərəc övladı,
Allah dərgahında çəkilir adı.
Getməz damaqlardan ləzzəti, dadı,
Mən sizdəki əlamətə gəlmişəm.
Sofu Usub çox möcüzat göstərdi,
Cənnətin bağından hər güldən dərdi.
Öz udumun Sofu Bilala verdi,
Mən sizdəki kəramətə gəlmişəm.
Sofu Fərəc cənnət bağın gəzəcək,
Sofu Usub: «Ya Məhəmməd» – deyəcək!
Sofu Bilal tez salavat çəkəcək,
Mən sizdəki möcüzata gəlmişəm.
Cavadam, vurğunam pak ocağına,
O Qumlaq kəndinə, Diri dağına.
İnamla gəlmişəm mən ayağına,
Mən sizdəki məhəbbətə gəlmişəm.
5. SOFU KİTABI
İki yaşlı nəvəm Cəlal Sofu Bilalın kitabında
Sofunun şəklini öpüb dedi: – Babadı o, babadı
Yusif kitabı verdi,
Mən gətirdim kitabı.
Əlimdə kitab birdi,
Cəlal gördü kitabı.
«İ.i.i» eylədi özü,
Deyə bilmir o sözü.
Başa düşmədim düzü,
Aldı məndən kitabı.
Kitabı alıb məndən,
Baxdı öndən, arxadan.
O, başın əydi birdən,
Cəlal öpdü kitabı.
Dillənib mənə dedi:
– Babadı, o, babadı.
Cavad heyrətə gəldi,
Budur Sofu kitabı.
Elxan Xəzər
SEVİNC SƏBƏBKARI
El şairi Sofu Bilalın 70 illiyinə
Elə yaşamısan bu yetmiş ili,
Ömrünə pay düşən illər şad olur.
Dilindən acı söz çıxmayıb deyə,
Adın çəkiləndə dillər şad olur.
İşgüzar adama qış da bahardır,
Əməyə, zəhmətə hörmətin vardır.
Əlin çalışmaqdan qabar-qabardır,
Səninlə görüşən əllər şad olur.
Yazıb-yaratdığın hər yeni əsər,
Sənət dünyamızı çiçəktək bəzər.
Gül onu qoparan kəslərdən küsər,
Sənin əllərində güllər şad olur.
Həmişə yer əkib, ağac bitirən
Olubdur bu yaşda torpaq itirən!
Sənə o yerlərdən müjdə gətirən
Küləklər sevinir, yellər şad olur.
Demə, çoxdan düşüb saçlarıma dən,
Onları ağ çiçək, nur sayıram mən.
Özgə sevincinə sevindiyindən
Sənin şad günündə ellər şad olur.
Əzizə Ağahüseynqızı
SOFU BİLAL
Həsrətdən ürəyim, gör necə bişib
Qəlbimdə sevinclə-kədər görüşüb,
Nə vaxtdır ellərim didərgin düşüb,
Yaşadır qəlbində qəm, Sofu Bilal.
Bəxt mənim üzümə elə baxıb ki,
Yurd dərdi qəlbimi elə sıxıb ki,
Yeriyib canımdan başa çıxıb ki,
Düşübdü saçıma dən, Sofu Bilal.
Hacı Qaramana əyilər qəddim,
Tutub işığını səcdəyə gəldim,
Sən mənim qəlbimi elə tərpətdin,
Yazdım bu nəğməni mən, Sofu Bilal.
Molla Tahir
HÖRMƏTLİ MÖMİN QARDAŞIM SOFU BİLALA
Bismillah! – deyərək başladım sözə,
Taqət gəlsin dizə, nur gəlsin gözə.
Yazdığım məxsusdur Sofu Bilala,
Belə ağsaqqala, belə halala.
Salam olsun Sofu Bilal qardaşa,
«Sədəflərin» düzülübdür baş-başa.
Kitabını hey oxudum, doymadım,
Oxuduqca sinəm yandı, soymadım.
Təqva səndə, iman səndə, nur səndə,
Zümrüd səndə, inci səndə, dürr səndə.
Bir haldakı sən minmisən «Səməndə»,
Salacaqsan hər bir kəsi «kəməndə»
Sözlərin incidir, qiyməti çoxdur,
İmanın kamildir, şək-şübhə yoxdur.
Kəlmənin hər biri bir lələ bənzər,
Zəhmətin itməsin, getməsin hədər.
İmanıma bir iman da calandı,
İslam haqdır, qalan şeylər yalandı.
Düşmənlərin yurd-yuvası talandı,
On dörd məsum qəlbimizdə qalandı.
«Var-dövlətin» başdan aşır, maşallah,
Sən Bilalı gözdən qoru, ay Allah!
Yaz qardaşım! Yazan əllər var olsun,
Hər işində Tanrı sənə yar olsun!
Tahirəm, çox qaldım səndən razı,
Heç qəlbə yatarmı hər qara yazı?
Yerin behişt olsun, ay Sofu Bilal,
Ulu Tanrı səndən olsun razı.
Mən də bir aşiqəm, sinəm doludur,
Yolum «İslam» yolu, Əli yoludur.
Qulhu-vəllahu əhəd deyim nəhayət,
Peyğəmbərə, əhli Beytə səlavət!
Sentyabr, 2010
Məşədi İttifaq Muğanlı
SOFU BİLAL
Afərin deyirəm, ay Sofu Bilal
Kəsdiyin duz-çörək halaldır, halal!
Sənə qardaş dedim ürəkdən bərk-bərk,
Birmiş sinəmizdə döyünən ürək.
Səyavuş haqqında düşüncələrin,
Olduqca önəmli, olduqca dərin.
Xeyirxah insanlar varkən dünyada
Onlar işiqlansın, salınsın yada!
Allah yaradıbdır hər şeyi əkiz.
Biri çirkindirsə, biri tərtəmiz.
Biri kamil yaranıb, birisi gəda,
Allahın şəriki yoxdur dünyada.
Biri salamlayır sevir milləti,
Biri öz millətin sevməyir qəti.
Səyavuş xeyirxah olur dünyada,
Nə üçün bu insan düşməsin yada.
Bunları dərk edib bilməliyik biz,
Axtarıb yerini öyrənməliyiz.
Soruşub öyrənsin biri-birindən,
Düşünüb daşınaq bunu dərindən.
Afərin deyirəm, qardaşım Bilal,
Cəbrayıl çörəyi qoy olsun halal!
Qəlbindən keçəni yazıb yaratdın.
Bir kitab şəklində meydana atdın.
Təşəkkür edirəm məclis adından
Çıxmaz xeyirxahlıq kimsə yadından.
Telman Ozanyurd
1. ATA ŞƏKLİ, ANA HEYKƏLİ
Dirili Qurbani Məclisinin ağsaqqalı, istəklimiz Sofu Bilalın əlvan naxışlı
şair ömrünə itahaf edirəm
Rəssam bir anlığa
Gözünü qıyıb diqqətlə baxır…
Ağ kətan lövhə, müxtəlif rənglər.
Rəngbərəng qutularda fırçalar.
Köhnə stol üstdə qarışıq rənglər
Gülləri solmuş xaraba yurd kimi…
Rəssamın odlu ürəyi
Coşub bayaqdan bəri,
Həvəslə yaradır “şah” əsəri.
Ağ rəng qaraya qarışıb,
göy rəng sarıya.
Bir az əvvəlki kətan lövhə üzərində
Sırasız köntöy xətlər yoxa çıxıb,
Stolun üstündəki qarışıq rəngdən
Ağ kətana damcı-damcı naxış düşüb.
Budur…
Üzü təbəssümlü, gözləri inamla dolu,
Səfərdən yurduna qayıdan
məğrur ata şəkli.
Heykəltəraş bir anlığa
Gözünü qıyıb diqqətlə baxır…
Bayaqkı çəkic zərbələrindən sonra
Bir əlindəki çəkicə,
Bir də daş parçasına diqqətlə baxır.
Küt dəmir, sərt qaya parçası.
Otaq küncündəki, qaya üstündəki
Çıxıntılara sığal çəkir bir-bir.
Sanki bu çıxıntıları dəmir alətlər yox,
Heykəltəraşın ürəyi əridir.
Bir ay əvvəlki sal daşın heyrətli,
Tutqun rəngi yoxa çıxıb.
Nə vaxtdır “daş” bətnində
qalan bir arzu
Sənətkarın ürəyindən doğulub.
Budur…
Üzü təbəssümlü, gözləri inamla dolu,
Əlləri Tanrıya uzalı
daş qadın heykəli.
2. QOYMAYIN TƏKLƏNƏM
Düzəndə bir ağac, dağda bir kolam,
Əlçatmaz arzuyam, uzaq xəyalam,
Sevgi ünvanına aparan yolam
Məni qoymayın təklənəm.
Qarlı dağ kimidir bəxtimin yazı,
Əriyən bir şamdır qəlbimin közü,
Məndədir tapılmaz sözün sehr üzü
Məni qoymayın təklənəm.
Zahid Qaracallı
GETMƏZ BOŞA
Səni Cəbrayılda görmək istərəm,
Ay Sofu, bu arzum üzünə gülə.
Sənə istəyirəm xoş xəbər verəm,
Ocağın yolunu gözləyir hələ.
Möhkəm ol, həyatda heç vaxt büdrəmə,
Arxanda mənimtək dostların da var.
Fikirlər edərək, batmısan qəmə,
Bəs fikir etməkdən axı nə çıxar?!
Azardan, bezardan, qardaş, uzaq ol,
Qurbani Məclisi səni gözələyir.
Süallar vermişəm özümə min yol,
Üzərrik yandıraq, sənə göz dəyər.
Düşmənlər sevinər, qalx ayağa, qalx,
Doğma Cəbrayıla sən gedəcəksən.
Bunu sən eləməsən, ay Sofu,
Vallah dostunun qəlbini incidəcəksən.
Bir ömür yaşadın, nədir yetmiş il?
Daha yetmiş il də bir ömür yaşa.
Mən də bir möminəm, bunu yaxşı bil,
Mənim dualarım getməz heç boşa.
Şərqiyyə Süleymanlı
AY ELİMİN AĞSAQQALI
Çox çəkdim el-oba dərdin,
Bu dərdinə sinə gərdin.
Yurdu kimə verib gəldin,
Ay elimin ağsaqqalı.
Cənnət məkan elin vardı,
Burda ki, el sənə dardı.
Yurdsuz insan necə xardı,
Ay elimin ağsaqqalı.
Buta aldın öz elindən,
El düşmədi heç dilindən,
Dərd dil açdı qələmindən,
Ay elimin ağsaqqalı.
Əlin çatmaz eldən yazdın,
Yazdın canidildən yazdın,
Qələbəni sözdə çaldın,
Ay elimin ağsaqqalı.
Yurd yerini pirdi dedin,
Sofu ocağı sirdi dedin.
Diri dağın nurdu dedin,
Ay elimin ağsaqqalı.
Ay el oğlum, Sofu Bilal,
Demə eldən ayrı solar.
Zamanın sərt üzü olar,
Ay elimin ağsaqqalı.
Dərdin Şərqiyəyə tanış,
Dərd sənindi, dərdə alış,
Tut başını uca, danış,
Ay elimin ağsaqqalı.
Kifayət Salmanqızı
VAR OL, BİLAL DAYI,
SƏNİ MİN YAŞA
Dərdə yarayansan, dərdliyə yarsan,
Zirvədə bəslənən tərtəmiz qarsan,
Bir bağın qoynunda ballanan barsan.
Çörəyi halalsan, suyu halalsan,
Yaşa, ay ağsaqqal, nə yaxşı varsan.
Səsin titrəməsin, dizin əsməsin,
Sözün tükənməsin, təbin küsməsin,
Yolunu ayrılıq, hicran kəsməsin.
Sinən xəzinədir, sirli sualsan,
Var ol, Sofu Bilal, nə yaxşı varsan.
Gəzdiyin o yerlər necədir görən?!
Gün gəlsin, həsrətin sonunu gör sən.
Ulu Ziyarata bir salam ver sən-
Bir nəslin çırağı, Sofu Bilalsan,
Yaşa, ay ağsaqqal, nə yaxşı varsan.
Damət Kərimli
HAQQ ADAMI
Tanrının sevimli bəndəsi, müqəddəs Sofu ocağının sönməz çıraqlarından biri olan şair Sofu Bilalın hikmət və nəsihətlərini dinlədikdən sonra təsirlənərək qələmə aldım
Mən müqəddəs Sofu yadigarıyam,
Peyğəmbər (s) övladı, haqqın quluyam.
Mənə ilham verir Tanrı sevdası,
Qəlbimə dolubdur nuru, ziyası.
Şairlik də vermiş Xaliqim mənə,
Həqiqət olanı çəkirəm nəzmə.
Hər bir kəlamımda böyük hikmət var,
Deyirəm sizlərə qalsın yadigar:
– Kim oxusa Quran, etsə ibadət,
Tanrı sevgisini qazanar əlbət!
Niyyəti xoş olar, əməli saleh,
Əqli ilə hər kəsi eyləyər valeh.
Tutar ömrü boyu o, Haqqın yolun,
Qəlbinə yol tapmaz şeytani-məlun.
Görər işlərini Allah xətrinə,
Etdiyi yaxşılıq gəlməz dilinə.
Böyüyün-kiçiyin gözlər yolunu,
Hamı da hörmətlə qarşılar onu.
Ehtiram göstərər dosta-yoldaşa,
Daima məclisdə çəkilər başa.
Şirin söhbətləri, dürlü sözləri,
Ruha qanad verər, oxşar qəlbləri.
Nəfsini saxlayar dünya malından,
Ruzusu yetişər Haqq dərgahından.
Hər arpzu-kamına yetər həyatda,
Xoşbəxtlik timsalı olar elatda.
Şükr edər rəbbinə gündə min kərə,
Küfr işlə ömrünü verməz hədərə.
Tanrı da eşidər onu hər zaman,
Əliboş köçürməz fəqət dünyadan.
Yazar qismətinə gözəl axirət,
Yerini eyləyər əbədi cənnət.
Çün əməli-saleh olan hər insan,
Cənnəti mükafat alar Tanrıdan.
Həcər Qəbələ
YAMAN ÇAŞ-BAŞAM
Şair Sofu Bilalın 70 illiyinə
Gecə sükutuyla dayanıbdır lal,
Ay da dilimlənib, olubdu hilal.
Çox da qəm eyləmə, ay Sofu Bilal,
Qəmlə keçən günün, tez olar axşam.
Günəş gözlərinə gülsün hər bahar,
Dəyməsin çəmənə, gülə ruzigar.
Xətrin mərd yanında olsun biqərar,
Sədaqət yolunda mən də yoldaşam.
Uzundur dünyanın söz əfsanəsi,
Sarı simdə ötür kamanın səsi.
Ürək ovsunlayır sirli nəğməsi,
Mən saza vurğunam, sözə nəqqaşam.
Qəlbin toxunmasın tikana-xara,
Əhdini bağlasın gül üzlü yara.
Toxunsun əllərin ipək saçlara,
Sevda üzüyündə mən də bir qaşam.
Bilirəm, vurmusan başa yetmişi,
Həsrətlə, kədərlə anma keçmişi.
Könlümcə olmayıb dünyanın işi,
Zaman güzgüsünə çırpılan daşam.
Ölüm köynəyinin astarı, üzü,
Ömür bazarında satılır düzü.
Həcər əlli alıb, sən götür yüzü,
Bu çətin alverdə yaman çaş-başam.
Sənəm Səbayel
SOFU BİLAL
Mənəvi qardaşım Sofu Bilalın 70 illik
yubileyinə təbrik
70 yaş nədi ki, gözəl dünyada,
100 yaşından bac al, ay Sofu Bilal?!
İmamlar belinə kəmər bağlasın,
Yaradandan güc al, ay Sofu Bilal.
Kitabların olub bizlərə sovqat,
Söznən yaranıbdı külli-kainat.
Aqillər çiynində dayanır həyat,
Fələkdən də öc al, ay Sofu Bilal.
Sayılan adamsan obada, eldə,
Adın-sanın gəzir ağızda, dildə.
Yolun haqq yoludu, kitabın əldə,
Ucaldıqca ucal, ay Sofu Bilal.
Sənəm Səbayelin sovqatı sözdü,
Sənin yubileyinə söz, inci düzdü.
Söz könüllər aldı, söz dünya gəzdi,
Sözü sözdən seç al, ay Sofu Bilal.
Mürvət Qədimoğlu Həkəri
SƏNİ
Şair dostumuz Sofu Bilalın 70 illik yubileyinə
Gözəl yubileyində, bu ad günündə,
Təbrik eyləyirik ürəkdən səni!
Bütün el sevinir bu şad günündə,
Uzaq görək çəndən, çisəkdən səni.
Hədər getməyibdir çəkdiiyn əmək,
Əməlin evlərdə açıb gül-çiçək.
Sevinc güllərini hey dərən görək –
Tükənməz arzudan, diləkdən səni.
Yaratmaq ən kamil işdir dünyada,
Yazıb-yaratdıqca ruh gəldi ada.
Demək verməmisən bir ömrü bada,
Tale keçirsə də ələkdən səni…
Salıb cənnət eldən Yaradan ayrı,
Xudafərin ağlar arada – ayrı.
Cəbrayıl adında qaladan ayrı,
Uzaq gördük hər bər-bəzəkdən səni…
Çələbi yurdundan ayrı qalandan,
Sanki ayrı düşdün şəhid balandan.
Ağrı tapdın – Allah ayrı salandan –
O çöldən, çəməndən, çiçəkdən ayrı.
Ömrün 70-nə yetişdinsə də,
Gənclik eşqi-ruhu yaşayır səndə.
Beləcə cavan qal səksənində də,
Uzaq görək əsa, eynəkdən səni!
28.11.2010
Hacı Famil Saatlı
QOCALDIM DEMƏ
Rübabın kökdədir, səslənir hələ,
Sinəndə nəğmələr bəslənir hələ.
Yeni kitabların gözlənir hələ,
Yetmiş yaş nədir ki, qocaldım demə,
Hər zaman gərəksən şair, elimə.
Ordumuz əmr alıb hayqıracaqdır,
Kafir daşnakları tam qovacaqdır.
İtirilmiş torpaqlar qayıdacaqdır,
Toy-bayram gələcək Turan elimə,
Əbəs deyil, bu söz gəlib dilimə.
Gözəl günlərim durur qabaqda,
Araz sahilində, həm Diri dağda.
Cənnət məkan olan o Qarabağda,
Sən ki nikbin, müdrik, nə bilim demə,
Allahdan nidadır girib qəlbimə.
31.03.2012
Bənövşə Daşdılı
AY SOFU BİLAL
Elindən ayrılıb elsiz qalmısan,
Nisgil yaman bəddir, ay Sofu Bilal!
Quruyub göz yaşın selsiz qalmısan,
Qəriblik son həddir, ay Sofu Bilal!
Həsrət çəkməyənlər dərdi nə bilər,
Heç insan vətənsiz sevinib gülər?
Hər zaman Allahdan yurdunu dilər,
Qonşun çox namərddir, ay Sofu Bilal!
Ocağına şəfa üçün gəlirlər,
Dərdlərini daim sənlə bölürlər.
Bir Allaha səni yaxın bilirlər,
Soyun da çox mərddir, ay Sofu Bilal!
Qaçqınlıq yaman çox kövrəldib bizi,
Çöküb qəlbimizə şimalın buzu.
Cənub günəşi də isitmir düzü,
Qışımız çox sərtdir, ay Sofu Bilal!
Yaz olar yurdunda bitməz bənövşə,
Nədən arzusuna yetməz Bənövşə?!
Bu il də Laçına getməz Bənövşə,
Yolumuz bənd-bənddir, ay Sofu Bilal!
Anna Bartkutaşvili
SOFU BİLALIN ŞAİR ÜRƏYİ
Mən şairəm – bəşər ürəyiyəm!
Kədəri qayğı ilə əhatə edib, məhəbbətlə böyütməyə çalışıram: ürəyim alovlanmış, qəlbim sehrlənmiş…
Heç kim mənim dənizimdə üzən fikirlərimi anlaya bilməz, çünki dalğalar yuxarı qalxaraq, dərələr üzərində süzən buludlara çevrilir, buludlar isə – ayrılığa, vüsala, göz yaşına çevrilir.
Mən şairəm! İstəyirəm ki, qəlbimdə eşq və gözəllik aclığı heç vaxt azalmasın. Darıxa-darıxa yaşamaqdansa, sevə-sevə ölməyi üstün tuturam.
Mən tənhayam, lakin şairəm!
Dünyaya bənövşənin gözü ilə baxıram, mənim ruhumun dilini bilən bir insan belə yoxdur.
Şair olmaq – gözəllikdir.
Mənim ürəyim heç zaman sönməyəcək, daha da alovlanıb, bahara çevrilib, qəlbimin tellərini titrədəcək.
Mən şairəm! Bəxtimi, taleyimi vərəqə düzüb, xəyallarımı gah dağa, gah dənizə çırpıram.
Tahirə Məğrur
KÖNÜLLƏRDƏ YAŞA
Dirili Qurbani Məclisinə gələn yaradıcı insanlar arasında Sofu Bilal xüsusi seçilənlərdəndir. Sofu Bilala mənim xüsusi hörmətim var. Tanıyanların hər biri ona hörmət-izzətlə yanaşırlar. Bu məhəbbəti o, özü insanlara münasibətilə, mehribançılığı ilə qazanıb. Hər bir insanın öz aurası var. Qarşılaşanda hiss edirsən ki, qarşındakı insanın aurası sənə mənfi təsir edir. Tezliklə ondan uzaqlaşmaq, söhbəti kəsmək istəyirsən. Amma insanın daxili aləmi saf, təmiz olanda o insandan ayrılmaq istəmirsən. Söhbətindən doymursan. Sanki ondan güc, qüvvət, müsbət enerji alırsan. Hər sözü, söhbəti məsləhətlə dolu olan belə bir müdrik insanla eyni bir məclisdə olmaq insanın ruhunu təzələyir. Sanki quş kimi yüngülləşirsən. Sevimli Sofu Bilal da bu cür müsbət enerjili insan olduğu üçün onun barəsində düşünəndə, yazanda bir xoş rahatlıq duyuram.
Hər zaman Sofu Bilalı görəndə müdrik insanlar yadıma düşür. O, həm şair, həm də insan xarakterinin bilicisidir. Hər kəsin necəliyini danışığından anlayır.
Soyu Bilalın gözəl xüsusiyyətlərindən biri də onun in-sanlarla «öz dilində» danışmasıdır: uşaqla uşaq, böyüklə böyük kimi. Sofu Bilal haqqında çox danışmaq olar. Lakin mən ona söz kimi həmişə diri qalmasını arzulayıram. Çünki söz heç vaxt ölmür, unudulmur.
Eldən ayrı düşüb, obadan uzaq,
Cəbrayıl dərdindən sinəsi dağlı.
Vətəndə didərgin, elatdan uzaq,
Vətən həsrətindən saçlar ağardı,
Qarabağ dərdimiz əlacsız qaldı.
***
İnsanın insanlıq qiymətin verən,
Böyüyün, kiçiyin yerini bilən,
Vətən sevgisiylə gözləri gülən,
Hamıya doğmasan, ay Sofu Bilal,
Könüllərdə qalasan, ay Sofu Bilal.
III Bölmə
SOFU BİLALIN ÖMÜR-GÜN YOLDAŞINA
İTHAF OLUNMUŞ ŞEİRLƏR
MÜBARƏKDİR 60 YAŞIN
Ömür-gün yoldaşım Gülnaz xanıma
Həyatımın yarısı sən,
Eşq evimin barısı sən.
Mən qocanın qarısı sən,
Mübarəkdir 60 yaşın!
Şadlıq gördük, kədər gördük,
Doğru gördük, hədər gördük.
Bəzən də lap xətər gördük,
Mübarəkdir 60 yaşın!
Eşqinlə mən şair oldum,
İlhamımı səndən aldım.
Sənə görə «cavan» qaldım,
Mübarəkdir 60 yaşın!
60 il də bundan belə,
Yaşayasan gülə-gülə.
Gəl tələsmə son mənzilə,
Mübarəkdir 60 yaşın!
Görəcəksən yüzüncü yaz,
Göydən gəlsin belə avaz: –
«Leyli-Məcnun», «Sofu-Gülnaz»
Mübarəkdir 60 yaşın!
Sofu Bilal,
24.04.2006
TƏBRİK EDİRƏM
Əziz dayımın ömür-gün yoldaşına
Əlini ver, Gülnaz bibi,
Əlini təbrik edirəm.
Yaş üstünə yaş gətirən,
İlini təbrik edirəm.
Sevincdən tutulub şələn,
Nə işin var yadlar ilən.
Ad gününə axıb gələn,
Elini təbrik edirəm.
Sofu Usub, a ruh bədən,
Bəndə sayan olmur nədən?!
Nigara gəlinlik edən,
Gəlini təbrik edirəm.
Yazda görünüb səfalı,
Torpaq bizdən can nəf alır.
Bilalın güldən vəfalı,
Gülünü təbrik edirəm.
Məmməd Əli Xudafərinli,
24.04.2006
GÜLNAZ XANIMIN AD GÜNÜNƏ
Bir-biriylə dadlanıb,
Ömürlənir ömürlər.
Bilal-Gülnaz adlanıb,
Ürəklərə kömürlər.
Sıralanıb ay, illər,
Ötüb ömür karvanı.
Qoşa dinən o dillər,
Məhəbbətin sarvanı!
Könüllərin işığı –
Çil-çırağı duyğudan!
Yox yuxarı, aşağı,
Yek aləmi sayğıdan!
Bilal adlı kainat,
Gülnazıyla nurlanır.
Ad günündə neçə qat,
Yar şəfəqi gurlanır!
Arzuların selindən,
Can sağlığı götürdüm.
Sözü Qumlaq elindən–
Səbri Haqdan gətirdim!
Mübarəkdir ad günün,
Olmasın fəryad günün!
Qardaşın Hüseyn Məmmədzadə,
24.04.2006.
GÜLNAZ XANIMA
Mənə qaynatam dedin,
Bilal baxdı sevindi.
Cadar-cadar torpağa
Sular axdı sevindi.
Dama-dama göl olar,
Adam-adam el olar.
Yağa-yağa sel olar,
Şimşək çaxdı sevindi.
Tutdun Sofu elini,
Baldan şirin dilini.
Adaşımın gəlini,
Qəmi yaxdı, sevindi.
Sofusunun çiçəyi,
Dar gününün gərəyi,
Yıxılanda dirəyi,
Yerdən qalxdı, sevindi.
Diridağadı üzü,
Sevir gerçəyi, düzü.
Kimsədə yoxdu gözü,
Gözü toxdu, sevindi.
Yusif, yaz ki bu yazı,
Xatirədir, ən azı.
Elin oğulu, qızı,
Allah haqdı, sevindi!
Yusif Dirili
IV Bölmə
ELM VƏ SƏNƏT ADAMLARI
SOFU BİLAL HAQQINDA
NUH TUFANI, QURBANİ VƏ MÜASİRİM BİLAL
«Sofü Usub» deyirdilər, orta boylu, sarışın bir kişi idi. Uşaq idik, amma əllərinə çox diqqətlə baxa bilmişdim. Əlləri çapıq-çapıq idi. Deyirdilər hamısı ilan dişlərinin yeridir.
Usub kişinin bir eşşəyi vardı. Qatardı qabağına, belində xur-cun. Kənd yeri idi: hər tərəf çal-çəpər, kol-kos. Ev tikmək istəyənlər Diri dağından maşınla iri kəpir daş daşıtdırıb gətirər, tökərdilər həyətlrinə. Bəzən tikmək üçün imkan olmadığından illərlə o daş qalağı həyətdə qalar, üstünü, böyür-başını ot-əncər, kol-kos örtərdi. Uşaq da olsaq, bilirdik ki, o daş qalağının altı ilan yuvasıdır. İlan-çayan üçün ən etibarlı yerdir. Hərdən sürü-şüb qalağın altında gözdən itərkən üşənərdik. Xüsusən gecələr daha qorxulu olur, ay işığında hər ağac budağının, hər kolun kölgəsi ilan kimi görünür. Həyətdə ilan görünəndə Sofu Usub dada çatardı. Qalağın altından ilanı səsləyib üfürüb çağırar, çı-xarardı. Torbası ilanla dolu olardı. Sofu kişi daim xalqın xidmə-tində idi. Hansı həyətə çağırsalar, orada görünərdi. Camaat da undan, dəndən kömək edərdi.
Vaxt gəldi keçdi, böyüdük, sofunun oğlu Fərəclə şagird yol-daşı olduq. Sonralar yurdumuzun keçmişini öyrənməyə çalış-dığımız vaxtlarda da Sofunun övladları köməyimizə gəldi.
1983-cü ilin baharında anamı yoxlamaq üçün kəndə gedər-kən Diri dağına çıxmalı, Qurbaninin məzarını ziyarət etməli ol-dum. Kitabları vərəqlədim, gördüm ki, Qurbani haqqında çox az yazılıb, heç məzarının da yeri düzgün göstərilmir. Qurbaninin Cənubi Azərbaycanın Dirili kəndindən olduğu güman edilir. Əsərləri çox az toplanıb. Amma burada – Diri dağının ətraf kəndlərində, Arazqırağı Xələflidə, balaca Xudafərin kəndində, Qumlaqda və b. kəndlərdə yaşlı adamlar Qurbanini əzbər bilir.
Beləliklə, allaha pənah deyib, Qurbaninin əsərlərini topla-mağa, şairin tərcümeyi-hal faktlarını araşdırmağa başladım. Cəbrayılın dağ kəndərini, Dağ Xələflini də gəzib qocaları danış-dırdım. Xudafərin kəndinin qoca və yaşlı qadınlarını danışdı-rdım. Xeyli qoşma, gəraylı, bayatı toplaya bildim. Amma de-dilər ki, bu sahədə Bilal adlı bir oğlan var, onu görmək lazımdır.
– Bilal kimdir? – soruşdum.
– Sofu Usubun oğludur, – dedilər
Dedim olar. Bu nəsil xalq adamıdır, həmişə xalqa köməyi dəyib. Odur ki sifariş göndərdim, səhəri günü Bilal qapımızı açıb içəri girdi. Xoşsifət, yaraşıqlı, hafizəli bir gənc. Bu günlər-də əzizim və beşillik tələbə yoldaşım mərhum professor Mürsəl Həkimovun anım gecəsində o məclisdə olduğunu bilib, xoşhal-lıqla yaxınlaşıb görüşdüm, əllərini sıxdım. Zəmanə o cavan oğlanı da pirani qocaya döndərib. Hiss elədim ki, məni gördükdə kövrəldi.
O zamanlar Bilal mənə Qurbani haqqında xeyli məlumat verdi, Qurbaninin çap olunmamış bir sıra şeirlərini, yeni bənd-lərini, misralarını ala bildim. Bilalın sinəsi sözlə dolu idi. Tək Qurbani yox, aşıq şerimizin, folklorumuzun gözəl bilicisi idi. Amma Qurbaniyə məhəbbəti misilsiz idi.
– Nədən bu qədər vurğunusan Qurbaninin? Kəndçinizdir, ona görəmi? – deyə soruşdum.
– Yox, təkcə ona görə yox.
– Ayrı nə səbəb var?
Bilal danışdı. İnamla danışdı. Sofu Usub nəslinin Qurbani törəmələrindən, Qurbani nəslindən olduğunu söylədi. Həqiqət-də, bu da mənim üçün möcüzə kimi bir xəbər oldu.
Bilal Qurbani ilə kifayətlənmədi. Diri dağı ilanlarının Nax-çıvanın İlandağ ilanları ilə həftələrlə davam edən döyüşündən danışdı. Bilal Nuh daşqınına keçdi, o vaxta qədər eşitmədiyim sunami sözünü ilk dəfə bu kəndçi oğlundan eşitdim.
Bilal danışdı ki, ilin bahar vaxtı imiş. İnsanlar dağın sinə-sində əkin-biçinlə məşğul imişlər. Mazan nənə bax bu Qurbani bulağının, nənənin bax bu məzarının yaxınlığındakı bu yasta-nada – evlərinin həyətində çörək bişirirmiş. Nəvəsi Mazan oğlan yanında oynayırmış. Qəfil Nuh tufanı başlayır. Qoca qadın özünün xilas ola bilməyəcəyini hiss edərək, nəvəsi Mazan oğ-lanın Diri dağının zirvəsindəkiı Dik daşın üstünə çıxmasını məs-ləhət görür. Mazan oğlan elə də edir. Az vaxtda daşqın ətrafı alır ağzına. Su Dik daşın sinəsinə qədər qalxır, lakin üstünü örtə bilmir. Oğlan su çəkilənə qədər daşın üsitündə qalır. Bu zaman Nuhun gəmisi Diri dağına yaxınlaşır. Nuh peyğəmbər Dik daşın üstündə diri adam – uşaq görüb təəccüb edir, bu dağı Diri dağı adlandırır. Su çəkilir, oğlan böyüyür, Nuh baba öz qızlarından birini – Sənəmi ona verib, Mazan oğlanı evləndirir. Mazan oğlan öz yurdundan ayrılmır. Əsrlər, minilliklər keçir. Mazan oğlanın nəslindən Qurbani dünyaya gəlir. Bir tərəfdə də Mazan nənənin çörək taxtası, oxlovu, ocaq daşları təbiətin əli ilə daşa dönür, əbədiləşir.
Bilal bunları nəzmə çəkərək maraqlı bir poema da yazmışdır. Poemadan bir parçanı hələ 1996-cı ildə «Qurbani və poetikası» kitabıma daxil etmişəm:
Möhtəşəm bir qaya vardır Diri dağın zirvəsində,
O zirvədə qartallardı ucalığın zirvəsində.
Bu, Dik daşdır, vüqarı var, bir igidi xatırladar…
Diri dağ ətrafı qalın meşəlik,
Meşədə heyvanlar, qayada kəklik.
Meşəlik, qayalıq arasında kənd,
Keçilməz qayalar bu kəndə bir bənd.
Burda göy otlaqlar, dumduru sular,
Burda meyvələrdən sanki bal damar.
İlin gümrah vaxtı bahar ayıdır,
İşə sübhdən gedən gecə qayıdır.
Nuhun dövrü imiş bu vaxt, bu dövran,
Fəlakət baş vermiş, qırılmış insan.
Nuh tufanı adlı tufan başlamış,
Sular ərşə qalxıb dağları aşmış…
Mən Bilalın dediklərindən həm «Qurbani» kitabımda, həm də «Qurbani və poetikası» monoqrafiyamda istifadə etmişəm. Bilalın gəncliyini minnətdarlıqla xatırlayır, onu indiki pirani qocalığında təbrik edir və ona uzun ömür arzulayıram.
Qəzənfər KAZIMOV
Professor
14.11.2011
AKADEMİKLƏ DİRİ DAĞINDA GÖRÜŞ
Akademik Teymur Bünyadov Azərbaycanın etnoqrafiiya tarixinə dair material toplayarkən saz və aşıq sənəti ilə bağlı Dirili Qurbaninin doğulub boya-başa çatdığı və dəfn olunduğu Cəbrayıl rayonu ərazisindəki Diri kəndinə, eləcə də aşığın uyuduğu Diri dağlarının zirvəsinə getmiş, qəbrini ziyarət etmişdir. O, Qurbani ilə bağlı ilk məlumatı Qumlaq kəndində mədəniyyət işçisi Bilal Rzayevdən (Sofu Bilal) almışdır. Alim «Əsrlərdən gələn səslər» («Yazıçı», 1974, səh. 52-54) kitabında həmin görüşü belə təsvir edib:
«1971-ci ilin isti iyul ayı, Arazın sol sahili, qədim Qumlaq kəndi. Nəzərlərimiz kəndin ətəyində sakit-sakit uyuyan Xudafərin körpüsündə düyünlənib qalmışdı. Qarşı-qarşıya vüqarla dayanan, bir-birinə zirvədən boylanan dağların ətəyi bu möhtəşəm abidənin önündə görüşür. Ayaqlarının zərbini sal qayalarda bərkidən qulac qollarını bir-birinə keçirib, sinəsində minillik geniş el yolu salan ulu körpülərə Araz elə bil ana laylası çalır. Qulağıma bələdçimiz Bilalın məlahətli səsi gəlir:
Sallana-sallana gələn Salatın,
Gəl elə sallanma, göz dəyər sənə.
Al-yaşıl geyinib durma qarşımda,
Yayın bədnəzərdən, göz dəyər sənə.
Dostum səsini bir az da zilə çəkib ikinci bəndini oxudu. Mən sonuncu bəndi:
Qurbani der, heç kəs yarın öyməsin,
Düymələ yaxanın çarpaz düyməsin,
Dəstələ, zülflərin yerə dəyməsin,
Yollar qübarlanar, toz dəyər sənə.
– əzbər söyləyəndə Bilalın gözləri güldü. Onun Qurbanidən oxuması mənə ləzzət vermişdi. Axı o, haradan bilirdi ki, mən Qurbani şeirlərinin pərəstişkarıyam?! Qumlaqdan ayrılmaq məqamında Bilal bizə müraciətlə: «Əziz qonaqlarımız, gəldiniz, yaralarımızı təzələyib getdiniz. Gələnlərin hamısı körpülərə baxır, tez-tələsik qayıdıb gedirlər, – dedi – Qurbani də qalıb əlçatmaz, yolgetməz Dirilidə (Oxu: Diridə, Diridağın zirvəsində – Y.D.).
Qurbani yurduna gəlmisiniz, ancaq onun qəbrini ziyarət etmirsiniz. Bir də ya qismət, kim ölə, kim qala!»
Düzü, qulaqlarıma inanmadım. Mən kitablarda Qurbaninin İran Azərbaycanından olduğunu oxumuşdum. Bilalın sözləri bizi yolumuzdan saxladı. Gecə onlarda qaldıq. Səhər o başdan sıldırım qayalar və sıx qaratikan kollarının arasından keçən cığırla Dirili (Diri – Y.D.) dağının zirvəsinə, Qurbaninin məzarı üstə gəldik. Dağın zirvəsində düzbucaqlı, adi daşdan hörülmüş geniş ziyarətgahın qarşısında dayanıb ehtiramla baş əydik. Yerli camaatın deməsinə görə, bu abidə XVI əsrin əvvəllərində yaşayan ölməz Qurbaninin qəbridir. «Qurbani» dastanında təsvir edilən Dirili kəndinin xarabalıqları Mazan Nənə piri, Qoşa çinarlar da, bulaq da gözümüzün qabağındadır. Elə bil heç nəyə əl dəyməmiş, heç nəyə toxunulmamışdır. Sanki Qurbani qalxıb bu şairanə təbiətdən ilhamlanır, bizi səmimiyyətə, müqəddəs sevgiyə, saf məhəbbətə səsləyir. «Qurbani» dastanının Diri versiyası bu baxımdan olduqca maraqlıdır.
Guya Şah Abbas son dövr (tədqiqatlarda onun Şah Abbas deyil, Şah İsmayıl olduğu göstərilir – Y.D.) Qurbaninin dərdindən hali olur və ona bildirir ki, get Mazan Nənəyə sevgilin Pərini oraya gətirib sənə verəcəklər. Qurbani Mazan Nənədə bir müddət gözlədikdən sonra görür ki, Pəri xanım Diri dağa bir dəstə atlı ilə gəlir. Qurbani qənşərə çıxıb, gələnləri qarşılamaq istədikdə onu ilan vurur. Qurbani su içmək istəyir və sazını Mazan Nənə pirində qoyur. Atlılar sazı görür və belə güman edirlər ki, Qurbani gələcək. Pərini orada qoyub qayıdırlar. Qurbani gəlmir. Pəri xanım dolanıb görür ki, o, çayın kənarında ölüb. Dəhşətə gələn Pəri xanım bu möhnətə dözmür, ürəyi partlayır. El yığılıb Mazan Nənə pirində iki qəbir qazır. Bu sevgililərin hərəsini birində dəfn eləyir.
Qurbaninin məhəbbət şeirlərindən söhbət açarkən akademik Həmid Araslının aşağıdakı sətirləri yada düşür: «Aşığın tərənnüm etdiyi gözəl öz təravətini bağların ətrindən, çiçəklərin qoxusundan, duruşunu ceyrandan, baxışını durnadan, yerişini kəklikdən, vüqarını isə başı buludlara yüksələn dağlardan almışdır. Yanaqları bahar laləsi kimi qırmızı, zülfü siyah, əndamı qar kimi ağ olan, süsən kimi zərif, lakin ürəyi, qəlbi dərya kimi təlatümdə çalxalanan bu gözəli aşıq dünyanın bütün nemətlərindən yüksək tutur». Onun şeirlərini, xüsusilə «Bənövşə»ni əzbər bilməyən tapılarmı?!
Başına döndüyüm, ay qəşəng pəri,
Adətdi, dərərlər yaz bənövşəni.
Ağ, nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altına düz bənövşəni.
Mövlam səni xoş cəmala yetirmiş,
Səni görən aşıq əqlin itirmiş.
Mələklərmi dərib göydən gətirmiş,
Heyif ki dəriblər az bənövşəni.
Qurbani der, könlüm bundan sayrıdır,
Nə etmişəm, yarım məndən ayrıdır?
Ayrılıqmı çəkib, boynu əyridir,
Heç yerdə görmədim düz bənövşəni.
Şeir, sənət dünyamızın nəhənglərindən biri olan Füzulinin həmyaşıdı, XVI əsr aşıq sənətimizin əlçatmaz zirvəsi, ustad Qurbani insanları, ana təbiəti, doğma yurdu eyni hərarət və səmimiyyətlə sevmiş, tərənnüm etmişdir».
SOFU OCAĞININ “SONUNCU MOGIKANI”
Sofu Bilal. Bu ad çəkiləndə həmişə uşaqlıq illərim yadıma düşür. Xəyalım önünə qayğısız dəcəl uşaqlıq və yeniyetməlik illərində qəflətən həyət və məhəllələrdə peyda olan ortaboylu, nurani sifət, eşmə bığlı bir kişi gəlir. O vaxt biz bu kişiyə və onun əlindəki, bizim fikrimizcə, möcüzələrlə dolu olan torbaya böyük maraq, qorxu və həyəcanla baxardıq. Çünki bu torpadakı müxtəlif rəngli, al-əlvan, tez-tez haça dillərini çıxararaq sahibinin “dil çal, ay Allahın heyvanı, dil çal” əmrinə itaət edərək dil çalan ilanları ram edən bu nurani kişi, sözün həqiqi mənasında, bizim nəzərimizdə ən qorxmaz, cəsarətli və dəyanətli adam idi…
Adamların qorxusunu götürən, “həyətimizdə ilan var, narahat oluruq, yata bilmirik” – deyə gileylənən insanları ar-xayın salan bu kişinin adı Sofu Usub idi. Sonralar ali məktəbi bitirib rayona qayıtdım, müəllim işlədim. Tarix-diyarşünaslıq muzeyində işə girəndən sonra hərdən-hərdən Xudafərin kənd kitabxanasının müdiri Bilal Rzayevlə görüşürdüm. Sonralar öyrəndim ki, o Sofu Usubun oğludur. O da eynən atası kimi ortaboylu, nurani sifət bir kişidir. Yavaş-yavaş mən bu adamla yaxından tanış olurdum. Ancaq orasını deyim ki, Bilal çox məlumatlı idi. Əvvəllər fikirləşirdim ki, yəqin kitabxanadakı kitabların hamısını oxuyur, ona görə də belə savadlı və məlumatlıdır.
O vaxtlar mən Dirili Qurbaninin yaradıcılığı ilə maraqlanır, bu böyük sənətkarla bağlı ilk məqalələrimi yazırdım. Sonralar o, özü mənə yaxınlaşdı və Qurbani haqqında çoxlu məlumatları olduğunu dedi. Onunla söhbətlərimdə Qurbaninin həyatı ilə bağlı bəzi məqamları öyrənə bildim. Sofu Bilal mənə söylədi ki, biz özümüz də Qurbaninin nəslindənik. Qurbani həyatının müxtəlif illərini Şah İsmayıl Xətainin sarayında, Türkiyədə-qürbətdə keçirsə də, XV əsrin sonlarında Diri dağının ətəyindəki Diri kəndində doğulmuş, XVI əsrin əvvəllərində də elə bu kənddə dünyasını dəyişmişdir. Qəbri də Diridağında, Arazın sol sahilində yerləşən St.Xələfli kəndi yaxınlığında sevgilisi Pəri ilə yanaşı artıq ocağa-ziyarətə çevrilmiş dairəvi bir daş qalağı içərisindıdir. Diri dağı müxtəlif zəhərli ilanların yaşadığı bir məkan olduğundan Qurbanini ilan çalıb öldürmüşdür. Haqq aşığı olan müqəddəs bir insanın ilan vurması nəticəsində faciəli ölümündən sonra o yerlərin əhalisi öz doğma kəndlərindən küskünləşib dağlardan bir az aşağıya enmiş və Arazın sağ sahilində münasib düzənlik bir yerdə məskunlaşmış bu kəndin adını Dirili qoymuşlar. Deməli, Diri kəndinin əhalisi köçdükləri və məskunlaşdıqları yerin – başqa sözlə, kəndin adını Dirili adlandırmışlar. Sofu Bilal deyirdi ki, bu kəndin əhalisi müəyyən bir müddət burada yaşadıqdan sonra yenidən Arazın sol sahilindəki kəndə qayıdırlar. Bizim ata-babalarımız da o kəndin o vaxt qayıdan nəsillərindən idi ki, Qurbani də o nəslin bir nümayəndəsi idi.
İş elə gətirdi ki, mən uzun illərdən sonra Dirili Qurbaninin həmyerlisi və mənəvi varisi hesab elədiyim Yusif Dirilinin rəhbərliyi ilə yaradılmış Dirili Qurbani Məclislərində Sofu Bilalla görüşdüm.
Cəbrayılda kitabxana müdiri Bilal Rzayev kimi tanıdığım cavan, qarayanız oğlan indi ahıllaşmış ağsaqqal bir insan – Sofu Bilal idi. Burdakı söhbətlərimizdə Bilal kişi söyləyirdi ki, indi mən Sofu ocağının sonuncu mogikanıyam. Sofu Usub ocağından qalan yeganə insanam.
Ancaq orasını deyim ki, Sofu Bilal müqəddəs bir insan olduğu qədər də gözəl, səmimi, zarafatcıl, daim xeyirxahlıqla məşğul olan, insanlara əlindən gələn yaxşılıqları göstərməyə hazır olan bir insandır. Elə ona görə də Qurbani Məclisinin ən çox sevilən və hörmət bəslənilən bir üzvü, başqa sözlə, məclisin ağsaqqalıdır. Biz Yusif Dirili ilə həmişə Qurbani Məclisini apararkən ilk öncə Sofu Bilala söz verir, ondan məclisimizin növbəti işi üçün bir ağsaqqal xeyir-duası alır, sonra isə məclisimizə başlayırıq.
Təəssüf ki, son vaxtlar səhhətində yaranan müəyyən problemlər onun dostlarını məyus etdi. Ancaq ulu Tanrıya şükürlər edirik ki, dostumuz, ağsaqqalımız yenə də öz doğma ocağına qayıtdı. Mən ulu Tanrıdan ona cansağlığı diləyir, ömrünün müəyyən bir payını çox sevdiyi Diri dağında keçirməyi arzulayıram. Bu həm də müqəddəs torpaqlarımıza qayıdış arzularıdır…
Tariyel Abbaslı
Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Dirili Qurbani Məclisinin aparıcısı və elm
bölməsinin rəhbəri
SOFU USUB MƏNDƏ SÜRÜNƏN HEYVANLARA,
İLANLARA MARAQ YARADAN İNSAN OLUB
Cəbrayıl rayonunun Xələfli kəndi Xələf dağı və Gördubaba dağının arasında yerləşir. Kəndin yerləşdiyi ərazinin adı həm də Həreylan adlandırılırdı. Həreylan sözü «Hər yer ilan» sözlərinin şəkil dəyişməsindən yaranmışdır. Xələfli kəndi ilan növləri ilə çox zəngin idi. Tədqiqat zamanı Azərbaycanın ərazisində rast gəlinən 30 növ ilandan 15-ni Cəbrayıl rayonunun Xələfli kəndinin ərazisində olduğunu müəyyən etmişik.
Xələf dağı və Gordubaba dağının Güney tərəfi bu ilanlar üçün əlverişli sığınacaq yeri olduğu üçün, həm də isti olduğundan burada ilanlara tez-tez rast gəlinirdi. Köhnə İbrahimli məhəlləsi Güney ərazidə yerləşdiyinə görə zəhərsiz və zəhərli ilanlar çağrılmamış qonaq kimi bəzən onların yaşadığı evlərə gələrdilər. İlanlar evlərin küləşdən düzəldilmiş çardaqlarının, tövlələrinin carcılarının arasında yuva quran sərçələrin balalarını, siçan və siçovulları yemək üçün gəlirdilər. Bu ilanları gördükdə valideynlərimizlə bərabər, biz də çox böyük qorxu hissi keçirərdik. İlanlar yaz, yay və payız aylarında evlərdə tez-tez müşahidə edilirdi. Belə hallarda da bizim xilaskarımız ilan ovsunçuları olardı. Evə daxil olan ilanı çox vaxt öldürməzdilər. Ağsaqqallarımız və ağbirçəklərimiz deyərdilər ki, ocaq ilanıdır, onu öldürmək olmaz. Səbrli olmaq lazımdır ki, o, özü evdən çıxıb getsin.
Bizim evə ilanlar tez-tez pənah gətirərdilər. Atam Bəylər Həziyev belə hallarda Qumlaq kəndində yaşayan Sofu Usub kişini gətirərdi. Yadımdadır, 1958-ci ilin yay ayı idi. İri bir gürzə (elmi adı Zevant iri gürzəsi) bizim evin küləsdən olan çardağının altına daxil olmuşdu. Gürzə orada sərçənin balalarını yeyirdi. Sərçələr kütləvi şəkildə səs-küy salaraq balalarını xilas etməyə cəhd göstərirdilər. Gürzə isə balaları bir-bir udmaqda davam edirdi. Biz çox böyük vahimə və təlaş hissi keçirirdik. Atam demişdi ki, evə daxil olmayaq. O, gedib Qumlaq kəndindən Sofu Usubu gətirdi. Sofu Usub gəlib evi nəzərdən keçirdi. İlan istədiyi qədər sərçə balalarını yeyib gizlənmişdi. O, ilanı gizləndiyi yerdən çıxarmaq üçün ovsun (əfsun) duası oxu-mağa başladı. İlan, təxminən bir saatdan sonra gizləndiyi yerdən çıxdı və yerə düşdü. Sofu Usub ilanın ətrafına əlindəki ağacla çevrə çəkdi. İlan çevrənin ortasında qıvrılaraq sakit bir halda dayanmışdı. Sofu Usub ilanı tutdu və torbasına qoydu. Usub kişinin zəhərli gürzəni ovsunlayaraq tutması onu bizim ailənin gözündə nağıllarımızda suyun qarşısını kəsib insanları susuzluğa düçar edən əjdahanı öldürərək suyun qarşısını açan və susuz qalan insanlara su verəmklə onlara həyat bəxş edən yenilməz bir qəhrəman kimi ucaltdı.
Atam ona minnətdarlığını bildirdi. Anam Dilbər, bacılarım Gülüstan, Süsənbər, Sima və qardaşım Əyyub sanki bizi bu Zevant iri gürzəsindən xilas edən Usub kişiyə minnətdarlıq hissini ifadə etməyə söz tapmaqda çətinlik çəkirdilər. Anam hamımızın əvəzindən Usub kişiyə dərin təşəkkürünü bildirdi. Sonra Usub kişi bizə öz məsləhətlərini verdi və anama dedi ki, bir az duz, bir qab da su gətirsin. O, suyun və duzun üzərinə dua oxudu. Həmin suyu və duzu evin içinə, ətrafına səpməyi anama tapşırdı. İlanın çalmaması üçün biz uşaqların üzünə dua da oxudu. Sonra atam Usub kişini yola saldı.
O gündən Usub kişi ailəmizin daimi dostuna çevrildi. O, həmişə Xələfliyə gələndə bizim evin əziz qonağı olardı. Xələfli kəndinin bütün sakinləri Usub kişini çox sevirdi. Sofu Usubu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər rayonlara da tez-tez çağrardılar ki, adamları evə daxil olan ilanlardan xilas etsin. Bu nurani və pirani xilaskar bizim xatirəmizdə daim yaşayacaqdır. Allah ona rəhmət eləsin!
Qeyd edim ki, hələ Xələfli səkkiz illik və Cəbrayıl şəhə-rindəki M.Qorki adına (indiki akademik Mehdi Mehdizadə adına) orta məktəbdə təhsil alarkən məndə biologiya elminə çox böyük maraq vardı. Ancaq məndə bu elmə maraq yaradan bir tərəfdən kəndimizin yerləşdiyi zəngin bitki və heyvanat aləmi, digər tərəfdən isə kimya, biologiya fənlərini tədris edən unudulmaz müəllimlərim olmuşlar: Əli müəllim, Telman müəllim, Əminə müəllimə, Firuzə müəllimə.
Sürünən heyvanlara marağımın yaranmasında isə ilan növləri ilə zəngin olan Xələfli kəndinin faunası, bir də Sofu Usubun ilanlara olan münasibəti, bu sahədə onun əhalini maarifləndirmə işi səbəb olmuşdur.
Bu, sonrakı elmi fəaliyyətimə də təsirsiz ötüşmədi. Sürünən heyvanlara marağım məni Elmlər Akademiyasının aspiranturasına gətirib çıxardı. Beləliklə, 1978-ci ildə Azər-baycan Elmlər Akademiyası Zoologiya İnstitutunun əyani yolla aspiranturasına daxil oldum. 1992-ci ilə uğurla dissertasiya müdafiə edərək alimlik dərəcəsi aldım. 1992-1994-cü illərdə Xətai rayonunun 287 saylı «Gələcək Zəkalar», 1994-2004-cü illər ərzində kimya-biologiya təmayüllü Respublika liseyində, 2004-2006-cı illərdə isə Heydər Əliyev adına liseydə biologiya müəllimi işlədim. 2006-cı ildən bu günə qədər isə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda Herpetologiya laboratoriyasının müdiri vəzifəsində çalışıram. İşlədiyim laboratoriya suda-quruda yaşayan və sürünən heyvanların tədqiqatı ilə məşğuldur.
Sahib Əhmədov,
Biologiya elmləri üzrə
fəlsəfə doktoru, dosent
SOFU ZİYARƏTGAHLARI
Yazıçı-publisist Əlisahib Əroğulun «Cəbrayıl ziyarətgahları» («Təknur», 2009, səh. 28-31) adlı toponomik kitabında Sofu nəslinə ocaqlıq verilmiş Mazan Nənə piri və «İlan ocağı» haqqında maraqlı məlumatlar vardır. Hər iki məlumat müəllifə Sofu Usub oğlu Sofu Bilal tərəfindən təqdim olunub.
«Mazan Nənə ocağı – Diri dağının ən uca zirvəsinin gündoğan yamacında yerləşir. Ölçüsü 3m x 2,5 x 0,7m olan daş hasar içində dairəvi hörgülü qəbirdən ibarətdir. Qəbirin Mazan Nənəyə məxsus olduğu söylənilir. Mazan sözünün açması bizim üçün qeyri-müəyyəndir. Nənə isə qədim türk tayfalarında Allahlar anasına verilən addır. Tarixçilər tərəfindən Mazan Nənə ocağı sonralar İslam dininə uyğunlaşdırılmış ziyarətgaha çevrilsə də, anaxaqanlıq dövrünün yadigarı kimi qiymətləndirilir. Məşhur İlan ocağının varisi kimi ad çıxarmış Qumlaq kənd sakini Sofu Usub baba deyərmiş ki, Mazan Nənə ocağı «Nuh tufanı» dövründə mövcud olub. Ocağın ətrafı çinar, saqqız, dağdağan, əncir, nar, meynə ağacları ilə əhatə olunub. Qəbir divarına söykənən dağdağan ağacının gövdəsi ziyarətə gələnlərin niyyət edib parça qırıqları bağladığı və mismar çaldığı nişangahdı. Ziyarətçilər əsasən çərşənbə günləri, pak halda ocağa gəlirlər. Əvvəl hasarın başına üç dəfə hərlənər, daşları öpər, pıçıltı ilə öz hacətlərini ocaqdan diləyərlər. Sonra ayaqqabılarını soyunar, hasarın içərisinə daxil olarlar. Burada da daşları öpə-öpə qəbrin başına üç dəfə dolanar, niyyətlərini təkrarlar, nəzir-niyazlarını qəbir üstə qoyarlar. Qəbir divarının çıxıntısı olan daşları üstə niyyət şamı yandırarlar. Nəzir deyilmiş və buraya gətirilmiş qoç, quzu, keçi, hinduşka və ya toyuq, xoruz qurbanlarını kəsər, bişmişindən və ya çiyindən ziyarətçilərə paylayarlar. Qayadan süzülən şəfalı bulaq suyundan çay dəmlənər, içər, sonra da sudan qab-qacaqları doldurub geri dönərlər. Sofu Usub babanın sonuncu varisi Sofu Bilalın deməsinə görə, əvvəllər qəbrin ətrafında daş kündələr, daşdan yayma lavaşlar olub. Sonralar isə onlar yoxa çıxıbdı.
İlan ocağı – Sofu Usub ocağı da adlanır. Banisi Sofu Fərəcdir. Ocaq Qaradağ mahalında Fərəc və ya Sofu Fərəc adıyla da məşhurdur. Davamçısı oğlu Sofu Usub olmuşdur. Sofu Fərəc Rza oğlu Cənubi Azərbaycanın Qaradağ mahalındakı Dirili kəndində yaşayıb. Bu el əslən Quzey Azərbaycanın Qarabağ mahalındakı Diri kəndindən köçüb gedənlərin məskun olduğu kənddir. Həmin kəndin adamları ötən zamanlarda hər il Mazan Nənəni ziyarətə gələrmişlər. Deyilənə görə, Fərəc Rza oğlu XIX əsrin sonlarında bu ocağı ziyarətə gələn zaman Mazan Nənənin hasarında yatır. Yuxuda ikən Allahın izni, Həzrət Süleyman İbn Davud Əleyhissəlamın hökmü ilə bir pirani qoca ona ocaqlıq xiləsi verir. O, yuxudan ayılarkən sinəsində qıvrılıb yatan bir şahmar ilan, yanında ayət daşı, üzük və əsa görür. İlan ocaqlığı alan Sofu Fərəc Rza oğlu boğazında şahmar ilan, əlində əsa, barmağında üzük, hey-bəsində ayət daşı Dirili kəndinə qayıdır. Kəndə səs düşür. Onun bu vergisinə tam əmin olmaq üçün kəndin xanı Hacı xan, Cavadxan oğlu Şirindil xan onu sınaqdan keçirir, əjdahanı ovsunlamasına şahidlik edir.
Özündəki ilan ocaqlığı ilə məşhurlaşan Sofu Fərəc bu kənddə də haqq dünyasına köçür. Hazırda qəbri Qaradağ mahalının Dirili kəndinin qəbristanlığındadır. Ara müharibələri zamanı Sofu Fərəcin oğlu Sofu Usub Quzey Azərbaycanına köçür, Araz qırağındakı Qumlaq kəndində məskunlaşır. Atasından varis kimi aldığı, daha doğrusu, qəbul etdiyi ilan ocaqlığını burada davam etdirir. Deyilənə görə, əsəb gərginliyi, qorxuluğu, həmzadı, çiləyə düşməyi, gec ayaq açmağı, ilan vurması və s. xəstəlikləri olan insanlar bu ocaqdan layiqincə şəfa taparmışlar. Sofu Usubun hazırda yeganə varisi olan Sofu Bilal erməni-daşnak faşistləri tərəfindən doğma ocağından didərgin salınmışdır. 16 ildir ki, o, Abşeronun «Vişnovka» adlanan qəsəbəsinin ətrafındakı bağ daxmasında məcburi köçkün həyatı keçirir. Ulusundan qalma ayət daşını göz bəbəyi kimi qoruyur. İndi də olacaq yerində müqəddəs bir əşya olaraq gizlində saxlayır. Onun deməsinə görə, Həzrət Süleyman (ə)-dan qalma ayət daşının üstəki yazını ancaq babası Fərəc Rza oğlu tam oxuya bilirmiş. Atası Sofu Usub isə ayət daşının ancaq kiçik küncünü oxumağı bacarıb».
YADDAŞIMDA YUVA SALAN KƏRAMƏT OCAĞI
Uşaq vaxtlarım idi. Atalı-analı, bəxtəvər günlərimi yaşa-yırdım. Məni qınamayın, elə bil onda dünya daha işıqlı idi. Elə bil göylərdən ovuc-ovuc, əlçim-əlçim, qucaq-qucaq işıq ələnirdi, nur yağırdı, məhəbbət səpələnirdi yer üzünə. Adamlar daha qayğıkeş, daha mehriban və məhrəm idilər biri-birlərinə. Onda elə bil bu dünya belə boz-bozaraq deyildi. Daşından-qayasından da, otundan-əncərindən də məhəbbət ələnən vaxtları idi bu boz-bozaraq dünyanın.
Kəndimizə vaxtaşırı müxtəlif adamlar gələrdilər: atüstü alverçilər, qalayçılar, kartofu taxıla dəyşən ermənilər, ilan tutan sofular, daha kimlər, kimlər… Bu qədər gəlib-gedənlərə kənddə münasibət də fərqli idi. Bu adamların bəziləri əziz-xələf, məhrəm adamlar kimi el-oba tərəfindən qəbul edilir, qonaq kimi yox, çoxdan yolu gözlənilən mehman kimi qarşılanırdılar. Bəziləri isə…
Və o da qəribədir ki, bu qədər gəlib-gedənlərdən yalnız iki nəfəri mənim yaddaşımda özlərinə əlahiddə guşə ayırıb orada “məskunlaşıbdır”.
Qonşu rayondan vaxtaşırı özünü sofu adlandıran bir kişi gələrdi. (Adını qeyd etməyə lüzum görmürəm.)
Bu kişi görünən kimi kəndə bir vəlvələ düşərdi. Uşaqlar qaçıb analarına sığınardılar, yaşlıların sir-sifətində bir narazılıq çalarları dolaşardı, hətta kəndin itləri də ağız-ağıza verib ulaşardılar. Elə bil kənddə insan yox, hansısa bir həyulə dolaşardı. Və bütün bunlar çulğaşıb qəribə, adama ağırlıq gətirən əcaib bir “harmoniya” yaradardı. Və bu “harmoniya” da elə bil kənddə auranı tamam dəyişərdi.
Açıq-aşkar pəltəkiliyi hiss edilən bu adamın danışığında, adamlara münasibətində bir özündənrazılıq, ondan, illah da torbasında gəzdirdiyi ilanlardan qorxan adamları daha da xoflandırmaq, onları öz təsiri altında saxlamaq cəhdi aşkar görünərdi. Və qəribəsi o idi ki, bütün bunlar aydın sezilən bir həyasızlıqla, açıq bir sırtıqlıqla müşaiyət olunardı. Çirkli torbasından müxtəlif növ ilanlar çıxarar, (sonralar başa düşdüm ki, bu ilanların hamısının zəhər dişi çıxarılıb) adamları qorxudar, istədiyini almayınca əl çəkməzdi. Elə bil onun xarakterindəki naqisliklər atına da keçmişdi. O da sahibi kimi hər yerə burnunu soxar, adamlara, hətta dəstə-dəstə ona hürən itlərə belə ağız atardı.
Heç kəs bu adamı evində qonaq görmək istəməzdi.
Kəndə gəlib-gedən bu çoxsaylı adamların içərisindən biri də yaddaşımda özünə yurd-yuva qurub. Lopa bığlı, başında buxara papağı, üst-başından təmizlik və səliqə-sahman yağan, sir-sifətindən, xoş çöhrəsindən nur ələnən, müdriklik yağan bu bəstəboy kişinin pişvazına az qala bütün kənd çıxardı. Hər kəs onu öz evində mehman kimi görmək fürsətini qaçırmaq istəməzdi.
Bu kişinin kənddəki düşərgələrindən biri də bizim ev idi. Ağırtəbiətli, mistikaya o qədər etina etməyən, dünyəvi dəyərlərə böyük önəm verən atam Qara Əhməd, yuxarıda adını bilərəkdən qeyd etmədiyim sofuya nə qədər ikrah hissi ilə baxardısa, bu kişiyə böyük rəğbət hissi ilə yanaşar, onu həmişə özündən yuxarıda əyləşdirər və çox vaxt özü ona qulluq edərdi.
Yanında qonaq olanda atamız olan məclisə girməyimizə imkan verməyən, özü Çələbilər kimi müqəddəs şəcərənin, Hacı Qaraman təki ağır ocağın övladı olan anam Zübeydə Çələbi, bizi üz-gözündən nur ələnən o kişinin məclisinə gətirər və: ”Babanın əlindən öpərək ziyarət edin”, – deyərdi. Biz də çəkinə-çəkinə bu nurani kişiyə yaxınlaşar, onun əllərindən öpər və çəkilib bir küncdə dayanar, onun aram-aram, asta-sta, çaydan qurtum ala-ala danışdıqlarına diqqət kəsilərdik. Fikir verirdim, toplaşanların hamısı bu kişiyə huş-guşla qulaq asardılar. Sonralar başa düşürdüm ki, bu kişi elə İlahi yaşantılardan, külli-aləm sahibinin elə qüdrətlərindən danışırmış ki, bizim uşaq ağlımız onları “həzm” etmək iqtidarından xali imiş.
Bu kişini gözümüzdə böyüdən, onu müqəddəslər təriqində qəbul etməyimizə vəsilə olan amillərdən biri də onun gözütoxluğu və özünəməxsus kübarlılığı idi. O, heç vaxt yuxarıda qeyd etdiyim sofu kimi adamları qorxu və xof altında saxlamaq üçün hər dəqiqəbaşı torbasından ilan çıxarmaz, heç kimdən heç nə tələb etməz, ona verilən payı da az qala utana-utana qəbul edərdi. Mən sonralar əmin oldum ki, bu kişi çox vaxt heç ilan da gəzdirmir.
Bayaqdan haqqında danışdığım o adam, kamil iman və inam sahibi, müqəddəs bir ocağın gen daşıyıcısı Sofu Usub idi. Sofu Usub mənim yaddaşımda özünə əlahiddə bir guşə ayırıb, orada daim bərqərar olan azsaylı xatirə sahiblərindən biridir.
Mən o kişinin bir möcüzəsinin canlı şahidiyəm və bu möcüzəli hadisədən sonra o, mənim gözümdə daha da müqəddəsləşdi.
…Yayın qorabişirən günlərindən biri idi. Göydən yerə elə bil od ələnirdi. Sofu Usub başına toplanmış adamların əhatəsində bizim həyətimizdəki iri tut ağaclarının birləşən kölgəsində çay içir və asta-asta danışırdı. Bu vaxt qonşuluqda olan əmioğlu Abdullanın həyətindən səs-küy qalxdı. Məlum oldu ki, evə böyük bir ilan girib. Hamı dönüb bir nəfər kimi Sofu Usuba baxdı. Elə bil bununla demək istəyirdilər ki, əsl sınaq məqamıdır. Adamlar qonşuya axışdılar. Sofu Usub da ağır-ağır qonşu həyətə yönəldi. Yığnağa çatanda hamı çəkilib ona yol verdi. O, heç kimdən soruşmadan ilan girən otağa yaxınlaşdı. Ətrafa diqqət kəsilib dilləndi:”Hə, bu, bir az çətin yola gələn heyvandır”. Qəribəydi, o, ilanın məhz həmin otaqda olduğunu və həm də onun çətin ovsuna gəldiyini necə müəyyənləşdirmişdi? Bax, bu, mənimçün sirr-xuda idi. Bəlkə də, onun qoxusunu duymuşdu Sofu Usub.
Sofu əlindəki əsa ilə yerdə bir dairə cızdı və onu tam qapamadı: giriş üçün bir az açıq yer saxladı. Sonra isə dodaqaltı nə isə oxuyub havaya üfürməyə və ilanı çağırmağa başladı. Hamı intizar içində bu işin sonunu gözləyirdi. İlansa görünmək bilmirdi. Bəzi şəkkaklarda artıq şübhələr baş qaldırmışdı, arada şübhə ilə pıçıldaşanlar da vardı. Amma bu kişinin qüdrətinə inananlar əmin-arxayın idilər. Sofunun da artıq əsəbiləşdiyi hiss olunurdu, gərginlikdən tər dabanından süzülürdü.
Birdən hamı bir anda içini çəkdi. Nəhayət, ilan qapının ağzında göründü. İlan tərəddüd edirmiş kimi, bir az sürünür, sonra dayanıb Sofuya baxırdı. Elə bil bir tərəfini qaçaq qoymuşdu. Sofu isə təkidlə onu çağırırdı. Axır ki, ilan Sofunun çəkdiyi dairəyə daxil olub, etdiyi xətaya görə cəzalanacağından ehtiyatlanan, sahibinə sadiq it kimi çəkinə-çəkinə gözlərini Sofuya zillədi. Sofu da öz növbəsində əyilib onu yerdən qaldırdı və Sofunu bu qədər incitdiyinə görə yaltaqcasına yalmanan bu heyvanı torbaya qoydu.
Həmin anlar mən bir nüansı da kəsdirirdim ki, məlum möcüzəylə bu kişi onu əhatə edən yığnaq adamlarından uzaqlaşıb tamam fərqli bir adama çevrilmişdi. İndi o, ona inananların da, ona şübhə ilə baxanların da nəzərində Tanrının fərqləndirdiyi, xoş saatda xəlq etdiyi bir xilqətə, müqəddəs bir varlığa çevrilmişdi. Bu hadisə həmin kişinin, yəni Sofu Usubun bizim Əhmədli obasında nüfuzunun daha da artmasına, ona bəslənilən rəğbət hisslərinin daha da körüklənməsinə səbəb olmuşdu.
Yazıma bu qədər geniş müqəddəmə verməyimin səbəbi var. Bu, haqqında danışacağım adamın hansı ocağın övladı olmasını, hansı müdrik kişinin evində böyüməsini nəzərə çatdırmaq istəyimdən bəhrələndi.
Onu ilk dəfə kəndimizdəki klubda (sonralar mədəniyyət evi oldu – S.A.) görmüşdüm. Bakıda oxuduğum fizika-riyaziyyat təmayüllü məktəbdən kəndə tətilə gəlmişdim. Bir dəfə adamların içində tanımadığım bir gənc oğlan gördüm. Toplantıda ondan yaşlılar olsa da, hamı ona diqqət kəsilmişdi. Bir nüans mənimçün maraqlıydı ki, o, danışığında, hərəkət və rəftarında bu adamların biri kimi təsir bağışlayırdı. Hamıyla elə məhrəm və ərkyana danışırdı ki, elə bil elə bunların içində böyümüşdü. Adamlar da ona özlərinin məhrəmi, yaxını, əzizi kimi yanaşırdılar. Sonralar müşahidə etdim ki, bu adam kəndə və onun adamlarına elə qaynayıb qarışıb ki, adicə bir yadlıq çaları belə hiss olunmurdu. O, həmin kənddə hər evin əzizinə və məhrəminə çevrilmişdi. Doğrudur, burada Sofu Usub ocağının qüdrət və kəraməti başlıca amillərdən biri olsa da, Bilalın özü də elə o ocağa layiq davrandığından hamının sevimlisi olmuşdu.
Bu gənc Sofu Usubun oğlu, o ocağın gen daşıyıcısı Sofu Bilal idi. Mən onda atavizmə, hər şeyin gendən gəlməsinə bir daha inandım. Çünki Bilal elə Sofu Usubun özü idi.
Sonralar orta və ali təhsili Bakıda almağım, təyinatla başqa rayonda işləməyim, hərbi xidmət və s. Sofu Bilalla əlaqələrimi seyrəltdi. Amma tez-tez mamaoğlu Əziz Çələbi və böyük qardaşım, Qarabağın ünlü sənətkarı Hüseynin dilindən həmişə Sofu Bilal haqqında eşidirdim. Mən geri dönəndə isə artıq Sofu Bilal öz kəndlərinə dəyişilmişdi. Bu ailə, bu ocaq haqqında Bilalın dostu və mənim böyük qardaşım Hüseyn həmişə elə rəğbət və məhəbbətlə danışardı ki…
…XX əsr ömrünün nəhayətinə yaxınlaşdıqca, özüylə bahəm xalqımın taleyinə yeni bir bəla gətirirdi. Heç ağlımıza gəlməzdi ki, havadan “yapışa-yapışa” qədəm atıb, ayaq tutub yeridiyimz, tozuna-torpağına bələndiyimiz, daşlarında dizlərimiz qanayan, qarğı ata süvar olub Aya-ulduza çapdığımız o yurd yerlərindən əlimiz çıxacaq, el-oba perik düşüb, pərən-pərən olacaq və o yurd yerləri bizimçün yaşıllığına əl yetməyən, ün çatmayan əsrarlı bir ada olacaq. Və mən bir də Sofu Bilalla didərginlikdə görüşəcəyəm.
Onunla Bakıda ilk dəfə Dirili Qurbani Məclisində rast-laşdıq. Elə həmin Sofu Bilal idi. Amma gözlərinin dərinliyində bir kədər vardı, nurlu çöhrəsində qəm çalarları dolaşırdı. Yurd ağrısının, torpaq nisgilinin içində ocaq çatdığı aşkarca sezilirdi.
İndi söz və səlahiyyət sahibliyinə iddialı olanlar çox olsa da, məhz Yusif Dirilinin əndazəsiz zəhməti sayəsində araya-ərsəyə gələn həmin məclisdə – Dirili Qurbani Məclisində Sofu Bilalın necə ağırlandığının, müqəddəs bir ocağın övladı təriqində qəbul edilməyinin, kəsərli söz sahibi kimi urvatlandığının şahidi olduqca, mənim bu eloğluma qarşı rəğbət və məhəbbətim körüklənirdi. Bəlkə də, bu məclisin yaratdığı auradandı, bəlkə də mütəmadi olaraq söz-sənət adamlarının əhatəsində olduğundan idimi, Sofu Bilal elə məhsuldar işlədi ki, bir neçə ilin ərzində sözün başına dolana-dolana, onun nazını çəkə-çəkə “Söz yarası”, “İlan ocağı”, “Sofu sözü”, “Mən”, “Yurd oğlu”, “Dərdsiz dünyam boşdu mənim”, “Bu dünya bərədi”, “Qürbətin xofu”, “Salxımın son giləsiyəm” kimi oxucunu alıb aparan kitabları ərsəyə gətirdi. Elə bil Sofu Bilal bu kitablarla içinə yığılıb orada özünə yurd-yuva qurmuş ağrı-acılarına, yurd həsrətinə, torpaq nisgilinə, bir dəli rüzgarın əlində əsir-yesir olmuş kövrək yarpaq kimi onu aram olmağa qoymayan yaşantılarına, əsrarlı duyğularına söz libası geyindirib ortalığa çıxarmağı müqəddəs bir vəzifə kimi qəbul edib. Və o da sevindiricidir ki, Sofu Bilal bu vəzifəni çox ustalıqla, müdrikilik və səriştə ilə yerinə yetirib.
Sofu Usub yaradıcılığını şərtləndirən, onu fərqləndirən ən başlıca amillərdən biri, bəlkə də birincisi, onun xalq ruhuna, el ağzına dərindən bələd olmasıdır. İstedad dərin və əhatəli məlumatlılıqla çulğaşanda əsl sənət yaranır. Sofu Bilalda da belədir. Onda istedad və məlumatlılıq elə vəhdətdədirlər ki, o, hər hansı fikri poetik nümunəyə çevirməkdə sözə minnətçi düşmür. Maraqlı nüanslardan biri də odur ki, Sofu Bilal sözə əti, qanı, canı olan bir varlıq kimi yanaşır və pələng öz ovu ilə oynadığı kimi onunla oynamağı bacarır. Sofu Bilalı oxuduqca sözlərin rəngləri açıq-aşkar görünür: sillələmək, döyəcləmək istədiyin qara rəngli sözlər, yaşıllığında sərələnib gözlərini lacivərd göylərə dikib uyğuya, xəyala dalmaq istədiyin yaşıl rəngli sözlər, məhrəmliyinə, bakirəliyinə sığınıb başını ana dizi kimi üstünə qoyub uşaqlaşmaq, körpəliyinə, yeniyetməliyinə qayıtmaq istədiyin bakirəlik rəmzi ağ rəngli sözlər…
Mən bu yazıda Sofu Usub yaradıcılığına nüfuz edib, onu birər-birər təhlil etmək fikrindən uzağam. Bu, ayrıca bir yazının mövzusudur. Sadəcə olaraq Sofu Bilalın mənsub olduğu, gen daşıyıcısı vəzifəsini ləyaqətlə yerinə yetirdiyi o müqəddəs ocaq haqqında oxucuda təsəvvür yaratmaq istədim. Onun şairliyi haqqında isə təkcə onu demək istəyirəm ki, Sofu Bilal ruhunu boşaltmağı təşnə torpaqlara can verəcək hamilə buludlardan əxz edib, lacivərd göylərdən öyrənib.
Sahib Abdullayev,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü,
“Qızıl Qələm” media mükafatı laureatı,
“Katarsis dünyası” qəzetini baş redaktoru.
28 aprel 2012
MƏNİM TANIDIĞIM ŞAİR SOFU BİLAL
Mən hörmətli şair Sofu Bilalı bir yas mərasimində gördüm. Məclisi o aparırdı. Təmkinli danışığı, hər söhbəti dini əsaslanıb, məntiqə söykənirdi.
Çox şad oldum ki, bu cür məclis aparan din xadimi var. Mən imkan tapıb Sofu Bilalla yaxından tanış oldum. Bu ünsiyyətdən sonra öyrəndim ki, o, həm də gözəl şairdir. Onu da öyrəndim ki, Bilal bizim Cəbrayıl rayonunun Qumlaq kəndindəndir. Atası Sofu Usub haqqında çox eşitsəm də Bakıda yaşadığımdan özünü şəxsən görməmişdim. Amma hamı onun yaxşı əməllərindən, möcüzəli ovsunlarından danışırdı. Biləndə ki, Sofu Bilal onun oğludur, qanım qaynadı. Sevindim ki, belə bir insanla rastlaşmışam. Həm şair kimi, həm də mömin adam kimi qəlbimə yatdı. Bu yaxınlıqdan sonra daha yaxından tanış olduq. Mənə iki kitabını verdi, mən də əl işlərimin çap olunmuş toplusunu ona hədiyyə etdim. Ünsiyyətimiz o vaxtdan başladı. Sofu Bilalın dünyagörüşünə, məclisi yerli-yerində aparmasına, verilən suallara məntiqli cavablarına heyran qaldım.
Hərdən talefonla danışırdıq. Öyrəndim ki, xəstələnib. Yeni kitabı çıxıb. Ona verdiyim əl işlərinin hər birinə aid bir bənd şeir yazıb. Kitabı mənə göndərdi. Buna görə şair Sofu Bilala «çox sağ» deyib, ona təşəkkür edirəm. Allah ona şəfa versin. Mən inanıram ki, şair tam sağalacaq, yeni-yeni şeirləri ilə bizi sevindirəcək.
Hacı Seyfəddin Mənsimoğlu
AMEA Əlyazmalar İnstitutunun laboratoriya müdiri,
ağac üzərində xətti oyma ustası
04.03.2012
YAXŞİ Kİ VARSAN, BİLAL DAYI
Həyat çox qəribədir. Bəzən insanı gözlənilməz sürprizləri ilə sevindirir, bəzən də daşlı-kəsəkli yollarında, qəm, kədər burulğanında sınağa çəkir. Həyatın dərd dolu girdabında boğulanlar da olur, ona sinə gərib dözənlər də. Ən əsası odur ki, yanında səni başa düşən, dərdinə yanan dostların, doğmaların olsun. Dirili Qurbani Məclisində tanidiğm həmyerlim Sofu Bilal kimi.
Xoş siması, şirin danışığı ilə ürəklərin bağlı qapısını asanlıqla açan Bilal dayı (çoxlarından fərqli olaraq mən onu belə çağırıram) ilə qarşılaşdığım ilk gündən qəlbimə mərhəm, mənə doğma olan bir insanla rastlaşdığımı düşündüm və zaman keçdikcə, zənnimdə yanılmadığımı anladım. Evimizdə ondan söz açanda öyrəndim ki, Bilal dayının özü və ailəsi heç də bizə yad deyilmiş.
Bir az aydın, bir az qarmaqarışıq uşaqlıq xatirələrimdə onun atası, rəhmətlik Sofu Yusiflə (Sofu Usub-Y.D.) bağlı məqamlar da var. Yaddaşımda möhkəm yer tutan həmin xatirələr çözələndikcə, iri bığları, işıqlı sifəti olan bu ağırtəbiətli kişinin obrazı gözlərim önündə canlanır. Bilal dayını taniyandan və onun atası haqqında yazdığı kitabı oxuyandan sonra niyə Sofu Yusifin kənddə məhz bizə gəldiyini, niyə atamin onu çox böyük hörmətlə qarşıladığnı, anamın tədarük görmək üçün əl-ayağa düşdüyünü anladım. Rəhmətlik anamla bu barədə danışanda demişdi ki, Sofu Yusif kənddə ancaq bizim evdə qonaq düşərdi. Sofunun xasiyyətinidəki bu qəribəliyin nə ilə bağlı olduğunu bugünədək başa düşə bilmirəm. Ancaq anamdan eşitdiyim bu sözlər Dirili Qurbani Məclisinin rəhbəri, həyatda rastlaşdığım saf, xeyirxah insanlardan biri olan Yusif Dirili ilə söhbətlərimdə də təsdiqini tapmışdı. O da Bilal dayı-nın atası haqqında danişanda eynilə demişdi ki, Sofu Yusif hər evə getməzmiş. Zaman keçdikcə, özlüyümdə bir həqiqəti daha aydın dərk edirəm: bizi bir-birimizə yaxınlaşdıran, doğmalşdıran ailələrimizin, nəsil-kökümüzün mənəvi təmizliyi ilə bir-birinə ruhən bağlılığıdır.
Bilal dayı kimi xoş, mülayim insanlar indi o qədər azalıb ki, belələrinə rast gələndə onu hər vəchlə, nəyin bahasına olursa-olsun, qoruyub saxlamaq istəyirsən. Amma biz kimik ki?! İxtiyar sahibi yalnız böyük Allahdır. Uca Tanrıdan bir diləyim var, Bilal dayı-qoy bizi yaradan ürəyindəki dərdlərini yüngülləşdirsin, canındakı ağrıları, xəstəliyi səndən uzaqlaşdırsın. Bu ahıl yaşında səni azar-bezarla çarpışan görməyi heç istəməzdim. Allah sənə can sağlığı versin, Bilal dayı. Yenə qarşılaşmağımızı, şirin söhbətlərini dinləməyi, mənə “A Salmanqızı” deyə müraciət etməyini çox arzulayıram. Allah bu arzumu mənə çox görməsin.
Kifayət Salmanqızı,
AzərTac-ın müxbiri, şairə-tərcüməçi
V Bölmə
KİTABLAŞMASI VƏ YARADICILIĞI HAQQINDA RƏYLƏR
KİTABLAŞMA MƏRHƏLƏSİ
Müqəddəs və ilahi ocaqları tarixləşdirmək, yazıya almaq savab əməldir. Bunun üçün gərək ürəyinin odunu verə biləsən. Təmənnadan keçməyi bacarasan. Övliyalar, müqəddəs insanlar haqqında indiyədək çox deyilib: istər kitab, istərsə də məqalələr şəklində.
Sofu Ocağı barədə ilk kitabı da bu ocağın halal-haqq nümayəndəsi Sofu Bilal özü yazıb. «Söz yarası» adlı birinci kitabında, eləcə də sonrakı nəşrlərdə Sofu ocağına dair xeyil məqamlar var. Toplum halında isə onun bitkin əsəri hesab etdiyim «İlan ocağı» kitabında bu barədə daha geniş danışılıb. Sofu Bilala kitab nə olduğunu anlatmaq gülüncdür. Nədən ki o, kitabşünas kimi bunu çoxumuzdan yaxşı bilir. Ancaq kitabın nəşrə hazırlanma mexanizmi tamam başqa bir məsələdir. Sözsüz ki sovet dövrü deyil və çoxlu nəsnələr var ki, iş prosesində öyrənib təcrübə toplayırsan. Tədricən olursan «mütəxəssis». Az-çox kitabhazırlama işlərində çox dosta-tanışa təmənnasız olaraq köməyimi əsirgəməmişəm. Şair dostum, filoloq Məmməd Əli belə şeyləri tez öyrənib kömək etməyi xoşlayan insandır. Mən onun «Sonralaşan ömrümüz» şeirlər kitabını çapa hazırlayanda necə diqqət və maraqla prosesi izlədiyini sezmişdim. Sofu Bilalın «Söz yarası» kitabının büsbütün əziyyətini Məmməd Əli çəkib: redaktəsindən tutmuş texniki işlərinə kimi. Sofunun «Xudafərin»də keçirilən 65 yaşına – yubiley gününə kitab çap olunub gətirilməli idi. Həm də tədbirin təşkilatçılarından biri idi Məmməd Əli. O, kitabı vaxtında çatdırdı. Məmməd Əlinin fərqli və istedadlı bir şair olduğunu bilirdim. Kitaba yazdığı «Şeirlərindən baxan şair» adlı ön sözü oxuyandan sonra ona qarşı sevgilərim daha da artdı. Həm də bir redaktor kimi tələbkarlığını gördüm. Kitab «Açıq səma» qəzeti redaksiyasının kompüterlərində yığılıb səhifələnmişdi. Qəzetin baş redaktoru Şamo Nərimanoğlu mənim məktəb yoldaşımdır. Sofu Usub ocağına məhəbbəti olan eloğludur. Onun yaratdığı normal şəraitə baxmayaraq, kitabın hazırlanma prosesində Məmməd Əlini tez-tez var-gəl edən, əsəbiləşən görmək olardı. Əslində işin xüsusiyyəti özü bunu belə tələb edir. Məmməd Əlinin səbirsizliyi, əlbəttə, Sofu Usub ocağına böyük ehtiramdan, bu ocaqla bağlı ilk kitabın ərsəyə gəlməsi yolunda yarana biləcək neqativlərdən ehtiyat etməsi, başqa sözlə, dərin məsuliyyət hissi ilə əlaqədar idi. Kitabın qrifini XX yüzilliyin sonlarından tanıdığım «Nərgiz» nəşriyyatının baş direktoru, pedaqoji elmlər namizədi Hidayət Musabəylidən aldıq. O, müqəddəs ocaqlara, övliyalara müsbət münasibəti olduğunu, bu nəşriyyatın mətbəəsində çap olunarsa kifayət qədər güzəştlər edəcəyini söylədi. Amma əvvəldən danışıldığı üçün «Söz yarası» özgə mətbəədə işıq üzü gördü.
«İlan ocağı» və digər kitabların isə taleyini «Nərgiz»ə tapşırdıq. «İlan ocağı»nın hazırlanma prosesində yaxından iştirak etmək niyyətində idim. Sofu Bilal kitabı tamamlayıb zəng elədi. Məmməd Əli, mən və Sofu Bilal yenidən kitabı nəzərdən keçirdik. Fikrimcə, bu kitabın nəşri və ona hazırlıq işlərinin məsuliyyəti daha böyük idi. Belə ki, kitab əsasən Sofu ocağını – ilan ocaqlarını əhatə edirdi. Kitabın arzuolunan səviyyədə başa gəlməsindən ötrü yetərincə vaxt tələb olunurdu. Bu isə imkanım xaricində idi. Elmi işlərimlə əlaqədar yaranan vaxtsızlıq bu dəfəki istəyimi də kölgələdi. Belə bir çətin işə yenə də Məmməd Əli – Sofunun əzəli-əbədi dostu çiyin verdi. Hansı nəşriyyatda çap olunmaq məsələsi ortaya çıxdı. Kompyü-ter yığımı, dizayn, çap – bunların hamısı bir yerdə daha yaxşı olardı. Seçim yenə köhnə dostumuz Hidayət müəllimin rəhbərlik etdiyi «Nərgiz» nəşriyyatının üzərində qaldı. Təklifimi hər ikisi bəyəndi. «Nərgiz»də «İlan ocağı» ilə başlanan kitablaşma işi uğurla bu günədək davam etməkdədir. «Dərddən doğulan şair» adlı ön sözlə bu, ilan ocağı – Sofu ocağı haqqında bitkin, lakonik, lakin məzmunca dolğun məlumat verən kitabın redaktoru Məmməd Əli Xudafərinlinin Sofu ocağına töhfəsidir. Bu kitabda Sofu ocağının bərqərar olması, Ocağın davamçıları Sofu Fərəc və Sofu Usubun möcüzələri yer alıb. Sofu Usubun şəxsiyyəti, ocaq əməlləri bugünkü nəslin gözləri qarşısında və yaddaşında yaşamaqdadır. Belə bir kitabın ərsəyə gəlməsi Sofu ocağına və bu ocağa inam gətirən hər kəsə dəyərli hədiyyədir.
Sofu Bilal qədir bilmək, əməyi qiymətləndirmək cəhətdən də örnəkdir. Bu, onun gerçək həyatında olduğu qədər, yaradıcılığında da əksini tapıb. Dəyər verdiyi insanlara şeir töhfəsi kimi ithafları ilə bərabər həsr etdiyi kitablar bu baxımdan səciyyəvidir. Sofu Usub ocağına inam bəsləyən «Xudafərin» şadlıq sarayının direktoru Səyavuş Əsgərovun həyat yolunu «Yurd oğlu» kitabı ilə tərənnüm edən şairin bu addımı təqdirəlayiqdir. Belə ki, Səyavuş bəyin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə göstərdiyi qayğını, imkansız ailələrə təmənnasız köməyini vəsf etmək, həm də bir eloğlu kimi Sofu Bilalın nəzərincə zəruri məsələdir. Kitabda Sofu Bilalın öygüləri və bu xeyirxah iş adamına duaları yer alıb. Nəşrin redaktoru və «Ön söz»ün müəllifi Məmməd Əli Xudafərinli «Dili dualı şair» adlandırdığı müəllif haqqında yazarkən onun S.Əsgərova Rəbbindən kömək dilədiyini qeyd edir. «Atası Sofu Usub kimi dili dualıdır» – deyir.
Yazıçı-publisist, istedadlı jurnalist Nəriman Mahmud “Sağlığında qiymət verək insanlara…” adlı (“Nəbz” qəzeti № 20 (710), 24.05.2008.) məqaləsində yazır: “Sofu Bilal öz qəhrəmanını vətənpərvərlik, mərdlik, qeyrət, mənəviyyat, ədalət simvoluna çevirərək, bu kimi dəyərlərin hər şeydən yüksəkdə dayandığını, dayanmalı olduğunu oxucularına aşılayır.” Çünki o, şair kimi də, insan kimi də mənəviyyat daşıyıcısıdır. N.Mahmud haqlı olaraq qeyd edir: “Nəslinin özündən əvvəlki nümayəndələri kimi insanlara qiymət verməyi bacaran, onların yaxşılıqlarını, müsbət keyfiyyətlərini vaxtında dəyərləndirən KİŞİdir Sofu Bilal. Özü qəhrəmanına, qəhrəmanı da özünə bənzəyir.” Kitabın əsas qayəsini də “yüksək insani keyfiyyətləri ilə fərqlənən, mənəvi-əxlaqi dəyərlərə önəm verən, elmə, alimə, sənətə, sənətkara böyük hörmət bəsləyən Səyavuş Əsgərovun səmimi tərənnümü təşkil edir.” – deyə yazıçı bildirir.
«Dünya bir bərədir» kitabı «Nərgiz» nəşriyyatında çap olunmuş on kitabdan biridir. Bütünlükdə dini mövzuların qərar tutduğu bu kitabın redaktoru nəşriyyatın direktoru H.Musabəyli, «Ön söz»ün müəllifi isə islamşünas Hacı Seyid Həsən Sobuludur. Hacı Həsən mövzulara yığcam, lakin məzmunlu şərh verərək müəllif haqqında bildirir: «Sofu Bilal həm də Haqq aşiqidir. Gözəl təbə malik olan şair müqəddəs İslam dininin əsaslarını qələmə alaraq oxuculara çatdırır».
Sofu Bilalın «Ömür 70 – vaxtım dardı…» adlı 10-cu kita-bına H.Həsən «Sofu Bilal yaradıcılığına bir nəzər» salaraq onun indiyədək nəşr olunmuş kitablarını ümumi təsvir etmiş, yaradıcılığında dini istiqamətə dair mükəmməl fikirlər söyləmişdir.
Sofu Bilalın nəşr edilmiş on bir kitabından səkkizinin re-daktoru pedaqoji elmlər namizədi, «Qızıl Qələm» və Mehdi Mehdizadə adına mükafatların laureatı, istedadlı şair Hidayət Musabəylidir. O, eyni zamanda dörd kitaba «Redaktordan» imzası ilə ön söz yazmışdır. Yazılar qısa, lakin olduqca aydın, məzmunca əhatəli, müəllifin kimliyi və yaradıcılığı barədə dolğun təsəvvür yaradır. Hiss olunur ki, Sofu Bilalın «Nərgiz» nəşriyyatı ilə əməkdaşlığı əslində az bir zaman içində doğma münasibətə, şirin ünsiyyətə çevrilib. Əməkdaşların «Sofu Baba» – deyə müraciət etdikləri bu ülvi insan üçün «Nərgiz» yalnız bir kitab çap edəcək nəşriyyat deyil, doğma ocaqdır. Onu bu ocaqda hamı sevir. O da qarşılıqlı şəkildə «Nərgiz»dən gələn mehri-məhəbbətə biganə qalmır. Dosta-tanışa sümükdən-ilikdən gələn sədaqətini daim oyaq saxlayır. «Mən» kitabına yazdığı «Ön söz əvəzi»ndə «Nərgiz» – Sofu Bilal münasibətlərini belə təsvir edir:
Özümü hiss edirəm
Göyün yeddi qatında.
Kitablarım çap olur,
«Nərgiz» nəşriyyatında.
Hidayət Musabəyli,
İşində ciddi, səyli.
İstedadlı şairdir,
Kömək eylədi xeyli.
Kompüterçi Yeganə,
İşdə deyil biganə.
Onun bu «iş dünyası»,
Üç kompüter, bir xanə.
Hələ neçə kitabım,
İnşallah çap olacaq.
Yenə də izim, imzam,
«Nərgiz»imdə qalacaq.
Yoxdur bunun niyəsi,
Kimdir bir söz deyəsi.
Sofu əvvəldən olub,
Öz sözünün yiyəsi!
Sofu Bilalın bir şair kimi həssaslığı oxucularına müna-sibətində də görünür. «Dağım girdi yuxuma» (2010) şeirlər kitabında yazdığı bir səhifəlik ön sözü oxucuya müraciət də adlandırmaq olar:
Əziz Sofu sevərlər! Mənim kitablarımı oxuyan gözünüz nurlu, ömrünüz uzun, işiniz uğurlu olsun!
Mənə ehtiram göstərənlərə Sofu ocağı əbədi hamidir.
Mənim həyata bağlılığım sizin səmimi və imanlı olmağınızı bilməyimdir.
Bilirəm, öz yazılarımda bəzilərinizin adları çəkilmədiyindən bir az pəjmürdə olursunuz. Olmayın! Hamınızı sevirəm və ha-mınıza borcluyam. Ürəyiniz işıqlı olsun! Səhvlərimi bağışlayacağınıza ümidim tükənməzdir.
Ölənləriniz behiştlik olsun! Subaylarınıza toy qismət olsun! Bənzərsiz bölgəniz azad olsun! İnşaallah!
Mənim bu kitabımın sponsorluğu bütünlüklə dayım nəvəsi Şirinə məxsusdur. Allah öz nəzərini Şirindən əskik etməsin!
Mən sizin daimi duaçınızam.
Məmməd Əli Xudafərinli,
şair-filoloq
1. BİR SOFU BİLAL VAR
Sofu Bilal heç vaxt dərc olunmağa can atmayıb. Şair kimi tanınmasında da israrlı deyil. Yetər ki, Sofu Usub ocağının varisidir. Heç kimə yük olmadan sakit bir guşədə ar adıyla (arvadıyla) baş-başa verib, verdiyi ömrə görə Allahına şükürlər edir, əzizlərini, həyatı və insanları şeirə gətirir.
Poetik düşüncələrinin şahidi olan Mazan Nənə türbəsini, Xudafərin körpülərini, əzizlərini, dostlarını unuda bilmir Sofu Bilal.
Şifahi xalq ədəbiyyatının daha çox qoşma, gəraylı və bayatı janrlarına müraciət edir. Hərdən mənzum hekayələr də yazır. Nəsrdə də qələmini sınayır.
Sofu Bilal dini mövzulara daha çox müraciət edir. Bu, onun paklığından, halallığından, ən əsası Allah sevgisindən irəli gəlir.
İdeal bir insan yoxdur dünyada,
İdeal varlıq var: Allahdır o da.
O ideal varlığa – Allaha tapınıb guşəgirlik edir Sofu Bilal. «Vişnovka bağları»nda yaşadığı o kasıb daxma da mənimçün bir ziyarətgahdır. Ziyarətgahlara getmək həmişə çətinlik törətsə də, savab iş sayılır.
Bununla kimlərisə bu işə sövq etmək fikrində deyiləm. Heç onun insan mərhəmətinə ehtiyacı da yoxdur. Ancaq Sofu Bilal öz elini və ellilərini unutmur. Biz isə Sofu Usub ocağının son əmanətinə lazımi diqqət yetirmirik.
Yəməndə olsan da, mənlə qalırsan,
Əgər ki, sən məni yada salırsan –
deyən bu insana quru əllə də olsa ildə bir dəfə baş çəkirikmi? Yaxud 050-581-69-29 nömrəli cib telefonuna zəng edib hal-əhval tuturuqmu?
Sizi Sofu Bilalla qiyabi də olsa görüşdürmək fikrindəyəm. Hər şeyi öz donunda qələmə alır: ağı ağ, qaranı qara. Onda ortaq münasibət tərzi yoxdur.
2. DƏRDDƏN DOĞULAN ŞAİR
Həyatda elə insanlar var ki, dərdlə bağrı badaş olurlar. Dərddən vəfa gördükləri üçün ona könül verirlər. Dərd onları dilləndirir. Tanrı «sifarişi» ilə bu dərdi şeirə gətirirlər. Başqa sözlə, bu dərddən yarayırlar: şairləşirlər. Füzuli kimi, Vidadi kimi, Sofu Bilal kimi.
Sonuncu doğmasını, son ümid yerini – qardaşı Sofu Rzanı itirəndə dərdə daha çox yaxın oldu Sofu Bilal. Gözündə həyatın səhmanı pozuldu. İtirə-itirə gəldiyi doğmAlarının – atası Sofu Usubun, anası Nigar xanımın, qardaşı Sofu Fərəcin itkisi unudulmamış dərd üstə dərd gətirdi Sofu Rzanın qəfil ölümü. Özünün dediyi kimi, «bütün nəsli itirərək meydanda tək qaldı» Sofu Bilal. Ürəyini şeirə bələdi, qəlbinin ahı dağlara yox, şeirə çökdü:
Niyə belə tutulmusan,
Qəm havası çalan canım?
Bütün nəsli itirərək
Meydanda tək qalan canım.
***
Diridağda elin qaldı,
Bağın, bağçan, gülün qaldı.
Torpaq altda ölün qaldı,
Ağlamadı balan, canım!
Bu, sayca S.Bilalın ikinci kitabıdır. «Söz yarası» adlı birinci kitabından fərqli olaraq, bu kitabda nəsr nümunələri də toplanmışdır. Əksəriyyəti atası Sofu Usub haqqında, onun dilindən söylənilən gülməcələrdən ibarət olan bu nümunələr kitabın «İlan ocağı – inam ocağı» adlı ilk bölməsində verilmişdir. O Sofu Usubun ki elin, obanın ağsaqqalı, inam yeri sayılırdı. O Sofu Usubun ki işıqlı çöhrəsi, sifətinə xüsusi bir görkəm verən Koroğlu bığları ilə indi də çoxunun gözünün önündə canlanır. O Sofu Usubun ki atası Sofu Fərəcin ocağının layiqli davamçısı kimi sofu (sofi) adını şərəflə davam etdirmiş, yaxın-uzaq ellərin inam yerinə çevrilmiş və nəhayət, özündən sonra onu üç ciyərparasına: Sofu Fərəcə, Sofu Rzaya, Sofu Bilala «ötürmüşdür». O Sofu Usubu ki itkisi çoxunu məyus et-mişdir. Və nəhayət, o Sofu Usubu ki ölümü ilə sonbeşiyi Sofu Bilalı daha çox sarsıtmışdı.
Bu itkidən təsirlənərək bir övlad ağrısı ilə atası haqqında silsilə şeirlər yazdı Sofu Bilal:
Bəs niyə ölmədilər o əsl ölməlilər,
O gülünc ömürlülər, ölümü gülməlilər?
Hanı mənim pənahım, hanı mənim təsəllim?
Hanı mənim dastanlım, hanı mənim məsəllim?
Hanı mənim hikmətlim, hanı mənim söhbətlim?
Hanı mənim amanlım, hanı mənim möhlətlim?
Hanı mənim bayatım, hanı mənim laylaym?
Hanı mənim gülüşüm, hardan alım paylayım?
Hanı elin mahnısı, hanı el xanəndəsi?
Hanı bu oymaqların Bəhlulu-Danəndəsi?
Hanı el ağsaqqalı, hanı mənim xan atam?
Hanı hər şeydən əvvəl, bir sadə insan atam?
Göründüyü kimi, şair burada bədii ifadə vasitələrindən: bədii sualdan, xüsusilə təkririn anafora növündən son dərəcə məharətlə istifadə etmişdir. Bu da şeirin emosionallığını və təsir gücünü birə-beş artırmışdır.
«Dini şeirlər» bölməsində toplanılan şeirləri də orijinal fikir tərzi ilə çox seçilir. Hətta yeri gəldikcə şair müqəddəs şəxslərin didaktik fikirlərini şeirə gətirir, onları şeir dili ilə daha orijinal şəkildə deməyə can atır. «Ləngimə» adlı deyişmə şəklində yazdığı aşıqvari şeiri S.Bilalın dinlə nə dərəcədə bağlı olduğunu bir daha sübut edir:
Bilal:
O, kimdir ki, ibtidası bilinməz?
Varlığı var, intəhası görünməz?
Hansı naxış dünya boyu silinməz?
Al sualı, ver cavabı, ləngimə!
Sofu:
O, Allahdır, ibtidası bilinməz,
O, baqidir, intəhası görünməz.
Yerlə göyün naxışları silinməz,
Al cavabı, ver sualı, ləngimə!
Kitabın «Çeşidli şeirlər» bölümündə verilən nisbətən nikbin ruhlu şeirlər səni çaşdırmasın, əziz oxucu. S.Bilal yeri gələndə baməzə şeirlər yazmaqdan da özünü saxlaya bilmir. Belə şeirlər əfsuslar olsun ki, onun yaradıcılığında çox az-az yaranır. Bu da təbiidir.
Epik əsərlərində S.Bilal şifahi xalq ədəbiyyatının qay-naqlarından məharətlə istifadə etmişdir. Şairin poeziya xə-ritəsində Diridağı öz gözəlliyinə yaraşan səviyyədə görünür. Bu baxımdan «Diridağ, Mazan nənə» poeması daha çox diqqəti cəlb edir. Poemada Diridağın mənəvi zənginliyini bir övlad məhəbbəti ilə qələmə alan şair, bu yerləri poetikcəsinə oxucuya sevdirə bilir. Şair təsvir-təhkiyə yolu ilə bu yerlərin adlarını birər-birər xatırlayır, yeri gələndə tərənnüm üsulu ilə o yerlərin adi bir daşını da şeirə gətirir.
«Tüləngi və Sülənginin nağılı», «Kələkbazla tamahkar» kimi epik əsərləri də ağız ədəbiyyatının təsiri altında yazılmış maraqlı mənzum hekayələrdir.
«Heydərqulu baba» adlı poeması isə şıx övladı, mömin, halal bir insanın göstərdiyi igidlik haqqındadır. Şair bu şıx övladının başına gələnləri məhəbbətlə qələmə alır. Öz qəhrəmanını yaxşılıq, xeyirxahlıq, igidlik timsalı kimi oxucuya sevdirir. Poemanın sonunda yaxşı əməllərin ölməzliyindən danışan şair, öz qəhrəmanını gələcək nəsillərə örnək kimi təqdim edir:
Möcüzəydi hər işi,
Beləydi bu şıx kişi.
Unutmasın eşidən,
Bir ad qalır kişidən.
Kitabdakı sonuncu epik əsəri nəsr nümunəsi olan «Vəfasız Səriyyə, yaxud vəfalı it» adlı hekayəsidir. Maraqlı kompazisiya və süjet xəttinə malik olan bu hekayə, şübhəsiz ki, öz oxucusunu çox məmnun edəcək.
S.Bilal uşaqları da unutmamış, bu gül balaların çoxuna şeir həsr etmişdir. Bu da onun uşaqlara olan sevgisindən irəli gəlir. Şair bu şeirlərin çoxunda gənc nəslə əxlaq dərsi verir, onları düzlüyə, halallığa, maarifə səsləyir. «Yaşa, Tural» şeirində də bu, öz əksini tapır:
…Öyüdlərə diqqət kəsil,
Qoy öyrənsin gələn nəsil.
Elmi öyrən yorulmadan,
Elmsiz kəs olar nadan.
Allahını, elini sev,
Vətənini, dilini sev.
İnsaflı ol, haqqı tanı,
Adın bəzəsin dünyanı.
«Ruha dönmüşlər». Sonuncu bölüm belə adlanır. Bu bö-lümdəki şeirlərində S.Bilal dünyasını vaxtlı-vaxtsız dəyişmiş əzizlərini, ellilərini yad edir, şeir dili ilə xatırlayır, sanki onlara öz şeiri ilə yas saxlayır. Əfsuslar olsun ki, bu bölümdəki şeirlərin çoxu poetik deyim tərzinin zəifliyinə görə seçilir. Bu şeirlərdə Sofu Bilal daha çox mərsiyəçi təsiri bağışlayır.
Ümumiyyətlə isə, dərd S.Bilal yaradıcılığının ana xəttini təşkil edir. O dərdin özündən doğulub S.Bilal. Dərdi bir ana ki-mi sevir, bu sevgidən ilhamlanır. Çap olunan bu iki kitabı da elə qəm notlarıdır. Çox istərdim ki, gələcəkdə nikbin ruhlu şeirləri ilə bizi sevindirsin. Axı «Ağlamadı balan, canım!» – deyən şairin daha bədbin ovqatda qalmağa haqqı yoxdur. Çünki o, hələ indən belə neçə-neçə yazılacaq kitabların müəllifinə çevriləcək. Hər biri də bir övlad əvəzi.
Bu yolda Allah ona yardımçı olsun!
3. ŞEİRLƏRİNDƏN BAXAN ŞAİR
Bu kitabdakı şeirlərin əlyazmasını əldə edəndə, doğrusu, gizli bir sevinc yaşadım. Çap olunmasına maraqlı olduğum bu şeirlərin ilk oxucusu kimi Sofu Bilal yaradıcılığı haqqnıda yazmaq olduqca ürəyimcədir.
Sofu Bilal heç vaxt dərc olunmağa can atmayıb:
Şeir vurğunuyam, danmıram, bəli,
Şairliyə olmamışam hikkəli.
– deyən şair tanışlıqdan və münasibətdən heç vaxt ya-rınmayıb.
Gözlərində tamahkarlığın, riyakarlığın, fırıldağın kölgəsi belə görünməyən bu yaradıcı insanın düzlüyündən və halallığından geniş söz açmağa ehtiyac duymuram. Çünki mayası düzlükdən yoğrulan bu el şairinin ata-babası nəsilbənəsil sofu olmuşdur. Sofuluq babası Sofu Fərəcə Mazan Nənə pirində verilmiş, atası və qardaşları: Fərəc və Rzadan sonra o, bu yolun layiqli davamçısı olmuşdur. «Sofu» adına olan inamdan və məhəbbətdəndir ki, o, bu adı özünə təxəllüs götürmüş və sözüylə şəxsiyyətini tamamlayacaq tərzdə yaradıcılığında da bu ada sadiq qalmışdır:
Bənövşəyə toxunma, yad!
Ceyranıma dəymə, səyyad!
Mənimkidir «Sofu» soyad,
Bu yolda ovsun eylərəm,
Sən ölməzsən, mən ölərəm!
Ruh olub göydən gələrəm!
Əfsuslar olsun ki, onun da taleyinə qaçqınlıq, didərginlik yazıldı. İndi heç kimə yük olmadan sakit bir guşədə düz 40 il ömür-gün yoldaşı olduğu Gülnaz xanımla baş-başa verib yaşayır.
Verdiyi ömrə görə Allahına şükürlər edir, Mazan Nənə türbəsini, Xudafərin körpülərini, dünyasını vaxtsız dəyişmiş əzizlərini və didərgin düşmüş ellilərini şeirə gətirir:
Fələk bacardığın etdi bizlərə:
Ley vurmuş cücətək səpdi düzlərə.
Təsirlidir, deyilmi? Bu misraları ürəyi Vətənçün, el üçün çırpınan Sofu Bilal deyə bilərdi, dedi də!
Sofu Bilal şeirləri bədahətən süzülüb gəlir. Bu şeirlərin oxucu qəlbini riqqətə gətirən sirri də elə bundadır:
Ey dost, gülməyimə baxıb aldanma,
Yaramtək yaranı nizə yaralar.
Ürəyimdə bir-birinə qarışıb,
Köhnə yaralarla təzə yaralar.
Əfsuslar olsun ki, Sofu Bilal lirikasının çox hissəsini bədbin şeirlər tutur. Bu da təbiidir. Çünki doğmalarını, əzizlərini və ən əsası, Vətənini itirib «meydanda tək qalan» bir insan ancaq belə yaza bilərdi:
Niyə belə tutulmusan,
Qəm havası çalan canım?
Bütün nəsli itirərək,
Meydanda tək qalan canım.
…Diri dağda elin qaldı,
Bağın, bağçan, gülün qaldı.
Torpaq altda ölün qaldı,
Ağlamadı balan, canım!
Bu və buna bənzər şeirlərində kədərin özündən doğan bir hissə qapılırsa da, hikmətli beytlərinin birində o, müdrik bir şair kimi çıxış edir:
Nakamlıq kişiyə deyildir töhmət,
Töhmət nadanlarçün yaranmış, əlbət.
Şifahi xalq ədəbiyyatının qoşma, gəraylı, baytı janrlarına müraciət etsə də, hərdən mənzum hekayələr yazsa da, hətta qələmini nəsrdə sınasa da, Sofu Bilal daha çox dini mövzuları şeirə gətirir. Bu, onun paklığından, halallığından, ən əsası, Allah sevgisindən irəli gəlir:
İdeal bir insan yoxdur dünyada,
İdeal varlıq var: Allahdır o da!
O ideal varlığa – Allaha tapınıb güşəgərlik edən Sofu Bilal dini mövzuda yazdığı şeirləri ilə, bir növ islam təbliğatçısı təsiri bağışlayır:
Nəbilər çıxıbdır insan içindən,
Ən uca tuturam Məhəmmədi mən.
Epik əsərlərində isə Sofu Bilal daha çox nikbin şair təsiri bağışlayır. Folklordan – ağız ədəbiyyatından, xüsusən sinəsi bayatılı, sözlü, dastanlı atasından bəhrələnən Sofu Bilal «Söz yarası», «Haqqalanla Haqverməzin nağılı», «Qəlyanboğaz və arvadı» adlı epik əsərlərində, bir növ lirik şeirlərindəki didaktik fikirlərini ümumiləşdirmişdir. Bu baxımdan «Söz yarası» poeması daha xarakterikdir.
Əsərin əsas qəhrəmanı Xankişi, ilk baxışdan zəif melodrama qəhrəmanlarını xatırladır. O yalnız özünü düşünür. Öz yoldaşlarından: Məmişdən və Dadaşdan fərqli olaraq, Xankişi Mazan Nənə pirində başqa niyyət edib yatır: təki qarnı dolsun!
Şair əsərin bu yerlərində bədii bir priyoma əl atır: Xankişini yuxusuna girən mələyin diqtəsi ilə meşəyə göndərir. Xankişi odun qırıb satmaq fikrinə düşür.
Sofu Bilal burada əsərə ikinci bir ideya gətirir: dostluqda sədaqətlilik. O, bununla öz qəhrəmanına sanki bir şans da verir, insan övladının nadanlığına acıyaraq onu islah etmək fikrinə düşür: onu ayı ilə dostlaşdırır. Bu dostluqda müqayisəyə dözə bilməyən Xankişi əsərin sonunda özünü öldürür.
Şair əsərin sonunda «Qozbeli qəbir düzəldər» ideyasına yaxın olsa da, son ayaqda qəhrəmanını öz səhvini başa düşən bir insan səviyyəsinə qaldırır.
Göründüyü kimi, Xankişi mürəkkəb psixoloji xarakterə malik olan bir obraz deyil. Onda mübaliğə dərəcəsinə çat-dırılmış bircə xasiyyət var: qarınqululuq. Bu xarakteri ilə Xankişi kiçik həcmli yüngül vodevil qəhrəmanını xatırlatsa da, günahlarını yumaq istədiyi intiharı ilə poema qəhrəmanı səviyyəsinə yüksəlir.
Folklordan orijinalcasına bəhrələnən Sofu Bilal əsəri sadə bir dildə – xalq danışıq tərzində yazdığı üçün daha da oxunaqlı etmişdir.
Su içdiyi bulağa hörmətlə səcdə edən bu el şairinin «Söz yarası» poeması Diri dağı haqqında yazılmış ilk poetik abidə kimi də qiymətlidir.
Dostluqda sədaqətlilik, düzlük, halallıq hisləri aşılayan bu əsərin oxucuların da könlünü oxşayacağı fikrindəyəm.
Sofu Bilal şəxsiyyəti ilə yaradıcılığı arasında elə bir təzad görmürəm. O, hər şeyi öz donunda qələmə alır: ağı ağ, qaranı qara. Onda ortaq münasibət tərzi yoxdur. Çünki o, ürəyini şeirə köçürür. Odur ki, əziz oxucu, onun şeirini sakit və aramla oxumağa çalış. O zaman bu şeirlər sənə başı bəlalar çəkmiş bir insanın könül pıçıltıları, ürək məktubları təsiri bağışlayacaq. Bax, onda bu şeirlərdən baxan səmimi və narahat bir şair obrazı görəcəksən. Salam ver, cavabsız qoymaz!
4. DİLİ DUALI ŞAİR
Bütün yaradıcılığı boyu atası Sofu Usuba həsr etdiyi «İlan ocağı»ndan sonra bu, Sofu Bilalın real insan haqqında yazdığı növbəti kitabıdır. Əsərin qəhrəmanı Cəbrayıl rayonunun sevilən-seçilən oğullarından biri – «Xudafərin» şadlıq sarayının direktoru Səyavuş Yusif oğlu Əsgərovdur.
S.Bilal öz qəhrəmanını 2005-ci ildən tanıyır. Bu tanışlıq xoş bir günə təsadüf edir. Onda «Xudafərin» şadlıq sarayında S.Bilalın 65 yaşı qeyd olunurdu. Elə o vaxtdan da Səyavuş bəy S.Bilalın qəlbində özünə yer eləmişdi. O, bunu əsərin bir yerində belə xatırlayır:
Mənim məclisimi zənginləşdirdi,
Qəlbini qəlbimlə o, birləşdirdi.
Qəlbini sevdiyi insanın qəlbi ilə «birləşdirən» insan haqqında belə bir gözəl əsər yazmaq çox təbiidir.
Məlum olur ki, əsərin qəhrəmanının adı təkcə Nizami rayon sakinldərinə, təkcə cəbrayıllılara doğma deyil. Onu daha geniş xalq kütləsi tanıyır. Gözdən, qulaqdan uzaq olan yerlərdə onun adı hörmətlə çəkilir, haqqında xoş sözlər söylənilir, xeyriyyəçiliyindən ağız dolusu danışılır.
Şair öz qəhrəmanının real həyatını qələmə alır. Cəbrayıllıların bu el oğlu ilə haqlı olaraq fəxr elədiyini alqışlayır. Onlardan biri kimi öz qəhrəmanının xoş əməllərindən söz açır. Onun zəhmətsevərliyindən, halallığından, əliaçıqlığından yazarkən sanki qürur hissi keçirir:
Belə davam elə, əziz Səyavuş,
Niyyəti halallar olmalı xamuş…
Mən demək istədim, sözün qısası,
Boş qalmaz halalın ruzi kasası.
Sol əllə verənlər, sağ əllə alar,
Xəsisin gəliri müdam qısalar.
Şair daha sonra öz qəhrəmanının xeyriyyəçiliyindən, xoş əməllərindən söz açır:
Çox vaxt şefliyini sanki unutdu,
Neçə imkansızın əlindən tutdu.
Kasıbın toyunda güzəştlər etdi,
Toya gələn hamı gülərüz getdi.
Belə səmimi misralarla şair sanki öz qəhrəmanına xeyriyyəçi heykəli qoyur.
Elə bu səmimiyyətdəndir ki, şair öz qəhrəmanının zəngin daxili dünyasına baş vurur, onun gizli əzabını da şeirə gətirir. Onu dostluqda vəfalı, sədaqətli bir obraz kimi oxucuya sevdirir:
Dostsuz kişi bir sahibsiz daxmadı,
Yüz gün gözlə, ordan kimsə çıxmadı – deyən şair çəkdiyi bu gizli əzaba görə sanki ona haqq qazandırır, onunla həmsöhbət olur. Təvəkkül adlı dostunu itirən qəhrəmanını dərd dilləndirir:
Nə çoxdur namərd, nakəs,
Əzrayıl görmədi bəs?!
Dura-dura filankəs,
Sən niyə ölməliydin?!
Qəhrəmanına təskinlik verən şair daha nikbin düşüncələrlə əsərini tamamlayır: «Dirili Qurbani» məclisinə göstərdiyi təmənnasız qayğıdan ürək dolusu söz açır və nəhayət, belə qənaətə gəlir:
Yox, əldən tutmağı bitmir bununla,
Tanıyanlar fəxr eləyir onunla.
Xeyriyyəçi olmaq onun canında,
Zatından, kökündən gəlib qanında.
Sofu Bilal qəhrəmanının qurub-yaratmaq əzmində, istəyində olduğunu alqışlayır. Atası Sofu Usub kimi dili dualı olan S.Bilal bu işdə ona Rəbbindən kömək diləyir. Əsər şairin öz qəhrəmanına xeyir-duası ilə bitir:
Kömək ol, Səyavuş çatsın məqsədə,
İstərəm bu arzum versin səs-səda.
Sofunun Rəbbindən budur istəyi:
Öz dostutək bilsin Səyavuş bəyi!
Bundan sonra bizə ancaq bir şeyi əlavə eləmək qalır: Amin!
Sahib Abdullayev,
«Xudafərin» qəzetinin baş redaktoru
SONRAKI TƏƏSSÜFLƏRİN GÖYNƏRTİSİ
Bəzən insan ağrı-acılarıyla yerlə göyün arasında qalanda, bir dizibükülməzin od püskürən quyudan çıxmaq istərkən kəndirinin namərdlərin əli ilə kəsilməsini görəndə düşdüyü fikir, düşüncə labirintindən qurtulmaq üçün Ari-adına sapını tapmaq ümidi çiliklənəndə, nadanın aqilə dərs verdiyini görüb içi tüstülənəndə, qara qoçun ağ qoçu qabağına qatıb döşlədiyini «seyr» edəndə, allahsızlıqların dördnala çapdığını görəndə, nadanlıqların, naqisliklərin, qeyrətsizliklərin kökünü baltalamaq cəhdi Sizif əzabına dönəndə içi işıqlı, mənəviyyatı, ruhu nura bələnmiş bir iman sahibi ilə, adilliyi ruhuna hakim kəsilmiş, aqilliyi ahənrüba olub səni özünə çəkən bir kəslə ünsiyyətdə olmaq, təmasda bulunmaq istəyindən yaxa qurtara bilmir. Və belələri ilə diz-dizə oturub dərdləşəndə, yaşantılarının inikaslarını bölüşəndə onda insanın bütün vücudunda heç bir izaha, heç bir şərhə yalman tumarlatmayan bir rahatlıq təcalla tapır və onda katarsis – mənəvi təmizlənmə prosesi ayaq tutub yeriyir. Bax, bu vaxt insan idbarlıqda gözəllik, çirkinlikdə qəşənglik çalarları tapa bilir və bu zaman hər şey gülə, çiçəyə dönür, dünya məhəbbət qoxuyur.
Belə işıqlı, bu boz-bozaraq dünyanı məhəbbət qoxumağa «vadar» edən İNSANlardan biri də cəbrayıllıların yaxşı tanıdığı, iman sahibi olan rəhmətlik Sofu Usub idi. Mən uşaqlıq və yeniyetməlik xatirələrimin kələfini çözələdikcə Sofu Usub və onun şahidi olduğum möcüzələri bir mənzərə miniatürünün ayrı-ayrı kadrları kimi gözlərim önündən gəlib keçir həmişə.
Sofu Usub yurdda haqq dünyasına qovuşan bəxtəvər-lərdəndir. Onun oğul yadigarı, Sofu Usub müdrikliyinin, Sofu Usub böyüklüyünün, Sofu Usub möcüzəçiliyinin daşıyıcısı Sofu Bilal isə Allahına tapınıb yazıq-yazıq közərən bir ümiddən bəhrələnən inamın ətəyindən dördəlli yapışıb yaşıllığına əl çatmayan, ün yetməyən bir adaya dönmüş yurdlu – Mazannənəli, Diri dağlı günlərinin xatirə kələfini çözələyir, Bakının ucqar, əl-ayaqdan kənar bir guşəsində…
…Bu günlərdə şəxsiyyətinə və yaradıcılığına böyük rəğbət bəslədiyim şair Məmməd Əlinin «Xudafərin» qəzetinin oxucularına ünvanladığı məktubunu içim göynəyə-göynəyə oxudum: axı qələmlə az-çox aşinalığı olan bizlər niyə Sofu Bilal kimi qənimət adamları axtarıb-aramırıq, onlardan niyə bəhrələnmirik? Axı heç nə, heç kəs əbədiyaşar deyil. Əlahəzrət Zamanın müəyyən dönəmindən sonra əldən verdiklərimizdən bəhrələnən təəssüf hisslərinin göynərtisindən yaxa qurtara bilməyəcəyik, Vallah!
15.07.2007-ci il
Nəriman Mahmud
yazıçı-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
“SAĞLIĞINDA QİYMƏT VERƏK
İNSANLARA…”
Cəmiyyət təlatümlü dənizdir: çalxalanır, dalğalanır, kükrəyir, titrəyir, altı üstünə, üstü altına çevrilir, burulur, bulanır, durulur və… Və nəticədə onun haqqında ümumi, amma eyni zamanda tam aşkar təsəvvür yaranır. Bu təlatümlər, kataklizmlər bütövlükdə cəmiyyəti olduğu kimi göstərir. İnsan isə fərd olaraq bir növ aysberqə bənzəyir. Görünən tərəfləri də var, görünməyən tərəfləri də. Təbii ki, hər iki tərəfdə müsbət keyfiyyət və mənfi cəhətlərin olması mümkündür. Və razılaşmaq lazımdır ki, mənfiliklərin çoxu “aysberqin” görünməyən tərəfində yurd-yuva salır özünə. Ancaq alt qatında müsbət keyfiyyətlərin məskunlaşmasına az təsadüf edilir. Xarakterdəki mənfi çalarlardan fərqli olaraq hamı gizlədə bilmir özünün müsbət çalarlarını. Amma bunu gizlətməyi də, görməyi də bacaranlar var. Elə şair Sofu Bilal və onun “Yurd oğlu” kitabının qəhrəmanı Səyavuş Əsgərov kimi. Bəs Sofu Bilal kimdir?
Sofu Bilal Cəbrayılda məşhur olan Sofu Fərəc nəslinin layiqli davamçısı, elinin, obasının ağsaqqalı və eyni zamanda iman və inam yeri olan Sofu Usubun oğludur. O Sofu Usubun ki işıqlı çöhrəsi, nurani baxışları indi də çoxlarının gözü önündən getməyib. Doğmalarını itirə-itirə gələn Sofu Bilal bu nəslin yeganə yadigarıdır. Nəslinin özündən əvvəlki nümayəndələri kimi insanlara qiymət verməyi bacaran, onların yaxşılıqlarını, müsbət keyfiyyətlərini vaxtında dəyərləndirən KİŞİdir Sofu Bilal. Özü qəhrəmanına, qəhrəmanı da özünə bənzəyir. Kitabda şair öz qəhrəmanının real həyatını qələmə alır. Səmimi misralarla sanki öz qəhrəmanına xeyriyyəçi heykəli qoyur. Onun zəngin daxili dünyasına baş vurur, gizli əzabını nəzmə çəkir. Görünən tərəfi ilə yanaşı, görünməyən tərəfinin də yaxşılıqlarla, xeyirxahlıqlarla zəngin olduğunu üzə çıxarır. Onu dostluqda sədaqətli bir obraz kimi oxucuya sevdirir. Dirili Qurbani Məclisinə göstərdiyi təmənnasız qayğıdan da söz açılır “Yurd oğlu”nda.
Bəs Sofunun qəhrəmanı kimdir? Cəbrayılın sevilib-seçilən oğullarından olan Səyavuş Əsgərov “Xudafərin” şadlıq sarayının direktorudur. Adı həmişə və hər yerdə hörmətlə çəkilir. Hamı onun xeyriyyəçiliyindən, ehtiyacı olanlara əl tutmasından danışır. Kitabın əsas qayəsini də elə yüksək insani keyfiyyətləri ilə fərqlənən, mənəvi-əxlaqi dəyərlərə önəm verən, elmə, alimə, sənətə, sənətkara böyük hörmət bəsləyən Səyavuş Əsgərovun səmimi tərənnümü təşkil edir. Sofu Bilal öz qəhrəmanını vətənpərvərlik, mərdlik, qeyrət, mənəviyyat, ədalət simvoluna çevirərək, bu kimi dəyərlərin hər şeydən yüksəkdə dayandığını, dayanmalı olduğunu oxucularına aşılayır. Xeyir-xahlıq, möhkəm iradə, təmkinlilik, müdriklik onun qəhrəmanını səciyyələndirən əsas əlamətlərdir.
Bəli, insanları sağlığında qiymətləndirmək lazımdır. Əfsuslar olsun ki, çox vaxt insan yalnız o dünyaya köç edəndən sonra min cür mədhiyyələr söyləyirik ardınca. Əlbəttə, mən şübhə etmirəm ki, Səyavuş müəllim mədhiyyəni sevmir. Heç ehtiyacı da yoxdur buna. Müqəddəslərimizdən qalan bir kəlamın onun həyat amalına çevrildiyini də bilirəm. Söhbət “sağ əlin verdiyini sol əl bilməməlidir” kəlamından gedir. Amma kim nə deyir desin, insan övladı ona verilən qiyməti hiss edəndə xeyirxahlığı birə beş artır. Bu mənada Sofu Bilalın “Yurd oğlu” kitabı alqışa layiqdir. Və təbii ki, bunun özü də xeyirxahlıqdır, ən azı xeyriyyəçiliyin ilhamvericisidir.
Qarabağın işğalı hamımız kimi, S.Bilalın qəhrəmanına da dərd gətirib, fəqət sınmayıb, ruhdan düşməyib. İnanıb ki, yalnız xeyirxah əməllərlə Vətənin yaralarını sağaltmaq olar. Bu inamın arxasınca “Xudafərin” şadlıq sarayını yaradıb. Yaradıb ki, sınaq dövrünün çətinliklərini yaşayan kimsəsizlərə, şəhid ailələrinə əl tuta bilsin. İndi onun rəhbərlik etdiyi “Xudafərin”də çoxlu sayda işsiz öz ruzisini tapıb. Qayğılar içində boğulan məmləkətin yaradıcı potensiala malik istedadlı şəxsləri də Səyavuş Əsgərovu daim qayğılandıran məsələlərdən biridir. O, belə hesab edir ki, Vətənimizin sabahı yaradıcı insanların əlindədir və onlara xüsusi diqqət tələb olunur. Belə adamları həmişə, həm də vaxtında dəyərləndirmək lazımdır. Elə Sofu Bilalın özü kimi.
“Nəbz” qəzeti № 20 (710),
24.05.2008
Hidayət Musabəyli
M.Mehdizadə adına və
«Qızıl qələm» mükafatları laureatı,
Respublikanın Təhsil Əlaçısı
1. SOFU BİLAL – DAĞ ÇEŞMƏSİ
Mən və mənim kimi bir çox ziyalının «Sofu Baba» deyə müraciət etdiyi Sofu Bilal kimdir?
Qısa və tam olmayan bu sualın cavabı belədir: «Söz yarası», «İlan ocağı», «Mən», «Sofu sözü», «Dərdsiz dünyam boşdur mənim», «Qürbətin xofu», «Dağım girdi yuxuma» kitablarının müəllifidir. Lakin mən Sofu Bilalı yetkin bir şəxsiyyət kimi, fəzilətlər sahibi kimi, sözün həqiqi mənasında, bir ruhani kimi – tanıdığım kimi tanıtmaq istədim.
Sofu Bilal bir dağ çeşməsidir. Büllur, saf, qəlblərə sərinlik gətirən bir çeşmə!
Sofu Bilal aşiqdir! Torpaq, Vətən, yurd aşiqi! O, müqəddəs torpaqları və yerləri – Diri dağı, Mazan Nənəni, Hacı Qaraman ocağını, Xudafərin körpüsünü, Sofu ocağını ilk növbədə, öz qəlbinə, ruhuna, sonra isə əsərlərində tarixin yaddaşına köçürən, sevdirən və sevən bir aşiq!
Sofu Bilal güc, qüvvət, dözümlülük mücəssiməsidir. Əgər belə olmasaydı, bu qədər əzablara, dərdlərə dözə bilməzdi. «Dərdlərimin dərdi varmış» – deyən şair bu dərdlərə vurulur, onu sevir, ona bağlanır. «Tanrı dərdi çəkənə verir» əqidəsində olan Sofu bunu Allah sevgisi kimi qəbul edir. Lakin «şeytan əməli olan», ruhunu cismindən ayıran «didərginlik dərdi məni yordu» – söyləyir.
Sofu Bilal mənəviyyatı fəzilətlərlə dolu olan bir ruhdur. Sözün həqiqi mənasında, mən onu ruhani kimi tanıdım. Tanrıya sonsuz sevgilərlə yaşayan bu insan Haqq yolçusudur. Dili dualı olan bu insanın əlləri Haqqa doğru uzanıb. Qəlbi saf, pak və təmiz olan bu kişini dost sevincinə ağlayan görmüşəm. Odur ki, deyirəm: Sevincdən doğan göz yaşları yanaqlarına axsın! Sifətinə nur yayılsın həmişə!
Sofu Bilal 70 yaşlı müdrik qocadır: öz nəsihətləri ilə, hik-mətləri ilə. Öz əməlləri, münasibətləri ilə! Odur ki, «70 yaşın mübarək olsun!» – deyirəm.
Sofu Bilal zəngin mənəviyyat sahibidir. Yalan danışmaq, paxıllıq, nankorluq, xudpəsəndlik, dosta xəyanət, riyakarlıq kimi qəbahətlər onun təbiətinə yaddır. Sofu Bilaldakı bu paklığın, münisliyin, kamilliyin, müdrikliyin mənbəyini, səbəbini axtardım. Hardandı Sofu Babadakı bu ilhamın qaynağı, həyat eşqi, müdriklik?!. Gəldiyim qənaət belə oldu: İlk əvvəl doğulduğu torpaq! Cəbrayıl torpağı. Tanrının sevimli mələklərindən birinin adını daşıyan bu torpaq müqəddəsdir. İnsan torpağın məhsuludur. Torpaqdan yaranır, torpağa da çevrilir. Azərbaycanımızın ərazicə ən kiçik bölgələrindən olan Cəbrayılda müqəddəs yerlər, ziyarətgahlar daha çoxdur: Diri dağ, Mazan Nənə, Hacı Qaraman ocağı və s. kimi.
İkinci mənbə – səbəb: qor götürdüyü, boy atdığı ocaq. Sofu Fərəc, Sofu Usub ocağı!..
Üçüncü əsas səbəb – Tanrı sevgisi, bu sevgidən doğan vergi, bir də Tanrının yazdığı tale yolu!
Behiştə uzanan, sonsuz səmalardan keçən tale yollarında bizə ancaq ona uğurlar diləmək qalır!
Yolun uğurlu olsun!
Qəlbin nurla dolsun, Sofu Bilal!
2. SOYKÖKÜNƏ BAĞLI ŞAİR
Sofu Bilalın imzası oxuculara yaxşı tanışdır. İndiyə qədər onun «Söz yarası», «İlan ocağı», «Mən» adlı üç kitabı işıq üzü görüb.
«Sofu sözü» adlanır Sofu Bilalın dördüncü kitabı. Kitabın «Sofu sözü» adlandırılması təsadüfi deyil. Sofu Usub ideyalarından doğdu bu kitab. Sofu Bilal öz kökünə, soy-kökünə bağlı insandır, bir qələm sahibidir. Bir bayatısında deyildiyi kimi:
Sofu laldı sinəmdə,
Sozü baldı sinəmdə,
Dərdimin birin dedim,
Mini qaldı sinəmdə.
Müəllif burada Sofu dedikdə Sofu Usub irsini, Sofu Usub ideyalarını nəzərdə tutur.
Sofu Bilal öz insanlıq borcunu, Ulu Tanrıya sevgisini, Ulu Tanrının yaratdığı Sofu ocağının, müqəddəs yerlərin, o cümlədən Mazan Nənənin, Diri dağın təsvirində və təbliğində görür.
Sofu Bilal yaradıcılığının əsas qayəsini təşkil edən Diri dağ, Mazan nənə pirlərini, Sofu ocağını, Xudafərin körpüsünü, Xan Arazı daim qəlbində yaşadan, bu müqəddəslərlə qovuşmaq həsrətiylə yaşayanlardan biri də Səyavuş Əsgərovdur. Rəhbərlik etdiyi şadlıq sarayının «Xudafərin» adlandırılması da bu məhəbbətin, bu sevginin bariz nümunəsidir. Röyalarda da Səyavuş müəllim həmişə o yerləri görür, o müqəddəs ruhların böyüklüyünə inanır, o yerlərə qayıdacağımıza inanır.
Siyavuş Əsgərovla Sofu Bilalı da bir-birinə bağlayan, bir-birinə yaxınlaşdıran o sevgi, o dərd, o həsrətdir. Bu səbəbdən də Siyavuş Əsgərov Sofu Bilalın kitablarının işıq üzü görməsinə daim diqqətlə yanaşır. Odur ki, «Sofu sözü» kitabının nəşrinə göstərdiyi maddi və mənəvi dəstəyə görə müəllif adından və nəşriyyat kollektivi adından öz minnətdarlığımızı bildiririk.
3. SÖZÜNƏ GÜVƏNƏN ŞAİR
Sofu Bilalın imzası oxuculara yaxşı tanışdır. «Söz yarası», «İlan ocağı», «Sofu sözü», «Mən», «Yurd oğlu», «Dərdsiz dünyam boşdur mənim», «Bu dünya bərədir» kitablarının müəl-lifidir.
Bundan əvvəlki kitablar kimi əlimizdə olan «Qürbətin xofu» kitabı da, şübhə etmirik ki, oxucular tərəfindən rəğbətlə qarşılanacaq, sevilə-sevilə oxunacaq, əldən-ələ gəzəcək, yeni-yeni pərəstişkarlar tapacaq.
Bu kitabda Sofu Bilal səninlə səmimi danışır, dərdləşir, yüngülləşir. O, səni həmişə özünə arxa, dayaq, güvənc yeri sanır, əziz oxucu.
«Dərdsiz dünyam boşdur mənim» – deyən şair ümummilli dərdləri böyük mənəvi yük hesab edir. «Tanrı dərdi çəkənə verir» fikrini öz ideyaları ilə müdafiə edir. Acizləri, cılızları dərd əyir, belini bükür. Onun aləmində dərdsiz adam olmur. Arsız adam olur. Sofu Bilal Füzuli sayağı dərdə mübtəla olduqca böyüyür. Başqaları üçün çəkilməz əzaba çevrilən dərd ona daha da doğmalaşır. Sofu Bilalı yaradan dərd təbibin da-vasına qalib olan dərddir. O, bu dərdin havasına, cövri-cəfasına «qol açıb oynayır»:
Ah kəsir nəfəsimi,
Qəhər tutur səsimi.
Dərd alıb öz əlinə,
Yaşamaq həvəsimi.
Mən dözürdüm dərdimin
hər cövri-cəfasına,
«Qol açıb oynayırdım»,
dərdimin havasına,
Təbiblərin dəvası,
dərdə qalib olmadı,
Dərdlərim qalib oldu,
təbibin dəvasına.
Sofu Bilal yaradıcılığında oxucunu özünə çəkən, bağlayan cəhətlərdən biri xalq ruhunda yazmasıdır. Torpaq, yurd dərdini, həsrətini necə gözəl ifadə edir:
Olaydı Qumlaq,
O doğma torpaq,
Yeniyetmələr
Ataydı şıllaq.
Bu səbəbdən də Sofu Bilal yazılı əbədiyyatda çox az istifadə olunan «beşlik» şeir formasına müraciət edir:
Olaydı çayım,
Dayan bir sayım,
Neçəsi qalıb
Yaşdaşım, tayım.
Torpağın, yurdun, ocağın şirinliyini sadə xalq dilində, xalq ruhunda necə də gözəl ifadə edir:
Olaydı kəndim,
O bərəm, bəndim,
Kəndimin otu –
Şəkərim, qəndim.
Sofu Bilal öz yaradıcılığında son dərəcə səmimidir. Həyatın təzadlarını necə sadə bir dildə, «Mən desəm də, sən inanma» – deməklə oxucuya çatdırır və inandırır:
Kor əlində çıraq gördüm,
Keçəllərdə daraq gördüm,
Ağılsızda maraq gördüm,
Mən desəm də, sən inanma!
Və yaxud:
Dostu dostdan iraq gördüm,
Çay yanını quraq gördüm,
Göz yaşını bulaq gördüm,
Mən desəm də, sən inanma!
Müəllif bu dəfə Sofusevərlərin görüşünə həcmcə çox da böyük olmayan, lakin poetik fikirlər və duyğularla, mənəvi dəyərlərlə yüklənmiş şeirlərlə gəlib. Odur ki, dəyərli oxucuları-mızı «Qürbətin xofu» ilə üz-üzə qoyur və səmimi söhbətləşməsini istəyirik.
Əziz oxucular! Sizin səlahiyyətlərinizə toxunmaq fikrimiz yoxdur. Buyurun söhbətləşin. Münasibətlərinizi, fikir və mülahizələrini özünüz bildirin.
Hacı Seyid Həsən (Sobulu),
İslamşünas
SOFU BİLAL YARADICILIĞINA BİR NƏZƏR
Bismillahir-rəhmanir-rəhim.
Sofu Bilal. Kimdir bu şəxs? Müqəddəs ocaq sahibi müdrik insan, gözəl təbə malik şair, «Aşıq Qurbani» məclisinin ağsaqqal üzvü.
Bilal Yusif oğlu Rzayev (Sofu Bilal) 1940-cı ildə Azər-baycanın dilbər guşələrindən biri olan Cəbrayıl rayonunun Qumlaq kəndində dünyaya göz açıb. Kiçik yaşlarından saz-söz vurğunu olan Sofu Bilal klassik aşıq şeirinin bütün növlərindən bəhrələnərək gözəl gəraylılar, qoşmalar, təcnislər, divanilər və s. yarartmaqla öz oxucularının qəlbinə yol tapmışdır.
«Söz yarası» Sofu Bilalın ilk kitabıdır. Oxucular tərəfindən böyük rəğbətlə qarşılanan ilk şeir toplusundan sonra şairin «İlan ocağı», «Mən», «Sofu sözü», «Yurd oğlu» kitabları çap olunub oxucuların ixtiyarına verilmişdir. Sofu Bilalın bu kitablarından əlavə «Dərdsiz dünyam boşdur mənim» kitabı da qiymətli sənət incilərindəndir. Bu kitab 7 bölümdən təşkil olunmuş maraqlı bir topludur. Şair bu kitabının birinci bölü-mündəki «Dərdimin soy adı Azərbaycandır» şeiri diqqəti daha çox cəlb edir. Şair bu şeirində bütün oxucularını doğma vətəni sevməyə, torpağını göz bəbəyi kimi qorumağa, lazım gəlsə, hətta canından belə keçməyə səsləyir:
Bir dərdim nəfəsdi, bir dərdim qandı,
Dərdimin soy adı, Azərbaycandı!
Bir dərdim ruhumdu, bir dərdim candı,
Ruhumun qanadı, Azərbaycandı!
Şairin bu şeiri mənə Peyğəmbər (s) bir hədisini xatırlatdı. Həzrət Peyğəmbər (s) buyurub: «Vətəni sevmək imandandır». Şair də bu şeirini bütövlükdə vətən sevgisinə həsr edib:
Bir gün eşidərlər, Sofu ta yandı,
Dərdi bir tayadı – Azərbaycandı!
Sofu Bilal «Vermərəm» rədifli şeirində öz doğulduğu kəndi, boya-başa çatdığı ata yurdunu tərənnüm edərək yazır:
Canım elə bağlıdır ki, kəndimə,
Havasını min dərmana vermərəm.
Ora gözəl, bura cənnət gəl demə,
Bir dərəmi yüz ormana vermərəm.
Sofu Bilal həm də haqq aşiqidir. Gözəl təbə malik olan şair müqəddəs İslam dininin əsaslarını qələmə alaraq oxucularına çatdırır. Şair «Dərdsiz dünyam boşdur mənim» kitabının bir fəslini sırf dini şeirləri üçün ayırıb. «Yeddi qatdır bu aləm» şeirində şair Rəhman və Rəhim olan Allahın adı ilə başlayaraq yazır:
Allah – özəl adı, Rəhim və Rəhman,
Rəhmi özü boyda, Salim, Mehriban.
Mən onun adıyla götürdüm qələm,
Əkbərdi, Əlhəmdi, Kərimi-Sübhan.
Hər işdə əli var, hər yerdə izi,
Acizəm tərifə O misilsizi.
Bir neçə qeydimi yazmaqdan ötrü
Səcdəyə qoyuram baş ilə dizi.
Şair bu şeirində yeddi qatın hər birisi haqda məlumat verir, sonra dünyanın altı gündə yaranmasından söhbət açır və bu dünyanın yaranmasından məqsəd Həzrəti Məhəmmədin (s) olmasını qeyd edir:
Allah altı günə yaratdı yeri
O Cənnət deyilən Məhəmməd təri.
Cəhənnəm Rəbbimin qəzəb ocağı,
Üfunətli, çirkab hər bir bucağı.
Möminlər Cənnətdə kosərdən içər,
Kafərlər cəhənnəm oduna düçar.
Sofu Bilal sözün əsl mənasında dini dərindən bilən və Əhli-Beytə (ə) qəlbən bağlı olan söz ustadlarımızdandır. Onun bir çox şeirləri Əhli-Beytin (ə) mədhinə həsr olunub. Şair bir şeirində Həzrət Əlini (ə) əlçatmaz zirvə adlandırır:
Əli! Sənin adına
Kim laiq ola bilər?
Səkkiz cənnət gülüsən,
Qeyri gül sola bilər.
Başqa bir şeirində Sofu Bilal müqəddəs Quran ayələrinə və Peyğəmbərin (s) sünnətinə istinad edərək Həzrət Əlini (ə) həm İmam, həm də Allahın vəlisi kimi tanıtdıraraq yazır:
Məhəmməd dinindən çox ibrət aldım,
Yolumu Allahın yoluyla saldım,
Qurana baş əyib xeyli ucaldım.
Dərk etdim, ən mömin Həzrət Əliymiş,
Əli həm İmammış, həm də Vəliymiş.
Əlinin ləqəbi minə çatıbdır,
Onun hökmü aya, günə çatıbdır.
O, məqama, O, «Yasin»ə çatıbdır,
«Hədisi-Qüdsi»də qeyd olub bu iş,
Əli həm İmammış, həm də Vəliymiş.
Şair başqa bir şeirində Həzrət Əlinin (ə) «Xəndək» mü-haribəsindəki şücaətindən bəhs edərək Ərəbin ən güclü pəh-ləvanı Əbdəbidu Əlinin (ə) necə məğlub etməsini vəsf edir. «Endirən Əliydi, enən Zülfiqar» rədifli şeirində yazır:
Əbdəbid özünü yenilməz saydı,
Neçə islaminin canına qıydı.
Zorunu ərəbə, əcəmə yaydı,
Bir qılınc havada parladı par-par.
Endirən Əliydi, enən Zülfüqar!
Şair bu şeirində Həzrət Məhəmmədin (s) zamanında baş verən «Xəndək» və s. müharibələrdə Həzrət Əlinin (ə) göstər-diyi misilsiz şücaəti ön plana çəkir:
Mərhəbi Xeybərdə tökdü xeyli qan,
Şəhid oldu yüzlər ilə müsəlman.
Qadına, uşağa vermədi aman,
Onun da başına endi bir par-par
Endirən Əliydi, enən Zülfüqar!
Bu şeirlərdən də aydın görünür ki, Sofu Bilal qüdrətli söz ustadı olmaqla bərabər, həm də Əhli-Beyt (ə) şairidir. Aşıq Qurbani məclisinin rəhbəri Yusif Dirili ilə birlikdə «Ya Əli» adlı (Qurbani ruhuna ehtiram əlaməti olaraq) bir kitab çap etdirdik. Bu kitab 2 hissədən ibarətdir. 1-ci hissədə başda Aşıq Qurbani olmaqla, haqq aşıqlarının Həzrət Əli (ə) barəsində yazdığı şeirlər, 2-ci bölümdə isə el şairlərinin Həzrət Əliyə (ə) həsr etdiyi şeirlər toplanmışdır. 2-ci bölüm də Aşıq Qurbaninin «Ya Murtəzl Əli» adlı ustadnaməsi ilə başlayıb. Sofu Bilalın «Bəşərin fövqündə bəşərsən Əli» şeiri ilə sona çatır:
Bir gözəl çəməndə ötəndə bir quş,
Dağ seli gələndə vüqarlı, coşmuş,
Düz yola qayıtsa bir yolun azmış,
Sən mənim yadıma düşərsən, Əli!
Bəşərin fövqündə bəşərsən, Əli!
Sofu Bilalın «Qürbətin xofu», «Dağım girdi yuxuma» ki-tablarında da dini mövzulara yer verilmişdir. Bu kitabların hər birində Vətən sevgisi, qəriblik, hikmətli yazılar üstünlük təşkil edir. Qaçqınlıq həyatına son qoyulacağı günün uzaqda olmadığına əminliyini S.Bilal Allahın qüdrətinə inamı ilə izah edir.
Sofu Bilalın bu kitabı oxucularla 10-cu görüşüdür. Bu kitab həm də onun 70 illik yubileyinə həsr olunduğundan ona uzun ömür və daha coşqun yaradıcılıq arzulayıram.
Ustad, bu müqəddəs işinizdə Ulu Tanrı köməyiniz, mövla Əli (ə) dayağınız, Peyğəmbər (s) və İmamlar yol göstərəniniz olsun! Amin! Ya Rəbil-Aləmin.
Baba Əhmədli,
yazıçı-alim
MƏNƏVİ SAFLIQ RƏMZİ
Sofu Bilal elə yüksək mənəvi dəyərlərə malik böyük insandır ki, deyirsən: – İlahi, kaş Millətimizi yaşadan belə insanlar çox olaydı!
Sofu Bilalın sahib olduğu ən ümdə mənəvi dəyərlərdən biri vətənpərvərlikdir. O, belə yazır:
Könlümün nəğməsi ahu-fəğandı,
Naləsi, fəryadı – Azərbaycandı!
Güclü və məntiqli deyilmişdir. Cəmi azərbaycanlıların – Millətimizin Vətəni: – Müqəddəsimiz Bütöv Azərbaycandır! İndi bu ölkə elə qüdrətlidir ki, Cənublu – Şimallı Böyük Qafqazı öz ətrafında birləşdirə bilər. Bununla qürurlanan Sofu Bilal, qürur sahibi kimi belə yazır:
Qadir Allah, cəm şükürlər Sənədir,
Zikr olunan həmd – şükürlər Sənədir.
Sofunun arzusu Rəbbinə xitab: –
Vətəndə yazılsın növbəti kitab!
Allah ümid yerim, Allah inancım,
Nə qərar eyləsə, odur qazancım.
Çoxcəhətli bilikli insan, səmimi ünsiyyət tərəfdarı, qey-bətdən zəhləsi gedən Sofu Bilal dediyi sözün sahibidir, dostluqda möhkəmdir, sədaqətlidir:
İki dostun arasında
Əhd-peyman olsun gərək.
Bir çətinlik üz verəndə
Dosta güman olsun gərək.
Möhkəm olsa dostluq teli,
Qıra bilməz düşmən feli.
Dövləti yox, şirin dili,
Dostlar uman olsun gərək.
Sofu Bilal kimi qiymətli vətəndaşın arzusu-diləyi Azə-baycanın inkişafı, azərbaycanlıların rifahlı və sağlam yaşa-malarıdır. Bu arzu həm də onun dostlarının – «Biz dostlar» adlandırılanların, Azərbaycanı istəyənlərin – azəristlərin hamısının arzusudur.
Azərbaycan mətbuatının inkişafına xidmət göstərən, kitab yazan biz dostların – azəristlərin yaxın dostu kimi, Sofu Bilal da yorulmadan kitablar yazır və doğma Azərbaycan (Türk-Azəri) Dilimizin zənginləşməsinə, inkişafına təmənnasız xidmət göstərir. Əsl azərist kimi!
Bilirik ki, Allah-Təala insanlar üçün həyatda halal yaşamaq yolu qoyub. Mənəviyyatlı insanlar bilirlər ki, halallıq – ədalətlik insanın ən ümdə mənəvi dəyərlərindən biridir. Bəzi məmurlar bu İlahi qanunu pozsalar da, ədalətli, çalışqan insanlar zəhmətli çörəyi, halal yaşamağı üstün tuturlar. Bu fikri Sofu Bilal belə ifadə edir:
Bir kişidə yeyim halal,
Üstü-başı, geyim halal,
Gərək olsun deyim halal
Mən ona dostum deyərəm.
Sədaqəti olsa onun,
Mərifəti olsa onun,
Şəriəti olsa onun
Mən ona dostum deyərəm.
Bu sətirlərin müəllifinin öz adında da bir hikmət vardır. Sofu adı dilimizdəki «saf» sözü ilə əlaqədar olduğundan, qəlbimizdə saflıq hissləri doğurur. Milli-mənəvi dəyərlərimizin daha da zənginləşdirilməsini zəruri edir. Ona görə də hər yazılan uğurlu kitaba yüksək qiymət verib, onun müəllifini alqışlamaq istəyirik.
Təbiidir ki, Millətimizin inkişafı onun maddiyyatının və mənəviyyatının inkişafından asılıdır. Bunu nəzərə alaraq, düşünürük ki, Respublika hakimiyyəti kitab nəşrinə diqqəti artıracaq, kitab yazmaq istəyənlər maliyyə çətinlikləri ilə üzləşməyəcəklər. Azərbaycan dilində yazılan kitablar qat-qat artırılmalıdır ki, mənəvi inkişafımız daha da sürətlənsin.
Sofu Bilala 100 il azərist ömrü arzulayırıq!
Qurban Süleymanov,
Respublikanın Əməkdar müəllimi,
yazıçı
MƏNƏVİ PAKLIQ MÜCƏSSİMƏSİ
Ay Sofu Bilal, ay halal, ədalət,
Ey din aşiqi, ayıq hidayət!
Bilirik sən olan yerdə daim var
Sədaqət, mərhəmət, həm ibadət.
Dağlı Qurban
«Nərgiz» nəşriyyatının mənə bəxş etdiyi gözəl insanlardan biri də Sofu Bilaldır. Bilal Yusif oğlu Rzayev 1940-cı ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuşdur. Sofu Bilal orta ixtisas təhsilli mədəniyyət incisidir. O, uzun müddət kitabxana müdiri, Qumlaq sovetliyində katib, klub müdiri vəzifəsində işləmişdir.
1993-cü ilin 23 oktyabrından erməni qəsbkarları təcavüzü nəticəsində doğma Cəbrayıldan didərgin düşən Sofu Bilal əvvəlcə Sabirabadın Əsədli kəndində, sonralar isə Bakının Albalılıq (Vişnovka) adlanan bağ sahəsində məskunlaşmışdır. Hələ kiçik yaşlarından aşıq sənətinə həvəs göstərən Sofu Bilal, aşıq poeziyası janrlarında şeirlər yazmışdır. Sofu Bilalın 5 ildə doqquz şeirlər kitabı nəşr edilmişdir. Onun nəşr etdirdiyi «İlan ocağı», «Söz yarası», «Mən», «Dərdsiz dünyam boşdu mənim», «Qürbətin xofu», «Sofu sözü», «Yurd oğlu» kitablarında toplanmış müxtəlif mövzulu şeirləri təsdiq etdi ki, Sofu Bilal həyatı həqəqətləri duyan, onu gerçəkliklə yazan sənətkar kimi püxtələşmişdir. Şairin şeirlərində Vətən, yurd, el-oba və ona bağlılıq əsas yer tutur. Şair Azərbaycanı qan dərdi, can dərdi adlandıraraq bu gözəl diyarı özünün ilk soyadı sanır:
Bir dərdim nəfəsdi, bir dərdim qandı,
Dərdimin soy adı Azərbaycandı!
Bir dərdim ruhumdu, bir dərdim candı,
Ruhumun qanadı Azərbaycandı!
Mən Sofu Bilal ilə «Nərgiz» nəşriyyatında tanış olmuşam. Bu tanışlıqdan peşman olmamışam. İki illik tanışlığım artıq mehriban, sadiq, etibarlı dostluğa çevrilmişdir. Bu dostluğun mayası Sofu Bilalın halallığa, etibar və səmimiliyə, Allahımıza, Peyğəmbərlərimizə, böyük din xadimlərimizə, xüsusən İslam mədəniyyətinə olan həqiqi sevgidən yoğrulmuşdur.
Sofu Bilal tərifə layiq adamdır. Onu mənə sevdirən cəhətlərdən biri onun halallıqla ömür sürməsi, öz halal zəhməti ilə dolanmasıdır.
Sofu Bilal rəhmlidir, hamıya gərək olan adamdır. Onun baxışı sadəlikdən, qayğıkeşlikdən xəbər verir. Mən onunla hər görüşümdə elə bil ki, Kəbə ziyarətində oluram.
Sofu Bilal mənim kimi, vətənindən didərgin düşən, Vətəndə vətənsiz olan qəribdi. Bu cəhət bizi bir-birimizə daha da yaxınlaşdırdı. Qəribi qəribdən başqa kim sevə bilər?! Qoy ikilikdə olan bu qəriblik bir-birinə baxanda qəriblikdə keçən günlərini xatırlasınlar…
Sofu Bilal deyir:
Bir qaçqınam, didərginəm,
Bir narahat, bir gərginəm,
Dünya, mən sənin dərdinəm,
Zülüm çəkən bir əsirəm,
Mən ölməyə tələsirəm.
Ölməyə tələsmə, qardaş! Qürbətdə ölmək nə sənə, nə də mənə yaraşmaz! Öləndə də qoy doğma vətəndə ölək! Himayəsinə sığındığım Allahımız bizi qəriblikdən qurtarsın.
Sənin dediyin kimi:
Allahın adıyla başlansa bir iş,
O iş əncam tapar, sovuşar təşviş.
Mən Sofu Bilalı Allahın dərgahına sığınmasına görə, daha əziz, daha pak insan kimi sevirəm. Sofu Bilal sevilməyə layiq insandır. O Diri dağın, Qumlağın həsrətini çəkirsə, mən də Çantəpə, Murğuz, Böləli dağlarının, Əyri su, Yalvana, Qara çuxur yaylaqlarını xatırlayıram.
Ulu Tanrı, bizi Vətəndən didərgin salanları öz hökmünlə dünya xoşbəxtliyindən məhrum et!..
Sofu Bilalın dostları onun 70 illiyinə hazırlıq görür. «Ömrüm 70, vaxtım dardı» kitabını çapa hazırlayırlar. Sənin dostların mənim də dostlarımdı, Sofu Bilal. Çox təəssüf ki, mən sizin şənliyinizdə iştirak edə bilməyəcəyəm. Sizi 70 yaşınız münasibətilə səmimi qəlbdən təbrik edirəm! Arzu edirəm ki, qəriblikdə keçən şən, xoş günləriniz (əgər olubsa) Qumlaqda keçən qəmli, kədərli günlərlə əvəz olsun! Doğma yurdda keçən hər acı gün də sənin üçün şirin olar.
Ey mənim sidq ürəklə inandığım qadir Allahım! Mənim sadiq dostum Sofu Bilalı pənahında saxla!
Ulu Tanrım sizi xətadan, bəladan qorusun!
08.12.2010
Sahibə Alışqızı
«DAĞIM GİRDİ YUXUMA»
Sofu Bilalın yaradıcılığı ilə çoxdan tanışam. Olduqca sadə dildə yazılan şeirlərində müqəddəs dinimizə, vətəninə, torpağına bağlılığından söhbət açır. «Dağım girdi yuxuma» şeirlər ki-tabındakı «Quşum qonmur» şeirində vətənə bağlılığı, vətən həs-rəti ilə çırpındığı aydın görünür.
Qaynayaraq daşdı dərdim,
Daşdı başdan aşdı dərdim,
Şair olub, coşdu dərdim,
Sofu, kim ki, dərdi qanmır,
Mənim ona quşum qonmur.
– deyən şair başqa bir şeirində deyir:
Hakim Allah – Uludur,
Düz yol – Ulu yoludur,
İmanla get bu yolu.
Məğfirətlə doludur.
Bu şeirində şair Sofu Bilal insanları düzgünlüyə, paklığa, inama çağırır. «Kəndim Qumlaq kəndidi» şeirində deyir:
Ayrılıq bir əzabdır, məzar əzabı qədər,
Aqillər kainatı yuvasında fəth edir.
Biz ki vətən satmadıq, bizim nə günahımız,
Bu bir şeytan əməli, bu bir şeytan fəndidir.
Biz gərək itirməyək Haqq yolunun səmtini,
Allaha doğru gedən bu yol nicat səmtidir.
Sofunun ünvanını bu yazıda taparsınız. Bölgəsi Cəbrayıldı, kəndi Qumlaq kəndidir, – deyən kəndi Qumlağından ayrı düş-düyünü və bu yerlər üçün necə həsrət çəkərək yanıb-yaxıldığını dilə gətirir.
Mən şair Sofu Bilala gözəl yaradıcılıq, tezliklə həsrətini çək-diyi vətəninə, kəndi Qumlağa dönməyi arzulayıram!
«Yeni xilaskar» qəzeti, № 14(71), 30.12.2010
VI Bölmə
MÖCÜZƏLİ ƏFSUNLAR
SOFU USUB BÖYÜK ŞAMAN İDİ
Sofu Usubu tanımayanlar onun özü və ocağı haqqında daha dürüst məlumatı oğlu Sofu Bilalın «İlan ocağı» kitabından ala bilərlər. Onun digər kitablarında da az-çox bu bilgilər verilib. Həmin məlumatlar hal şahidlərinin müşahidələri və başlarına gələn əhvalatlar əsasında qeydə alınıb. Onlardan biri də mənim uşaqlıq vaxtı düçar olduğum xəstəliklə bağlıdır. Valideynlərim və qohumlarımdan dönə-dönə eşitmişəm ki, əgər Sofu Baba olmasaydı, mən çətin sağ qalaydım. «Allahdan aşağı, səni Sofu Usub qurtardı», – deyirdilər. Elə indi də deyirlər. Sofu Usubu ötən əsrin 60-70-ci illərində uşaqkən çox görmüşəm. Bizim ev-də də dəfələrlə olub. Nisbətən alçaqboylu, şələ kimi uzun sallaq bığları, səliqəli geyimi, ağır-batman danışığı və oturub-durmağı biz uşaqlarda maraq doğururdu. Onun kəndə gəlişindən xəbər tutan kimi, kimgilə düşdüyünü dərhal öyrənib ora yüyürərdik. Canında xəstəlik olanlar hamıdan tez qabağa durardılar.
«Yaralılar sağalardı ovsunla,
Deyərdilər: – Baba, bizi ovsunla».
Uşaqların ardınca kənd adamları gələr və: «Sofu Baba, xoş gəlmisən!» – deyərdilər. Bundan sonra hər kəsin nə diləyi olsa, söyləyərdi. «Baba, bu uşaq gecə yatmır, nə bilim… filan, filan…», «Bir düyün düy», «Nəfəsini ver uşağa», «Bunu ovsunla…» Bəzən də Sofu Usubu çətin ram olan, qaçıb gizlənən ilanı tutmaq üçün gəlib aparardılar. Sofu Babanın ilanları qəribə bir məharətlə ovsunlayıb tutduğunu görmüşəm:
«Möcüzəydi onun ilan tutmağı,
Ovsunlayıb heybəsinə atmağı».
Əgər ilan evdəki dəlmə-deşiklərdə gizlənmişdisə, özünə-məxsus çağırışla gəlməyə məcbur edirdi. Əks halda, «Duyuq düşüb qaçıb, qorxmayın» – söyləyərdi. Sonra bir nəlbəki duz gətirilməsini istəyərdi. Nəlbəkidəki duzları ovsunlayıb ev yiyəsinə qaytarar və «İlan görünən yerlərə səpin» – deyərdi. Özü isə divarı, künc-bucağı ovsunlardı. Bu, bir həqiqətdir ki, uzun illər orda – harda ki Sofu Usubun nəfəsi vardı, ilan görünməzdi.
Kəndimizə – istər Yuxarı Dağ Xələfliyə, istərsə də Aşağı Stansı Xələfliyə Sofu Usubdan da başqa çoxlu ilan sofusu gələrdi. Nədənsə Sofu Usubdan qeyriləri haqqında camaatda belə bir fikir formalaşmışdı ki, onlar ilanın zəhər dişini çıxarıb torbaya salıb gəzdirirlər. Belə «sofular» adətən ilanı torbadan çıxarıb əvvəlcə öz boyunlarına dolayır, sonra isə ətrafa toplaşmış adamlardan birinin boynuna dolamağı təklif edirdilər. Guya bundan sonra ona ilan yaxın gəlməyəcəkdi. Sofu Usubda belə hala rast gəlməmişdik. O, tutduğu ilana zərər vermədən torbasına yerləşdirib xeyli uzaqlara aparıb atardı. Bu, insanları ilan sancmasından qorumaq, ilanın özünü isə insanların bu faydalı heyvanları öldürmək təhlükəsindən xilas etmək məqsədi güdürdü.
Qara xallı gürzələri tutardı,
Gözdən iraq məskənlərə atardı.
Qeyd edək ki, zəhərli ilanların mühafizəsi bu gün də aktualdır. Zərərvericiləri məhv etdiyinə görə ilanlar faydalı hesab olunur. Sofu Usub bu missiyası ilə çox iş görüb. Sofu Usubun bəzi xəstəlikləri dəf etməsi, şəfavericilik kimi keyfiyyətləri, onun yeddi rəng sapı birləşdirib ovsun oxuya-oxuya yeddi düyün vurması və xəstənin ağrıyan nahiyələrinə, o cümlədən alnına, ağzına, burun-boğaz və qulağına üfləməklə onları ovsunlaması olduğu kimi yadımda qalıb. Həmçinin üzərinə dua oxuduğu duzdan xəstəyə, qorxusu olana verərdi ki yalasın. Qəribədir ki onda qorxu-hürkümüz itər, azar-bezardan arxayınçılıq yaranar, xəstəlik aradan qalxardı. Sofu Usubun görkəmi özü hər kəsə ağlasığmaz inam, qətiyyət və güc bəxş edirdi. Onu kənardan müşahidə olduqca maraqlı idi. Bu cür üsullarla müalicə qədim türklərdə şamanizm şəklində mövcud olmuş, folklorumuzda isə onun izləri mühafizə olunaraq qalmışdır. Azərbaycan folklorunda it qapma, qorxugötürmə, dəmirovqaytarma, boğazqaytarma, nəzərgötürmə, baş, diş və göz ağrısı, il yarası kimi xəstəliklər, bundan əlavə qurdağzı bağlama, çilləkəsmə, dil-ağız bağlama, yağışyağdırma və yağışkəsmə əfsunları (ovsun – Y.D.) mövcud idi. Məsələn, üzərliyin nəzərqaytarması ilə bağlı ayin zamanı oxunan əfsun bu gün də dəbdədir.
Üzərriksən, havasan,
Həzər dərdə davasan.
Hər yerdə sən olasan,
Qada-bala sovasan.
Yağışkəsmə əfsununda oxunan:
Qodu daşı,
Odu daşı,
Qodu kəssin yağışı. –
kimi əfsun dualarının minilliklərə söykənən tarixi vardır. Görkəmli araşdırmaçı, professor Mirəli Seyidov «Qam-Şaman və onun qaynaqlarına ümumi baxış» (“Gənclik”, 1994, səh.128-140) adlı monoqrafiyasında adı çəkilən daşın (Odu, Kudu) yada – sata daşı olduğunu göstərir. Əsatirlərdə və mifologiyada yada daşından quraqlıq vaxtı yağış yağdırma, leysanlı-ziyanlı yağışlarda isə yağışkəsmə kimi istifadə olunurdu. Yadımdadır ki, güclü yaz yağışlarında, şaqqıltılı göy gurultularında təhlükədən sovuşmaq üçün yerlı əhali Qurbanlı pirindən (Dirili Qurbaninin uyuduğu qəbirlər – ziyarətgah) belə daşlar gətirib evdə saxlayır və inanardılar ki, bərk yağış, dolu olduqda daşı çölə çıxarıb yağışın (dolunun) altında qoysan kəsər.
Mazan Nənə ocağında Sofu Usubun atası Sofu Fərəcə ilan ocaqlığı veriləndə «Yanında var idi ayətli bir daş» (S.Bilal). Bizə görə həmin daş elə yada daşının özüdür. Yüz ildən çoxdur ki, müqəddəs bir daş kimi ziyarət olunan «ayət» – yada niyə məhz Sofu Usub ocağında mövcuddur? Sofu Usubun qarşılaşdığı çətinliklər zamanı keçirdiyi rituallar belə bir fikir söyləmyə əsas verir ki, bu zaman onun davranışındakı xüsusiyyətlər əski şamanların törənlərinə xeyli dərəcədə yaxındır. Əfsanəyə görə şamanlar ən ağır xəstəni belə sağaldır, hətta bəzi ölüləri dirildə bilirdilər. Yoqa sistemi bunun mümkünlüyünü təsdiq edir. Nəzərə alsaq ki, ölümün iki forması var (kliniki və bioloji), onda şamanın xeyirxah və ya köməkçi ruhlarının yardımı ilə buna nail olduğuna inanmaq mümkündür. Kliniki ölüm keçirən insanı müasir təbabət asanlıqla müalicə edib sağaldır. Belə xəstələrdə mərkəzi sinir sisteminin və ürəyin funksiyaları ləngiyir, lakin tam fəaliyyətsiz qalmır. Əks halda, bioloji ölüm yaranar, həyati proseslər tamamilə sönərdi. Deməli, şamanizmdə həyata keçirilən ritualların elmi əsasları vardır. Adətən şaman bədxah və xeyirxah ruhlara malik olur. «Avesta» qanunlar toplusunda Zərdüşt dualizm prinsiplərindən istifadə edir. Xeyir və Şər Tanrısı: Hörmüz və Əhrimən. Maqlar da bu prinsiplərə əsaslanaraq tarixən insanların həyat və fəaliyyətində mühüm rol oynamışlar. Hazırda magiya birmənalı qəbul edilir. Şamanların əski tarixdəki rolu bununla bilavasitə ilişiklidir. İstər Altay və Yakut, istərsə də Türküstan şamanları ötən əsrin əvvəllərinə qədər geniş fəaliyyət göstərmiş, mövcud dövrün inam mənbəyinə çevrilmişlər.
Sufizmdən başlanıb şamançılıqla müşayiət olunan Sofu möcüzələri bu gün də insanları heyrətləndirməkdədir. Sofu Usubun timsalında ağlasığmaz, heyranlıq yaradan hadisələrlə dolu həmin möcüzələr indi də unudulmur. Gerçək həyatda heyrət doğuran bir çox işləri onun haqqında qəribə rəvayətlərin yaranmasına səbəb olub. Məsələn, nəql edirlər ki, ölüm ayağında ikən bir dəstə ilan Sofu Usubla vidalaşmağa – «halallaşmağa» gəlib. İlanların fısıltı ilə son dəqiqələrini yaşayan və ətraf bölgələrdən də təşrif buyuran insan sıxlığının əhatəsində taqətsiz uzanmış Sofu Babaya doğru yaxınlaşması hər kəsdə təşviş, qorxu və həyəcan qarışıq təəccüb doğurub. Haray-qışqırıqla məclisdəkilər ətrafa dağılıb. İlanlar heç nə olmayıbmış kimi Sofu Usubun heysız bədəninin kənarı boyu 3 dəfə dövrə vuraraq geri dönüblər. Az sonra Sofu canını tapşırıb. Sən demə, ilanlar «ilan ocağı» mürşüdini son olaraq ziyarət etməyə gəliblərmiş.
Hadisənin canlı şahidi Sofu Bilal bunu xeyli dərəcədə rəvayətləşdirildiyini deyir. Həqiqət isə belədir: Sofu Usub Tanrı dərgahına qovuşana qədər rəngi-ruhu həmişəki kimi idi, hes dəyişməmişdi. Zahiri görkəmində yaxınlaşmaqda olan ölüm əlamətlərindən çox, həyat nişanələri hökm sürürdü. Dədəmin vəziyyətini eşidib-bilən adamlar maşın-maşın gəlirdi. Həyətdə o qədər insan var idi ki. Elə bu anda fısıldaya-fısıldaya dədəmə doğru sürənən bir ilan hamıda təşviş və qorxu yaratdı. Həyəcan içində geri çəkilən adamların arası ilə Sofuya tərəf irəliləyən qara şümşürik ilan ona çatan kimi dayanıb boynu bərabərində başını qaldırdı, haça dilini çıxarıb yalmandı. Sanki bununla nə isə demək istəyirdi. Dədəm gözlərini dolandırıb susqunluqla məmnun halda ilanı süzdü. Qardaşım Rza hələ də bu qəribə mənzərədən donub qalmış adamları yarıb ilanın boynundan yapışdı. Ustufca götürüb toplantıdan uzaq bir yerə aparıb atdı…
Belə möcüzələrən birini də tarixçi alim, professor Əli Məmmədov söyləyir: Anam danışırdı ki, Sofu Usubun ina-nılmaz möcüzələri olub. Məsələn, o, bir dəfə şahidi olduğu hadisələrdən biri kimi Sofunun ilan zəhərini necə yaladığını nağıl elədi. Deyirdi ki, Sofu Usub çəliyi ilə yumru cızıq (çevrə) çəkdi. İlanı çağırdı. Bu, yekə, zəhərli bir ilan idi. İlan fısıltı ilə çızığa girdi və başını dikəldib, Sofu Usubun əlindəki çəliyə zəhərini tökdü. Sofu dili ilə zəhəri gözümüzün qabağında yaladı. Biz qorxduq ki, ona nə isə olar. Amma nahaq ehtiyat edirmişik. Demə, Sofu ilan ocağı olduğu üçün zəhər ona təsir etməyib. Biz bunu sonralar bildik.
Professor Ə.Məmmədovun söylədiklərini Sofu Usubun oğlu Sofu Bilala danışdım. O, bunu təsdiq etdi, hətta atasının zəhəri çəkinmədən içdiyini dedi.
Cəbrayıl rayonunun Şıxlar kəndinin sakinləri Zakir müəllim Barat oğlu və Məhəmməd İsa oğlu mənə qəribə bir əhvalat danışdılar. 1948-1949-cu illər idi. Şıxlar ərazisində «Çələbilər dəyirmanı» adlanan yerdə şıxlarlı Ədil Camal oğlu buğda dərzini qaldırıb ulağa yükləyəndə altından qəfil peyda olan bir gürzə ilan onu topuğundan sancdı. Bərk hay-küy düşdü. Hamı qorxu içində idi. Kimsə Ədili təcili Qalacıq kəndinə həkimə aparmağı məsləhət gördü. Elə bu vaxt dəyirmana üyütmək üçün dən gətirən Sofu Usub göründü. Camaatı sakitləşdirib, dodaqlarını ilan vuran yerə yapışdırd. Zəhərin hamısını sorub yerə tökdü. Sonra heç nə olmayıbmış kimi bizə narahat olma-mağı tapşırdı. Həqiqətən, ilan çalan yerdə zərrəcən də şiş-filan görünmədi. Təhlükə sovuşdu. Kənd admları təəccübdən donub qalmışdı. O vaxtdan bu əhvalat maraqla xatırlanır.
Yuxarıda qeyd etdiyimiz kimi, tarix və elmi araşdırmalarda şamanizm öz yerini çoxdan tapıb. Şaman möcüzələri birtərəfli qəbul edilməsə də, inkar da olunmur.
Sofu Usubun sayagəlməyən möcüzələri sırasında ilan zəhərinin ona təsir etməməsi ilə bağlı söyləmə bizə şaman möcüzələrini xatırladır: «Suda batmayan», «odda yanmayan», «ölüb-dirilən», «göydən ulduz qoparan» və s. Şamanlar haqqında söyləmələr bu gün də insanlar arasında dolaşmaqdadır. «Yeməyə heç nəyi olmayan kasıb bir qarının süfrəsinə Kaçitkalı şamanın muşqurması ilə yemək gəlməsi, şamanın ayağına söyüd çubuğu bağlayıb Lena çayının üstünə yeriyib o sahilə keçməsi» (Şaman əfsanələri və söyləmələri. Bakı, «Yazıçı», 1993, səh. 39, 40) İsa peyğəmbərin batmadan dəryanın üzəri ilə hərəkətini, az miqdarda balıqla təkcə özünü və şagirdlərini deyil, minlərlə insanları doyurması (İncil, 2005, səh.35) kimi qəribə hadisələri gözümüzün önünə gətirir.
Din tarixindən məlumdur ki, İsa Peyğəmbər saysız mö-cüzələr ilə Allaha və özünə sevgi, məhəbbət yaratmışdır. «Və budur, bir cüzamlı gəlib: «Ya Rəbb, əgər istəsən məni saf edə bilərsən» – deyərək Ona səcdə qıldı. İsa də əlini uzatdı və: «İstəyirəm, saf ol, – deyərək ona toxundu; və o, dərhal cüzamdan təmizləndi (Yenə orada səh. 22)». Başqa bir misal: «İsa Peterin evinə gəlib, onun qaynanasının qızdırma içində yatdığını gördü. İsa onun əlinə toxundu və qızdırma qadını tərk elədi. O, da qalxıb onlara xidmət etməyə başladı. Axşam olduqda isə cinə tutulmuş bir çox adamları İsanın yanına gətirdilər; Və o, söz ilə pis ruhları çıxartdı və xəstələrin hamısını sağaltdı» (Yenə orada) İsa peyğəmbər hər cür xəstəlikləri sağaltmaqla adamları təəccübləndirir və bunun onların imanına görə olduğunu söyləyirdi…
Qurani-Kərimdə Musa peyğəmbərin möcüzələrindən bəhs edən ayələr vardır. Onlardan birində (Bəqərə surəsi, ayə 60) deyilir: «Və (yadımıza salın) o zaman(ı) ki, Musa öz qövmü üçün su istəyəndə (Ona) «əsanı o daşa vur» dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan 12 qəbilə üçün) 12 çeşmə qaynadı. Hər bir dəstə özünün su içmək yerini tanıdı (və dedik): «Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin» (Qurani-Kərim, 2005, səh.10)». Daha bir misal: “Və biz Musaya vəhy etdik ki, əsanı yerə at. Elə ki, əsanı yerə atdı (əjdaha oldu) və onların düzəltdiklərini uddu. Haqq öz yerinə düşdü və onların əməlləri batil oldu, məğlub olub kiçildilər. Sehrkarlar səcdəyə düşdülər.” (Yenə orada. Əraf surəsi, ayə 117-120.)
İslam Peyğəmbərinin (s) möcüzələrinin tədqiqatçılar 7 hissədən ibarət oduğunu qeyd edirlər (Hacı Seyid Həsən Hüseynov): göy cisimləri, cansız cisimlər və bitkilər, heyvanlar, ölüləri diriltmək və xəstələri sağaltmaq, şeytanlara və cinlərə qalib gəlmək, qeybdən xəbər vermək, düşmənlərinin vurmaq istədikləri şərin zərərsizləşdirilməsi (təsirsiz olması). Bununla belə, Məhəmməd Peyğəmbərin (s) əbədi möcüzəsi Qurani-Kərim hesab olunur.
Rəvayətlərin birində deyilir: Bir gün səhra çöllüklərində yaşayan oturaq bir ərəb köynəyinin qol hissəsində bir kərtənkələ gizlədərək Peyğəmbərin (s) yanına gəlib uca səslə dedi: Sizə o zaman iman gətirəcəyəm ki, bu kərtənkələ iman gətirsin və həmin an kərtənkələni yerə atdı. Peyğəmbər(s) buyurdu: Ey kərtənkələ! Kərtənkələ hamının aydın və dərk ediləcəyi bir şəkildə və dildə dedi: ”Ləbeykkə və sədeyk” (itaət edirəm).” Peyğəmbər (s) buyurdu: Kimə pərəstiş edirsən? dedi: “O kəsə ki, onun ərşi səmada, rəhməti Behiştdə və əzabı cəhənnəmdədir.” Peyğəmbər (s) buyurdu: “Mən kiməm?” dedi: “Sən aləmlərin Rəbbinin elçisi və peyğəmbərlərin sonuncususan. Səni təsdiq edən kəs nicat tapar və səni təkzib edən kəs ziyankarlardan olar.” Biyabanda yaşayan kişi elə bir dərəcədə təsir altına düşdü ki, Peyğəmbərə üz tutaraq dedi: Şəhadət verirəm ki. Allah təkdir və şəriki yoxdur və sən onun elçisisən.”
Şaman əfsanələrində əsl şamanın odda yanmaması ilə bağlı söyləmələrin birində deyilir: Bir xan var idi. O, əmr elədi ki, bütün şamanları bir yerə yığıb yandırsınlar. Şamanları bir yerə yığdılar. Bir alaçığa doldurub yandırdılar. Hamısı tamam yandı. Tək bir şaman alovdan qurtuldu. Həmin şamanınadı Kam Kıdılbaş idi. İndiki şamanlar da onun nəslindən törəyib artıblar (Yenə orada səh. 64). Başqa bir söyləmədə şaman Xuren Oolun qamlıq etdiyi vaxt ayaqları ilə tonqalı söndürməsindən danışılır. (Yenə orada səh. 65) Fikrimizcə, Sofu Usubun zəhəri yalaması ilə şaman Xuren Oolun Kam Kıdılbaşın möcüzələri arasında bir ruhani yıxınlıq vardır. Əlbəttə, belə misalları çox gətirmək olar. Dğurdanmı, ilan zəhərini içmək mükündür?
Bu barədə herpetoloq Sahib Əhmədovun münasibəti belədir: İlan zəhəri orqanizmə iki cür təsir göstərir. 1. Qanla (hemotrop). 2. Sinir hüceyrəsi ilə (neyrotrop). Adi gürzənin zəhəri qanla təsir edir. Zəhər bir başa qana daxil olub orqanizmi zəhərləyir. İlan zəhəri zülal təbiətlidir. Zülal isə polimer (irimolekullu) maddə olduğu üçün həzm sistemində bağırsağın xovlarından sorula bilmir. Bundan ötrü o aminturşularına (kiçikmolekullu maddələrə) parçalanmalıdır. Aminturşularına parçalanan zülal zəhər xassəsini itirir. Lakin açıq yaralardan bir başa qana keçdikdə ölümlə nəticələnir. S.S.Axundovun «Qaraca qız» hekayəsində Tutunun ölümünü yadınıza salın. Belə yaralar dəridə, eləcə də ağız boşluğunda, mədədə, bağırsaqda ola bilər. Alim kobranın və Azərbaycanda Talışda yayılan qalxansifət gürzənin zəhərinin neyrotrop olduğunu qeyd etdi. Herpetoloq S.Əhmədov zəhər içməyin risqli olduğunu da bildirdi.
Ancaq Sofu Usubun özünə inamı və orqanizminin sağlamlığına hədsiz əminliyi ona qətiyyətlə bu addımı atmağa imkan verirdi. Əlbəttə, bu risk hər kəsin edə biləcəyi bir iş deyildir. Sofu Usub həm də bu xüsusiyyətinə görə digərlərindən seçilirdi.
Bizə görə, Sofu Usubun ovsunla müalicə üsulu da (xəstənin üzünə üfürmə) şamanlardan gəlmədir. «Şaman Kyutsex baş Tanrını özündə yerləşdirdi. Başladı köməkçi ruhlarını çağırmağa. Ev sahibləri o saat xəstə olan otağın qapısını açdılar. Cinli xəstə ayağa qalxıb səs-küylə şamanın üstünə tullandı. Şaman Kyutsex sinəsini gərib geri çəkildi. Geri çəkildiyi vaxtda xəstənin sifətinə üfürdü. Cinli xəstə o saatda özündən gedib yerə dəydi. Bir azdan şaman xəstəyə yaxınlaşıb əlindəki toxmaqla yavaşca bir neçə dəfə onun alnına vurdu. Dedi: – Qalxmaq vaxtıdır, qalx! Cinli xəstə o saat da ayağa durdu» (Yenə orada. səh. 110). «Şamanın çiçək azarı ilə çarpışmağı» adlı başqa bir əfsanədə çiçək azarının yarasını sağaltmağı boy-nuna götürən şaman onu yanına çağırıb, yaranın ətrafından baş barmağı ilə bir-birinin üstündən üç çevrə cızır. Sonra dodaqlarını yaraya dayayıb oxu (yara əmələ gətirən ox – Y.D.) çəkib çıxardır. Ondan sonra şaman üç dəfə əlinin içini dili ilə isladıb yaranın üstünə qoyur. Dodağının altında ovsun oxuyub üç dəfə üfürür. Əfsanədə qeyd olunur ki, yara o saat sağalır.
Şamanlar ruhi xəstələri, adətən, dirəyə bağlayıb başı üstündə qamlıq edirlər (Tanrı ilə danışmaq, ruhları çağırmaq, dua oxumaq – müəl.). Qamlıq edən şamana ruhlar xəstənin vəziyyəti haqqında məlumat verirlər. Güclü şaman, adətən, belə xəstəni sağaltmaq üçün baş Tanrının köməyindən istifadə edir. Əfsanə və söyləmələrdə o da qeyd olunur ki, şamanın qamlığı toxmaq və davuldan istifadə etməklə həyata keçirilir. İnsan həyatının bütün proseslərinə qeyd-şərtsiz müdaxilə edən şaman iş zamanı haldan-hala, dondan-dona düşə bilir.
Sofu Usubun ilanları çağırması, cinli xəstələri sağaltması şamanların eyni məqsədli hərəkətlərinə, davranış xarakterinə, fəaliyyət tərzinə çox oxşayır; bu zaman gah olduqca sakit görünür, gah da təbdən çıxıb anlaşılmaz hərəkətlər edir. Xüsusilə, ilan çağrışa ləngiyəndə əsanı yerə döyür, onları lənətləyir, Sofunu tər basırdı. İş tamama yetib, yerbəyer olduqdan sonra gərilmiş əsəbləri rahatlanır və ovqatı yaxşılaşırdı. Sofu Bilalın çap olunmuş kitablarından bir neçə məlum fakta (təqdim olunan məlumatlar bizim tərəfimizdən məzmuna xələl gəlməməklə redaktə olunmuşdur – Müəllif) baxaq:
ZƏNCİRLƏNMİŞ QIZ
Qıraxdından (Cəbrayıldan) Ziyarətə tərəf dağlar başlayır. Bu dağlarda güllər, çiçəklər daha ətirli, kəklikotusu daha tünd iyli olur. Bulaqları duru və sərin, insanları gümrah olurlar.
Dağ Xələfli kəndi də uçurumlu, sıldırımlı, bulaqlı, bərəkətli bir dağ kəndidir.
Bir gün bu kənddə bir qız uşağı xəstələnir. Əsəb pozğun-luğundan ketdikcə dözülməz, çılğın hallar keçirir. O vaxtın həkimləri, türkəçarəçiləri, başbilənlər, pirlər, nəzirlər, dualar bir nəticə vermir.
Bu qız uçurumlardan, sərt qayalardan atılmaq istəyir. Qohum-qardaş və kəndin bütün əhalisi narahat olur. Hər tədbirdən əli üzülmüş ağsaqqallar deyir: «Biz yazığı nə qədər ağaca sarıqlı saxlayacağıq?! Çarə yoxdur. Gərək bunu Ağdama – dəlixanaya aparaq». Qərar belə olur ki, sübh tezdən qızın əl-qolunu zəncirləyib, bir atın üstünə bağlayıb Ağdama aparsınlar.
Elə bu əsnada qonşu Şəkaralı gəlib çıxır və bu məsələni ona da deyirlər. Şəkaralı da ki sayılıb, seçilən cavanlardan imiş. Deyir ki, gəlin belə bir iş edək. Mən eşitmişəm ki, Qumlağa iranlı bir sofu gəlib. O nəinki ilan vuranı, həm də onda tilsimli bir daş (ayət) var ki, ona baxmaqla, dua oxuyub düyün düyməklə bir çox xəstəlikləri də sağaldır. İstəyirsiniz mən səhər tezdən gedib Qumlaqdan sofunu gətirim. O da bir şey edə bilməzsə, onda siz deyəni edərik. Hecə deyərlər, yüzə dözmü-şük, yüz birə də dözərik. Bu fikri hamı bəyənir.
O vaxtlar dədəm Qumlağa təzə gəldiyindən dağ kəndləri hələ onu yaxşı tanımırdı.
Şəkaralı obaşdan atı minir və hələ gün yeri tam qızarmamış gəlib kəndə çatır və soruşub düz qapımıza gəlir. Tanışlıqdan sonra əhvalatı dədəmə danışır. Dədəm bir neçə sual verib, cavab alandan sonra deyir ki, çay-çörək yeyib çıxarıq. Elə də edirlər Dədəm eşşəyini, Şəkaralı da atını minib üzü yuxarı gedirlər. Yolda Şəkaralı deyir ki, baba (cavan olsa da hamı də-dəmə baba deyərdi) yazıq qızı zəncirlə elə möhkəm bağlayırıq ki, nəinki açılmasın, həm də əl-ayağını dişləməsin. Bax, vəziyyət belədir. Dədəm də deyir ki, yadında saxla, mən nə desəm, dərhal yerinə yetirilməlidir. Mənim bəzi sözüm, hərəkətim sizə yersiz görünsə də, siz əməl etməlisiniz. Başqa işlə mən məşğul olacağam və ümidvaram, Allahım məni qərib yerdə məyus eləməz.
Kəndin aşağı hissəsində bir neçə adam onları qarşıladı. Bir az da yoxuşu çıxandan sonra 80-100 metrlikdə yüzədək adam onlara baxırdı. Şəkaralı bir qocaman ağacı dədəmə göstərib yavaşca dedi: «Baba, xəstə bax, həmin ağaca bağlıdır».
Adamlara 50-60 metr qalmış dədəm Şəkaralıya deyir ki, mən burada qalıram. Sən get o qızı aç, bir cam da su verin gətirsin mənə. Şəkəralının gözləri dirəklənir. Yəni bu kişi nə danışır? Neçə yəni zəncirli dəlini aç, mənə su gətirsin? Dədəm ona xəbərdarlıq etmişdi ki, mən nə desəm, dərhal yerinə yetirin. Bununla belə tələbin gözlənilməz olması onu çaşdırır və dədəmin üzünə heyrətlə baxır. Bu zaman dədəm onun baxışına qəzəblə baxaraq kəskin şəkildə dediyini təkrar edir. Şəkəralı özünü itirmiş halda camaatın yanına gəlib, onun yolunu intizarla gözləyən adamlara sofunun dediklərini çatdırır. Hələ sofunun işinə, xasiyyətinə bələd olmuyan bu adamlar təəccüblə dədəm tərəfə baxırlar. Bir ağsaqqal isə deyir. «Ordan bura adam gətirmişik. Onun dediyi kimi eyləyin. Qızı açın, uçurum tərəfdə bir neçə cavan dayansın, bir iş baş versə, qızı tutmaq asan olsun».
Qıza yaxınlaşanda vəhşi baxışdan əsər əlamət yox idi. Qızın gözləri düz sofunun dayandığı yerə dikilmişdi. Gözlər alışıb-yanır, qız özü isə dartınıb açılmaq istəyirdi.
Qızın zəncirini ehtiyatla açıb su dolu mis parçı ona verirlər. Heyrətli baxışlar altında sofuya tərəf müti addımlar atan bu qızın hərəkəti möcüzənin nəticəsi olmazsa, bəs nədir? Qız gəlib dədəmdən bir az aralıda dayanır. Dədəm deyir: «Qızım, yaxın gəl, suyu ver, içim». Qız suyu dədəmə uzadanda dədəm onun üzünə bir şəfa duası oxuyur və suyu alıb içir. Suyun qalan hissəsini qıza verib deyir: «Qızım, babanın içdiyi sudan içməzmisən?»
Qız suyun hamısını içir və elə bil onun gözləri işıqlanır. Sonra dədəm eşşəyi cavanlara tapşırıb, özü camaatın toplaşdığı yerə qədər qızın yanınca gedir. Camaatın isə sanki dili-ağzı bağlanmışdı. Heyrət onları elə bil, dondurrmuşdu. Dədəm salam verəndə özlərinə gəlirlər. Əl verən kim, əlindən öpən kim… Bir ağsaqqal oturmaq üçün yer göstərəndə dədəm əsəbi halda: «Sizin saldığınız döşəkdə oturmayacağam. Döşəyi qızım salacaq, mən də oturacağam».
Qız döşəyi özü salır, dirsəyi altına yastıq qoyur və geri dönəndə dədəm deyir: «Sən də otur». Qız kirimişcə əyləşir. Dədəmə çay təklif edirlər. Dədəm yenə deyir: «Qızım verən çayı içəcəm».
Qız çay süzüb onun qabağına qoyanda dədəm bir dua oxuyur və çaya püləyir. Çayı qıza verib: «Mənə ayrısını süz» – deyir. Qız elə də edir. Adamların çayı soyuyur, yemək qabaqda qalır. Hamı bu sehrli kişiyə baxır. Gecə düşür. Sofu «Ücübu-nuğun nağılı»nı edir. Səhər tezdən isə: «Mənə halal edin, mən gedim» – deyəndə xalq, elə bil ayılır. Ay dadi-bidad, bu kişi davasız, dərmansız, silləsiz sağalmaz dəlini necə ram elədi. Bu nə möcüzə? Bu hadisədən sonra o qız kəndin ən ağıllı, ən sağlam bir qızı olaraq uzun ömür edir. 1995-ci ildə Mikayıl adlı bir kişi Sabirabadın Əsədli kəndində bu əhvalatı xatırlayıb dedi: «Həmin qız mənim bacımdır. Hal-hazırda Əlibayramlı yolunda bizimlə yaşayır. İndi bacım Fəxri yoldaşı Balaca ilə Saatlıda ailə, uşaq sahibi olaraq xoşbəxtdirlər. Elə o vaxtdan Dağ Xələfli camaatı dədəmin xətrini çox istəyirdi».
Qeyd 1: Hekayətdə adı çəkilən Mikayıl Nəsib oğlu 1998-ci ildə, Balaca Əhməd oğlu isə 2007-ci ildə dünyalarını dəyişərək Allah rəhmətinə qovuşmuşlar. Hər ikisi Beyləqan rayonundakı Cərcis Peyğəmbər qəbiristanlığında dəfn olunublar. Fəxri Nəsib qızı isə hazırda Biləsuvarda qaçqınlar üçün salınmış 1 saylı qəsəbədə oğlu Əhmədlə qalır.
Qeyd 2: Xalam qızı Rəfiqə Səlim qızı (rəhmətlik Mikayıl kişinin həyat yoldaşı) xatırlayır ki, Sofu Usubun bir çox möcüzələri gözlərimin qabağında olub. Baldızım Fəxrinin Sofu Usubun əlindən şəfa tapmasının da şahidiyəm. Rəhmətlik Heydər babamgildə onu çox görmüşəm. Ən çox da yay aylarında gələrdi…
Qeyd 3: Əsgər Almas oğlu Sofu Usubun Xələfli kəndində həmişə böyük hörmətlə qarşılandığını söyləyir. Fəxri Nəsib qızının dərdinə əlac etməsi əsl möcüzəydi, – deyir. Dədəmgilin həyətində hamımız o möcüzəni gördük. Qəbri nurla dolsun Sofunun!
SİLAH ALTINDA «İMTAHAN»
Kəndimizin adamları uzaq yaylaqlara, bəziləri isə yaxınlıqda olan «Dolanlar» yaylağına, meşə ətəyinə gedərdilər. Koma (kümə) qurub yaşayardılar. Meşənin havası… Buz kimi soyuq, bal kimi şirin suyundan içər, qoz, zoğal, armud yığar, tədarük edərdilər. Erməni kəndindən tut yığıb, doşab bişirərdilər. Həmin ildə də atamgil «Daşın başı» deyilən yerdə «Daş bulağ»ın üst tərəfində koma qurmuşdular. Məndən böyük qardaşlarım hələ uşaq imidilər. Yenə də iki atlı əsgər və bir mayor rütbəli zabit gəlir komanın qapısına.
Atam bayıra çıxanda axırının çatdığını düşünüb bərk həyəcan keçirir. Qonum-qonşu tökülüb gəlir. Zənn edirlər ki, «ÇK» sofunu ilim-ilim itirəcək. Mayor azərbaycanlı imiş. Öz dilimizdə atama müraciətlə:
– Rzayev, M.C Bağırov yoldaş səni Hadruta çağırır. Dərhal geyin gedək – deyir. Atamın həyəcanı ailəyə də sira-yət edir. Ağlaşma başlayır. Uşaqlar atama sarınır, heç vəch ilə ondan ayrılmaq istəmirlər.
Mayor bütün bunları görüncə ürəyi kövrəlir: «Rzayev, yenə ilan söhbətidir» – deyir. Atam bunu eşidəndə bir xeyli sakitləşir. Anamgili dayım Əşrəfəliyə tapşırır. Əsgərlərdən biri o birinin tərkinə minir, o biri atı atama verirlər. Atamın at minməyi, sürməyi isə, necə deyərlər, lap nağıl idi. Ata minib qəddini düzəldəndə əsl sərkərdəyə oxşayırdı. Nəhayət, onlar uzun yolu keçib Hadruta çatırlar. «Otryad»a yaxınlaşdıqca adamın canını vic-vicə alır.
Onları bir general və qəza icraiyyə komitəsinin rəisi Məmmədxan qarşılayır.
Məmmədxan deyir: «Rzayev, Xudafərindəki hadisəni yoldaş Bağırov eşitmişdir. İndi elə bir iş baş verib ki, sən daha təhlükəli bir ilanla işləməli, onu ram eləməlisən. Bu sənin həyatını tükdən asılı da edə bilər, ömürlük xoşbəxt, şan-şöhrət sahibi də edə bilər. Məsələ belədir: əsgərlər uçrumla kəşfiyyata gedəndə nə isə qüvvətli bir təkan onları yarğanın divarına çırpır, bu, bir neçə əsgərin başına gələndən sonra, qarşı yarğanın üstünə çıxıb əks tərəfə baxanda yerdən bir neçə metr hündürlükdə balaca bir kaha, kahanın içində isə böyük bir ilan görürlər. Hamı deyir ki, onun qanadları da var. Belə ki, o nəfəs alanda əsgərlər havanın təzyiqindən ilan olan tərəfə, nəfəs verəndə isə əks tərəfə itələnir. Bu da ilanın böyük, əjdaha boyda olmasından xəbər verir. Heç kim qorxusundan ora yaxın düşə bilmir. Qarşı tərəfdə isə elə münasib yer yoxdur ki, onu güllə ilə vursunlar. Partlatmaq da olmaz. Kəşfiyyatın hərəkətinə mane ola bilər. Əmr belədir: o ilanı tutmalı, əsl sənətkar olma-ğını sübut etməlisən».
Atam deyir məni ora aparsınlar, bir də bir nərdivan gö-türsünlər. Allahın izni ilə yoldaş Bağırovun etimadını doğ-ruldaram.
Bəli, bir arabaya dəmir qəfəs və nərdivan qoyub, ilan kahası olan yerə yollanırlar.
Çox dərin bir dərədən keçən yol ilə bir xeyli gedəndən sonra bir yerdə saxlayıb, 3-4 metr aralıda uca yarğan divarında qaralan kahanı atama göstərirlər. Əsgərlər və bir zabit isə qarşı tərəfdən yarğanın üst tərəfinə gedir və oradan hadisəni müşayət edirlər.
Atam astaca tilsimli duanı oxuya-oxuya kahanın altına gəlir. Kahanın lap tuşuna çatanda özündən asılı olmayaraq irəli-geri getdiyini hiss edir. Ayaqlarını sərrast ataraq yarğanın dibinə çatır. Nərdivanı divara söykəyib: «Allah, Məhəmməd ya Əli, bər-hökm Süleyman, ibn Davud Əleyhissəlam…» – deyib nərdivanla yuxarı qalxır. Dörd, beş pillə qalxanda kahadan ilanın nəfəs alıb-verdikcə kahanın ətrafında otların yatıb-di-kəldiyini görür. Duanı təkrar-təkrar oxuyan Sofu heç nədən çəkinməyərək, kahanın ağzı bərabərinə çatır.
Elə bu vaxt ilanın yaşlı, nahamar və qəzəbli olduğunu təyin edir. İlana tərəf çox hirsli qışqırmağı ilanın tərpənişinə səbəb olur.
Bu zaman atam əmin olur ki, ilanın qanadı var, deyənlər bir az yanılmışlar. Belə ki, sən demə, qoca bir kəkliyi udmaq istərkən kəkliyin qanadları açılıb çəpinə ilanın ağzına ilişib. Qəzəblənmiş ilan zəhərdən şişmiş quş bədənini çürüdükçə udmuş, tüklü qanadlar isə dəyirman pəri kimi onun sallanmış ağız qırışlarına ilişmişdi. Uzaqdan onu görənlər isə elə zənn ediblər ki, onun qanadları var. Nə isə… Əlləri kahanın qırağına çatanda bir fısıltı az qala kahanın divarlarını titrədir. Atam əlindəki əsanı uzadıb ilanın qıvrılmış bədəninin düz yanında bir cızıq çəkir, ilanın qatı açılır, cızığı keçməyə başlayır…
«Əvvəl Allahın… Nuh Nəbinin… Adəm Səfinin… ikinci cızıq…» İlan onu da keçir, üçüncü, dördüncü və nəhayət, düz kahanın ağız tərəfində sonuncu cızıq (dairə) sonuncu əmr. Tərpənmə!!!
İlanın başı bir anda geri çəkilir, fısıltı yavaşıyır, hər şey sakitləşir…
Atam ona bir əsgər şineli verilməsini əmr edir. Yaba ilə bu işi yerinə yetirirlər. Şineli qoluna dolayır, bir əli ilə ilanın ağzında çəplənmiş kəklik qanadını çəkir. Eyni anda şinel dolanmış qolu ilanın ağzına girir. İlan qolu «udur». Atam yavaş-yavaş onu özünə tərəf çəkir. Hələ ilanın yarısı bayıra çıxmamış, atam duyur ki, onu bu yüksəklikdə saxlaya bilmə-yəcək.
İlan ağır idi. Əsgərlərə əmir edir ki, (bəli, məhz əmr edir!) uzaqda dayansınlar. Əsgərlər tez kənara qaçırlar. Atam ya Allah deyib ilanı qəflətən çəkib, qolunu onun ağzından çıxarır. İlan birbaşa yarğan dibindəki yumşaq torpağın üstünə düşür.
Atam sonra pilləkənləri enir və ilanı qucağına götürmək istəyir. Bilir ki, gücü çatan deyil. Zabiti çağırıb kömək istəyir. İki əsgər əli yabalı arxadan, atam isə ilanın başı tərəfdən onu qoltuğuna vurub, arabanın içində olan dəmir qəfəsə salıb ağzını örtürlər. Bundan sonra atam özünü elə yorğun elə zəif hiss edir ki, onun vəziyyəti qorxulu olur.
Elə oradaca qarpız istəyir. Çünki «rus əli dəyən» yeməyi yeməzdi. Qarpız gətirirlər. Bir dilim qarpızdan yeyib özünə gəlir və birlikdə «otryada» qayıdırlar.
Orada qarşılanma əsl mərasimə çevrilir. Bir azdan M.C.Bağırov generalın müşayəti ilə ora gəlir. Məmmədxan ona məlumat verir. Bağırov gülümsəyərək atamı yanına çağırıb onunla səmimi görüşdükdən sonra soruşur:
– Sofu o sufilərdəndi, ya başqa? Atam, (tanıyanlar hamısı bilir) hər kəsin öz dilində danışmağı bacarırdı. Ona görə arxayın və nəzakətlə deyir:
– Yoldaş Bağırov, bizim sufilərlə heç bir əlaqəmiz yoxdur. Mən əsl Sovet vətəndaşıyam. Atama ilan tutma, ovsunlama və ilan vuranı sağaltmaq vergisi verilibdi. Mən də onun kimi olmasa da, ilanı tanıyıram. Heç bir mövhumata inanmıram və yalançılıqla aram olmaz. Dövlətimizin, Stalin yoldaşın siyasətini həmişə təbliğ edirəm. Kolxozçular ilan görəndə qorxurlar, mən də ilanı tutub insan yaşamayan çöl-biyabana buraxıram. Həkimlər hələlik çətinlik çəkirlər. Mən təmənnasız yaralıları sağaldıram.
Doğrudur, hər kəs qüvvəsi çatan qədər mənə nəzir verir. Sənin sağlığına, kolxozda da yaxşı işləyirəm.
Atam danışdıqca Bağırov təqdir edircəsinə başını tərpədirdi. Sonra M.C.Bağırov ondan soruşur:
– Məndən nə istəyirsən?
Atam dərhal dillənir:
– İstəyirəm həmişə sənin başın uca olsun.
Bu sözə yüzdən çox əsgər alqışla «zü» tutdular.
Məmmədxan yavaşca atama deyir ki, bir şey istə. Atam salamat qurtardığına və nəfissiz olduğuna görə deyir:
– Bu əsgərlər geydiyi «urbaşqadan» (köynəkdən) birini ver, səndən yadigar olsun.
M.C.Bağırov ürəkdən gülür, böyründəkilərə tərəf dönüb rusca nə isə deyir. Tez arabaya bir kisə un, bir kisə qənd, köynək, şalvar, çay, düyü yükləyirlər. 200 manat da pul (o vaxt bu şeylər hədsiz çox sayılırdı) verirlər. Sonra ona bir kağız da verirlər. Məzmunu belə olur: «Rzayev Usub Fərəc oğlunun Azərbaycan sərhəddinə yaxınlaşmaq, ilan tutmaq ixtiyarı var».
Gecələmək istəsə, zastava rəisləri ona yer, yemək ver-məlidir. RİK və RPK onu bir ilan həkimi kimi tanımalı, bütün vergi növlərindən azad etməlidir.» «İmza M.C.Bağırov».
Sonra isə Bağırov dübarə soruşur:
– Niyə sən, iranlılar kimi birçək qoyub, uzun bığ saxlayırsan? Məsləhət bilirəm ki, onları bir az qısaldasan. İndi isə sənə yaxşı yol!
Sağ-salamat qurtardığına sevinən atam, pencəyini çiyninə salıb arabaya minir. Evə çatıb, arabanı geri qaytarandan sonra məlum olur ki, harada isə pencəyin cibindən pasport və Bağırovun imzaladığı lazımlı kağız düşüb. Bir neçə gündən sonra bir nəfər pasportu gətirib verir, ancaq o kağız haqqında məlumatı olmadığını söyləyir.
Onu da qeyd edim ki, kağız itsə də, 1953-cü ildə Bağırov düşmən çıxsa da, 1980-ci ilə (atam vəfat edənə) qədər ondan heç bir vergi alınmamışdır.
M.C.BAĞIROVUN ATINI ÖLÜMDƏN QURTARDI
İsti yay günlərindən biri, səhər tezdən…
Kənd Sovet sədri ilə bir zabit bizim evə gəlir və dədəmi çağırır. Dədəm bayıra çıxır, xoş gəlmisiniz deyib, onları evə dəvət edir. Zabit dilxor bir körkəm ilə dədəmə deyir: «Rzayev, sən əminsənmi ki, ilan vuranı sağaldarsan?»
Dədəm arxayın-arxayın: «Bəli, ilan vuranı sağaldaram!» – deyir.
– Belə olan surətdə sən bizimlə kənd Sovetinə getməlisən!
Yenə nənəm, dayım, qonşular nigaran-nigaran baxıb köks ötürürlər. Çünki «niyə» deyə bilməzdilər. Bu, o vaxt idi!
Dədəm onlara qoşulub kənd sovetinə gəlir. İdarə Ağalar bəyin daşdan tikilmiş evi idi. Dədəm bura gələn kimi qapıda dayanan adamların içində qəza icraiyyə komitəsinin rəisi Məmmədxanı tanıyır. Onların hamısı dilxor idi. Salamdan sonra Məmmədxan deyir: «Rzayev, yoldaş Bağırov Maşanlıdan gələndə Çullu bulağının yanında onun atını ilan vurub, aradan çox keçib, atın ayağı şişib. Yoldaş Bağırov onu gecə minib Ərdəbilə getməlidir. Səni onun özü xatırlatdı. İndi özün bil. At sağalmasa…»
Dədəm deyir ki, Allah Kərimdir. Ata baxanda bilir ki, onu gürzə vurub və vaxt onun zərərinə işləyir. Ürəyində ya Allah deyərək, atın çilovundan tutub axsaya-axsaya evə gətirir, kölgədə bağlayır və ovsunlayır. Məmmədvəlidən bir çəpiş alır, kəsir və cəld soymağa başlayır. Atın şişmiş baldırından lazım olan yerləri neştərləyir, zəhərin qayıtması üçün onu yuxarıdan aşağıya sığayır. Sonra qabağına bir az ot tökür, bir az su qoyur və sonra dəri ilə neştərlənmiş yerləri sarıyır. Hər yarım saatdan bir əsgər gəlib vəziyyəti soruşub gedir. Günorta vaxtı dədəm görür ki, at bir dəfə ota sarı əyildi və dodaqlarını ona toxun-durdu.
Dədəm deyirdi ki, belə olanda ilk dəfə dərindən nəfəs alıb, rəbbimə yenə dualar etdim.
Artıq böhran sovuşmuşdu. Bu dəfə gələnlərə isə belə deyir:
– Mən özümə qıyaram, yoldaş Bağırovun atının ölməsinə qıymaram!
Sonra məlum olur ki, vicdanlı əsgər, bir az da bər-bəzəklə dədəmin bu sözlərini M.C.Bağırova çatdırıb. Bağırov deyir ki, kim nə deyir-desin, kişiyə halaldır. Belə sənətkarı qorumaq lazımdır.
Dədəm dərini açır, atın ayağını soyuq su ilə yuyur, neş-tərləyir, ovsunlayır və dərini təzədən bağlayır.
Günün əyilən vaxtı dədəm görür ki, at bu dəfə bir az ot yedi və alçaqdan kişnədi. Dərhal atın ayağından dərini açır, yaranı sığayır, atın üz-gözünü tumarlayır və sonra çilovu onun başına keçirib minir. Qonşuları dəhşət bürüyür. «Dədə vay… Bağırov görsə, başına bir güllə…»
Sofu bildiyini (özü demiş) babasına da verməzdi. Atı minib asta-asta kəndin ayağında olan arxa tərəf sürür. Saqqız ağacının tuşuna gələndə generallardan tutmuş əsgərlərə qədər hamısı yamacdan üzü aşağıya, dədəmə tərəf qaçırlar. Kişiyə çatanda bir zabit sərt şəkildə: «Bu, nə cəsarətdir?» – deyir. Dədəm özünü sındırmadan: «Nə olub?» – deyə soruşur. Zabit dala-qabağa baxa-baxa bir az alçaqdan deyir: «Evin yıxılmasın, görmürsən yoldaş Bağırov eyvandan sənə baxır? Qurd ürəyi yeməmisən ki? Onun atını minmək… O da ola yaralı». Dədəm deyir ki, yoldaş, mən həkiməm. Arxayın olmasam, onu yoldaş Bağırova necə rəva görərəm? Uzaq mənzilə minə bilsin.
Söz kəsilir. Arxa çatanda dədəm düşüb atı arxın içinə salır və onu təmiz su ilə çimizdirir. Yaralarını sığayır. Yuxarı aşağı gəzdirir və atın tam sağlam və əvvəlki dəcəlliyinin bərpa olunduğunu görüb, onu yəhərsiz minir. Sonra Bağırov başda olmaqla bütün böyüklərin nəzərləri altında ata bir ayaq dürtməsi vurur. Dincəlmiş, sağalmış at ildırım surəti ilə idarənin qarşısından keçir. Evə çatan kimi dalınca adamlar gəlir və deyirlər ki, vallah, sən ölümdən qorxmursan. Onu da deyək ki, sənin bu cəsarətin yoldaş Bağırova çox əla təsir bağışlamışdır. Səni yanına çağırır.
Dədəm atın qabağına göy otdan bir az da atıb, onlarla birlikdə idarəyə gəlir. Salam verir. Bağırov onu gülərüzlə qarşılayır və deyir: «Sən yaxşı həkimsən», «Sən mərd və qorx-maz adamsan», «Sən yaxşı ki, sözümə baxıb bığını, birçəyini qaydaya salmısan» bundan sonra necə bilirsən o, atı minib bütün gecəni dayanmadan sürmək olarmı? – deyə soruşur.
Dədəm cavabında: «Yoldaş Bağırovun mənim kimi dostu da, o cür atı da hər cür əziyyətə qatlaşmağa hazırdır» – deyir.
Bağırov ürəkdən gülür və deyir: «Rzayev Allahın yaratdığı mükəmməl və nadir kişilərdən biridir».
RPK-ya, kənd Sovet sədrinə üzünü tutub: «Bu kişidən muğayət olun, bu, mənim dostumdur». Sonra dədəmin əlini sıxıb:
– Görüşərik – deyir.
ŞAİR SABİR ŞİRVANIN SÖYLƏDİKLƏRİ
Atam Qaytaran oğlu Əvəz danışırdı ki, balaca uşaq idim. Evimizdə ilan görmüşdüm. Anam İmanqulu qızı Gilə bərk narahatlıq keçirirdi. «Bui ilan ziyanlıq eləməmiş Sofu Usub buralara gəlsə deyərdik onu tutardı» – dilləndi. Çox çəkmədi ki, Sofu Usub kənddə göründü. Tez gedib məsələni ona söylədik. Rəhmətlik Sofu istəməzdi ki, kimsə əndişədə qalıb əziyyət çəksin. Dərhal durub gəldi. Evdə qapının ağzında dayanıb dodağının altında dua oxumağa başladı. Elə bil kəndə çar çəkmişdin. Uşaqlı-böyüklü hamı həyətə yığışmışdı. Narahatçılıqla gözləyirdik ki, indicə ilan haradansa çıxacaq. Bu zaman kimsə həyəcanla evin tavanından, qarğı-qamışın arasından iri bir ilanın yavaş-yavaş sallandığını dedi. Geri çəkilib heyrətlə ilana baxırdıq. O quyruğundan asılı vəziyyətdə sallanıb qalmışdı. Birdən ilan quyruğunu buraxıb şappıltı ilə evin ortasına düşdü. Sofu ağır-ağır yaxınlaşıb onu əlinə götürdü. Sonra sol əlini açaraq ilanın spiral şəkilində ovucunun içinə yığdı. Özgə vaxtlarda çevik tərpənən ilan ağır-ağır hərəkət edir, Sofunun hər bir əmrinə tabe olurdu. Nəhayət, Sofu ilanı dolayıb qurtardıqdan sonra sağ əli ilə papağını başından çıxartdı və sol əlindəki ilanı papağın içinə qoydu. Daha sonra papağı qaldırıb başına qoydu. Biz Sofunun bu hərəkətindən dəhşətə gəlmişdik. Qəflətən ilan başını papağın altından çıxarıb Sofunun alnında sağa-sola gəzdirməyə başladı. Sofu adi şey imiş kimi barmağını uzadıb ilanın başını papağın altına soxaraq: «Orada yat, hara çıxırsan?» – dedi. Bu mənzərəni seyr edən və təəccübdən donub qalmış ətrafdakı adamların gözündə Sofu Usub bir qəhrəmana çevrilmişdi.
HƏKİM NURƏDDİN AĞAYEVİN SÖYLƏDİKLƏRİ
Bir dəfə Dağ Xələfli kəndində bir neçə ağsaqqal kişi söhbət edirdilər. Söhbət Sofu Babadan olduğuna görə biz uşaqlar onları diqqətlə dinləyirdik. Çox-çox əvvəllər olmuş hadisələr bizim üçün daha maraqlı idi. Ələstan babam üzünü özü kimi bir neçə daha yaşlı ağsaqqalara tutub danışmağa başladı: «Yadınızdadırmı, bir gün bizim evimizə o vaxtadək görmədiyimiz, dəhşətli görkəmdə bir ilan girmişdi. Xoşbəxtlikdən həmin gün Sofu Usub məhz bizə qonaq gəlmişdi. Əhvalatı bilənlər ondan israrla xahiş etdilər ki, ilanı çağırıb tutsun. Sofu bir az könülsüz razılaşdı. Bizi təəccübləndirdiyini görüb, bu, çox zor işdir, – dedi. Soyunub bir çarşaba büründü. Üzünün gərginliyindən hiss etdik ki, bu, yəqin, doğrudan da zor işdir. Sofu evə girib qapını örtdü və tapşırdı ki, evə heç kim girməsin. Bir az sonra Sofunun səsini eşitdik. Lakin onun bir sözünü də başa düşmədik. Bu anlaşıl-maz sözlər, uzandı, ucaldı, qəzəbləndi, pıçıldadı, vaxt saatı ad-ladı. Xeyri olmadı. Yəni ilan gəlmədi. Bir azdan Sofu artıq nərə çəkirdi. Biz qapı dalından onun tövşüməsini, səsinin xırıltısını aşkar eşidirdik. Bəzilərimizin ona hətta yazığı da gəlirdi. İlan isə gəlmirdi ki, gəlmirdi.
Sofu qapını açıb bayıra çıxdı. Onu tanımaq olmurdu. Yo-rulmuş döyüşçüyə oxşayırdı. Bayırdan evə tərəf bir neçə dəfə demək olar ki, nərə çəkdi. Bu vaxt insanlar bir-birinə dəydi. Təpələrin, dağın döşündən sel xışıltısına bənzər səs, vahimə eşidildi. Cavanlar hay saldılar ki, döş aşağı ilanlar, həm də saysız, dəstələrlə üzü evə tərəf gəlirlər. Bunu Sofuya deyəndə onun rəngi bir az da qaçmış halda, son dərəcə qəzəbli bir səslə nəsə qışqırdı. İlan axını dərhal dayandı. Bu səssizlikdə evin qapısında külək səsinə oxşar bir fısıltı eşidildi, arxasınca da azman görkəmli bir ilan göründü. Sofu Usub bir anda dirçəldi və ilana tərəf qaçıb qarşısında bir cızıq çəkdi. İlan tənbəl-tənbəl qıvrılıb dayandı. Sofu ilanın üstündən adlayıb evə keçdi və bir azdan çarşabı atmış, öz paltarını geyinmiş halda bayıra çıxdı. İlanı götürüb elə sallaya-sallaya yaxınlıqda olan dağın bizə tərəf yamacında sakitləşmiş ilan ailələrinə tərəf dua oxuyub nə dedisə, ilanlar dağlara tərəf sürünüb görünməz oldular.
Sofu bizə tərəf gəlirdi. Ən maraqlısı isə bu idi ki, elə bil, hamıya «sus» əmri verilmişdi. Hamı kirimişcə Sofuya baxırdı. O isə qayıdıb heç nə olmayıbmış kimi salam verib çay istədi. Bu sözlər sanki bizim donumuzu, buzumuzu açmışdı. Hamımız Sofunu qucaqlayıb öpürdük.
Hə balalar, bax belə işləri var idi Sofu Usubun» – deyə, Ələstan babam söhbətini bitirdi.
SƏYAVUŞ BƏYİN SÖYLƏDİKLƏRİ
«Xudafərin» Şadlıq Sarayının direktoru Səyavuş Əsgərov Sofu Babanı belə xatırlayır:
– Çoxdan, yəni mən hələ uşaq olanda, bir gün səhər ertə çörək yeyirdik. Birdən gördük ki, evimizin tavanından bir ilan quyruğu sallanır. Hamımız bərk qorxduq. Anam dedi ki, Sofu Baba deyilən kişi kənddədir (Xocamisaqlıda). Gedin onu çağırın, gəlib ilanı tutsun.
Gedib Babanı çağırdıq. Baba gəlib bizi sakitləşdirdikdən sonra nə dedisə, ilan gözümüzün qabağındaca topasilə süfrəmizin üstünə düşdü. Baba ilanı götürüb bizə bir daha qorxmamağı tövsiyə edib getdi. O vaxtdan mənim o kişiyə rəğbətim var.
ARİF BƏYİN SÖYLƏDİKLƏRİ
«Xudafərin» Sadlıq Sarayının direktor müavini Arif Yusifov deyir:
– Mən uşaq idim. Evimizin carcısında ilan görmüşdük. Qorxumuzdan evə girmək istəmirdik. Qonşular dedilər ki, Sofu Baba kəndə (İsaqlıya) gəlib. Kimi isə göndərdilər. Bir azdan sağlam, gözəl görkəmli, bığları qulaqlarına çatan bir kişi bizə gəldi. Atamgil onu mehribanlıqla qarşılayıb, ilanı harada və necə gördüklərini anlatdılar. Mən onda başa düşdüm ki, bu kişi adı tez-tez hallanan Sofu Babadır. İndiki kimi yadımdadır, Sofu Baba evə girən kimi orada həqiqətən də ilan olduğunu təsdiq etdi. Sonra bizim hamımızı bayıra çıxarıb özü evdə tək qaldı. Biz Sofu Babanın yalnız anlaşılmaz səsini, əmrini eşidir-dik. Pəncərədən baxan böyüklər dedilər ki, ilan gəldi və cızığa girib sakitləşdi. Baba əlində ilan bayıra çıxanda ilanın baş tərəfi Babanın ağzının yanında idi. Yadıma gəlmir ki, Baba ona dua oxuyurdu və ya ilanın başını ağzına almışdı. Mən bunları öz gözümlə görmüşəm. Böyüklər isə Sofu Babadan möcüzələr danışırdılar.
MƏNİ HƏYATA QAYTARDI…
…Valideynlərimin deməsinə görə, Sofu Usubun möcüzələrindən biri də mənimlə bağlı olmuşdur. Hədsiz dərəcədə ağlağan olmuşam uşaq ikən. Həyətdə çal-çəpərdə sürünüb arasıkəsmədən ağlamağımı görüb-eşidənlər indi də o günləri, o vaxtlarımı xatırladıqca üşənir, özləri demiş, ətləri ürpəşir. Bu «xasiyyətim» təkcə ata-anama yox, qohum-qonşulara da əziyyət verir, onlarda bərk narahatlıq yaradırmış. Getmədikləri həkim, o dövrdə dəbdə olan molla-cindar heç biri konkret səbəb tapa bilməyib. Həkimlərin dəva-dərmanı, mollaların yazdıqları dualar belə fasiləsiz ağlamağıma çarə olmayıb. Cəbrayıl qəsəbəsində Aşıq Nəriman kimi tanınan tarzən Nəriman Vəliyevgildə (görkəmli alim, türkoloq, professor Kamil Vəli Nərimanoğlunun atası) «qızıl sandal» suyunun olduğunu və bu dərdin əlacını məhz həmin su ilə əlaqələndirənlər: «Uşağa əziyyət verməyin, aparın qızıl sandal suyunda çimizdirin, qada-balası elə onunla tökülüb gedəcək», – deyə məsləhət biliblər. Aparıblar, amma nə fayda, yenə əlləri boşda qalıb. Əmirvarlı kəndində Çələbi Molla Hüseyn hökmlü ocaq kimi tanınırdı. Onun məsləhəti belə olub ki, uşağın adını (ilk adımı Nuşrəvan qoyublarmış) dəyişib pey-ğəmbərlərdən birinin adını qoyun. Anam Gülövşə deyir ki, Yusif adı sənə düşdü. Atam Məhəmməd peyğəmbərin adını daşıyır. Ailədə tək oğlan uşağı olduğu üçün ona bu adı qoyublar. RəhmətlikSərvinaz nənəm (atamın anası) oğlunun tək olmasından üşənir və həmişə ondan ehtiyatlanırdı. Çələbilər ocağında adının Məhəmməd qoyulmasını tövsiyə eləmiş, demişlər ki, peyğəmbərin müqəddəs ruhu daim onunla olacaq. Doğrudan da, atam həyatı ilə təsdiq etdi ki, insan əməli-saleh ola bilər. Həm atamın, həm də anamın söylədikləri mənim üçün indi də maraqlıdır: «Səni ölümün ağzından Sofu Usub qurtardı». Bu kəlmələri Sofu Babanın sağlığında da çox eşitmişdim. Odur ki, bizə gələndə məni ölümün cəngindən almış, bu bəstəboy, nurani kişiyə, xeyirxah əməlləri ilə gözlərimdə nəhəng dağlara bənzəyən xilaskarıma heyrətlə, hey-ranlıqla baxardım. Qəribədir, həmişə adımın Yusif olması ilə daha çox öyünürdüm, ona görə ki, Sofu Yusif Baba ilə adaş idik. Elə bilirdim bizi bir-birimizə hansısa gözəgörünməz tellər bağlayır. Bilal dayının aşağıdakı ilıq kəlmələrini unuda bilmirəm: «Adın dədəmin adıdır. Əməllərin də onunku kimi pakdır. Səni buna görə çox istəyirəm. Sənin soyadında dirilik var. Diridağı var… Diri dağları ömrümün mənasıdır». Bəli, bunlar Bilal dayının dilə gətirdikləridir. Könül sözü kimi içində bəsləyib dilində bitirdiyi əmanət sözlər…
Sofu Usubun ruhən qəlbimə qonan nidalarını çox eşitmişəm. O, nidaların ilki üz-gözümə dəyən isti nəfəsi – ovsunları ilə olub. Sofu Baba Çələbi Hüseynin fikrini təsdiqləyib: «Uşağın adını dəyişib, Yusif peyğəmbərin adını qoyun…» Atam deyir ki, kəndçimiz Anaxanım nənə (Bəndiyalı qızı) də bu adı demişdi… Amma bu hələ sağalmaq üçün kifayət etmirdi. Sofu Usub hökmünü verdi: «Cinlər uşağı əldən qoymurlar. Hasara salıblar. Bir bədheybət xoruz tez-tez uşağın başını dimdikləyir. Onunçün dayanmadan ağlayır». «Bahoo», – o dərindən təəssüflənmişdi. Hasarda qaldıqca sağlamlıq durumunun daha da çətinliyini bildirən Sofu Usub məsləhət görmüşdü ki, 2-3 gün məni orda saxlasınlar. Bir neçə gün anamla Sərvinaz nənəm dəmir yolu ilə piyada məni Sofu ocağına aparıb-gətirir. Sonra valideynlərim mənimlə bərabər Sofu Babagildə qalırlar. Onun körpə bir uşağı amansız xəstəlikdən necə qurtarmağı, bu zaman hansı üsuldan istifadə etməsini gözləri ilə görüblər. Anam danışırdı ki, Allahdan aşağı, səni Sofu Usub qurtardı. Deyirdi ki, o, tez-tez cinləri lənətləyir, ovsun oxuyur, əl-qolu ilə öz-özünə danışır, ayağını yerə döyəcləyir, dodaqlarının ucunda nəsə pıçıldaya-pıçıldaya yeddi rəng sapın topasına yeddi düyün çalır və mənə verirdi ki, sənin çiyinlərinə, yaxud yaxana tikim. Sofu səni ağacın burnu ilə cızdığı hasarın (çevrənin) içinə qoyub 2 gün saatbasaat ovsunladı, nəyisə çağırır, sənin üzünə və qırağa üfürürdü. Gözümüzün qabağındaca yavaş-yavaş halın dəyişir, bizim sənin sağalmağına ümidimiz get-gedə artırdı. Üçüncü gün elə bil bədəninin zəifləməsi də, ağlamağın da keçmişdi. Gözlərinə işıq gəlmişdi. Daha əvvəlki kimi gümrah görünürdün. Sofu Usub əminliklə bildirdi ki, bundan sonra adaşıma qələt eyləyib bir cin-əcinnə də yaxın dura bilməz. O, axırda yeddi rəng sapdan bir neçə düyün düyüb mənə verdi ki, sənin yaxana və çiyinlərinə tikim. Boğazını əllədi. Boynuna, üz-gözünə üfürdü. Səni yaxşı-yaxşı ovsunladı və «Day bu uşağa zaval yoxdur» – dedi. Odur ki, anam: «Bala, mən ölüncə Sofu Usuba duaçıyam» – söyləyirdi. Hər adı çəkiləndə, yadlarına düşəndə valideynlərim ona Allahdan rəhmət oxuyurlar. Yeri behiştlik olsun, – deyirlər. «Bizim tərəflərdə Seyid Həsən Ağa ocağı ilə Sofu Usub ocağı kimi ocaq olmayıb. Kənddə olanda onlara tapınırdıq. Allah ermənilərin çırağını söndürsün. Elimizdən, ocağımızdan dağılsaq da, o övliyalar ürəyimizdədir».
Valideynlərim Sofu Usubdan söz salanda öyüncəkliklə bizə təlqin edirdilər ki, babanız Heydərlə kirvə olublar. Sonra öyrəndim ki, onların heç bir kirvə qohumluğu yox imiş, sadəcə müdrik, yanımcıl, el-oba adamı kimi isti münasibətləri varmış və Heydər babamın qohum-qardaş, el-oba sevgisi, saf niyyətləri, pak əməlləri Sofu Babanın ürəyincəymiş deyə, onu çox istəyirmiş. Heydər babamla Sofu Usub bərk dost olublar. Bəlkə də onun bizə qanının qaynamağı bununla bağlı idi.
Aşağı Xələflidə, əsasən Xudayarlı Mikayılgilə düşərdi. Başqa ailələrə də qonaq olardı. Dəfələrlə bizim evdə də olmuşdu. Yaxşı xatirimdədir, boğazımızı əlləyib, üzümüzə ovsun oxuduğu (bu, qoruyucu, bəd nəzərdən uzaq olmaq məqsədi güdürdü). Yeddi rəng sap düyünləyib verirdi. Qonşu qadınlar uşaqlarını da götürüb Sofunun düşərgə saldığı evə aparardılar. Ailə üzvlərinə, ev-eşiklərinə, sağlamlıq, bərəkət iltimas edirdilər Sofu Babadan. Gedəndə yüngülləşmiş kimi qayıdardılar. Sofunun nəfəsi ağırdır, – deyirdilər. Ancaq bu «ağır nəfəslik» insanlara yüngüllük, şəfa, evlərinə və işlərinə bərəkət üçün Tanrıdan nida olunmuşdu.
Sofu Usubun uzanıb təsbeh çevirməyi də maraqlı idi. Üç-dörd dəfə bizdə gecələməyi xatirimdədir. Onlardan biri uşaq yaddaşımda belə qalıb: İşıqlar sönmüşdü deyə, lampa işığında küncdə səliqə ilə məxsusi əziz-xələf qonaq üçün sərilmiş yorğan-döşəkdə yastığa dirsəklənib həvəslə təsbeh çevirirdi. Hərdən bizə maraqlı söhbətlər edirdi. Bir gün yenə bizə gəlmişdi. İsti yay axşamı idi. Sofu Usub yaxşı rahatlansın deyə, atam çarpayının birini çölə çıxarıb qoydu, anam döşək saldı. İsti olduğundan atam dübarə sərinkeşi gətirib ona yaxın yerdə qurdu. Hiss olunurdu ki, Sofu bundan xeyli məmnundur. Yaxşıca rahatlanmış və sərinləmişdi. Qulluq və qayğı üçün vali-deynlərimə təşəkkür etdi.
Üçüncü xatirəm: Toran vaxtı idi. Həyətdə salınmış süfrənin başında Sofu Usub dirsəklənib samovara yaxın oturmuşdu. Pürrəngi çayı ləzzətlə içirdi. Anamın dəmə qoyduğu aşın xoş iyi adamın iştahanı qıdıqlayırdı. Sofu baba: «Ay bala, mənim aşım gərək yağlı olsun ha…» – deyəndə, anam: «Arxayın ol, Sofu Baba, bilirəm», – dedi. O, barmaqlarını üçləyib yağlı plovu yuxa çörəyin arasında ağzına apardı… Yenə maraqlı, hərdən baməzə söhbətlər… Gəzdikləri yerlərdən, bildikləri əhvalatlardan nəql etdikləri təkcə biz uşaqlardan ötrü yox, elə böyüklər üçün də maraqlı idi. Ona görə də hər kəs səsini içinə çəkib min bir həvəslə bu pirani, müqəddəs insana diqqətlə qulaq asardı.
Sofu Usubun yeddi rəng sapı cəmləyib yeddi yerdən düyün vurması mənimçün həmişə xüsusi maraq doğurmuşdur. Niyə məhz 7 rəng? Görəsən, bu hansı mənanı kəsb edir? Sonralar da bu barədə çox düşünmüşəm. «Yeddi» və «Yeddi rəng» ifadələri simvolik xarakter daşıyır. Nağıllar və dastanlarda, ümumiyyətlə, folklorda üç, yeddi və 40 ədədləri müqəddəs rəqəmlər kimi təqdim olunur. Üç gün, üç gecə, yeddi gün, yeddi gecə, qırx gün, qırx gecə. Yas təziyələri: üçü, yeddisi, qırxı… Göydən üç alma düşdü. Bir dərədə yeddi keçi otlayırdı… 40 otaqlı ev… Və dünyanın möhtəşəm yeddi möcüzəsi. «Dünyanın yeddi rəngi» ifadəsi poeziyamızda min illər boyu işlədilib. Təbiətdə mövcud olan ana rənglərin sayı yeddidir, qalanları isə onların çalarlarıdır. Məsələn, öyrəniblər ki, pişik boz rəngin 25 çalarını müəyyən edə bilir. Günəş şüalarının spektri 7 rəngə ayrılır. Bu, özünü yaz vaxtı yağışdan sonra əmələ gələn göy qurşağının rənglərində tapır. İnsan orqanizmi bütövdür, kompleksdir. Lakin ona tamlıq verən oxşar funksiyalı orqanlardan ibarət funksional sistemlərdir. Məsələn, həzm sistemi, qan-damar sistemi, ifrazat sistemi, tənəffüs sistemi və s. Onların sayı da 7-yə bərabərdir. Onların sistemli birliyi orqanizmin bütövlüyünü təmin edir. Bunu bütün canlılara (insanda olduğu kimi deyil, başqa quruluş xüsusiyyətlərinə görə) aid etmək olar. Yeddi səs – not, 7 qədəm – namazda 7 əzanın səcdəsi. Ölünün həmin əzalarına – alın, əllərin içi, dizlər və ayağın baş barmaqlarına vurulan «kafur». Deməli, yeddi rəng sapdan düyün düymək mahiyyətcə elmi, formaca zəngin olub, yad ünsürlərdən təmizlənən harmonik, sağlam orqanizmi ehtiva edir. Düyün, bəd nəzərin – xəstəliyin düyünə, çətinə salınması, gerçək mənada, müalicə olunmasının rəmzi ifadəsidir. Yeddi düyün sağalmağa ehtiyacı olduğu bilinən mövcud orqanlar sisteminin sayla ifadəsidir. Qeyd edək ki, müasir təbabətdə orqanizmin lokal müalicəsindən kompleks müalicəsinə keçmək kimi yeni elmi-nəzəri baxışların praktik həlli son illər aktual bir mövzuya çevrilib. Artıq bəzi həkimlər öz pasiyentlərinə məhz bu cür yanaşaraq xəstəliyin büsbütün aradan qaldırılmasına və orqanizmin tamamilə sağalmasına nail olduqlarını iddia edirlər. Tibb elmi digər elmlərlə vəhdətdə sürətlə inkişaf edir. Canlı orqanizmin kompleks müalicəsi (funksional sistemlər üzrə) gələcəkdə adi müalicə üsullarından birinə çevriləcəyi şübhəsizdir. Fəqət, bu məsələ Sofu Usub oca-ğında «düyün düymək» kimi ilk baxışda pirimitiv görünən, əslində məzmunca müəyyən əhəmiyyət kəsb edən bir problemin həllinə ən azı cəhddir. Belə cəhdlərin nəticəsi indiyə qədər yüzlərlə insanın şəfa tapmasında özünü göstərib.
MÜALİCƏ ETDİYİ XƏSTƏLİKLƏR
1. Əsəb gərginliyi.
2. Qorxu.
3. Həmzad.
4. Çiləyə düşmək.
5. Gec ayaq açmaq.
6. «Üstündən saat adlama».
7. İlan vurma və s.
8. Bağlanma (qadın, kişi).
9. Qadın döşünün «gəlməsi».
10. Boğaz ağrısı.
11. Bəd-nəzər.
(Bax: «İlan ocağı» kitabı)
Bu xəstəliklərdən bir çoxunun sağalmasını həmin xəstələrin və ya şahidlərin çoxu indi də xatırlayır.
VII Bölmə
YARADICILIĞI
YARADICILIĞININ BƏDİİ XÜSUSİYYƏTLƏRİ
Bir şair kimi Sofu Bilalın yaradıcılıq imkanları çox geniş və əhatəlidir. Demək olar ki, klassik ədəbi janrların bütün formalarından məharətlə bəhrələnən şair, öz yaradıcılığında ənənəvi üslubdan bol-bol istifadə etmişdir. Onun lirik əsərləri bu cəhətdən səciyyəvidir:
Göydən neçə bəla endi, biri məndən ötüşmədi,
Bağı-bağçam viran oldu, bar gətirən yetişmədi. –
beytləri ilə başlanan qəzəli şairin perik düşdüyü vətən nisgilindən bəhs edir.
«Qardaş» rədifli qəzəli isə onun sevgi dünyasından danışır:
Bir eşqin ucbatından açılmır eynim, qardaş,
Bu işdə biçarəyəm, bilmirəm neynim, qardaş.
Dərdimi açammıram o dildarın özünə,
Ürəyim tez-tez vurur, işləmir beynim, qardaş.
(«Ömür 70 – vaxtım dardı» kitabından)
Bədəsil, nanəcib adamlar Sofu Bilalın qələmində kəskin tənqidə məruz qalır. O, bunu öz sələflərindən – Sabirdən, Seyid Əzimdən, Zakirdən fərqli olaraq, qoşma, müxəmməs, məsnəvi şəklində yox, az-az təsadüf olunan qəzəl janrında çox gözəl verə bilib:
Badə darlıq eyləyəndə yaman xoşhal olursan,
Bəs qeyrət vaxtı çatanda sən niyə lal olursan?!
…Cəhənnəmdə yanacaqsan, tövbəyə gecikmisən,
Sofu deyir: «Gecikmisən, indi bihal olursan».
(«İlan ocağı» kitabından)
Şairin dini şeirlər motivində yazdığı «Ey Rəbbim» adlı qəzəlindən də Vətənə qovuşmaq diləyi boylanır. Onun iniltisi yurd sarıdır:
Sən ey pak varlığına canımdan çox inandığım,
Sən ey ümid verənim, ey Xaliqi-yek sandığım.
Dərdimə bir çarə qıl, qaytar məni vətənimə,
Yuxumu ərşə çəkir hər xatirə, hər andığım.
(«Bu dünya bərədir» kitabından)
Sofu Bilalın qəzəllərində əsas xətt ictimai-sosial, eşq-məhəbbət, yurd nisgili, dostluq mövzularıdır. Bunu «Dərdsiz dünyam boşdu mənim…» (2008) kitabında toplanmış qəzəllərdən aydın görmək olar. 11, 15 və 16 hecadan ibarət yaratdığı qəzəllərdə Sofu Bilal doğma Vətənin nazü-nemətlərini, bar-bərəkətini, şəfaverici bitkilərini hallandırır:
Hikmətdən yaradılıb, hər bitkisinin şəfası var,
Göz dəyənə çarəni üzərlik, dağdağan eylər.
O, bir tərəfdən məğrurluğunu, yenilməzliyini ifadə edirsə, digər üzdən vətənsizlik dərdinin ağrılarını izhar edir:
Yenə kövrəlibdir sevdalı könlüm,
Qürurlu, əyilməz, ədalı könlüm.
Qəlbimin aynası pak-pakizədir,
Olsa da yaralı, qadalı könlüm.
Şan-şöhrətə, vara susamayan bu insan qaçqın-köçkün olandan ürəkdən gülməyib. Bu, onun taleyidir. Lakin Rəbbinə pənah gətirən Sofu Bilal səbrlə ümidini Tanrıya bağlayır.
Şairin «İxtiyar sahibidir» («İlan ocağı»), «Gözəlim arxa-lanma üzdə qoşa xalına», eləcə də «Demişəm» rədifli («Dərdsiz dünyam boşdu mənim») qəzəlləri məhəbbət dünyasının pıçıltılarıdır. Klassik janrlardan bacarıqla istifadə edən Sofu Bilal atalar sözlərini özünəməxsus bir tərzdə görün necə yerində işlətmişdir:
Bir quyuda su olmasa, su tökməklə dola bilməz,
Şöləsi olmayan şəmin pərvanəsi ola bilməz.
Bu dünyanı quran Xaliq, mizanını düz qurubdur,
Buynuzsuz qoçun qisası, buynuzluda qala bilməz.
(«Sofu sözü» kitabından)
Müəllifin «Qürbətin xofu» kitabında da belə işlətmələr çoxdur. Ümumiyyətlə, qəzəl klassik ədəbi janrın ən çətin növlərindən biridir. Və bu janra müraciət heç də həmişə uğurlu alınmır. Gördüyümüz kimi, şair Sofu Bilal qələmini klassik şeirin əsas növlərindən sayılan qəzəldə də sınaya bilmişdir.
Şairin yaradıcılığında rübailər məzmun etibarı ilə seçilir. Tuyuq kimi, rübaini də ana dilimizə orta əsr Azərbaycan şairi Q.Bürhanəddin daxil edib. Əruz vəzninin həcəz bəhrində yazılan rübai dörd misradan ibarət olub, ictimai-əxlaqi fəlsəfi və məhəbbət mövzusunda yazılır:
İnsanın səyində olsa mərifət,
Bilər təriqətdə nədir həqiqət.
Həqiqət bilməyən yazıq biçarə,
Ondan uzaq olar rəhmi-məğfirət.
Sofu Bilalın yaradıcılığında dördlük şəklində yazılmış şeirlər çoxdur. Yuxarıda göstərilənlərdən başqa, şair qoşma, gəraylı, mürəbbe kimi fikrin yığcamlığı və tamlığı baxımından dördlük əsasında qurulan çoxbəndli əsərlər də yaradıb. Aşıq şeiri üslubunda işlənmiş bir neçə nümunəyə baxaq:
GƏRAYLI
İcazə ver bircə dəfə
Əllərindən tutum, ay qız.
Bağçanızda, gül yanında
Bülbül kimi ötüm, ay qız.
Asta yeri gəlim çatım,
Yara qurban yeddi qatım.
Bu gecəni sizdə yatım,
Səhər durub itim, ay qız.
Sən Sofuya yox demə, yar,
Göydə Allah razı qalar.
Yetimlərə güzəşt olar,
Mənəm əsl yetim, ay qız.
QOŞMA
Yenə səhər-səhər çıxdı qarşıma,
Ətirlənmiş gözəl, daranmış gözəl.
Danışa bilmədim, ürəyim dedi:
Canımı almaqçün yaranmış gözəl.
Səhər mehi bir az yaxasın açmış,
Xumar gözlərinin röyası qaçmış.
Zərif ayağına jalə bulaşmış,
Can alanmış, qəsdə duranmış gözəl.
Başından sürüşüb ağ kəlağayı,
Sərgiləyib on dörd gecəlik ayı.
Yoxdur bu dünyada bənzəri, tayı,
Müjgan oxun sərrast vuranmış gözəl.
Sofu Bilal söz deməyə nə karə,
Aşiq olsa padşah dönər nökərə.
Tamaşaya yüzü durub biçarə,
Hər aşiqə torun quranmış gözəl.
«Salxımın son giləsiyəm» kitabından
Ümumiyyətlə, ahəngdarlığı və oynaqlığı ilə diqqəti cəlb edən gəraylı janrında Sofu Bilal çoxlu şeirlər yazmışdır. Onların arasında hal-əhval, sosial problem, məhəbbət mövzusu məxsusi yer tutur:
Bu yollara nə baxırsan,
Bir dost-aşna gəzən canım?
Nə itirib axtarırsan,
Tapmayıb, əl üzən canım?!
Sınan qolun daha bitdi,
Gələn gəldi, gedən getdi.
Cavanlğın düşüb itdi,
Min bir dərdə dözən canım.
(«Dağım girdi yuxuma» kitabından)
«Bir sinə var», «Sofunu mehman eyləsin», «İtirdim», «Gərək» və başqa gəraylılarında müəllifin el ruhundan qay-naqlanan ifadələri onun dilinə şirinlik gətirir, oxucunun könlünü oxşayır. Həmin şirinliyi şairin qoşmalarında da görmək olar:
Məcnun olub Leylasını sevənlər,
Eşqin keşiyndə dayansın gərək.
Şehli-şehli bağçadan gül dərənlər,
Səhərin xabından oyansın gərək.
…Toy edib bir gözəl almaqla deyil,
Gecələr yuxusuz qalmaqla deyil,
Aşiqlik saralıb-solmaqla deyil,
Bu yolda Sofutək ha yansın gərək.
«Maşallah», «Ölmüşəm» kimi qoşmaları ilə yadda qalan müəllifin ithaflarında bu janrdan gen-bol istifadə olunub. Sofu Bilalın yaradıcılığı ilə yaxından tanış olan hər kəs deyə bilər ki, o, şeir-sənət elminə, söz-sov dünyasına kifayət qədər vaqif insandır.
Aşıq poeziyasının xarakterik nümunələrindən olan de-yişmələri Sofu Bilalın yaradıcılıq potensialının xeyli dərəcədə əhatəliliyindən xəbər verir. Onun özü ilə, eləcə də həyat və sənət dostları ilə apardığı deyişmələr maraq doğurur. Şairin «Ləngimə» adlı deyişməsi bu cəhətdən səciyyəvidir:
Bilal:
O nə idi göydən gəldi, oxundu?
O nədir ki, yoxun isə yoxundu?
O nə idi ürəklərə toxundu?
Al sualı, ver cavabı, ləngimə!
Sofu:
Quran idi, göydən gəldi, oxundu,
Əməlin yox isə, iman yoxundu.
Acı sözdür, ürəklərə toxundu,
Al cavabı, ver sualı, ləngimə.
Məzmun etibarı ilə «Ləngimə», eləcə də «De görüm» deyişmələri Sofu Bilalın özünün özüylə qıfılbəndidir. İki tə-rəfdən biri Sofu, digəri isə Bilaldır.
Bilal:
O nədir ki, xidmət edir sərinə?
O nədir ki, getmək olmur dərinə?
Neçə ildə dəyişilir qərinə?
Üç qərinə ötən nədir, de görüm?
Sofu:
O bədəndir, xidmət edər sərinə,
O elmdir, girmək olmur dərinə,
Otuz üçdə dəyişilir qərinə,
Üçü olsa əsr ötər deyirəm.
Xüsusiyyətlərinə görə bu qıfılbənd ustad aşıqların deyiş-mələrinə çox oxşayır:
Xəstə Qasım:
O nədir ki, dayanıbdır dayaqsız?
O nədir ki, boyanıbdır boyaqsız?
O nədir ki, doğ ar əlsiz-ayaqsız?
Üç ay keçər, ayağı var, əli var?
Ləzgi Əhməd:
Göy bir çadır dayanıbdır dayaqsız,
Ayla gündür boyanıbdır boyaqsız.
Qurbağadır doğar əlsi-ayaqsız,
Üç ay keçər ayağı var, əli var.
Fikrimizcə, şair sualın Bilal, açmasının isə Sofu tərəfindən verilməsini bilərəkdən etmişdir. Sofu ürfandır, üləma təbiətli insandır. Hər şeyi görür və bilir. Onunçün də sualları nə qədər çətin olsa belə cavabsız buraxmır. «Zahir, sən nə dersən bu işə» adlı deyişmə şairin özünə sorğusudur:
Zahir:
Zahirdə görürəm özüm özümü,
Tor alıbdır qulağımı, gözümü.
Bəzən unuduram əzəl sözümü,
Ey batinim, sən nə dersən bu işə?
Batin:
Sofu Bilal, əyri otur, düz danış,
Hikmətləri nizam ilə düz, danış.
70 azdı, ömrü elə yüz, danış,
Ey zahirim, bəs nə dersən bu işə?
Ta uzaq dövrlərdən həmişə dünya qınaq obyekti olmuş, el şairlərinin, aşıqların söhbətlərində, qoşqularında dara çəkilmiş, mövcud çətinliklər onun ayağına yazılmışdır. Qobustanlı şair Dərdli Cavadla «Dünya», tanınmış el şairi Kərəm Kürqıraxlı ilə «Bu kişiyə nə ad verim, Kərəmcan?» adlı deyişmələri bu qəbildəndir.
Onun K.Kürqıraxlı ilə «Salavat çək, salavat» deyişməsi dini-ürfani məzmun kəsb edir:
Kərəm Kürqıraxlı:
Salavat buyurub Şahların Şahı,
Salavat xatırlar Rəsul-Allahı.
Daima zikr eylə o qibləgahı,
İstəsən Allahdan alarsan murad,
Salavat çək, salavat çək, salavat.
Sofu Bilal:
Bostanında hər nə əksən o bitər,
Əməllərin nə əksilər, nə itər.
Haqq yolun seçənlər Cənnətə yetər,
Çünki axirətdir əbədi həyat,
Salavat çək, salavat çək, salavat.
Diqqətlə nəzərdən keçirsək, Sofu Bilalın yaradıcılığının böyük bir hissəsini küll halında mahiyyətcə dini yazılar, o cümlədən müxtəlif janrlarda qələmə alınmış şeirlər təşkil edir. Həmin şeirlər həcm etibarı ilə də rəngarəngdir. Onun hər bir dini əsərində Allaha sidq ürəkdən bağlılıq, əqidə saflığı, müqəddəsatlara könül vermək, kökdən gələn islami sevgi, ocaq ənənəsini yaşatmaq istəyi dayanır. Təsadüfi deyildir ki, şairin yaradıcılığında Tövhid – Allahın birliyinin tərənnümü, Minacat – Allahın fəzilətlərinin tərənnümü, Nət – Peyğəmbərin tərifi kimi qəsidənin (təntənəli üsluba malik şeir janrı – müəl.) növlərindən bacarıqla istifadə edilmiş, demək olar ki, o, bu istiqamətdə yüzlərlə mükəmməl lirik və epik əsərlər yaratmışdır.
YARADICILIĞININ ÇOXŞƏKİLLİYİ
Sofu Bilalın yaradıcılığı çoxşəkillidir. Onu adi şeirlər top-lusu, hekayələr yığını saymaq olmaz. Burada ədəbi janrın əksər nümunələrini özündə əks etdirən çoxlu material vardır. O, şeirlərində müxtəlif vəznlərdən (heca, əruz, sərbəst) istifadə etmiş, ayrı-ayrı janrlardan bəhrələnmiş, cəmiyyət və təbiəti olduğu kimi verməyə çalışmış, başqa sözlə, bir yaradıcı insan kimi bacarığını əsirgəməmiş, varını verməkdən çəkinməmişdir. O, bəziləri kimi, zəif yazılarını təqdim və təlqin etməyi xoşlamır, qüsurlarını deyənə pis baxmır, səhvlərini düzəltməkdən çəkinmir. Sofu Bilal öyrənməyi əksiklik hesab etmir. Hər zaman öyrənməyin vacibliyini bildiyindəndir ki, az vaxtda yaradıcılığında «inqilab» edib.
Poeziyası da, nəsri də özü kimi ağırsanbal və sakitdir. Tufan həmişə olmur. Birdən gəlir. Əminəm ki, haçansa Sofu Bilalın külliyyatı tədqiqata cəlb olunacaq. Məhsul nə qədər çoxdursa, çeşid rəngarəngdirsə, seçim də rahatdır. Qeyd etdiyimiz kimi, Sofu Bilal ədəbiyyatda sözünü deyə bilib. Dəyərini gələcəkdə tənqidçilər və oxucular verəcək. Sofu duyğularını yazıb, amma həyatdan, cəmiyyətdən kənarda qalmayıb. Bunu onun təmsillərində, yumorlarında, satiralarında, lətifələrində görmək mümkündür. Sofu Bilalın kəlamları, nəsihətləri, hikmətli sözləri cəmiyyətdəki neqativlərdən üzlüşməyə, saflaşmağa xidmət edir (bu barədə «Sofu – hikmət xəzinəsi» yazısında demişik).
«Özünü öyən qoca» təmsilində özündən razı, vecsiz adamın xarakteri palıdın dili ilə açılır. Onun qınağına tuş gələn alma, heyva və nar palıdın dərsini verib yerində oturdurlar, kimliyini (qozasının donuza qismət olduğunu) üzünə deyirlər. Böyük satira ustası M.Ə.Sabirin eyni məzmunlu təmsili yada düşür. Sofu Bilal müvafiq təmsili yeni səpkidə işləyib.
«Könlüm seçdi» şeirində şair öz tayına bab olmayan adamları gülüş hədəfinə çevirir:
«Həmdəm» gözün süzüb dedi:
– Kim lazımdır sizə əmi?
Ahıl vaxtında xərifləyən, könlündə sevda küləkləri gəzişən, bu səbəbdən cavan qız-gəlinə sataşan adam gülüş obeykti olur.
Şairin «İbrət al» şeiri bütövlükdə adından göründüyü kimi, ibrət üçün dəyərli fikirlər toplusudur. O, dördlük və ikilikdən istifadə etməklə bir neçə belə təmsil yazmışdır. Sofu naqis xarakterli insanları tənqiddən çəkinmir. S.Bilal «Oxşayıbdır zatına», «Həzər belə kişilərdən», «Gəda», «Kişinin», «Olursan» kimi şeirlərində satiranın gücündən istifadə etmişdir:
Baş-gözünə rəng çəkibdir,
Telini üzə tökübdür.
Bu «kişini» kim əkibdir?
Seçilməyir dişilərdən,
Həzər belə kişilərdən.
Sofu Bilal klassik aşıq yaradıcılığı xəzinəsindən bəhrələnərək yazdığı gəraylı, qoşma, bayatı kimi nümunələrlə yanaşı, cığalı şeir formalarına da müraciət etmişdir. «Aşıqvari»də olduğu kimi:
Şair olan bir yolçudur, yol uzun,
Təskin olar sözü sözə düzəndə.
Bu istəyin, bu xəyalın, sonsuzun,
Hikməti var, ilham göydə süzəndə.
Sofu sözü düzəndə,
Gəzdim dağda, düzəndə,
Yar məni oda saldı,
Gözlərini süzəndə.
Burda cığalıbənd (bayatı) qoşmanın bəndləri ilə növbələşdiyi halda, «Tamah» şeirində qoşmanı ikiliklər əvəz edir:
Allah Sofusunu azad eylədi,
Yəni tamah ilə təzad eylədi.
Bu şeirdə ikiliklərin ardınca bayatı-cığa gəlir. Başqa sözlə, növbələşirlər.
Sofu Bilal elindən-yurdundan perik salınıb. Vətən sarı qəlbi sızlayan, canı bozlayan Sofu bütün yaradıcılığı boyu bu dərdin içindən boylanır. «Neynir erməni» şeirində məlum erməni xarakterini özünəxas şəkildə açır. «Havadarı olmasa, erməni kimdir?» sualını qoyur. Zarafatyana yazdığı «Deşiyin» şeiri birbaşa Qarabağ, düyününün müəlliflərinə – Putinə, Köçəryana, Sərkisyana ünvanlanmış acı və kəskin həcvləridir.
Sofu Bilalın poeziyasında insan amili əsas şərtdir. O, dostlarını, yaxşı insanları bir-iki misra ilə də olsa anmağa, xarakterizə etməyə çalışır. Sanki bununla insanlıq borcundan çıxmaq istəyir. Tipik insan xarakterini o, yaratdığı portret cizgilərlə çatdırır:
Diridağlı:
Nadir hər vaxt şirin edər dilini
İmkan olcaq, təbliğ edər elini.
Xudafərinli:
Məməd Əli mükəmməl bir ziyalı,
Bəzən «göylərdədir şair xəyalı».
Yunusoğlu:
Nadir heç vaxt olanına yox deməz,
Bir parça çörəyi dostlarsız yeməz.
Məmmədzadə:
Hüseyn qardaşımdır, tanış içində
Mən onu sanıram, dost biçimində.
Şərhə ehtiyac yoxdur. Az-çox mənim də yaxşı tanıdığım bu insanların əməlləri, xasiyyətləri, keyfiyyətləri ustalıqla təsvir edilib. Həbiboğlu, Qurbanoğlu, Zeynalov, Mehrəliyev, Şirinoğlu haqqındakı portretlər də mükəmməl təqdim olunub. Burda rəhmətlik Hüseyn Məmmədzadəni (Nərcə oğlu) xatırlamaya bilmirəm. O, Dirili Qurbani Məclisinin sadiq üzvləindən idi. Sofu Bilalla gəlmişdi. İstedadlı bir şair, isti, həlim təbiətli həmyerli idi. Təəssüf ki, ömür karvanı dayandı…
Şair S.Bilal Dirili Qurbani Məclisi üzvlərinin bədii portretini dördlüklə yaradıb, hər biri də əməlinə, istedadına, xakterinə uyğun. Bu cəhətdən istedadlı şair Əhməd Fərhadın xarakterik cizgiləri səciyyəvidir:
Əhməd əyriləri tutur «atəşə»,
Axtarır həyatda halal bir peşə.
Şeiri başdan-başa tənqid, satira,
Hələ ki tapmayıb müsbət bir guşə.
«Dedim, dedi», «Bəli», «Nədəndir», «Yaxşının həddi», «Lətifələr», «Deyişmələr» şairin poeziyasında çoxcəhətliliyin olmasına işarədir. Biz bura «Ömür 70 – vaxtım dardı…» (2010) kitabında dərc olunmuş mürəkkəb sistemli kriptoqramı da daxil etsək, maraqlı bir mənzərə alınar. Kriptoqramda qoyulan suallar və nəticədə alınacaq cavablar da ədəbiyyatla, poeziya ilə bağlıdır. Bu da müəllifin ədəbi mühitə sadiqliyindən irəli gəlir. Sofu Bilal təkcə ədəbiyyat deyil, digər mədəniyyət sahələrinə də kifayət qədər bələddir. Görkəmli Azərbaycan xəttatı, ağac üzərində oyma ustadı Seyfəddin Mənsimoğlu Məmmədvəliye-vin sənət əsərləri, xüsusilə «Aşıq Qurbani» ilə «tanışlıq»dan sonra müəllif və əsərləri haqqında kamil bir şeirlə incəsənətə, mədəniyyətə sevgisini bildirmişdir. «Xəttat Seyfəddin» adlanan bu şeirdə Sofu xəttatın əsərlərinin incə duyğularla şərhini verib. Özünü və işini belə təqdim edir:
Bu alimin işi dünyaya bəlli,
Onun əsəridir dərdə təsəlli.
…Döymə üsulunda Quran ayəsi,
Allahın kəlamı, Allahın səsi.
Fikrimcə, şair Sofu Bilal bu şeirində də bitkin bir portret yarada bilmişdir. Lakin burada o, yalnız şəxsiyyəti deyil, onun fəaliyyət sahəsini də praktiki olaraq qabarıq göstərmişdir. Amma bizcə, daha dolğun və ədəbi tələblərə görə portret nümunəsi kimi bu, Sofu Bilalın oxuculara təqdimidir. Biz bu barədə əvvəldən geniş danışdığımız üçün təkrar qayıtmaq istəmirik (bax: «İlan ocağı», 2006, səh. 8-19).
Maraqlıdr ki, Sofu Bilal sərbəst şeir vəzninə çox az müraciət edib. Onun tam, bitkin sərbəst şeirinə rast gəlmək çətindir. Bu da şairin ənənəvi, klassik vəznlərə üstünlük verməsindən irəli gəlir.
Sofu Bilal yaradıcılığında az işlənən şeir şəkillərindən istifadə etmiş, yaxud yenisini yaratmağa səy göstərmişdir. Şairin «Xahişnamə»ləri bu cəhətdən xüsusi olaraq diqqəti cəlb edir:
Sən ey küllü-kainatın, küllü-aləmlərin Rəbbi,
Ey müqəddəs kitabların, nurlu kəlamların Rəbbi,
Sən ey səvabı göstərən, rahi-məramların Rəbbi,
Sən ey ali Məhəmmədə məxsus səlamların Rəbbi.
– bəndi ilə başlanan «Xahişnamə»də düçar olduğu dərdinə ulu Yaradandan kömək diləyir. Onun 1-ci «Xahişnaməsi» 16 hecalı olub, yeddi bənddən ibarətdir. Dördlük şəklindədir.
2-ci «Xahişnamə» də 16 hecalıdır. Beşlik üslubunda yazılıb. Beş bənddən ibarətdir. Məzmunu: Allahın və islam dininin təbliğatçılarını, xüsusilə imamların din yolundakı xidmətlərini əhatə edir. Son bənddə S.Bilal öz nəslinin Allahın seçilmiş bəndələrindən olduğunu və onların yolunu davam etdirmək istədiyini bildirir. O, bu bənddə eyni zamanda iflic olmuş qoluna toxunaraq niyyətini aşkar deyir: «İstəyi var işlədəsən işləməyən qolun, Sofu».
3-cü «Xahişnamə» məsnəvi janrında yazılmışdır. Hər beyt 16 hecadan ibarətdir. Bu şeirində də Sofu Allahın böyüklüyünü təkrar dilə gətirir və xəstəliyi üçün yeganə dərman kimi nicat istəyir:
Allah! Mənim müşgülüm var, əlac eylə, sağalt məni,
Sənsən həkim, Sənsən loğman, Sənsən Ulu, Sənsən Qəni.
Şair inanır ki, Allah öz «quluna» rəhm edəcək, sağlamlığını qaytaracaqdır:
Bilirəm ki, rəhim olan öz quluna rəhm edəcək,
Sofu Bilal haqq yolunu əvvəlkitək düz gedəcək.
Artıq qeyd etdiyimiz kimi, Sofu Bilal yaradıcılığında aşıq şeir uslubundan gen-bol istifadə etmişdir. Bu, onun klassik aşıq ədəbiyyatına yaxından bələdliyi ilə izah oluna bilər. Aşıq poeziyasında maraqlı nümunələrdən biri cığalı təcnisdir. Şairin belə şeirləri olduğunu misallarla qeyd etmişik. Lakin onun tipik bayatılar üstə yaratdığı «Ha ağlar» şeiri cığalı təcnis olmasa da, şeirin düzülüşü cığa şəklindədir. «Ağlar» sözünü rədif seçən müəllif II və III bəndlərin 4-cü misralarını növbəti bəndlərin 1-ci misrasında təkrar etməklə şeirə yeni forma vermiş, onun oynaqlığını artırmışdır. I və IV bəndlərdə biz bunu görmürük. Əlbəttə, bu, şeirə xələl gətirmir, əksinə, ondakı lirizmi daha da gücləndirir. Maraqlı olacağını nəzərə alaraq şeiri bütöv şəkildə təqdim etməyi lazım bilirik:
HA AĞLAR
Çöldə bir köşək gəzdim,
Nərim deyib, ha ağlar.
Sofuya diqqət etdim,
Pirim, deyib, ha ağlar.
Mən aşiqəm, ha ağlar,
Ha sızıldar, ha ağlar.
Dağ kəli tora düşüb,
Kəl deyib, kaha ağlar.
Kəl deyib, kaha ağlar,
Tab etməz aha, ağlar.
Sofu deyib-gülərdi,
Qalıbdı daha ağlar.
Qalıbdı daha ağlar,
Batıb günaha ağlar,
Vətənə dönmək haqqı,
Olubdu baha, ağlar.
Bu Sofu baha ağlar,
Baxıban şaha, ağlar.
Hirsindən, hikkəsindən
Çəkib qəh-qəhə, ağlar.
«Salxımın son giləsiyəm» kitabı, 2011
Təzadlı fikirlər ustası kimi də Sofu Bilal yadda qalacaq şairdir:
Yuxuma girmişdi filan,
Səhər məni çaldı ilan.
Yuxuma girmişdi ilan,
Səhər nəfim oldu kalan.
Eləcə də:
Ruha qida verdi bülbülün səsi,
Mükafat verdilər dəmir qəfəsi.
Və yaxud:
Ataya-anaya qapı bağladı,
Öləndə «ay ana» deyib, ağladı.
Sofu Bilal «Olaydı» şeirində də təzadlardan istifadə etmişdir. Kasıb, varlı və şah qızlarının arzuları timsalında bunu görmək olar. Arzularına rəğmən diləkləri hasilə yetən qızlardan yalnız kasıb qızın istəyi çin olur. Çünki onun arzusu sağlam, düşüncəsinə uyğundur.
Sofu Bilal poeziyasında alleqoriyaya da yer ayrılıb. Buna onun «Heyvanlar aləmində» şeiri tipik misaldır. Şair bu şeirində təbiətdə və təsərrüfatdakı heyvanların ölümünü göz önündə canlandırır. Onların ölüm ərəfəsindəki davranışları, balalarına «vəsiyyəti» poetik yolla oxucuya çatdırılır. Alleqorik əsər olan bu şeirlərin tərbiyəvi əhəmiyyəti vardır. Sofu Bilalın yaradıcılığında müxəmməs, qəsidənin bir növü olan fəxriyyə kimi çətin və klassik janrlara da rast gəlinir. Onun məhəbbət şeirləri ənənəvi üslubda, əsasən, gəraylı, qoşma, bayatı, qəzəl janrlarında yazılıb.
«Çaqqalın tamahı, yurdun pənahı» şeiri də allotqorikdir. Şeirdə zamanın zülmü, haqsızlıq, ədalətsizlik heyvanların simasında açılıb göstərilir.
Sofu Bilal cəmiyyətdəki problemləri son illər formalaşmış «meyxana» stilində verməyə çalışıb. Dördlük və beşlikdən ibarət iki meyxanadan biri vətənini atıb yad ölkədə veyillənən kişiləri, digəri erməni murdarlığını əks etdirir.
Sofu Bilalın şeirləri çoxşəkillidir, lakin şirin və rəvandır. Onbirliyinin (11 kitab) sevincini yaşayan Sofu bəlkə də, bu qədər kitablara malik olacağını təsəvvür etmirdi. Hər birinə öz övladı əvəzi yox, övladı kimi baxan Sofu Bilal haqlıdır. On illər, yüz illər ötəcək Sofu Bilal və Sofu nəsli bu kitablarla tarixləşəcək, gələcək nəsillərə çatacaq. Buna qədər də, bundan sonra da «şairin bədbin ovqatda qalmağa haqqı yoxdur, çünki o, hələ indən belə neçə-neçə yazılacaq kitabların müəllifinə çevriləcək. Hər biri də övlad əvəzi» (Məmməd Əli Xudafərinli).
Əslində bunu o, özü də yəqin edir:
Çəkilsə də gözdən xabım,
Bir xəstəyəm, yoxdu tabım.
Çıxıbsa da on kitabım,
Son sözümü deməmişəm.
Və yaxud:
Bir Sofuyam, əqidəm düz,
Əyilsə bel, bükülsə diz,
Bilin ki, yaşasam da yüz,
Son sözümü deməmişəm.
«Salxımın son giləsiyəm» kitabı, səh102-103
On bir kitabı işıq üzü görən Sofu Bilalın son sözü hələ bitməyib. Bundan sonra da şair yeni kitablarının çıxacağı inamındadır. Ona bu inamı verən mənəvi güc dostlara bağlılığı, ulu Diridağına dübarə qovuşmaq arzusudur: 20 illik ayrılıqdan bəri kitablarına köçürdüyü, doğma yurd, müqəddəs Sofu ocağı və Dirili Qurbaninin ruhu dolaşan yerlərdir.
YARADICILIĞININ DİL XÜSUSİYYƏTLƏRİ VƏ MƏCAZLAR
Bədii ədəbiyyatda yaradıcılıq canlı danışıq dilinə əsaslanır. Bədii dilin əsasında sanki xalq dili dayanır. Dilin obrazlılığı sözə verilən məna ilə bilavasitə bağlıdır. Şair və yazıçının sənətkarlığı ondadır ki, ümumxalq dilindən aldığı ifadələri işlədərkən məxsus olduğu sənətin tələblərinə uyğun süzgəcdən keçirir, məqama müvafiq mənalandırır. Fikri qüvvətləndirir. Sözün işlənmə məqamına və yerinə baxaq:
Al var ikən göy nədi,
Mavi nədi, göy nədi?
Vətənim talan oldu,
Əzalarım göynədi.
«Qürbətin xofu» kitabı, səh.58
Bayatı üslubunda deyilmiş bu şeirdə birinci misradakı göy nədi ifadəsi səma mənasında, ikinci misrada göy nədi, rəng mənasında, dördüncü misrada isə göynədi, yəni ağrıdı, incidi mənalarında işlənmişdir.
Az sözlə çox fikir ifadə etmək bədii dilin üstünlüklərindən biridir:
İfrat mərifətin sonudur idrak,
İdrak sahibləri olur qəlbi pak.
Bədii dilin mühüm tərkib hissəsi təsvir vasitəsidir. Buna ədəbiyyatşünaslıqda məcaz deyilir. Məlumdur ki, dildə söz müxtəlif mənalarda işlənə bilir. Ona görə də həqiqi və məcazi mənalı sözlər vardır:
Yerişləri kəpənək,
Sözləri şirin, hənək.
«Salxmın son giləsiyəm», 2011, səh.93
Yaxud:
Bu hələ kaldı,
Dinmədi, laldı.
(yenə orada, səh. 83)
Göründüyü kimi hər iki şeir parçasında yerişi kəpənək, insanın kal olması məcaz kimi işlənib.
Şair bayatı janrında (şairə Sənəm Səbayelin oğlunun əsgərlikdən gəlməsi münasibətilə) yazdığı şeirdə də məcazdan istifadə etmişdir:
Əsgərdən gələn oğlan,
Danışıb gülən oğlan.
Qızıl güldən şələ tut,
Gül olsun şələn, oğlan.
«İlan ocağı» kitabı, səh. 174
Sofu Bilal bədii təsvir və ifadə vasitələrindən biri kimi epitetlərdən, təşbehlərdən, simvollardan, bədii sual və tə-zadlardan, təkrirlərdən, mübaliğə, inversiya, kinayə və s.-dən yetərincə yararlana bilib. Bədii sualdan, o cümlədən təkririn apifora növündən istifadə etməsi nəticəsində şeirin emosionallığı və təsir gücü xeyli dərəcədə artmışdır. Misallar göstərək:
Məhəmmədin Ələmdarı Əlidir,
Yerdə olan havadarı Əlidir.
Təkbir deyən zülfüqarı Əlidir,
O, Böyük Allahdır, Allahu Əkbər!
(«Məhəmməd peyğəmbərin mövluduna» şeirindən)
Burada epiforadan istifadə etmək şeirin emosionallığını çoxaltmışdır. Aşağıdakı misalda həm anafora, həm də bədii sual öz əksini tapır:
Hanı elin mahnısı, hanı el xanəndəsi?
Hanı bu oymaqların Bəhluli-Danəndəsi?
Hanı el ağsaqqalı, hanı mənim Xan atam?
Hanı hər şeydən əvvəl, bir sadə insan atam?
Bu şeirdə də anaforadan istifadə, bədii suala müraciət onun güclənməsinə səbəb olub:
Göz yaşı şeh,
Nəfəsin meh.
Yalandırsa,
Mən cavavdeh.
Təqdim olunan simvoldan istifadə surətin xarakterini, səciyyəvi cəhətini oxucuya daha qabarıq çatdırmaq üçün edilib.
«Yuxu imiş» adlı zarafatyana deyilmiş şeiri mübaliğənin tipik nümunəsidir. Nağıllarımızda ifadə olunan yalanları Sofu Bilal poeziyaya gətirib. «Xoruz belində çay keçmək», «Yaba ilə dovğa içmək» kimi yalanlara bənzəyən:
Bir keçəlin başın qırxdım,
Ülgücümün dalı ilə.
İki fili vurub yıxdım
Ulağımın nalı ilə.
– mübaliğələrində hadisənin mahiyyəti şişirdilir, buna görə də bədii cəhətdən oxucuya xoş təsir bağışlayır.
Bədii ədəbiyyatda ən çox işlənən ifadə vasitələrindən biri də inversiyadır ki, (latınca «yer dəyişmək») şair ondan istifadə etmək və nitqin bədii təsirini artırmaqla misradakı sözlərin qrammatik ardıcıllığını qəsdən pozmalı olmuşdur.
İçdim eşqin camından,
Daddım cənnət tamından…
«Ömür 70 – vaxtım dardı» kitabı, səh. 86
Və yaxud:
Varlı qız ərə getdi,
Elə san, gora getdi.
Hər gün sərxoşdu Kərim,
Daha naxoşdu Kərim.
Şair qüvvətləndirmək məqsədilə bəndin ilk misralarını bəzi şeirlərində təkrar etmişdir:
Allah, məni bağışla,
Özümü öymüşəmsə.
Kimsəni incidərək,
Qəlbinə dəymişəmsə.
Allah, məni bağışla,
Adını hər an çəkim.
70 yaşlı xəstəyə –
Sofuya Sənsən həkim!
(«Allah, məni bağışla» şeirindən)
Sofu bu şeirlərində ulu Yaradandan keçmiş günahlarının əfv olunmasını diləyir. Əslində bu bir örnək və ibrət kimi cəmi insan övladının Tanrıdan istəyidir.
VƏTƏN – YURD SEVGİSİ
Allah, məni bağışla,
Vətənə qaytar məni.
Bu, Sofunun iç dünyasından yalvarış və hayqırtı kimi qopan nidalardır. Çünki 20 ilə yaxındır ki, qürbətdədir. Doğulduğu ocaqdan sarı bərk qəribsəyən şair «Dönərəm» şeirində nahaq yerə yazmır:
Vətən, sənə baxmaq üçün,
Arazınla axmaq üçün,
Diri dağa qalxmaq üçün,
Qartala-quşa dönərəm.
O, ha yana boylansa da, baxsa da, hər yerdə yuxusunda da gəzdiyi, böyüdüyü torpağı-daşı görür:
Yenə girdi yuxuma
Mazan Nənə, Diri dağ.
Hakimdi xəyalıma
Biri ocaq, biri dağ.
Vətən o qədər şirin, gərəklidir ki, onsuz doğurdan da, yaşayışın mümkünsüzlüyü göz önünə gəlir. Bundan sonra heç olmasa vətəndə yaşamaq istəyi baş qaldırır qəlbində. Orda qalan qərib məzarları qucub öpməkdən – vətənə dönməkdən gözəl nə ola bilər axı?! Bu hiss onun bütün yaradıcılığı uzunu aydın görünür:
Mən gedirəm Vətən sarı,
Opüm, qucum məzarları.
TƏBİƏT DUYĞULARI
Sofu Bilal poeziyasında peyzajlardan gen-bol istifadə etmişdir. Yaşadığı kəndin təbiətinə toxunan şair:
Əfiliydi, marlı idi,
Dağın döşü narlı idi, –
deməklə, onun zənginliyini diqqət önünə çəkir. Başqa bir şeirində isə deyir:
Dəvə ölsə, köşək sızlar,
Köşək ölsə, dəvə bozlar.
İnsan kimi ağlar dəvə…
«Heyvanlar aləmində» şeiri heyvanların davranışında müşahidə edilən ölüm halları ərəfəsində onların özlərini necə aparmalarını kifayət qədər əks etdirir. Yaxşı müşahidə qabiliyyətinə malik olan və heyvanların həyatını mükəmməl bilən Sofu Bilal dəvənin timsalında bunu çox gözəl verir.
Balasının ölümünə ana pişiyin inanmadığını belə təqdim edir:
Götürərək mavrısını,
Dəfn eləyir yavrusunu,
Baxır, baxır sonra gedir…
Ümumiyyətlə, onun təbiət təsvirləri, bitki və heyvanlara, hətta mineral maddələrə münasibəti maraqlıdır, yaddaqalandır. O, gördüklərini, bildiklərini oxucuya ustalıqla çatdırır.
«Dovşan əhvalatı» adlı nəsr əsərində Sofu Bilalın təbiətin bu aciz heyvanına xoş münasibəti yaddaqalandır. Şair qəbiristanlığa gedən yolda maşının qabağına çıxan dovşanı hürkütməklə heyvanın həyatını təhlükədən qurtarır, bu mehribançılığı duyaraq ayaqları arasına sığınan dovşanı sığallamaqla ona qayğı göstərdiyini bildirir.
MƏHƏBBƏT ETÜDLƏRİ
İnsan dünyaya gələndə sevgi ilə doğulur. Ancaq əsl məhəbbət sonrakı həyatında bir gözələ vurğunluğundadır. Ondan bir «hə!» nidası qoparmaqdır. Məhəbbət yaşa baxmır, «söz qanmır» və bir dönməz istək kimi qəlbinə hökm edir:
Bir gözəlin qara gözü
Məni məndən aldı, neynim?
Qara zülfü əfi kimi,
Ürəyimdən çaldı, neynim?
«Qürbətin xofu» kitabı, səh.45
Eşqin mehrabı göyün zirvələrində bərqərar olur. Sevən ürək sanki o zirvədən sallanan bir tükdən asılı kimi qalıb. Ona görə də şair deyir:
Sofuya dağlar basmısan,
Səbri-qərarım kəsmisən.
Ömrümü tükdən asmısan,
Hələ bir az döz, deyirsən.
«Dərdsiz dünyam boşdu mənim» kitabı, səh.27
Hər birimizin sevdalı ömrü yol üstündə, tində-dalanda, bulaq başında keçib. Axı ordan «o yar gəlir».
Düşək yolun ağına,
Gedək kənd bulağına.
Sözümü bulaq üstə,
Deyim yar qulağına.
«Mən» kitabı, səh.46
Sofunun məhəbbət şeiri hər bir gəncin eşq dolu könlünə bir sərin su kimi çilənir. Şair sözü duyğulardan qopur. Duyğularla, hisslərlə yaşanan, yaranan məhəbbət şeirləri isə həmişə könüloxşayan, göz dincəldən, ruh təzələyən olur.
«DOSTLUQ BİR QALADIR»
İnsan həyatında dost qədər ona yaxın olan bir qüvvə çətin ki tapılsın. Dost alınmaz qalaya bənzəyir:
Dostluq bir qaladır düşünsən əgər,
Alınmaz qalaya hansı quş səkər?
Sədaqət ipini qaçırsaq əldən,
Təməli bərksə də uçrulub gedər.
Yusif Dirili. «Üz tutdum Diridağa», 2006
Sofu Bilal:
İki dostun arasında
Əhdi-peyman olsun gərək.
Bir çətinlik üz verəndə
Dosta güman olsun gərək.
«Dağım girdi yuxuma» kitabı, səh.8
Sofu Bilalın poeziyasında, nəsr əsərlərində dostluq adi ifadə, sadəcə insanlar arasında adi ünsiyyət kimi anlamdan uzaq olub, hər bir insan üçün qırılmaz həyat tərzidir. Onun şeirlərinin çoxu da elə dosta və dostlara yazılıb. Kitabları, yaradıcılığı və özü ilə fərdi söhbət etmək, münasibət qurmaq yetər ki, bunun şahidi olasan. Sofu dost qədri biləndir. Rəhmətlik atası Sofu Usub da beləydi. Hər eldə-obada bir qurulu ev-eşiyi vardı. Əlbəttə, rəmz kimi. Həqiqi dostlar ev demək idi, mənzil, bağ-bağça demək idi:
Bilmək üçün dostluq nədir –
Sofu Bilal nümunədir!
Aralıqda qiymət qədir,
İlqar-iman olsun gərək.
(yenə orada)
Sofu Bilal bu şeirində dost necə olmalıdır sualı ilə onun qədərini və dəyərini verir. Gənclər üçün dost seçimi bəzən çətin olur. Çətin ayaqda Sofu sözü, Sofu məhəbbəti kara gəlir. Axı o, dosta dost kimi baxır.
DİNİ ƏSƏRLƏRİNƏ BAXIŞ
Sofu Bilalın yaradıcılığının böyük bir hissəsini dini möv-zuda yazılmış şeirlər, nəsr nümunələri tutur. Əlbəttə, bunu təsadüfi saymaq olmaz. Könlü Haqqa bağlı olan şair «Mən» kitabındakı şeirlərinin birində deyir:
O Məhəmməd dildə şəkər,
O Əliyə mən bir nökər.
Qədəhimə kosər tökər,
Damağımın dadı Haqdır!
Daim haqla olmağın məqamında, fikrində bulunan şair bu dünyaya mənasız gəlmədiyini bəyan edir. Sofu ehkamçı deyil, dinə sidq-ürəkdən inamı mənsub olduğu ocaqdan, bu ocağın içindən süzülən təmiz əməldən, yüksək insani keyfiyyətlərdən irəli gəlir. Odur ki, dini mövzuda qələmə aldığı hər bir əsər oxucuya şövq verir, onu gerçəkdən müqəddəs dinimizi kamil öyrənməyə çağırır. Sofu Bilal kifayət qədər dərin və mükəmməl elmi-dini biliklərlə oxucunu məlumatlandırır.
Sofu Bilalın dini şeirləri küll halında onun «Bu dünya bərədir» (2008) kitabında toplansa da, qalan kitablarının hər birində bu mövzuya dönə-dönə qayıdılmış, ya tək-tək, ya da ayrıca bölmə şəklində verilmişdir. Məsələn, «Yurd oğlu» kitabı Allahın tərifi ilə – Minacatla başlanır. Xeyriyyəçi iş adamı Səyavuş Əsgərovun pak əməllərindən, saf niyyətlərindən bəhs edən kitabın uğurlu alınması üçün şair Allaha dua edir:
Ya Rəbbim, tək sənə uzanıb əlim,
Ya Rəbbim, tək səni zikr edir dilim.
Bir halal kəs üçün edirəm rica,
Ümidvaram, ricam olmasın beca.
Allahın böyüklüyünü, qüdrətini nəzmə çəkən şair, qəhrə-manına Ondan xeyir-dua diləyir. «Mənə sağ can ver, ilham bəxş elə ki, başladığım işi sona yetirim. Qoy oxuyanlar «Əhsən!» söyləsin», – deyə inamını ifadə edir. Şair, xeyriyyəçi Səyavuş Əsgərovun doğulub boya-başa çatdığı Cəbrayıl bölgəsini, haqlı olaraq, övliyalar məskəni, yaxşı insanların vətəni kimi də təqdim etməkdən usanmır:
Seyid, Çələbilər çoxdu bölgədə,
Bir belə olmayıb digər ölkədə.
Kitab bütünlükdə xeyriyyəçi kimi elmə, mədəniyyətə, ədəbiyyata, ziyalı zümrəyə, imkansız adamlara dayaq duran «Xudafərin» şadlıq sarayının direktoru Səyavuş Əsgərovun həyat və fəaliyyətinin mədhiyyəsindən ibarətdir. Müxtəlif janrlar üzrə qələmə alınan «Yurd oğlu» kitabı şairin Allaha müraciəti ilə yekunlaşır. Müəllif yenə də minacat üsulundan bəhrələnərək Allahın tərifindən sonra o, böyük Yaradandan qəhrəmanına son diləyini iltimas edir:
Sofunun Rəbbindən budur diləyi:
Öz dostutək bilsin Səyavuş bəyi!
Sofu minacatdan «Bu dünya bərədir» kitabının birinci bölməsində («Allah») də bəhrələnmişdir. Bu, şairin istifadə etdiyi ikinci minacatıdır ki, kitab Allahın tərifi ilə açılır:
Ey Rəbbim, üzümü tuturam sənə,
Yeni iltimasçün əl açdım yenə.
Cəmi bəşəriyyət Sənin qulundur,
Dualar eşitmək pak üsulundur.
Minacatda Sofu, dinin təbliğatçısı kimi Allahdan kömək istəyir. Niyyəti Yaradanı və bu yolda Allahın Rəsulunu, onun davamçılarını təbliğ etməkdir:
Mən Vətən dərdliyəm, agahdır Sənə,
Dini təbliğatda kömək ol mənə.
Mən Sənin eşqinlə bağlayım kitab,
Niyyətim, məramım Sənədir xitab.
…Sən məni bu yolda qoyma azmağa…
Sofu, «Bismillah» de, başla yazmağa.
İslam dininə bütün varlığı ilə bağlanan şair, onu özünə-məxsus şəkildə təqdim edir. Dinin qurucuları və mühafizəçiləri – Məhəmməd Peyğəmbəri (s), İmam Əlini (ə) və Hüseyni, eləcə də uca Allahın buyruğu ilə nazil olan müqəddəs Quranı öyən S.Bilal hiss olunur ki, İslamın ibtidasını gözəl bilir. Kainatın qeyd-şərtsiz Allahın izni ilə yarandığını diqqətə çəkən şairə görə bu sirli aləm yeddi qatdan ibarətdir:
Allah yaratdığı bu Aləm ki, var,
Əzəldən ayırıb onları qatlar.
«Baqriyə» adlanan I qat ildırım və yağıntını, «Qaydum» adlı II qat od və qarı, «Maun» – III qat Allahın əbədiliyini, IV qat – «Atura» mirvarini, V qat – «Mağun» qızılı, VI qat – yaqutu, VII qat – «Əriba» işığı, nuru əks etdirir. Sonuncu qatda «nəhəng ümman – dəniz var», – deyən Sofu Bilal müasir elmi-fəlsəfi və dini dünyagörüşünə uyğun olaraq həyatın yaranış prinsiplərini, canlıların meydana gəlməsi və təkamülü üçün zəruri tələbatlara müvafiq Yerdə həyatın formalaşması haqqında müəyyən fikir irəli sürür. Allahın tərifi onun yaratdığı möcüzələrdən doğur. Şair çoxşaxəli ədəbi-dini janrlardan istifadə etməklə bu istəyinə uğurla çatmışdır. Onun «Bismillah», «Əllahu Əkbər» (Zikr 1), «Əlhəmdülillah» (Zikr 2), «Sübhanallah» (Zikr 3), «Əllahü Əkbər», «Məad» (1. Dinin üsulu 2. Firudin 3. Qiyamət), «Allah yaradıb», «Rəhm elə», «Dünyamız yarandı», «Ey Rəbbim», «İthaf dualarım» kimi ürfani şeirləri olduqca təqdirəlayiq və maraq kəsb edir. Oxucuda inam yarada bilmək müəllifdən xüsusi qabiliyyət, səriştə istəyir. Bu cəhətdən Sofu Bilal, sözün əsl mənasında dini dərindən bilən və Peyğəmbərin (s) Əhli-Beytinə (ə) qəlbən bağlı olan söz ustalarımızdandır (Hacı Seyid Həsən Hüseynov, 2009).
Həqiqətən də, mövzuda bir-birindən gözəl və orijinal poetik nümunələr yaradan şair Sofu Bilal, şübhəsiz ki, həm ədəbiyyata (xüsusən də klassik ədəbiyyata), həm də dini biliklərə kifayət qədər yiyələnən sənətkarlarımızdandır. O, şərqin orta əsr şairləri kimi yaratdığı əsərlərdə klassik şeirin müxtəlif janr növlərindən məharətlə bəhrələnərək bədii təsvir və ifadə vasitələrini yerində işlətmişdir. Peyğəmbəri (s) Allah dərgahında nüfuz sahibi, «Allah qüdrətilə qaliblər qalibi» sayan şair Sofu Bilal, onu qəsi-dənin bir növü olan nət vasitəsilə:
«Nəbilər şahıdır, İslam rəhbəri,
Hər iki dünyanın solmaz cöhəri!»
– adlandırır və Allahın Rəsulundan dini kitabın yazılmasında özünə yardımçı olmağı diləyir:
Mənə yardımçı ol ki, dini kitab yaza bilim,
Sənə səlavat olsun, dinimi mədh etsin dilim!
Nətlə başlanan Peyğəmbərin (s) tərifi, xüsusilə, onun kamilliyi, nəcib keyfiyyətlərə, ali dünyagörüşə malik müqəddəs bir İnsan səviyyəsinə – Allahın Rəsulu (s) mərtəbəsinə yetişməsi nəticədə müjdə və mükafat olaraq İslam dini və Quranın verilməsi şairin «Peyğəmbər», «Peyğəmbər köynəyi», «Ey ya Əhməd, ya Məhəmməd» şeirlərində, eləcə də hədis əsasında qələmə aldığı «Cənnətə ilk girəcək qadın – çoban arvadı» mənzum hekayətində öz əksini tapıb. «Sofu səlavat çəkdi» şeirində Allahın dilindən Adəmə söylədiyi fikir belə təqdim olunur:
Yaratdım öz nurumdan,
Verdim can, göz nurumdan.
Nur onun qəlbindədir,
Haqq onun daxilindədir.
Məhəmməd Peyğəmbərin (s) tərifində şair nət, dördlük, beşlik, məsnəvi kimi şeir formalarından istifadə etmiş, dini əfsanə və rəvayətlərdən gen-bol bəhrələnmiş, peyğəmbər və imamların hədislərindən yararlanmışdır. İslam tarixində silinməz üz buraxan, onun çətin dövrlərdə yabançı niyyətlərdən qorunması istiqamətində ağlı, fəhmi və yenilməz gücü ilə böyük işlər görən müdriksima insan İmam Həzrət Əliyə (ə) bir çox ustadnamələri ilə diqqətimizi cəlb edən Sofu Bilal əbəs yerə demir:
İslama bağlısan, Höcətsən Əli,
Əmirəlmöminsən, Rəsula vəli.
Möminlər ağası, xasların xası,
Sənə arxalanır İslam dünyası.
(«Bu dünya bərədir» kitabı, 2009, səh.54)
İmam Əliyə sonsuz sevgisi şairin ona müxtəlif janrlarda yazdığı onlarla bir-birindən maraqlı və oxunaqlı, ibrətamiz şeirlərində aydın bilinir. Dini mövzuda ortaya gətirdiyi çoxsaylı şeir nümunələrinin əksəriyyəti Əhli-Beyt (ə) mədhinə həsr edilmişdir. Həzrət Əlini (ə) əlçatmaz zirvə adlandıran Sofu Bilal şövqlə:
Əli! Sənin adına
Kim layiq ola bilər?
Səkkiz cənnət gülüsən,
Qeyri gül sola bilər, – deyir.
Şair, Həzrət Əlinin (ə) İslam dini uğrundakı cihadlarında onun misilsiz şücaətindən dönə-dönə bəhs etmişdir. Məsələn, o, ərəbin ən güclü pəhləvanı sayılan Əbdəbudun İmam Əli (ə) tərəfindən necə məğlub olmasını «Endirən Əliydi, enən Zülfüqar» adlı şeirində obrazlı şəkildə nəzmə çəkib. İslamın banisi Məhəmməd Peyğəmbərin (s) Həzrət Əliyə (ə) sonsuz məhəbbətini belə təqdim edir:
Əli mənim əqlim, huşum kimidir,
Əli – bədənimdə başım kimidir.
«Əli də mənim kimi ümmətin atasıdır» ifadəsi ilə şair Həzrət Məhəmmədin (s) islam ümmətindən olan möminlərə İmam Əlinin (ə) kamilliyi barədə məlumat verir və onu qeyd-şərtsiz sevməyi tövsiyə edir. Peyğəmbər Əlinin (s) qeyri-adi gücə malik olduğunu da bəyan edir:
Onda ki qılıncı sıyırar Əli,
Haqq ilə batili ayırar Əli.
Həzrəti Əlini (ə) islam tarixi ərzində, onun yaranışından bu günə qədər vəsf edən, onun hikmət xəzinəsi, qüdrətli pəhləvan, islama, insanlığa, dostluğa bağlı bəşər olması barədə çoxlu maraqlı fikirlər söylənmişdir. El şairləri də, haqq aşıqları da zaman-zaman öz qoşqularında İmam Əliyə (ə) sevgilərini dilə gətirmişlər. XV-XVI əsrlərdə yaşayıb-yaratmış, Azərbaycan klassik aşıq sənətinin banisi haqq aşığı, el şairi Dirili Qurbanidən, Dədə Şəmşirəcən (XX) aşıqlar, Böyük Azərbaycan Səfəvilər dövlətinin qurucusu və başçısı, Azərbaycan ədəbiyyatına bir çox töhfələr vermiş gözəl şair Şah İsmayıl Xətaidən (XI-XVI) Sofu Bilala (XXI əsr) qədər onlarla şair qoşma, gəraylı, müxəmməs, qəzəl, təxmis və qəsidələr yazmışlar. Dirili Qurbanidən üzü bəri bu səpkidə yazılmış şeirlərdən bir neçəsini toplayaraq Qurbaniyə nəzirə kimi çap etdirmək ideyası bizim tərəfimizdən Dirili Qurbani Məclisində ürəli sürülmüş və nəticədə məclisin elm bölməsinin üzvü, tanınmış islamşünas Hacı Seyid Həsən (Sobulu) ilə birlikdə «Ya Əli» adlı (Qurbani ruhuna ehtiram olaraq) kitab nəşr etdirdik. Kitab Aşıq Qurbaninin «Əli» adlı məşhur ustadnaməsi ilə başlayır və müasirimiz Sofu Bilalın «Bəşərsən Əli» şerilə bitir. Nümunələrə baxaq:
Qurbani:
Daməndə qalmışam, yetiş dadıma,
Özünü Xeybərə yetirən Əli!
O dəm Zülfüqarı çəkən zəbanə,
Dinsizləri dinə gətirən Əli!
Abbas Tufarqanlı:
Əzəl gündən sənə demişəm Əli,
Peyğəmbər yerində vəlisən, vəli.
Çəkdin Zülfüqarı, böldün Əntəri,
Şahlıq gəldi sən Mövliya, şeşhaşeş.
Aşıq Ələsgər:
Ələsgərə nişan verən almanı,
İslam edən Qənbərinən, Səmanı,
Musaya öyrədən Turda kəlməni,
Cəbrayıla ustad olan, ya Əli.
Aşıq Şəmşir:
Kimdi ağa olan sən tək hünərvər,
Səd afərin dedi göydə mələklər,
Qatarı bəxş etdin düşündü Qəmbər,
Kərəmin nə böyük dəryadı, Əli!
Şah İsmayıl Xətai:
Aşıqlar eşqilə üzünü yaxar,
Münafiqlər könül Kəbəsin yıxar.
Ərənlərin yolu Əliyə çıxar,
Başımdakı taci-sərim Əlidir.
Növrəs İmam:
Gətirən Məhəmməd dinin aşkara,
Tanıdan məxluqu Pərvərdigara.
Uçar ruh bədəndən gedər məzara,
O gündən xəbərdar Əlidir, Əli.
Bəhmən Vətənoğlu:
Yetmiş iki dildə dörd kitab əhli,
Dünyanın sərdarı Əlidir, Əli.
Dünya qərar tutub beş adın üstə,
Göylərin ləngəri Əlidir, Əli.
Sofu Bilal:
Qurban əti görsəm aşında,
Sığal yeri görsəm yetim başında,
Namaz qılan görsəm körpə yaşında,
Sən mənim yadıma düşərsən, Əli!
Bəşərin fövqündə bəşərsən, Əli!
Bundan başqa Sofu Bilalın qəzəl janrında yazdığı məd-hiyyələr də göstərir ki, şair öz qəhrəmanını adına və əməlinə görə yüksək bacarıqla qiymətləndirə bilib:
«Gün çıxan, gün batan olubdur heyran Əliyə,
Yeddi qat bu aləm yaranıb seyran Əliyə» –
beyti ilə başlanan qəzəli əslində İmam Əlinin (ə) üstünlüyünü bütöv halda – bütün keyfiyyətləri ilə xarakternizə edən tipik nümunədir: insanlığı, mərdliyi, ürfanlığı, yenilməz gücü, dönməz əqidəsi, sədaqəti və s.
O, bu qəzəlinə, demək olar ki, təsadüf edilməyən yeni bir forma verib. Son beytdən öncə beş hecalı dördlük daxil etməklə sevimli qəhrəmanını bir az da qabarıq təqdim etməyə çalışıb:
Heydəri Kərrar,
Yədulla, Səftər,
Behiştə Əli,
Saqeyi Kövsər.
Burda bir tədqiqatçı kimi mənim diqqətimi daha çox cəlb edən Həzrət Əlinin (ə) həyatının, məramının, fitri qabiliyyətinin ayrı-ayrılıqda hekayətlər şəklində işlənmişdir. Xüsusilə onlardan «Həzrət Əlinin (ə) üstünlükləri», «Həzrət Əlinin (ə) şərhi», «Novruz bayramı, yaxud cənab Əmirin (ə) bayramı», yəni Qədir-Xum Bayramı adlı üç hekayətdir. Burada şair təhkiyə yolu ilə Həzrət Əlinin (ə) böyüklüyünü, əzəlki müqəddəs insanlardan fərqini açıb göstərir. Təqdim olunan əsərlər əsasən məsnəvi formasında yazılmış, 7-11 hecalı misralardan ibarətdir.
İmam Əlinin (ə) uzaqgörənliyi, elmi-ürfan sahibi olması, müqəddəs kitablarla əhatəli tanışlığı, Qurani-Kərimi özü-nəməxsus bir şəkildə mükəmməl təfsir etməsi oxucunu heyrətə gətirir:
İmamın hikmətli ağzı açıldı,
Qaranlıq yerlərə nurlar saçıldı…
Bizə görə, Quranın İmam Əli (ə) tərəfindən təfsiri əslində Sofu Bilalın Quranla bağlı demək istədikləridir və bir şair kimi o, həm də bu hikmət xəzinəsindən xəbərdar olduğunu bildirir. Bütün kitablardan daha mükəmməl saydığı Quran barədə Sofu Bilal yazır:
Quranı dərk etsən, yetər ki sənə
Qalan kitablar da asan görsənə…
…Qurandan kənarda qalmamış bir elm,
Quranda əksini tapmışdır hər elm.
Quran möcüzədir, bənzəri olmaz,
Quranı dərk edən çətində qalmaz!
Quranda hər ayə bir xəzinədir,
Bəlkə bir dünyadır, xəzinə nədir?..
Təkcə müsəlmanların dini kitabını, müqəddəs Quranı deyil, bütün səmavi kitabların (Tövrat, İncil, Zəbur) hamısını insan qəlbinə və ruhuna doğma bilir, əziz sayır, şair Sofu Bilal. Çünki hər biri vahid olan Allah tərifindən ayrı-ayrı dövrlərdə insanlar üçün göndərilib: Hər biri insana və insanlığa xidmət edir, yol göstərir, bilik verir, elm öyrədir. Bu səbəbdən Sofu Bilal haqlıdır. Cəmi müsəlmanlar arasında belə bir fikir formalaşıb ki, ilin Novruz bayramı günü Həzrət Əli (ə) taxta çıxmışdır. Ona görə də, Yeni gün (farsca «nov» – yeni, «ruz» gün), yəni İmam Əli (ə) müqəddəsatı ilə yeniləşən bir gün kimi Novruzun baryam edilməsi ənənəsi yaranmışdır. Sofu Bilal dini tarixə əsaslanaraq rəvayətlərdə söylənən bu hadisəni şəxsi yaradıcılıq süzgəcindən keçirmiş və onu canlı hekayətə çevirmişdir:
Bu bayram bu gündən Novruzunkudur,
Qalmasın qəlblərdə bir kün, bir küdür.
…Zikr olunub deyildi çox səlavət,
Millətə bu bayram qaldı bir adət.
Maraqlıdır ki, Sofu mənzum hekayətini ilin Axır Çərşən-bəsində icra olunan dörd çərşənbə – Su Çərşənbəsi, Od Çərşənbəsi, Torpaq Çərşənbəsi və Yel Çərşənbəsi kimi adət-ənənələri, onların mahiyyətini, düzülüşünü yeddihecalı dördlüklərlə bitirir:
Xoş gəlib bu çərşənbə,
Qəlbimi yu, çərşənbə.
Dörd çərşənbə müqəddəs,
Əvvəlki su çərşənbə.
Hər bir çərşənbə haqqında bu sayaq qoşqusundan sonra elin bayramını qutlayan Sofu:
Bağçamızda gül əkək,
Dərək də ətək-ətək.
Qonşu qonşuya desin:
«Bayramınız mübarək!» –
sevincini izhar edir. Burdaca bir fikrimi bildirmək istəyirəm. Zənnimcə, Novruzun İmam Həzrət Əlinin (ə) adı ilə bağlanması dini rəvayətlərdən doğulduğu üçün, real deyildir. Novruz yazın gəlişi ilə əlaqədar minilliklər boyu yaranıb-formalaşmış bir yaz törənidir. Ona görə də, çox vaxt Yaz bayramı, Bahar bayramı kimi də təqdim olunur. Əsasən əkin vaxtına, ev heyvanlarının çoxalması dövrünə təsadüf edildiiyndən el-obaya yavanlıq, xeyir-bərəkət, oğul-uşağa sevinc gətirir. Elmi mənbələrdə, tədqiqatlarda Novruz bayramının bizim eradan əvvəlki dövrlərdə də keçirildiyi barədə çoxlu məlumatlar vardır. Məsələn, əski sivilizasiyanın beşiyi sayılan qədim Babilistanda şumerlər Yaz bayramları keçirmişlər. Ehtimal olunur ki, indiki səməni halvasına oxşar şirniyyatlar bişirmiş, uyğun rituallar keçirmişlər: su ilə, odla, ağacla, torpaqla, yellə bağlı adət-ənənə-lər Şərq xalqlarında, o cümlədən Azərbaycan folklorunda da mövcuddur. Zərdüştilərdə (b.e.ə. VII əsr) od müqəddəs hesab olunur və qorunurdu. Nəticə etibarilə göründüyü kimi hələ İslama qədər Novruz və onunla bağlı mərasimlər bir sıra dünya xalqlarının (xüsusilə, Şərq) sevilən uzunömürlü bayramlarından olmuşdur. Başqa sözlə, Novruz təbiətdə yaranıb ictimailəşən əmək bayramıdır. Onun Həzrət Əli (ə) ilə əlaqələndirilməsi Novruzun daha da müqəddəsləşdirilməsi və beləliklə, daha etibarlı qorunaraq, günümüzə qədər gəlib çıxmasına səbəb olmuşdur. Hadisənin özəl bir şəkildə işlənərək oxuculara çatdırılması yaxşı bilik və məlumat bazası, şair peşəkarlığı tələb edir. Fikrimizcə, Sofu Bilal bunun öhdəsindən layiqincə gəlmiş-dir. Həm islam dininə sidq-ürəkdən bağlanan bir ocaq müridi kimi, həm də bir şair – araşdırıcı kimi müqəddəs dinimizdə mövcud olan bayramlara da öz yaradıcılığında geniş yer ayıran Sofu Bilal bu bayramların tərbiyəvi əhəmiyyəti, onların bərəkəti, nümunəvi cəhətləri barədə fikirlərini nəzmə çəkib.
Məhəmməd Peyğəmbərin (s) ifadəsi ilə desək on bir ayın sultanı Ramazanı Sofu Bilal «Orucluq» şeirində vəsf edərək deyir:
Elə ki yetişir mahi-Ramazan,
Xeyir-dua ilə başlayır azan.
Bu ayın bərəkəti Orucluq bayramı ilə daha da şölələnir. Sofu bundan vəcdə gələrək yazır:
Sofu Bilal Orucluqda şad olur,
Hər təamı dəhanında dad olur.
Oruc tutmaq qiymətli bir ad olur,
Xilaskardı, ordugahdı Orucluq!
Sofu Bilalın ədəbi yönündə Əhli-Beyt (ə) zirvə məqamına yüksəlir. Peyğəmbərin (s) sevimli nəvəsi, İmam Həzrət Əlinin (ə) oğlu İmam Hüseynin (ə) islam dini uğrundakı fədakarlığı onun qələmində o qədər canlı, bitkin və tarixi həqiqətlərlə təsvir edilib ki, heyran qalmaya bilmirsən. Din tarixindən yaxşı məlumdur ki, İmam Hüseyn (ə) və ardıcılları Kərbəla yaxınlığında əqidə qurbanlarına çevrilərək şəhid olmuşlar. Başqa sözlə, şairin təbirincə desək, «Onlar şəhid oldular din üçün, iman üçün» («Üçün» qəzəli). Min yerdən oxlansa da kafərə aman üçün əyilməyən İmam Hüseynin (ə) (S.Bilal) Allaha bütün varlığı ilə bağlanması, islama sədaqəti və etibarlığı bizə bir örnək kimi yadigar qalıb. 1400 ilə yaxındır ki, Kərbəla müsibəti və şəhid imamların haqq yolundakı nümunəvi hərəkətləri mübarizlik timsalı kimi yaddaşlarda yaşayır. Onu cihad məktəbi də adlandırmaq olar. Sofu Bilal novhələrinin birində həmin məsələyə işarə edir:
İslamı xilas üçün Hüseyn qiyam etmiş idi,
Məkkədən Kufəyədək, uzun bir yol getmiş idi.
Rəqibi minlər idi, tərəfdarı yetmiş idi,
Qorxmadı, çəkinmədi, tutsalar da solu-sağı.
Bəllidir ki, Kərbəla hadisəsi din tariximizdə ən məşum, ən faciəvi mərhələlərdən biri olub. Şair həmin hadisəni bir-iki günün məqamı kimi deyil, ardıcıllıqla, təfsilatı ilə verməyə çalışmış və zənnimcə, buna nail olmuşdur. O, bir tərəfdən bu faciənin tarixi əhəmiyyətini qabardır, məlum tarixi məqamın qəhrəmanını bizə olduğu kimi təqdim edir, onun gerçək obrazının tipik xarakterini, xüsusilə əqidə-məslək uğrundakı cəngavərliyini, bir qövmin sırasından onlarla insan itkisini müqəddəs dinin qələbəsi kimi verir. Bu isə müəllifdən fərqli səriştə, mükəmməl bilik, dini-elmi dünyagörüşünə malik olmaq, məhsuldar əmək, dini-ədəbi aləmə bağlılıq və s. tələb edir. Təkcə dini mövzudakı yaradıcılığı, bu sahədəki ədəbi yazıları deməyə əsas verir ki, biz onu yetərli bir şair, nasir, publisist, dinə dərindən bələd olan, əməlisaleh, mömin insan, yaradıcı şəxsiyyət kimi tanıyaq və sevək.
Müxtəlif janrlardan çevik bir şəkildə və qədərində bəh-rələnməyi bacaran Sofu Bilal İmam Hüseynlə (ə) bağlı şeirlərində («Hüseynin», «Hüseynim», «Ya Hüseyn», «Bu gün», «Hüseyn», «Qurban olum», «Gündü», «Kərbəla» (Novhə), «Əbülfəz» (Novhə), «O» (qəzəl), «Üçün» (qəzəl), Novhələr) əqidə məfhumunu ali bir zirvəyə qaldırır. Eyni zamanda faciəni o qədər qabarıq verir ki, onu törədənlərə daim lənət oxuyursan. İşğala və təcavüzə məruz qalan, nəticədə 20 ilə yaxın bir dövrdə qanlı faciələr yaşayan ölkəmizin acı taleyi göz önündə canlanır:
Ağlasın müsəlmanlar məzlum olan şahə bu gün,
Halına uyğun olan novhə desin, novhə bu gün.
Gör neçə baş kəsilib sancılmışdı nizələrə,
İsanı, həm Musanı ağladırdı bu mənzərə,
Höccətin qətli bu gün ibrət oldu görənlərə,
Göylərin mələkləri düşdü yasə, ahə bu gün.
(«İlan ocağı» kitabı, səh.120)
Yaxud bir «Novhə»sində:
Peyğəmbər övladları – Əhli-Beyti batıb yasa,
Ey Xuda! Rəvamıdır namərd gəlib mərdi basa?!
Digər bir novhəsində şəhidlik məqamına yetişən imamların halına «Göylərdə uçan quşların qiyyə çəkib tük yolduqlarını» deməklə hadisənin daha kəskin olduğunu vurğulayır. Qansız düşmənin qandan doymadığını bildirir. Şair bu arada İmamın düşmənrərini də xatırlamaqdan qalmır:
Əhli-Beyti təşnə qoyub oldu şad,
Lənətulla əla ibn Ziyad.
Bu Fani dünyaya uydu Ömər Səd,
İmanı itirib qazandı lənət.
«İlan ocağı» kitabı, səh 128
Və ya:
Bihəyalıq edib saymadı Yəzid,
Əli kimi qibləgahı, Kərbəla.
«İlan ocağı» kitabı, səh 126
Müşkül işləri açan, çətinlikləri dəf edən, əqidədaşlarının hər anında dadlarına çatan İmam Hüseyn (ə) haqq uğrunda, haqq yolunda qurban getdi. Qurban getdi ki, İslam dini yaşasın. Təsadüfi deyil ki, İmam Hüseyn (ə) indi də mübarizlik simvolu, əqidə sahibi, sədaqət rəmzi olaraq könüllərdə yaşayır.
Sofu ocağı – Tanrı ocağıdır. Sofuluq Tanrıya – Allaha səcdədə duran, Onun dərgahına əlləri açılı, ağzı dualı bütöv bir nəsildir. Sofu Bilal bu nəslin varisidir, yadigarıdır. Onunçün də duaları xeyirliyədir və Allah dərgahında qəbul olunandır. Bütün dini şeirlərində Ocaq şairinin Allaha yaxınlaşmaq istəyi görünür. Diləyi cəmi bəşərə xoşbəxt həyat, can sağlığı, uzun ömürdür. Sofu Bilal müsəlman bəndələr üçün yazdığı süfrə dualarında da ulu Yaradandan insanları şər əmllərdən qorumağı təvəqqe edir:
İlahi, sən vermə haqqı nahaqqa,
Biz ki tapınmışıq bir olan Haqqa.
Bu süfrə üstündə etdim təvəqqə,
Müsəlman yadından qoru bizləri.
«Bu dünya bərədir» kitabı, səh 106
«Qəbul eylə bu süfrəni, ehsanı» adlı süfrə duasında ictimai haqsızlığa, böhranlı həyat tərzinə rəğmən xalq üçün Tanrıdan rəhm diləyir:
Millət düşüb bu zillətə, qınağa,
Rəhmin gəlsin, daha çəkmə sınağa.
Hörmət eylə bu cəm olan qonağa,
Qəbul eylə bu süfrəni, ehsanı!
«Bu dünya bərədir» kitabı, səh 107
Sonuncu süfrə duasında Sofu Bilal verilən ehsanın qəbula yetməsini arzulayaraq üzünu Allaha tutur:
Səni and veririk öz cəlalına,
Sənin amalına, istiqlalına,
Nəzər qıl məclisin ərzi-halına,
Verilən ehsanı qəbula yetir.
And veririk peyğəmbərin xətrinə,
Yerin, göyün o sütunsuz çətrinə.
Öz adının, öz nurunun ətrinə,
Verilən ehsanı qəbula yetir.
(Yenə orada, səh. 108)
Sofunun «Süfrə duaları» ehsanlarda, dini bayramlarda, təziyə və yas məclislərində oxunmağa layiqdir. Dini ab-hava üstündə köklənmiş, xoşniyyətli dualar el-obaya, ev-eşiyə xeyir-bərəkət arzulamaq, bəd uğurdan, pis nəfisdən qorunmaq istəyidir. Yadıma Sovet hakimiyyətinin tuğyan elədiyi illərdə, Qurana qoyulan yasaqlar dövründə Qarabağ bölgəsində (XIX əsr) yaşayıb-yaratmış, nəqşbəndi təriqətinə mənsub üləma – şair Seyid Nigarinin (Cəbrayıl bölgəsində Şıx Əfəndi kimi tanınırdı – Müəl.) divanının Qurani-Kərim əvəzinə məclislərdə oxunması düşür. Bəlkə də çoxumuz bunun o vaxtlar fərqində olmamışıq. Fəqət, bu, insanların yasaq edilmiş Qurana yaxın, islami-dini dəyərlərə malik bir bədii-elmi-dini əsər vasitəsilə Tanrıya sevgisini izhar etməyi, bu sevgini qorumağı, müqəddəs dini kitabımıza ehtiramı daha da artırıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra (2005) kütləvi nəşr edilən Seyid Nigarinin külliyatı bir daha sübut etdi ki, zamanında gerçəkdən islamın təbliğində o Quranı müəyyən qədər əvəz edə bilib.
Sofu Bilalın dini şeirləri qobustanlı şair Dərdli Cavad və onun həmfikirləri tərəfindən geniş şəkildə öyrənilərək, ətraf əraziyə yayılmaqdadır. Dəfələrlə el şairi Dərdli Cavadın dilindən qələm dostu, şair Sofu Bilalın süfrə dualarını təziyə və məclislərdə eşitmişəm. Rayonun bir çox kəndlərində və yaxın rayonlarda da Sofu Bilalın süfrə duaları ehsanat vaxtı həvəslə oxunur. Mübarək Allahın və Rəsulunun ünvanına müraciətlə başlanan dualar onu dinləyənlərdə müəllifinə, bağışlayan, rəhmli, adil və böyük Yaradana minnətdarlıq hissi oyadır:
Hər şeyə olsa da bir ölçü, bir hədd,
Allaha məhəbbət olmalı bihədd…
Allaha həmd eylə, budur ibadət: –
Haramdan uzaqlıq, bir də təharət.
(Yenə orada, səh. 110)
Sofu Bilalın hikmət dəryasında Allaha hidayət tövsiyəsi mirvari kimi hər zaman qədirbilənlərini gözləyir:
Allah dərgahına eyləsən meyil.
Allah dada yetər, uzaqda deyil.
«Mən hamıdan güclüyəm» şeiri Sofunun Allah-təalaya mütləq bağlılığının ifadəsidir:
Allah adı dilimdə,
Quran – kitab əlimdə.
Halallıq əməlimdə,
Haqqım vardır öyünəm,
Mən hamıdan güclüyəm!
Yaradanın qüdrəti və insan oğlunun ondan güc almaq imkanları, Ulu Tanrının vəsfində açılır. Allaha şərik qoşmaq, müşriklərin sözlərinə aldanaraq ona əks getmək yaxşı nəticə verməz. Çünki Allah adil və bağışlayan, tək və böyük olduğu qədər də heç kimin pis əməllərinə görə güzəştə getmir:
Olan günahından etməsən tövbə,
Sonun zəlalətdir, çatacaq növbə.
«Bu dunya bərədir» kitabı, səh. 113
Allahı duymaq, tanımaq və ona ehtiram göstərmək gərəkdir:
Ayıl bu qəflətdən, bəşər olan kəs,
Allahdan bir qeyri məbudluq əbəs.
(Yenə orada)
Sofu Bilalın yaradıcılığında geniş yer tutan bu tip şeirlər insanı paklığa, Allaha yaxın olmağa çağırır. Allahın möcü-zələrini, ona küfr etməyin acı nəticələrini poetik dillə, özü də ustalıqla elə bir şəkildə verir ki, yaradıcılığındakı şirinlik dərhal nəzərə çarpır.
«Yenə pənah Allahdır», «Haqq gəzin», «Savab iş gör», «Yükün artıb insan oğlu», «Düşün», «Bu dünyadan o dünyaya», «Bu dünya «bərədir», bu tay-o taya», eləcə də, dini mövzudakı digər şeirlərində və gəraylılarında, beytlərində, deyişmələrində Allaha inam və onun böyüklüyü ifadə olunur. Allahın qüdrətinə dərin inamı oxucuda da dönməz inam yaradır. Sofu Bilal sözünə və əməlinə ağadır. «Mən Allahın quluyam, bəşərə qul olmaram». Təbiətcə hürr insan olan şair Bilal Sofu Usub oğlunun inam – ocaq əqidəsinə görə bütün vücudu ilə, ruhu ilə özünü Allaha qul sayması çox təbiidir. Odur ki, yenilməz bir inamla deyir:
Ovçu ox atmaz mənə,
Atsa da çatmaz mənə.
Allaha zikr edənəm,
Güllə də batmaz mənə.
«Yenə pənah Allahadır», «Haqqı gəzin», «Axı, səni yaradan var, Allah var!» kimi ibrətamiz sonluqlarla bitən şeirləri göstərir ki, Sofu Bilal taleyini, qismətini Yerin-Göyün Yaradanından diləyir, çünki ona sidq-ürəkdən bağlanmışdır.
Səbr hər şeyin başını kəsir. «Səbrlə halva olar, ey qora səndən» deyimi təsadüfdən doğulmayıb. Allah insanı səbrlə sınayır və dözüm göstərə bilənə əvəzini əsirgəmir. Sofu özü də xoşqılıqlı, geniş ürəkli, alicənab və sadə olduğu qədər də səbrli, hövsələli insandır. Səbrli olduğu üçün taleyindəki bizə kələ-kötür görünən yolları rahat keçib gedə bilir. Söz var deyərlər; «çox oxuyan çox bilməz, çox gəzən çox bilər». Bunun ikisi də Sofu Balalda var. Onun yaradıcılığındakı dini məqamlar sübut edir ki, o, islam dini ilə əlaqədar tarixlər boyu yaranmış nə varsa onları sinədəftər eləyib. Azyaşlı uşaqlardan yetkin insanlara qədər hər kəs Süleyman peyğəmbərin (ə) kimliyi barədə məlumatlara malikdir. Bunu danmaq olmaz. Din tarixində möcüzəli imkanlara malik bu qüdrətli şəxs, az qala mif kimi qəbul olunur, əfsanəvi peyğəmbər səhiyyəsinə yüksəlir. Xüsusilə, bütün canlıların, o cümlədən heyvanların onun tabeçiliyində (hökmündə) olması Süleyman peyğəmbəri (ə) əlahiddə fövqəl insan kimi indiyədək yaşadır. Bu barədə mövcud şifahi və yazılı ədəbiyyatda dönə-dönə deyilib. Şair Sofu Bilal da din araşdırıcısı kimi sözügedən mövzudan yan keçməyib. «Süleyman ibn Davud» şeiri göstərir ki, o, əfsanənin bir anını poeziyaya gətirməklə ona yeni istiqamət verməyə çalışıb.
Sofu Bilal girişdə qeyd edir ki, hekayəti atası Sofu Usubdan eşidib və onu nəzmə çəkib. Şeirdə Davud peyğəmbərin (ə) 40 oğlu olduğu, vaxtaşırı ata ilə birgə onların namaz qıldıqları deyilir. Lakin bir gün «Əllahü-Əkbər» nidası eşidilmir. Məlum olur ki, namaz üstə ölüblər. Ata bu acı faciəni təbii qəbul edir, Allahın verdiyi borcları aldığını söyləiyr. Allahın bundan xoşu gəlir və Davud peyğəmbərə yuxuda əyan olur:
Belə böyükdür ki, inamın sənin,
İstərəm sevinsin ata ürəyin!
Mən sənə bir oğul edərəm əta,
Dünyanın üzünə hər hökmü çata.
Beləcə, Davud peyğəmbərin (ə) səbri Allahın istəyinə səbəb olur; bütün cahanın beyət etdiyi Süleyman peyğəmbər (ə) doğulur.
Sofu Bilal «Paltar yuyan və yalançı mömin» (bu barədə şairin epik əsərlərindən danışarkən qeyd edəcəyik) poemasında, Hacı Seyid Həsən Hüseynova, Məşədi Akifə, Qazi-şair Hacı Soltana, Tahir Hüseynova yazdığı ithaf («Əhsən», «Ey Həsən», «Söz barədə», «İnşallah», «Qəlbində Allahdı, əlində Quran») şeirlərində dini məqamlar geniş yer alıb.
Sofunun əməl nişanələri – cənnətliklər (həqiqət, səadət, axirət, əmanət və s.) və cəhənnəmlik (rəzalət, rüşvət, qeybət, vəhşət, fürsət və s.) insan ömründəki xarakterlərin, əlamətlərin təzahürüdür. İnsanı həyat tərzində doğru yola çəkməyin bir yoludur. Sofunun «ruh barədə» söylədikləri (Ruh göydən gəlib. İlk ruh Allahındır. İnsan öləndə ruhu onu tərk edib göylərə çəkilir) maraqlı deyimlərdir, ibarəli yazılar kimi: «Allahın əməlləri olduğu kimi, insanların da əməlləri görünməlidir, ölümündən sonra!» Qeyd edək ki, ruhla bağlı Qurani-Kərimdə belə bir ayə (İsra-85) vardır: «Ey Peyğəmbər! Səndən ruhun həqiqəti haqqında soruşurlar. De ki: «Ruh Pərvərdigarımın əmr aləmindəndir. (Siz onun həqiqətini dərk edə bilməzsiniz, çünki) Sizə yalnız cüzi bir elm verilmişdir».
SOFU BAYATILARI
Azərbaycan şifahi xalq yaradıcılığının ən geniş yayılmış şeir janrlarından olan bayatı rəngarəngliyi və emosionallığı ilə seçilir. Çox qədim dövrlərdən yaradılan, bu gün də davam etdirilən bayatılarda, əsasən, insanların həyat tərzi – məişəti, məhəbbət və vətən həsrəti, digər qayğıları ifadə olunur. Bitkinliyi, fikri qısa, lakin tam əhatə edə bildiyi üçün həmişə aşıq və şairlər ondan bəhrələnmişlər. Bayatıdakı qədər şirinlik, həzinlik heç bir lirik əsərdə yoxdur. Təsadüfi deyildir ki, hələ XVIII əsrdə M.P.Vaqiflə deyişməsində M.V.Vidadi füsünkar Qarabağ təbiətini bayatıya bənzədirdi:
Külli Qarabağın abi-həyatı,
Nərmü-nazik bayatıdır, bayatı.
Bayatıya zaman-zaman el şairləri, haqq aşıqları müraciət etmiş və nəticədə ədəbiyyat tariximizdə görkəmli bayatı ustaları yaranmışdı. Onlardan üçünün adını çəkmək kifayətdir: Əzizi, Lələ, Sarı Aşıq.
Əzizim qəm oyanı,
El yatar, qəm oyanı.
Dəryalar oya bilməz,
Yoxsulda qəm oyanı.
(Əzizi)
Mən aşıq soy iləndi,
Şahmar da soy ilandı.
Nəsimitək bu aşıq,
Yolunda soyulandı.
(Sarı Aşıq)
Lələyəm, başdan mən,
Yemərəm hər aşdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.
(Lələ)
Şifahi xalq ədəbiyyatına, ümumilikdə ədəbi nümunələrə yaxşı bələd olan Sofu Bilal, qələmini bayatılarda da sınamış, bizə görə, istəyi doğrulmuşdur. Onlardan bir çoxu sələflərində olduğu kimi, obrazlı, həmişəyaşar, uğurlu məhsullardır. Sofu Bilalın aşağıdakı bayatısı XX əsrin sonlarında tariximizə qara ləkə kimi yazılmış bir dövrü əhatə edir:
Günüm keçdi qara nə,
Bəyaz nədi, qara nə,
Ev dağılsa, el tikər,
El dağılsa çarə nə?
Və ya:
Başımızı qatdılar,
Qarabağı satdılar.
Ağıllısı mən idim,
Məni də aldatdılar.
(«Ömür 70 – vaxtım dardı» kitabı)
Lakin Sofu bölünmüş vətəni istəmir, vətənin yenidən bü-tövləşməsini arzulayır:
Günüm keçdi qara nə,
Çəkdi məni dara nə?
Vətən bütöv gərəkdi,
Vətən nədi, para nə?!
Şair ictimai haqsızlığa, sosial ədalətsizliyə də etirazını bildirir. Ancaq o, ümidsiz də qalmır, Allaha pənah gətirir:
Sofu, əlacın nədir,
Yazmısan neçə sətir.
Ədalət Allahdadır,
Allaha pənah gətir.
(Yenə orada, «Xocalı bayatıları»)
Aləm olmaz fəzasız,
İgid olmaz çarasız.
Ey zülümkar, unutma
Ötüşməzsən qəzasız.
(«Qürbətin xofu» kitabından)
Sofu Bilal yurd ağrısından sızlayan dərd əhlidir. O, əbəs yerə «içim dərd məkanıdır» demir. Bayatılarında tez-tez ətəyində yaşadığı Diri dağını, sahilində binələndiyi Arazı, bütövlük rəmzinə çevrilmiş Xudafərini xatırlayan şairin ulu babası Dirili Qurbaninin əsrləri adlayıb gələn bir bayatısı daim onu oyaq saxlayır, yaddaşını korşalmağa qoymur:
Əzizim Diridağı,
Duman gəl, bürü dağı.
Xudam bir körpü salıb,
Arxası Diri dağı.
İndi bu qədim-qayım körpülər yenilməz Diridağları kimi elsiz-obasız yetim, boynubükük görünürlər. Sofu yazır:
Bu körpü, mənim körpüm,
Ağırdı qəmim, körpüm.
Səni sitəmli gördüm,
Artdı sitəmim, körpüm.
Lirik şeirin bütün növləri eşq, məhəbbət, sevgi naxışları ilə süslənib. Bir şair olaraq Sofu Bilalın yaradıcılığı məhəbbət mövzusu ilə zəngindir. Bayatılarında belə nümunələr daha çoxdur:
Dağlara, döşə baxdım,
Görülən işə baxdım.
Gün çıxanda yar gəldi,
İki günəşə baxdım.
(«Mən» kitabından)
Düşək yolun ağına,
Gedək kənd bulağına.
Sözümü bulaq üstə,
Deyim yar qulağına.
(yerə orada)
Bütün varlığı, vücudu ilə el-obaya, dost-tanışa bağlanan yurdun şair oğlu Sofu Bilal əmindir ki, mənsub olduğu ocaq və onun bir sıra nəfəri kimi, illər uzunu daim məhəbbətlə xatırlanacaq:
Sofunu anar ellər,
Dərdini qanar ellər.
Ölər – elin Sofusu,
Halına yanar ellər.
(yenə orada)
Qeyd etmək lazımdır ki, Sofu Bilalın bayatıları çox çeşidlidir: Cəbrayıl bayatıları, Vətən bayatıları, Araz-dağ bayatıları, Musiqili bayatılar, Ağıl bayatıları, Gənclər üçün bayatılar, Sərxoş bayatılar, Sofulu bayatılar… Bu bayatılar, əsasən, onun «Salxımın son giləsiyəm» adlı 11-ci kitabında toplanıb (bax: səh. 176-203).
ÜÇLÜKLƏR
Poeziyada fikri ifadə etmək üçün bəzən şair onu üç misralıq bəndlərlə yekunlaşdırır ki, bu da ədəbiyyatımıza üçlük kimi daxil olmuşdur. Az yayılmasına baxmayaraq, belə nümunələrə M.Müşfiq, S.Rüstəm, S.Vurğun və başqalarında rast gəlirik. Məsələn, S.Rüstəmdə:
Könlümdə şirin nəğmələrim var,
Xoş keçdi bu yerlərdə həyatım,
Sahilləri cənnət Xəzərim var.
Bu tip şeirlərdə ilk bəndin I-III misraları həmqafiyə, II misra sərbəst, qalan bəndlərdə I-II misralar sərbəst olduğu halda, 3-cü misra 1-ci bəndin I-III misrası ilə qafiyələnir.
Sofu Bilal da üçlük yaratmağa müvəffəq olmuşdur. Lakin onun üçlüklərindəki bütün bəndlərdə hər üç misra həm-qafiyədir. «Şəhidlər» şeirində:
Siz səməndər quşusunuz,
Gözlərimin yaşısınız.
Dərdlərimin başısınız…
(«İlan ocağı» kitabından)
«Allah, mən nə idim», «Allah, indi nəyəm» şeirlərində də qafiyə quruluşu eynilə saxlanmışdır:
Öz yerimdə aslan idim,
Xəzinəydim, bostan idim,
Nağıl idim, dastan idim…
RÜBAİLƏR
Şərq xalqları, o cümlədən Azərbaycan ədəbiyyatında geniş yayılmış bu dördlük dərin məna ifadə edən müstəqil bir əsər kimi ictimai, fəlsəfi, əxlaqi məzmun daşıyır. Burada şair ictimai-əxlaqi fikirlərini cəmi dörd misrada deyə bilir. Rübainin ən yaxşı nümunələrini Məhsəti Gəncəvi, Ömər Xəyyam, Məhəmməd Füzuli, son dövr ədəbiyyatımızda xalq şairi Qabil və başqaları yaratmışlar.
M.Gəncəvi:
Özgədən heç zaman gözləmə kömək,
Quru budaq kölgə salmaz, ey ürək.
Qənaət əzizlər, tamah xar edər,
Az olan şeylərə qənaət gərək.
Və ya M.Füzulinin:
Elm ilə, ədəblə tapılır şərəf,
Mirvari olmasa, nə lazım sədəf?..
– misraları ilə başlanan rübailər Sofu Bilalda eyni ilə ictimai-fəlsəfi xarakter daşıyır:
İnsanın səyində olsa mərifət,
Bilər təriqətdə nədir həqiqət.
Həqiqət bilməyən yazıq, biçarə,
Ondan uzaq olar rəhmi-məğfirət.
Yaxud:
Əl-ayağın soyumasın zəhmətdən,
Zəhmət ilə qurtararsan möhnətdən.
Qanmazları ifşa edərdi Sofu,
Neyləsin ki, qəlb kövrəkdir, üz – ətdən.
Sofu Bilal rübailərində çətin anlarda Yaradanı unutmamağı, büdrəyəndə, dara düşəndə hər yetəndən yox, aqil adamlardan məsləhət almağı tövsiyə edir. Dörd yan «tamam məxluqatdır, ehtiyatlı ol», – deyə dünyanı dərk etməyə çağırır.
SOFU – HİKMƏT XƏZİNƏSİ
Sofu Bilalın yaradıcılığında klassik Şərq ədəbi mühitinin ənənələri təzahür edir. N.Gəncəvidən başlayaraq S.Ə.Şirvaniyə və çağdaş söz ustalarımıza qədər yol gələn şairlərin çoxunda ibrətamiz fikirlər, nəsihətlər, kəlamlar, hikmətlər, poetik düşüncələr şeirlərə qarışaraq oxucuları saflaşdırmağa, həyatı kamil yaşamağa çağırıb. Kökə bağlı müdrik ağsaqqal bir şair kimi Sofu Bilal da sələflərindən örnək olaraq gənclərə və gələcəyə çoxlu hikmətlər, müdrik kəlamlar yazıb. Onları cəmiyyətdə sağlam böyüməyə, həqiqətçi olmağa, yaxşı vətəndaş kimi yetişməyə səsləyir:
Ahıl vaxtı görmək üçün hörməti,
Hörmət eylə ummayaraq minnəti.
Yalançı adamlardan uzaq durmağı nəsihət edir. Çünki:
Kalanın həddi var,
Dolanın səddi var,
Yalanın nə həddi var, nə səddi,
– deyir Sofu Bilal.
«Kölgənin kölgəsi olmaz». Bu da onun fikridir. Sofu deyir: «Üzüqara olmaqdan, günü qara olmaq yaxşıdır».
Sofu dübarə yalançılar haqqında nəsihət edir: «Yalançı olmaqdan qeyri, heç nədən qorxma!» Tamahkar haqqında qənaəti:
Yoncanı doğrayıb qatdı samana,
Saman sanıb, onu yemədi dana.
Hamıdan, hər kəsdən şübhələnən, lakin işində əyrilik olan adamlar haqqında isə:
Hamıya, hər şeyə baxdı şübhəli,
Yoxlamada özü çıxdı şübhəli,
– deyir.
«Şirin dil ilanı yuvadan çıxarır» (Atalar sözü). Sofu deyir:
Bu dünyanı şirin dillə yeyərsən,
Dilin acı olsa şillə yeyərsən.
İnsanları halallığa, doğruluğa haraylayan şair:
Əlin açıq olsa, ürəyin geniş,
Əngəl olmaz sənə bir yoxuş-eniş,
– qənaətinə gəlir.
Vəfasız dostu milçəyə bənzədir:
Vəfasız dostlardan vaxtında əl çək,
Daha insaflıdır onlardan milçək.
Zorakı, zülmkar adamlar və zülm olunan insanlar haqqında isə belə deyir:
Bir acizə zor elədi bir zorlu,
Gəmisi qərq oldu yelkənli, dorlu.
Digər bir baxımda:
Dağlayanlar dağlanacaq, ağlama,
Ağladanlar ağlayacaq, ağlama.
(«Dərdsiz dünyam boşdu mənim» kitabından)
Və ya:
Bu dünya alanda uzunla alar,
Satanda arşını xeyli qısalar.
Eləcə də:
Arvadına zər dedilər,
Ərinə zor dedilər.
«Zər» qudurdu, «zor» öyündü,
Həbs etdilər «vor» dedilər.
Sofu Bilal inam ocağıdır, imanlı, müdrik bir insandır. Ona görə də o, hər kəsi öz ölçüsü ilə görmək istəyir:
İnanmayın imansıza, dinsizə,
Etibar et səbirliyə, kinsizə.
O, bizə xatırladır:
Ağa ol nəfsinə, qul ol Rəbbinə,
Bu yolla cənnətdə salarsan binə.
Həqiqət belədir, – Sofu deyir: «Bir könül sındıranın günahı min savab ilə yuyula bilməz». Sofuya görə, gərəkdir ki, «Bilmədiyin bir şeyi soruşsalar, «bilirəm» – deməzdən əvvəl, məsləhətdir ki, deyəsən: «Düzünü Allah bilir».
Sofu Bilal nəsihətlərinin birində («Nəsihət») zərb-məsəl tipli ifadələr işlətməklə maraqlı aforizmlər yaratmışdır. İbrətamiz fikirlər, hikmətli sözlər onun yaradıcılığının aparıcı xəttini təşkil edir:
Bir quyuda su olmasa, quyu demə, çala de,
Bir komada igid varsa, koma demə, qala de.
Bir kamallı qızın olsa, oğul desən yaraşar,
Bir nadürüst oğlun varsa, oğul demə, bəla de!
Həqiqətən də susuz quyu bir çala kimidir – faydası yoxdur. El igidi ilə tanınar. İgidi qalaya bənzətmək burdan doğur. «Aslanın erkəyi, dişisi olmaz», ağıllı-kamallı qız yüz dəyərsiz, gərəksiz oğuldan üstündür, fərsiz oğul başa bəladır. «Nəsihət»in mahiyyətində bunlar dayanır. Qonşunu dar günün gərəyi sayan şair ona nemət kimi, ruzi dolu mərək (anbar mənasında – Y.D.) kimi baxır. Sofu tövsiyə edir ki, axmaq, səmərəsiz işlərlə məşğul olunca səni elmi sirlərə vaqif edən çoxlu kitablar oxu.
Şair Sofu Bilalın hikmət xəzinəsi qeyd olunanlarla bitib-tükənmir. Nəzm və nəsrlə yazılmış yüzlərlə hikmətli sözləri, deyimləri, aforizmləri könül oxşayır, qəlbə rahatlıq verir; insanı haqqa qovuşmağa, ədalətə, düz əmələ, təmiz vicdana sarı aparır. Bundan gözəl nə ola bilər?
SOFU XEYİRXAHLIĞI
«Mən, Səməndər quşuyam, alışaram, sönmərəm,
Mən, elə aşiqəm ki, öz eşqimdən dönmərəm», – deyən şair haqq carcısı olduğunu bəyan edir. Onun mehri-ülfəti yaxşı insanlaradır. İstedadlı şairə-tərcüməçi Kifayət Salmanqızına həsr etdiyi «A Salman qızı» şeirində bunu görürük:
Qara gözlərindən insanlıq yağır,
Dost-qohum qəlbində salmısan cığır.
Çətin günlərində Sofunu çağır,
Köməyə yetişər, a Salman qızı,
Dərd-bəla ötüşər, a Salman qızı.
«Salxımın son giləsiyəm» kitabı, səh. 169
Burada Sofu həm də, övliyalar nəslinə mənsub olduğunu, dar gündə insanların dadına çatmağı, köməyinə yetməyi, bununla da onlardan dərd-bəlanın sovuşacağı fikrini irəli sürür. Buna o, oxucunu da inandırır. Mənəvi-ruhi cəhətdən sağlamlıq bəxş etmək isə ən böyük savabdır. S.Bilal isə təkcə ocaq övladı kimi yox, eyni zamanda şair kimi də savab əməl carçısıdır. Bunu onun yaradıcılığı boyu görürük.
XƏSTƏLİYİ VƏ ÖZÜNƏ İNAMI
S.Bilalın müdrik vədəsində biqafil iflic kimi ağır bir xəs-təliyə düçar olması, belə vəziyyətdə dost-tanış münasibəti də onun yaradıcılığından yan keçmir. Ağlasığmaz şəraitdə-orqanizmin bu halında qələmi özünə həmdəm və yüngüllük sayan şair bu dərdindən də güc alıb amansız xəstəliyi enməyə çalışır. Ruhundakı şuxluq Rəbbinə sonsuz inamından, Ocağına sədaqətindən irəli gəlir. Yazmaq dolub boşalmaqdır. Onunçün haldan-hala düşmək lazım gəlir. Bu isə onun onsuz da ağır olan səhhətini daha da pisləşdirə bilər. Bundan əndişələnən Gülnaz xanım da ömür-gün dostunu – şair Sofu Bilalı əqidəsindən çəkindirə bilmir. Dərdinə qalib gəlmək, Allahdan bəxş olunmuş bu sənəti yaşatmaq bir şair və dərd əhli kimi də onun amalıdır. Bütün bunlar onun sonuncu kitabında və nəşrə hazırlanan əlyazmalarında öz əksini tapıbdır. Şeirlərində görünür ki, Sofu Bilal bir nadanın haqsız iftirasına tuş gəlib və bu, onun halını pisləşdirib. Nəticədə ömrünün 70 illik məqamında qəflətən iflic keçirən Sofu Bilal poetik dillə səbəbi belə izah edir:
Səbrim çox olsa da, daşdı kasası,
Çünki o sözlərin yoxdu əsası.
«Salxımın son giləsiyəm» kitabı, səh. 91
«Acı dil» şeirində xəstəliyinin şiddətini belə göstərir:
İflicdir əl-qolum, keydir ayağım,
Qalxmaq üçün çəlik olub dayağım.
Yaxud:
Doqquz aydır tutulmuşam azara,
Bu azarla əlbəyaxa qalmışam.
Nə həyətə çıxıram, nə də bazara,
Darvazaya baxa-baxa qalmışam.
«Acı dil gör məni nə hala saldı» deməsinə baxmayaraq, Sofu heç də umidsizliyə qapılıb qalmır, bu yerdə dostlara, qonşulara söykənir:
Dostlar sorurlar ki, necədir halın,
Xətrinə dəyibdi de, hansı zalım?!
Qonşulardan «təvəqqesi» xoşluqla qarşılanır: «Yenə çörəyimi qonşular aldı». Bəzən içini bədbinlik alıb, öz-özünə:
Ömrün yetmişində nə günə yetdim,
Bu necə sonluqdur, bu necə haldı?
– şikayətlənəndə belə:
Sofuyam, pisliyə olmaram zamin,
Ocağım həmindir, hökmüm də həmin, –
deməklə şuxluğunu, qürurunu dikəldir: «Ümidim yenə də Allaha qaldı» – deyir. Sidq ürəklə Allaha bağlanan şair çarəsini onda görür:
Bir dərdə düşmüşəm, işləmir qolum,
Əsir sağ tərəfim, keyləşib solum,
Sofuyam, adına mən fəda olum.
Bu azar Sofuda qalmasın, Allah,
Əqlində naqislik olmasın, Allah!
«Salxımın son giləsiyəm» kitabı, səh.48
Əlbəttə, Sofu şeirlərində dönə-dönə qeyd etdiyi kimi Allahına zikr edən, naşükürlüyü sevməyən bir insandır. Xoş günü ilə bərabər, çətin, ağır anlarına da şükür edir:
Sofu Bilal, dərdi unut, dərdi at,
Rəbbinə bax, səlavat çək, səlavat!
Əlini Allahın ətəyindən üzməyən S.Bilal dərdinin ağırlığına tab gətirmək bir yana, bu dərdin ona verdiyi sonsuz ilhamı şeirə çevirərək oxucularına çatdırır. «7 aydır xəstəyəm» şeirində «Arsız Sofu söz üstündə çalışır», «Acı dil»də «Yaxşı ki, sağ qolum tutur qələm, Sofu dözəsidir, O, Rüstəm-Zaldı…», «Mən bir vətən dəlisiyəm» şeirində «Köməyimə yetdi dərdim, Məni şair etdi dərdim» kimi obrazlı ifadələr, gerçəkdən şair S.Bilalın canındakı dözülməz xəstəliklə açıqdan-açığa mübarizəsidir. Başqa sözlə, yarımcan xəstənin digərlərinə görk nümunəsidir. «Salxımın son giləsiyəm» (Bakı, «Nərgiz», 2011) adlı on birinci kitabı bir daha göstərdi ki, Sofu ömrünün ən gərgin məqamında da Haqqı başının üzərində görür, qəlbi Yaradanın nuru ilə işıqlanır, beyni Allahın hökmü ilə daha dərin düşünür. Ona görə də yazıb-yaratmağa həvəsi çoxalır, çalışqanlığı artır.
Şeirlərindən hiss olunur ki, o, Allahın verdiyi nemətə, yaxşıları unutmamağa, hər birinin xeyir əvəzini Allahdan di-ləməyə, yaxşı insanları və yaxşılıqları nəzmə çəkib salnamə şəklində gələcək nəslə çatdırmağı daim özünə borc bilir. Xeyriyyəçi Səyavuş Əsgərovun himayəsilə «Ankara» klinikasının tibb işçilərindən gördüyü diqqət və qayğı, yüksək tibbi xidmət sayəsində sağlıq durumunda xeyli irəliləyişi olan Sofu Bilal bu şəfa ocağının tibbi personalından dönə-dönə razılıq edir:
Mən oldum «üzübəri»,
Azaltdı dərdi-səri.
Loğmandır həkimləri
Sağlamlıq ocağının.
Əlbəttə, göstərilən qayğılar, bu cür savab əməllərə ürək vermiş «Xudafərin» şadlıq evinin direktoru S.Əsgərovun xeyirxahlığının nəticəsidir. Doğrudan da onun diqqəti müqəddəs Sofu ocağına, insanlıq adına məhəbbətindən, millətə sevgisindən irəli gələn ləyaqətli vətəndaş istəyidir:
Səyavuşu sağ olsun,
Kef-damağı çağ olsun.
Köməksizə dayaqdı,
Daim üzü ağ olsun!
(Yusif Dirili, 2011)
Onu da qeyd etmək lazımdır ki, dost-tanış, qohum-əqraba kimi bu vəziyyətdə yastığının yanında olan Möhübbəti, Məmmədəlini, Nadiri unutmayan Sofu, «Nərgiz» nəşriyyatının əməkdaşlarının, üzvü olduğu Dirili Qurbani Məclisindəki şair dostlarının da onu tək buraxmadıqlarını öyüncəkliklə bildirir. «Əbil yenə gəldi», «Halımı sormağa gəldi Tamara», «Yenə gəldilər» və s. şeirlərində onu hər gəlişi ilə sevindirən, ruhlandıran insanlara rəğmən:
Qohum da, tanış da axışıb gəldi,
Hər gələn olanda canım dirçəldi, – deyə yazır.
POEMALARI
Ədəbiyyat nəzəriyyəsinə görə, poema epik-lirik əsərdir. «Ona görə ki, burada həm möhkəm bir süjet xətti özünü göstərir, həm də şairin müəyyən həyat hadisələri ilə əlaqədar hiss-həyəcanları ifadə olunur» (Ş.Mikayılov, 1981).
Burada epik lövhələrlə yanaşı, hadisələrin təhkiyə yolu ilə verilməsi, eyni zamanda lirik qəhrəmanın (şairin özünün) hər hansı obraza, təbiətə, hadisələrə, digər obyektlərə lirik münasibəti əksini tapır. Poema irihəcmli nəzm əsəridir. Lakin povestdən (hekayədən) fərqli olaraq, lirik qəhrəman (müəllif) poemada təsvir edilən hadisələrin gedişində obrazla bərabər, aydın surətdə görünür. Sofu Bilalın poemalarından «Söz yarası», «Diri dağ, Mazan Nənə», «Heydərqulu baba», «Xan Arazım», «Qumlaq», «Haydı Sofu», «Baba sözü» silsiləsindən (əvvəldə bu silsilədən olan nəsr əsərləri haqqında xülasə vermişik) «Qarabağda kişi var», «Kül kömbəsi», «Yetim qız və Şah Abbas», «Vay, çıllığım əyildi», «Bəxşiş», eləcə də «Haq-qalanla Haqqalmazın nağılı», «Qəlyanboğaz və arvadı», «Tüləngi və Sülənginin nağılı», «Kələkbazla tamahkar» kimi epik əsərlərində cəmiyyətin içindəki gerçəkliklər, tarixi-etnoqra-fik cizgilər, doğma yurdun ulu təbiəti, real insan obrazı, dostluğa və məhəbbətə sadiqlik əsas yer tutur. Bu əsərlərin bir qismi nə qədər ciddi və səmimidirsə, digərlərində müəllif yumor və satiranın gücü ilə neqativ halları, ictimai problemləri aradan qaldırmaq üçün məlum bədii vasitələrdən istifadə etməklə arzusuna çatmaq istəyir. Müəllifin ilk kitabında («Söz yarası», 2005) eyni adlı poeması verilmişdir. Poema nağıla girişdə olduğu kimi başlayır:
Biri vardı, biri yoxdu, biri çox,
Var azaldı, yox çoxaldı, çoxu yox.
Günlərin bir günündə
Mazan Nənə pirində
Oturmuşdu üç kişi:
Məmiş, Dadaş, Xankişi…
Əsərin baş qəhrəmanı Xankişi mənfi obrazdır. Çünki yoldaşları Dadaş və Məmişdən fərqli olaraq, Mazan Nənə pirinə başqa niyyətlə gəlib. Yalnız qarnını doldurmağı düşünür. Ona görə də yoldaşlıqda, dostluqda naqisdir. Qarınqulu xasiyyət onda o qədər güclüdür ki, bundan qurtulmaq metodunu intiharda görür; sanki günahlarını yuyur. Beləliklə, poemanın əsas qəhrəmanına çevrilə bilir.
«Söz yarası»ndan sonra qədim el-oba məskəni Diri dağı haqqında irihəcmli əsər kimi bədii ədəbiyyata daxil olan «Diri dağı, Mazan Nənə» poeması diqqəti daha çox cəlb edir. Qeyd edək ki, istedadlı şair Sərdar Əsəd də vaxtilə «Diri dağ» adlı 3 bənddən ibarət bir qoşma, həmçinin Qurbaninin həyatını əks etdirən və Diridağın təsviri ilə diqqəti çəkən bir dastan yaratmışdır. Əlbəttə, Sofu Bilal Diri dağını özəllikləri ilə vermək baxımından seçilir. Təsvir-təhkiyə yolu ilə Diridağdakı yer adlarını, onun toponomik xüsusiyyətlərini poetik yolla oxucuya çatdırır. İşğaldan əvvəl dönə-dönə, qarış-qarış gəzdiyi bu yerləri necə varsa, eləcə təqdim edir:
Diri dağın ətəyində ilk naxış,
Sarı təpə, Səsli qaya, Dik yoxuş.
Sonra gəlir «Yusif əkən» yastana,
(Hər birisi salınmalı dastana).
Şair poemalarında şeirin müxtəlif şəkillərindən istifadə etmiş, bəzən yeni formalar daxil etməklə özəl nümunələr yaratmışdır:
Araz, Araz, canım Araz,
Canımdakı qanım, Araz!
Kəndim anam, dağım atam,
Bəyim Araz, xanım Araz.
(«Xan Araz» poeması)
Arada bayatılardan istifadə etməklə poemaya yeni bir lirik güc gətirir. «Dədə Qorqud» dastanından qaynaqlanan uca dağa Ata kimi baxmaq (Qazılıq dağı gəlinlərin qaynatasıdır. Ona baxanda yaşmanırıq! – «Dədə Qorqud» filmindən) keçmişə ehtiramdır. Kəndi – vətəni ana saymaq məhəbbətdəndir. «Başım taxtı, xanım hey!» – deyirdi Dədəmiz Qorqud. Əzəl gündən Araz çayına Xan Araz deyilib, xana, bəyə yaraşdırılıb. Sofu Bilal «Bəyim Araz, Xanım Araz» ifadəsilə onu gözlərimizdə daha da ucaldıb və əski sovet dövründə aşağılanan (guya Azərbaycanı ikiyə bölməklə həsrət – hicran yaradıb) Arazı layiq olduğu səviyyəyə qaldırıb. Biz də bu mövzuya toxunmuşuq. «Vüsal dəlisi Araz» adlı həmin yazı dövrü mətbuatda çap edilsə də, onu kitabın mahiyyətinə uyğun bilib burada yenidən işlənmiş şəkildə təqdiminə ehtiyac duymu-şuq (V bölmə).
«Qumlaq» poeması müəllifin doğma kəndi haqqında yazdığı epik-lirik əsərdir. «Söz yazdım qalaq-qalaq, sözümün canı Qumlaq» – deyən müəllifin proloq əvəzi verdiyi «Qumlağın» şeiri ağsaqqalı və fəal üzvü olduğu Dirili Qurbani Məclisinin nəşrlərində çap olunduğu ilk şeiridir (Bu barədə demişik). İnsafən, bəyənilən və diqqəti cəlb edən bir şeir kimi yaddaşlarda qalıb. Əsərin özəlliyi Qumlaq və qumlaqlılar, Qumlaqətrafı (xüsusilə Qumlaq sovetliyinə daxil olan) kəndlərin necə varsa təqdim olunmasıdır. Tanış olduqda görürük ki, şair əsərin daha qüvvətli alınması üçün bədii piryomlardan yararlanmağa çalışmışdır. Belə ki, təbiət peyzajı, epitet, təhkirə, tərənnüm və s. ifadə vasitələrindən, həmçinin dördlük, beşlik, məsnəvi, üç, dörd, beş, yeddi, on bir hecalı şeir formalarından bəhrələnmişdir. Poemada əsas hədəf Qumlaqdır:
Bir oba var, dörd yanı dağ,
Oba demə, bir bağça, bağ.
Burada Qumlağı öygü, vəsf vardır. Şair eyni zamanda er-məni işğalından sonra kimsəsizləşən yurd yerini belə oxşayır:
Sındı pərim Qumlağım,
Yal-çəpərim Qumlağım.
Sofu Bilal bizə məlum olan şeirlərdən başqa, Qumlaq elatının ayrı-ayrı obalarından danışarkən (Məstalıbəyli, Dərzili və s.) «ruhadönmüşlərin» (öz ifadəsidir – Y.Dirili), «sağqalmışların» (bizim ifadədir – Y.Dirili) adlarını misra boyu düzərək, məsnəvi şəklində elə adam adları ilə də onları qafiyəyə salır. Zənnimizcə, bu maraqlı tapıntıdır.
Poemada Diridağına, Qurbani və Pəri adına, onların mü-qəddəs ruhuna ali ehtiram hiss olunur. Bu, kökə, kökənə, sələfə, qədimyurda sevgi və qayıdışdır.
Şifahi xalq ədəbiyyatına dərindən bələd olması onun «Tüləngi və Sülənginin nağılı», «Kələkbazla tamahkar» kimi epik əsərlərinin meydana gəlməsinə səbəb olmuşdur. Başqa sözlə, bu cür əsərlərin mövzusuna müraciət etmək ona çətinlik törətməmişdir.
«Heydərqulu baba» poeması saf qəlbə, təmiz vicdana malik, halallığa söykənən bir şıx övladının göstərdiyi igidlikdən, onun yenilməz hünərindən bəhs edir. Şairin qəhrəmanı yaxşılıq, xeyirxahlıq, cəsurluq kimi keyfiyyətlərlə təcəssüm olunur:
Möcüzəydi hər işi,
Beləydi bu şıx kişi…
«Haydı Sofu» poemasında müəllif tarixi memarlıq abidələri olan Xudafərin körpülərinin inşası, yaranma səbəbi və adı ilə bağlı əfsanədən danışır. Əfsanəni də elə şair özü yaradıb. Dirili Qurbani Məclisinə ithaf etdiyi bu mənzum hekayəni Sofu Bilalın uğurlarından saymaq olar:
Diridağla Qaradağ
Arazıma cüt qardaş.
Birində Mazan Nənə,
O birində Üç qardaş.
Göründüyü kimi, şair o taylı-bu taylı Azərbaycanı, onun mənəviyyat ölkəsi (sənət adamları, hikmətli insanları, xe-yirxahları, övliyaları) olmasını diqqətə çatdırmaqla bütövləşdirir – Vahid, Bütöv Azərbaycan idealını, ideyasını xəyalən gerçəkləşdirir.
Sofu Bilalın yaradıcılıq potensialı hüdudsuzdur. Son 7-8 ildəki fəaliyyəti bunu deyir. Yaradıcılıq mənbəyi pak nəsli – Sofu ocağı, müqəddəs saydığı el-obalar, dəyərli dostları, xeyirxah insanlar, Dirili Qurbaninin ölməz ruhu, ucadan uca, qocadan qoca Diri dağları, Mazan Nənədir, doğma kəndi Qumlaqdır. Ömrün müdrik çağında tanıdığı, sevgilər bəslədiyi Dirili Qurbani Məclisidir. Özünə, sözünə, ehtiram göstərən məclis!
NƏSR ƏSƏRLƏRİ
(Xülasə)
Yaradıcı şəxs kimi Sofu Bilalın potensial imkanı sər-hədsizdir. Ədəbi yaradıcılığın, demək olar ki, bütün şəkillərində özünü və sözünü sınayıb. Zənnimcə, onun ədəbi məhsulları həyati olduğu qədər də, elmidir. «Ədəbiyyata yenilik gətirib», – demək fikrində deyilik. Sadəcə, yaratdığına yiyə dura bilməyin fərqində olub. Həm də canlı danışığa, təhkiyəyə üçtünlük verib. Bu, özünü onun epik əsərlərində, xüsusilə nəsr nümunələrində daha nəzərə çarpacaq dərəcədə büruzə verir. Sofu Bilal həyat hadisələrini təhkiyə yolu ilə əks etdirməyi bacaran sənətkardır. Onun bədii əsərlərində təqdim etdiyi obrazların xarakteri cəmiyyətin gerçəklikləridir. Ətraf aləmin, tarixi həqiqətlərin dərki məsələsi həm bir şair və publisist kimi, həm də nasir kimi Sofunun real məqsədidir. Xırda görünən kiçicik bir hadisəni obyektə çevirərək şirin və inandırıcı dillə nəql etmək, rəvayət yolu ilə danışmaq fitrəti oxucuda maraq doğurur. «Mənim qədək paltarım», «Qaloş əhvalatı», «Təzə pencəkli yesin», «Sürpriz», «Yemer, yemer», «Telli Cümşüd», «Mərdimazar», «Dündə məktəb olmaz», «Rekord dartınma», «Papaq əhvalatları», «Ağca kişinin fatihəsi», «On beş manatlıq», «Məzəli xatirələrim», «Baba sözü» rubrikasından «Qəlyan», «Sən götürmüsən» kimi novellaları yazıçının bədii təxəyyülündən çox, uşaqlıq və gənclik dövründə yaşadığı, başına gələn əhvalatlardır. Təsadüfi deyildir ki, o, bunların bir qismini «Məzəli xatirələrim» bölməsi altında təqdim etmişdir (bax: «Dərdsiz dünyam boşdu mənim» kitabı, 2008). Şəxsi həyatının qayğısız, «məzəli» illərini bir nikbin ovqat kimi qələmə alan Sofu Bilal sanki nastolji hisslərlə o dövrü xatırlayır. Ömrün ixtiyar vədəsində bu, bir şirin xatirə kimi onu dərdsiz-ələmsiz günlərə aparır. Bizcə, novellalarını bu qədər təbii və canlı verməsi onu daha çox xatirə janrına bənzədir. Hafizəsinə güvənən Sofu sanki heç nəyi diqqətdən qaçırmayaraq hər əhvalatı təbii boyalarla, olduğu tərzdə oxucusuna çatdırır. «Qurbanəli bəy», «Poçt qutusu», «Saqqallı uşaq», «Pirverdinin xoruzu», «Buz» kimi hekayələrin müəllifi, böyük satira və yumor ustası Cəlil Məmmədquluzadə «Xatiratım» əsərində əbəs yerə yazmırdı: «Bu sətirləri oxuyan möhtərəm oxucularım şəkk yox ki, burada rəvayət olunan keyfiyyətlərə inanacaqlar, çünki Allah şahiddir ki, burada bir zərrə qədər xilaf yoxdur». Sofu Bilalın «Qaloş əhvalatı» bu baxımdan xarakterikdir. Kənd toylarının birinə geymək üçün qardaşı Rzanın (Allah ona rəhmət eləsin!) aldığı «par-par parıldayan» qaloşu hər cür tozdan qoru-mağa çalışan gənc Bilal, dostların çağrışı ilə toyda oynamaq üçün mağara girəndə qaloş mismara ilişib cırılır. Bilal nəinki həvəsdən düşür, hətta onun düşüncələrində təəssüf dolu bir xatirəyə çevrilir: «Meydana atılmış ayağım bayıra dartıldı. Mən xəcalətli, məğlub bir durumda həm qaloş «kayf»ından, həm də toydan olmuşdum. Sevincim on dəqiqə, kədərim altmış il oldu. Sonralar qaloşa uşaqlığımın düşməni kimi baxdım».
«Vəfasız Səriyyə, yaxud vəfalı it» hekayəsində Sofu Bilal qəhrəmanının həyat və acı taleyindən bəhs edir. Zülmkar ağanın əlindən xanımını çətinliklə götürüb şurəviyə (Sovet Azərbaycanı – müəllif) təşrif gətirmək istəyən yoxsul bir gənc onları gecə qonaq saxlayan qoluzorlu xanın hədəfinə tuş gəlir. Xanın gözü aldadıb saxlamaq istədiyi yoxsul gəncin gözəl arvadına düşür. Müqavimət göstərmək istəyən gənc, vəfasız Səriyyənin zərbəsindən yerə yıxılır. Lakin onun vəfalı iti rəhmsiz xandan sahibinin qisasını alır… Süjetinə və məzmununa görə maraq doğuran bu hekayə ibrətamizliyi cəhətdən seçilir. Hekayə Ə.Haqverdiyevin «Odabaşının hekayəti»ni bizə xatırladır. Əhməd ağanın Fərmana və Gövhərtaca münasibəti dəyişdiyi kimi, zalım xan da rəhmdilliyindən danışaraq əsl xislətini göstərir. Yoxsul bir oğlan olan Şamil vəfalı itini xa-tırladıqca Allahın bu sədaqətli heyvanlarının hamısına diqqəti daha da artırır.Sofu Bilalın nəsr əsərləri sırasında kəlamları (bu barədə ayrıca danışılıb), lətifələri, Sofu Usub ocağından həm özünün, həm də başqalarının dilindən qələmə aldığı müxtəlif xatirələri xüsusi yer tutur. Onların arasında Sofu Usubla bağlı baməzə söhbətlər «Sofu Usub gülməcələri», eləcə də Həpiçi adlı obrazın timsalında təqdim olunur. Qardaşları – Sofu Rza və Sofu Fərəcin sofuluq fəaliyyəti, onlarla əlaqədar xatirələr də bura daxildir. Qeyd edim ki, Sofu Usuba və əməllərinə möcüzə kimi baxmaq ehkamçılıq deyil. Çünki o, dövrümüzün sıra nəfər-lərindən biri olsa da, xoşluqla xatırlanan əməlləri, nəinki böyüklərin, elə bizim də gözlərimiz önündə baş vermiş, nəticəsi isə nikbin ovqatla bitmişdir. O səbəbdəndir ki, çevrəsi ona bir ocaq kimi, övliya kimi inanırdı. Sofu Usubla əlaqədar xatirələrə vaxtilə Azərbaycan KP MK-nın birinci katibi işləmiş Mir Cəfər Bağırovla bağlı hadisələr də daxil edilib (bu barədə «Dirili Qurbani» qəzetində (2006) geniş məqalə dərc etmişdik. Təfərrüatı «İlan ocağı» kitabında). «M.C.Bağırovun atını ilan çalıb», «Silah altında ilan», «Sofuların dueli», «Zəncirlənmiş qız» kimi yazılar həqiqət olsa da, oxucuda inanılmaz təəccüb hissi doğurur. Sofu Bilalın atası Sofu Usubun həyat tərzi (yeməyi, andı, geyimi, özünəməxsusluğu, «bəzi işləri») ilə əlaqədar təqdim etdiyi yazılar ədəbi nümunə kimi oxucu qəlbi-nə yol tapır.
Sofu Bilalın nəsr yaradıcılığında Vətən mövzusu, vətən-daşlıq mövqeyi xüsusi əhəmiyyət daşıyır. Onun doğma Azərbaycan naminə canını qurban vermiş şəhidlərimiz barəsində yazdığı çoxsaylı məqalələri bu cəhtdən səciyyəvidir. Rusiyada fəaliyyət göstərən «Vətən çağırır» qəzetinin «Qərbi Azərbaycana gedən yol Qarabağdan başlayır» kitabında (müəllif Gülsüm Adilqızıdır – Y.D.) «Qarabağ şəhidləri» adı altında ondan çox məqaləsi toplanıb. «Çaqqalın tamahı, yurdun pənahı» şeiri ilə şəhid yazılarına giriş verən S.Bilal kitabın müəllifinə dərdini danışır: «Ermənilərin bizim xalqa olan nifrəti qeyd olunmuşlardan min illər əvvəl başlamışdır. Qarabağ düşmənçiliyi və onun son, məlum hadisələrində əsl sayı bilinməyən şəhidlərin (yəni, əslində daha çox olan) içərisində bizim balaca Qumlaq sovetliyinin də itkisi az olmamışdır. Qaçqın və köçkün iztirablarını heç bir qələm və onun sahibi tam təsəvvür edə bilməz. Odur ki, mən qarşıma balaca sovetliyin şəhidləri, yaralıları, itkinləri barədə məlumat verməyi məqsəd qoymuşam…» El-oba itkilərini anmaq, tarixdə qalsın deyə yazıya almaq müqəddəs borcdur. Sofu Bilal bu borcu bir yazıçı-publisist kimi ləyaqətlə yerinə yetirməyə çalışıb. Onun gerçək qəhrəmanları arasında Əhmədov Anar, Vəliyev Azər, Qəhrəmanov Əkrəm, Şamilov Rövşən, Balakişiyev Sərvan, Süleymanov Qabil, Şükürov Fikrət, Miriyev Nuşirəvan, Quliyev Umud, Vəliyev Çingiz kimi yenilməz oğullarımız vardır. Onların hər birinin həyat və döyüş yolunu, şəhidlik aqibətlərini oçerklərə çevirərək tarixləşdirən Sofu Bilal bu əməli ilə də bir-birini əvəz edəcək nəsillər qarşısında daim üzü ağ yaşayacaqdır.
Sofu Bilalın şəhid yazılarında orijinallıq, yenilik özünü göstərir. Bu, məqalələrdə müəllifin öz qəhrəmanlarını örnək kimi şeir dili ilə təqdim etməsidir:
İgid gərək yaşasın,
Həyatda Sərvan kimi!
Ölən zamanda olsun,
Vətənə qurban kimi!
Yaxud:
İnsan zər-xara geysə,
Bədənin bəzəyidir.
Elçin kimi şəhidlər
Vətənin bəzəyidir!
O, qəhrəmanının döyüş şücaətini belə təsvir edir:
İgid Qabil döyüşdə
Düşmən bağrını dəldi.
Ölənədək döyüşüb
Şəhidliyə yüksəldi.
Sofu Bilal inanır ki, nə vaxtsa müharibə bitəcək, erməni işğalçıları qara buludlar kimi çəkilib gedəcək. Onda şə-hidlərimizin ruhu rahatlıq tapacaq, bütün qaçqın və köçkün-lərimiz yenidən öz doğma torpaqlarına yiyələnəcəkdir:
Elimdə yadlar gəzər,
Müqəddəs qəbri əzər.
Ellər bir gün qayıdar,
Ruhun şad olar, Azər.
Bizə görə, şəhidlər mövzusunda yazılmış məqalələrə şeirlə çalar vermək, onu daha da zəngin və təsirli etmək müəllifin istəyinə çatmaq üçün atdığı uğurlu addımlardan biridir. S.Bilal bu üsulu düzgün seçmiş və ondan məharətlə bəhrələnmişdir.
Həyatda olduğu kimi, yaradıcılıq məsələsində də özünü dost yanında görən, ona savab əlini uzadan Sofu Bilal, yalnız mənsub olduğu kəndin şəhidlərini deyil, tanıyıb bildiyi digər vətən oğullarının da adlarının əbədiləşdirilməsini vacib hesab edir. O, həmkarı şair Malik Əhmədoğlunun şəhid qardaşı Söhrab Məmmədovun da kitabda anılmasına səbəbkar olub. S.Bilal müəllifə (Gülsüm Adilqızına) məsləhət görür ki, M.Əhmədoğlu ilə görüşsün və Söhrabın ömür yolundan xatirələr yazsın (bax: səh. 307). Beləliklə, «Məzarı əsirlikdə qalan şəhidlər» adlı yazı dərc olunur.
Qeyd etmək lazımdır ki, şair-publisist Sofu Bilalın bu qəbildən olan vətən ruhlu məqalələri Moskva şəhərində nəşr olunan «Vətən çağırır» qəzetinin redaksiyası tərəfindən layiqincə qiymətləndirilmişdir. Belə ki, o, iki dəfə qəzetin diplomu ilə təltif olunmuşdur. Bundan başqa, şairin yaradıcılıq fəaliyyəti, anadan olmasının 70 illik yubileyi ərəfəsində yüksək dəyərləndirilmiş və ona «Qızıl Qələm» mükafatı verilmişdir.
«DİRİLİ QURBANİ MƏCLİSİ» SOFU BİLALIN
YARADICILIĞINDA PRİORİTET KİMİ
İnsan yarananda söz də yaranıb. Sözün təşəkkülü və formalaşmasında isə tarixən ədəbi mühitin böyük rolu olub. Ulu divanlarda adı çəkilən (Qurbani) şairlər bununla öyünmüş, söz məclislərindən aldıqları nəşəni heç nə ilə dəyişməmişlər. Sidqilə söz qədrin artıranlar (Füzuli) iştirakçısı olduqları ədəbi məclisləri həmişə urvatlı tutmuş, yüksək dəyər vermişlər.
Türk dünyasının böyük söz məclislərindən olan «Dirili Qurbani Məclisi» (P.Göyçəli) fəaliyyət göstərdiyi 8 il ərzində özünü səviyyəli, seçilib-sayılan, mədəniyyət-mənəviyyat ocaqlardan biri kimi tanıda bilmişdir. Görkəmli sənət adamları bu məclis haqqında indiyədək çoxlu sayda qiymətli fikirlər söyləmiş, onun çağdaş Azərbaycan ədəbi taleyində oynaya biləcəyi rolu qeyd etmişlər. Ayrı-ayrı məclis üzvləri də fəaliyyət göstərdikləri bu ədəbi-bədii toplumun işinə və yönünə zaman-zaman münasibət bildirməyə çalışmışlar.
Şəcərə baxımından Haqq aşığı, el şairi Dirili Dədə Qurbani ilə soy birliyi olan Sofu Bilalın yaradıcılığında Qurbani Məclisi qırmızı xətt kimi keçir. İşıq üzü görmüş bütün kitablarında məclis və ya məclis üzvləri, Dirili Qurbani və onun doğulduğu, gəzib-gördüyü, keçib-getdiyi yerlər hallandırılır, araşdırılır. Konkret desək, oxucuya da, tarixin arxivinə də yığcam, lakin məzmunlu material verir. Biz aşağıda S.Bilalın nəşr olunmuş kitablarına qısaca nəzər yetirməklə həmin hissələrə toxunmağa çalışacağıq. Əvvəlcə «Mən» kitabına baxaq. «Mən»də (2007) şairin özü ilə bağlı poetik duyğuları ifadə olunur. Cəmi 48 səhi-fəlik, kiçik formatda olan bu kitabçada 7-8 şeir verilmişdir. Erməni işğalına məruz qalan, doğma ocağından perik düşən Sofu Bilal yazır:
Əsas odur, qaçqınam,
Bir divarı uçqunam,
Dost-qardaşlar azalır,
Xəstə canım sozalır.
Qohum-qardaşdan, dost-tanışdan gen düşən, «tut kimi tökülən» uşaqlıq yoldaşlarından ötrü həsrət çəkən Sofunun dərd-sərini barışdırmağa, başını qarışdırmağa, ona təsəlli verən, ruhunu göylərə qaldıran:
Bir məclis davam edir,
«Dirili Qurbani»dir.
Məclisdə mən də varam,
Oxunur cızma-qaram.
Sədri Yusif Dirili,
Şeiri xırda-irili.
Alimi, avamı var,
Hər ayda davamı var.
Ayda bir dəfə müntəzəm şəkildə «Xudafərin» şadlıq sarayı bu məclisə böyük səxavətlə, açıq ürəklə, təmənnasız yer ayırır. S.Bilal sarayın sahibini belə təqdim edir:
«Xudafər»in rəhbəri
Yaxşıların sərvəri.
Onun ismi Səyavuş,
Onu sevir dost-tanış.
«Mən» şeirində, eləcə də kitabdakı başqa nümunələrdə Qurbani ilə bağlı yer adları tez-tez xatırlanır:
Diridağda Xan çinar,
Diridağdan harda var?
Yaxud:
Vətən – Mazan Nənədir,
Vətən – yek, yeganədir.
Eləcə də:
Qurbanini, Arazı
Arzu, istək, murazı… –
deyən şair bu yerlərin müqəddəs insanlarını, ocaqlarını da unutmur. «Hacı Qaraman baba»nın «darıxmasını», «Qurbaninin çırağı»nı, «Seyid Həsən ocağı»nı, «İntizarda qalan Sofu Usubu» soraqlayır. Sofu Bilalın yaradıcılığında Qurbani və onun adına bağlanmış saz-söz məclisi əslində bir Vətən arzusu, Vətən sevdasıdır:
Vətənimi ver mənə –
Nəyim var, verim sənə!
O, burada diləklərində yaşatdığı, intizarında olduğu, həsrətini çəkdiyi Diridağının – doğma yurdunun, Vətəninin iysini alır, təsəllisini tapır:
Fatimə Cəbrayıllı oxuyan zaman
Yurdum göz önündə dayanır haman.
Cəbrayıl, Diridağ, Qumlaq, Mazan Nənə, Qurbani-Pəri, Xudafərin nisgilli şair bu el-obadan çıxan gənc aşıq Fatimə Cəbrayıllının «Dirili Qurbani Məclisi»ndəki oxularına işarə edir. Azərbaycanın aşıq qadınlarının ulu nənəsi Aşıq Pərinin varisi, həmən bu məclisin təpədən-dırnağa yetirməsi olan Fatimə, Cəbrayıl torpağının ikinci aşıq qızıdır (sonradan bu sıraya gənc Aşıq Dərya Mərdanzadə də qatıldı – Y.D.) və XXI əsrin başlanğıcında Pəri sevdalı bir aşıq kimi yetişməkdədir. Gətirilən nümunə Sofu Bilalın «Dərdsiz dünyam boşdur mənim» (2008) kitabında təqdim edilən ikilik, şairin «Dirili Qurbani Məclisinə» şeirindən götürülmüşdür. Şeir hər bir məclis üzvünün yaradıcılıq və şəxsiyyət xarakterinin açılmasına yönəlmiş ikiliklərdən ibarət olan məsnəvi janrında qələmə alınmışdır. Fikrimizcə, 50-dən artıq məclis üzvünü ahətə edən bu şeirin dili və quruluşu sadə olduğu qədər də, zəngin və məzmunludur.
Məclisdə ifa olunan saz havalarından vəcdə gələn şair S.Bilal:
Min cür hava çalınır,
Böyük zövqlər alınır.
Sevirəm bu məclisi,
Di, başlayın təcnisi. –
deməklə, məclisin musiqi mühitini dilə gətirir.
Sofu Bilal bəzi məclis üzvlərinə fərdi şəkildə yanaşaraq, onlara şeirlər həsr etmiş, əvəzində hər birindən cavablar almışdır. Məclisin içindən, onun bir anına həsr olunmuş şeir parçasına baxaq:
«Qurbani Məclisi» keçirdi dünən,
Çox şirin danışdı Hüseynli Həsən.
Qurbanidən, Xətaidən bəhs etdi,
Məclis bir ağızdan söylədi: – Əhsən!
«Əhsən» adlı («Dərdsiz dünyam boşdu mənim» kitabı, səh. 112) şeirində son misra rədif kimi seçilmişdir. Bunun Qurbani Məclisinin təbliği baxımından böyük əhəmiyyəti vardır. Məclisin elm bölməsinin üzvü, islamşünas, Hacı Həsən Sobuluya (Hüseynov) ithaf olunmuş, onun klassik və çağdaş aşıqlarımızın yaradıcılığını yüksək səviyyədə bilməsi, təhlil etməsi vəsf edilmişdir. Bundan başqa, o, Hacı Həsənin müəllifi olduğu dini kitabları oxuduqdan sonra ona müraciətlə «Ey Həsən» adlı şeir də yazmışdır.
Dirili Qurbani Məclisinin adlı simalarından biri şair Rafiq Mirzənin 60 yaşına haqlı olaraq «Daha bir altmış yaş da yaşamaq gərək» deməklə Qurbani mühitini poeziyasında daim yaşadan Rafiq müəllimə rəğbətlə:
Çünki səni Diridağı gözləyir,
Araz üstə körpü tağı gözləyir.
«Dirili Qurbani» intizardadır,
Ruhu bilir övladları dardadır. – deyir.
Dostu Nadirin 50 yaşını da elə bu arzuyla qutlayır: «Dostum, bilirsən ki, mən deyənlər olur! Ona görə ki, halal deyirəm. 100 illiyini Diridağda, Qurbaninin abidəsi yanında keçirəcəyik. Amin!»
Sofu Diridağ həsrətlisidir, Qurbani eşqlidir və bu məclis onun üçün bir təsəlli yeridir. Çünki görkəmli el şairi Kərəm Kürqıraxlının təbirincə desək, Qurbani Məclisi dədə evidir, yəni yurdun içidir, məzmunudur.
Sofu hamını fərq qoymadan sevdiyi kimi, bütün məclis də onu çox istəyir. Firudin Şahbuzlu Sofuya istəkdən vəcdə gələrək yazır:
Məclisimiz yaranandan bəri
Adın bizim dilimizin əzbəri…
Əzizə Ağahüseynqızı isə Sofu ocağının işığına səcdəyə gəldiyini dilə gətirməklə:
Sən mənim qəlbimi elə titrətdin,
Yazdım bu nəğməni mən, Sofu Bilal. – deyir.
«İlan ocağı» (2007) kitabının təqdimatında qurbanisevərlərin ona olan çoxlu şeir hədiyyələri də bunu sübut edir. Ən səciyyəvilərindən biri Pənah Göyçənin «Sofu Bilal» şeiridir. Şair elə bil həmkarının dağı-biryan dərdini təzələyir və bu yaranın tezliklə qaysaqlanmasını istəyir:
Dirili adlanan ulu məskəni
O gün olsun, bir də gəz, Sofu Bilal!
Yolunu gözləyən tər çiçəkləri
Qoxla, Sofu Bilal, üz, Sofu Bilal!
Şair Məmməd Əli Xudafərinli isə yazır ki:
Baxma ki, ürəyi dağlıdı, qağa,
Yurduna, elinə bağlıdı, qağa.
O, Sofu Usubun oğludu, qağa,
Sofu Bilal elə Sofu Bilaldı.
(«İlan ocağı», 2007)
Məmməd Əli haqqlı olaraq S.Bilalın kimsə ilə döyüş-mədiyini, yersiz deyişmədiyini, xasiyyətini dəyişmədiyini qeyd edir. Məhz həmin keyfiyyətlərlə o, Məclisimizdə təmsil olunur. Bu cəhətləri Sofu Bilala el arasında, məclislərdə ürfanlıq, urvat yiyəsi olmaq, ağsaqqallıq titulu qazandırıb. Dirili Qurbani Məclisindəki məxsusi hörmət-izzəti də şəxsi xarakterindən və ata-babalarından, nəslindən gəlmədir. Deyildiyi kimi, Sofu Bilal Sofu Usubun – Sofu Babanın oğlu, Sofu Fərəcin nəvəsidir. Hər iki ad isə özü möhürdür. Sofu Bilalı Qurbani Məclisinə sıx-sıx bağlayan nəsnələr çoxdur; Dədə Qurbanidən Bilala qədərki şəcərə və uca Tanrıya sufilik eşqi – Sofuluq!
Sofu cani-dildən məclisə bağlıdır. Məclis günü onu yalnız burda, mənəviyyat daşıyıcılarının arasında tapmaq olar. Şair R.Mirzə bu səbəbdən onunla məhz burda görüşdüyünü qeyd edir:
Biz «Qurbani Məclisi»ndə görüşdük,
Qucaqlaşıb qardaş kimi öpüşdük.
(«İlan ocağı», səh.71)
Həqiqətən də, Sofu Bilalı bu məclissiz təsəvvürdən kənarda saxlamaq mümkün deyil. Bu, ona görədir ki, qısa vaxtda – cəmi 4-5 il ərzində məclis və məclis üzvlərinə onlarca şeirlər yazmış, hər birinin şəxsi və yaradıcılıq xarakterinə münasibət bildirmiş, Dədə Qurbanidən Aşıq Ələsgərə, Şəmşirədək bütün klassiklərimizə ehtiramla yanaşmağı, onlardan hər zaman öyrənməyi təbliğ və tövsiyə etmişdir.
Sofu Bilal doğulduğu Cəbrayıl rayonu haqqında düşünərkən tərəddüdsüz:
Möcüzələr bölgəsidir Cəbrayıl,
Nur aləmin kölgəsidir Cəbrayıl. –
deyir və 500 il əvvəl Dədə Qurbaninin «qolubağlı keçdiyi» Xudafərin körpüsünə işarə edərək:
Xudafərin körpüləri bizdədi,
Bərəkəti dağda, yolda, düzdədi.
Yaxud:
Diridağda yatır böyük Qurbani. – yazır.
Xudafərin körpüləri erməni əsirliyində qalsa da, onun adını daşıyan «Xudafərin» şadlıq sarayı var. Və deyir:
Ayda bir yol məclis başlayır burda,
Şöhrəti yayılır hər elə, yurda.
Sofu Bilal çox haqlı olaraq, məclisimizə 8 ildən bəri böyük səxavətlə yer ayıran «Xudafərin» şadlıq sarayının rəhbəri Səyavuş Əsgərovu unutmur. «Yurd oğlu» (2008) kitabı başdan-başa bu xeyriyyəçi, təmənnasız insanın həyat və fəaliyyətindən bəhs edir. Şair kitabda Məclisi də yaddan çıxarmır. Məclisə göstərilən xüsusi qayğını qabarıq təqdim etməklə, S.Əsgərovun ədəbiyyatımıza, mədəniyyətimizə, ənənəmizə bağlılığını, sev-gisini bildirir. Nümunəvi xidmət bir tərəfə, «Xudafərin» şadlıq evi tərəfindən təmənnasız olaraq məclisin lentə alınmasını belə çatdırır:
Məclis başdan-başa lentə alınır,
Bu minvalla tarixlərə salınır.
Şair yazır ki, «Dirili Qurbanidir, saz və sözün məclisi. Burda dinləmək olur qoşmaları, təcnisi». Doğrudan da, burda aşıq deyişməsi, şair səsi, kitab təqdimatı, söz mənası ələnir. «Allahın səsinin eşidildiyi bu söz xəzinəsinə alimlər, tənqidçilər, habelə İrandan, Turandan, İsfahandan… qonaqlar gəlir». (Yenə orada, səh. 42)
Dirili Qurbani Məclisi harda keçirilirsə keçirilsin, fərqi yoxdur, Sofu Bilal üçün bu məclisə ehtiramı olan hər yer, məhəbbət göstərən hər kəsi diqqətə və «sağ ol!»a layiqdir. Əslən Cəbrayıl rayonunun Xələfli kəndindən olan, Azərbaycan radiosunun aparıcısı Telman Səlimoğlunu həyətində sazlı-sözlü məclisə yaratdığı şəraitə, səxavətə görə belə öyür:
Bir gün getdik Telmangilə,
Qarşıladı gülə-gülə.
Qonaq olduq şirin dilə,
Telmana «çox sağ ol» düşür.
Şair bu əsərində məclisin fəaliyyət məqamını, söz-sənət adamlarına yaradılan imkanı alqışlayır.
«Sofu sözü»ndə (2007) Qurbanini bizə xatırladan şair «Sazın-sözün mövlasıdır Qurbani», odur ki, «Aşıq, Cəbrayıla düşsə güzarın, ilk mizrabda Qurbanini xatırla» – deyir. (səh.79) Dirili Qurbani ilə eyni soydan, eyni kökdən olduğunu belə xatırladır:
Qurbaniyə yiyə gəzmə,
Bu ocağın yiyəsiyəm.
Yaxud:
Qurbani Diridağlıdır,
Mənim nəslimin oğludur.
Və ya:
Sofu Fərəc – Qurbaniyə nəticə,
Sofu Usub – Qurbaniyə kötücə,
Sofu Bilal – bir tamahsız yadıca.
Fikrimizcə, heç də təsadüfi deyildir ki, hələ 40-50 il öncə Qurbaninin tədqiqatçıları S.Bilalın yaşadığı – Dirili Qurbaninin uyuduğu Diridağına və onun ətəyində yerləşən Qumlaq kəndinə gələrək, Sofudan canlı mənbə və bələdçi kimi bəhrələnmişlər (Bax: III bölmə).
Şair ilk kitabı olan «Söz yarası»nda (2005) sanki bunu demək istəyib:
Qurbaninin yerin gəzmə,
Sən bilməzsən, mən bilərəm.
Yolu-izi daş-qayadır,
Sən gəlməzsən, mən gələrəm,
Sən bilməzsən, mən bilərəm.
Və ya:
Çaş salmısan ünvanını,
Çaşdırmısan gümanını,
Lazım gəlsə, öz canını
Sən bölməzsən, mən bölərəm,
Sən bilməzsən, mən bilərəm.
Sofu – Cəbrayılın Araz boyunda müqəddəs bir ocaqdır. Sufilərdən qalma bu nəslin son sofusu, özüdür – Sofu Bilaldır. (bax: Səh.11)
Ocaqlığını, müqəddəs nəslə mənsubluğunu belə açıqlayır şair Sofu Bilal:
Diridağın sofusuyam,
Sofu Bilal – Sofu soyam.
Və ya:
Xoşdur mənə ilanların xofu da,
Ocaq da deyirlər mənə, sofu da.
(yenə orada, səh.19)
Sidqi ürəkdən Diridağa, Qurbaniyə, Xudafərinə, Mazan Nənəyə vurğun olan şair öz şeirlərində onları öyməkdən usanmır. «Hələ neçəsini söyləmədim mən» başdan-ayağa Diridağa öygüdür. Bayatılarının birində o, bunu daha aydın və zəngin verə bilib:
Diridağın sirri var,
Ləl qayası, dürrü var.
Diridağ möcüzədir,
Qurbanisi, Piri var.
Sofu Bilal şəxsi həyatında da Məclisin buraxdığı izi diqqətdə saxlamış, böyük zövqlə, ilhamla qələmə almışdır. 2006-cı ildə Sofunun Maştağada müvəqqəti məskunlaşdığı sığınacaqda Novruz tonqalı qalaması, bu əziz gündə Sofu ocağının Dirili Qurbani Məclisi tərəfindən ziyarət olunması da «Şairlərdir qonağım» («İlan ocağı» kitabı, 2006) şeirində öz əksini tapmışdır:
Bu gün sevinirdi həyətim, bağım,
Aşıqlardı, şairlərdi qonağım.
«Qurbani Məclisi» gəlmişdi bizə,
Tonqal gurdu, gözlər nurdu, söz təzə.
Sofu şeirində Axır Çərşənbə və Novruz adətlərinə müvafiq keçirilən ritualları xüsusi qeyd edir, saz çalınmasını, şeir oxunmasını, «Haxışda» oyununun icra edilməsini, bayram süfrəsində şirniyyat, səməni xonçasının qoyulmasını, Məclis üzvlərinin Çərşənbə və Novruz diləklərini də qeyd etməklə bərabər, əsas istəyə hamının tərəfdar çıxdığını söyləyir: «Vətənə qayıdaq biz gələn bahar» və «Bu havacat Qarabağda çalınsın!»
Sofu Bilal Dirili Qurbani Məclisinə ruhən, bir könüldən min könülə bağlanmış söz-sənət fədaisidir, mənəviyyat insanıdır. O, sanki bu məclisdən qidalanır, ancaq Haqq adamı, halal şəxsiyyət kimi nəinki bunu danmır, əsərlərində, kitablarında, söhbətlərində, məclislərdə dönə-dönə bezikmədən deyir. Qurbani Məclisindən qürur duyduğunu tez-tez hallandırır. Onun şairliyi, haqqa tərəfkeşliyi, Məclisimizə aşiqliyi göründüyü kimi, Dirili Dədə Qurbaniyə şəcərə qohumluğu ilə sıx əlaqədardır.
Məni yaşatdılar bu gün,
Açıldı qəlbimdə bir neçə düyün.
Yaşa, «Qurbani Məclisi»,
Sofu, fəxr et, öyün, öyün!
SOFU BİLAL VƏ UŞAQ MÖVZUSU
Azərbaycan ədəbiyyatında uşaq mövzusu tarixilik baxı-mından həmişə mövcud olmuşdur. İstər poeziyada, istərsə də nəsrdə uşaq ədəbiyyatı bir ənənə kimi uzun illərdir ki, yaşamaqdadır. M.Ə.Sabir, S.Ə.Şirvani, A.Səhhət, A.Şaiq, Ə.Cavad, M.Rzaquluzadə, Z.Cabbarzadə, T.Mütəllibov, T.Mahmud, T.Elçin, Z.Xəlil, H.Ziya və onlarca başqa sənətkarlarımız klassik və çağdaş ədəbiyyatımızda uşaqlar üçün çoxlu nümunələr yazıb-yaratmışlar. Bununla belə, deməliyik ki, uşaq ədəbiyyatı ilə məşğulluq o qədər də asan deyil. Xalq yazıçısı Elçinin sözləri ilə desək, uşaqlar üçün yazmaq çətindir. «Lakin bədii çətinlik olmayan yerdə bədii qələbə də yoxdur». Yalnız həyatın ağrılı-acılı çətinliklərinə yox, eyni zamanda yaradıcı insan kimi bədii çətinliklərinə sinə gərərək hər iki mənada qələbəyə can atan Sofu Bilal ən azı ədəbi meydanda buna nail olmağa çalışır. Bu cəhətdən çoxşaxəli, çoxjanrlı ədəbi-bədii yaradıcılığında özünü və qələmini sınamaqla bərabər xa-rakterik keyfiyyətləri ilə də izah oluna bilər. Bir mədəniyyət işçisi və kökünə, milli ədət-ənənəyə bağlı yaradıcı ziyalı kimi Sofu Bilalın həlim təbiəti, kövrək duyğuya və insani hisslərə malik olmağı, ruhani xüsusiyyətləri, şübhəsiz, yaradıcılıq mane-rasında özünü göstərir. Zənnimcə, uşaq mövzularının şirinliyi də, bədii uğuru da məhz sadaladıqlarımla bağlıdır. Xalq təfək-kürünə yaxşı bələd olan Sofu folklorumuzu gözəl bilir. «Son il-lərdə yaranan uşaq ədəbiyyatımıza nəzər salanda aydın bir həqiqəti olduğu kimi dərk edirəm: Uşaq ədəbiyyatı yaranır. Amma XX əsrin əvvəllərində yaranan xalq təfəkkürünə söykənən ədəbiyyata hələ çata bilmir». (Q.Nəcəfzadə, «DQM: Balalara sovqat» uşaqlar üçün almanax, «Təfəkkür», 2010, səh.3). Bu, həqiqətdir. XX əsrin başlanğıcında yaranan uşaq ədəbiyyatı ona görə oxunaqlı, yaddaqalan və uzunömürlü idi ki, şifahi xalq ədəbiyyatından qaynaqlanırdı. A.Səhhətin, Sabirin, Şaiqin uşaq şeirlərindəki şirinlik uşaq psixologiyasını, dilini, davranışını, həyat tərzini, ümumiyyətlə, xarakterini dürüst bilməkdən irəli gəlirdi. «Uşaq və buz», «Yaz», «Xoruz», «Keçi», «Pişik», «Dovşan» və s. kimi ibrətamiz nümunələr müasirlərimizin uşaq yaradıcılığı üçün bir körpüdür.
Sofu Bilal bu görkdən özünə pay götürməyi bacaran sənətkarlarımızdandır. Ona görə də uşaq şeirləri diləyatımlıdır, seviləndir. Folklordan yetərincə bəhrələnən şair laylay tipli bəsləmələr, oxşamalar yaratmışdır:
Açır cərgə-cərgə gül,
Sənsən mənə bircə gül.
Gəl ittifaq bağlayaq,
Min yol öpüm, bircə gül,
Layla balam, a layla.
( «İlan ocağı» kitabı, səh. 177)
Fikrimizcə, bu tipik nümunə onun şifahi xalq ədəbiyyatına yaxşı bələd olmasından xəbər verir. Başqa bir oxşamasında (həmin şeirdə – Y.D.) bu daha qabarıq görünür:
Bağçada gül əkərəm,
Dibinə su tökərəm.
Təki sən yaşa, qaqa,
Hər nazını çəkərəm,
Layla balam, a laylay.
(yenə orada)
Sofu Bilal övliya nəslindəndir. Atası Sofu Usubu tanıyanlar onun möcüzəli hekayətlərinin canlı şahidləridir. Ağzı dualı, sözü urvatlı olan bu nəslin son yadigarı S.Bilal layiqli davamçıdır. Bu, onun əvəzsiz yaxşılıqlarında, bağrından qopan alqışlarda, ürəyindən dilinə, dilindən dodaqlarına süzülən dualarında açıq-aşkar hiss edilir. Onun uşaqlar üçün etdiyi poetik arzu və duaları oxucuların qəlbini riqqətə gətirir, içini fərəhlə doldurur:
Körpə Lala ağ göyərçin,
Allah amanda saxlasın.
(«Dərdsiz dünyam boşdu
mənim» kitabı, səh. 109)
«Gülin» şeirindəki arzulara qoşulub oxuyuruq:
Gülin, Gülin, ay Gülin.
Ayaqları say, Gülin.
Sənə bir gözəl qardaş,
Allah versin pay, Gülin.
Göründüyü kimi, şair burada Gülin adlı bir cocuğa Allahdan bir gözəl qardaş payı diləyir. Belə dilək həmişə Azərbaycan xalqı, türk milləti üçün istənilib. Ömrü at belində, günü döyüş meydanında keçən türk ocağında ən çox oğlan uşağının doğulmasını diləyiblər. S.Bilal da Gülinə həmin diləyi edir. Ona qardaş, ocağa kişi övladı arzulayır. Ümidvar olduğunu bildirir ki, ayaqları saydır, yəni sayalıdır.
«Uşaqlar bizim gələcəyimizdir!» – deyirik. Bu fraza zaman-zaman ədəbiyyatda da öz əksini tapıb. Ataların övladlarına, balalarına, nəvələrinə sevgisi onların gələcəyi ilə bağlıdır. «Xudafərin» şadlıq saraylarını onun direktoru Səyavuş bəyin dəvələrinə bənzədən S.Bilal el arasında çox işlənən «dövlətdə dəvə, övladda nəvə» zərb məsəlini gerçəklikdə bu cür yozur:
Səyavuşun sarayları dəvədir,
Çox sevdiyi övladları, nəvədir.
(«Yurd oğlu», 2008, səh.31)
Şair burada nəvələrin, yəni uşaqların sabahına, gələcəyinə olan inamı təqdim etməklə, onlara diqqəti və qayğını daha da artırmağın vacibliyini göstərmək istəyib.
«Nəvələr» şeirində yuxarıda qeyd olunan atalar sözü bir az da dəqiqləşib:
Mal-dövlətdə şirin dəvə,
Dəvədən də şirin nəvə.
Nəvə keçir «ön plana»
(Heç varmadım mən yalana).
Sofu Bilalın yaradıcılığında xalq təfəkküründən süzülən örnəklər mühüm yer tutur. Onun «Kiçikyaşlı uşaqlar üçün yanıltmaclar»ı bu cəhətdən çox səciyyəvidir:
Küllükdən keçdim getdim güllüyə,
Güllükdən keçib getdim küllüyə.
Küllük güllük yanında,
Güllük küllük yanında.
Yaxud:
Kiçik küçədə kiçik küçük gördüm,
Küçə kiçik, küçük kiçik. –
kimi dil dolaşdıran yanıltmacları folklorumuzun nadir inciləri sırasına daxil ola biləcək nümunələr qədər dəyərlidir. Azərbaycan Yazıçılar Birliyinin «Uşaq ədəbiyyatı» seksiyasının rəhbəri, şair Qəşəm Nəcəfzadənin «Drili Qurbani məclisi»nin uşaqlar uçun hazırladığı «Balalara sovqat» adlı ədəbi topluya yazdığı «Uşaq şeirində «uşaq» olmalıdır» ön sözündə oxuyuruq: «Sofu Bilalın yanıltmacları xoşuma gəldi». (Seçmə bizimdir – müəl.) Uşaqların dilini, nitqini inkişaf etdirmək nöqteyi-nəzərindən maraqlıdır bu şeirlər:
Ata anadan böyük,
Anadan ata böyük.
Və yaxud:
Kəpək, köpək, kötək,
Kötək, kəpək, köpək.
Haqlı və doğru münasibətdir. Yüz illərdir xalq özünün yaratdığı şifahi uşaq ədəbiyyatında bu cür yanıltmaclarla onların dilinin çevikliyinə, nitqinin səlisliyinə təkan verib.
İndi nəinki yanıltmaclar uşaqlar tərəfindən az oxunur, onu öyrənib yaymaq da unudulub. Balacalar arasında təsadüf edilən dil qüsurları bəlkə bu səbəbdən son illər daha da artıb. S.Bilal kimi ədəbi yazarların timsalında yanıltmaclara təzə rəng qataraq, onu azyaşlı oxucuların malına çevirmək dilimizin hələ körpə ikən inkişafına yardımçı olmaq deyilmi?
Keçə-keçə keçalatdan keçib getdi keçilər,
Keçalatdan keçib-gedib bulaqdan su içilər.
El arasında son dövrün məsəli kimi çox işlənən «Mus-mus deyincə Mustafa de» kəlamı Sofunun qələmində görün necə yanıltmaca çevrilir:
«Mus-mus» deyib Mustafanı saxladı,
Mustafa yetirib onu haqladı.
Həm orijinal, həm də təzə və maraqlı! Orijinal fikirləri şairin yaradıcılıq kredosudur. S.Bilal belə fikirlərlə ithaf şeirlərini də zənginləşdirməyə çalışıb. Xüsusilə, uşaq şeirinə orijinal quruluş verməklə o, maraqlı bir poetik biçim yaratmağa müvəffəq olub. «Fərəc» şeirində («Qürbətin xofu», 2009, səh. 118) olduğu kimi. İyirmi dörd misradan ibarət, məsləhət formasında yazılan bu şeirin hər misrasında birinci söz «F» hərfi ilə başlanır:
Füsünkar körpənin adını qoydum,
Fərəc babasının adıyla «doydum».
Fəsli payız, noyabr iyirmi dörd,
Fitnə yollarını Allahım, sən ört.
Fasiqdən, fəsaddan qoru balamı,
Fərəcdən, Rzadan gəlir bal tamı.
«Balaca Azada» şeirində isə şair Sofu Bilal balaca oğlanın simasında tipik uşaq xarakterini təqdim edir:
Vurmaq, yıxmaq vərdişi,
Yeməklə heç yox işi.
Sındıranda güləndi,
Ağuşlara gələndi…
Yəqindir ki, çoxumuz uşaqlıq dövrü bu mərhələni yaşamışıq. Nə qədər qəribə olsa da! Körpə «dili»ndə danışmaqla, uşağı «danışdırmaq» ən yaxşı əyləncədir. Bu zaman körpə uşaqla yaşlı adam arasında qarşılıqlı xoş «münasibət» yaranır. Görün şair onu necə də təbii boyalarla bizə çatdırır:
Adam onu «yemək» istər,
Qığıltıyla demək istər:
«Atın məni, tutun məni,
Ağ kişmişə qatın məni».
Ağlayanda süd «istəyir»,
Dindirəndə gülümsəyir.
«Körpə Altay gəldi bizə»
Azərbaycan poeziyasında uşaq şeirlərinin böyük bir hissəsi heyvanların adına bağlanır. Bu poetik yolla heyvanları uşaqlara daha asan tanıtmaq və sevdirmək məqsədi güdülür. Sofunun «Pişik» şeiri bizə, orta məktəbin aşağı siniflərində öyrəndiyimiz eyniadlı mövzunu xatırladır.
Pişiyim alaboyundur,
İşi tamam oyundur.
Bucaqları pusandır,
Əl-üzünü yuyandır.
(A.Şaiq)
Sofu Bilal isə deyir:
Üstü qara, altı ağdır,
Ət yerinə tamam yağdır.
Yatdığı yer qucaq, qoyun,
Hərəkəti məzə, oyun.
Pişiyin «oynamağını» bir gözəllik, bir şeirlik, bir qəzəllik sayan şair onun morfoloji xüsusiyyətlərini, həyat tərzini, davranışını ustalıqla təsvir edib. Evin sahibləri ilə xoş rəftarını, mehribanlığını, yad adamlardan isə xoflandığını qeyd etməklə, o, həmçinin pişiklərin bəzi tipik xarakteri haqqında məlumat verir. Pişiyin nazlı xoruldamağı, top və oyuncaqlarla oynamağının qabarıq təsviri uşaqlarda bu heyvana qarşı maraq oyatmaq, onu sevmək və qayğı göstərmək baxımından təqdirə-layiqdir. Şairin dörd hecadan ibarət birbəndlik şeirləri uşaqlar üçün maraqlı olduğu qədər də asan qavranılan və yadda qalandır. Onlardan bir neçəsinə baxaq:
DƏLƏ
Dələ, dələ,
Quyruq şələ.
Qoza yedi,
Gülə, gülə.
HÖRÜMÇƏK
Ay hörümçək,
Hörmə, əl çək,
Düşüb tora,
Neçə milçək.
AĞCAQANAD
Ağcaqanad,
Etmə fəryad.
Səhər oldu
Daha get yat.
ŞANAPİPİK
Şanapipik,
Saçı dik-dik.
Alaqanad
Uzun dimdik.
KİRPİ
Bala kirpi,
Qırdı ipi.
Yedi kökü,
Yedi turpu.
Göründüyü kimi, bu şeirlər heyvanlardan bəhs edir. Şairin ustalığı ondadır ki, cəmi bir bəndlik şeirlə məlumatlandıra biləcək zəngin material verir. Heyvanların həyat tərzi, qidalanması, xarici quruluşu balaca uşaqların asan mənimsəyəcəyi şəkildə çatdırılır. Bunlar Sofu Bilalın yara-dıcılığı üçün spesifik və uğurlu addımlardır.
«Baba nəvə mükaliməsi», babanın nəvə ilə söhbətidir. Bu söhbətin hər biri nəvədə – gələcək nəslin nümayəndəsində yaxşı örnəklər yaratmaq və onda müsbət emosiya doğurmaq baxımından faydalıdır.
Sofu Bilalın «Ata – oğul barədə» («Salxımın son giləsiyəm», 2011) söhbətləri də bu cəhətdən səciyyəvidir.
Ümumiyyətlə, Sofu Bilalın yaradıcılığında «uşaq məsələsi» xüsusi əhəmiyyət kəsb edir ki, bu da müəllifin gələcək nəslə diqqətinin nəticəsidir.
VIII Bölmə
DİRİ DAĞA ÇIXAYDIM,
ARAZ KİMİ AXAYDIM
ƏZİZ OXUCUM!
Nəhayət ki ulu bir ocağın – müqəddəs Sofu ocağının son ünvanına – Sofu Usub oğlu Sofu Bilala həsr etdiyimiz kitab Böyük Yaradanın köməkliyi ilə tamamlandı. Bu bölməyə daxil etdiyimiz məqalələr (“O Dirili Qurbanlı haqqı”, “Xatirələr yordu məni”, “Vüsal dəlisi Araz”) sizə yamaq kimi görünməsin. Onların hər biri müəllifin nastolji hisslərindən yaranaraq, erməni vəhşiliyinin əsarətində inləyən doğma yurdumuzun yenidən göz önünə gətirilməsidir. O yazıların hər biri dövri mətbuatda- “Azərbaycan təbiəti” (1996, №3), “Xudafərin” (1996, №4 və 2004, №7)”, “Kaspi” (2004, №5 ), “Dirili Qurbani” (2006, №4) kimi qəzet və jurnallarda dönə-dönə nəşr edilmiş, Azərbaycan radiosunda (may,1996) səsləndirilmişdir. İnanırıq ki, Sofu Bilalın yaşam taleyində və yaradıcılığında kifayət qədər əhəmiyyət daşıyan Diri dağı, Mazan Nənə, Araz çayı, Xudafərin körpüləri barəsində oxmaq və eşitmək dübarə onlara qovuşmaq qədər şirin olacaqdır. Kitabda qeyd olunur ki, S.Bilal ədəbi yaradıcılığa erkən başlayıb. Şairə bu tükənməz təbi, ilahi eşqi, potensial imkanı canı qədər sevdiyi, ruhu qədər hüsnü-rəğbət bəslədiyi Diri dağları, müqəddəs Mazan Nənə ocağı (o ocaq ki burada Dirili Qurbaniyə haqdan buta verilmişdi, Sofu Fərəcə və nəslinə sofuluq əta olunmuşdu), adı «türkün türküsü, mahnılarında görküsü» dediyi Araz çayı, bu çayın “daş bilərziyi” Xudafərin körpüsü, «zülmətdən işıq təki doğulan, cəmi aşıqların birincisi Qurbani» verib.
Cənnətdir Diridağı,
Hər yanı, hər guşəsi.
Mən Araz suyu ver,
Mən içim şərbət kimi.
Sofu Bilal dünyanı unudub, göylərə yüksəlmək istəyəndə Diridağını dolanar, babalarının ocaq adı aldığı Mazan Nənə ziyarətgahına gələr, Diri dağın ətəyindən ilan kimi qıvrıla-qıvrıla axan Xan Arazın həzin nəğməsinə qulaq kəsilər, Diridağın zirvəsində uyuyan haqq aşığı, el şairi Qurbaninin qəbri önündə onun ruhuna dua oxuyar, dərdlərə dərman Mazan Nənə bulağından «Oxqay!» deyincə içər, yaşı 1000-i haqlayan qədim-qayım çinarların kölgəsində sərinlənər, beləliklə, qəlbinə duyğularla süslənən dinclik gətirərdi.
Şair Sofu Bilalın «Diri dağ», «Dağım girdi yuxuma», «Qurbanini xatırla», «Diridağ, Mazan Nənə», «Xan Arazım» kimi onlarla şeirləri məhz bundan sonra haqqında oxuyacağınız yer-yurdların təsirindən yaranmışdır. «Cənnətdir Diridağı, hər yanı, hər güşəsi», «Mənə Araz suyu ver, mən içim şərbət kimi», «Təkcə Qurbani yatan Diri dağ mənə bəsdi» – deyimləri fikrimizi təsdiq edir. Deməli, bu bölməyə daxil olan yazılar da bilavasitə Sofular nəslinin, o cümlədən Sofu Bilalın həyatı, ömrü-günü ilə bağlıdır. Qeyd olunduğu kimi, onların hər biri şair Sofu Bilalın yaradıcılığında böyük əhəmiyyət daşımışdır.
«Diridağı-ilanlar məskəni» yazısının bu bölməyə daxil edilməsi təsadüfü deyildir. Ərazinin vaxtilə müxtəlif növ (o cümlədən zəhərli) ilanlarla zənginliyi, bu səbəbdən əhalinin doğma ocaqdan perik düşməsi, sonrakı dövrlərdə qayıdışı qeyd olunan yazıda əksini tapıb. Yazının səciyyəvi cəhəti Nuh Peyğəmbər, Mazan Nənə, Diri dağı və Sofu Ocağı arasındakı əlaqələr sisteminə dair apardığımız araşdırmalardır. Tarixin çox uzaq dolaylarından günümüzə qədər gəlib çıxmış bu müqəddəs anlayışların, yer-yurd adlarının etimologiyasına bir tədqiqatçı kimi baxışlarım, düşünürəm ki, sizin üçün də maraqlı olacaqdır. Sufi-sofu kökünün əzəliliyi bəlkə də minilliklərin o tayından gəlir: NUH-MAZAN-DİRİ-SOFU… Kitabın canını-məzmununu Sofu Bilal və yaradıcılığı təşkil etsə də, onun şəcə-rəsindəki müqəddəslik bizi bu axtarışları aparmağa yönəltdi. Odur ki, kitaba yeni yön verməyə çalışdıq.
«O DİRİLİ QURBANLI HAQQI!»
XV-XVI əsrin haqq aşığı, el şairi Dirili Qurbaninin doğulub ərsəyə yetdiyi kənddə yerli əhalinin «pir» deyib inam gətirdiyi ocaqlar arasında «Qurbanlı»ya həmişə xüsusi münasibət olub. Ona görə də, el arasında «Ay Dirili Qurbanlı, başına dönüm, dədəm-nənəm sənə qurban, mənim niyyətimi yerdə qoyma», «Niyyətim qəbul olsun, gəlib üstündə ayaqyalın-başıaçıq, dizin-dizin sürünəcəm, qurban kəsəcəm», «Dirili Qurbaninin nakam qəbri haqqı», yaxud sadəcə olaraq, «O Dirili Qurbanlı haqqı» kimi andiçmə vərdişləri formalaşmışdı. İnsan hər şeyə hazır idi, təki Qurbanlı piri onu eşitsin, arzusu gözündə, diləyi köksündə qalmasın.
Bunun üçün o, nələr etmirdi: əlində «əyirdiyi» pambığı ipə çevirib üzü qibləyə durur və yadına saldığı and-iman yerlərini adına (eşqinə) piltə-çiraq eşirdi. Məsələn, Məhəmməd Peyğəmbər eşqinə, Hacı Qaraman eşqinə, Mazan Nənə eşqinə, Çələbilər eşqinə, Sarı Mərmər eşqinə, Sapand piri eşqinə və s. Sonra pir olmuşların eşqinə eşdiyi çırağı tavanın içinə qoyub kərə yağında «bişirirdi» ki, pirdə yandıranda yaxşı yansın. Həm də bu zaman mütləq «Allah yağı» («əmcək yağı» da deyirdilər) götürürdülər. Belə müqəddəs işdə «hökumət yağı»ndan istifadə etmək olmazdı. Çünki onun kimlər tərəfindən hazırlandığı bilin-mirdi.
Ocağı ziyarət dədə-babadan pak niyyət sayıldığı üçün, gərək özün də ora təmiz əməllə, qüsursuz hazırlıqla, saf istəklə gedəsən. Bu şərtlər hökmən nəzərə alınırdı. Ziyarət gedənlər təmiz və səliqəli geyinir, sonra isə əsl zəvvarlar kimi üzü pirə tərəf yola düşürdülər. Adətən Novruzqabağı və İlaxır çərşənbə dönəmində ziyarətə daha çox adam gedirdi: dəstə-dəstə, seltək insan axını uzaqdan durna qatarına bənzəyirdi. El-oba növbəti yazağzı da böyük niyyət və qəribə həvəslə haqq aşığı, el şairi, pirlər-piri Dirili Qurbanini ziyarət etməyə tələsirdi.
Kənddən Qurbanliya 3 yol vardı: 1) «Çaqqallı» tərəfdən «Əyri dərə»nin yanı ilə «Qışlağ»a enən yol; 2) «Düz»dən işlək maşın yolu ilə «Qışlağ»a qalxan yol; 3) «Tunel»in böyrü ilə üzüyuxarı «Sarı yoxuş» yolu. Adından göründüyü kimi, sonuncu ilə getmək daha əzablı idi. Niyyətlilərin çoxusu bu yolu seçərdi. İnanırdılar ki, pirə əzab-əziyyətlə gedilən Yolun axırı aydınlıqdır. Əli hər yerdən üzülmüş, son ümidini Qurbanlı pirinə bağlayan adam ocağa ayaqyalın, başıaçıq, ağzıdualı gedirdi ki, diləyi qəbul olsun. Görünür, bu, illərin sınağıydı; Uca Tanrı da, Qurbani Ocağı da təmiz niyyətli, saf diləkli insanları heç zaman naümid qoymurdu. Bəlkə, ona görə camaat bu qədər inamlıydı. Haqq-hesab itmirdi. İnamın gücünə baxın; Qurbani Pirindən əl boyda bir daş götürüb evə gətirər, çətin mə-qamlarda ondan xeyir-bərəkət arzulardılar. İl quraqlıq keçəndə, Tanrı ot göyərtməyə bir yağmur yağış qıymayanda həmin daşı aparıb üzü üstə qoyurdular suyun içinə və «Qurbani piri»nə yalvarırdılar ki, yağış yağsın. Yaxud, tərsinə. Şiddətli göy gurultusunda, leysan yağışlarda təzədən həmin daşı eyni qayda ilə qoyurdular ki, yağış kəssin, yəni ziyanlıq vurmasın.Bu daş yuxarıda qeyd etdiyimiz həmin «yada daşı» idi ki, min illər boyu daş kultu şəklində yaşayırdı Qəribədir, bu inamlar özünü doğruldurdu. Və başqa pirlərdə olduğu kimi, «Qurbani piri»ndən də xəstələrə, sağalmaz dərdlərə şəfa istənilirdi. Pirin ortasında bir qaramux kolu var idi. Xəstələri, ələlxüsus, uşaqları gətirib boynundan parça ilə bu kola bağlayır və deyirdilər ki, «it kimi hür!». Fikrimizcə, bu, günahlardan tövbə məqsədi daşıyırdı. Yəni insana birinci ruhi-mənəvi sağlamlıq lazımdır. Fiziki sağlamlıq ruhi samlamlığın ardıdır. Bu vacib məsələni nənə-babalarımız bizdən yaxşı biliblər. Böyük Azərbaycan filosofu Asif Ata deyirdi: «İstəyirsən ki, xəstələnməyəsən ruhunu təmiz saxla!».
Pirin içindəki və yaxınlıqdakı kollara, pirin girişindəki iri daşlara («qapıları»na), eləcə də dövrələmə daşların bəzi yerlərinə qədim baş örtükləri – şamaxı, çarqat çəkər, pirin piltə-çıraq yandırılan oyuğuna və üstündəki daşların üzərinə şirniyyat – konfet tökər, pul qoyardılar. Pulu, adətən nəzir deyənlər qoyurdu.
«Qurbanlı piri»nə hər vaxt getməzdilər. Həftənin duz (I) və çərşənbə (III) günləri ziyarət üçün daha müstəcəb sayılırdı. Pirə gedən nəzir-niyazla bərabər, mütləq çıraq (piltə) eşir və fəsəli bişirirdi. Kimin qurbanı vardısa, aparıb kəsərdi. Əsasən, toyuq xoruzu və qoç qurbanı deyilirdi. Bu yerlərin nüfuzlu, ağır-batman çələbilərindən biri Suqra Çələbi deyərmiş ki, bir xoruz qurbanı bir öküzü əvəz eliyir. Nədənsə, (səbəbi mənə hələ də qaranlıqdır) qurbanlıq heyvanın başını və ayağını kəsib pirin içinə qoyar, cəmdəyini evə gətirərdilər.
Bir neçə dəfə bu halın şahidi olan sərhəd zastavasının rəisi, mayor Vasilyev təəccüblənərək sakinlərdən: «Ayağı və dimdiyilə zibil eşən xoruzun yeyilməyən yerlərini müqəddəs hesab etdiyiniz ocaqda saxlayır, yeməli hissələrini özünüzlə götürürsünüz, bunun səbəbi nədir?» – deyə soruşmuşdu. Bütün Azərbaycan pirlərindəki kimi burada da ağaca, kola qatma (parça qırıntısı, ip) bağlayır, uşağı olmayanlar üçün yüyrük asırdılar. Qəndi, konfeti, çörəyi pirin daşlarına, torpağına sürtüb ailə üzvlərinə yedizdirirdilər ki, qada-baladan uzaq düşsünlər. Tutiyanı ocaqda əl-ayaq dəyməyən pak yerdən götürürdülər. Çıraq yandırılan oyuqdakı hisdən uşağın alnına, biləyinə, ovcuna sürtərdilər. Bu, xətəri sovuşdurardı, – deyirdilər. Ziyarət mərasiminin çalarlı məqamlarından biri də, əlbəttə, pirin başına dolanmaq idi. Ocaq başına hərlənmək ciddi və xüsusi nizam tələb edirdi. Dirili Qurbanlıdan niyyətlərinin hasil, nəzir-niyazlarının qəbul olmasını istəyənlər üzünü qibləyə tutub diləklərini diləyə-diləyə yalvarırdılar. Pirin çevrəsinə dolana-dolana əyilib növbəylə daşlardan öpür və bu minvalla 3 dəfə hərlənib ocağa daxil olurdular; pıçıltıyla dua edərək piltə-çıraq yandırır, müəyyən rituallar keçirdikdən sonra axırda qurbanlar kəsilirdi. Pirə su gətirmək də adi ənənələrdən biriydi. Çox güman, bunun əsas səbəbi suyun təmizlik, aydınlıq və həyat mənbəyi olmasında idi. Sudan pirin daşlarına çiləyir, ətrafdakı ağac, kol və çəmənliyə tökürdülər ki, bu da insanların təbiətə münasibətlərinin göstəricisiydi. Suyun qalanını qaytarıb tutiya kimi istifadə edirdilər.
Pirin yaxın-uzaq ətrafı müqəddəs sayılırdı. Oraları mur-darlamaq, pis halların şahidinə çevirmək, dağıdıcılıq işləri görmək günah bilinirdi. Yaşlı nəsil həmişə bunu qabardır, ilk növbədə yaxşı əməllərə özləri örnək olurdular. Şəkəralı baba (Allah ona rəhmət eləsin!) dəfələrlə mal-qara tapdağında qalmasın deyə, Dirili Qurbanlı pirini qaratikan kolu ilə çəpərləmiş, hətta son dəfə bir-birinə bitişik, giriş səmtləri ayrı olan Qurbani və onun butası Pərinin qəbirləri üzərində yapılmış abidə – pirləri yenidən quraraq kənar dağıntılardan təhlükəsiz vəziyyətə salmışdı. Daha vacibi və maraqlısı hər iki aşıq-məşuqu vahid hasar – pir içərisində bir-birinə «qovuşdurmuşdur».
Azərbaycanda, qəribə də səslənsə, Dirili Qurbaninin üç qəbri var. Biri Güney Azərbaycandakı Dirili kəndində, ikisi isə Quzey Azərbaycanın Cəbrayıl rayonundakı qədim Diri kəndində (indiki Xələfli stansiyası – Y.D.). Eyni bir adam üçün bu qədər qəbirlərin olması təəccüblü görünsə də, buna bənzər nümunələr mövcuddur. Məsələn, Türkiyənin müxtəlif bölgələrində el sənətkarı Yunus Əmrənin 9 qəbri vardır. Bu, sadəcə olaraq, hər iki aşıq-şairə ümumxalq məhəbbətinin ifadəsidir. Nəhəng sənətçilərin hər mahal, hər bölgə tərəfindən özününküləşdirilməsi böyüklüyə sevgi təcəssümüdür və alqışa layiqdir. Xatırladaq ki, Qurbaniyə də el sevgisi məhz onun haqq aşığı, həqiqi mənada el şairi olmasındaydı.
Qurbaninin Diridəki məzarlarından biri kəndin şərqində, İran İslam Respublikası ilə sərhəddə çox yaxın bir ərazidə, Bakı-Şərur dəmiryol xəttinin sağ tərəfində – tunelin üstündəki hündür təpəliyin başında, kəndə gələn maşın yolunun kənarında Güney Azərbaycanla üz-üzədir. Pirdən aşağıda – təpəliyin ətəyində öz axarından qalmayan Araz çayı. Pirdən Araz çayına eni 1 metr olan, yanlarına çay daşları düzülmüş cığır uzanır ki, bu da dastanın «Diri» və «Gəncə» versiyalarındakı göstərilən təsvirlərə çox uyğun gəlir.
İkinci məzar kəndin qərbində, Mazan Nənə ocağının arxasındakı Diri dağlarının ən uca nöqtələrindən birində yerləşir. Mazan Nənənin qədim yaşayış məskəni və qəbrin zirvədə olduğunu nəzərə alan bəzi tədqiqatçılar ikincini həqiqi məzar sayırlar. Söhbətlərimizdə Qurbaninin Mazan Nənə yaxınlığındakı qəbrinin yüksəklikdə yerləşdiyinə əsaslanan Sofu Bilal da bu fikirdə olduğunu söyləyib. Lakin mənim yanaşmam başqadır. Qeyd edək ki, əhali əsasən, pir kimi birincini ziyarət edir. Bəlkə də, bu, ikincinin kənddən xeyli uzaq (2-3 km.) məsafədə və əhalinin gediş-gəlişi üçün narahat mövqedə qərar tutmasıyla bağlıdır. Doğrudan da, Mazan Nənəyə ziyarətə gələnlər mütləq ikinci qəbrə də baş çəkib, Dirili Qurbanini bir daha yad edirlər. Ancaq son dövrdə tədqiqatçılar birinciyə üs-tünlük verirlər. Fəqət, hər iki qəbrin yerləşdiyi ərazi bilavasitə, buraların adamları üçün doğma və əzizdir. Həmçinin, Qurbaninin o taydakı məzarı da bizimçün müqəddəsdir. Dirili Qurbani bizimdir, hamımızındır – o taylı-bu taylı Bütöv, Vahid Azərbaycanın və Azərbaycan türklərinin hamısının.
«XATİRƏLƏR YORDU MƏNİ…»
Kəndimizin əhatə olunduğu, əsrlərin şahidi Diri dağlarının rayihəsi uzaqdan-uzağa sanki qədim Diri kəndini (Xələfli stansiyasını) üzük qaşı kimi mühasirəyə alan Diri dağları son günlər yaman yadıma düşür. Yazın burnu dəlinəndə Arazboyu sıralanmış sal qayalıqlı, ucaboylu dağların yaşıl ormanlı cığırları ilə Ulu Mazan nənə səcdəgahına sıralanmağımız da unudulan deyil. Yaşı qərinələr adlamış Xan Çinarlı səcdəgahın sinəsi Novruz gününün səhəri də…Bir May günlərində də yaxın- uzaq ellərdən gələn adamlarla dolu olardı. Təkcə Cəbrayılın yox, qonşu Füzuli, Qubadlı, Zəngilan rayonlarının da ağır-ağır elləri bir-iki günlük köç salardı burda. Hamı bölgənin baş məbədinə yığılardı.
Həmin gün adamlar qayğısız görünməyə çalışardılar. Ağacdan sallanmış qoyun şaqqaları, tüstülənən samovarlar, müxtəlif növ şirniyyatlar hər şeyi unutdurardı. Ətrafa yayılan xoş musiqi sədaları, cavanların qol götürüb oynaması, əlçatmaz budaqlardan asılmış hulumçax («hulumçaq»- «hul» – hündür, qəlbi uçaq) yellənmələri – bir sözlə, həmin günün büsatı özgə Aləm olardı.
Dövrələmə məclisin ayrı ləzzəti vardı. Kimsə müqəddəs bildiyi bu yerdə içki içməyə cürət etməzdi. Dini təsir bir yana, həm də bu eyib sayılardı. Necə deyərlər, ağsaqqal, ağbirçəklik gözlənilərdi. Ziyarət üstündə sevib-seçənlər də az olmurdu. Bu uğurlu olacaqdan xəbər verirdi.
Şahvəlli Hüseynin (Allah ona rəhmət eləsin!), mərcanlı Sədaqətin oxumaları, Xurşudun qara zurnasının sehri ilıq yaz mehi ilə qarışıq insan qəlbinə dolaraq elə bu dağların özü kimi əzəmətli edirdi. Əfsunlanmış kimi olurdun. Bir anlığa insan birliyi dağlardakı insan sevinci ilə qovuşub hər şeyi unutdururdu (indi tez-tez hallandırılan «xalq birliyi» mahiyyətcə o zaman daha real idi. Və bu birliyin hesabına dörd il düşmən təhlükəsində olan səngər qayalar qorunub saxlanmışdı).
Bax, kəndimizin belə günləri vardı. Və hardasa bu, mənə qədimliyimizin Dədə Qorqud dövrünü xatırladır. Gözüm önundə mənbələrdən məlumatlandığım Oğuz elləri gəlib durur. İndi o yerləri Qorqud dədəmizin dili ilə desək, «qarı düşmən yağmalayıb». Yağı at oynadır. Tarixlər uzunu sərasər kafirə sinə gərən yurd yerimiz naxələflərin badına getdi.
Oğuz yurdu düşmən tapdağında inləyir. Köməyə çağırır əvvəlki igidlərini. Qəribsəmiş yurd yeri Novruzlu… Baharlı günlərini bizsiz yaşamaqdan bezikib axı. Tənhalıq darıxdırıb onu. Qənşərdə Ozan babamız Dirili Qurbaninin məzarı bizi qarğamır görən?.. Diri kəndinin və həm də elə Qurbaninin məzarlarının solunda Qız qalası, sağında Xudafərin körpüləri incimir ki?..
Diri dağları çağırır bizi. Yenə o haylı-haraylı günlərə qo-vuşmaq üçün…
VÜSAL DƏLİSİ ARAZ
Hər dəfə İmişliyə gedib-gələndə şəhərə bitişik Otuzikilər kəndini tən yarı bölən Araz çayını görürəm. Ürəyimə axan gizli göz yaşlarımın içində xatirələr məni doğma Cəbrayılın işğalından on il öncəki keçmişə çəkib aparır.
Arazı heç vaxt indiki qədər tutqun görməmişdim: üz-gözündən zəhrimar yağır, nəfəsindən od ələnirdi. Yaman kükrəmişdi, amma xanlığını da qoruyub saxlamışdı.
Sərhəd dirəklərinin iradəsini Bəhramtəpədə qırıb, Quzey Azərbaycanın içini yalayan Araz çayı bu il yaman çoxalmışdı – artımlı görünürdü. Təpərli görünmək istəyi, qocalığını ləngidə bilməmişdi. Əslinə baxsan, Araz heç elə-belə qocalan da deyil. O da bizim kimi vüsal dəlisiydi. Hicran araya girdiyindən, kədər onu da əldən salıb. Yaşından artıq görünməyinə də səbəb elə budur!
Ləngərlənə-ləngərlənə Diri dağının ətəklərini yuyub gələn, qəribsəmiş elsiz oymaqların dərdini götürüb bizə çatdıran Araz çayı, var ol səni! Naxələf çıxmadın. Ancaq biz sənə doğmalıq nümayiş etdirə bilmədik. İkiyə bölünmüş Azərbaycanın dərd yükünü çəkən, Araz, haqsız yerə səni az qarğamamışıq:
Araz, Araz, xan Araz,
Suyu lil axan Araz.
Ayrılıq var, sənnəndir,
Evləri yıxan Araz.
Qınaq yerimizə çevrilən Araz, ay Araz. Nəydi suçun, niyə səni qarğayırdıq? 200 illik ayrılığın günahını boynunamı qoyurduq, Araz? Bu yolnan qəlbinə qara qanlar doldurub, içinimi oyurduq, Araz? Bəlkə ona görə rəngin paslı, çöhrən yaslı gəzirsən. İnanc yerim, güvənc yerim Araz, and olsun müqəddəs sularına, Ana südütək halallığına həmişə inanmışam. Mahiyyətində qarakeşişlik yoxdur, sən qaratikan kolu ola bilməzsən. Bu, sənə yaddır! Elə bu yerlərin şair oğlu Məmməd Əli Xudafərinli sənin incikliyini, səni nahaqdan qınayanları duyuraq necə də yerində deyib:
Yox-yox, cəllad deyil, yalan deyirlər,
Araz ana yurdun fəryad səsidir.
Körpülər – yanaşı dustaq deyillər,
Onlar bərabərlik işarəsidir.
Sənin yaralı qəlbinə və dərdli Xudafərinin ağrılarına bundan yaxşı məlhəm varmı?
Xanım Araz, bəyim Araz, səni necə söyüm, Araz?! Qı-namağa dil vararmı heç səni? Kimi qarğayım, kimi döyüm, şahım Araz? Yurd yerinə gedən durna qatarına deyə bilmədiklərimi sənəmi söyləyim, pənahım Araz?.. Ellərə soraq aparıb-gətirən durna qatarının viran olmuş obaları görcəyin ürəyinin başı sızlamazmı? Bəs sənin necə, canım Araz? Qosqoca Xudafərindən, Mazan Nənə ocağından, Dirili Qurbaninin vətənindən, Qız qalasından, Qara saldan, Çinardan, Tənəklidən, Qışlaqdan, Gamış yatağından, Arpa zəmisindən, Narlıdan, Çaqqallı bulağından, Suvat dərəsindən nə xəbərlə gəlmisən, Araz? Ümidim yalnız sənədir, gözüm Araz. Heç sormursan Di-risiz necə keçir qışım, yazım, Araz?
Etibarsız demə mənə, xan Arazım. On ildir qıjıltılı səsinə tamarzı qalandan bəri yuxularım səndən əskik olmur. Rəngini, ruhunu tənha xəyalımda və bir də şirin deyə bilmədiyim röyalarımda daşıyıram. Şaqraq təbəssümün xatirə yarpağı kimi gözlərimin qənşərindədir.
Doğma Dirimdə səni görüm deyə evimizin arxasındakı dağlara qalxar, ya da həyətimizdəki çardağa dırmaşardım. Çünki sovet dirəkləri səninlə təmasa qadağa qoymuşdu. Amma sən ürəyimin başında, beynimin içindəydin. Ona görədir ki, çardağa qalxıb gecə hənirində mürgüləyəndə zümzüməndən doymazdım. Yuxunu gözlərimdən qaçaq salırdım ki, sübhəcən kəndimizə lay-lay çalan, ancaq gerçəkdə onu sərvaxt yatmağa çağıran üverturanda Türkiyə dağlarından götürüb gəldiyin və burdakı türk torpaqlarına yaddaş kimi qaytardığın əsgər türkünü – marşını canıma hopdurum. Bu əqidənin yiyəsi etibarsız olarmı? Nə məndə, nə də səndə suç yoxdur. Bu daşı əyənin kimliyi, məkrli məqsədi haçansa bilinəcək, etibarlı, vüqarlı, Araz. Hicran bizə elliklə gəlib. Ayrılıq zülümdür. Bu zülmün ömrü vüsala qədərdir. Hələliksə, ayrılıq içində qovruluruq. Hərdən düşünürəm ki, yaşım elə bu ayrılığın yaşı boydadır. On yaşlı körpə uşağam – həzin laylalarına həsrət qalan ocaqsız bir uşaq.
Çox isti olan kəndimizdə gecəni səbirsizliklə gözləyərdim. Bu mənim sənə qovuşacağım vaxt demək idi. Çardağa qalxıb yatağa uzanar və çarpazlanmış qollarımın əhatəsində səni düşünərdim. Varlığına bələd idim. Göndərdiyin ləzzətli gecə mehini və həzin, şirin nəğmələrini məmnuniyyətlə qəbul edib, xəfif pıçıltıyla böyüklüyünü aşkar dilə gətirərdim. Tanrı bilirdim səni. İlan mələyən sahilləri canlandırdığın, susuzluqdan çatlamış torpaqlara bərəkətli həyat verdiyin üçün. Səni itirməkdən yaman qorxurdum, başımın tacı, Araz!
Duyuq düşmüş kimi, dili yanmış yağımı bizə qıyğacı baxdı, Araz?! Aramıza ayrılıq hüznü çökdü. Səni Güneylə Quzeyin baiskarı kimi tanıyanlar indi səsinə və özünə həsrət qalıblar.
Haçansa Arazsız qalacağımı düşünəndə ətim ürpəşir, bədənimi soyuq tər basardı. Ölmək gözəl olsaydı da belə, sənə görə tərki-dünya olmaq istəməzdim. Çünki mən sənin maddi təbiətinin yox, mənəvi sərvətinin vurğunuydum.
Adətən, gecə sevilməz. Gecənin qədrini aşiqlər bilər. Xoşladığım gecə ancaq sənə görəydi, Araz! Yayda çardaqda sübhəcən səni dinləmək dünyanın təzələnməsini görə bilmək kimi bir şeydi mənimçün əslində. Aylı axşamlarda bir az da istiqanlı olurdun. Tanrı səviyyəsində, göy ucalığında, türk möhtəşəmliyində bənzərin yoxuydu. Xalis canlı insana oxşayırdın: kamil insana, ruhlu insana. Aylı gecələrdə ulduzları saya-saya səninlə danışırdım.
Fikrimi oğurladığına görə ulduzlar məndən inciyirdilər, arabir məzəmmət də edirdilər. Düşüncələrimi cəzb etməkdə ulduzların romantikası çox aciz idi sənin yanında.
Mənə elə gəlirdi ki, aylı axşamlar daha çox ritmli, oynağan uşağa bənzəyirsən – kürləşirsən elə bil. Qəribədir, nədənsə həmin anlar Kür çayını xatırlayırdım. Və mənə elə gəlirdi ki, Kür sənin dəcəl uşağındır – o, səndən ayrılmazdır. Türkün mavi gözlərinə bənzəyən müdrik Xəzər, Xan Arazla Ana Kürün son evidir. Xan Araz – Ataçay, vüqarlı, dəyanətli çay, Ana Kür – Anaçay, qayğıkeş, mehriban çay timsalındadır. Türkçülüyün mənşəyi, obrazı mənasında.
Mən səni türkçülüyün, ataçılığın, kişiliyin, dözümlülüyün simvolu kimi sevirəm, xanım Araz.
Mən səni düşüncələrimin ovxarı, Diri dağlarının nəğməkarı – danışan dili olduğun üçün sevirəm. Bundan belə, səbrin çatsa, bu sevgilərlə məni Diridə gözlə, xan Arazım!
DİRİDAĞI – İLANLAR MƏSKƏNİ
İlan ocağının Diri dağı ətəyində təşəkkül tapması təsadüfi deyil. Zənnimizcə, bu, ərazinin daha çox ilanlar məskəni kimi tanınması ilə bağlıdır. Uşaq vaxtı hər addımbaşı həyətdə, çal-çəpərdə, evin damlarında müxtəlif növ ilanlarla rastlaşmağımızı indiki kimi xatırlayram. Dəfələrlə meyvə ağaclarının dibində qıvrılıb yatdığını, budaqlardan sallandığını görmüşəm. Evin içində tez-tez ilanın görünməyi adi hal idi. Tavanın künclərində, divarın dibində sürünməyi gözlərimin önündədir. Tövlədə, hində vaxtaşırı ilanlarla rastlaşmaq bizə təəccüblü gəlmirdi. Demək olar ki, gün ərzində kənddə dəfələrlə «ilan hayına» hə-yacanla toplaşırdıq. Gürzə, qızıl ilan (qırmızı qarın təlxə), dam ilanı, ox ilan «ovu» mütəmadi baş verirdi. Oxuduqlarıma və eşitdiklərimə əsasən deyə bilərəm ki, bir zaman Diri kəndinin sakinləri, sözün gerçək mənasında ilan sancmalarından bezib canlarını götürərək Güney Azərbaycana, Naxçıvana, digər bölgələrə səpələniblər. Rəhmətlik Kamran dayım (Kamran Rüstəmoğlu) söyləyirdi ki, Arpaçay su elektrik stansiyasının tikintisində Naxçıvandan olan bir qoca kişi mənə yaxınlaşaraq nəsillərinin Diri kəndindən olduğunu, qorxulu ilanların çoxluğu üzündən elliklə kəndi tərk etdiklərini bildirdi. Qoca tələsdiklərindən var-dövləti Diri dağlarında gizlətdiklərini də deyib, amma harada? – bunu unudub. Buna bənzər başqa bir hadisə Sovet hökumətinin son illərində baş verib: Araz çayının İran tərəfdəki sahilində bir güneyli azərbaycan türkü bu taydakı qonşu kənddən olan qadına əsillərinin Diridən olduğunu söyləyir. Bildirir ki, ilanlar bizi doğulduğumuz torpaqdan didərgin saldı. Ancaq Mazan Nənə ocağı tuşundakı təpənin (Şəfili deyilən yerin üstü) başında yatırımızı bir daş təknənin içinə qoyub basdırmışıq. Belə deyirdilər ki, nişan verilən yer qazılıb və təknə ordan çıxarılıbdır. Ancaq orda yatırın olub-olmaması naməlum qaldı. Xalq şairi Sabir Rüstəmxanlı «Ömür kitabı»nda («Gənclik», 1989, səh.221) bununla əlaqədar milli maraqdan çıxış edərək məsələnin mahiyyətində xalqımızın tarixinə bağlanan problemin dayandığını söyləyir: «Təsəvvür edin ki, Cəbrayıl kimi, əslində Cənublu-Şimallı Azərbaycanın orta göbəyində, Qarabağdan, Gəncə və Şəkidən, Gürcüstandan Təbrizə gedən bütün yolların gəlib qovuşduğu və Xudafərindən adladığı bir yerdə, hər addımında tarixin əvəzsiz izləri qorunan bir bölgədə indiyədək əsaslı, ciddi arxeoloji iş aparılmayıb, lakin goreşənlər, «qızıl axtaranlar», hər gecə köstəbək kimi bir təpəyə lağım atıb, qədim insan məskənlərini çapıb-talayanlar çox olub və yenə var».
Qeyd edək ki, vaxtilə AMEA əməkdaşlarının apardıqları tədqiqatlara görə Diri dağın herpetofaunası (xüsusilə ilanlarla) zəngindir (Bax: İ.Quliyev, S.Əhmədov. Diridağın bitki və heyvanat aləmi. «Azərbaycan təbiəti» jurnalı, №4, səh.10-11)
Sofu Bilal əsərlərində Diri dağının zəhərli, təhlükəli ilanlarla bol olduğunu dönə-dönə qeyd edir. Maraqlıdır ki, şair şeirlərində (bax: «İlan ocağı» kitabı, səh.9) Aşıq Qurbaninin həm də ilan sofusu olduğunu yazır:
«O həm də sofuydu – ilan sofusu,
Ona tabe idi dağın əfisi».
«Qurbani» dastanına və atası Sofu Usubun bilgilərinə söykənərək Qurbanini «əfilər, təlxələr darışıb yemiş» qənaətinə gəlir. Qurbani özü də bunu bir neçə bayatısında söyləmişdir:
Vurubdu təlxə məni,
Şəms etmə xalxa məni.
Aləm gəlsə, əlac yox,
Sal südə çalxa məni.
Pərim bağda gül avlar,
Sərim bağda gül avlar.
Qurbani vurub təlxələr,
Canın alıb zərdablar.
(«Əsərləri, 2000, səh.118-119)
Sofu Bilal isə deyir:
Diridağa gedən yol,
İlanlıqdır, ayıq ol!
Sofu Bilalın qənaətlərindən biri də budur ki, Qurbanini ilan çaldıqdan (sancdıqdan) sonra Diri kəndinin sakinləri Diridağı ərazisini tərk ediblər. Professor Qəzənfər Kazımov və filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslının tədqiqatlarında, eləcə də, digər araşdırmalardan belə bir ortaq fikir hasil olur ki, Qurbanidən sonrakı nəsil Diri kəndindən Güney Azərbaycanın Qaradağ mahalına köçərək orada məskunlaşmışlar. Arazın sol sahilindən – Quzey Azərbaycanın Diridağı ərazisindəki Diri kəndindən didərgin düşmüş bu insanlara yerli sakinlər «dirililər» adı vermiş, beləliklə, yeni salınmış kəndi də Dirili adlandırmışlar. Diri – canlı, diri, həyat anlamında ifadə olunur. Qədim türklərin dilində «Tirik» sözü var idi ki, bu da «böyük», «uca» deməkdir. Həmin söz min illər boyu dəyişikliyə uğ-rayaraq «Tiri», yəni diri, canlı mənasını ifadə edən «Diri» sözünə keçmişdir. Sofu Bilal «Diri dağ, Mazan Nənə» poemasında Diri dağa «diri» adının verilməsini Nuh əyyamında yer üzünü su basarkən diri qalmış, tələf olmAmış Mazan adlı bir uşağın bu dəhşətli fəlakətdən salamat çıxması ilə əlaqələndirir. O, mənzum əsərində tarixin bir qaranlıq məqamını əfsanə şəklində bizə çatdırır. Məlum olur ki, Mazanın nənəsi daşqından nəvəsini qorumaq üçün onu fəlakət zonasından qaçıb hündür bir zirvəyə qalxmağa səsləyir:
Dayanma qaç bala, zirvəyə sarı,
Hamı öləsidir, sən qurtar barı.
Cansız-çəlimsiz bir uşaq olan Mazan azğınlaşmış sel-suyun cəngində ikən qəfil yerin dibindən hündür bir qaya sıyrılaraq dikəlir. El arasında «Dik daş» adlanan bu qayadan yapışıb xilas olan Mazan, gəmisi ilə üzüb gələn Nuh peyğəmbərlə qarşılaşır. Zəmanə peyğəmbəri əlini açıb dua edir:
Allah, bu bir möcüzə,
Rəhm etmisən gücsüzə.
Dağda adam diridir,
Yəqin dağın piridir.
Nuh peyğəmbər anlayır ki, Mazanın nənəsi pir imiş. O, amansız fəlakətdən inanılmaz şəkildə qurtulan Mazan oğlanla fəxr etdiyini deyir:
Yer üzünü su alıb,
Bu dağ da diri qalıb.
Qoy adı «Diri» olsun,
Nənən də piri olsun.
«Mazanla nənəsi övliya olub, nənənin kündəsi daşlara dönüb», (Diri elatı and içəndə Mazan Nənənin tökülü kündələri haqqı deyərdilər – Y.D) Nuh peyğəmbər gəmi əhlinə Mazan və onun övliya nənəsi haqqında gördüklərini danışır. Mazana onlarla getmək təklifini verəndə:
İncimə, getmərəm mən,
Ayrılmaram bu pirdən.
Həm nənəmdir, həm pirim,
Həm dağımdır, həm Dirim.
Xalq əfsanələrində və dini rəvayətlərdə qeyd olunur ki, Yer üzünü su basanda Nuh peyğəmbər hər canlıdan bir cüt olmaqla düzəltdiyi gəmiyə mindirib, onları xilas edir. Naxçıvandakı Gəmiqaya abidəsinin Nuhun gəmisi ilə bağlılığı söylənilir. «Naxçıvan» sözünün kökündə «Nəqşicahan» ifadəsi ilə yanaşı onun Nuh peyğəmbərlə əlaqəli «Nuh çıxan» olduğu ehtimalı da vardır.
Naxçıvana qədər uzanan Kiçik Qafqaz sıra dağlarının bir qolu olan Diri dağ silsiləsində əzəli Nuh dövrünə söykənən Mazan Nənə Ocağının yaranması Mazanla əlaqədardır. Artıq qeyd etdiyimiz kimi Mazan tarixin çox uzaq keçmişinə mənsub arxeik addır. Mazan Nənənin anaxanlıq dövrü ilə bağlılığı araşdırmalarda öz əksini tapıb. Onun Amazonlarla ilişikli olduğu fikirlər də mövcuddur. Tədqiqatçı Beytullah Şahsoylu amazonlular kimi döyüşkən qızları “hərum sənəmləri” adlandırır. Alim S.Əhmədov minilliklər boyu yaşayaraq dövrümüzə gəlib çatan «mazan» sözünün kökündə yenilməz, pak qızların durduğu fikrindədir. Deməli, Nuh peyğəmbərlə Mazan Nənə və Diri dağı arasında əlaqələr sisteminin axtarılması təbiidir. Sufi – Sofu Ocağı və Dirili Qurbani kimi bir Haqq aşığının Mazan Nənədən butalanması da təsadüfi deyildir.
Sofu Bilalın qənaətinə görə ovçu Pirim də (Diri dağı ov heyvanlarının cəmləşdiyi bir ərazi kimi də tanınırdı-müəl.), Xudayar oğlu (müasir Diri kəndinin əhalisinin yarısı Xudayarlı adlanırdı. Onlar Güney Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş azəri türkləridir-müəl.) Xudafərin də Mazan nəslindəndir. Qurbani də həmin soydandır, yəni Diridağlıdır. Sofu nəslinin bu soydan olduğunu isə o, dönə-dönə qeyd edib ki, biz əvvəlki yazılarda buna toxunmuşuq. Əsərdə diqqəti cəlb edən bir məqam da Diri dağın zəngin floraya – bitki örtüyünə malik olmasını real şəkildə dəqiqliklə təqdim etməsidir. S.Bilal ardınca ərazinin ilanlar məskəni olduğunu da yada salır:
Bu yerlərdə inanılmış Sofu var,
Çox zəhərli olur burda ilanlar.
Sofu duasıyla ilan «dil anlar».
Üç misralıq şeir parçasında müəllif bir tərəfdən Diri dağın ilanlar məskəni olduğunu bildirirsə, o biri üzdən ilanları məharətlə ovsunlayıb ram edən inanılmış Sofunun möcüzəli əfsunlarını nəzərə çarpdırır. Sofu Usubun qayıdışı Diri ellərinə ilan təhlükəsindən nicat gətirdi. Sofu ocağı bu yerlərin əbədi sakini oldu. Dirili kəndindən geriyə – Diridağına doğru dönüşün başlanması elə bu səbəbdən idi. Onların ilk sırasında Sofu Fərəcin (Sofu Usubun atası) ilan ocaqlığı – sofuluq adı alması ilə başlanan Sofu Usubun əzəli yurda qayıtması tarixilik və məntiqi baxımdan olduqca düzgün addım idi.
Təssüf ki, 20-ci yüzilliyin 93-cü ilində Ermənistan ordusu (erməni-rus hərbi birləşmələri) tərəfindən işğala məruz qalmış bu yurdun digər övladları kimi Sofu Usub Ocağının varisləri də öz ata-baba torpaqlarından qaçqın düşdülər. Didərginlik həyatı yaşamağa məhkum edilmiş Diri elləri haçansa doğma yerlərə qayıdacaqları günü anbaan səbirsizliklə gözləyirlər.
ÇAP OLUNMUŞ KİTABLARI
1. «Söz yarası». Bakı, Nərgiz, 2005, 162 səh. – poeziya.
2. Sofu Bilal. «İlan ocağı». Bakı, Nərgiz, 2006, 264 səh. – poeziya və nəsr.
3. Sofu Bilal. «Yurd oğlu». Bakı, Nərgiz, 2008, 48 səh. – poeziya.
4. Sofu Bilal. «Mən». Bakı, Nərgiz, 2007, 48 səh. – poeziya.
5. Sofu Bilal. «Sofu sözü». Bakı, Nərgiz, 2007, 220 səh. – poeziya və nəsr.
6. Sofu Bilal. «Dərdsiz dunyam boşdu mənim». Bakı, Nərgiz, 2008, 208 səh. – poeziya, nəsr.
7. Sofu Bilal. «Bu dünya bərədir». Bakı, Nərgiz, 2009, 160 səh. – dini şeirlər.
8. Sofu Bilal. «Qürbətin xofu». Bakı, Nərgiz, 2009, 136 səh. – şeirlər.
9. Sofu Bilal. «Dağım girdi yuxuma». Bakı, Nərgiz, 2010, 132 səh. – poeziya, nəsr.
10. Sofu Bilal. «Ömür 70 – vaxtım dardı». Bakı, Nərgiz, 2010, 180 səh. – poeziya, nəsr.
11. Sofu Bilal. «Salxımın son giləsiyəm». Bakı, Nərgiz, 2011, 256.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy