Əzəldən gözəllik divanəsiyəm,
Bir gözəl xanımın pərvanəsiyəm.
Təkcə gözəlliyi mənim bəsimdir,
Mən elə xəyallar məstanəsiyəm.
Onun şeirlərində diqqətimi cəlb edən sevgi ruhudur. Dostum Firudin bu ruhun qanadında ömrün 50–ci baharına gəlib çatdı. Mənə görə şair F.Şahbuzlunun yazdıqlarının mayasında Eşq adlı ucalıq var. O, bunu hansı səviyyədə canlandırıb, necə verə bilib, şairin poetik gücü yetirmi sevdalı misraları oxucusuna sevdirə bilsin? – Artıq bu, ayrı bir problemdir. Ümumiyyətlə, onun yaradıcılığında təzadlı fikirlərlə ilıq deyimlər yanaşıdır. Hansısa şairin iç aləminə bələdçilik onun şeirlərinə təhlil gözü ilə baxmaqdan keçir. Mən onun “Sevdalı dünyam” kitabına ön söz yazmaq təklifinə tərəddüdsüz razı oldum və bu, asan başa gəlmədi. Oxuyub qurtardıqdan sonra xeyli düşündüm. Ümumən, metodum belədir. Müəllif kitabın təcili çapa getməsinə işarə edib, yayın cırhacırında başımın üstünü kəsdirdi. Beləliklə, köhnə iş yerimdə – Ekoloji Mərkəzin bağındakı sərin kölgəlikdə söhbətləşə-söhbətləşə elə “dizimin üstündə” tamamlayıb verdim. Oxudu və xəfifcə qımışdı. Aydın hiss olunurdu ki, xoşuna gəlib. Ordan birbaş yollandıq bir dost kitabının təqdimatına. Həmin gün sanki bizimçün yaradıcılıq günü idi. Ancaq heç vaxt unutmayacağım bir şey var ki, niyə məni az-çox haqqım olan “Sevdalı dünyam”dan elədi: dost payı kimi hədiyyə verdiyi kitabı alıb başqasına bağışladı. Əvəzində vəd elədiyini “unutdu”. Qalan kitablarından isə heç vaxt payını əsirgəmir – sevincinə bir dost sevinci qatır.
Qələm dostum, mənəviyyat insanı kimi sayğılar bəslədiyim şair Firudin Şahbuzlunun poeziya dünyasında sayından asılı olmayaraq qulaq dincəldən, könül oxşayan, ruh təzəldən məhəbbət şeirlərilə təmasım “Sevdalı dünyam”dan sonra bir qədər də artdı:
Yanağına xal düzülüb,
Həsrətdən ürək üzülüb,
Dodaqına bal düzülüb,
Dadmasam ölən deyiləm.
“Göydən yer üzünə məhəbbət yağır,”- deyən şairin canında gəncliyin ən qaynar vaxtı çağlayır. Dirili Qurbanı Məclisinin tədbirlərində, özgə ədəbi dərnəklərdə oxuduğu şeirlərin bir qismi onu sevdalı şair kimi tanıdıb. Cəmi 3-4 məhəbbət şeirilə məclislərdə yerini tuta bilib.
…Sənə ürəyimin yağını verdim,
Mən səni ac-susuz saxlamıram ki.
Yaxud
Ürəyimi görən olsa desin ki,
Yeyən ölsün, yeyən səni axtarır
Eləcə də:
Bütün havaları öyrətdin mənə,
İndi də “Kərəmi” havasındayam.
“Könlüm qocalmadı, özüm qocaldım”- bu da onun məhəbbət şeirindən bircəcə damladır və zənnimcə, sonluq üçün kifayət edər. Elə tanışlıqdan ötrü də.
Onunla tanışlığımızın yaşı çox olmasa da, maraqlı anları, məqamları var. Firudin qardaşımız ürəyini ona sevdalı misralar bəxş edən ilahi Şeirə-Sözə verib. Ədəbi mühit formalaşdıran Söz aləminə. Tanışlığımız da elə ədəbi mühitin içindən, ədəbi məclislərin dəhlizlərindən başlayıb. F.Şahbuzlunun qonşusu və dostu, mənim yaxın qohumum, istedadlı şair Sabir Şirvanın vasitəsilə əlaqələrimiz yaranıb və zaman-zaman möhkəmlənib. Dirili Qurbani Məclisinin təsis yığıncağına da S. Şirvan dəvət eləmişdi onu. Ona qədər “Vahid” Poeziya evində, “Ocaq” Ədəbi Məclisində, “Heydər Xeyriyyə Evində” – təkəmseyrək iştirak eldiyim bu kimi məclislərdə Sabir: Bax, o da şairdir-qonşum və dostumdur, deyə söyləmişdi. Qurbani Məclisinin ilk və çətin mərhələlərini birgə keçmişik Firudin müəllimlə. Bir ilə yaxın iş rejimi ilə əlaqədar məclisdə iştirak edə bilməyən Sabir Şirvanıın qurumdakı əsas funksiyasını da o (Ədəbiyyat bölməsinin rəhbəri) icra edib. Məclisimizin ilk iki toplusunda həmtərtibçilərdən biri olub. Demək olar ki, bütün nəşrlərimizdə şeirləri dərc edilib. Qurbani Məclisinin yay gəzintilərində, bayram şənliklərində, yubiley tədbirlərində, kitab təqdimatlarında onu daim təşkilatçılar sırasında görmüşük.
Haşiyə: Yer gəlmişkən, bir nüansı da qeyd etmək istəyirəm. Məclisin bir illiyi tamamına yaxın (01 aprel) 45 yaşım oacaqdı. Bu əlamətdar məqamı qeyd etmək üçün Firudin müəllim həmkarları – şairlər Sabir Şirvan, Əhməd Fərhad, Ayaz İmranoğlu, yazıçı Rövşən Yerfi və hüquqşünas Rafael Əliyev belə qərara gəlirlər ki, məni “20 Yanvar” metro stasiyası yaxınlığındakı kafelərdən birinə aparıb şərəfimə ziyafət təşkil etsinlər. Xarakterimə bələd idilər: bilirdilər ki, xəbər tutsam getməyəcəm. Ona görə də Ayaz İmranoğluna bərk-bərk tapşırmışdılar: “Sən Yusiflə qonşusan, bir bəhanəylə onu gətir, ancaq məbadə məqsədi açasan. Yoxa gəlməyəcək”. Ayaz sözünün üstündə durmur. Niyyətlərini deyən kimi qəti imtina etdim. Bu, onlardan heç birinin xoşuna gəlmədi, ən çox da Sabirlə Firudinin. Kobud şəkildə məni qınadılar. Sabir Şirvanın ittihamlı danlaqları bir yana, Firudin Şahbuzlu növbəti məclisdə mikrofonu götürüb əsəbi bir şəkildə bu əhvaltı bəyan elədi və sərt halda : “Bizim sənə münasibətimizi heç elədin”, – dedi. Mən orda dost qayğılarını duydum. Və sonrakı tədbirlərdə razılaşmaqdan özgə çarəm qaldı.
Firudin Şahbuzlu çöl işlərində də əvəzsiz yoldaşdır. O, heç kimə minnət qoymadan qolunu çırmayıb işin çoxunu özü görər. Ələlxüsus yeməkbişirmədə səriştəsinə çatan olmaz. Minbir həvəslə araya gətirdyi çeşidbəçeşid kabablarının, xaşlamasıının (bəzi bölgələrdə buğlama deyirlər) dadından doymaq olmur. Firudin bəyin hazırladığı buğlamanın öz dadı, öz ləzzəti var. Buları səbəbsiz yazmıram. İnsan ömrünün hallarındakı məna gözəlliyi bu cür əməl və davranış müxtəlifliklərilə ölçülür. Bu cür keyfiyyətlər sanki onun boyuna biçilib; qabiliyyət və imkanlarını kimsədən əsirgəməz. Məclisimizdə yaradıcılığa meyl göstərən gənc yazarlara, hələ bişməmiş şairlərə qayğı göstərmək onun şakəridir. Bu səbəbdən Firudin müəllim onların yadında daha tez qalır. İxtisasca müsiqi müəllimi olduğuna görə məclisin bu yöndəki işinə də həmişə öz töhfəsini verib; xüsusilə, yeniyetmə və gənc ifaçılara. Bir sözlə, insan kimi, dost və yoldaş kimi, sənətçi və yaradıcı şəxs kimi qayğıkeşdir, mehriban və xeyirxahdır. Onun xarakterik keyfiyyətləri, Dirili Qurbani Məclisinin başlanğıcında qurumun inkişafına və təşkilinə yardımı diqqətsiz qalmayıb. Təsadüfü deyildir ki, məclisin ən yüksək mərhələlərinin birində, ilk olaraq onun kitablarının (“Zirvədən Zirvəyə” və “Xilaskar”) təqdimatına qərar vermişik. Mənə görə indiyədək neçə kitabının çıxması şərt deyi. Bu mənada F.Şahbuzlunun kitablarının kəmiyyətindən çox, keyfiyyətindən (diqqətimi çəkən və oxucularına nikbin ovqat bəxş edən bəzi şeirlərinin timsalında) danışmağa çalışdım. Bu, ona və ədəbi yaradıcılığına mübarək yubileyi ərəfəsində fərdi münasibətim, dost istəyindən irəli gələn müqəddəs Sözün pıçıltılarıdır.
Həlim təbiətli dostum, sevdalı şair Firudin Şahbuzlunun gənclik kimi çağlayan, ildırım kimi şaqqıldayan, dağ çayları kimi coşqun məhəbbətinə bu xüsusda yazdığım şeir onun 50 yaşına hədiyyəmdir.
Eşqinə sadiqdi, sözünə düzdü
Məhəbbət şairi, sevgi şairi.
Duyğusal baxışla bir ürək üzdü
Məhəbbət şairi, sevgi şairi.
Doymadı gözəldən, nazdan doymadı
Şeirdən, sənətdən, sözdən doymadı,
Bahardan doymadı, yazdan doymadı
Məhəbbət şairi, sevgi şairi.
Deməzsən əlliyə çatıbdı yaşı
Bu yolda qovğalar çəkibdi başı.
Əl çəkmir Kərəmtək, tökür göz yaşı
Məhəbbət şairi, sevgi şairi.
Bətnində işıqdır, çevrəsi duman
Hicranı uzundur, həsrəti yaman.
Sevgisi tükənmir, yoxsa da güman
Məhəbbət şairi, sevgi şairi.
Dirili, dostu var, vəfadarı var
Əhdinə müvafiq düz ilqarı var
Neynirsən kimliyin, etibarı var
Məhəbbət şairi, sevgi şairi.
Məhəbbətdən qanadlanan duyğuların, sevgidən od alan hissələrin ali məqamından, bütövlükdə şair ilhamının qanadlanıb uçduğu ənginliklərdən süzülüb gələn şeirlər qiyamət gününəcən yaşayır. Çünki o Sözdən yaranır. “And olsun qələmlə yazılanlara” – deyilir Allah kəlamlarnın birində. Söz bəlkə də, Uca Tanrının yaratdığı ilk varlıqdır. “İnsanı Yer üzünün əşrəfi” (S.Vurğun) edən də elə odur – Söz, Nitq, Təfəkkür. Könlünü Söz eşqinə verən qələm yoldaşımın, sənət dostumun təkcə Həyat ömrü yox, Söz ömrü də gözəl və mənalıdır. Ruh adamıdır Firudin Şahbuzlu. Yubiley məqamında o, həmişəkindən daha uca mərtəbədə görünür, nədən ki, sözü sevir, sözünə yiyəlik edir. Qoy söz sahibi şair qardaşım Firudin müəllimin 50 yaşı qutlu, Tanrı dərgahında taxtı rəvan olsun. Özünə və sözünə Söz ömrü, Saz mahiyyəti arzulayıram, Firudin Bəy!
Yusif Dirili,
Dirili Qurbani Məclisinin sədri, “Dirili Qurbani” jurnalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy