İLAN ULDUZ GÖRMƏSƏ ÖLMƏZ


Sabir s

Sabir Şirvan (Hekayə)

Elşad müəllim ingilis dilindən abituriyent hazırlayırdı. Savadlı müəllim kimi ad çıxarmışdı. Ona görə də yanına hazırlaşmağa gələnlər çox olardı. Hər yaşdan olan dinləyicilər ingilis dilini öyrənmək üçün müraciət edərdilər. Heç kimi naümid qaytarmaz, əlindən gələn köməkliyi edərdi. Dil bilmək etdiyi səyahətlərdə onun işinə yarayardı. O, xarici ölkələrdə olur, olduğu yerlərdə xalqların adət-ənənələri ilə yaxından tanış olur, öz adətlərimizlə müqayisə edirdi. Toy mərasiminə çatanda həmişə başqa xalqların adətlərinə üstünlük verərdi. İngilis dilini tədris eləməklə bərabər dinləyicilərə xalqımızın adətlərindən də danışar, xoşuna gəlməyən cəhətləri pisləyər, digər xalqlardan misal gətirər, bəyəndiyi tərəflərini təqdir edərdi. Prezidentin bu yaxınlarda öz həyatından televiziya vasitəsilə danışdığı xatirələr də çox xoşuna gəlmişdi. Gənc yaşlarında sevgilisinə elədiyi hədiyyə, kəbin mərasimində aldığı bir kiloqram “Mişka” adlı konfet, sadə və xudmani toy mərasimi insanlar üçün örnək ola bilərdi.
Dinləyicilərin hamısı onu maraqla dinləyirdi. Lakin Kamalla Ədalət onun belə söhbətlərinə daha çox valeh olurdular. Dərsdə fasilə yaranan kimi toy mərasimlərindən söz salıb müəllimi danışdırırdılar. Müəllim toylarımızda süfrəyə artıqdan qoyulmuş altı-yeddi növ salatdan, demək olar ki, heç kəsin əl uzatmadığı lülə kababdan, sona kimi qabda toxunulmadan qalan, dükandan alınma toyuq ətindən bişirilmiş soyutmadan uzun-uzadı danışardı. Axı belə məqamdan işbazlar sui-istifadə edərdilər. Şadlıq evlərində keçən toydan qalma ərzaq məhsullarıı, çeşid-çeşid salatları, lülə kababı soyuducuda saxlayıb növbəti toyda istifadə edirlər. Boyat lülə kababını isidib süfrəyə gətirsələr də boyat olduğu açıqca hiss olunurdu. Süfrədə barmaq basmağa bir yer tapmasan da yeməyə bir şey olmur. Milli plovumuz süfrəyə gələndə artıq qonaqların çoxu getmiş olur. Heç bir ölkədə, heç bir xalqda belə şey yoxdur, nə qədər ehtiyac olursa, süfrəyə o qədər nemət düzürlər deyərdi. Uşaqlar: – Bunun qarşısın necə almaq olar, soruşduqda: – Yaxşı olar ki, insanlar özləri dərk eləyib düzgün yolu seçsinlər. Bu belə olmadıqda, biz qılınc müsəlmanıyıq, qanun qəbul olunmalıdır, polad əl lazımdır. Yoxsa başqa cür mümkün deyil. İlan ulduz görməsə ölməz deyiblər. Bu məsəl Kamalı uşaqlıq illərinə apardı. Kəndlərinin səs-küylü, xoşbəxt, insanlarının qayğısız çağlarına. Bu barədə həmişə düşünərdi. Necə yəni “ilan ulduz görməsə ölməz”. Ulduzu görməmiş odda yandırıb yox etmək olar, tutub kirpiyə yedirtmək olar ki, heç axşam düşməmiş, ulduzlar çıxmamış ölüb gedər və beləliklə bu məsəlin düz olmadığı aşkarlanar. Məsəl niyə məhz bu şəkildə deyilib. Atalar məsəli səhv şəkildə işlədərdimi? Kiçik yaşlarında şahidi olduğu hadisə belə düşünməyə əsas verirdi: Anası Növrəstə ondan beş-on addım qabaqda gedirdi. Tövləyə girməyi ilə çığırmağı bir oldu. Kamal qaçıb ona çatmaq istərkən qapıda anası ilə qarşılaşdı. – Gəlmə, gəlmə içəridə ilan var – deyə anası onun qabağını kəsdi. Sonra üzünü kəndin ortası ilə gedən Cəfərə tutub onu köməyə çağırdı. Cəfərin cavan vaxtları idi. Deyəsən səsi əvvəldən eşitmişdi. Bir göz qırpımında qalaqdan tullanıb gəldi. Divara söykənmiş yabanı götürüb tövləyə soxuldu. Kamal kənddə ilan, koramal tutan uşaq kimi tanınırdı. Valideyinləri nə qədər danlayıb təhər-töhmət eləsələr də bu vərdişi ona tərgitdirə bilmirdilər. İndi də anası onun qolundan bərk-bərk yapışıb buraxmırdı. Qorxurdu ki, içəri girib ilanı əlinə alacaq. Çox keçmədi ki, Cəfər, üstünə taxıl xaralları düzülmüş taxtın altından, üstü qara xallı ağ uzun ilanı yabaya sancıb bayıra çıxartdı. Səs-küyə artıq bibisi Gülcahan da gəlmişdi. Bir qolundan anası, digər qolundan bibisi bərk-bərk tutmuşdular. Kamal ağlayır, ilana yaxından baxmaq üçün yalvarır, əl vurmayacağına and içirdisə də, onu braxmırdılar. Yabaya sancılmış ilan çabalayıb canını qurtarmağa çalışırdı. Cəfər ilanı götürüb tamam gözdən itdikdən sonra Kamalı buraxdılar. O, ilan gedən tərəfə götürüldü. Çatanda artıq bütün uşaqlar kəndin qənşərində, Turş armudun aşağısında, ilanın başına yığışmışdılar. Evdən bel gətirib, bir çala yer qazıb, onu dibinə atmışdılar. Tay-tuşlarının demək olar ki, hamısı: Yavər, Oruc, İlqar, Baqı, Hüseyn, Qaməddin və başqaları, eləcə də böyüklərdən bir neçəsi burada idi. Uşaqları yararaq irəli yeriyib ilana yaxından baxmaq istədi. Cəfər yaxınlaşıb ona çəmkirdi: – sən yaxın gəlmə, aralıdan bax! – dedi. İlanın başını bellə vurub bədənindən aralasalar da quyruğunda bir tərpəniş hiss olunurdu. Kimsə üstünə torpaq toküb basdırmaq istədi. Bu zaman Allahverdi onun əlini tutub saxladı. – İlan uldüz görməsə ölməz, qoy üstü açıq qalsın. Gecə ulduzlar çıxanda ölər. Siz də səhər gəlib basdırarsınız. Allahverdi yaşca böyük olduğundan ona inanırdılar. Elə belə də elədilər. Səhər gələndə ilanın quyruğu da tərpənmirdi. Uşaqlardan biri: – hə görürsünüzmü, daha tərpənmir. Gecə ulduz görəndən sonra ölüb, -dedi. Qazılaraq çıxarılmış torpağı dibində ilan olan çuxura doldurub, üstünü də ayaqlayıb getdilər. Lakin Allahverdinin dediyı “ilan ulduz görməsə ölməz” məsəli heç xatirindən çıxmırdı. Hər kəsi vahi-mələndirən bu canlı haqqinda deyilmiş deyim ilanın özündən də maraqlı gəlirdi ona. Necə yəni “ilan ulduz görməsə ölməz”. Onun ki, başı bədənindən qırılaraq aralanmışdı. Sağ qala bilərdimi? Bu fikirlər onun başını çulğadığı müddətdə Ədalət evlərində toy haqqında gedən söhbətləri və müəlliminin adətlərimiz haqqında danışdıqlarını, eləcə də onlar arasındakı əlaqəni düşünürdü. Atası yüksək vəzifədə işləsə də o tay-tuşlarından fərqli olaraq gözübağlı, tez təsir altına düşən uşaq idi. Müəlliminin belə təbliğat-təşviqatı onu yamanca tutmuşdu. Valideyinlərinin tez-tez toydan söhbət açması, gələcəkdə olacaq izdivacın təmtəraqlı keçiri-ləcəyindən xəbər verirdi. Məclisə cağırılacaq adamları siyahılaşdırıb nəzərdən keçirdikdə məlum olurdu ki, altı yüzdən artıqdır. Lakin bu qədər insanı yerləşdirə biləcək şadlıq evi yox idi. Atası bu mərasimi öz mövqeyinin cəmiyyətdəki təsdiqi hesab edirdi. Hərdən toydan yığılacaq pulu hesablayıb, xoşbəxt düşüncələrə dalırdı: -Hamının xeyir-şərində iştirak etmişəm, bəs necə olmalıdır? Bu da mənim birinci toyumdur, – düşünürdü. Bizim də dostumuz-düşmənimiz var. Qoy görsünlər, toyu necə keçirərlər. Ədalət evlərində olan bəzi söhbətləri, toyuna altı yüzdən artıq qonağın dəvət olunacağını bildirəndə müəllimi təəccüblənərək başını bulamış, bunu cəhalət adlandırmışdı. O, özü də müəlliminə haqq qazandırır, belə mərasimə lüzum görmür, onun əleyhinə çıxmaq qənaətinə gəlmişdi. Toyu avropalılar kimi yığcam, mədəni və israfçılığa yol vermədən keçirmək lazımdır, düşünürdü. Lakin atası Böyükağanın sözünün qaba-ğında söz deməyin asan olmadığını da bilirdi. Ötən gün evdə söhbət düşəndə o, cəsarətini toplayıb fikirini açıqca bildirmişdi: – Nəyə görə israfçılığa yol verib böyük toy keçirməliyik? Avropalılar bizdən qabaqda gedirlər. Onlardan nümunə götürmək lazımdır. Mərasimi çox sadə və səmimi keçirirlər. Biz niyə belə etməyək? Yaxşı adətdən niyə imtina etməliyik? Böyükağa gozlərini bərəldib oğluna elə baxdı ki, elə bil onu birinci dəfəydi ki, görürdü. Başından ilk keçən bu oldu: oğlu bu fikirləri haradan öyrənmişdir. – Nə adət, nə imtina, dayan görüm, sən bunları haradan öyrənmisən, bunları sənə kim deyib? – deyə səsini ucaltdı. – Məni ingilis dilindən hazırlaşdıran müəllim Qərb ölkələrində olub. Çox maraqlı söhbətlər edir. Belə şeylərdən çox danışır. Böyükağa vəziyyətin nə yerdə olduğunu o saat anladı. – Tez o müəllimin telefon nömrəsini mənə ver, -deyə oğlundan tələb etdi. Ədalət naəlac qalıb nömrəni dedi. Böyükağa müəllim çox ehtiyatlı adam idi. Suyu üfürüb içərdi. Harda necə davranmağı gözəl bacarırdı. Özündən böyüklərin qarşısında baş əyər, nəzakətli davranar, nöqsana yol verməzdi. Lakin vəzifədə özündən kiçiklərin üstünə çığırar, kobud rəftar edər, onları adam yerinə qoymazdı. Danışanda böyüklərdən sitat gətirər, onları təbliğ edərdi. “Prezident” sözü dilinin əzbərinə çevrilmişdi. Hər cümlənin başında da, ayağında da işlədirdi. Prezidentimiz belə demişdir, prezidentimiz elə eləmişdir. Ona elə gəlirdi ki, bircə gün bu təbliğatı dayandırsa onu işdən qovacaqlar. Yerin də qulağı var, düşünərdi. Gec-tez prezident haqqında danışdığım xoş sözlər onun qulağına çatar və beləliklə mənim haqqımda yaxşı fikirdə olar. Səhərisi gün dərsin qızğın vaxtında Elşad müəllimə zəng gəldi. Zəng vuranın hökmlü səsi aydınca eşidilirdi. Atasının nə vaxtsa zəng vuracağını Ədalət bilirdi. Ona görə də başını aşağı salıb dinlədi. Hərdən gözünün altınca yanında əyləşdiyi Kamala baxaraq eşitdiklərinə necə reaksiya verəcəyini öyrənməyə çalışırdı. – Alo – Bəli, bəli. – Salam, Elşad müəllimdir? – Əleykəssalam, bəli, Elşad müəllimdir. – Danışan Ədalətin atası, Böyükağa müəllimdir. Bəri bax, de görüm uşağı ora göndərmişik ki, dərs keçəsən, yoxsa lazım olmayan şeylər öyrədəsən? Elşad müəllim Böyükağanın rayonun polis rəisi olmasından xəbərdar idi. Bilirdi ki, vəzifəli şəxslərlə ehtiyatla davranmaq lazımdır. Ağzından çıxan hansısa söz xoşuna gəlməyə bilər və bunun da pis nəticəsi olar. Odur ki, fikrini cəmləşdirib yumşaq cavab verməyə çalışaraq: – Böyükağa müəllim, nə məsələdir, nə olub, bağışlayın, axı bilmirəm! – Nə olacaq, uşağı öyrətmisən nə bilim, adət belə, ənənə belə. Başına təzə ağıl qoymusan, biz israfçılığa yol veririk, avropalılar daha yaxşı keçirir. Mən başa düşə bilmirəm, axı sənin nə işinə qalıb. Uşağı ora dil öyrənməyə göndərmişik, yoxsa başına ağıl qoymağa? Elşad müəllim məsələnin nə yerdə olduğunu anladı. Yumşaq danışıb onu sakitləşdirməyə çalışdı: – Böyükağa müəllim, bizim bir pis niyyətimiz yoxdur. Ədalət yaxşı oğlandır. Dərslərini də yaxşı öyrənir. Elə söz düşəndə bir-iki kəlmə toylarımızdan danışmışıq, başqa söhbət olmayıb. Rəis daha da əsəbiləşdi. Səsini bir qədər də qaldıraraq: – Axı sən kimsən dərsdən kənar şey danışasan? Bu icazəni sənə kim verib? Elşad müəllimin dili totuq vurmağa başladı. Səsi sanki qırıldı, nə edəcəyini bilmədi. Birdən prezidentin televiziyadakı çıxışı yadina düşdü. Sanki nicat tapdı, gözlərinə işıq gəldi. Fürsəti fövtə verməyib dilləndi: – Böyükağa müəllim, bizim nəyimiz prezidentdən artıqdır? Niyə o, öz toyunu israfçılığa yol vermədən, yığcam, xudmani keçirməlidir, ancaq siz məclisə altı yüz nəfər çağırıb, xeyli ərzaq israf etməklə ölkəyə ziyan vuraraq keçirməlisiniz? Niyə siz prezidentdən nümunə götürməyəsiniz? Rəhbər işdə işləyən adam kimi niyə qabağa düşməyəsiniz? Elşad müəllim sözünü bitirəndən sonra trubkada bir dəfə – həəə… sözü eşidildi. Sonra xeyli sükut yarandı. Daha sonra Böyükağa müəllimin bayaqkından fərqli olaraq yazıq, zəif səsi gəldi: – Hə, hə, yaxşı, yaxşı, oldu müəllim, oldu, başa düşdüm, başa düşdüm. Elə bil odun üstünə su tökdün. Hikkəsindən yerə-göyə sığmayan vəzifə sahibi birdən-birə sakitləşdi. Elşad müəllim yenə nə isə demək istədi. Lakin rəis artıq telefonu asmışdı. Onun qarasınca dilləndi: – İlan ulduz görməsə ölməz! Kamalın yadına köhnə əhvalat düşdü. Arabir dönüb günahkar görkəm almış Ədalətə baxsa da fikri uzaqlarda idi. Uşaqlıqdan ta bu günə kimi nəzərində səhv hesab elədiyi deyim indicə öz təsdiqini tapmışdı. Çətin riyazi məsələni həll etmiş şagird kimi sevinirdi. Atalar necə də gözəl deyib: – ilan ulduz görməsə ölməz.

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s