ZƏNCİRLƏNMİŞ ƏDALƏT


125133a-500x500 “Zəncirlənmiş ədalət” kitabında bayrağımızı, şəhidlərimizi, qadınlarımızı və bütövlükdə xalqımızı dəfələrlə təhqir etdiyi üçün erməni hərbçisi Qurgen Marqaryanı cəzalandıran Azərbaycan zabiti Ramil Səfərovun Ermənistanın ərazimizə təcavüzü nəticəsində yaşamış olduğu Qarabağ müharibəsinin acıları, uşaq yaşlarında keçirdiyi sarsıntılar, Cəbrayıl rayonunun işğalı zamanı ermənilərin törətdiyi vəşhiliklər, yaxınlarının, doğmalarının, ümumiyyətlə vətəndaşlarımızın görünməmiş vəhşiliklə, xüsusi qəddarlıqla qətlə yetirilməsi əksini tapmışdır. Kitabda qəhrəmanın keçdiyi həyat yolu ilə bərabər, Cəbrayılın özünümüdafiə qüvvələrinin, milli ordumuzun rayondakı bölmələrinin döyüş yolu da təsvir edilmişdir. Əsərdə həmçinin dünyanın supergüclərinin, beynəlxalq qurumların işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı ermənipərəst mövqeləri, ədalətsiz məhkəmə qərarı ilə ömürlük həbsə məhkum olunan R.Səfərovun 9 illik həbsxana həyatından sonra vətənimizə gətirilərək, əfv edilməsinə kəskin reaksiya göstərmələri, demokratiya pərdəsi altında xalqları “ağlar” və “qaralara” bölərək, eyni hadisələri öz maraqları baxımından müxtəlif cür qiymətləndirmələri əks olunmuşdur. Lakin əsər xeyli vaxtdır hazır olduğuna baxmayaraq, maddi problemlər səbəbi ilə çap edilməsi mümkün olmayıb. Bir neçə iş adamına, bəzi rəsmi şəxslərə müraciət edilsə də, heç də böyük olmayan vəsaiti, təəssüf ki, ayıran tapılmadı. Görünür, ermənilər təbliğat savaşının həlledici əhəmiyyət daşıdığını bizdən yaxşı əxz ediblər.

Bununla belə, inanmaq istərdik ki, kitabın çapı üçün yardım göstərənlər tapılacaq. Aşağıda isə əsərin ayrı-ayrı hissələrindən kiçik epizodlar verilib.

Nəriman Mahmud
Yazıçı-publisist
Telefon: (050) 375-42-15

***

Taxtadan “avtomat” düzəltmək dəb düşmüşdü. Məhəllədən bir az aralıda yabanı halda bitən müxtəlif ağac və kol bitkiləri, xüsusilə də böyürtkən kolları, xırda təpəliklər, dərələr, yarğanlar, sanki insan əliylə əkilibmiş kimi torpaqdan “cücərib boy atan” irili-xırdalı sal daşlar, kiçik qayalıqlar uşaqların karına gəlirdi. Təxminən 11-15 yaşlı məktəb uşaqları dərsdən çıxan kimi evə qaçır, tələsik nahardan sonra “avtomatını” da götürüb “səngərlərə”, “cəbhə bölgəsinə” yollanır, iki dəstəyə bölünüb “dava-dava” oynayırdılar. Uşaqların çoxu “dava”nı nəyə görə başladıqlarının fərqində deyildi. Onları bu “uşaq oyununa” iki nəfər məktəbli cəlb etmişdi. Həmin o iki nəfər isə həmyaşıdlarından fərqli olaraq açdığı “savaşa” adi uşaq oyunu kimi baxmırdı. Yaşına uyğun olmayan hədsiz peşəkarlıq və həvəslə taktika seçir, strategiya hazırlayır, “düşmənin” “mövqelərini” ələ keçirmək üçün bir-birinin ardınca uğurlu “əməliyyat” həyata keçirirdilər. Bir-iki nəfəri çıxmaq şərti ilə uşaqlardan heç biri cığallıq eləmirdi. Kim birinci “atəş açır” və “dəqiq nişan alırdısa”, hədəfə götürülən əks tərəf heç nəyi bəhanə eləmədən yerə yıxılaraq ya “şəhid olar”, ya da “yaralanardı”. Beləliklə, “müharibə” qaş qaralana qədər davam edər, sonra hərə öz dəstəsini çəkib evə yollanardı…
***

…Dərd insanları birləşdirmişdi. Həmin gecə qatar da adamların dərdinə şərik çıxır, özü ilə birlikdə vecsiz dünyanın “yükünü” çəkirdi. Əlli dörd nəfərlik vaqonların hər biri təxminən iki yüz nəfərlə birgə soyuq payız gecəsinin qaranlığını yara-yara gedirdi. İnsanlığın öldüyü, vicdanın susduğu, bəşəri dəyərlərin, ədalətin dəmir dabanlar altında tapdandığı, zəncirlənib qandallandığı, insanlıq adına nə varsa hər şeyin iyrənc maraqlara, erməniyə və erməniliyə qurban verildiyi həmin gecə gah yeyin, gah da ahəstə yeriyən cansız dəmir çarəsizləri isti “qucağına” almışdı. Həmin gecə sərnişinlərin bir devizi vardı: “bir yer hamı üçün, hamı bir yer üçün!”. Sərnişinlər növbə ilə bir hovur oturur, ya da uzanaraq çimir edirdi…
***

…Gecə yarıdan keçmişdi, bütün kənd yuxuda idi. Qapı qəflətən aramsız döyüldü. – Görəsən, gecənin bu vaxtı, yuxunun şirin yerində qapını döyən kim olar? – deyə ev sahibi təəccübləndi. Gecə paltarında yuxulu-yuxulu qapıya tərəf addımladı. Yavaş səslə: – Kimsən? – soruşdu. Gələn adam sanki arxadan qovurmuşlar kimi təlaşla dilləndi: – Mənəm, ay zalım uşağı, niyə yatmısınız, Bakıdan xəbəriniz yoxdur? Ev sahibi gələn adamı səsindən tanıdı. Paltarlarını geyinib bayıra çıxdı. Qapıdan bir az aralanıb tövşüyə-tövşüyə soruşdu: – Noolub ki, Əhməd? – Bütün şəhər dağılıb, Bakının altını üstünə çeviriblər, hamını qırıblar. Daha nə olacaq ki? Ruslar paytaxtı dağıdır, ermənilər isə qərb sərhədlərimizdən hücuma keçiblər…
***

…Gəncin gözləri güldü. Ələsgər kişini bir daha görməyəcəkmiş kimi, onun sözünü kəsib tələsik soruşdu: – Deyirsən yəni əvvəl-axır SSRİ dağılacaq, hə? – Dağılacaq, ay oğul, dağılacaq. Amma yenə deyirəm, bu xarabanın tifaqı dağılana qədər Qarabağ məsələsini həll edə bilməsək, işimiz çox çətin olacaq. Bundan belə ermənilərin dəyirmanına təkcə başı xallı kişi deyil, ABŞ da, Avropa da su tökəcəkdi. SSRİ-nin belə tez dağılması Ermənistan üçün sərfəlidir…

***

…Ramil qəti qərarını vermişdi, hərbçi olacaqdı. Bu haqda atasına bir kəlmə deməsə də, Sahib müəllim oğlunun bu peşəyə hədsiz həvəs göstərdiyini görürdü. Bilirdi ki, necə olsa da gec-tez hərbçilərə qoşulacaqdı. Bir tərəfdən özü də oğlunu peşəkar hərbçi görmək istəyirdi. Ramil taxta “avtomat”ı ilə vidalaşıb evə qayıtdı. Bu vaxt kənardan həyət qapısının ağzına yaxınlaşan hərbi geyimli bir nəfəri gördü. Qaça-qaça özünü darvazaya yetirdi. Artıq qapıya yetişən hərbçi ilə görüşüb o tərəf bu tərəfinə keçdi, hərbi formasını sığalladı, çiynindəki avtomat silahını duz kimi yaladı, baş geyimini alıb öz başına geyindi. Hərbçini yenidən bağrına basıb uniformasını qoxuladı. Sonra bir qədər geriyə çəkilib onu təkrar-təkrar başdan ayağa süzdü. – Nə bəxtəvər adamdır, ay Allah, mənə də bu formanı qismət elə! – deyə hərbçinin eşidə bilməyəcəyi səslə öz-özünə pıçıldadı…

***

…“Xəbərlər” proqramının vaxtına az qalırdı. Təzə xəbər “ölüsü” olan Ələsgər kişi köhnə kilimin üstünə atılmış balışa dirsəklənərək televizora baxırdı. Hələ dağılmamış SSRİ-nin istehsalı olan əl radiosu da dirsəkləndiyi balışın yanında, sol əlinin düz altında idi. Radiodan bərk yapışmışdı. Sanki xəbər verən adamı bu balaca cihazın içərisinə yerləşdirmişdilər. Və Ələsgər də ehtiyatsızlıq eləyib əlini kənara çəksəydi, həmin xəbərçi qadın, ya da kişi çıxıb harasa qaçacaqdı. Xəbərlərə baxmadığı, daha doğrusu, elektrik enerjisinin kəsildiyi (bu, ucqar rayonlarda, xüsusən də dağ kəndlərində tez-tez baş verirdi və belə vaxtlarda əl radiosu kara gəlirdi), yaxud radionun hamının “daş” adlandırdığı batareyalarının qurtardığı günü (belə günlər nadir hallarda olurdu) Ələsgər kişi gün saymırdı. Amma həmin gün nə əl radiosunun “daş”ından, nə də televizordan nigarançılığı yox idi. Elektrik enerjisi kəsilməmişdi, “daş” da ki, lap saat kimi işləyirdi. Ələsgər həmin gün qulağının hardansa çaldığı vacib bir xəbərə mütləq baxmalıydı. Eşitdiyinə görə parlamentimiz “Azərbaycanın Müstəqilliyi haqda Konstitusiya aktı” qəbul edəcəkdi…

***

…Anasının müəmmalı danışığı “balaca komandir”i təəccübləndirdi. Gözləri yaşardı. Dedi: – Meyiti gördüm, ay ana, quldurlar tanınmaz hala salıblar. Bəs anası necə tanıya bildi, çətin olmadı ki? – Çətin oldu, bala, çox çətin. Kafirlər uşağı nə hala salmışdılarsa, bu yaşa qədər böyüdüb boya-başa çatdıran anası da onu tanıya bilmədi. Yazıq arvad yalnız əlləri ilə ilmə-ilmə toxuduğu corabı görəndən sonra bildi ki, öz oğludur. Anasından bu sözləri eşidən Ramil çox məyus oldu, qəlbi didilib-parçalandı. Yadına ötən il baş verən faciəli hadisə düşdü. – Ana, yadındadır? – soruşdu. – Nəyi deyirsən, oğlum? – Nübar xanım təəccübləndi. “Balaca komandir” faciəni xatırladıb onsuz da gözü yaşlı anasını yenidən kədərləndirmək istəmədi. Amma artıq gec idi, anası əl çəkməyəcəkdi. Bir tərəfdən də yalan danışmaq istəmirdi. Dedi: – Bizim qohumu deyirəm, ermənilər onu da vəhşicəsinə öldürmüşdülər. – Hansını, bala? Ramiz, İldırım, Şirin, Kazım, Tahir, Arif, Seyidalı… Hansını deyim? Bu qohumların hamısı erməni vəhşiliyinin qurbanı olub…
***

…Qəhər Ramili boğdu, xəstəxananın cərrahiyyə şöbəsinə hər gün qol-qılçası, başı kəsilmiş, gözləri çıxarılmış, dərisi soyulmuş, diri-diri yandırılmış on beş-iyirmi meyitin, iyirmi-otuz yaralının gətirildiyi vaxtlar yadına düşdü. Tez-tez anasının iş yerinə gəldiyi üçün gözləri ilə gördüyü həmin dəhşətli səhnələri xatırladı, sözünün ardını gətirə bilmədi. Nübar xanımın gözlərində gilələnmiş yaş axıb yanağını islatdı…
***

…Düşmən 1993-cü il avqustun 15-də milli ordunun postlarda mövqe tutmuş Cəbrayıldakı bölmələrinə qarşı hücuma keçdi. Yaxın ətrafda hələ heç kəs gözə dəyməsə də, atışma səsləri eşidilirdi. Qəflətən açılan atəş döyüşçülərimizdən birinin həyatına son qoydu. Həmin döyüşçü yerə sərilməzdən əvvəl əlindəki silahla hansısa istiqamətə atəş açmağa macal tapmışdı. Əsgərlər ehtiyatla ətrafa boylandılar. – Bu ki bizim komandirdir, – deyə onlardan biri vahimə içərisində qışqırdı. – Görəsən, güllə hansı tərəfdən atıldı? – başqa birisi soruşdu. – O erməni köpəyoğlunun dığasını görsəydim qanını içərdim, – dedi. – Deyəsən nə danışdığını bilmirsən, əmioğlu, mən ermənilərin “dabbaqda gönünə bələdəm”, onların damarlarından insan qanı yox, ilan zəhəri axır, bu məxluqların ürəkləri də olmur, – başqa bir əsgər acıqlı tonda dilləndi. Və birdən gözləri xeyli kənardan onları hədəfə almaq istəyən, lakin nədənsə səndələyə-səndələyə irəliləyən düşmən əsgərinə sataşdı. Cəld onu göstərərək: – Ehtiyatlı olun! – dedi. Əsgərlər yerə yatıb hələ də səndələyən ermənini hədəfə götürdülər. Eyni anda açılan atəş düşməni yerə sərdi. Əsgərlər sürətlə ona tərəf qaçdılar. Onlardan biri heyrət içərisində: – Bu ki zəncidir, baxın, – dedi. – Komandiri o öldürdü. – Düzdür, silahından da bəllidir, – deyə digər əsgər təsdiqlədi. Əsgərlər cəld hərəkətlə zəncinin kitelinin yaxasını açıb sənədlərini götürdülər. – Baxın, bu da zəncinin şəxsiyyətini təsdiq edən sənəd, 30 yaşı var, xarici ölkə vətəndaşıdır, – əsgərlərdən biri bildirdi. – Amma komandirin atdığı güllə də ona dəyib, – dedi…
***

…Marqaryan Budapeştə gələn gündən tədbirdə iştirak edən azərbaycanlı zabitlərlə maraqlanırdı. Dığanın məqsədi həmin zabitlərin ermənilər tərəfindən işğal edilmiş ərazilərdən olub-olmadığını öyrənmək idi. Ramilin Cəbrayıldan olduğunu eşitcək sevindi. Gözləri üçtəpə sağsağanın gözləri kimi qaynadı, sümükləri oynağa getdi, atılıb düşdü. Şərəfsiz babası Andranikin, içində şeytan yükü daşıyan ruhundan fövqəladə güc aldı elə bil. Babası sayaq şərəfsiz bir ölümə doğru gücü çatdıqca irəlilədi. Erməniliyinə salıb “yetənə yetdi, yetməyənə daş atdı”. Əcəli yetişən keçi kimi buynuzunu “çobanın çomağına sürtdü”. Erməni təcavüzünün, erməni vəhşiliyinin, əsassız ərazi iddialarının nəticəsi olaraq doğmalarını, yaxınlarını, el-obasını, doğma yurdunu itirən Azərbaycan zabitini tez-tez qıcıqlandırdı. Gah sağına, gah soluna keçib irişdi, iztehzalı baxışlarla başdan-ayağa süzdü, əlini əlinə vurub qəflətən dəli bir qəhqəhə çəkdi…

***

…Qurgenin heç nə vecinə deyildi. Elə bil qulaqlarından daş asılmışdı. Beş-altı addım geriyə çəkilib yenidən yerində mıxlandı. Bu dəfə gülməyinə ara verib ciddiləşdi. Dişlərini bir-birinə qıcadı, gözləri hədəqəsindən çıxdı. Üç-dörd saniyə çəkmədi ki, başına hava gəlibmiş kimi, dığa bir az əvvəlki vəziyyətə qayıdıb ucadan güldü. Ramilin çənəsinin altına yeriyib içinin “zəhərini” boşaltdı. Yenə də qarışıq dildə qırıldatdı: – Ara, biz qafqazlıyıq e li, məndən niyə qaçırsınız? Gəlmişəm ki, təbriklərimi çatdırım, axı yaxınlarda sizin bayramınız olacaq. – Çəkil yoldan, nə bayram, deyəsən, sənin başın bədəninə yükdür, – deyə Ramil var gücü ilə dığanın üstünə qışqırdı. Qurgen yenə də qımışdı, erməniliyinə salıb həyasız-həyasız cavab verdi: – Nə dedim ki, ara, daha niyə hırslanırsan? Xocalını deyirəm də, nə tez unutdunuz? Bayramınız mübarək olsun, Ramilcan…

***

…Danışmaqdan “Proqnoz Ələsgər”in çənəsi yorulsa da, “altıaylıq” yaralı yerə toxunmuşdu deyə qeyri-ixtiyari dilləndi: – Bura bax, yaxşı yadıma saldın, sən demişkən, sözümün “Məmmədvəlisi” var. Qurgenin ölməsində bizim Ramildən çox, elə bu həmsədrlərin, onların təmsil elədikləri dövlətlərin günahı var. Gör e, neçə illərdi gəlib gedirlər, yeyib-içib, gəzib şellənir, keflənirlər. Münaqişəni həll etmələri cəhənnəmə, heç olmasa maneçilik törətməsələr indi hər şey çoxdan qurtarmışdı…

***

…“Simsiz teleqraf”ın verdiyi xəbər Namazəlini də şübhəyə salmışdı. Kişi fikirləşirdi ki, birdən zabiti geriyə qaytararlar, ya da Azərbaycanda da olsa ömürlük cəzanı çəkər. Ona görə çox nigaran qalmışdı. Soruşdu: – Ay Ələsgər, o beynəlxalq təşkilatlar, ya böyük dövlətlər ki deyirsən, onlar Ramili təzədən həbsxanaya qaytara bilərlər? Sual “Proqnoz Ələsgər”ə ünvanlansa da bu dəfə “Simsiz teleqraf” onu qabaqladı: – Yox, ay əmi, prezident dedi ki, Azərbaycan dövləti onun bayrağını təhqir edən bir ermənini öldürdüyünə görə öz zabitini köməksiz qoymaq fikrində deyil. Kənardan hansı reaksiyaların veriləcəyi şübhəsiz ki, prezidentə bəlli idi. Onun əfv fərmanı imzalaması dediyiniz təşkilatların, azman dövlətlərin təzyiqinə, əndişəsinə qabaqcadan verilmiş tutarlı cavabdır. Biri var bu sözləri sən, mən, ya başqa birisi desin,bir də var ki, dövlət başçısının dilindən səslənsin. Bu o deməkdir ki, Azərbaycan rəsmi şəkildə torpaqların işğalı ilə barışmayacaq. Və hər hansı reaksiya dövləti fikrindən döndərə bilməz. Üstəlik Səfərovun əfvi torpaqlarımızın işğaldan azad olunması üçün savaşa hazırlıq mesajıdır…

 

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Cavab qoy

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s