Yusif Dirili
“DİRİDİR DƏRDİM MƏNİM”
(Bayatılar)
Bakı, “Təfəkkür”, 2011
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının (26.02.2010-cu il tarixli, 02 saylı) qərarı ilə çap olunub.
Redaktor: Tariyel Abbaslı,
filologiya elmləri namizədi
Ön söz: Zəlimxan Yaqub,
Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi
Rəyçilər:
Hüseyn İsmayılov,
AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor
Elxan Məmmədli,
AMEA Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri,
filologiya elmləri namizədi
Bədii redaktor: Sabir Şirvan,
Dirili Qurbani Məclisinin “Ədəbiyyat” bölməsinin rəhbəri, şair
Yusif Dirili. “Diridir dərdim mənim” (Bayatılar). – B.: Təfəkkür, 2011, 88 səh.
Azərbaycan şifahi xalq poeziyasının ən geniş yayılmış yanrlarından biri də bayatıdır. Müəllif bu janrda bir-birindən maraqli, orjinal nümunələr yaratmışdır. Bədii-esteik və fəlsəfi cəhətdən zəngin olan bu bayatılar, məzmunca da çox müxtəlifdir. Bununla belə, onların əsasını itirilmiş torpaqlarımızı özündə ehtiva edən yurd ağrıları, didərginlik həyatından və cəmiyyətin içindən doğulan çətinliklər təşkil edir. Vətən, məhəbbət, təbiət, cəmiyyət, insan, uşaq mövzusu, ənənəvi bayatı çeşidləri (şikayət, sədaqət-vəfa, qarğış, qəm-kədər, sancma, ağılar, laylalar, kömək-dayaq, gün-güzaran, xoyrat, sayalar, tapmacalar və.s.) əsasında qurulmuşdur. Təqdim olunan bayatılar tematikaya uyğun mövcud bölgülər üzrə verilmişdir. 16 bölmədə sıralanan bayatılar müasir əlifba üzrə düzülmüşdür. Qeyd edək ki, buna qədər Yusif Dirilinin dövri nəşrlərdə və “Üz tutdum Diridağa” (2006) şeirlər kitabında “Dirili bayatıları” adı ilə 100-dən çox bayatıları çap olunmuşdur. Küll halında isə ayrısa bayatılar toplusu kimi ilk dəfədir ki, dərc edilir. Bu nəşrə müəllifin 400-ə yaxın bayatısı daxıl edilmışdir.
Y.Dirilinin “Diridir dərdimi mənim” bayatılar toplusunun oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanırıq.
RUHUN BAYATI QANADI
Şair dostumuz Yusif Dirilinin bayatılarını oxudum. Bu bayatıların hər sətrindən, hər bəndindən Vətən ətri, Diridağ ucalığı, Qurbani təravəti baş qaldırdı. Zamanın amansız çaxnaşmalarında qaçqına, köçkünə dönən şairin dili sazımızın, ruhumuzun, Xudafərinimizin, Aşıq Pərimizin, həsrətimizin dilidir. Elə bir dil ki, bu dildə Xətai danışıb, Miskin Abdal könüllər ovsunlayıb, Qurbani sözdən saraylar qurub. Yusif də öz ulu babalarının yolu ilə gedib qoynunda boya-başa çatdığı torpağı, o torpağın hər daşının altından coşqun bir şairin ilhamı kimi fışqıran bulaqları, çəmənləri, çiçəkləri incə bir ruhla dilə gətirir. Onun bayatılarında həsrətini çəkdiyi vətən torpağının ağrılı-acılı xatirələri, unudulmaz anları, müqəddəs məqamları dilə gəlir, insan düşündükcə düşünür, yandıqca yanır, o torpağa qovuşmaq üçün xəyalında arzudan, istəkdən saraylar, kaşanələr qurur. Forma baxımından olduqca zəngin olan bu əsərlərin içində əzizləmə də, tapmaca da, alqış da, qarğış da, sayaçı sözlər də, yurd və toy-düyün deyimləri də, məhəbbət duyğuları da, ağrılar da geniş yer tutur. Bu formaların hamısında bir şair ürəyi döyünür.
Yadıma Murov düşdü,
Tələ qurdum, ov düşdü.
Həsrətini çəkməkdən,
Könlümə qrov düşdü.
Dağa düşən qrova nə var, gün düşən kimi əriyib yox olur, vay o gündən qrov ürəyə, qəlbə düşə. Bax, onda insanın yaman günü başlanır. Əslində elə bayatılar yaman günlərin, dərdli düşüncələrin barı-bəhrəsidir. Bu günə qədər qəm üstündə minlərlə bayatı yaransa da, sevincdən, nəşədən bayatı yaranmır, yaransa da ömrü gödək olur, yaddaşlarda yaşamır. Mənə belə gəlir ki, Yusif Dirili yazdığı bayatıların hamısını yurd həsrəti, torpaq nisgili yazdırıb. Şair dostumuza yeni yaradıcılıq uğurları arzulayır, Cəbrayılda, çinarın altında, kəhrizin gözündə görüşmək ümidi ilə bu yazıya nöqtə qoyuram.
Zəlimxan Yaqub, Xalq şairi (28.03.2011)
VƏTƏN. AYRILIQ. HƏSRƏT. QÜRBƏT
Ağdərəyə varmadım
Dərəsinə girmədim.
Heyif, fürsət olmadı,
Bir də üzün görmədim.
Ağlatdı yaman məni,
Ah məni, aman məni.
Diriyə qovuşmasam,
Ovutmaz güman məni.
Araztək axdı Sabir
Şimşək tək çaxdı Sabir.
Xumarlıdan Diriyə,
Həsrətlə baxdı Sabir.
Araz üstə çən düşüb
Görəsən haçan düşüb?
Sənsiz ruhum uçubdu,
Bitab olub can düşüb.
Arazım uzun gəlir,
Gəzib yer üzün gəlir.
Diriyə salam verib,
Gətirib sözün gəlir.
Bağında çəpər varmı?
Yolunda sipər varmı?
Desələr qayıdırıq,
Canında təpər varmı?
Başı çalmalı dağlar
Döşü almalı dağlar.
Qoynun cənnət bağıdı,
Ölüb qalmalı dağlar.
Bu dağın yanı dağlar,
Yox sayı, sanı dağlar.
Bircə yol dedinizmi:
“Yusifim hanı?” – dağlar.
Bu dağlar, şana dağlar,
Daşları xına dağlar.
Söz verdim, gələmmədim,
Yeri var, qına, dağlar.
Bu yurda Dirim dedim
Övliyam, pirim, dedim.
Ona gələn qadanı,
Qoy sovsun sərim, dedim.
Bu görükən Diridi,
Sal daşları iridi.
Perik düşən ellərin,
And yeridi, piridi.
Dağlar, aralı dağlar
Ağlı-qaralı dağlar.
El səndən həsrət çəkir,
Qəlbi paralı dağlar.
Dağ başını qar aldı,
Gül çevrəsin xar aldı.
Tərlanım perik düşdü,
Yuvasını sar aldı.
Dağım Diridi mənim
Dərdim iridi mənim.
Özumü ovundurdum,
Gözüm kiridi mənim.
Dağlara qrov düşdü
Bağlara qrov düşdü.
Sənsiz keçən günlərə,
Çağlara qrov düşdü.
Didərginəm vətənnən
Qəm köksümdə bitənnən.
Dirini xəbər allam,
Əlim, ünüm yetənnən.
Dirini aşan bilər,
Dağın dolaşan bilər.
Dərdinə dözmək olmur,
Qəlbi alışan bilər.
Dirini ayrı gördüm
Gülünü sayrı gördüm.
Elə bil bənövşədi,
Boynunu əyri gördüm.
Diri dağa çıxaydım,
Zirvəsindən baxaydım.
Xan Araza qoşulub,
Oymaq-oymaq axaydım.
Diri dağı çən deyil,
Dərələri gen deyil.
Düşmənim çox zalımdı,
Dərd mənimlə tən deyil.
Diridağda eniş var
Bostanında yemiş var.
Bir belə hicran olmaz,
Əzəl – axır dönüş var.
Diri dağlar mətini
Oxşar dərdin çətinin.
Parasıynan işi yox,
Ağlar eyzən bütünün.
Diri dağım ucadı,
Cəmi dağdan qocadı.
Ayrılıqmı güc gəlib,
Beli iki haçadı.
Diridağım, Dirim hey,
Ocağım hey, pirim hey!
Bağçası, gülü solan,
Oylağım hey, yerim hey!
Diri dağı gördünmü,
Görüb salam verdinmi ?
Durub üzü Araza,
“Dirim hanı?” – sordunmu?
Diridağa qalxdınmı
Ordan durub baxdınmı?
Dirini viran görcək,
Şimşək kimi çaxdınmı?
Diridağ sıralandı,
Sırası yaralandı.
Sən incik düşən gündən,
Ürəyim paralandı.
Diriyə duman gəlib,
Gəlib, nə yaman gəlib.
Vüsal məndən gen düşüb,
Hicran ərməğan gəlib.
Diriyə bax, dağa bax,
Ətəyində bağa bax.
Sənsiz günüm gün deyil,
Qar ələnmiş çağa bax!
Dirim Qurbani piri,
And yeri, ümid yeri.
Sən bizdən vəfalısan,
Elə əzəldən bəri.
Diri, günəşin hanı,
Duman alıb hər yanı.
Gecə-gündüz ağlaram,
Məni dərdimdən tanı.
Diridə çinar qaldı,
Ziyaratda qar qaldı.
Qaçqın düşdüm, ay ellər,
Qəlbim intizar qaldı.
Diridə diriyəm mən,
Dərdimlə iriyəm mən.
Qorxuram, qərib eldə
Ölməmiş çürüyəm mən.
Diridə gözüm qaldı,
Demədim sözüm qaldı.
Cəbrin çəkdim nə fayda,
Mənə bir dözüm qaldı.
Diridə qaldı “Narlı”,
Bağı bəhrəli-barlı.
Mənim kimi olmadı,
Oldu düz, etibarlı.
Diridə qalan ölməz
Ayrılsan üzün gülməz.
Dost bilsə zülüm ağlar,
Can versəm, kafər bilməz.
Diridə qala yeri
Vermisən xala yeri.
Öpdüm nişana kimi,
Ölüncə qala yeri.
Diridən ötən quşlar,
Gözümdən itən quşlar.
Sinəmdə yaralıdır,
Doğma yurd – Vətən, quşlar!
Dirili başdan gedib,
Durub obaşdan gedib.
Kənd-kəsəyin itirib,
Ağıldan, huşdan gedib.
Dirili, can necoldu?
Vətən səndən gəc oldu.
Qabladım həsrət yükün,
Gedəmmədim, gec oldu.
Dirili, can sızladı,
Damarda qan sızladı.
Eldən ayrı ömürdən
Ötən hər an sızladı.
Dirili dağdan gələr,
Yol azıb bağdan gələr.
Yurd yeri əsir düşüb,
Hansı oymaqdan gələr?
Dirili Diri dağa,
Yol bağlı Diri dağa.
Canımdan can üzülmüş,
Göz baxar Diri dağa.
Diriliyəm, Dirili
Dərd sinəmə sərili.
Vüsala can atıram,
Bir kamanam, – gərili.
Dirili elə bağlı
Bülbül bir gülə bağlı.
Hərənin bir səmti var,
Yusif də elə bağlı.
Dirili payız sarı,
Tökülür yarpaqları.
Xəzan gəldi, ay ellər,
İtirdik simsarları.
Dirili sözü boylar,
Eli vətənə haylar.
Zurnası qara geydi,
Xurşudsuz qaldı toylar.
Dərdimi didəmmədim,
Qəmi kəm edəmmədim.
İl ötdü, Novruz oldu –
Diriyə gedəmmədim.
Dərdin harası yaxşı,
Qəmin yarısı yaxşı.
Diridə gözlərimin
Ağı, qarası yaxşı.
Dumansız dağ olarmı?
Meyvəsiz bağ olarmı?
Yurd yaralı, el perik,
Dirili sağ olarmı?
Durub baxdım Diriyə,
Bəlkə, dərdim kiriyə.
Qorxuram qərib öləm,
Can qürbətdə çürüyə.
Əlim əlinə yetməz,
Qoynunda güllər bitməz.
Diri, dərdin ağırdı,
Üstündən quşlar ötməz.
Əyri dərə, Küm dərə
Gözlərini yum, dərə.
Dirisiz qalıb ellər,
Perik düşüb min yerə.
Əzəldən ulu dağlar
Dərəsi sulu dağlar.
Mənim təki varmı heç,
Dərdinin qulu, dağlar.
Getmişdim Quşencəyə
Meh dəyə, can dinciyə.
Dirisiz xoş günmü var?-
Qəlb küsə, huş inciyə.
Hanı maralın, dağlar,
Necədi halın, dağlar?
Elindən ayrı düşüb
Sofu Bilalın, dağlar.
Xan çinarlar qalırmı?
Kölgəsini salırmı?
Baxıb həsrət yollara,
Bizi yada salırmı?
Xanəsi xarab ellər
Xanəsi turab ellər.
Sizi deyib gəlmişəm,
Qum, Mərənd, Sərab, ellər.
Xocavəndin yolları,
Yol üstündə kolları.
Xocası bəndə düşüb,
Bağlanıbdı qolları.
Xudafərin var olsun,
Tanrı bizə yar olsun.
Bağlı yollar açılsın,
Dirim bəxtiyar olsun.
Kəndim, kəsəyim Diri
Köküm, özəyim Diri.
Gözlərimin işığı,
Başa bəzəyim Diri.
Könül güzara sarı
Yönü gülzara sarı.
Diridən köçən bülbül,
Üz tutub xara sarı.
Qara yel əsib getdi
Ələmin asıb getdi.
Dirini ağlar qoydu,
Bir Sofu Usub getdi.
Qapısı dəmir Dərbənd
Dövrəsi qəbir Dərbənd.
Həsrəti çox, yolu yox,
Qalmayıb səbir, Dərbənd.
Qəm oğluyam, bilən yox,
Göz yaşımı silən yox.
Nə Diridən xəbər var,
Nə Göyçədən gələn yox.
Mən aşıq qara dağlar ,
Qurd düşüb qara, dağlar.
Həsrətin üzdü məni,
Neynim yox çara, dağlar.
Mən aşıq Mərəzəyə,
Diriyə, Mərəzəyə.
Məni düşmən əymədi,
Qorxuram mərəz əyə.
Mən aşiq yara yaxşı
Gözlərin qara, yaxşı.
Diridən uzaq düşdüm,
Gəldim zinhara yaxşı.
Mən Dirinin piriyəm,
Arazıyam, Kürüyəm.
Könlümdə bir dünya var,
Yerin, göyün sirriyəm.
Məngələnə gün düşdü
Kölgəsi bütün düşdü.
Füzüli yağmalandı,
Ərgünəşə ün düşdü.
Noola dönəm Diriyə
Xələfliyə, Siriyə.
Yarəb, bir də olurmu,
Köç qayıda geriyə?
Obası viran ellər
Hər zülmü görən ellər.
Ağlamaqdan gözümü-
Alıbdı toran, ellər.
Sabir Təbrizə getdi
Düşdü yol – izə getdi.
Tanrıdan rüsxət oldu,
Adladı bizə getdi.
Şerim, bayatım Diri
Ömrüm, həyatım Diri.
Kim səni viran qoydu,
Hanı büsatın, Diri?
Taledən küsən də mən,
Meh kimi əsən də mən.
Yuxularda Diriyə
Qaçan, tələsən də mən.
Təklikdən bezdi Diri,
Hər dərdə dözdü Diri.
“El niyə dönməz oldu?” –
Yüz yerə yozdu Diri.
Vətənnən qaçan ağlar,
Qürbətə köçən ağlar.
Gözüm yaşı qurumur,
Bəs, bais haçan ağlar?
Yadıma Murov düşdü
Cələ qurdum ov düşdü.
Həsrətini çəkməkdən,
Könlümə qrov düşdü.
Yağı tutdu Xankəndi,
Kəsildi bərə – bəndi.
Güman yoxdu getməyə:
Nə sabaha, nə indi.
Yamansan, yaman, dağlar
Əlindən aman, dağlar.
Yoxsa məndən bezmisən,
Çevrəsi duman dağlar.
Yolunda duram sənin
Qəlbinə varam sənin.
Ölsən canın qurtarmaz,
Külündə qoram sənin.
Zirvəsi boran dağlar
Köhləni yoran dağlar.
Daha ömür evimə,
Düşübdü toran, dağlar.
MƏHƏBBƏT. VƏFA. SƏDAQƏT
Adındı Fərman oğlan,
Dərdimə dərman oğlan.
Təkcə sənsən sevdiyim,
Vermişəm fərman oğlan.
Alpana yol alaydım,
Dağların dolanaydım.
Xəylarda gələydin,
Mən baxıb allanayıdım.
Aşıq, yar alar məni
Həsrət yaralar məni.
Dilimi dinc qoymadım,
Gözəl qaralar məni.
Ay qız adın, Gülbəsdi
Sən varsan, gül əbəsdi.
Dedim: ölürəm sənsiz,
Dedin: O nə həvəsdi?
Ay qız, adın Gülyanaq
Ayna buxaq, al yanaq.
Tamarzıyam haçandı,
Heç demirsən ol qonaq.
Ay qız, adın Sonadı
Barmaqların xınadı.
Bəyəm, sevmək mandımı,
Yetən bizi qınadı.
Badam içi acıdı
Saçların narıncıdı.
Sənə meyilli könlüm,
İllərin zarıncıdı.
Badam içi şirindi
Kəhriz suyu sərindu.
Ürəyim sənə qurban,
Ora sənin yerindi.
Bağçanızda gəzəydim
Güllərini üzəydim.
Kol dibindən boylanıb,
Səni oğrun süzəydim.
Bax, tanı bənövşəni
Bəxtinə qəm düşəni.
Eşqinə sadiq olan,
Ayağına döşəni.
Bənəfşəni dərən var,
Dam üstünə sərən var.
Mən səni nə tanırdım,
Bizə buta verən var.
Bir gəlınə tuş oldum,
İçməmış bihuş oldum.
Gözüm açıb-yumunca,
Qanad açıb quş oldu.
Bizim tərəf Arandı,
Qənşər üzü İrandı.
Sən gedənnən uçubdu,
Könül evim virandı.
Bu düz Gəyən düzüdü,
İlan-çayan düzüdü.
O nə idi sən dedin,
Xətrə dəyən sözüdü.
Bu düz Haramı belə
Elsiz paramı belə?
Məni tək qoyub getdin,
Uydun xaramı belə?
Bu düz Yazı düzüdü
Qarayazı düzüdü.
Birinə könül verdim,
Məni sevən yüz idi.
Bu meyvə sarsarıdı,
Ərikdi – sarsarıdı.
Qəlbimi nişan alan,
Kimlərin simsarıdı.
Bülbül ğül fərağında,
Oxur bağ qırağında.
Hər aşiq Məcnun olmaz,
Leylinin sorağında.
Camış qaymağı yaxşı,
Yeyib doymağı yaxşı.
Bir qiz seçdim Şirvandan,-
Şirvan oymağı yaxşı.
Çağırın ərən gəlsin,
Qəlb evin görən gəlsin.
İçib eşq piyaləsin,
Könlünü verən gəlsin.
Çırağam, fanaram mən
Gecələr yanaram mən.
Vədəni gözləmərəm,
Günləri sanaram, mən
Dağlar dağımdı belə,
Güllü bağımdı belə.
Bu gün dost bizə gəlmiş,
Nə xoş çağımdı belə.
Dağların dirisiyəm,
Daşların irisiyəm.
Sədaqətdə, vəfada,
Qurbani Pərisiyəm.
Dağları qar aldı, gəl,
Bağları bar aldı, gəl.
Illər keçdi, insafsız,
Dövrəmi xar aldı, gəl.
Dağlara duman gəlib
Görünmür hər yan, gəlib.
Qoşa dursaq kim görər,
Sevişməli an gəlib.
Darvazanı bağlaram,
Durub bir də yoxlaram.
Bircə kəlmə “yox” desən,
Zülüm-zülüm ağlaram.
Elçi düşdüm bir qıza
Bənzəyirdi ulduza.
Get-gələ saldı məni,
Kim dözərdi bu naza?
Ərən girdi yuxuma,
Tuş olmuşduq oxuna.
Badə verdi, nuş etdik,
Biz də düşdük axına.
Gecə sizdə qalaydım,
Yanında yer salaydım.
İkimiz bir otaqda,
Tarçığımı alaydım.
Gözəl ədalı gərək
Gülü butalı gərək.
Eşqə düçar olanın,
Başı xatalı gərək.
Gözlərimi sıxaram
Yağış kimi yağaram.
Bilsəm ki, sən gəlirsən,
Yollarına çıxaram.
Gözüm sənəmə bənddi
Xalın sinənə bənddi.
Dirilinin qurbanı,
İndi sənəmi bənddi?
Gülə aşiq bülbülüm
Könlü işıq bülbülüm.
Məşuquna yaraşır,
Yar-yaraşıq bülbülüm.
Gülsənəm, ay Gülsənəm,
Gəl dərdimi bil, sənəm.
Zülmünə dözmək olmur,
Bir yazığın gəlsənə?
Gülşəni handa, handa
Gülləri handa, handa.
Nabat nədi, şəkər nə,
Dilləri handa-handa.
Gülümün özü desin
Yanılsın düzü desin.
Vüsalın dəlisiyəm,
Qoy qaşı, gözü desin.
Köynəyin yaxasına
Od tutub yaxa, sinə.
Gözüm gözünə tuşdu,
Əllərim yaxasına.
Quba səfalı yerdi,
Əcəb havalı yerdi.
Girdim sevda bağına,
Gördüm cəfalı yerdi.
Qurban olum şıxlara
Hüsnü yaraşıqlara.
Səni vəsf etmək üçün,
Yalvarram aşıqlara.
Mən aşıq yar ağlayır,
Eyləyir car, ağlayır.
Bülbülün fəryadına,
Həm gül, həm xar ağlayır.
Mən aşıq saçın darar
Yatağın Xaçın darar.
Könlünə şikar düşüb,
Dağlarda Laçın arar.
Mən aşıq dosta yaxın,
Qəlb evim dosta yaxın.
Külli-aləm yığılsa,
Kəsəmməz dost ayağın.
Mən aşiq yara, neynim
Gün düşüb qara, neynim.
Güldən könül istədim,
Veribmiş xara, neynim
Nə dedim söz elədin,
Qaş atdın, göz elədin.
Ötənlər yada düşdü,
Dərdimi təzələdin.
O qız sirdi, nağıldı,
Gördüm, qəmim dağıldı.
İlhamım nur çeşməsi,
Gözəllikdən sağıldı.
O tayda bir qiz gördüm
Durmuşdu yalqız, gördüm,
Baxdım gözüm qamaşdı,
Parlayan ulduz gördüm.
Saçların gümüş kimi
Ləblərin yemiş kimi.
Bir baxmaqla anlatdın,
“Sevirəm” demiş kimi.
Səhəngi doldurmuşam,
Çiynimə qaldırmışam.
Sən gəldiyin yolları,
Təzədən saldırmışam.
Sənin təki yar olmaz,
Heç belə nigar olmaz.
Əgər vəfan budursa,
Belə vəfadar olmaz.
Sənsiz didarım yoxdu
Səbrim, qərarım yoxdu.
Darıxıram, yanımda –
Səntək simsarım yoxdu.
Şimşək kimi çaxaram
Araz kimi axaram.
Sən getdiyin yollara,
Durub-durub baxaram.
Ürəyimin parası
Gözlərimin qarası.
Üzüldüm həsrətinnən,
Yoxmu səndə çarası?
Ürəyimin parası,
Qaşların Ay parası!
Yolunu gözləməkdən
İtdi gözüm qarası.
Vardım eşqin dərsinə
Naşı bilir dərsi nə?
Yeməyə ballı dodaq,
Baş qoymağa tər sinə.
Yaz gəlsin çiçək olsun
Hər tərəf göyçək olsun.
Deyirlər canan gəlir,
Yalansa gerçək olsun.
Zülflərin qara, yaxşı
Al şana, dara yaxşı.
Gəlmişdin, sevinmişdim,
Gəldin dübara, yaxşı.
QƏM. KƏDƏR
Aşıq camalın görsün,
Göydə hilalın görsün.
Mən gördüm içim yandı,
Gələn nə halın görsün?
Canım, ay qara gözlər
Qaşı aypara gözlər.
Qəlbimə dağ çəkmisən,
Vurmusan yara, gözlər.
Dağ gəlsin, Aran gəlsin
Cəm olsun Turan, gəlsin.
Dərdimi dərdi bilən,
Can evi viran gəlsin.
Dağlara qarmı düşdü
Bağlara barmı düşdü?
Kirpiklərin nəm çəkdi,
Yadına yarmı düşdü?
Dəyirman dənsiz olmaz,
Çax-çaxı ünsüz olmaz.
Qaydadır, sevən könül
Çiskinsiz, çənsiz olmaz.
Əzizim, nara yandım
Yalvardım yara, yandım.
Dedim mənim olarsan,
Olmadı çara, yandım.
Köynəyin xara, yaxşı
Yaraşır yara, yaxşı.
Olmərəm camalını,
Görsəm dübara, yaxşı.
Qəmə tuş olan canım
Gözü yaş olan canım.
Necə dözdün hicrana,
Qəlbi daş olan canım?
Qəmə tuş oldu könlüm
Gözü yaş oldu könlüm.
Hicrana dözəmmədi,
Yaman puç oldu könlüm.
Şairi yazar gördüm
Sözünü gəzər gördüm.
Sevdaya tuş olanı,
Canından bezar gördüm.
SANCMALAR
Diridağın qayası
Dibində ot tayası.
Varın yox, dövlətin yox,
Kimdir səni sayası?
Kinlisən dəvə kimi
Əyrisən həvə kimi.
Sənə bir toy tutaram,
Qaçarsan evə kimi.
Qaməti şümal oğlan
Özü qırışmal oğlan.
Haçandan ərəb oldun,
Başında var şal, oğlan.
Tumu zəqqum badamsan
Ağrım, acım, qadamsan.
Başına külü qoyum,
Məgər sən də adamsan?
İNİLTİ. SIZILTI
Bənd olub gülə bülbül
Düşübdü çölə bülbül.
Dərdindən xəstə yatır,
Heç gəlmir hala bulbul.
Bir zirvəyəm əyilməz,
Dərdim dağa deyilməz.
Dirisiz qalan ömür,
Neynəsən də, öyülməz.
Bu yol Yerfi yoludu,
İçi daşla doludu.
Səni mənnən ayıran,
Qaratikan koludu.
Budumu sona göllər
Batıbdı qana göllər.
Yardanmı ayrı düşüb,
Heç gəlmir cana göllər.
Cəbrayıl qan ağlayır
Dərd içində çağlayır.
Canı düşmən əlində,
Ruhun Tanrı saxlayır.
Dağları qar alandı,
Buluddan qar alandı.
Illər elə nəs gəldi,
Talehim qaralandı.
Dərd artar yara bağlar,
Qəlbim sırsıra bağlar.
Qəmi başdan aşanın,
Ürəyi yara bağlar.
Yağım qansızdı mənim,
İşim yönsüzdü mənim.
Qarabağ əldən gedir,
Dərdim sonsuzdu mənim.
Dirinin adaşıyam,
Elinin sirdaşıyam.
Eşqə bələd olannan,
Dərd-qəmin qardaşıyam.
Dirini ağlar gördüm,
Dərdini çağlar gördüm.
Könlüm dərddən sızladı,
Viranə bağlar gördüm.
Diridağ çətin gündə,
Yolları kündə-kündə.
Cismim köçüb dünyadan,
Qalmışam səsdə, ündə.
Diridən düşən günə,
Qoralar bişən günə.
Necəsən bir ah çəkim,
Yerində üşənginən.
Diridağda gül gördüm,
Saçaqlı sünbül gördüm.
Bülbüllər nalə çəkdi,
Perik düşüb el, gördüm.
Diridə qarğı bitdi,
Könlümdə ağrı bitdi.
Qisasın alammadım,
Sinəmdə dağı bitdi.
Diridağda məzar var
Çevrəsinə güzar var?
Burda yatan aşığın,
Ruhunda intizar var!
Dirim, varmı daşınnan,
Durub baxdım qaşınnan.
Sənə ünüm yetmədi,
Boylandım göz yaşınnan.
Diridi yaram, dağlar
Halımı soran dağlar!
Canda yara bir olar,
Sağalsın haram, dağlar?
Diri, yolun hamardı?-
Sinəmdəki qubardı.
Ellərim perik düşüb,
Dilim qabar-qabardı.
Dirinin yolu uzaq,
Üstündən əsdi sazaq.
Ay qərib, məzarını
Bilmirəm, harda qazaq?
Dirili zar-zar ağlar,
Yəqin dərdi var ağlar.
Könül evi yıxılmış,
Qəlbi intizar ağlar.
Duman dağı bürüməz,
Dərələrdə sürünməz.
“Diri” deyib zarıyar-
Ruhum canda görünməz.
Düşmən çeynədi məni,
İllər neynədi məni?
Diri boyda həsrətim,
Hələ göynədir məni.
Göy üzündə günə bax
Araz üstə çənə bax.
Sənsiz qəlbim ovunmur,
Sızıltıya, ünə bax.
İridi yaram, dağlar
Axır qan aram, dağlar.
Dərdim kimi ağarmış,
Başında qaram, dağlar.
Kol dibində gül gördüm,
Yanında bülbül gördüm.
Diridə bənövşəni,
Yenə də məlul gördüm.
Kövrəltdi zaman məni,
Üşütdü duman məni.
Diridə dəfn edibdi,
Bu ah, bu aman məni.
Qəlb evim ahda yanar,
Amanda, ahda yanar.
Könül bir yol şad olsa,
Dərd bitər, ah dayanar.
Mən aşıq qarağandı
Bitibdi, qarağandı.
Bağrım kimi qəlbim də,
Dərdindən qara qandı.
Mən aşiq sarı dağlar
Dərdimin yarı dağlar.
Bülbülü incik saldı,
Gülünün xarı, dağlar.
Mən aşiq sarı dağlar
Qəmin ovsarı dağlar.
Xəstə düşmüş Dirimin,
Abı-kövsəri dağlar.
Pərvanə oda gəldi,
Göz dəydi bada gəldi.
Ömrü burda tamammış,
Göylərdən sada gəldi.
Sevər o dağlar məni,
Yadında saxlar məni.
Diridə nişanım var –
Oxşayıb ağlar məni.
Vətənə baxan gözlər
Leysan tək axan gözlər.
Dərdmi sizə güc gəldi,
Suyunu sıxan gözlər.
AĞILAR. OXŞAMALAR
Ağzı açıq püstəyəm,
Yorğunam, ahəstəyəm.
Ruhum tənnən ayrılır,
Ölürəm, can üstəyəm.
Bədnəzər gözü yansın,
Bəduğur sözü yansın.
Səni vədəsiz aldı,
Ölümün üzü yansın.
Bir vaxt mən də var oldum,
Yaxşılara yar oldum.
Əzrayılım gəlibdi,
Daha biixtiyar oldum.
Elin hünəri getdi,
Gümüşü-zəri getdi.
Əcəlmi aldı görən,
Nəslin Sərvəri getdi.
Mən qəribi kim yoxlar
Yaralarin kim bağlar?
Qürbətdə kimsənəm yox,
Ölsəm görən kim ağlar?
Mərdinə qurban, aşıq
Virdinə qurban, aşıq.
Ağlamaqla can dönməz,
Dərdinə qurban, aşıq.
Soyuna bax oğlanın,
Boyuna bax oğlanın.
Əcəl gör harda tutub,
Toyuna bax oğlanın.
Tanınmışdım soyunan,
Ağlan məni vayınan.
Öldüyüm bildirməyin,
Qəbrə qoyun toyunan.
ARZU. TOY-DÜYÜN
Atın yəhərli olsun
Gümüşlü – zərlı olsun.
Qədəmlərin, ay gəlin,
Görüm düşərli olsun.
Dağlar arxadı elə
Dağlar, yol verin selə.
Güllər kimi açılsın,
Arzun belədən – belə.
İgidin atı gərək,
Nəsili, zatı gərək.
Dünya ölüm – itimdir,
Yaşasın adı gərək.
Oğlan, oğlan, bəy öğlan,
Hamıdan zirək oğlan.
Öz toyunda oynasan,
Bol olar çörək, oğlan.
Yurd yerimiz alınsın,
Güldən xalı salınsın.
Qarabağlı gənclərə,
Orda toylar çalınsın.
TƏSVİR
Görükən Savalandı,
Havası hav alandı.
Qəm buludu çəkildi,
Gün çıxdı havalandı.
Xəzərin göy sinəsi
Seyr elə göy sinəsin.
Demədim xəta törət,
Dedim ki, köksünə sin.
Xəzərim ləpələndi,
Dalğası təpələndi.
Eşqin dənizə bənzər,
Könlümə səpələndi.
Qış baba, ay Qış baba,
Papağı gümüş baba.
O yanlarda nə gördün,
Tez bizə danış baba.
Qız qalası pak qala
Dağ üstə nəhəng qala.
Dirim həyalı gəlin,
Başında örpək qala.
Novruz gəlir naz ilə,
Allı-güllü yaz ilə.
Quşlar verib səs-səsə,
Oxur xoş avaz ilə.
O qız humaya oxşar,
Sevdalı aya oxşar.
Qaşları qan hərisi,
Dartılmış yaya oxşar.
Yoxuşu yoran dağlar
Zirvəsi boran dağlar.
Sinəsi güllü yaylaq,
Ətəyi aran dağlar.
QARĞIŞ
Bağrımı oydu ovçu
Nişana qoydu ovçu.
Tüfəngi paslı qalsın,
Marala qıydı ovçu.
Bu Diridi, o da dağ
Düşürmü heç yada dağ?
Yansın balan, a düşmən,
Axı, dözməz oda dağ.
Diridən haşa, gəlməz,
Dərdim baş-başa gəlməz.
Yağı, yolun yumrulsun,
Çağırsam, Şuşa gəlməz.
Dərdin yüz olsun, ovçu
Ömrün az olsun, ovçu.
Ceyrana niyə qıydın,
Qəbrin qazılsın, ovçu.
Xan çinar qara geysin,
Bülənsin qara geysin.
Yağıya xəbər verin,
Bəzənsin xara geysin.
Ilmə-ilmə hörüncə,
Dərdim Diri töhrüncə.
Görən gözüm çıxaydı,
Səni belə görüncə.
Köynəyin ilmə-ilmə,
Hör, toxu ilmə-ilmə.
Yanasan Diri dağı,
Necə dözdün bu zülmə?
Qolun qırılsın ovçu,
Qıçın yorulsun ovçu.
Qartala güllə atsan,
Evin sovrulsun ovçu.
Mehir gördüm üzünnən
Şərbət içdim sözünnən.
İlqarından dönəni,
Düşsün Tanrı gözünnən.
Var ol, ay Mazannənə,
Bəxtimi yazan nənə.
Öz əlimlə qəbrimi
Sinəndə qazam, nənə.
Şəhidim – balam, lay-lay
Səngərim – qalam, lay-lay.
Sənə qıyan əlləri,
Qoy tutsun nalam, lay-lay.
ŞİKAYƏT. ETİBARSIZLIQ. BƏXTSİZLİK
Ağacdakı quşdumu
Məntək bəxti puçdumu?
Yüküm yaman ağırdı,
Çiynimdəki suçdumu?
Ahdı, amandı, belə
Zalım zamandı, belə.
Xocalıtək dərdim var,
Halım yamandı belə.
Arazda bəxti, neynim,
Dalımca baxdı, neynim.
Hicran köhnə, dərd təzə,
Yandırıb, yaxdı, neynim.
Aşıq elsiz qocaldı,
Bülbül gülsüz qocaldı.
Mən kimə neynəmişdim,
Dövran məndən öc aldı.
Aşıq, aşıq, xan aşıq
Məni də bəy san, aşıq.
Yolunda zarıncıyam,
Qalmayıbdı can, aşıq.
Başımın xanı aşıq,
Sənsən gümanı, aşıq.
Yolunda cəfa buldum,
Çürütdüm canı, aşıq.
Belə dərd, azar olmaz
Belə çarş, bazar olmaz.
Can evindən bezən çox,
Mənimtək bezar olmaz.
Dağ başına çən düşər.
Duman gələr, çən düşər.
Nakəslə dost olanın.
Saçlarına dən düşər.
Dərddən qaçaq vüsalım
Dərddən qoçaq vüsalım.
Bizə qonaq gələrsən,
Bir də haçaq, vüsalım?
Dərdli, ələmli canım
Gözləri nəmli canım.
Sən kimə neynəmişdin,
Dolandın qəmli, canım.
Diridağa qar düşüb,
Yağıb nə ki var, düşüb.
Mən gülün müştaqıydım,
Taleyimə xar düşüb.
Diridə həşəm dağlar,
Qəm yemək peşəm, dağlar.
Dərdsiz ötüşmür günüm,
Vermir şeş-qoşam, dağlar.
Diridi, Diri dağlar,
Dağlardan iri dağlar.
Niyə yazım gecikdi,
Açmaz bu sirri dağlar.
Diri handa, çən handa
Qırğı handa, dən handa.
Çox da könül vermisən,
Neylərəm sən dananda?
Əsəbi tarama bax
Qan verən yarama bax.
Dərdim bilmədi loğman,
Kəsilən çarama bax!
Əsgəranda qala var
Qənşərində tala var.
İşində düşmən gəzir,
Başinda min bəla var.
Gicəkiyə qar düşüb,
Quzeyinə tar düşüb.
Könül evim talanıb,
Candan ixtiyar düşüb.
Gül-çiçəkli yaza bax
Göydəki ulduza bax.
Mən onsuz dösəmmirəm,
Sən bu qızda naza bax.
Halı dəm ovçuyam mən
Gözü nəm ovçuyam mən.
Toruna ov gəlməyən,
Bəxti kəm ovçuyam mən.
Hər görükən dağ olmaz,
Dörd yanı çıraq olmaz.
Daha tabım qalmayıb,
Bu boyda fəraq olmaz.
Xata heç yerdən gəlir,
Gələndə birdən gəlir.
Qismətim belə imiş,
Mənimki şərdən gəlir.
Qəlbim nişana belə
Kirpiyin şana belə.
Yıxıbdı can evimi,
Batıbdı qana belə.
Qara saçda dənə bax
Keçən ömrə, günə bax.
Sənsən könlüm fərağı,
Haraya bax, ünə bax!
Qəm içini oydumu,
Qəlbin qəmlə doydumu?
Dərddən viranə könlüm,-
Gör o yanda toydumu?
Mən aşıq, xanım aşıq
Andım, amanım, aşıq.
Yolunda şamlar kimi,
Əridi canım, açıq.
Mən aşiq xara köynək
Çəkilib dara köynək.
Sən bağlandın, mən açdım,
Gətirdin zara köynək.
Mən aşıq qara dağlar,
Can evim yara dağlar.
Nə həkim var, nə loğman,
Kim edər çara, dağlar?
Mən qəribi kim yoxlar
Yarasını kim bağlar?
Bəxt əkiz qardaşımdı,
Mən ağlaram, o ağlar.
Nəğmə məndə, söz səndə,
Mən dözürəm, döz sən də.
Bağrım kabab elədi,
Alov səndə, köz səndə.
Ömrümün yarı dağlar,
Baxırmı bəri dağlar?
Deməyin vəfasızam,
Qibləmdi Diri dağlar.
Ruhum Diriyə uçdu,
Sinəmdə güllər açdı.
Mazannənə, can nənə,
Bəxt niyə bizdən qaçdı?
Sənəm, gəl ha, sənəm gəl
Səni sevən mənəm, gəl.
Ömrüm sənsiz puç oldu,
Yağmalandı binəm, gəl.
Sənin təki yar olmaz,
Gözləri xumar olmaz.
Hicran təhərsiz gəldi,
Belə intizar olmaz.
Torpağım, daşım dağlar,
Yaddaşım, huşum dağlar.
Mən dözmədim, sən dözdün,
Bəxtəvər başın, dağlar.
Vətənsizəm vətəndə,
Sınıq könlüm nə gündə.
Diri dağ da mənim tək,
Başı dumanda, çəndə.
ZÜLÜM. HAQSIZLIQ
Ay görükən o dağlar,
Gözüm görüb od dağlar.
Onu gördüm ağladım,
Görüb məni o da ağlar.
Adı-sanı ündədi,
Dərd sarıdan öndədi.
Mən getmədim, o gəldi
Bəs niyə bu gündədi?
Bu dünya çətin dünya,
Dözümlü, mətin dünya.
Içində oyun gedir,
Tökülsün ətin dünya.
Bu dünyanı gəzmişəm,
Əlim ondan üzmüşəm.
Zalımı çox, zülmü,
Haqsızlıqdan bezmişəm.
Bu yurd Eyvatlı olmuş
İgidi atlı olmuş.
İndi sönüb ocağı,
Əzəl urvatlı olmuş.
Dağlara qar düşübdü,
Qış gəlib, qar düşübdü.
Ürəyim dərd məskəni,
Nə qədər var düşübdü.
Diridən Dərəkəndə,
Köç etdim Dərəkəndə.
Qara yel qəfil əsdi,
El düşdü pərəkəndə.
Diridə sazaq oldu,
Elləri uzaq oldu.
Doğulduğum torpağa,
Getməyim yasaq oldu.
Diri o yanı tutmaz,
Bu yan o yanı tutmaz.
Diriyə olan zülüm
Ərşi, dünyanı tutmaz.
Dünyanı yalan gördüm,
Yağını ilan gördüm.
Ürəyim şan-şan oldu,
Dirini talan gördüm.
Gözümdə çeşməyim var,
Bığımı eşməyim var.
Sən zülm elə, mən dözüm
Suçundan keçməyim var.
Gül soldu bağda yandı
Yemişlər tağda yandı.
Necə dözüm bu zülmə,
Dözmədü, dağ da yandı.
Xankəndi, ay Xankəndi,
Kəsilib bərə-bəndin.
Düşmən oylağı şəhrim,
Halın necədi indi?
Kəlbəcərdə İstisu
Axma, dayan, bəsdi, su.
Xeyrini yağı görür,
Bizə qalan səsdi, su.
Qar yağdı çıxdı dizə
Gun düşdü yola, izə.
Hicran hara, biz hara,
Gəlmişik yaman gözə.
Qəm çulğadı hər yanı,
Tutdu ərşi, dünyanı.
Dərdin təhər dərd olmaz,
Kim dözə, kim dayanı?
Ocaqda kül qarası,
Bülbülün gül çarası.
Güllə vursan sağallam,
Sağalmır dil yarası.
Ölüm haqladı məni
Tutub saxladı məni.
Namərdə könül verdim,
Daldan oxladı məni.
Taladılar, soydular
Zəngilanı oydular.
Allah, Çinar meşəsin,
Gör nə günə qoydular?
Yağmalandı puç oldu
Ümidləri heç oldu.
Ağdam buna dözməzdi,
Sərkərdə bivec oldu.
Yas saxladı göydə Ay,
Aman, Xocalım, haray!
Göy üzün bulud aldı,
Ərşə qalxdı ahu-vay.
Yolları bağlı dağlar,
Sinəsi dağlı dağlar.
Sizi necə gördümsə,
Itirdim ağlı, dağlar.
KÖMƏK. ARXA. DAYAQ
Ay görükən o dağlar,
Ürəyimi od haqlar.
Dərdimi bilə bilsə,
Qohum ağlar, yad ağlar.
Bar məndə, çiçək səndə
Bal məndə, pətək səndə.
Dərdimin dərmanısan,
Əl məndə, ətək səndə.
Bu dərd gəldi haradan,
Ay bu dərdi yaradan!
Xocalı tar-mar oldu,
Üzüldüm tən yarıdan.
Daşları xallı dağlar
Yamaclı, yallı dağlar.
Qara çuxan oyansın,
Obalı-elli dağlar.
Dərdimi Diri desin,
Danışsın biri desin.
Çağırın xan Arazı,
Ağlasın, “Diri” desin.
Dirili dərdin ağlar,
Viranə yurdun ağlar.
Qaysaq tutmaz yaramı,
Bağlasa ordu bağlar.
Diri, gülün yaxşıdı,
Durna, telin yaxşıdı.
Bir çətin işə düşsən,
Görər elin, – yaxşıdı.
Diridağda sal qaya,
Yan-yana, sal-sal qaya.
Yarla görüş yeriydin,
Ad qoydun: “Vüsal qaya”.
Göydə ulduz qoşadı,
Yan-yana, baş-başadı.
Özgədən sirdaş olmaz,
Umudum qardaşadı.
Hardasan, Dirim gəl, gəl
Övliyam, pirim, gəl, gəl.
Dərdimi bölüşməyə,
Sənsən sirr yerim, gəl, gəl.
Xudafərin ağlayır,
Çarpaz sinə dağlayır.
Xudama min afərin,
Onu özü saxlayır.
İz saldı daşa qələm
Pis gözdən haşa, qələm.
Yara məktub yaz dedim,
Tez gəldi cuşa, qələm.
Qeyrətim, şanım, dağlar
Andım, amanım, dağlar.
Zaman bivəfa çıxdı,
Sizsuz gümanım, dağlar.
Qubadlı viran oldu,
Yolları boran oldu.
Hardasan, Qaçaq Nəbi,
Ellərin pərən oldu.
Körpüsü yan ağlayır,
Xudamla xan ağlayır.
Gəlsin Dirili Qurban,
Pərisi qan ağlayır.
Laçınım tarda qalmaz
Düşübsə torda qalmaz.
Düşmənə əsir dağlar,
Girovda, darda qalmaz.
Mən aşiq xara köynək
Yaraşır yara köynək.
İçindədi dərmanım,
Elə bir çara, köynək.
Mən aşiq qoşa qələm
Gəlirsən xoşa, qələm.
Dərdim nigara dedin,
Səni min yaşa, qələm.
Sofu Bilal hardadır?-
Xəstə düşüb, dardadır.
Diridağsız darıxır,
Könül quşu ordadır!
Şuşadan keşib gəldim
Suyunu içib gəldim.
Dərdinə ortaq oldum,
Birini seçib gəldim.
Vətən, qurban adına
Diri düşüb yadıma.
Qara keşiş ölməyib,
Tanrım yetsin dadıma.
Zalımsan, zalım, fələk
Əlinnən oldum hələk.
Umudum Tanrıyadı:
Ya ölüm, ya da kömək!
GÜN-GÜZƏRAN
Bağçanızda gül yaxşı,
Oxuyur bülbül, yaxşı.
Bu il uğurlu gəlib,
Tarlada sünbül yaxşı.
Bu dünya, daşlı dünya,
Baharlı, qışlı dünya.
Nə dedim ki, toxundu,
Mənlə tutaşdı dünya.
Bu dünya, qızıl dünya,
Ömrümə yazıl, dünya.
Oyunbazlar əlində-
Yolunu azıb dünya.
Bu dünya, uca dünya,
Çoxbilmiş qoca dünya.
Barın görsün, yeməsin,
Sözündən qaçan, dünya.
Qış baba, ay Qış baba,
Vaxtında çatmış baba.
Bilsən səndən küsmüşük,
Bir pay ver barış, baba!
Novruz gəlir, ay ellər,
Sevinsin şirin dillər.
Yazqabağı bol olsun,
Bağçada qızılgüllər.
Novruzdu, oyun olsun
Eləyək toyun olsun!
Beş boyanmış yumurta,
Qoy bayram payın olsun.
Novruz yaman şən gəlır
Dörd yanı gülşən gəlir.
Qoy paxılı partlasın,
Gözləri deşən gəlir.
Şeşəngə ha, Şeşəngə,
Qismətimə düşən, gəl!
Novruz gəlir nə dərdim,
Sevinməkdir peşəm, gəl!
SAYAÇI SÖZLƏRİ
Ağ inəyin qatığı
Yedim qaldı artığı.
Naxır iri, çoban tək,
Yox köməyi, ortağı.
Ağ qoyun duza gəldi
Quzusu küzə gəldi.
Qoyunu kim qarğadı,
Qurdla üz-üzə gəldi.
Çəpişim, keçim gəlsin
Südlüsün seçin, gəlsin.
Dələməsi, pendiri,
Tərifli keçim gəlsin.
Hodaqlar, ay hodaqlar,
Cütə gedər hodaqlar.
Oğlaq anasın tapıb,
Məməsini qıdıqlar.
Hörgüclü dəvəm, gəl, gəl,
Kirgidim, həvəm, gəl, gəl.
Güzaranım, güvəncim,
Dövlətim – dəvəm, gəl, gəl.
Qaralı – ağlı camış,
Arana bağlı camış.
Yeməklə doymaq olmaz,
Qatığı yağlı camış.
XOYRAT
Aşıq Pəri,
Qurbani, Aşıq Pəri.
Diridə şeir dedim,
Oldu dillər əzbəri.
Borçalı,
Təbriz, Kərkük, Borçalı.
Həsrət, hicran əlindən,
Beli bükük Borçalı.
Cəbrayıl Ata,
Ağam – Cəbrayıl Ata.
Dirili nalə çəkir,
Yatmısan, ayıl, Ata!
Çələbilər,
Sofular, Çələbilər.
Diridə ağzım dada
Təzədən gələ bilər.
Dərd sinəmdə,
Yığılmış dərd sinəmdə.
Oxuyan adam gördüm,
Onun da dərsi məndə.
Diridağa,
Quş qonmaz Diri dağa.
Göz yaşımla çəkmişəm
Arazı, Kürü dağa.
Diri dağı,
Təklənib Diri dağı.
Canıma qəsd elədim,
Daşıdım diri dağı.
Diri dağı,
Zülmətdə diri dağı.
Gördüyüm əlhəd daşı,
Yediyim zəhər, ağı.
Dül-dülə,
Həzrət Əli Dül-dülə.
Dirisiz ölüyəm mən,
Kim bilməyə, kim bilə.
Giləzi nə
Xızı nə, Giləzi nə?
Baxmaqla gözmü doyar,
Gözlərin giləsinə?
Giləzi nə
Qobu nə, Giləzi nə?
Dodaqlar seyrə çıxıb,
Döşlərin giləsinə.
Gördübaba,
Şəngərək, Gördübaba.
Diridən uzaq düşdüm,
Dərd məni yordu, baba.
Hacı Qaraman,
Qibləm, Hacı Qaraman!
Diri əsir düşübdü,
Nə möhlət var, nə aman.
Həreylana,
Diridən Həreylana.
Belə zülüm olunca,
Od tutub hər yer yana.
Xəzan oldu,
Yay keçdi, xəzan oldu.
Dövran zalim, mən məzlum,
Bağrımı əzən oldu.
Qarabağ,
Həm Cəbrayıl, Qarabağ!
Aləmə ağ gün düşüb,
Diriliyə qara baxt.
Qız qala,
Diri qala, Qız qala!
Vüsala nə qalıb ki,
Bir hovur da döz, qala!
Şəhərdəyəm,
Kənddəyəm, şəhərdəyəm.
Hamı tapdı xeyrini,
Mən qəmdə, qəhərdəyəm.
Tikanmış
Yar bağçası tikanmış.
Bilinmir, necə dostdur,
Get-gəlləri tükənmsiş.
Üzdə xalı,
Gəzmədim üzdə xalı.
Diri Əsli, mən Kərəm
Qəm donu od yaxalı.
Yüz ilə,
Ömür çatmaz yüz ilə.
Diri necə inansın,
Yurd alınmaz söz ilə.
Ziyarat,
Ya Qırxlar, ya Ziyarat!
Səni Tanrı saxlasın,
Diri sənə əmanət.
LAYLA. BƏSLƏMƏ. NAZLAMA. ƏZİZLƏMƏ
Aləmə işıq bala,
Elə yaraşıq bala.
Sazı özündən yekə,
Tez böyü, aşıq bala.
Balamın var bir yaşı
Qəşəngdir gözü-qaşı.
İstəyir ayaq aça,
Yıxılır addımbaşı.
Can bala, oyun görüm,
Tez böyü, boyun görüm.
Tanrıdan diləyim var,
Kaş sənin toyun görüm.
Diridağda qala var,
Ətəyində tala var.
Şükür sənə, Ilahi,
Harda belə bala var?
Xoş söz deyin şan olsun,
Düşmən pərişan olsun.
Balam xoşbəxt böyüsün,
Hər yan zərnişan olsun.
Süsənim, gülüm, lay-lay
Gülüm, bülbülüm, lay-lay.
Nədən belə narahatsan,
De dərdin bilim, lay-lay.
Süsənim, gülüm, lay-lay
Sonam, bülbülüm, lay-lay.
Anan qurbanın olsun,
Ürəyim, dilim, lay-lay.
Şəkərim, balım, lay-lay
Fikrim, xəyalım, lay-lay.
Sən gül, qəmim dağılsın,
Qadanı alım, lay-lay.
TAPMACALAR. BAĞLAMALAR
Ağır batman yerişi
Astagəldi hər işi.
Hər qulaq bir məcməyi,
Qabağa çıxıb dişi.
(Fil)
Başında qanlı təsi,
Uzaqdan gəlir səsi.
Öldürsən də kiriməz,
Kim görüb belə tərsi?
(Xoruz)
Dedim: Könlüm sənədi
Dedi aynadan: Nədi?
Əllərim tamarzıdı,
Külək oynadan nədi?
(Zülf, saç)
Görünmür bəxt ulduzu,
Nə oğlu var, nə qızı.
Ata eşşək, ana at,
Hamı ondan irazı.
(Qatır)
Göydür, göyərçin deyil
Qanadı qırçın deyil.
Sığırçına oxşayır,
Amma sığırçın deyil.
(Göycə qarğa)
Nə heyvandır ahəstə,
Qulağı küydə, səsdə.
Qolunda fil gücü var,
Yeriyir asta-asta.
(Eşşək)
Uzanar yatan deyil,
Torpağa batan deyil.
Altın üstə çevirər,
Şumlayar, kotan deyil.
(Soxulcan)
Yerə-göyə səs idi,
Kişnərtisi bəs idi.
Heyf, dövranı keçib,
İgidlərə dost idi.
(At)
Redaktor: Tariyel Abbaslı
Bədii redaktor: Sabir Şirvan
Korrektoru: Fidan Mahmudzadə
Texniki redaktor: Emin Nərimanoğlu
Dizayner: Araz Diridağ
Kompüter yığımı: Günel və Fəridə
YUSİF DİRİLİ (Mahmudov Yusif Məhəmməd oğlu) 1960-cı ildə Cəbrayıl rayonunun qədim Diri kəndində (indiki Xələfli stansiyası) anadan olub. Bakı Dövlət Universitetinin biologiya fakultəsini bitirib. Elm-pedaqoji fəaliyyətlə məşğuldur. Ədəbi yaradıcılığa erkən başlayıb. Bir çox kitabın tərtibçisi və redaktoru, ön sözçüsüdür. 2 elmi-kütləvi, 6 ədəbi-bədii kitabın, 15 elmi əsərin, eləcə də 10-dan çox tədris proqramları və metodik tövsiyələrin müəllüfidir.
Azərbaycan Zooloqlar Cəmiyyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dirili Qurbani Məclisinin sədri və “Dirili Qurbani” qəzetinin baş redaktorudur.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy