Məclisin üzvü, şairə Həcər Qəbələnin yeni kitabı Qurbani məclisində təqdim olundu.
2004-cü ildən bu məclisin üzvü olan şairənin indiyədək respublika mətbuatında onlarla şeirləri işq üzü görüb. Məclisin əksər nəşrlərində, ədəbi toplularında Həcər Qəbələ mütamadi çıxış edib. Vaxtaşırı ədəbi tədbirlərə həvəslə qatılan şairə bu dəfə qələm dostlarını özünün sayca 3-cü kitabının təqdimatına topladı. Qeyd edək ki, 2007-ci ildə onun “Bir şamın gözündə yaş olmasaydım” və 2009-cu ildə isə “Yaxşı ki, dünyada sən də var idin” adlı kitabları çap olunub. Həcər Qəbələ lirik şairdir. Şeirin qəzəl kimi çətin janrına da müraciət edir. Xalq ruhundan gələn növlərinə də. İndiyədək Azərbaycan ədəbiyyatı tarixində qadın şairələr çox olub. Yadda qalan obrazlar, maraqlı fikirlər ortaya qoyulub. Həcər xanım öz sələflərini bu mənada təkrarlaya bilən sənətkardır. Bütün bunlar barəsində son kitabının təqdimatında çıxış edənlər-ilk növbədə məclisin aparıcısı, filiogiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı, kitabın ön söz müəllifi, tanınmış, tənqidçi filologiya elmləri doktoru Vaqif Yusifli, istedadlı şair, kitabın redaktoru Balayar Sadiq danışdılar. Habelə şairənin qələm dostları, o cümlədən məclis üzvləri Sofu Bilal, Malik Əhmədoğlu, Zakir Ağdamlı, Salam İbrahimoğlu, Firudin Şahbuzlu, Rafiq Mirzə, Məmməd Məcidoğlu, Tahirə Məğrur, Zəminə Xınalı, Orxan Adiloğlu, Mübariz Dözümlü və başqaları çıxış edərək şairə H.Qəbələ və yaradıcılığı barədə fikirlərini söylədilər, növbəti uğurunu qutladılar və uğurlar dilədilər.”AzəarbaycanTeleRadio” QSC-nin aparıcısı, Respublikanın Əməkdar artisti Eldost Bayram şairənin kitabda toplanmış bir neçə şeirini oxudu. Həmçinin onun ifasında şairənin diskə yazılmış şeirləri səsləndirildi. Sonda gənc aşıq Rövşən sazda bir neçə maraqlı havalarla şairəni təbrik elədi. Məclis həmişəki kimi Qurbaninin “Bənövşə”si ilə açıldı və tədbirə saz ifaları ilə yekun vuruldu.
ƏZMƏ MƏNİ
Qamçılayıb axşam-səhər,
Aman Allah döymə məni.
Dost düşmənin qabağında
Aman Allah, əymə məni.
Xoş gün verdin seyrək-seyrək
Əzabından sındı ürək.
Sən ömrümün yolları tək
Aman Allah, əymə məni.
Kökləyib hər gün qəlbimi
Dərdim üstdə çaldın məni.
Kaman tək büküb qəddimi
Aman Allah, əymə məni.
Həcər Qəbələ
(“Qəlbimin qəm çiçəkləri” kitabından)
Yorum bırakın
Henüz yorum yapılmamış.
Cavab qoy